Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1677/2023 04.05.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, X1 qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi, vəkil Nümayəndə1 və cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh "xxxx" ASC-yə qarşı pul tələbi barədə kommersiya mübahisəsinə dair işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı MMC iddia ərizəsi və iddia tələbinin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC-dən AZ seriyalı, 072191 nömrəli, xx.xx.2021-ci il tarixli “Əmlakın yanğın və digər əlavə risklərdən sığorta şəhadətnaməsi” üzrə 47165 manat sığorta ödənişi və 200 manat ilkin mediasiya sesiyasına görə ödənilən xidmət haqqı, 31,50 dövlət rüsumu olmaqla, ümumilikdə 47396,50 manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, İddiaçı MMC ilə "xxxx" ASC arasında bağlanılmış xx.xx.2021-ci il tarixli, şəhadətnamə nömrəsi AZ 072191 saylı “Əmlakın yanğından və digər əlavə risklərdən sığortalanması şəhadətnaməsi”-nə əsasən, İddiaçı MMC-yə məxsus ünvan 1 ünvanında yerləşən "xxxx"-nın daşınar əmlakı könüllü sığortalanmışdır. Şəhadətnamədə sığorta məbləği 237500 manat qeyd edilmişdir. Sözügedən müqavilənin AZ/072191 saylı “Əmlakın yanğından və digər əlavə risklərdən sığortalanması şəhadətnaməsi” üzrə Qoşma № 1 saylı sığorta məbləğinin bölgüsündə, mebel və ticarət avadanlıqları üçün 225000 - ofis texnikası üçün 2500; - digər avadanlıqlar üçün isə 10000 müəyyən edilmişdir. Onu da qeyd etmək istəyirik ki, Reqnum Hotel və Restoranının xidmət sahəsi olduğu üçün Hotel və Restoranının bütün daşınar əşyalarını sığortalanması, sığorta hadisəsi baş verəcəyi təqdirdə qeyd edilə hadisədən ən azından az zərərli çıxa bilmək üçün biz sözügedən könüllü müqaviləni bağlayıb yüksək sığorta haqqı ödəyirdik. Eyni zamanda, İddiaçı MMC-yə məxsus ünvan 1 ünvanında yerləşən "xxxx" daşınmaz əmlakı sığortalanmış və bu barədə sığorta şirkəti tərəfindən Blank: Seriya BB, № 576090 olan, № RAZ********** şəhadətnamə verilmişdir. Əlavə olaraq qeyd etmək istəyirik ki, "xxxx" ASC ilə 2017-ci il tarixindən əməkdaşlıq edirik, hər dəfə ünvan 1 ünvanında yerləşən "xxxx" həm icbari qaydada həm də könüllü qaydada sığortalanır və yüksək məbləğlərlə sığorta haqları ödənilir. Qeyd edilən vaxtdan xx.xx.2021-ci il tarixinə kimi heç bir sığorta hadisəsi baş verməmişdir. Belə ki, xx.xx.2021-ci il tarixində, saat 21:00 radələrində ünvan 2 ünvanında yerləşn "xxxx" MMC-yə məxsus "xxxx"nda yanğın hadisəsi baş vermiş, hadisə nəticəsində mehmanxananın elektrik otağı içərisində quraşdırılmış gərginlik tənzimləyici qurğularla birlikdə yanğın təsirinə məruz qalmış, mehmanxananın digər sahələrində quraşdırılmış elektrik avadanlıqları, kondisionerlər və onların elektron mexanizmləri sıradan çıxmışdır. Bu barədə müvafiq qüsur aktları tərtib edilmiş və sığortaçı şirkətin əməkdaşlarına təqdim edilmişdir. Onu da qeyd edim ki, baş vermiş hadisədə nəticəsində, soyuducularda olan təxminən 3500 manat dəyərində olan bir çox çeşiddə olan qida məhsulları, ət və balıq məhsulları xarab olmuş, təxminən 1000 manat dəyərində olan bahalı yağ məhsulları əriyərək axmış, istifadəyə yararsız vəziyyətə düşmüşdür. Lakin yararsız vəziyyətə düşmüş ət, balıq və qida məhsulları barədə aktda hər hansı bir qeyd aparılmamışdır. Baş vermiş hadisə ilə əlaqədar, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Əməliyyat-İstintaq İdarəsinin Təhqiqat şöbəsi tərəfindən araşdırma başlanılmış, 01 noyabr 2021-ci il tarixində “cinayət işinin başlanmasının rədd edilməsi” barədə qərar qəbul edilmişdir. Eyni zamanda vurulmuş ziyanla bağlı Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Əməliyyat-İstintaq İdarəsi tərəfindən məhkəməəmtəəşünaslıq və məhkəmə yanğın-texniki ekspertizaları keçirilmişdir. 29 oktyabr 2021-ci il tarixində Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Əməliyyat-İstintaq İdarəsinə daxil olmuş, Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 18 oktyabr 2021-ci il tarixli, 9/5607 saylı məhkəmə əmtəəşünaslıq ekspertizasının rəyinə əsasən, məlumatlarda göstərilən malların (həmçinin təmir-bərpa xərci zədələnməmişdən əvvəlki orta bazar qiyməti ilə ümumi dəyəri və təmir bərpası nəzəri olaraq təxminən 47165 manat müəyyən olunur. Dəfələrlə, "xxxx" ASC şirkətinə edilmiş şifahi müraciətlərimizə baxmayaraq xx.xx.2021-ci il tarixində "xxxx" MMC-yə məxsus "xxxx"nda baş vermiş yanğın nəticəsində Şirkətimizə vurulmuş ziyan ödənilməmişdir. Azsığorta” ASC şirkətinin əməkdaşları əvvəlcə, 14000, daha sonra 20000 veriləcəyi bildirilsə də, heç bir ödəniş həyata keçirməmiş, daha sonra şifahi qaydada ümumiyyətlə 5000 manat məbləğində sığorta ödənişini həyata keçirə biləcəklərini bildirmişlər. Zəruri olaraq qeyd edim ki, şirkət tərəfindən "xxxx" ASC-yə xx.xx.2022-ci il tarixində rəsmi müraciət məktubu göndərilmiş, “Reqnum Hotel və Restoranın”-da baş vermiş yanğın nəticəsində şirkətə vurulmuş 47165 manat məbləğində sığorta ödənişinin ödənilməsi xahiş olunsa da, heç bir cavab məktubu göndərilməmişdir. Daha sonra, yenidən xx.xx.2023-cü il tarixində "xxxx" ASC-yə müraciət məktubu göndərilmişdir. Həmin məktublarımıza cavab olaraq, "xxxx" ASC tərəfindən Şirkətimizə ünvanlanmış xx.xx.2023-cü il tarixli, 0123/3 saylı məktubda, baş vermiş sığorta hadisəsinin “Əmlakın yanğından və digər əlavə risklərdən sığortalanması şəhadətnaməsi” üzrə Qoşma № 1 saylı Digər Avadanlıqlar hissəsinə düşdüyü, həmin bəndə də 10000 manat nəzərdə tutulduğu və bu səbəbdən şirkətə cəmi 5250 manat sığorta ödənişi ödəyə biləcəklərini bildirmişlər. Belə bir absurd, əsassız və qanunsuz məktubu görüb əsəbləşməmək, həyəcan, sarsıntı keçirməmək mümkün deyil. Əvvəla, qeyd edim ki, sözügedən müqavilənin qoşmasında mehmanxana və restoranda olan daşınar əşyaların məhz 10000 manatlıq digər avadanlıqlar bölməsinə aid olunduğunu təsdiq edən hər hansı bir qeyd-şərt mövcud deyil. Çünki, biz könüllü sığorta müqaviləsini bağlayarkən sığorta şirkətinin nümayəndələri də bildirdilər ki, restoran və mehmanxanada olan bütün daşınar əmlaklar sığortalanır ki, bu da müqavilədə öz təsdiqini tapmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi, vəkil Nümayəndə1 iddia ərizəsinə uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini və iddianın tam təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə2 iddianı qəbul etməyərək izahatında Qoşma № 1-də qeyd edilən istismarda olan “gərginlik tənzimləyici qurğular”-nın ticarət avadanlıqlarına aid olmadığını və sığorta şirkətinin 225000 manat məbləğində ziyanla bağlı öhdəliyin olmadığını, yalnız digər avadanlıqlar üçün nəzərdə tutulan 10000 manat məbləğində ziyanla bağlı öhdəliklərin olduğunu, 4750 manat məbləğində şərtsiz azadolma məbləği nəzərə almaqla 5250 manat sığorta vəsaiti ödəməyə razı olduqlarını, həmçinin sıradan çıxmış 57 ədəd elektrik cihazların (soyuducu və kondisionerlər) sığorta hadisəninə aid olmadığını və onların sıradan çıxması, bunun sığorta hadisə ilə əlaqəsinin olması ilə əlaqədar iddiaçı tərəfindən sübutun təqdim etmədiyini nəzərə alaraq tələbin həmin hissədə rədd edilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: xx.xx.2021-ci il tarixli 072191 nömrəli İddiaçı MMC ilə cavabdeh "xxxx" ASC arasında bağlanmış əmlakın yanğından və digər əlavə risklərdən sığortalanması şəhadətnaməsinin sürətindən görünür ki, İddiaçı MMC-yə məxsus ünvan 1 ünvanında yerləşən "xxxx"nda yerləşən daşınar əmlakları sığorta edilmişdir. Sığorta məbləği 237500 manat, sığorta müddəti xx.xx.2021-ci il tarixdən 07 iyun 2022-ci il tarixə kimi nəzərdə tutulmuşdur. Həmçinin azadolma məbləği zəlzələ, yanğın, sel və subasma riskləri münasibətdə hər bir hadisə üzrə ümumi sığorta məbləğinin 2 %-i, lakin minimum 200 manat olmaqla qeyd edilmişdir. İddiaçı MMC ilə cavabdeh "xxxx" ASC arasında bağlanmış BB, 576090 seriyalı, RAZ********** nömrəli daşınmaz əmlakın icbari sığortası şəhadətnaməsinin sürətindən görünür ki, ünvan 1 ünvanında yerləşən "xxxx" sığortalanmışdır. Sığorta məbləği 320000 manat təşkil edir, sığorta müddəti xx.xx.2021-ci il tarixdən 08 iyun 2022-ci il tarixə kimi nəzərdə tutulmuşdur. İddiaçı MMC tərəfindən tərtib olunmuş qüsur aktın sürətindən görünür ki, "xxxx"nda yanğın zamanı qoruyucu otağında elektrik avadanlıqlarına dəymiş ziyan 22265 manat məbləğində hesablanmışdır. xx.xx.2021-ci il tarixli İddiaçı MMC tərəfindən tərtib olunmuş qüsur aktının sürətindən görünür ki, bir sıra kondisioner və soyuducuların təmiri ilə bağlı ümumilikdə 24900 manat məbləğində xərc çəkilmişdir. 07 oktyabr 2021-ci il tarixli 10/4025 nömrəli Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyinin sürətindən görünür ki, ünvan 2 ünvanında yerləşən "xxxx" nda elektrik otağının konstruktiv elementləri üzərində yaranmış termiki təsir izlərinin xarakterinə və nisbi dərəcəsinə görə yanğının mənbəyi-tikilinin giriş qapısından daxil olduqda sol tərəfdə gərginlik tənzimləyici qurğuların yerləşdiyi hissədə olmuşdur. Yanğın-təqdim olunmuş materiallarda olan məlumatlarda göstərildiyi kimi, mənbə zonasında yerləşən gərginlik tənzimləyici qurğunun elektrik keçirici hissələrində baş vermiş artıq dövrə yüklənməsi nəticəsində baş verə bilərdi. Yanğın hadisəsinin baş verməsini şərtləndirən amillər, yəni gərginlik tənzimləyici qurğunun elektrik keçirici hissələrində artıq dövrə yüklənməsinin baş vermə səbəbini müəyyən etmək mümükün olmamışdır. Həmçinin hadisə yeri ilkin vəziyyətdə saxlanılmadığı üçün həmin məsələnin öyrənilməsi mümkün olmamışdır. Buna görə də baş vermiş yanğın hadisəsi ilə əlaqədar hansı normativ aktların tələblərinin və kimlər tərəfindən pozulması halını müəyyən etmək mümkün olmamışdır. 08 oktyabr 2021-ci il tarixli 10/4028 nömrəli Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyinin sürətindən görünür ki, ünvan 2 ünvanında yerləşən "xxxx"nın elektrik otağında yanğın nəticəsində tikinti üzrə dəymiş ziyan təqribən 800 manat məbləğində müəyyən olunmuşdur. 18 oktyabr 2021-ci il tarixli 9/5607 nömrəli Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyinin sürətindən görünür ki, Ekspertiza tədqiqatına təqdim edilmiş məlumatlarda göstərilən malların (həmçinin təmir-bərpa xərci) zədələnməmişdən əvvəlki orta bazar qiyməti ilə ümumi dəyəri və təmir bərpası nəzəri olaraq təxminən 47165 (24900 manat-kondisioner və soyuducu; 22265 manat-elektrik otağında olan daşınar əşyaları) manat müəyyən olunur. xx.xx.2023-cü il tarixli MŞB/10-00035 nömrəli ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, İddiaçı MMC-nin nümayəndəsi, vəkil Nümayəndə1 ilkin mediasiya sessiyasında iştirak edərək 200 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 898.2, 922.1, 926.1, 926.2 və 926.3-cü maddələrinə əsasən azadolma məbləği sığorta hadisəsi nəticəsində yaranan itkilərin və ya dəyən zərərin sığorta təminatı ilə əhatə olunmayan və sığortalının üzərində qalan hissəsidir. Azadolma məbləği sığorta müqaviləsinə uyğun olaraq müəyyən edilən zərər məbləğindən, qismən sığorta halında isə sığortaçının zərər məbləğindəki payından çıxılır. Sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. Sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Sığortaçı sığorta ödənişini sığorta məbləği həddində həyata keçirir. Sığorta ödənişinin miqdarının müəyyən edilməsi və ödənilməsi qaydası icbari sığortada icbari sığorta qanunları ilə, könüllü sığortada müvafiq sığorta qaydalarına əsasən bağlanan sığorta müqaviləsi ilə müəyyən edilir. “Mediasiya haqqında” Qanunun 36.5-ci maddəsinə əsasən “mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, İddiaçı MMC ilə cavabdeh "xxxx" ASC arasında İddiaçı MMC-yə məxsus ünvan 1 ünvanında yerləşən "xxxx" ilə bağlı xx.xx.2021-ci il tarixdə “Əmlakın yanğından və digər əlavə risklərdən sığortalanması” müqaviləsi imzalanmış sığorta məbləği 237500 manat məbləğində müəyyən edilmiş, Qoşma № 1-də sığorta məbləğinin bölgüsü aşağıdakı kimi 1) mebel və ticarət avadanlıqları üçün 225000 manat 2) ofis texnikası üçün 2500 3) digər avadanlıqlar üçün isə 10000 manat məbləğində müəyyən edilmişdir. xx.xx.2021-ci il tarixində təxminən saat 21-də ünvan 2 ünvanında yerləşən "xxxx" MMC-yə məxsus "xxxx"-nda yanğın hadisəsi baş vermiş, hadisə nəticəsində mehmanxananın elektrik otağının içərisində quraşdırılmış gərginlik tənzimləyici qurğular yanmış, İddiaçı MMC və "xxxx" ASC elektrik otağında olan daşınar əşyalarla bağlı zərəri müvafiq olaraq 22265 manat və 18950 manat kimi qiymətləndirmişlər. Bununla yanaşı iddiaçı tələbində gərginlik tənzimləyici qurğuların yanması nəticəsində "xxxx"-nda olan 57 ədəd elektrik cihazların (soyuducu və kondisionerlər) sıradan çıxdığını və onların təmirinə 24900 manat məbləğində xərcin çəkildiyini qeyd edərək tələbin tam həcmdə təmin edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi isə izahatında yanğınla bağlı sığorta hadisəsinin baş verdiyini mübahisələndirməmiş, lakin xx.xx.2021-ci il tarixli “Əmlakın yanğından və digər əlavə risklərdən sığortalanması” şəhadətnaməsinə əlavə kimi olan Qoşma № 1-də qeyd edilən 225000 manat məbləğində olan ticarət avadanlıqları qeyd edilməsinə baxmayaraq istismarda olan “gərginlik tənzimləyici qurğular”-nın həmin ticarət avadanlıqlarına aid olmadığını nəzərə alaraq sığorta şirkətinin 225000 manat məbləğində ziyanla bağlı öhdəliyin olmadığını, yalnız digər avadanlıqlar üçün nəzərdə tutulan 10000 manat məbləğində ziyanla bağlı öhdəliklərin olduğunu, həmin vəsaitdən 4750 manat məbləğində şərtsiz azadolma (franşiza) məbləği çıxandan sonra 5250 manat məbləğində sığorta vəsaiti ödəməyə razı olduqlarını bildirmiş, həmçinin izahatında sıradan çıxmış 57 ədəd elektrik cihazların (soyuducu və kondisionerlər) sığorta hadisəninə aid olmadığını və iddiaçının sözügedən cihazların sıradan çıxmasını, bunun səbəbinin sığorta hadisənin olması ilə əlaqədar sübutun təqdim etmədiyini nəzərə alaraq tələbin həmin hissədə rədd edilməsini xahiş etmişdir. Məhkəmə tədqiq edilmiş sübutlara əsasən hesab edir ki, iddia qismən təmin edilməlidir, belə ki, elektrik otağının içərisində quraşdırılmış gərginlik tənzimləyici qurğuların yanması mübahisəsiz haldır və "xxxx" ASC elektrik otağında olan daşınar əşyalara dəymiş ziyanı 18950 manat məbləğində müəyyən etsə də, 18 oktyabr 2021-ci il tarixli 9/5607 nömrəli Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyi ilə həmin zərər 22265 manat məbləğində müəyyən edildiyindən, həmin məbləğdən 4750 manat şərtsiz azadolma (franşiza) məbləği çıxandan sonra dəymiş zərər 17515 manat məbləğində müəyyən edilməlməklə iddia elektrik otağında olan daşınar əşyalara dəymiş ziyanla bağlı tələb həmin həcmdə təmin edilməlidir. Həmçinin məhkəmə hesab edir ki, iddiacının gərginlik tənzimləyici qurğuların yanması nəticəsində "xxxx"-nda olan 57 ədəd elektrik cihazların (soyuducu və kondisionerlər) sıradan çıxması və onların təmiri ilə bağlı çəkilmiş 24900 manat məbləğində xərcin tələbi hissəsində iddia rədd edilməlidir, belə ki, iddiaçı sözügedən elektrik cihazların sıradan çıxması, onların təmirinə çəkilən xərclərlə bağlı, həmçinin elektrik cihazların məhz xx.xx.2021-ci il tarixində baş vermiş yanğın zamanı sıradan çıxması ilə bağlı (səbəbli əlaqə) məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. Eyni zamanda məhkəmə cavabdehin 225000 manat məbləğində ziyanla bağlı öhdəliyin olmaması ilə bağlı razılaşmır və hesab edir ki, zərər 10000 manatla deyil, məhz 225000 manat öhdəliklə bağlı hesablanmalıdır, belə ki, cavabdeh ümumiyyətlə Qoşma № 1-də qeyd edilən “ticarət avadanlıqları” hansı növ əşyaların olması ilə bağlı sübut təqdim etməmiş, "xxxx"nın əsas fəaliyyət növü ticarət deyil, otel və iaşə xidmətidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bununla yanaşı iddia tələbinin 37,13%-nin təmin olunduğunu nəzərə alan məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun 37,13%-i, yəni 11,69 manatı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Odur ki, məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, iddia qismən təmin edilməli, cavabdeh "xxxx" ASC-dən AZ seriyalı, 072191 nömrəli, xx.xx.2021-ci il tarixli “Əmlakın yanğın və digər əlavə risklərdən sığorta şəhadətnaməsi” üzrə 17515 manat sığorta ödənişi, 200 manat mediasiya sesiyasına görə ödənilən xidmət haqqı və dövlət rüsumu kimi ödənilmiş 11,69 manat cəmi 17726,69 manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilməlidir. İddia tələbi digər hissədə rədd edilməlidir. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" ASC-dən AZ seriyalı, 072191 nömrəli, xx.xx.2021-ci il tarixli “Əmlakın yanğın və digər əlavə risklərdən sığorta şəhadətnaməsi” üzrə 17515 manat sığorta ödənişi, 200 manat mediasiya sesiyasına görə ödənilən xidmət haqqı və dövlət rüsumu kimi ödənilmiş 11,69 manat cəmi 17726,69 manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia tələbi digər hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim:Emin Əliyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-1677/2023
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1677/2023
04.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver