Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1726/2023 14.04.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh ASC-yə qarşı “pul” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh ASC (bundan sonra – cavabdeh) qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən ƏDV xaric 56978,25 manat, 10256,20 manat ƏDV borcunun iddiaçının xeyrinə tutulması, iddiaçı tərəfindən Bakı 1 saylı Mediasiya təşkilatına ödənilmiş 410 manat məbləğin, ödənilmiş 291,70 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında 08 may 2017ci il tarixində “işlərin/xidmətlərin satın alınması”na dair **********031 saylı müqavilə bağlanmışdır. Həmin Müqavilə əsasında iddiaçı tərəfindən cavabdehə təqdim edilmiş və aşağıda təsvir edilən işlər/xidmətlər üzrə cavabdeh tərəfindən iddiaçıya ödəniş edilməmişdir. Belə ki, müqaviləyə 1 saylı Əlavəni təşkil edən “X7 Stansiyasında avtomatik idarəetmə sisteminin nizamlanması və işə salınması işlərinin yerinə yetirilməsinə dair işlərin/xidmətlərin təfsilatı protokolu”na əsasən iddiaçı tərəfindən cavabdehə aşağıdakı işlər/xidmətlər təqdim edilmişdir: İdarəetmə panelləri ilə qurğu panelləri arasında əlaqənin yoxlanılması, nasazlıqların aradan qaldırılması və aradakı əlaqənin bərpa edilməsi; Siyirtmələrin idarəetmə dövrələrinin yoxlanılması, nasazlıqların aradan qaldırılması, dövrələrin yoxlanılması və sazlanması; PLC komutasiya naqillərinin qoşulmasının yoxlanılması; PLC və SCADA əlaqəsinin yoxlanılması və nasazlıqların aradan qaldırılması; · SCADA sisteminin qurulması; · SCADA sistemi ilə sahə avadanlıqları arasında əlaqənin təşkil edilməsi. Göstərilən işlər/xidmətlər X7 Stansiyasında İddiaçı tərəfindən Cavabdehə yuxarıda sadalanan işlərin/xidmətlərin göstərilməsindən ibarət olmaqla, işlərin/xidmətlərin ümumi dəyəri ƏDV daxil 19 487,10 manat, ƏDV xaric isə 16 515 manat təşkil etmişdir. Təqdim edilmiş işlər/xidmətlər "xxxx" ASC tərəfindən 01 mart 2018-ci il tarixli 1 saylı Akt (qoşmada əlavə edilir) ilə qəbul edilmiş (təhvil alınmış) və işlərin keyfiyyətli icrası və yaxud işlərin nəticələrinin qüsurlu olması barədə Cavabdeh tərəfindən heç bir irad bildirilməmişdir. Bu hal yuxarıda adı çəkilən işlərin/xidmətlərin təhvil-təsliminə dair 1 saylı Aktda əyani və aydın şəkildə öz əksini tapmışdır. Göstərilmiş işlərə/xidmətlərə görə İddiaçı tərəfindən Cavabdehə Seriya HS № 103311, 28 mart 2018-ci il tarixli elektron vergi hesab-fakturası (qoşmada əlavə edilir) və ********** saylı, 15 aprel 2018-ci il tarixli hesab-faktura (qoşmada əlavə edilir) təqdim edilmişdir. Cavabdeh hesab-fakturalar ilə bağlı hər hansı bir etiraz etməmiş və onları qəbul etmişdir. Lakin, Cavabdeh Müqavilə şərtlərini kobud şəkildə pozaraq İddiaçı tərəfindən təqdim edilmiş hesab-fakturalar əsasında İddiaçıya ödəniş edilməsini həyata keçirməmişdir. Bununla da, müəyyən edilir ki, Müqaviləyə 1 saylı Əlavəni təşkil edən “X7 Stansiyasında avtomatik idarəetmə sisteminin nizamlanması və işə salınması işlərinin yerinə yetirilməsinə dair işlərin/xidmətlərin təfsilatı protokolu”na əsasən Cavabdehnun İddiaçı qarşısında ümumi dəyəri ƏDV daxil 19 487,10 AZN (on doqquz min dörd yüz səksən yeddi manat, on qəpik), ƏDV xaric isə 16 515 AZN (on altımin beş yüz on beş manat) məbləğində olan borcu vardır. Tərəflərin izahatı: Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, borcun ödənilməsi cavabdehdən həmişə şifahi qaydada tələb edilmiş, onlara borcun ödəniləcəyi barədə vədlər verilmiş, lakin ödənişlər edilmədiyi üçün məhkəməyə müraciət edilmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi R.İsayev iddia müddəti tətbiq edilməklə iddianın təmin edilməməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, tərəflər arasında iddia ərizəsində göstərilmiş müqavilələr imzalanmış, həmin müqavilələr iddiaçı tərəfindən icra edilmiş, lakin dəyəri ödənilməmişdir. Hazırda iddia müddəti keçdiyindən iddia təmin edilməməlidir. Sübutların tədqiqi: Belə ki, məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: İddiaçı ilə cavabdeh arasında bağlanmış 08 may 2017-ci il tarixli **********031 nömrəli işlərin/xidmətlərin satın alınmasına dair xidmət müqaviləsinə əsasən icraçı bu müqavilə ilə müəyyən olunmuş qaydada və “X7 Stansiyası”nın Avtomatik İdarəetmə sisteminin nizamlanması və işə salınması xidmətlərini göstərməyi, sifarişçi isə xidmətləri qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini ödəməyi öz öhdəsinə götürür. Müqavilənin 2.1-ci bəndinə əsasən müqavilənin ümumi qiyməti ƏDV xaric olmaqla 16515 manat təşkil edir. Müqavilənin 2.2-ci bəndinə əsasən müqavilə üzrə ödənişlər aşağıdakı qayda üzrə həyata keçirilir: 2.2.1-ci bəndinə əsasən müqavilənin ümumi qiymətinin 50 %-ə qədər hissəsini avans şəklində müqavilə imzalandıqdan sonra işlərin həyata keçirilməsi üçün təqdim olunmuş hesab faktura əsasında sifarişçi tərəfindən resursların mobilizasiyası məqsədilə 5 təqvim günü ərzində ödənilir. 2.2.2-ci bəndinə əsasən müqavilə ümumi qiymətin qalan hissəsini icraçı tərəfindən texnika və işçi qüvvəsinin mobilizasiyasını həyata keçirildikdən sonra işlərin gedişatı zamanında faktiki uğurlar görülmüş işlərin yerinə yetirilməsi üzrə sifarişçi tərəfindən təsdiqlənmiş və qəbul edilmiş təhvil-təslim aktı və həmin akta uyğun olaraq sifarişçiyə təqdim olunan hesab-faktura əsasında avans ödənişi nəzərə alınmaqla 5 təqvim günü ərzində ödəniləcəkdir. Müqaviləyə 1 saylı əlavə “X7 Stansiyasında” avtomatik idarəetmə sisteminin nizamlanması və işə salınması işlərinin yerinə yetirilməsinə dair işlərinin /xidmətlərin təfsialtı protokoluna əsasən işlərin predmeti, “X7 Stansiyasında” X3 nizamlanması və işə salınması işlərinin görülməsidir və bu məqsəd ilə sifarişçi icraçıya Əlavədə qeyd olunan işlərin yerinə yetirməsini tapşırır, sifarişçi isə görülmüş işlərin müqabilində icraçıya şərtləşdirilmiş məbləği ödəyir. Müqaviləyə 2 saylı əlavə xx.xx.2017-ci il tarixli razılaşmaya əsasən təmir-quraşdırma, proqramlaşdırma, sazlama işlərinin və xidmətlərin davam etməsini, sifarişlərin layihəsmeta sənədlərində və qrafiklərində edilən dəyişikliklərlə əlaqədar olaraq əlavə iş həcminin yaranmasını nəzərə alaraq, həm də Sifarişçinin istəynə uyğun olaraq tərəflər xx.xx.2017-ci il tarixli **********031 saylı Əsas müqaviləyə aşağıdakı əlavələri etməyi qərara almışlar. İcraçı tərəfindən bu razılaşma üzrə yerinə yetiriləcək əlavə quraşdırma, proqramlaşdırma, sazlama, işə buraxma işlərinin dəyəri pereskuranta uyğun və danışıqlar əsasında razılaşdırılmış qiymətlərlə müəyyən olunur və ƏDV daxil olmaqla 47746,64 manat təşkil edir. Əlavə yerinə yetiriləcək işlərin iş həcmi cədvəli Əlavə 2 kimi müqavilənin və 2 saylı Əlavə Razılaşmanın tərkib hissəsi kimi qəbul edilsin. Müqaviləyə 2 nömrəli Əlavə avtomatik İdarəetmə sistemində proqamlaşdırma, nizamlama və işə buraxma işlərinin yerinə yetirilməsinə dair işlərin/xidmətlərin təfsilatı protokoluna -2 əsasən görülmüş işlərə görə yekun məbləğ ƏDV ilə 47746,64 manat təşkil edir. İddiaçı ilə cavabdeh arasında tərtib olunmuş 01 mart 2018-ci il tarixli 01 nömrəli X7 stansiyasında göstərilmiş xidmətlər haqqında aktdan görünür ki, iddiaçı və cavabdeh 08 may 2017-ci il tarixli **********031 saylı xidmət müqaviləsinə əsasən idarəetmə panelləri ilə qurğu panelləri arasında əlaqənin yoxlanılmasl, nasazlıqların aradan qaldırılb, əlaqənin bərpa edilməsi, - siyirtmələrin idarəetmə dövlərinin yoxlanılması, nasazlıqların aradan qaldırılması, dövrələrin yoxlanılması, sazlanması. – PLC komutasiya naqillərinin qoşulmasının yoxlanması. – PLC və SCADA əlaqəsinin yoxlanması, nasazlıqların aradan qaldırılması. – SCADA sisteminin qurulması. – SCADA sistemi ilə sahə avadanlıqları arasında əlaqənin təşkil edilməsi xidmətlərin yerinə yetirilməsini və sifarişçi tərəfindən qəbul edilməsini təsdiq etmişlər. İddiaçı ilə cavabdeh arasında tərtib olunmuş 01 mart 2018-ci il tarixli 02 nömrəli X7 stansiyasında göstərilmiş xidmətlər haqqında aktdan görünür ki, iddiaçı və cavabdeh 08 may 2017-ci il tarixli **********031 saylı xidmət müqaviləsinin 2 saylı Əlavəsinə uyğun olaraq "xxxx" ASC elektrik stansiyalarında avtomatik İdarəetmə Sisteminin və kompressorların mərkəzlənməsinin nizamlanması və işə salınması işlərinin görülməsi üçün texniki xidmət – X4 Atlas Copco kompressoru mühərrikinin mərkəzləşdirilməsi; texniki xidmət – X1 Avtomatik nəzarət sisteminin qurulması və nizamlanması; texniki xidmət – X2 Avtomatik nəzarət sisteminin qurulması və nizamlanması; texniki xidmət – X4 Atlas Copco kompressoru mühərrikinin mərkəzləşdirilməsi xidmətlərin yerinə yetirilməsini və sifarişçi tərəfindən qəbul edilməsini təsdiq etmişlər. İddiaçı tərəfindən cavabdehə təqdim edilmiş xx.xx.2018-ci il tarixli ********** nömrəli hesab-faktura əsasən cavabdeh tərəfindən iddiaçıya 47746,64 manat (son ödəniş tarixi – xx.xx.2018-ci il olmaqla), xx.xx.2018-ci il tarixli ********** nömrəli (son ödəniş tarixi – xx.xx.2018-ci il olmaqla) hesab-faktura üzrə 19487,70 manat pul ödənilməlidir. İddiaçı tərəfindən cavabdehə HS 103312 nömrəli xx.xx.2018-ci il tarixli, HS 103311 nömrəli xx.xx.2018-ci il tarixli elektron qaimələr göndərilmişdir. Hüquqi dəyərləndirmə: Beləliklə, məhkəmə araşdırması ilə müəyyən olundu ki, cavabdehin iddiaçıya borcun ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış 08 may 2017-ci il tarixli **********031 nömrəli işlərin/xidmətlərin satın alınmasına dair xidmət müqaviləsi və onun əlavəsindən irəli gəlir. Cavabdehin bu öhdəliyini lazımınca icra etməməsi iddiaçıya xidmət müqaviləsi və Mülki Məcəllənin aşağıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir; Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Məhkəmə işin sadalanan qanunvericilik normalarını, cavabdehin xidmət müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi icra etmədiyini nəzərə alaraq hesab edir ki, 56978,25 manat məbləğində əsas borc və ƏDV borcu kimi 10256,20 manat cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bununla yanaşı cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə verərək hazırkı iddianın təmin edilməməsini xahiş edir. Məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan iddia ərizəsi iddia müddəti tətbiq edilməklə təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə görə müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Belə ki, tərəflər arasında müqavilə 08 may 2017-ci il tarixdə bağlanmış, həmin müqavilə üzrə görülmüş işlər 2018-ci ildə icraçı tərəfindən sifarişçiyə təhvil verilmişdir. Müqavilənin 2.2.1-ci bəndinə əsasən müqavilənin ümumi qiymətinin 50 %-ə qədər hissəsini avans şəklində müqavilə imzalandıqdan sonra işlərin həyata keçirilməsi üçün təqdim olunmuş hesab faktura əsasında sifarişçi tərəfindən resursların mobilizasiyası məqsədilə 5 təqvim günü ərzində ödənilir. 2.2.2-ci bəndinə əsasən müqavilə ümumi qiymətin qalan hissəsini icraçı tərəfindən texnika və işçi qüvvəsinin mobilizasiiyasını həyata keçirildikdən sonra işlərin gedişatı zamanında faktiki uğurlar görülmüş işlərin yerinə yetirilməsi üzrə sifarişçi tərəfindən təsdiqlənmiş və qəbul edilmiş təhvil-təslim aktı və həmin akta uyğun olaraq sifarişçiyə təqdim olunan hesab-faktura əsasında avans ödənişi nəzərə alınmaqla 5 təqvim günü ərzində ödənilir. İddiaçı tərəfindən cavabdehə təqdim edilmiş xx.xx.2018-ci il tarixli ********** nömrəli hesab-faktura əsasən cavabdeh tərəfindən iddiaçıya 47746,64 manat (son ödəniş tarixi – xx.xx.2018-ci il olmaqla), xx.xx.2018-ci il tarixli ********** nömrəli (son ödəniş tarixi – xx.xx.2018-ci il olmaqla) hesab-faktura üzrə 19487,70 manat pul ödənilməlidir. Bununla da müəyyən olunur ki, iddiaçı cavabdehə qarşı hazırkı iddia ilə xx.xx.2021-ci il tarixə qədər məhkəməyə müraciət edə bilərdi. Lakin materiallardan görünür ki, iddiaçı hazırkı iddia ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət etmişdir. Belə olan halda aydın olur ki, iddiaçı tərəfindən hazırkı iddianın verilməsi üçün qanunvericilikdə belə iddiaların verilməsi üçün nəzərdə tutulmuş üç illik iddia müddəti buraxılmış və cavabdeh tərəfindən də məhkəməyə iddia müddətinin tətbiqinə dair ərizə verilmişdir ki, bu da hazırkı iddianın rədd edilməsi üçün əsasdır. Bununla bağlı Məhkəmə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Qanuna görə başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil olunur (MM, maddə 372.1.), hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır (MM, maddə 372.2.). Tələb, iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa (icraata) qəbul edilir (MM, maddə 375.1.). Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Belə vəziyyətdə iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır (MM, maddə 375.2.). Məhkəmə qeyd edir ki, mülki hüquqda iddia müddətləri institutu mülki dövriyyənin iştirakçılarını intizamlandırmaq, onlara məxsus olan hüquqların həyata keçirilməsi və vəzifələrin yerinə yetirilməsi üçün onların fəallığını təşviq etmək məqsədinə yönəlmişdir. İddia müddətləri əhəmiyyətli dərəcədə mülki hüquq münasibətləri iştirakçılarının vəzifələrinin yerinə yetirilməsi üzərində ciddi qarşılıqlı nəzarətə əməl edilməsi zərurəti yaradır. İddia müddətləri institutunun tətbiq edilməsi zərurəti həmçinin belə bir mühüm halla əsaslandırılır ki, mülki mübahisələrə məhkəmə tərəfindən baxılması hər zaman iş üzrə obyektiv həqiqətin müəyyən edilməsi ilə əlaqədardır. Qeyri-müəyyən uzun müddətin keçməsi həqiqətə nail olmağı çətinləşdirir, bəzən isə hətta bu imkanı istisna edir. Belə ki, sübutlar itirilə bilər və ya onların mötəbərliyi kifayət qədər şübhəli hala gələ bilər, bunlar da öz növbəsində məhkəmə orqanlarının işin bütün faktiki hallarının aydınlaşdırılmasına və düzgün qərar çıxarılmasına yönəlmiş fəaliyyətini ciddi surətdə çətinləşdirə bilər. Avropa İnsan Hüquqları Məhkəməsinin Miragall Eskolano və digərləri İspaniyaya qarşı iş üzrə 25 yanvar 2000-ci il tarixli qərarında belə nəticəyə gəlmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar. İddia müddətləri müvafiq tərəfin iddia qaldırması üçün nəzərdə tutulan vaxt məhdudiyyətini müəyyən edir. İddia qaldırması üçün ağlabatan müddətlərin tətbiq edilməsi və iddia qaldırmanın prosessual şərtlərinin müəyyən edilməsi hüquqi müəyyənlik prinsipini və qərarların qətiliyini təmin etməklə ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinə şərait yarada və potensial cavabdehləri zaman keçdiyinə görə təkzib edilməsi çətin olan biləcək köhnə iddialardan qoruya bilər (AİHM, “MPP Qolub Ukraynaya qarşı iş üzrə xx.xx.2005-ci il tarixli qərarı). Həmçinin İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli Qərarına əsasən iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 may 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, iddia müddətlərinin və onların müəyyənləşdirilməsinin qaydalarını nəzərdə tutan qanunun tələbləri əsasən imperativ xarakter daşıyır. Nəticə: Beləlikdə, məhkəmə hesab edir ki, iddia ərizəsi iddia müddəti təbiq edilməklə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Materiallardan da göründüyü kimi “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” xx.xx.2023-cü il tarixli MŞB/1-00017nömrəli arayışa əsasən, cavabdeh mediasiya sessiyasında iştirak etməmiş, iddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 410 manat məbləğində mediasiyaya dair xərc, habelə 291,70 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən iş üzrə ödənilmiş 410 manat mediasiya xərci və ödənilmiş 291,70 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı MMC-nin Cavabdeh ASC-yə qarşı “pul” tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş 701,70 (yeddi yüz bir manat yetmiş qəpik) manat dövlət rüsumu İddiaçı MMC-nin özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ülkər Həsənova
Məhkəmə qərarları › İş №e-2-2(113)-1726/2023
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1726/2023
14.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver