Məhkəmə qərarları › İş №e-2-2(113)-1751/2023

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1751/2023

20.07.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1751/2023 20.07.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: sayğacın mexaniki göstəricisi, elektron göstəricinin sönməsi, korreksiya əmsalı ilə hesablama, sübutetmə vəzifəsi) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı (bundan sonra İddiaçı MMM) Cavabdehnə (bundan sonra Cavabdeh İB) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən əsassız olaraq hesablanmış 21558,2 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsində iddianın faktiki əsası olaraq göstərilmişdir ki, iddiaçının (ödəyici kodu XXXX) təbii qazdan istifadəsi üçün nəzərdə tutulan boru xəttindən 6000 metr aralı məsafədə 2020-ci ilin sonunda təbii küləyin güclənməsi səbəbindən qəza baş vermişdir. Nəticədə borular qırılmış, təbii qaz günlərlə havaya buraxılmışdır. Məsafə uzaqlığına görə iddiaçının qəzadan məlumatı olmamış, əhalinin müraciətlərinə əsasən qaz istismar idarəsinin əməkdaşları tərəfindən qaz xətti bərpa olnmuşdur. Həmin müddət ərzində havaya buraxılan qaz əsassız olaraq iddiaçıya məxsus müəssisənin istifadəsi kimi qeydə alınmış, borc əsassız olaraq iddiaçının adına hesablanmışdır. Qarşılıqlı hesablaşmalar haqqında üzləşdirmə aktlarına əsasən cavabdeh tərəfindən 2020-ci ilin dekabr ayı üçün 12158,40 manat, 2021-ci ilin yanvar ayı üçün isə 9399,80 manat olmaqla, ümumilikdə 21558,20 manat borc hesablanmışdır. Borc müəssisənin adına hesablandığı üçün halhazırda müəssisənin qazdan istifadəsinə qadağa qoyulmuşdur. Məsələ ilə əlaqədar Bakı Regional Qaz İstismar İdarəsinə müraciət edilmişdir. Lakin bildirilmişdir ki, qaz xətti abunəçilərin istifadəsində olduğundan mövcud olan hər hansı qüsura görə abunəçi məsuliyyət daşıyır. Ərazidə iddiaçı ilə yanaşı çoxlu sayda qaz istifadəçisi olmuş, lakin cavabdeh onlara eyni münasibəti göstərməmiş, qazın boşuna sərfiyyatına görə məsuliyyəti yalnız iddiaçının üzərinə qoymuşdur. Qeyd olunan qəza və qaz xətti borularının qırılması iddiaçının təqsiri üzündən baş vermədiyi üçün cavabdeh tərəfindən əsassız olaraq hesablanmış borc silinməlidir.

3. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 1.2, 3.1.7-ci bəndləri, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 21-ci maddəsi göstərilmişdir.

4. Daha sonra iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsində qeyd olunan təbii küləyin güclənməsi səbəbindən qəza baş verməsi, nəticədə boruların qırılması, təbii qazın günlərlə havaya buraxılması nəticəsində borcun yaranması barədə faktiki halların mövcud olmadığını bildirmiş və yazılı qaydada mövqeyini ifadə edərək göstərmişdir ki, sonradan onlara bəlli olmuşdur ki, silinməsi tələb olunan borc Cavabdeh İB tərəfindən əsassız olaraq hesablanmışdır. Cavabeh tərəfin bildirdiyi hallar- sayğacın sərfiyyatı elektron və mexaniki qaydada hesablaması, yəni sayğacın elektron hissəsi xarab olduğu üçün borcu mexaniki hissənin hesablaması, sayğacın elektron korrektorunun işləməməsi barədə İddiaçı MMM-nə heç bir məlumat verilməmişdir. Qaz sayğacı xüsusi mühafizə zolağında cavabdehə aid paylayıcı stansiyada yerləşir. İddiaçı MMM-nin həmin əraziyə girməsi və yaxınlaşması mümkün deyildir. Qaz sayğacında nasazlıq baş verdiyi halda "xxxx"-nin məlumatı əsasında MMM onun təmiri ilə bağlı hər hansı bir tədbir görmüş olardı.

II. Tərəflərin mövqeləri:

5. Məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddianın məzmununa uyğun izahat verdi və bildirdi ki, iddiaçı təbii qazdan yalnız müəssisəsində çalışan işçilərə yemək hazırlamaq üçün istifadə edir. Onun əsas fəaliyyəti elektrik enerjisi ilə həyata keçirilir. Lakin cavabdeh tərəfindən 2020-ci ilin dekabr ayı üçün 12158,40 manat, 2021-ci ilin yanvar ayı üçün isə 9399,80 manat əsassız borc məbləği hesablanmışdır. Bu məbləğlər isə reallığı əks etdirmir. Belə ki, əvvəlki aylarda və 2021-ci ilin fevral ayından sonra qeydə alınmış sərfiyyatdan dəfələrlə artıq sərfiyyat cəmi iki ayda hesablanmış və borc məbləği kimi saldoya daxil edilmişdir. İddiaçıya məxsus sayğac cavabdehə aid paylayıcı stansiyada quraşdırılmışdır. Bu isə onu göstərir ki, iddiaçının sayğaca hər hansı müdaxiləsi mümkün deyildir. Həmçinin elektron və mexaniki göstərici arasında fərqin yaranması da iki ay ərzindəki fərqi izah etmir.

6. Cavabdehin nümayəndəsi X5 məhkəmə iclaslarında iştirak edərək qeyd etdi ki, cavabdehə məxsus “G-250” markalı sayğacda 2020-ci ilin iyul ayından batareyanın tükənməsi səbəbindən elektron korrektor sıradan çıxdığından qaz sərfiyyatı mexaniki göstəricilər əsasında hesablanmış, mexaniki göstəricinin müəyyən etdiyi sərfiyyat abonent saldosunda “sərfin məbləği” sütununa daxil edilmişdir. Sayğac işlək olduğu halda mexaniki hissədə qeydə alınan sərfiyyat korrektor tərəfindən müəyyən əmsal əsasında elektron hissədə əks olunur, yəni elektron hissədə əks olunan sərfiyyat mexaniki hissədə qeydə alınan sərfiyyatdan çox olur. Hazırkı iş üzrə abonentin sayğacının elektron korrektoru sıradan çıxdığından əməkdaşlarımız tərəfindən mexaniki hissənin göstəricisi müəyyən korreksiyaedici əmsala vurularaq həmin fərq tapılmışdır. Bu zaman temperatur, təzyiq və rütubət nəzərə alınmaqla korreksiyaedici əmsal tətbiq edilir. Korreksiya əmsalı tətbiq edilməklə alınan fərq isə “qalıq və aktlar” sütununa daxil edilmişdir. İddiaçıya məxsus sayğac Cavabdeh İB-nə məxsus paylayıcı stansiyada yerləşsə də iddiaçı hüquqi şəxs olduğundan istər “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununda, istərsə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nda sayğacın işlək vəziyyətdə saxlanılmasına cavabdehdir. Belə olan halda sayğacda baş verən hər hansı nasazlıq onun tərəfindən aradan qaldırılmalı idi. Sayğacda olan nasazlıq barədə cavabdehə dəfələrlə məlumat verilmişdir.

7. Məhkəmənin suallarına cavab olaraq cavabdehin nümayəndəsi bildirdi ki, 2020-ci ilin dekabr və 2021-ci ilin yanvar aylarında sərfiyyatın digər aylara münasibətdə artıq olduğu görünür. Lakin bu hal iddiaçının qaz sərfiyyatının artması ilə bağlıdır. Belə ki, sayğacın mexaniki göstəricisində hər hansı problem olmayıb. Məhz laboratoriya rəyi də bunu təsdiq edir. Mexaniki hissə həmişə real sərfiyyatı əks etdirir. Bu tipli sayğacın mexaniki hissəsi də sayğacın üzərində yerləşir və adi baxış əsasında göstəricisin oxunması mümkün olur. Hər hansı yoxlama olmayıb, İB-nin əməkdaşları tərəfindən hər ay sayğacın göstəricilərə uyğun sərfiyyat hesablanıb saldoya daxil edilib. Həmçinin suala cavab olaraq bildirdi ki, xx.xx.2020-ci il tarixli aktda qeyd olunan sayğacın elementi dedikdə korrektor nəzərdə tutulur.

III. Məhkəmə baxışının hədləri:

8. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə): - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

9. Məhkəmə ilk növbədə qeyd edir ki, məhkəmə müdafiəsi hüququ öz təbiəti etibarilə mütləq hüquq olmayıb, müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər və yalnız qanunla qorunan pozulmuş və ya barəsində mübahisə edilən hüquq və azadlıqların məhkəmə vasitəsilə həyata keçirilməsini nəzərdə tutur. Bu mənada, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ özündə iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır. Qeyd olunan məsələlər araşdırılarkən isə mülki prosessual qanunvericiliyin sübutetmə predmeti və sübutetmə vəzifəsini tənzimləyən normaları rəhbər tutulmalı, sübut etmə yükü düzgün müəyyən edilməlidir.

10. Bundan başqa məhkəmə qeyd etməyi zəruri hesab edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrıayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.

11. Məhkəməyə təqdim edilən qaz paylayıcısilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısı barədə 03 sentybar 2015-ci il tarixli 1454-09- 15 nömrəli müqavilədən görünür ki, iddiaçıya məxsus müəssisəyə xx.xx.2014-cü il tarixdə “Elster G-250” markalı 75142244 nömrəli sayğac quraşdırılmışdır.

12. İş materiallarına əlavə edilmiş qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2020-ci il tarixli ******* nömrəli aktdan görünür ki, “Elster G-250” markalı 75142244 nömrəli sayğaca baxış keçirilmiş, sayğacın elementinin bitmək üzrə olduğu qeyd edilmişdir. Akt müəssisənin nümayəndəsi tərəfindən də imzalanmışdır.

13. İş materiallarında olan xx.xx.2023-cü il tarixə çap olunmuş **********00065 kodlu abonentin saldosundan görünür ki, saldonun 2020-ci ilin iyul ayından etibarən “elektron göstəricisi” sütunu 182424 ədədində sabit qalmış, lakin mexaniki göstərici 2020-ci ilin iyul ayında 107278, avqust ayında 108023, senyabr ayında 108555, oktyabr ayında 109497, noyabr ayında 114321, dekabr ayında 107278, 2021-ci ilin yanvar ayında 193422 olmuş, sonrakı aylarda da artmaqda davam etmişdir. Həmçinin görünür ki, “elektron göstəricisi” sütununda qeyd olunan yuxarıda qeyd olunan sabit rəqəm yalnız 2022-ci ilin may ayından etibarən dəyişməyə başlamışdır. Həmçinin qaz sərfiyyatının məbləği 2020-ci ilin 7-ci ayı üçün 124,2 manat, 8-ci ayı üçün 217 manat, 9-cu ayı üçün 196,2 manat, 10-cu ayı üçün 245,2 manat, 11-ci ayı üçün 659,6 manat, 12-ci ayı üçün 12158,4 manat, 2021-ci ilin 1-ci ayı üçün 9399,8 manat, 2-ci ayı üçün 1257 manat, 3-cü ayı üçün 475,2 manat təşkil etmişdir. Bundan başqa görünür ki, “Qalıq və aktlar” sütununda 2020-ci il dekabr ayı üçün 3039,30 manat, 2021-ci ilin yanvar ayı üçün 2698,40 manat borc əks olunmuşdur.

14. İddiaçının məhkəməyə təqdim etdiyi qarşılıqlı hesablaşmalar haqqında üzləşdirmə aktlarından görünür ki, 2020 və 2021-ci il üçün üzləşdirmə aparılaraq bütün ayları üzrə sərfiyyat məbləğləri qeyd olunmuşdur.

15. Məhkəməyə təqdim edilən qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında xx.xx.2020-ci il tarixli ******* nömrəli aktdan görünür ki, hesablanmış qaz sərfinin məbləği 4440,8 manat göstərilmiş və “45594 * 1,487 = 67798 – 45594 = 22204” qaydasında hesablanmışdır.

16. İş materiallarına əlavə edilmiş qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması haqqında xx.xx.2021-ci il tarixli ******* nömrəli aktdan görünür ki, hesablanmış qaz sərfinin məbləği 3779,60 manat göstərilmiş və “33507 * 1,564 = 52405 – 33507 = 18898” qaydasında hesablanmışdır.

17. İş materiallarında olan qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2022-ci il tarixli ******* nömrəli və ******* nömrəli aktlardan görünür ki, “Elster G-250” markalı 75142244 nömrəli sayğacın elektron hissəsinin söndüyü qeyd edilmiş, sayğac qaz xəttindən çıxarılmış, müvəqqəti olaraq “Elster G-250” markalı 75019136 nömrəli sayğac quraşdırılmışdır.

18. Məhkəməyə təqdim edilən qeyri-əhali sayğacının yoxlanması haqqında 29/1640- 01254 nömrəli xx.xx.2022-ci il tarixli aktdan görünür ki, “Elster G-250” markalı 75142244 nömrəli sayğac Cavabdeh İB-nin Metrologiya Departamentinin Sayğacların müayinəsi laboratoriyasında yoxlanılmış, sayğacın daxilinin çirkli olduğu, korrektorun söndüyü, korrektorun sönməsi nəticəsində arxivlərin pozulduğu, mexaniki hissədən keçən 144546 m3 qaz həcminin elektron hissədə qeydə alınmadığı, impuls ötürücüsünün normal olduğu qeyd edilmiş, yoxlamanın nəticəsi kimi xətaların normaya uyğun olduğu, batareyanın tələb olunduğu göstərilmişdir.

19. Beləliklə, məhkəmə təqdim edilən sübutları aidiyyət, mümkünlük və mötəbərlik, sübutların məcmusunu isə yetərlilik baxımından qiymətləndirərək müəyyən edir ki, iddiaçıya məxsus müəssisəyə xx.xx.2014-cü il tarixdə “Elster G-250” markalı 75142244 nömrəli sayğac quraşdırılmış, xx.xx.2020-ci il tarixdə “Elster G-250” markalı 75142244 nömrəli sayğaca baxış keçirilmiş, ******* nömrəli akt tərtib olunaraq sayğacın elementinin bitmək üzrə olduğu qeyd edilmiş, 2020-ci ilin iyul ayından etibarən batareyanın tükənməsi ilə bağlı olaraq elektron göstərici sönmüşdür. Həmin tarixdən etibarən qaz sərfiyyatı sayğacın mexaniki hissəsinin göstəricilərinə (sərfiyyat məbləği) və həmin göstəricilərə əsasən müəyyən əmsal tətbiq edilməklə müvafiq aktlara əsasən (qalıq və aktlar) hesablanmışdır. Quraşdırılmış “Elster G-250” markalı 75142244 nömrəli sayğac xx.xx.2022-ci il tarixdə xətdən çıxarılaraq dövlət yoxlamasına aparılmış və sayğacda batareyanın bitməsi ilə bağlı korrektorun sönməsi istisna olmaqla hər hansı qüsur aşkar olunmamış, korrektorun sönməsi nəticəsində arxivlərin pozulduğu, mexaniki hissədən keçən 144546 m3 qaz həcminin elektron hissədə qeydə alınmadığı təsbit olunmuşdur. Həmçinin tərəflərin izahatı ilə müəyyən olunur ki, qaz sayğacı cavabdehə aid paylayıcı stansiyada yerləşmişdir.

20. İddiaçı bildirir ki, silinməsi tələb olunan borc Cavabdeh İB tərəfindən əsassız hesablanmışdır. Sayğacın korrektorunun xarab olması və elektron göstəricinin sönməsi halından xəbərsiz olubmuşlar, bu barədə cavabdeh tərəfindən İddiaçı MMM-nə heç bir məlumat verilməmişdir. Qaz sayğacı cavabdehə aid paylayıcı stansiyada yerləşdiyindən, İddiaçı MMM-nin əməkdaşlarının həmin əraziyə girməsi mümkün deyildir. Yalnız iki ayda belə bir sıçrama olmuş, bu isə əsassız olaraq borcun hesablanması ilə nəticələnmişdir. Ona görə də 2020-ci ilin dekabr və 2021-ci ilin yanvar aylarına görə hesablanmış 21 558,20 manat borcun silinməsini xahiş edir.

21. Cavabdeh bildirir ki, cavabdehə məxsus “G-250” markalı sayğacda 2020-ci ilin iyul ayından batareyanın tükənməsi səbəbindən elektron korrektor sıradan çıxdığından qaz sərfiyyatı mexaniki göstəricilər əsasında hesablanmış, mexaniki göstəricinin müəyyən etdiyi sərfiyyat abonent saldosunda “sərfin məbləği” sütununa daxil edilmiş, mexaniki hissənin göstəricisinə korreksiyaedici əmsal tətbiq edilməklə hesablanmış sərfiyyat isə “qalıq və aktlar” sütununa daxil edilmişdir. İddiaçı hüquqi şəxs olduğundan sayğacın işlək vəziyyətdə saxlanılmasına cavabdeh olmuş, cavabdeh iddiaçıya batareyanın bitməsi barədə məlumat vermişdir. Elektron göstərici sönsə də, mexaniki göstəricinin düzgün işlədiyinə, 2020-ci ilin dekabr və 2021-ci ilin yanvar ayı üçün hesablanan məbləğin qaz sərfinə uyğun olaraq saldoda əks olunduğuna istinad edərək iddianın rədd olunmasını xahiş edir.

22. Məhkəmə iddiaya qiymət verməzdən öncə iddianın əsası ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

23. İddianın əsasını irəli sürülən iddia tələblərinin əsaslandırıldığı hüquqi faktlar təşkil edir. Onlara əqdlər, xüsusi olaraq müqavilələr, müddətin bitməsi faktı, hüquqların pozulması, ziyanın vurulması və s. aid edilə bilər. İddianın əsası adətən bir faktdan deyil, iddianın faktiki tərkibi adlanan faktların məcmusundan ibarət olur. İddianın faktiki əsasını göstərməklə yanaşı, iddiaçı qanuna və digər normativ hüquqi aktlara, cavabdeh tərəfindən pozulduğunu güman etdiyi hüquq normasına istinad etməyə də haqlıdır. Bu iddianın hüquqi əsasına dair iddiaçının mövqeyini təşkil edir.

24. İddianın hüquqi əsaslandırılması onun faktiki əsası ilə eyniləşdirilməməlidir. Belə ki, məhkəmə öz aktının əsaslandırıcı hissəsində digər hüquq normalarına istinad edə bilər. Bununla o, iddianın əsasını dəyişmir, mövcud normativ hüquqi aktları rəhbər tutaraq mübahisənin mahiyyəti üzrə qərar qəbul edir. Məhkəmənin belə hərəkətləri qanunçuluq prinsipinə uyğun olan hesab edilməlidir.

25. Bununla belə, məhkəmə heç bir halda tərəflərə məxsus prosessual səlahiyyətləri öz üzərinə götürə bilməz. İddianın əsasının və ya predmetinin dəyişdirilməsi iddiaçının müstəsna səlahiyyətinə aiddir. Mülki Prosessual Məcəllənin 53-cü maddəsində qeyd edilən “iddianın əsası” ifadəsi iddianın məhz faktiki əsasını ehtiva edir, iddianın hüquqi əsasını təşkil edən tətbiq olunacaq maddi hüquq normaları isə mülki icraatın istənilən mərhələsində məhkəmə tərəfindən dəyişdirilə bilər.

26. İddianın predmetinin və ya faktiki əsasının məhkəmə tərəfindən dəyişdirilməsinin mümkünlüyü mülki mühakimə icraatının əsas prinsiplərindən olan dispozitivlik və çəkişmə prinsiplərinin pozulmasına səbəb olar.

27. Dispozitivlik prinsipi işdə iştirak edən şəxslərin prosesin əmələ gəlməsi, gedişatı və sona yetməsi ilə əlaqədar öz hüquqları barəsində sərbəst sərəncam verməsində ifadə olunur. Bu prinsipə əsasən hakim deyil, yalnız tərəflər mülki prosesin başlanması, onun predmetinin dairəsi və mülki prosesin yekunlaşdırılması barədə qərar qəbul edirlər. Proses məhkəmənin publik iradəsindən deyil, tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir.

28. Beləliklə, dispozitivlik prinsipi baxımından, pozulmuş maddi hüququn müdafiəsinin üsulu iddiaçı tərəfindən müəyyən edilir və iddianın predmeti və ya əsası yalnız Mülki Prosessual Məcəllənin 53-cü maddəsi ilə nəzərdə tutulmuş qaydada iddiaçı tərəfindən dəyişdirilə bilər. Bu zaman məhkəmənin diskresiyası istisna edilir.

29. İddianın predmetinin və əsasının yalnız iddiaçı tərəfindən dəyişdirilməsinə dair qayda həm də mülki prosesin digər fundamental prinsipi olan çəkişmə prinsipinin təmin olunmasına yönəlmişdir. Mülki Prosessual Məcəllənin 9.2-ci maddəsinə görə, işdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. Beləliklə, iş üzrə cavabdeh müdafiəsini təşkil etmək, etirazlarını bildirmək, əks sübutlarını təqdim etmək, habelə iddia müddətinin tətbiq edilməsini istəmək (burada nəzərə almaq lazımdır ki, ayrı-ayrı tələblərə görə iddia müddəti də fərqlənə bilər) imkanına malik olmaq üçün qarşı tərəfin ona yönəlmiş tələbinin əsası barədə aydın ifadə edilmiş məlumata malik olmalıdır.

30. Məhkəmənin iddianın predmetini və ya əsasını dəyişdirmək imkanının mövcud olması eyni zamanda bərabərlik prinsipinin pozuntusu kimi qiymətləndirilə bilər. Bu halda cavabdeh işə baxılması zamanı nəinki iddia ərizəsində irəli sürülən əsas və dəlillərə qarşı, həmçinin hüquq münasibətlərinin məhkəmə tərəfindən müəyyən edilən fərqli tövsiflərinə qarşı müdafiə olunmaq məcburiyyəti ilə üzləşəcək (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.5ci maddəsinin həmin Məcəllənin 155, 156 və 372.4-cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair” 2012-ci il 27 avqust tarixli və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 20 aprel 2022-ci il tarixli Qərarları).

31. İddiaya sərəncam vermək, faktiki əsasını müəyyən etmək və dəyişdirmək hüququna ancaq iddiaçının malik olması və məhkəmə tərəfindən dəyişdirilməsinin mülki prosessual qanunvericiliyin dispozitivlik, çəkişmə və bərabərlik prinsiplərinin pozulması ilə nəticələnəcəyindən yolverilməzliyinə dair Konstitusiya Məhkəməsinin yuxarıda qeyd olunan hüquqi mövqelərini nəzərə alan məhkəmə bildirir ki, hazırkı iddiaya iddiaçının istinad etdiyi faktiki əsaslar üzrə qiymət veriləcəkdir.

32. Məhkəmə ilk növbədə qeyd edir ki, 2020-ci ilin dekabr, 2021-ci ilin yanvar aylarına olan silinməsi tələb olunan borc məbləğinin bir hissəsi sayğacın mexaniki göstəricisinə əsasən, bir hissəsi isə mexaniki hissənin göstəricisinə korreksiyaedici əmsal tətbiq edilib hesablanmaqla yaranmış borcdur. Sayğacın göstəricisinin abonent saldosuna daxil edilməsi və korreksiyaedici əmsal tətbiq edilməklə borcun hesablanması barədə aktların tərtib edilməsi hər ay sayğaca baxışla əlaqədar tərtib olunmuşdur və cavabdehin hərəkətləri sahibkarlıq sahəsində aparılan yoxlamalarla bağlı olmamışdır.

33. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın (bundan sonra Qaydalar) 5.2-ci bəndinə görə qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir.

34. Göründüyü kimi, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən hesablamaq üçün hər ay qaz sayğacına baxış keçirməli və bu barədə hər ay istehlakçıya hesab təqdim etməli və ya göndərməlidir. Bu, yuxarıda adı çəkilən Qaydaların tələbidir və cavabdehin hüququ olaraq müəyyən edilmişdir. Yəni, hazırki işdə cavabdehin bu qaydaya uyğun olaraq sayğaca baxış keçirməklə borc hesablamasının qanunvericiliyin sahibkarlıq sahəsində aparılan yoxlamalarla bağlı müddəalarına aidiyyatı yoxdur. Digər tərəfdən işin müəyyən olunan halına əsasən qaz sayğacı xüsusi mühafizə zolağında cavabdehə aid paylayıcı stansiyada yerləşmiş, qaz paylayıcısının səlahiyyətli nümayəndələri sahibkarlıq subyektinin fəaliyyət göstərdiyi yerə gəlməmiş, yoxlama həyata keçirməmişdir.

35. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 6-cı bəndinə əsasən qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

36. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.

37. Həmin Qaydaların 4.2-ci bəndinə (29 aprel 2016-cı il tarixli redaksiyası) əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir.

38. Həmin Qaydaların 4.9-cü bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.

39. Göründüyü kimi, qanunvericilikdə hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına cavabdehlik istehlakçının üzərinə qoyulmuş, həmçinin istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılmasının da sənaye qaz qurğularının istifadəçisi kimi hüquqi şəxsin vəsaiti hesabına aparılması nəzərdə tutulmuşdur.

40. İddiaçı ona məxsus “Elster G-250” markalı 75142244 nömrəli sayğacın batareyasının tükənməsindən xəbərdar olmadıqlarını bildirsə də, xx.xx.2020-ci il tarixli ******* nömrəli aktla sayğac elementinin tükənmək üzrə olduğu göstərilmiş və həmin akt məhz iddiaçının nümayəndəsi tərəfindən imzalanmışdır. Digər tərəfdəndən 2020-ci ilin iyul ayından etibarən elektron göstəricinin söndüyü abonentin saldosundan görünmüşdür. Həmçinin iddiaçının məhkəməyə sübut kimi təqdim etdiyi Cavabdeh İB tərəfindən iddiaçıya təqdim olunan elektron qaimələrdən də görünür ki, əlavə qeydlər hissəsində aktlara əsasən borcun hesablandığı əks olunmuşdur.

41. Belə olan halda iddiaçı öz vəsaiti ilə qaz sayğacını dəyişdirməməklə sayğacın işləkliyi ilə bağlı riskləri öz üzərinə götürmüşdür.

42. İddiaçının hüquqi şəxsə məxsus zavodun və baş ofisin fərqli ünvanlarda yerləşməsi ilə bağlı müəyyən rabitəsizliyin baş verdiyi və bununla bağlı zəruri tədbirlər görülmədiyi barədə məhkəmə iclaslarında irəli sürdüyü arqumentlərini məhkəmə əsassız hesab edir. Nəzərə alınmalıdır ki, hüquqi şəxs təşkilati vahidlik, mülki dövriyyədə öz adından çıxış etmək, əmlak müstəqilliyi və s. ilə xarakterizə olunan qurumdur və Mülki Məcəllənin 448.3-cü maddəsinə əsasən, borclu öz qanuni təmsilçilərinin və öhdəliyinin tamamilə və ya hissə-hissə icrası üçün xidmətlərindən istifadə etdiyi şəxslərin hərəkəti və ya hərəkətsizliyi üçün öz hərəkəti və ya hərəkətsizliyi üçün olan dərəcədə məsuliyyət daşımalıdır, onda bu və ya digər işçinin səhvlərinin iddiaçını müvafiq məsuliyyətdən azad etməsi mülki dövriyyənin sabitliyi və mülki dövriyyə iştirakçıları arasında qarşılıqlı etimad münasibətləri ilə uzlaşmır.

43. Məhkəmə 2020-ci ilin dekabr və 2021-ci ilin yanvar ayı üzrə istehlak edilmiş qaz sərfiyyatının hesablanması qaydası ilə bağlı isə aşağıdakıları qeyd edir.

44. Qazın dəyərinin ödəmə şərtləri Qaydaların 5-ci hissəsində (29 aprel 2016-cı il tarixli redaksiyası) təsbit olunmuşdur.

45. Belə ki, Qaydalarda göstərilmişdir ki, qazın pərakəndə satış qiyməti (tarifləri) Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası tərəfindən tənzimlənir (5.1). Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smartkart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz (5.2).

46. Göründüyü kimi, qanunvericilikdə istehlak edilmiş qazın dəyirinin yalnız qaz sayğacının göstəriciləri əsasında hesablanması nəzərdə tutulmuş, müvafiq hesabın hər ay istehlakçıya təqdim edilməsi göstərilmişdir.

47. İddiaçıya məxsus abonentin saldosundan görünür ki, istehlakçıya hesablanan qazın sərfi 2020-ci ilin dekabr ayı üçün 9118,3 manat sərfin məbləği və 3039,6 manat qalıq və aktlar olmaqla 12158,4 manat, 2021-ci ilin yanvar ayı üçün 6701,40 manat sərfin məbləği və 2698,40 manat qalıq və aktlar olmaqla 9399,8 manat müəyyən olunmuşdur. Həmçinin xx.xx.2020-ci il tarixli ******* nömrəli aktla hesablanmış qaz sərfinin məbləği 4440,8 manat, xx.xx.2021-ci il tarixli ******* nömrəli aktla hesablanmış qaz sərfinin məbləği 3779,60 manat göstərilmişdir.

48. Cavabdeh 2020-ci ilin dekabr ayı və 2021-ci ilin yanvar ayı üzrə abonentin saldosunun “qalıq və aktlar" hissəsində qeyd edilmiş məbləğlərin hansı əsasla hesablandığı, xx.xx.2020-ci il tarixli və xx.xx.2021-ci il tarixli aktlarla saldoda qeyd edilən məbləğlar arasındakı fərqin səbəblərini izah edə bilməmişdir. Həmçinin korreksiya əmsalı tətbiq edilməklə hesablanan məbləğin nə üçün abonent saldosunun “qalıq və aktlar" hissəsində qeydə alındığı da qeyri-müəyyən qalmışdır.

49. Eyni zamanda nə Qaydalarda, nə də “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununda istehlakçının təqsiri olmadan qaz sayğacının işləmədiyi dövr üçün müxtəlif korreksiya əmsalları tətbiq edilməklə sayğacın elektron göstəricisinin işləmədiyi halda qaz sərfinin məbləğinin müvafiq hesablanması nəzərdə tutulmuşdur. Cavabdehin nümayəndəsi isə xx.xx.2020-ci il tarixli və xx.xx.2021-ci il tarixli aktlarda qeyd olunan hesablamanın hansı normativ hüquqi akta istinad edərək həyata keçirildiyini əsaslandıra bilməmişdir.

50. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, 2020-ci ilin dekabr ayı üçün 3039,6 manat, 2021-ci ilin yanvar ayı üçün 2698,40 manat əsassız hesablanmışdır.

51. Lakin məhkəmə cavabdeh tərəfindən 2020-ci ilin dekabr ayı üzrə 9118,3 manat, 2021-ci ilin yanvar ayı üzrə 6701,40 manat borcun da əsassız hesablanması ilə bağlı iddiaçının arqumentləri ilə razılaşmır.

52. Belə ki, abonent saldosunun “sərfin məbləği” sütununda qeyd edilən borcun əsassız olaraq hesablamasını sübutetmə vəzifəsini iddiaçı daşıyır.

53. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsində müəyyən olunmuş sübutetmə qaydası onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. İstisnanı yalnız Mülki Prosessual Məcəllənin 82 və 106.3-cü maddələrində göstərilən hallar təşkil edir.

54. Sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olubolmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir.

55. İddiaçıya məxsus müəssisədə quraşdırılmış “Elster G-250” markalı 75142244 nömrəli sayğac xx.xx.2014-cü il tarixdən xx.xx.2022-ci il tarixədək iddiaçının istifadəsində olmuş, 2021-ci ilin yanvar ayından sonra təqribən daha 1 il 4 ay sərfin həcmini hesablamaq üçün istifadə olunmuşdur. Bu isə onun göstərir ki, əksi sübut olunmayana qədər 9118,3 manat və 6701,40 manat istehlak olunmuş qazın dəyəridir. Belə ki, sayğacda baş vermiş hər hansı nasazlıq yalnız 2 ay davam edə bilməzdi. Lakin iddiaçı yalnız 2 ay üçün qaz sərfiyyatının dəyərini mübahisələndirir, həmin borcun əsassız olduğu isə iş materiallarındakı sübutlarla təsdiqlənmir. Beləliklə, iddiaçı mexaniki hissədə qeydə alınmış sərfiyyatın əsassız hesablanmasına dair tələbinin əsası kimi istinad etdiyi halların sübut edilməsi ilə bağlı vəzifəsini yerinə yetirməmişdir.

56. Məhkəmə bu qənaətə gələrkən həmçinin nəzərə alır ki, iddiaçının öz tələbinin əsası kimi istinad etdiyi hallarla bağlı sübutu izahatlarından ibarətdir. İşdə iştirak edən şəxslərin izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Ona görə də iş üzrə işdə iştirak edən şəxslərin (nümayəndələrinin) izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Çünki işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir (Mülki Prosessual Məcəllənin 106.1-ci maddəsi).

57. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh İB tərəfindən İddiaçı MMM-ə məxsus **********00065 nömrəli abonent koduna 30 dekabr 2020-ci il tarixli ******* nömrəli akt əsasında hesablanmış 3039,60 manat və 29 yanvar 2021-ci il tarixli ******* nömrəli akt əsasında hesablanmış 2698,40 manat məbləğində borc silinməli, iddia qalan hissədə təmin edilməməlidir.

V. Nəticə:

58. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. Cavabdeh tərəfindən İddiaçınə məxsus **********00065 nömrəli abonent koduna 30 dekabr 2020-ci il tarixli ******* nömrəli akt əsasında hesablanmış 3039 (üç min otuz doqquz) manat 60 (altmış) qəpik və 29 yanvar 2021-ci il tarixli ******* nömrəli akt əsasında hesablanmış 2698 (iki min altı yüz doxsan səkkiz) manat 40 (qırx) qəpik məbləğində borc silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.

Hakim: Nərmin Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar