Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-165/2022 13.01.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızının sədrliyi Mehdiyeva Hafizə Etibar qızının katibliyi İddiaçı iddiaçının nümayəndəsi və vəkili X1 Cavabdeh1 MMC-nin nümayəndəsi X4 Cavabdeh2 MMC-nin nümayəndəsi və vəkili Vəkil oğlunun iştirakları ilə, İddiaçı Cavabdeh1 MMC-yə və “Horeca Servis” MMC-yə qarşı pul tələbinə dair iddiası üzrə kommersiya işinə Bakı şəhərində, Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 MMC-dən 19.155 manat borcun, həmin pul vəsaitini qanunsuz özündə saxlamaqla 1650 manat, habelə 30 manat dövlət rüsumu və 163 manat vəkilə çəkilən xərcin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırımışdır ki, Cavabdeh1 MMC ilə 2019-cu ilin yanvar ayından 2020-ci ilin 20 fevralınadək işləmişdir. Cavabdehin sifarişi əsasında Bakı şəhərində Əhməd Rəcəbli küçəsində yerləşən “SKY” oteldə və Göyçay rayonu “Nar” oteldə təmir işləri aparmışdır. İş əsasən kafel-metlax, izolateks, pilləkənlərin vurulmasından ibarət olmuşdur. 2019-cu ilin aprel ayından noyabr ayınadək Göyçay rayonu “Nar” oteldə təmir işləri aparmışdır. Razılaşmaya əsasən kafel-metlaxın, izolateksin və mərmər plitələrin vurulmasını və əlavə işlərin görülməsini təmin etmişdir. Belə ki, kafelmetlax – 1780 kv.m. – bir kv.m. üçün 8 manat= 14240 manat, izolateksin vurulması – 605 kv.m. - bir kv.m. üçün 5 manat= 3025 manat, mərmər plitələrin üzrə isə – 11 paqon metrə - 1 p.m. üçün 14 manat= 154 manat, bundan əlavə 100 manat pilləkanların təmiri, 600 manat fəhlə xərci, 100 manat pilləkan və 200 manat digər əlavə işlər təşkil etmişdir. Əlavə olaraq əvvəl görülən işlər üzrə 735 manat borc qalmışdır. Ümumilikdə bu günə 19.155 manat borcları vardır. Bu borc qəbul aktı ilə də təsdiq olunmuşdur. Bir müddət əvvəl cavabdehin ofisində olmuş və cavabdehin əməkdaşı Hüseynağa müəllimlə görüşmüşdür. Sənədləri təqdim etmiş, o da araşdırmış və borcu etiraf edərək bildirmişdir ki, pul vəsaiti olan kimi borc qaytarılacaqdır. Lakin, buna baxmayaraq borc ödənilməmişdir. Bu səbəbdən 19 dekabr 2020-ci il tarixinədək olan borcun ödənilməsi barədə cavadehin ünvanına pretenziya məktubu da göndərilmişdir. Lakin, bu günə kimi borc qaytarılmayıb. Cavabdeh 2 il ərzində pul vəsaitini özündə qanunsuz saxladığı üçün buna görə faizlər ödəməlidir. Bundan əlavə vəkilə çəkilən xərclər də cavabdehdən tutulmalıdır. Daha sonra iddiaçı iddia tələbinin dəqiqiləşməsi barədə ərizə verərək, Cavabdeh1ndən və Cavabdeh2ndən 19.155 manat borcun, həmin pul vəsaitini qanunsuz özündə saxlamaqla 1.650 manat, habelə 30 manat dövlət rüsumu və 163 manat vəkilə çəkilən xərcin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, məhkəməyə sübut əhəmiyyətinə malik olan bank hesabından çıxarış təqdim etmişdir. Belə ki, “X13 Azərbaycan” QSC-nin X9 filialı tərəfindən verilmiş 13 oktyabr 2021-ci il tarixli hesabdan çıxarışa əsasən 12.09.2019-cu il tarixdə Cavabdeh2 MMC-dən 10.000 (on min) manat pul vəsaiti mədaxil edilmişdir. Sonra məlum olmuşdur ki, Cavabdeh1 MMC ilə Cavabdeh2 MMC fərqli hüquqi şəxs olmasına baxmayaraq idarə etməsi eynidir. Belə ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin taxes.gov.az rəsmi internet səhifəsində Xidmətlər/Elektron xidmətlər/Konmıersiya qurumlarının dövlət reyestri məlumatlarının verilməsi bölməsində hər iki hüquqi şəxsin qanuni təmsilçisi X3r. Bundan əlavə hər iki hüquqi şəxsin hüquqi ünvanı Bakı ş., Nərimanov r., Əhməd Rəcəbli, ev 40 B ünvanıdır. Xidmətləri Cavabdeh1 MMC sifariş etsə də, xidmətlərin dəyərini Cavabdeh2 MMC ödəmiş, bununla da işləri faktiki qəbul etmişdir. Bu səbəbdən iddia tələbi həm Cavabdeh1 MMC, həm də Cavabdeh2 MMC cavab verməlidir. Belə olan halda iddia Cavabdeh2 MMC-yə də aid olmalıdır. Məhkəmə iclasında iştirak edən iddiaçı məhkəməyə izahatında iddia ərizəsinin məzmununa uyğun izahat vermiş, əlavə olaraq qeyd etmişdir ki, “Sky” oteldə işləyən zaman Cavabdeh1 MMC tərəfindən ona Göyçayda “Nar” oteldə işlərin görülməsi təklif edilmiş, lakin bildirilmişdir ki, əvvəlcə VÖEN açmalıdır belə ki, ödənişlər köçürmə yolu ilə ödəniləcəkdir. Bununla bağlı olaraq hesab nömrəsini təqdim etmiş və ona artıq müqavilənin hazır olduğu bildirilmişdir. Birinci mərhələdə 11.000 manatlıq iş görmüş nəticədə hesabına 10.000 manat pul köçürülmüş, təxminən 700 manatlıq ödəniş qalmışdır. İkinci mərhələdə isə avqust ayından noyabr ayına kimi işləmiş və iş təhvil verildikdən sonra 19.154 manat alacağı qalmışdır. Onunla birgə işləyən şəxslərin hər birinin problemi olmuş “Nar” oteldə Fərhad adlı şəxslə görüşmüş və həmin şəxslərə ödənişlər olmuşdur. O isə Cavabdeh1 MMC-yə arxayın olmuş, ona pulun ödəniləcəyi bildirilsə də ödəniş hələ də olmamışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili məhkəməyə izahatında qeyd etmişdir ki, iddiaçı hüquqi cəhətdən savadsız olduğu üçün hüquqlarını bilməmiş, “Sky” otel və Göyçay rayonu “Nar” oteldə sifariş əsasında işlər görmüş, lakin bankdan hesabdan çıxarış alan zaman ona ödənilmiş məbləğin Cavabdeh2 MMC tərəfindən köçürüldüyünü bilmişdir. Cavabdeh1 MMC-yə pretenziya məktubu ilə müraciət etdikdən sonra onunla əlaqə saxlanılmış, həmin şirkətin keçmiş polis əməkdaşı kimi özünü təqdim edən Hüseynağa adlı şəxslə görüşmüş, görüş zamanı araşdırma aparılmış və iddiaçıya həqiqətən də borclarının olduğu məlum olmuş, borcun ödəniləcəyi bildirilsə də sonradan heç bir ödəniş olmamışdır. Cavabdeh1 MMC-nin nümayəndəsi X7 məhkəməyə izahatında qeyd etmişdir ki, iddia tələbi əsassızdır. Belə ki, qarşı tərəfin Cavabdeh1 MMC ilə heç bir müqaviləsi yoxdur. Müqavilə ilə bağlı müəssisələrində araşdırma aparmış, lakin hər hansı bir müqaviləyə rast gəlməmişdir. Məhkəməyə təqdim edilən sənədlərin heç birində Cavabdeh1 MMC-nin adına rast gəlinmir. Cavabdeh1 MMC adından da məlum olduğu kimi avtomobil alqısatqısı ilə məşğul olur, servis xidmətləri göstərir tamamilə ayrı-ayrı sahələrdir. Qeyd olunan Nərimanovdakı ünvanda bir neçə şirkət fəaliyyət göstərir. Məhkəməyə təqdim edilən qəbul aktında isə Cavabdeh1 MMC podratçı olaraq qeyd olunsa da işi təhvil alan Əliyev Tural və Nuriyev Məhi adlı şəxslərin Cavabdeh1 MMC ilə heç bir əlaqəsi yoxdur. Məhkəmə iclasında iştirak edən digər Cavabdeh2 MMC-nin nümayəndəsi və vəkili məhkəməyə izahatında iddia tələbinə etiraz edərək qeyd etmişdir ki, 2020-ci ildə baş vermiş pandemiya səbəbi ilə müəssisələri öz fəaliyyətlərini dayandırmış, 2021-ci ilin avqust ayından etibarən isə fəaliyyətini 5 il müddətinə dayandırmışdır. İddiaçı tərəfindən təqdim edilmiş qəbul aktında adları qeyd olunan şəxslərin Cavabdeh2 MMC ilə heç bir əlaqələri yoxdur. İddiaçı şəxslə isə həqiqətən də bir müddət əlaqələri olmuş, Bakı və Göyçayda aparılan təmir-tikinti işlərində iştirak etmişdir. Lakin görülümüş işlərin razılığı 10.000 manat olmuş və ödəniş tam olaraq olmuşdur. Hazırda qarşı tərəfə heç bir borcları yoxdur. Məhkəməyə təqdim edilən qəbul aktında isə Cavabdeh1 MMC podratçı olaraq qeyd olunsa da işi təhvil alan Əliyev Tural və Nuriyev Məhi adlı şəxslərin Cavabdeh2 MMC ilə heç bir əlaqəsi yoxdur. İddiaçı borcunun olmasını təsdiqləyən heç bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X2 məhkəməyə izahatında qeyd etmişdir ki, tələbədir yay aylarında boş vaxtlarında İddiaçıla birgə işləyirlər. İyun ayından sentyabr ayına kimi birlikdə işləmişlər. Daha sonra Kənanın qarşı tərəfdən alacağı qalmışdır. Gördükləri iş kafel və izolyasiya işləri olmuşdur. İşlədiyi dövrdə əmək haqqını gündəlik almış, sonda ona 1.000 manat məbləğində ödəniş olmuşdur. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iddiaçını və iddiaçının nümayəndəsini, cavabdehləri və şahidi dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək, hesab edir ki, iddia aşağıda göstərilənlərə rədd edilməlidir. İş materiallarında olan: “Sifarşiçi” “Aznar”, “podratçı” "xxxx" MMC kimi qeyd edilmiş 2019-cu il avqust, sentyabr, oktyabr, noyabr, aylarında görülmüş işlər olaraq tərtib edilmş qəbul aktında cəmi 19.155 manat dəyərində işlərin görülməsi qeyd edilmiş, İddiaçı təhvil verən, X6 və Məhi Nuriyev təhvil alan kimi qeyd olunmuşdur. Dövlət Vergi Xidməti tərəfindən təqdim edilmiş arayışda Cavabdeh2 MMC-nin fəaliyyəti 25.08.2021-ci il tarixindən 01.08.2026-cı il tarixinədək məhdudlaşdırılmışdır. 11.09.2019-cu il tarixli 006XOH********** saylı ödəniş tapşırığına əsasən 10.000 manat Cavabdeh2 MMC tərəfindən İddiaçı adlı hesaba köçürülmüşdür. Cavabdeh2 MMC tərəfindən təqdim edilmiş 23 noyabr 2021-ci il tarixli arayışda X6 və Nuriyev Məhi adından şəxslərin Cavabdeh2 MMC-də heç bir zaman işləməməsi qeyd olunmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2 maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə qeyd edr ki, iddiaçı tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alındığında isə bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə, ümumiyyətlə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq Avropa Məhkəməsi xatırladır ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur (Van de Huk Niderlanda qarşı iş üzrə 19 aprel 1994-cü il tarixli Qərar). Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 aprel 1997-ci il tarixli qərarının 50-ci bəndində qeyd edilir ki, sübutların mümkünlüyü əsasən milli qanuvericiliklə tənzimlənən məsələ olduğundan məhz milli məhkəmələr onlara təqdim olunan sübutlara qiymət verməlidirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.2-ci maddəsinə əsasən, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneəçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 442-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. İddiaçı Cavabdeh1ndən və Cavabdeh2ndən 19.155 manat borcun, həmin pul vəsaitini qanunsuz özündə saxlamaqla 1.650 manat, habelə 30 manat dövlət rüsumu və 163 manat vəkilə çəkilən xərcin tutulmasını tələb etsə də məhkəmə araşdırması zamanı iddia tələbinin Cavabdeh1 MMC ilə əlaqəli olması sübuta yetirilməmişdir. İddiaçının digər Cavabdeh2 MMC-yə qarşı olan tələbinə münasibətdə isə məhkəmə qeyd edir ki, tərəflər arasında faktiki mülki hüquq münasibətlərinin olması öz təsdiqini tapmasına baxmayaraq, iddiaçının məhkəməyə təqdim etdiyi sübutlar iddia tələbinin əsaslı hesab olunmasına kifayət etmir. Həmin Məcəllənin 77.1 maddəsinə uyğun olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə uyğun olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi rədd edildiyindən, iddia üzrə ödənilmiş dövlət rüsumu və vəkil xidmətlərinə görə 163 manat iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aytən Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-165/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-165/2022
13.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver