Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-168/2024 17.12.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" ASC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: podrat müqaviləsi, təhvil-təslim aktı) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Atayeva Nərgiz Etibar qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə2, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2, Üçüncü şəxs X2 iştirakları ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair iddiası üzrə üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı "xxxx" ASC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı “pulun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, müqavilə üzrə öhdəliklərini icra etmədiyinə görə 543,869 manat, ilkin mediasiya xərci olaraq 400 manat, dövlət rüsumu olaraq 434,52 manat və xidmət haqqı olaraq 0,65 manat vəsaitin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, sifarişçi qismində çıxış edən "xxxx" ASC (bundan sonra – "xxxx" ASC) və icraçı qismində çıxış edən Cavabdeh MMC arasında xx.xx.2021-ci il tarixli, İBA-2021/041 nömrəli, ümumi dəyəri 836994,37 manat olan “İşlərin görülməsi haqqında” müqavilə (bundan sonra – Müqavilə) imzalanmış, bu müqaviləyə əsasən Cavabdeh MMC öz üzərinə ünvan 1 ünvanında yerləşən inzibati binada aparılacaq əsaslı təmir işlərini müqavilədə nəzərdə tutulmuş qaydada, tam həcmdə və lazımi keyfiyyətdə 12 (on iki) ay müddətində yerinə yetirərək təhvil vermək öhdəliyini götürmüşdür. Daha sonra, "xxxx" ASC və Cavabdeh MMC arasında müqaviləyə dəyişikliklərin edilməsi ilə bağlı xx.xx.2022-ci il tarixli, 1 saylı əlavə saziş imzalanmış, bu 1 saylı əlavə sazişə əsasən müqavilənin məbləği 836994,37 manat məbləğindən 1610937,77 manat məbləğinə qədər artırılmış, işlərin görülməsi müddəti xx.xx.2022-ci il tarixi müəyyən olunmuşdur. Daha sonra, Cavabdeh MMC (prinsipal) tərəfindən "xxxx" ASC-yə (benefisiar) xx.xx.2022-ci il tarixli “Bank qarantiyası” (avans ödənişinin geri qaytarılması qarantiyası) təqdim edilmişdir. Bu bank qarantiyasına əsasən "xxxx" ASC (qarant) 255401,33 manat məbləğindən artıq olmayan məbləği (qarantiya verilmiş məbləği) prinsipal (Cavabdeh MMC) tərəfindən qaytarılmadığı təqdirdə benefisiarın ("xxxx" ASC-nin) təqdim etdiyi yazılı tələbinə əsasən ödəməyi öz öhdəsinə götürmüşdür. Daha sonra, "xxxx" ASC və Cavabdeh MMC arasında müqaviləyə dəyişikliklərin edilməsi ilə bağlı xx.xx.2022-ci il tarixli 2 saylı Əlavə saziş və xx.xx.2022-ci il tarixli 3 saylı Əlavə saziş imzalanmış, bu Əlavə sazişlərə (2 saylı və 3 saylı) əsasən işlərin görülməsi müddəti xx.xx.2023-cü il tarixinədək uzadılmış, avans ödənişinin geri qaytarılmasının təminatı qismində təqdim edilmiş xx.xx.2022-ci il tarixli bank qarantiyasında göstərilən və avans olaraq ödənilən 255401,33 manat dəyərində işlərin son icra müddəti xx.xx.2023-cü il tarixi müəyyən edilmiş, öhdəliklərin icrasının təminatı qismində Cavabdeh MMC tərəfindən "xxxx" ASC-yə 200000 manat məbləğində və xx.xx.2023-cü il tarixindək qüvvədə olan icra qarantiyasının verilməsi öhdəliyi Cavabdeh MMC tərəfindən üzərinə götürülmüşdür. Müvafiq Müqavilələr və Əlavə Sazişlərə əsasən "xxxx" ASC tərəfindən Cavabdeh MMC-yə edilmiş ödənişlərin cəmi ******* manat olmuşdur. (Ödəniş tarixi, məbləği və əsasları aşağıdakı cədvəldə qeyd edilmişdir). Müqavilədə işlərin təhvil-təslimi ilə bağlı müvafiq şərtə baxmayaraq, Cavabdeh MMC (icraçı) tərəfindən işlərin müqavilədə nəzərdə tutulmuş qaydada və müddətdə "xxxx" ASC-yə (sifarişçiyə) təhvil verilmədiyinə görə, "xxxx" ASC tərəfindən Cavabdeh MMC-yə xx.xx.2023-cü il tarixli, 6-2-43/2-3836/2023 nömrəli bildiriş (işlərin təhvil verilməsinə, bu mümkün olmadıqda xidmət haqqının əvvəlcədən ödənilmiş hissəsinin geri qaytarılmasına dair) göndərilmişdir. Bu bildiriş ilə Cavabdeh MMC-dən işləri lazımi qaydada və keyfiyyətlə təhvil vermək tələb edilmiş, işlərin təhvil verilməsi mümkün olmadıqda, işlərin dəyərinin bir hissəsi olaraq "xxxx" ASC tərəfindən əvvəlcədən ödənilmiş 255401,33 manat məbləğin (xidmətlərin bir hissəsinin əvvəlcədən avans ödəniş şəklində ödənilmiş dəyərinin) geri qaytarılması tələb edilmiş, işlər tam həcmdə və keyfiyyətlə təhvil verilmədikdə və ya əvvəlcədən ödənilmiş məbləğ geri qaytarılmadıqda isə "xxxx" ASC (benefisiar) tərəfindən müvafiq vəsaitin geri qaytarılması ilə bağlı "xxxx" ASC-yə (qarant) tələb təqdim ediləcəyi bildirilmişdir. "xxxx" ASC tərəfindən göndərilən xx.xx.2023-cü il tarixli, 6-2-43/2-3836/2023 nömrəli bildiriş nəticəsiz qaldığından (irəli sürülmüş hüquqi tələblər Cavabdeh MMC tərəfindən icra edilmədiyindən) "xxxx" ASC (benefisiar) tərəfindən "xxxx" ASC-yə (qarant) xx.xx.2023-cü il tarixli, 6-2-43/2-4502/2023 nömrəli müraciət (qarantiya üzrə pul məbləğinin ödənilməsinə dair tələb) göndərilmiş, qarantdan, onun tərəfindən təqdim edilən xx.xx.2022-ci il tarixli bank qarantiyası üzrə tələbi icra etmək və 255401,33 (iki yüz əlli beş min dörd yüz bir manat otuz üç qəpik) manat məbləğində pul vəsaitini bu müraciət rəsmi qaydada təqdim edildikdən sonra dərhal qeyd edilən müvafiq bank rekvizitləri üzrə "xxxx" ASC-nin bank hesabına köçürmək xahiş edilmişdir. Bundan sonra qarant tərəfindən müvafiq köçürmə (öhdəlik) icra edilmişdir. Müqavilədə işlərin təhvil-təslimi ilə bağlı müvafiq şərtə baxmayaraq, Cavabdeh MMC (icraçı) tərəfindən işlərin müqavilədə nəzərdə tutulmuş qaydada və müddətdə "xxxx" ASC-yə (sifarişçiyə) təhvil verilmədiyinə görə, "xxxx" ASC tərəfindən Cavabdeh MMC-yə xx.xx.2023-cü il tarixli, 6-2-43/2-5291/2023 nömrəli bildiriş (müqaviləyə xitam verilməsinə və artıq ödənilmiş vəsaitin tələb edilməsinə dair pretenziya) göndərilmişdir. Bu bildiriş ilə ilkin hesablamalara görə artıq şəkildə ödənilmiş 350923,17 manat məbləğində vəsait Cavabdeh MMC-dən tələb edilmiş, əksi olduğu təqdirdə məhkəməyə müraciət ediləcəyi qeyd edilmiş, o cümlədən, Müqaviləyə "xxxx" ASC tərəfindən birtərəfli qaydada xitam veriləcəyi qeyd edilmişdir. Bu bildiriş nəticəsiz qaldığından (irəli sürülmüş hüquqi tələblər Cavabdeh MMC tərəfindən icra edilmədiyindən), o cümlədən, müvafiq müddət keçdiyindən Müqaviləyə xitam verilmişdir. Daha sonra "xxxx" ASC-nin daxili audit bölməsi qismində çıxış edən, Daxili audit departamentinin auditorları Rahib Damadayev və Elxan Həsənov tərəfindən (gələcəkdə zərurət yaranarsa müvafiq əməkdaşlar bununla bağlı şahid qismində məhkəməyə izahat verə bilərlər) audit yoxlaması (araşdırması) aparılmış, nəticədə “Bankın inzibati binasının təmiri prosesi üzrə baş vermiş insidentlə bağlı Arayış” tərtib edilmiş və müəyyən edilmişdir ki, Cavabdeh MMC tərəfindən təmir zamanı müqavilədə qeyd olunandan fərqli materiallardan istifadə edilmiş, müqavilədə qeyd olunandan daha yüksək qiymətlə invoys tərtib edərək ödənişlər alınmış və ümumiyyətlə görülməmiş işlər üzrə invoys tərtib edilərək ödənişlər alınmışdır. Nəticədə, Cavabdeh MMC ilə bağlanılımış müvafiq müqavilə (və əlavə sazişlər) üzrə Cavabdeh MMC-nin öhdəliklərinin təminatı üsulları nəzərə alınmaqla təqdim edilən invoyslar əsasında ödəniş edilmiş lakin icra edilməmiş işlər üzrə itki məbləğinin ƏDV daxil 543,869 manat olması müəyyən edilmiş, ətraflı məlumat bu arayışa əlavə edilmiş cədvəldə (Əlavə 1) qeyd edilmişdir. "xxxx" ASC-nin yuxarıda qeyd edilən müvafiq pretenziyaları (bildirişləri) nəticəsiz qaldığından mübahisənin məhkəmə qaydasında həll edilməsi üçün prosedurlara start verilmiş, bununla bağlı Cavabdeh MMCyə mediasiya təklifi göndərilmiş, daha sonra 18 saylı mediasiya təşkilatına müraciət edilmiş, xx.xx.2023-cü il tarixində tərəflər arasında mediasiya xidmətlərinin göstərilməsi barədə müqavilə imzalanmışdır (ilkin mediasiya xərci qismində 400 manat məbləğ "xxxx" ASC tərəfindən ödənilmişdir). Mediasiya prosesində tərəflər arasında barışıq sazişi imzalanmadığından (razılıq əldə edilmədiyindən) xx.xx.2023-cü il tarixində “Mediasiya prosesinə xitam verilməsi haqqında” protokol əldə edilmişdir. xx.xx.2023-cü il tarixində "xxxx" ASC tərəfindən “Onlayn kargüzarlıq” sistemi vasitəsilə Cavabdeh MMC-yə pretenziya ünvanlanmış, pretenziyada qeyd edilmişdir ki, sifarişçi qismində çıxış edən "xxxx" ASC (bundan sonra – "xxxx" ASC) və icraçı qismində çıxış edən Cavabdeh MMC arasında xx.xx.2021-ci il tarixli, İBA-2021/041 nömrəli, “İşlərin görülməsi haqqında” müqavilə (bundan sonra – Müqavilə), o cümlədən sonrakı tarixlərdə bu Müqaviləyə 1,2 və 3 saylı əlavələr imzalanmış, bunlara əsasən Cavabdeh MMC öz üzərinə ünvan 1 ünvanında yerləşən inzibati binada aparılacaq əsaslı təmir işlərini müqavilədə nəzərdə tutulmuş qaydada, tam həcmdə və lazımi keyfiyyətdə 12 (on iki) ay müddətində yerinə yetirərək təhvil vermək öhdəliyini götürmüşdür. Müqavilədə işlərin təhvil-təslimi ilə bağlı müvafiq şərtə baxmayaraq, Cavabdeh MMC (icraçı) tərəfindən işlərin müqavilədə nəzərdə tutulmuş qaydada və müddətdə "xxxx" ASC-yə (sifarişçiyə) təhvil verilmədiyinə görə tərəflər arasında mübahisə yaranmışdır. Buna əsasən Cavabdeh MMC-dən müqavilə üzrə öhdəliklərini yerinə yetirmədiyinə görə 543,869 manat (beş yüz qırx üç min doqquz yüz altmış səkkiz manat) vəsaitin 3 (üç) iş günü müddətində "xxxx" ASC-yə geri qaytarılması xahiş edilmiş, əks halda pozulmuş hüquqların müdafiəsi üçün "xxxx" ASC tərəfindən məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Göndərilən bu pretenziya nəticəsiz qalmışdır (Cavabdeh MMC tərəfindən "xxxx" ASC-nin pozulmuş hüquqları bərpa edilməmişdir).
3. Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim edərək iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. Etiraz onunla əsaslandırılmışdır ki, müqavilə tələbi üzrə cavabdehin öhdəsinə düşən işlərin xeyli hissəsi yüksək keyfiyyətlə görülmüş, lakin hansısa səbəbdən iddiaçı tərəfindən işin davamına əsassız maneçilik törədilmişdir. Bildirilir ki, müddətin uzanmasına səbəblərdən biri də işlərin görülməsinin pandemiya dövrünə təsadüf etməsi olmuşdur. Pandemiya dövrünün uzun müddət davam etməsi üzrlü səbəb hesab edilməlidir. Bütün ölkə üzrə qəbul edilmiş karantin rejimi iddiaçı üçün də qəbul edilməlidir. Bütün hallarda karantin rejimi təkcə Azərbaycan Respublikasını deyil, dünya dövlətlərini də əhatə etdiyi üçün yaranmış vəziyyət “fors-major” kimi qəbul olunmalıdır. Bakı şəhərində karantin yoxlamalarının müddəti 2021-ci il aprelin 1-dək uzadılmışdır. Daha sonra karantin rejiminin müddəti 2021-ci ilin 1 iyun tarixinədək uzadılmışdır və pandemiya uzun bir müddəti əhatə etmişdir. Həmçinin iddiaçı tərəfindən tenderin sənədləri məhkəməyə təqdim olunmayıb. Halbuki tenderdə qanunun tələbinə uyğun olaraq 3 iştirakçı olmalı idi, lakin 2 iştirakçı olub. İddiaçıya dəfələrlə yaranan dəyişikliyə görə müraciət edilsə də, olar müraciət gec cavab vermişdir. Halbuki müqavilənin 4.2.3-cü maddəsi iddiaçının üzərinə işlərin görülməsinin gedişatı ilə bağlı sifarişçi tərəfindən tələb olunan bütün məlumatların vaxtı-vaxtında təmin etmək öhdəliyi qoymuşdur. Cavabdeh tərəfindən lazımi məlumatlar sifarişçiyə vaxtında verilsə də sifarişçi bütün cavabları gecikdirirdi. Əlavə olaraq bildirilir ki, sifarişçi tərəfindən hesablamalar doğru aparılmamışdır. Müqavilədə texnologiyadan istifadə termini nəzərdə tutulmamağına baxmayaraq cavabdeh tərəfindən bütün işlədilən tikinti materiallarının keyfiyyəti təmin edilərək, görülən işlər müasir texnologiyaya uyğun həyata keçirilmişdir. Mülki iş üzrə tərəflər arasında 17 fevral 2021-ci il tarixdə müqavilə tərtib edilmiş, müqavilədə tərəflərin vəzifələri və hüquqları öz əksini tapmışdır. İşin faktiki hallarına və tərəflər arasında bağlanmış 17 fevral 2021-ci il tarixli müqavilənin şərtlərinə əsasən iddiaçının iddia tələbi rədd edilməlidir. Belə ki, 17 fevral 2021-ci il tarixli Podrat Müqaviləsinin 2-ci bəndində işlərin təhvil-təslim qaydası və şərtləri müəyyənləşdirilmişdir. Müqavilənin 2.3-cü bəndində göstərilmişdir ki, işlərin təhvil verilməsi zamanı görülmüş işlərdə qüsurlar və ya çatışmamazlıqlar aşkar edilməsə, işlər sifarişçi tərəfindən qəbul olunur və işlərin qəbulu hər iki tərəfdən imzalanan təhvil-təsil aktları ilə rəsmiləşdirilir. Müqavilənin 2.2-ci bəndində göstərilmişdir ki, işlərin qəbulu zamanı qüsurlar və ya çatışmamazlıqlar aşkar edildikdə bu barədə akt tərtib edilir. Bu halda sifarişçi işlərin qüsurlu və çatışmamazlıq hissəsini 15 gün ərzində yenidən görülməsini icraçıdan tələb edir. Müqavilənin 4.4.1-ci bəndində sifarişçinin vəzifələri qeyd olunmuşdur. Müqavilənin sifarişçinin üzərinə qoymuş olduğu vəzifə ondan ibarət olmuşdur ki, müqavilə ilə müəyyən olunan işləri keyfiyyətli və qüsursuz halda icraçıdan təhvil-təslim aktı əsasında qəbul etməlidir. Müqavilənin 4.4.2-ci bəndinə əsasən sifarişçi bu müqavilədə və qanunvericilikdə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirməlidirlər. Mülki iş materiallarına əlavə edilmiş sənədlər və məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən olunur ki, iddiaçı müqavilənin 2.3-cü, 4.4.1-ci, 4.4.2-ci bəndlərinə uyğun olaraq xx.xx.2021-ci il tarixli (74,142 manatlıq), xx.xx.2021-ci il tarixli (173,891 manatlıq), xx.xx.2021-ci il tarixli (78,985 manatlıq), xx.xx.2021-ci il tarixli (163,843 manatlıq), xx.xx.2021-ci il tarixli (84,721 manatlıq), xx.xx.2021-ci il tarixli (57,567 manatlıq), xx.xx.2021-ci il tarixli (60,928 manatlıq), xx.xx.2021-ci il tarixli (110,246 manatlıq), xx.xx.2022-ci il tarixli (15,891 manatlıq), xx.xx.2022-ci il tarixli (71,001 manatlıq), təhvil-təslim aktları ilə rəsmiləşdirmiş, beləliklə, iddiaçı "xxxx" ASC podrat müqaviləsi üzrə Cavabdeh MMC-yə sifariş vermiş olduğu 891,215 manatlıq işlərinin yerinə yetirilməsi təsdiq etmişdir. Görsənidiyi kimi, "xxxx" ASC-e həmin işləri təhvil təslim aktları ilə qəbul etmiş, işləri qəbul edərkən qüsurlar və çatışmamazlıqlar barədə akt tərtib etməmiş, cavabdehdən 15 gün ərzində qüsurları və çatışmamazlığı yenidən görülməsi tələbi etməmişdir. Hal-hazırda iddia tələbinin əsasını təşkil edən tələb iddiaçı tərəfindən aktla (işlərin yerinə yetirilməsi barədə) təhvil-təslim götürülmüş işlərdir. Müqavilənin 4.3.5-ci bəndində göstərilmişdir ki, sifarişçi "xxxx" ASC-e təhvil verilən işlər bu müqavilənin keyfiyyət, həcm, ölçü və s şərtlərinə uyğun gəlmədikdə, icraçıya bu barədə işlərin təhvil verildiyi tarixdən 180 gün müddətinə etiraz verməlidir. İddiaçı "xxxx" ASC Cavabdeh MMC-ə hec bir müddət ərzində bildiriş verməmişdir. Göründüyü kimi, iddiaçı tərəf cavabdehə müəyyən olunmuş müddət ərzində etiraz verməməklə həmin işləri qəbul etdiyini və bəyəndiyini göstərmişdir
5. İddiaçı xx.xx.2024-cü il tarixdə məhkəməyə iddia tələbinin həcminin artırlması barədə ərizə ilə müraciət edərək, müqavilə üzrə öhdəliklərini icra etmədiyinə görə 578,832 manat vəsaitin, müqavilə üzrə öhdəliklərini icra etmədiyinə görə müqavilədə nəzərdə tutulmuş qaydada gecikdirilmiş günlərə görə hesablanmış ümumilikdə 83423,37 manat penya məbləğinin, mediasiya xərci olaraq ödənilmiş 400 manat, dövlət rüsumu olaraq ödənilmiş 552,26 manat və xidmət haqqı olaraq ödənilmiş 1,05 manat vəsaitin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-168/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə X5 və X4 müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində hazırkı məhkəmə icraatına cəlb edilmişlər.
II. Tərəflərin mövqeləri:
7. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə2 iddia ərizəsini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
8. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddia ərizəsinə etiraz edib yazılı etirazlarının məzmununa uyğun izahat verib iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
9. Məhkəmə iclasında üçüncü şəxs S.Kərimli göstərdi ki, 2019-2022-ci illər ərzində "xxxx" ASC-də işləmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh MMC arasında podrat müqaviləsi bağlanmışdı. İşləri o və digər işçilər yoxlayaraq təhvil almış, iddiaçının o da daxil olmaqla ümumilikdə 6 işçisi təhvil-təslim aktına imza edərək təsdiq etmişdir. İşlər iddiaçı tərəfindən yoxlanılaraq təhvil alındığı üçün həmin müqavilə üzrə iddiaçının ona qarşı hər hansı tələb irəli sürməsi əsassızdır.
10. Məhkəmə iclasının vaxtı və yeri barədə digər üçüncü şəxsə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, səbəbi barədə də məhkəməyə hər hansı məlumat verməmişdir.
11. Məhkəmə iclasının digər üçüncü şəxsin iştirakı olmadan keçirilməsi mümkün hesab edilmişdir.
III. Məhkəmə baxışının hədləri:
12. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 241.4-cü maddəsinə əsasən iddiaçının tələbi əsaslı olduqda, məhkəmə onun iddiasını qiyabi qətnamə ilə təmin edir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
13. İddiaçı (sifarişçi) ilə cavabdeh (icraçı) arasında bağlanmış xx.xx.2021-ci il tarixli, İBA-2021/041 nömrəli işlərin görülməsi haqqında müqavilənin 1.1-ci bəndinə görə, tərəflər təsdiq edirlər ki, sifarişçi həcmi, ölçü vahidi, görülmə müddəti, dəyəri və digər xüsusi şərtləri müqavilənin 1 saylı əlavəsində göstərilmiş ünvan 2 ünvanında yerləşən inzibati binada aparılacaq əsaslı təmir işlərinin satın alınması üçün icraçının tender təklifini qəbul etmişdir.
14. Müqavilənin 1.2-ci bəndinə görə, bu müqavilədə nəzərdə tutulmuş qaydada icraçı sifarişçinin sifarişi ilə müqavilədə nəzərdə tutulan işləri yerinə yetirməyi, sifarişçi isə icraçıya görülmüş işlərə görə müqavilədə göstərilən müddətdə və qaydada razılaşdırılmış məbləği ödəməyi öhdəsinə götürür.
15. Müqavilənin 2.1-ci bəndinə görə bu müqavilə imzalandığı tarixdən etibarən icraçı işləri tam həcmdə və lazımi keyfiyyətdə 12 ay müddətində sifarişçiyə təhvil verməlidir.
16. Müqavilənin 2.2-ci bəndinə görə, işlərin qəbulu zamanı qüsurlar və ya çatışmazlıqlar aşkar edildikdə bu barədə akt tərtib edilir. Bu halda sifarişçi işlərin qüsurlu hissəsinin 15 gün ərzində yenidən görülməsini icraçıdan tələb edir. İcraçı işlərin qüsurlu hissəsinin yenidən görülməsindən imtina etdikdə sifarişçi bu müqaviləyə birtərəfli qaydada xitam verə və ya işlərin müvafiq hissəsinin dəyərini ödəməkdən imtina (işlərin dəyəri ödənildiyi halda isə ödənilmiş hissənin geri qaytarıılmasını tələb) edə bilər.
17. Müqavilənin 4.3.5-ci bəndinə görə, təhvil verilən işlər bu müqavilənin keyfiyyət, həcm, ölçü və sairə dair şərtlərinə uyğun gəlmədikdə icraçıya bu barədə işlərin təhvil verildiyi tarixdən 180 gün müddətində bildiriş vermək sifarişçinin hüququdur.
18. Müqavilənin 5.1-ci bəndinə görə, bu müqavilənin ümumi dəyəri vergilər və bütün digər məcburi ödənişlər daxil olmaqla 836994,37 (səkkiz yüz otuz altı min doqquz yüz doxsan dörd manat otuz yeddi qəpik) manat təşkil edir.
19. xx.xx.2021-ci il tarixli, İBA-2021/041 nömrəli müqaviləyə 1 saylı əlavə ilə müqavilə üzrə görüləcək işlərin adı, ölçü vahidi, material qiyməti, işçilik qiyməti və toplam qiymət razılaşdırılmış, cəmi qiymət 836994,37 manat müəyyən olmuşdur.
20. xx.xx.2021-ci il tarixli, İBA-2021/041 nömrəli müqaviləyə dəyişiklərin edilməsinə dair xx.xx.2022-ci il tarixli, 1 nömrəli əlavə sazişin 2.1-ci bəndinə görə, xx.xx.2021-ci il tarixli, İBA-2021/041 nömrəli müqavilənin 5.1-ci bəndində “836994,37 (səkkiz yüz otuz altı min doqquz yüz doxsan dörd, otuz yeddi qəpik) manat” sözləri “1610937,77 (bir milyon altı yüz on min doqquz yüz otuz yeddi, yetmiş yeddi qəpik) manat” sözləri ilə əvəz edilmişdir.
21. xx.xx.2022-ci il tarixli, 1 nömrəli əlavə sazişin 2.4-cü bəndinə görə, xx.xx.2021-ci il tarixli, İBA-2021/041 nömrəli müqavilənin 2.1-ci bəndində “12 (on iki) ay müddətində” sözləri “22 dekabr 2022-ci il tarixinədək” sözləri ilə əvəz edilmişdir.
22. xx.xx.2021-ci il tarixli, İBA-2021/041 nömrəli müqaviləyə dəyişiklərin edilməsi haqqında xx.xx.2022-ci il tarixli, 2 nömrəli əlavə sazişin 1.1-ci maddəsinə görə xx.xx.2021ci il tarixli, İBA-2021/041 nömrəli müqavilənin 2.1-ci bəndində göstərilən müddət xx.xx.2023-cü il tarixinədək uzadılır. Avans ödənişin geri qaytarılmasının təminatı qismində təqdim edilmiş xx.xx.2022-ci il tarixli bank qarantiyasında göstərilən və avans olaraq ödənilən 255401,33 manat dəyərində işlər isə xx.xx.2023-cü il tarixinədək tam icra edilmiş olmalıdır.
23. xx.xx.2021-ci il tarixli, İBA-2021/041 nömrəli müqaviləyə dəyişiklərin edilməsi haqqında xx.xx.2023-cü il (sazişdə 2022-ci il kimi yazılmışdır) tarixli, 3 nömrəli əlavə sazişin 1.1-ci bəndinə görə xx.xx.2021-ci il tarixli, İBA-2021/041 nömrəli müqavilənin 2.1-ci bəndində göstərilən müddət xx.xx.2023-cü il tarixinədək uzadılır.
24. İş materiallarında olan debit haqqında bildirişlərə görə iddiaçı tərəfindən cavabdehə xx.xx.2021-ci il tarixində 62832,45 manat əsas vəsait, 11309,84 manat ƏDV, xx.xx.2021-ci il tarixində 147365 manat əsas vəsait, 26525,70 manat ƏDV, xx.xx.2021-ci il tarixində 66936,4 manat əsas vəsait, 12048,55 manat ƏDV, xx.xx.2021-ci il tarixində 138850,15 manat əsas vəsait, 24993,03 manat ƏDV, xx.xx.2021-ci il tarixində 71797,80 manat əsas vəsait, 12923,60 manat ƏDV, xx.xx.2021-ci il tarixində 48786 manat əsas vəsait, 8781,48 manat ƏDV, xx.xx.2021-ci il tarixində 93428,85 manat əsas vəsait, 16817,19 manat ƏDV, xx.xx.2022-ci il tarixində 13466,65 manat məbləğində əsas vəsait, 2424 manat ƏDV, xx.xx.2022-ci il tarixində 60170 manat əsas vəsait, 10830 manat ƏDV, xx.xx.2021-ci il tarixində 51633,90 manat əsas vəsait, xx.xx.2021-ci il tarixində 9294,10 manat ƏDV, xx.xx.2022-ci il tarixində 216441,81 manat əsas vəsait, 38959,52 manat ƏDV ödənilmişdir.
25. xx.xx.2021-ci il tarixli, 01-04 nömrəli hesab fakturaya görə 74142,29 manat, xx.xx.2021-ci il tarixli, 02-06 nömrəli hesab-fakturaya görə 173890,70 manat, xx.xx.2021-ci il tarixli, 01-04 nömrəli hesab-fakturaya görə 78984,95 manat, xx.xx.2021-ci il tarixli, 01-04 nömrəli hesab-fakturaya görə 163843,18 manat, xx.xx.2021-ci il tarixli hesab-fakturaya görə 84721,40 manat, xx.xx.2021-ci il tarixli, 01-04 nömrəli hesab-fakturaya görə 57567,48 manat, xx.xx.2021-ci il tarixli hesab-fakturaya görə 60928,06 manat, xx.xx.2021-ci il tarixli, 01-05 nömrəli hesab-fakturaya görə 110246,04 manat, xx.xx.2022-ci il tarixli, 03-04 nömrəli hesab-fakturaya görə 15890,65 manat, xx.xx.2022-ci il tarixli, 08-02 nömrəli hesab-fakturaya görə 71000,60 manat, xx.xx.2022-ci il tarixli, 05-01 nömrəli hesabfakturaya görə 71000,60 manat məbləğində işlərin görülməsi nəzərdə tutulmuşdur.
26. İş materiallarında olan podrat işlərinin yerinə yetirilməsi haqqında aktlara (Forma 2) görə müqavilə üzrə görülmüş işlər: 74142,29 manat (xx.xx.2021-xx.xx.2021), 173890,70 manat (xx.xx.2021-xx.xx.2021), 78984,95 manat (xx.xx.2021-xx.xx.2021), 163843,18 manat (xx.xx.2021-xx.xx.2021), 84721,40 manat (xx.xx.2021-xx.xx.2021), 57567,48 manat (xx.xx.2021-xx.xx.2021), 60928 manat (xx.xx.2021-xx.xx.2021), 110246,04 manat (xx.xx.2021-xx.xx.2021), 15890,65 manat (xx.xx.2021-xx.xx.2022) və 71000,60 manat dəyərində iddiaçı tərəfindən təhvil alınmışdır. Aktlar tərəflərin nümayəndələrinin imzaları, tərəflərin möhürləri ilə təsdiq edilmişdir.
27. Cavabdeh tərəfindən iddiaçıya xx.xx.2021-ci il tarixli EBBA 661938 nömrəli 74142,29 manat məbləğində, xx.xx.2021-ci il tarixli EBBC 656261 nömrəli 173890,70 manat məbləğində, xx.xx.2021-ci il tarixli EBBE 505999 nömrəli 78984,95 manat məbləğində, xx.xx.2021-ci il tarixli EBBF 792750 nömrəli 163843,18 manat məbləğində, xx.xx.2021-ci il tarixli EBBH 401544 nömrəli 84721,40 manat məbləğində, xx.xx.2021-ci il tarixli EBBL 668554 nömrəli 57567,48 manat məbləğində, xx.xx.2021-ci ildə EBBM 654663 saylı, xx.xx.2021-ci il tarixli 60928,06 manat, xx.xx.2021-ci il tarixli EBBN 910523 nömrəli 110246,04 manat məbləğində, xx.xx.2022-ci il tarixli EBBS 748115 nömrəli 15890,65 manat məbləğində, xx.xx.2022-ci il tarixli EBCB 065396 nömrəli 71000,60 manat məbləğində elektron qaimələr təqdim olunmuşdur.
28. "xxxx" ASC tərəfindən xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək verilmiş bank qarantiyasına əsasən cavabdeh tərəfindən xx.xx.2021-ci il tarixli podrat müqaviləsi üzrə iddiaçı tərəfindən ödənilmiş 255401,33 manat avans geri qaytarılmayacağı təqdirdə bank iddiaçının tələbi ilə həmin məbləği ödəməyi öhdəsinə götürmüşdür.
29. İddiaçı xx.xx.2023-cü il tarixdə cavabdehə xəbərdarlıq ünvanlayaraq avans kimi ödənilmiş 255401,33 manat vəsaitin müqabilində işlərin xx.xx.2023-cü il tarixədək tam şəkildə təhvil verilmədiyini bildirib həmin vəsaitin 3 gün ərzində geri qaytarılması tələb edilmiş, əks təqdirdə ödənişlə bağlı "xxxx" ASC-yə tələb irəli sürüləcəyi barədə xəbərdarlıq edilmişdir.
30. İddiaçı tərəfindən "xxxx" ASC-yə ünvanlanmış xx.xx.2023-cü il tarixli müraciətlə qarantiya üzrə cavabdeh tərəfindən podrat müqaviləsi üzrə öhdəlikləri icra edilmədiyi üçün 255401,33 manat vəsaitin ödənilməsi iddiaçının bank hesabına köçürülməsi tələb edilmişdir.
31. İddiaçı tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2023-cü il tarixli bildirişlə xx.xx.2021-ci il tarixli podrat müqaviləsi üzrə iddiaçı tərəfindən artıq ödənilmiş 350923,17 manat vəsaitin 5 gün müddətində ödənilməsi cavabdehdən tələb edilmişdir. Xəbərdarlıqda xx.xx.2021-ci il tarixli podrat müqaviləsinin iddiaçı tərəfindən birtərəfli qaydada ləğv edildiyi göstərilmişdir.
32. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-10/6949 nömrəli ekspert rəyinin nəticə hissəsindən görünür ki, ünvan 3 ünvanında yerləşən inzibati binada xx.xx.2021-ci il tarixli, İBA- 2021/041 nömrəli “İşlərin görülməsi haqqında” müqavilə və bu müqaviləyə dəyişiklilkərin edilməsi ilə bağlı xx.xx.2022-ci il tarixli, 1 saylı Əlavə saziş, xx.xx.2022-ci il tarixli 2 saylı Əlavə saziş və xx.xx.2022-ci il tarixli 3 saylı Əlavə saziş və müqavilədə göstərilən qiymətlərə əsasən. Cavabdeh MMC tərəfindən faktiki olaraq görülmüş işlərin həcmi rəyə əlavə olunmuş smetada ətraflı göstərilmişdir. Eləcə də qeyd olunur ki, görülmüş işlər yarımçıq şəkildə olduğundan, həmin işlərin keyfiyyətli olub-olmamasını müəyyən etmək mümkün olmadı. ünvan 3 ünvanında yerləşən inzibati binada xx.xx.2021-ci il tarixli, İBA- 2021/041 nömrəli “İşlərin görülməsi haqqında” müqavilə və bu müqaviləyə dəyişiklilkərin edilməsi ilə bağlı xx.xx.2022-ci il tarixli, 1 saylı Əlavə saziş, xx.xx.2022-ci il tarixli 2 saylı Əlavə saziş və xx.xx.2022-ci il tarixli 3 saylı Əlavə sazişə əsasən, Cavabdeh MMC tərəfindən faktiki olaraq görülmüş işlərin real ümumi dəyəri 986903,15 manat məbləğində müəyyə olunur. Baxış zamanı tədqiq olunan ünvanda göstərilən işlər tam görülmədiyindən və yarımçıq şəkildə olduğundan ünvan 3 ünvanında yerləşən inzibati binada xx.xx.2021-ci il tarixli, İBA-2021/041 nömrəli “İşlərin görülməsi haqqında” müqavilə və bu müqaviləyə dəyişiklilkərin edilməsi ilə bağlı xx.xx.2022-ci il tarixli, 1 saylı Əlavə saziş, xx.xx.2022-ci il tarixli 2 saylı Əlavə saziş və xx.xx.2022-ci il tarixli 3 saylı Əlavə sazişə əsasən Cavabdeh MMC tərəfindən smetada nəzərdə tutulan sayda tikinti materiallarından istifadə edilmədiyi müəyyən olunur. ünvan 3 ünvanında yerləşən inzibati binada xx.xx.2021-ci il tarixli, İBA- 2021/041 nömrəli “İşlərin görülməsi haqqında” müqavilə və bu müqaviləyə dəyişiklilkərin edilməsi ilə bağlı xx.xx.2022-ci il tarixli, 1 saylı Əlavə saziş, xx.xx.2022-ci il tarixli 2 saylı Əlavə saziş və xx.xx.2022-ci il tarixli 3 saylı Əlavə sazişə əsasən Cavabdeh MMC tərəfindən faktiki olaraq görülmüş işlər yarımçıq şəkildə olduğundan həmin işlərin keyfiyyətli olub-olmamasını və tikinti işlərində kənarlaşmalar (pozuntular) olmasını müəyyən etmək mümkün olmadı. Bu səbəbdən də qərardadın dördüncü, beşinci və altıncı sualları üzrə tədqiqat aparılmadı.
33. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində göstərdi ki, 2022-ci ilin sonundan 2023-cü ilin əvvəlinə qədər Cavabdeh MMC-də xidməti müqavilə üzrə işləmiş, iş görülən yerdə mühafizə və digər xidmətlər göstərmişdir. Ünvan Yasamal rayonu, Cəfər Cabbarlı küçəsində yerləşirdi. Yanvar ayının 19-da Cavabdeh MMC ilə əlaqəsi kəsilmişdir. Həmin tarixə qədər obyektdə hər mərtəbədə 10-12 nəfər işləyirdi, 5 mərtəbədən ibarət idi. Yanvar ayının 19-da "xxxx" Açıq Səhmdar Cəmiyyətindən gəlib onları sahədən çıxartmışlar. Malları Elçin müəllim (cavabdehin direktoru) gətirir, daxil olan materiallara "xxxx" Açıq Səhmdar Cəmiyyəti baxırdı. Sahib, Mircavid və digərləri "xxxx" Açıq Səhmdar Cəmiyyətinin işçiləri olaraq gəlib yoxlayırdılar. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin istəmədikləri, bəyənmədikləri avadanlıq quraşdırılmamışdır. 19 yanvar tarixinə qədər heç bir narazılıq olmamış, sadəcə müddətlə bağlı tələsiklik olmuşdur, çünki 10 günə işlər tam yekunlaşdırılmalı idi. Gecikmə səbəbi pulun iddiaçı tərəfindən ödənilməsinin gecikdirilməsi ilə bağlı idi. Onlar Cavabdeh MMC-dən pullarını tələb etmiş, cavabdeh isə "xxxx" Açıq Səhmdar Cəmiyyəti pulu vermədiyindən onlara ödənişləri edə bilmirdi. Onlar çıxdıqdan sonra işin tamamlanması üçün başqa briqada gəlmişdir. İddiaçının nümayəndələrindən Sahib və Mircavid adlı şəxsləri tanımışdır. Sahib 19 yanvar tarixində yoxlama olacağı üçün obyekti bağlamağın lazım olduğunu bildirmiş və ondan açarı istəmişlər. Obyektin açarı onda və Elçin müəllimdə olmuşdur. Açarı başqa şəxsə vermədiyi üçün mübahisə olmuş, Elçin müəllim gəlmiş, ondan açarı istəmiş, açarı Elçin müəllimə təhvil vermişdir. Onlar obyektdən çıxanda heç bir akt yazılmamışdır. Liftin hər şeyi hazır olmuş, sadəcə quraşdırılması qalmışdır. Liftin quraşdırılması tam şəkildə 2-3 günə yekunlaşacaqdı. Ustalar oradan çıxanda növbəti gün işə gələcəklərini zənn edirdilər, bu səbəbdən heç bir avadanlıqlarını götürməmişlər. O çıxanda heç kim təhvil–təslim etməmişdir. Daha sonra oradan xəbəri olmamışdır.
34. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində göstərdi ki, obyektdə xidməti müqavilə üzrə 2022-ci ildə işləmişdir. Müqavilənin predmeti isitməsoyutma işləri, santexnik işləri ilə bağlı olmuşdur. İddiaçının sığorta binasında aparılacaq təmir işləri ilə bağlı müqavilə bağlanmışdır. Tarixi tam xatırlamır. Lakin 19 yanvar tarixində iş gördüyü zaman oradan qovulmuşlar. Birdən-birə gəlib bağlamışlar. "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 5-6 nəfər gəlmiş və obyektin bağlandığı və obyektdən çıxmaları bildirilmişdir. Bununla bağlı dərhal Cavabdehnə məlumat vermişdir. Tərəflər arasında mübahisə başlanmışdır. Həmin ana qədər tərəflər arasında mübahisə olmamışdır. Birinci mərtəbənin yanvarın sonuna qədər müqavilənin əlavəsində görülən işləri tamamlanmalı idi. Demək olar ki, işin 90 % hissəsi görülmüşdü. Saxlanmasaydı işlər tam şəkildə tamamlana bilərdi. Öz işçi qüvvəsi olmuşdur və işləri Cavabdeh MMC-yə təhvil vermişlər. ABB-nin nümayəndəsi Mircavid idi. Görülən işlərlə bağlı təhvil aktına qol çəkilir və həmin akt üç tərəfli təsdiqlənirdi. Həmin Forma-2 aktların imzalandığının şahidi olmuşdur. ABB tərəfindən görülən işlərlə bağlı heç vaxt hər-hansı irad tutulmamışdır. Mircavid və Əlisahib iddiaçı tərəfdən işlərə və sairə nəzarət edirdi. Bəzən başqaları gəlsə də onları tanımamışdır. Materiallar istifadə olunandan əvvəl ABB tərəfindən yoxlanıb və materialların hərtərəfli şəkilləri çəkilib. Ora daxil olan hər bir materialı ABB yoxlayırdı, icazə verməsə idi, quraşdırıla bilməzdi. Hərtərəfli video, fotoşəkilləri çəkilirdi, rəhbərliyə göstərilir, daha sonra onu yerinə quraşdırırdılar. Materiallar ilə bağlı heç vaxt irad tutulmamışdır. Onlar işin tamamlanmalı olmasını bildirsələr də, “narahat olmayın işləri yenidən bir neçə günə bərpa edəcəyik” deyilmişdir. Çıxarılmalarının səbəbi deyilməmişdir. Qeyd olunan materiallar (sahədə qalan) ABB tərəfindən aktlaşdırılıb. Aktı Mircavid bəy imza edib. Ona məxsus avadanlıqlar (alətlər) da orada qalmışdır. Sonradan gedəndə avadanlıqlarını tapa bilməmişdir. Yanvarın sonuna iş bitirilə bilərdi. İşiqlanma işləri demək olar ki, bitmişdi. Hər 15 gündən bir yoxlama olmuşdur. Bir iş üzrə iki dəfə ödəniş olunması mümkünsüzdür. Hər bir məsələni ABB detalına qədər yoxlayıb akt tərtib edirdi, ödəniş edirdi. O müsbət rəy verməsə heç nə edilə bilməzdi. Tərəflər arasında olan mübahisə müddət ilə bağlıdır. İşlər vaxtında bitə bilmədiyi üçün mübahisə yarandı. Materialları Elçin özü gətirirdi. O, Cavabdeh MMC-nin direktoru idi. ABB tərəfindən onlara heç bir material verilməmişdir. İşçi qüvvəsi 50-55 nəfər idi. 19 yanvar günü hamısı sahədən çıxarılmışdır. Materialların və görülmüş işlərin şəkillərini ABB daima çəkirdi. Qrafikə görə divarların üzlənməsi, havalandırma sistemi yanvar ayının 19-na kimi görülüb. İsitmə-soyutma işləri yerləşdirilmişdi, elektrik kabellərinin hamısı çəkilmiş, lakin fasad-şüşə işləri yarımçıq qalmışdır. Sanitar qovşaqla bağlı materiallar orada olmuş, seramikin vurulması çox qısa müddətə olunacaq idi. Elçin müəllim görülən işlərlə bağlı ödənişləri gecikdirmiş, yanvarın 30-na qədər olan ödənişləri etməmişdir. Soruşduqda isə səbəb olaraq ABB-nin ödənişləri etmədiyini bildirmişdir.
35. Məhkəmə nümayəndələrin izahatlarını dinləyib materialları araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir.
36. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, iddiaçının daxili audit bölməsi qismində çıxış edən, Daxili audit departamentinin auditorları Rahib Damadayev və Elxan Həsənov tərəfindən audit yoxlaması (araşdırması) aparılmış, nəticədə “Bankın inzibati binasının təmiri prosesi üzrə baş vermiş insidentlə bağlı Arayış” tərtib edilmiş və müəyyən edilmişdir ki, cavabdeh tərəfindən təmir zamanı Müqavilədə qeyd olunandan fərqli materiallardan istifadə edilmiş, müqavilədə qeyd olunandan daha yüksək qiymətlə invoys tərtib edərək ödənişlər alınmış və ümumiyyətlə görülməmiş işlər üzrə invoys tərtib edilərək ödənişlər alınmışdır. Nəticədə, cavabdehlə bağlanılımış müvafiq müqavilə və əlavə sazişlər üzrə cavabdehin öhdəliklərinin təminatı üsulları nəzərə alınmaqla təqdim edilən invoyslar əsasında ödəniş edilmiş, lakin icra edilməmiş işlər üzrə itki məbləğinin ƏDV daxil 543,869 manat (iddia tələbinin həcminin artırılması barədə ərizədə isə 578832 manat) olması müəyyən edilmişdir.
37. Məhkəmə iddiaçının həmin dəlillərini əsassız hesab edir.
38. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.2021-ci il tarixdə podrat müqaviləsi, xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2023-cü il tarixlərdə həmin müqaviləyə Əlavə Sazişlər imzalanmış, podrat müqaviləsi üzrə iddiaçı tərəfindən cavabdehə ümumilikdə 1146616,39 manat vəsait ödənilmişdir. Tərəflər arasında imzalanaraq təsdiq edilmiş görülmüş işlərin təhvil-təslim aktlarından (Forma 2) görünür ki, cavabdeh tərəfindən görülmüş ümumilikdə 891215,06 manat dəyərində işlər cavabdeh tərəfindən iddiaçıya təhvil verilmiş, iddiaçı tərəfindən həmin işlər qeyd-şərtsiz qəbul edilmişdir. Tərəflər arasında imzalanmış razılaşmalardan görünür ki, müqavilə müddətinin sonu xx.xx.2023-cü il müəyyən edilmiş, xx.xx.2023-cü il tarixdə işlərin görülməsi iddiaçının təşəbbüsü ilə dayandırılmış, iddiaçı xx.xx.2023-cü il tarixdə iddiaçıya yazılı bildiriş verib müqavilə üzrə ödəmiş olduğu 255401,33 manat avansın geri qaytarılmasını tələb etmiş, həmin vəsait cavabdeh tərəfindən qaytarılmadığı üçün iddiaçı "xxxx" ASC-yə qarantiya üzrə tələb irəli sürdükdən sonra sonuncu tərəfindən həmin avans iddiaçıya geri qaytarılmışdır.
39. Materiallardan görünür ki, iddiaçı tərəfindən cavabdehə işlərin lazımınca icra edilməməsi ilə bağlı ilk xəbərdarlıq xx.xx.2023-cü il tarixdə edilmiş, həmin xəbərdarlıqla işlərin vaxtında (xx.xx.2023-cü il tarixədək) yekunlaşdırılmadığı üçün ödənilmiş avansın geri qaytarılması tələb edilmiş, işlərin qüsurlu icra edilməsi, habelə görülmüş işlərin müqabilində təkrarən ödəniş edilməsi ilə əlaqədar hər hansı vəsaitin geri qaytarılması ilə bağlı irad bildirilməmişdir. İddiaçı cavabdehə daha sonra ünvanladığı xx.xx.2023-cü il tarixli xəbərdarlıqla müqaviləyə birtərəfli qaydada xitam verildiyini bildirmiş, 350923,17 manat vəsaitin iddiaçı tərəfindən cavabdehə icra edilməmiş işlərin qarşılığında ödənildiyi bildirilməklə həmin vəsaitin dərhal iddiaçıya geri qaytarılması tələb edilmişdir.
40. Halbuki, tərəflər arasında bağlanmış podrat müqaviləsinin 2.2-ci bəndinə görə, işlərin qəbulu zamanı qüsurlar və ya çatışmazlıqlar aşkar edildikdə bu barədə akt tərtib edilir. Bu halda sifarişçi işlərin qüsurlu hissəsinin 15 gün ərzində yenidən görülməsini icraçıdan tələb edir. İcraçı işlərin qüsurlu hissəsinin yenidən görülməsindən imtina etdikdə sifarişçi bu müqaviləyə birtərəfli qaydada xitam verə və ya işlərin müvafiq hissəsinin dəyərini ödəməkdən imtina (işlərin dəyəri ödənildiyi halda isə ödənilmiş hissənin geri qaytarıılmasını tələb) edə bilər.
41. Müqavilənin 4.3.5-ci bəndinə görə, təhvil verilən işlər bu müqavilənin keyfiyyət, həcm, ölçü və sairə dair şərtlərinə uyğun gəlmədikdə icraçıya bu barədə işlərin təhvil verildiyi tarixdən 180 gün müddətində bildiriş vermək sifarişçinin hüququdur.
42. Materiallarda olan təhvil aktlarından görünür ki, cavabdeh tərəfindən iddiaçıya təhvil verilmiş tikinti və təmir işlərinin nədən ibarət olması aktlarda ətraflı şəkildə qeyd edilmiş (görülmüş iş, onun həcmi, qiyməti, işçilik haqqı), həmin aktlar iddiaçı tərəfindən təsdiq edilmişdir. Həmin aktların mötəbərliyi (iddiaçının nümayəndələrinin imzaları və möhür) iddiaçı tərəfindən ümumiyyətlə mübahisələndirilməmişdir.
43. İddiaçı və cavabdeh arasında tərtib edilmiş həmin aktlar üzrə cavabdehin təqdim etdiyi hesab-faktura və elektron qaimələr üzrə ümumilikdə 891215,06 manat (ƏDV daxil olmaqla) məbləğində vəsait iddiaçı tərəfindən cavabdehə ödənilmiş, iddiaçı tərəfindən cavabdehə ödənilmiş 255401,33 manat avans iddiaçının tələbi ilə "xxxx" ASC tərəfindən bank qarantiyası üzrə iddiaçının bank hesabına köçürülmüşdür.
44. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci maddəsinə görə podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.
45. Həmin Məcəllənin 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır.
46. Həmin Məcəllənin 765-ci maddəsinə əsasən məmulatın qüsuru nəticəsində, əgər müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan qaldırılmazsa, sifarişçi müqavilədən imtina edə bilər. Bu halda podratçı müqavilə ilə bağlı xərclərin əvəzini sifarişçiyə ödəməyə borcludur.
47. Həmin Məcəllənin 769-cu maddəsinə əsasən əgər müqavilədə muzdun hissəhissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir.
48. Həmin Məcəllənin 770-ci maddəsinə əsasən əgər müqaviləyə görə və ya işin xarakterinə əsasən iş qəbul edilməyirsə, sifarişçi yerinə yetirilmiş işi qəbul etməyə borcludur. İşi qəbul etdikdə sifarişçi muzd ödəməlidir. Əgər sifarişçi işi podratçının müəyyənləşdirdiyi müddətdə qəbul etmirsə, iş qəbul edilmiş sayılır.
49. Məhkəmə cavabdehin bu mövqeyi ilə razılaşır ki, iddiaçı görülmüş işlərin müqaviləyə uyğun olmaması ilə bağlı müqavilədə nəzərdə tutulmuş müddətdə pretenziya verməmişdir. Materiallarda olan təhvil aktlarından görünür ki, görülmüş işlər iddiaçı tərəfindən xx.xx.2021-ci il tarixdən hissə-hissə olmaqla xx.xx.2022-ci il tarixədək qəbul edilmişdir.
50. İddiaçı tərəfindən isə aktlarda göstərilən işlərin tam həcmdə görülməməsinə dair pretenziya məktubu xx.xx.2023-cü il tarixdə, işləri son dəfə təhvil aldığı tarixdən 6 ay 8 gün sonra təqdim edilmişdir.
51. Bundan əlavə, iddiaçı tərəfindən müqavilənin 2.2-ci bəndinə əsasən ümumiyyətlə hər hansı akt tərtib edilməmişdir.
52. Materiallardan görünür ki, işlər təhvil alındıqdan sonra sifarişçi (iddiaçı) tərəfindən işlərlə bağlı hər hansı pretenziya bildirilməmiş, hətta işləri təhvil aldıqdan sonra icraçıya (cavabdeh) ödəniş də etmişdir. Halbuki iddiaçının təhvil verilmiş işlərin müqavilə şərtlərinə uyğun olub-olmadığını, təhvil verilmiş malların qüsurlarını (gözdən keçirməklə görülə bilməyən qüsurlar istisna olmaqla) gözdən keçirməklə yoxlamaq və qüsurlar barədə bildiriş vermək imkanı olmuşdur.
53. Bundan əlavə, materiallardan görünür ki, iddiaçı hətta cavabdehlə xx.xx.2022-ci il, xx.xx.2022-ci il, xx.xx.2023-cü il tarixlərdə podrat müqaviləsinə Əlavə Sazişlər də imzalamışdır.
54. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir.
55. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı).
56. Məhkəmə qeyd edilənləri və işin hallarını nəzərə alaraq hesab edir ki, iddiaçının cavabdeh tərəfindən görülmüş işləri və təhvil verilmiş malları hər hansı pretenziya bildirmədən qəbul etdikdən uzun müddət sonra ödənişi geri tələb etməsi Mülki Məcəllənin normalarına və müqavilə şərtlərinə uyğun olmadığından iddia əsassız hesab edilərək rədd edilməlidir.
57. Məhkəmə hesab edir ki, iddia tələbi 578,832 manat vəsaitin tutulması hissəsində əsassız olduğundan iddiaçının cavabdehdən 83423,37 manat dəbbə pulunun tələb edilməsinə dair iddiası da əsassızdır və həmin hissədə də təmin edilməməlidir.
58. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
59. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən iş üzrə çəkilmiş 400 manat mediasiyaya dair xərc, ödənilmiş 552,26 manat dövlət rüsumu, 1,05 manat xidmət haqqı iddiaçının özünə aid edilməlidir.
60. İş üzrə keçirilmiş məhkəmə-tikinti-texniki ekspertizasının xərcinə dair bildirişdən görünür ki, keçirilmiş ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir.
61. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən ekspertiza xərci iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməlidir.
V. Nəticə:
62. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddiaçı "xxxx" ASC-nin Cavabdeh MMC-yə qarşı “pulun tutulması” tələbinə dair iddiası təmin edilməsin. İddia ərizəsi verilərkən çəkilmiş 400 manat mediasiyaya dair xərc, ödənilmiş 552,26 manat dövlət rüsumu, 1,05 manat xidmət haqqı iddiaçı "xxxx" ASC-nin özünə aid edilsin. Aparılmış ekspertiza tədqiqatı ilə bağlı 100 (bir yüz) manat ekspertiza xərci iddiaçı "xxxx" ASC-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN **********, X1 KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41NABZ********************4 SWİFT BİK CTREAZ22) ödənilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ülkər Həsənova