Məhkəmə qərarları › İş №e-2-2(113)-1635/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1635/2022

13.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1635/2022 13.05.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MTK-nın cavabdeh "xxxx" MMC-yə qarşı “pul” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı MTK (bundan sonra – iddiaçı) cavabdeh "xxxx" MMC-yə (bundan sonra – cavabdeh) qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçı ilə cavabdeh arasında 18 may 2020-ci ildə bağlanmış 18/05-2020 saylı Müqavilənin şərtlərinə görə ödənilmiş 264690.52 AZN ilkin ödəniş, müqavilənin 8.2-ci bəndinə əsasən 8650 ABŞ dolları dəbbə pulu və 50000 AZN məbləğində vurulmuş zərərin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında 18 may 2020ci ildə bağlanmış 18/05-2020 saylı müqavilənin şərtlərinə görə Bakı şəhəri, Yasamal rayonu, Ş.Mehdiyev küçəsində inşa olunan çoxmərtəbəli yaşayış binasında quraşdırmaq üçün 2 ədəd 1000 kq yükqaldırma qabiliyyətli və 2 ədəd 630 kq yükqaldırma qabiliyyətli ümümilikdə 4 ədəd ACRA markalı yeni sərnişin/yük liftlərinin mövcud qanunvericiliyin tələblərinə uyğun təhvil verilməsini cavabdeh öz üzərinə götürmüşdür. İddiaçı tərəfindən müqavilənin dəyərinin 90%-ni təşkil edən 264690.52 manat cavabdehə ödənilmişdir. Müqavilənin 4.1-ci bəndinə əsasən lift avadanlıqlarının ümumi təchizat və quraşdırma dövrü 24 həftə təşkil edir. Buna baxmayaraq bu günə qədər lift avadanlıqları təhvil verilməmiş, quraşdırılmamışdır. İddiaçı tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Ş.Mehdiyev (Qızıl Şərq Hərbi şəhərciyi ərazisində) küçəsində yerləşən bina Azərbaycan Respublikası Müdafiə Nazirliyində çalışan hərbi qulluqçular üçün inşa edilmişdir. Binanın inşa olunmasına baxmayaraq 9 aydan artıq müddət ərzində sakinlərə təhvil verilməməsi nəticəsində iddiaçıya 50000 manat məbləğində zərər vurulmuşdur. Tərəflərin izahatı: Məhkəmə iclasında iddiaçının nümayəndəsi İ.Quliyev iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, səbəbi barədə də Məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: Belə ki, məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: İddiaçı ilə cavabdeh arasında bağlanmış 18 may 2020-ci il tarixli 18/05-2020 nömrəli müqaviləyə əsasən icraçı (cavabdeh) Bakı şəhəri, Yasamal rayonu, Ş.Mehdiyev küçəsində inşa olunan çoxmərtəbəli yaşayış binasında quraşdırmaq üçün 2 ədəd 1000 kq yükqaldırma qabiliyyətli və 2 ədəd 630 kq yükqaldırma qabiliyyətli, ümumilikdə 4 ədəd ACRA markalı yeni sərnişin/yük liftlərinin, bu müqavilənin və müqavilənin ayrılmaz hissəsi olan Əlavə 1-in şərtlərinə uyğun təchizatını və liftlərin quraşdırılmasını, işəsalma-sazlama işlərini yerinə yetirməyi və sifarişçiyə mövcud qanunvericiliyin tələblərinə uyğun şəkildə təhvil verilməsini öz üzərinə götürür. Müqavilənin 1.2-ci bəndinə əsasən sifarişçi (iddiaçı) liftlərin şaxtasında müvafiq inşaat işlərini yerinə yetirməyi, icraçı tərəfindən yerinə yetirilmiş işləri qəbul etməyi və müqavilənin dəyərini müəyyən edilmiş şərtlərə uyğun ödəməyi öz öhdəsinə götürür. Müqavilənin 2.1-ci bəndinə əsasən 4 ədəd yeni sərnişin/yük liftlərinin təchizatının və liftlərin quraşdırılmasının müqavilə üzrə ümumi qiyməti 173000 ABŞ dolları təşkil edir və ödənişlər də bu qiymətə müvafiq Azərbaycan manatı ilə köçürmə yolu ilə həyata keçirilir. Müqavilənin 2.2-ci bəndinə əsasən müqavilənin ümumi qiymətinə, avadanlıqların zavod qiyməti, nəqliyyat, bank xərcləri, gömrük rüsumu, liftlərin quraşdırılması, sazlanması, işə buraxılması işlərinin dəyərləri və ƏDV 18 % xərcləri daxildir. Müqavilənin 3.1-ci bəndinə əsasən müqavilənin qiyməti sifarişçi tərəfindən hissəhissə və 1-ci hissə üzrə 50%, müvafiq texniki sənədlər razılaşdırıldıqdan və müqavilə imzalandıqdan sonra avans olaraq 2-ci hissə üzrə 20%, avadanlığın istehsalçı zavoddan yüklənməyinə 2 həftə qalmış, 3-cü hissə - 20% ödəniş, avadanlıq Bakı Baş Gömrük Terminalına daxil olduqda, 4-cü hissə - 10 % ödəniş, quraşdırma işləri başa çatdıqdan və liftlər sifarişçiyə təhvil verildikdən sonra 10 gün müddətində ödənilir. Müqavilənin 4.1-ci bəndinə əsaəsn lift avadanlıqlarının ümumi təchizat və quraşdırma dövrü 24 həftə təşkil edir və göstərilən müddət avadanlıqların sifarişçinin istismarına verilə bilməsi üçün icraçıya müvafiq şəraitin yaradıldığı və tikinti quraşdırma işlərinin başlandığı zamanı nəzərə alaraq tənzimlənəcəkdir. Müqavilənin 8.2-ci bəndinə əsasən ödəmənin və təchizatın şərtlərinə və müddətlərinə görə tərəflər biri digərinə hər günə avadanlıqların qiymətinin 0,5 %-i məbləğində müqavilənin dəyərinin 5%-dən artıq olmayaraq, dəbbə ödəyir. 08.04.2022-ci il tarixli ƏDV sub-uçot hesabından çıxarışdan görünür ki, iddiaçı tərəfindən cavabdehin hesabına ümumilikdə 10524,81 manat ƏDV köçürülmüşdür. "xxxx" ASC tərəfindən verilmiş hesabdan çıxarışa əsasən iddiaçı tərəfindən cavabdehin hesabına ümumilikdə 254165,71 manat pul köçürülmüşdür. İddiaçı cavabdehə 09.02.2022-ci il tarixdə məktub ünvanlayaraq müqavilə üzrə öhdəliklərin icra edilməsini, vurulmuş zərərin ödənilməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət edəcəyi barədə xəbərdarlıq etmişdir. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə 02.02.2022-ci il tarixli MŞB/5- 00236 saylı arayışa əsasən iş üzrə iddiaçı tərəfindən ilkin mediasiya sessiyasında iştirak edilməsi ilə bağlı 400 manat mediasiyaya dair xərc ödənilmişdir. Hüquqi dəyərləndirmə: Beləliklə, məhkəmə araşdırması ilə müəyyən olundu ki, cavabdehin iddiaçıya borcun ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış 18 may 2020-ci il tarixli 18/05- 2020 nömrəli podrat müqaviləsindən irəli gəlir. Cavabdehin bu öhdəliyini lazımınca icra etməməsi iddiaçıya podrat müqaviləsi və Mülki Məcəllənin aşağıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir; Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Məhkəmə işin sadalanan qanunvericilik normalarını, cavabdehin podrat müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi icra etmədiyini nəzərə alaraq hesab edir ki, iddia tələbi ödənilmiş 264690,52 manat məbləğində pulun geri qaytarılması hissəsində əsaslıdır və təmin edilməlidir. Bundan başqa materiallardan görünür ki, iddiaçı iddia ərizəsində öhdəliyin icra edilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış 18 may 2020-ci il tarixli 18/05-2020 nömrəli müqavilənin 8.2-ci bəndinə əsasən hesablanmış 8650 ABŞ cərimə pulunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Məhkəmə hesab edir ki, cavabdehin müqavilə üzrə öhdəliyini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən cərimənin ödənilməsini tələb etməkdə haqlıdır. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Belə olan halda məhkəmə tələb olunan cərimənin əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan cərimə tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq cərimə 18 may 2020-ci il tarixli 18/05- 2020 nömrəli müqavilə üzrə 3000 ABŞ dolları məbləğində müəyyən edilməlidir. Digər tərəfdən iddiaçı Bakı şəhəri, Yasamal rayonu, Ş.Mehdiyev (Qızıl Şərq Hərbi şəhərciyi ərazisində) küçəsində yerləşən binanın Azərbaycan Respublikası Müdafiə Nazirliyində çalışan hərbi qulluqçular üçün inşa edildiyini, binanın inşa olunmasına baxmayaraq 9 aydan artıq müddət ərzində sakinlərə təhvil verilməməsi nəticəsində iddiaçıya 50000 manat məbləğində zərər vurulduğunu əsas gətirərək 50000 manat pulun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür. Məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə də əsassızdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İddiaçı iddia tələbinin bu hissəsi ilə bağlı MPM-nin 77.1-ci maddəsinin tələblərinə uyğun əsaslı şübhədən kənar sübutlar təqdim edə bilməmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə 26.07.2007-ci il tarixli qərarında göstərmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan, həmçinin təkzibolunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68). Avropa Məhkəməsi “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06.03.2008-ci il tarixli qərarında isə qeyd etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq, əsaslı şübhədən kənar sübut standartları tətbiq edilir (§93). Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Məhkəmə qeyd edir ki, iddiaçı iddia ərizəsində maddi ziyanın ödənilməsini tələb etsə də, bu hal sübutlar vasitəsi ilə əsaslandırılmamışdır. Belə ki, hüquqi şəxsdən zərərin ödənilməsinin tələb edilməsi üçün əsas şərtlərdən biri şəxsin təqsirli və hüquqazidd hərəkətinin törədilməsini müəyyən etməkdir. Zərərin əvəzinin ödənilməsi tələbinin delikt hüququndan irəli gələ bilməsi üçün mütləq cavabdehin hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməl törətməsi tələb olunur. Cavabdehin təqsirli, hüquqa zidd hərəkəti nəticəsində iddiaçıya zərər dəyməsi mötəbər və təkzibedilməz sübutlarla təsdiq edilməlidir. Belə olduqda, iddiaçı zərərin əvəzini tələb etmək hüququna malik olur. Nəticə: Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 264690.52 manat məbləğində ilkin ödəniş, 3000 ABŞ dolları dəbbə pulu tutularaq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Materiallardan da göründüyü kimi iddiaçı ilkin mediasiya sessiyasında iştirak etməklə bağlı 400 manat mediasiya xərci və əlavə olaraq 219,40 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş mediasiya xərci (400 manat) cavabdehə, ödənilmiş 219,40 manat dövlət rüsumu isə iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" MMC-dən 264690.52 (iki yüz altmış dörd min altı yüz doxsan manat əlli iki qəpik) manat məbləğində pul, 3000 (üç min) ABŞ dolları dəbbə pulu (tutulduğu anda Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilmiş ABŞ dollarının manata nisbətən məzənnəsi nəzərə alınmaqla azərbaycan manatı ekvivalenti ilə) və ödənilmiş 400 (dörd yüz) manat dövlət rüsumu tutularaq iddiaçı Zəfər” MTK-ya ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar