Məhkəmə qərarları › İş №e-2-2(113)-1757/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1757/2024

24.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1757/2024 24.04.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı kommersiya mübahisəsi üzrə Açar sözlər: xidmət və podrat müqaviləsi üzrə borcun ödənilməsi Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Leyla Rauf qızının sədrliyi, X1 katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı xidmət və podrat müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxılmışdır. I. İŞİN HALLARİ

1. İddiaçı MMC (icraçı) ilə Cavabdeh MMC (sifarişçi) arasında 14 aprel 2023-cü il tarixli 2023-14 saylı xidmət müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: - 1.1-ci bəndinə əsasən “İcraçı”, qanuni əsaslarla (1**-KB-***) Ekskavator HYUNDAİ Robex 210W-9S yük vasitəsini (bundan sonra “Nəqliyyat vasitələri” adlanacaq) xidmətə verir və öz hesabına onun texniki idarə edilməsi üzrə işlər göstərməklə texniki istismarını təmin edir, “Sifarişçi” isə həmin Nəqliyyat vasitələrini Müqavilə ilə nəzərdə tutulmuş şərtlər və qaydada Qubadlı rayonu ərazisində ehtiyacları üçün öz istifadəsinə qəbul edir. - 2.1.4-cü bəndinə əsasən sifarişçi nəqliyyat vasitələrinin xidmətinə görə nəzərdə tutulan xidmət haqqını bu müqavilədə qeyd edilən müddətdə və məbləğdə ödəməlidir. - 2.2.3-cü bəndinə əsasən icraçı xidməti sifarişçinin tələbinə uyğun yerinə yetirib “Sifarişçi”yə təhvil verməlidir. - 3.1-ci bəndinə əsasən hazırki müqavilə üzrə hesablaşmalar bank hesabına köçürmə yolu ilə həyata keçirilir. - 3.2-ci bəndinə əsasən hesablaşma Azərbaycan manatı (AZN) ilə aparılacaq. - 3.3-cü bəndinə əsasən hər ayın ödəməsi o ayın tamamlanmasından sonra 15 gün ərzində ödənilir. - 3.4-cü bəndinə əsasən müqavilə üzrə hesablaşmalar ay ilə olacaq. - 4.4-cü bəndinə əsasən müqavilənin müddəti 12 aydır. Tərəflərdən biri bu müqavilənin müddətinin bitməsinə ən azı 1 (bir) ay qalmış həmin müqaviləyə xitam verilməsi ilə əlaqədar digər tərəfə yazılı bildiriş verməzsə, bu müqavilənin müddəti növbəti 1 (bir) il müddətinə uzadılmış hesab edilir. Müqavilə tərəflərin imzaları və möhürü ilə təsdiq edilmişdir.

2. 14 aprel 2023-cü il tarixli xidmət müqaviləsinə 1 saylı əlavə olan 1 saylı xx.xx.2023cü il tarixli qiymət razılaşma protokoluna əsasən tərəflər sözügedən müqavilə üzrə (Ekskavator Hyundai R210W-9S markalı, 1**-FB-*** qeydiyyat nişanlı, Tek Vardiya) texnikanın aylıq xidmət haqqısının müvafiq olaraq (1710 manat ƏDV daxil) 11210 manat və (Ekskavator Hyundai R210W-9S markalı, 1**-FB-*** qeydiyyat nişanlı, Çift Vardiya) (2880 manat ƏDV daxil) 18880 manat olması barədə razılaşmışlar. Protokol hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

3. İddiaçı MMC (subpodratçı) ilə Cavabdeh MMC (podratçı) arasında 24 iyun 2023-cü il tarixli 24/06/23 saylı podrat müqaviləsi bağlanmışdır. Həmin müqavilənin: 1.1-ci bəndinə əsasən "subpodratçı”, “podratçı"nın tapşırığına əsasən Bakı şəhərində X3 WalkWay lahiyəsində kanalizasiya xəttlərinin quraşdırılması işləri ilə bağli xidmətlərin bir qismini öz öhdəsinə götürür. "Podratçı isə görülmüş işlər üçün müəyyən olunan məbləği bu Müqavilənin 2-ci bəndində nəzərdə tutulmuş qaydada "Subpodratçi"ya ödəyir. 2.1-ci bəndinə əsasən bu müqavilə üzrə işlərin icrası müqabilində podratçı subpodratçıya işlərə dair təhvil-təslim aktları (Forma 2) əsasında müəyyən edilən məbləği ödəyəcək. 2.2-ci bəndinə əsasən işin sonunda Forma-2 hazırlanır və “Podratçı” 15 (on beş) bank iş günü ərzində Forma 2-də nəzərdə tutulan məbləği "Subpodratçi"nin bank hesabına köçürmə yolu ilə ödəyir. 2.3-cü bəndinə əsasən qiymətə materialın qiyməti daxildir. Əgər material “Podratçı” tərəfindən təmin olunarsa, həmin materialların məbləği ümumi ödəniləcək məbləğdən çıxılacaqdır. 2.4-cü bəndinə əsasən qeyd olunmuş xidmətlərin göstərilməsi üçun Forma-2-yə əsəsən “Podratçı” “Subpodratçıya” ümumi müqavilə dəyəri 54.260,95 manat (ƏDV-siz) ödəniş edəcəkdir. 3.1.1-ci bəndinə əsasən "subpodratçı"dan bu müqavilənin şərtlərinə və dövlət standartlarına uyğun olaraq keyfiyyətlə icra edilmiş işləri bu Müqavilənin 4.1.5-ci bəndinə əsasən aktla qəbul etmək və müqavilənin 3-cü bəndində müəyyən edilmiş qaydada faktiki görülmüş işlərin dəyərini ödəmək podratçının vəzifəsidir. 4.1-ci bəndinə əsasən işlər müqavilə şərtlərinə və texniki tapşırığın şərtlərinə (əgər belə tapşırıq bu Müqaviləyə əlavə edilmişdirsa) uyğun yerinə yetirilmişdirsə, işlərin təhvili və qəbulu hər iki tərəfin səlahiyyətli nümayəndələrinin imzaladığı təhvil-təslim aktı əsasında həyata keçirilir. 4.2-ci bəndinə əsasən təhvil-təslim aktı "Subpodratçı"nın öhdəliklərini bu Müqavilənin şərtlərinə əsasən icra etdiyini təsdiqləyir və "Podratçi"nin Müqavilə üzrə müvafiq ödəmələri həyata keçirməsi üçün əsas təşkil edir. Müqavilə tərəflərin imzaları və möhürü ilə təsdiq edilmişdir.

4. 24 iyun 2023-cü il tarixli 24/06/23 saylı podrat müqaviləsinə əlavə olan 01/23 saylı razılaşma protokoluna əsasən tərəflər sözügedən müqavilə üzrə görüləcək işlərin dəyərinin (ƏDV-siz) 20.013,71 manat olması barədə razılaşmışlar. Protokol hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

5. 30 iyun 2023-cü il tarixinə yerinə yetirilən podrat işlərinin və xərclərin müqavilə qiyməti ilə dəyərinə aid arayışa (Forma 3) əsasən 2023-14 saylı xx.xx.2023-cü il tarixli xidmət müqaviləsi üzrə Ekskavator Hyundai R210W-9S markalı, 1**-FB-*** qeydiyyat nişanlı texnikanın göstərdiyi xidmət haqqısı hesabat ayında cəmi (2.064,96 manat ƏDV daxil) 13.536,96 manat olmaqla hesabat ayı daxil olmaqla ilin əvvəlindən cəmi (6.792,84 manat ƏDV daxil) 44.530,84 manat təşkil etmişdir. Arayış hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

6. 31 iyul 2023-cü il tarixə görülmüş işlərin təhvil-təslim aktına (Forma 2) əsasən 2023- 14 saylı xx.xx.2023-cü il tarixli xidmət müqaviləsi üzrə Ekskavator Hyundai R210W-9S markalı, 1**-FB-*** qeydiyyat nişanlı texnikanın (xidmət 1 ay (9500 manat), mesai 3 gün (günü 340 manat olmaqla cəmi 1020 manat), mesai 28 saatlıq (saatı 34 manat olmaqla cəmi 952 manat)) xidmət haqqısı cəmi (2.064,96 manat ƏDV daxil) 13.536,96 manat təşkil etmişdir. Akt hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

7. 31 iyul 2023-cü il tarixinə yerinə yetirilən podrat işlərinin və xərclərin müqavilə qiyməti ilə dəyərinə aid arayışa (Forma 3) əsasən 24/06/23 saylı 24 iyun 2023-cü il tarixli xidmət müqaviləsi üzrə X3 WalkWay lahiyəsi üzrə görülmüş işlərin dəyəri hesabat ayında eləcə də hesabat ayı daxil olmaqla ilin əvvəlindən cəmi (3.602,47 manat ƏDV daxil) 23.616,18 manat təşkil etmişdir. Arayış hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

8. 31 iyul 2023-cü il tarixə görülmüş işlərin təhvil-təslim aktına (Forma 2) əsasən 24/06/23 saylı 24 iyun 2023-cü il tarixli xidmət müqaviləsi üzrə X3 WalkWay lahiyəsi üzrə görülmüş işlərin dəyəri cəmi (3.602,47 manat ƏDV daxil) 23.616,18 manat təşkil etmişdir. Akt hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

9. 04 sentyabr 2023-cü il tarixinə yerinə yetirilən podrat işlərinin və xərclərin müqavilə qiyməti ilə dəyərinə aid arayışa (Forma 3) əsasən 2023-14 saylı xx.xx.2023-cü il tarixli xidmət müqaviləsi üzrə Ekskavator Hyundai R210W-9S markalı, 1**-FB-*** qeydiyyat nişanlı texnikanın göstərdiyi xidmət haqqısı hesabat ayında cəmi (2.077,20 manat ƏDV daxil) 13.617,20 manat olmaqla hesabat ayı daxil olmaqla ilin əvvəlindən cəmi (8.870,04 manat ƏDV daxil) 58.148,04 manat təşkil etmişdir. Arayış hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. 10.04 sentyabr 2023-cü il tarixə görülmüş işlərin təhvil-təslim aktına (Forma 2) əsasən 2023-14 saylı xx.xx.2023-cü il tarixli xidmət müqaviləsi üzrə Ekskavator Hyundai R210W- 9S markalı, 1**-FB-*** qeydiyyat nişanlı texnikanın (xidmət 1 ay (9500 manat), mesai 1 gün (günü 340 manat), mesai 50 saatlıq (saatı 34 manat olmaqla cəmi 1700 manat)) xidmət haqqısı cəmi (2.077,20 manat ƏDV daxil) 13.617,20 manat təşkil etmişdir. Akt hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

11. İddiaçı MMC tərəfindən 14 aprel 2023-cü il tarixli 2023-14 saylı müqavilə üzrə ümumilikdə 58.148,04 manat məbləğində (Ekskavator Hyundai R210W-9S markalı, 1**-FB- *** qeydiyyat nişanlı texnikanın) göstərilmiş xidmətlərə dair, o cümlədən 5.885,84 manat dəyərində xx.xx.2023-cü il tarixli EBDF seriyalı 142441 nömrəli, 13.376,48 manat dəyərində xx.xx.2023-cü il tarixli EBDG seriyalı 996005 nömrəli, (30 iyun 2023-cü il tarixli forma 2 üzrə) 11.731,56 manat dəyərində xx.xx.2023-cü il tarixli EBDJ seriyalı 060733 nömrəli, (31 iyul 2023-cü il tarixə görülmüş işlər üzrə) 13.536,96 manat dəyərində xx.xx.2023-cü il tarixli EBDL seriyalı 236388 nömrəli, (04 sentyabr 2023-cü il tarixli forma 2 üzrə) 13.617,20 manat dəyərində xx.xx.2023-cü il tarixli EBDN seriyalı 742553 nömrəli, elektron qaimə-fakturalar (xidmətlərin təqdim edilməsi barədə) tərtib edilərək elektron sistem vasitəsilə Cavabdeh MMC-yə göndərilmişdir.

12. İddiaçı MMC tərəfindən 24 iyun 2023-cü il tarixli 24/06/23 saylı müqavilə üzrə görülmüş işlərə dair (31 iyul 2023-cü il tarixli forma 2 üzrə) 23.616,18 manat dəyərində xx.xx.2023-cü il tarixli EBDL seriyalı 245131 nömrəli elektron qaimə-faktura (işlərin təqdim edilməsi barədə) tərtib edilərək elektron sistem vasitəsilə Cavabdeh MMC-yə göndərilmişdir.

13. xx.xx.2023-xx.xx.2023-cü illəri əhatə edən (İddiaçı MMC-yə aid) hesabdan çıxarışdan görünür ki, (xx.xx.2023-cü il tarixli EBDF seriyalı 142441 nömrəli, xx.xx.2023-cü il tarixli EBDG seriyalı 996005 nömrəli, EBDJ seriyalı 060733 nömrəli, EBDL seriyalı 236388 nömrəli qaimələr üzrə) Cavabdeh MMC tərəfindən cəmi 34366 manat məbləğində ödəniş edilmişdir. 14.İddiaçı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən 14 aprel 2023-cü il tarixli 2023-14 saylı xidmət müqaviləsi üzrə Cavabdeh MMC-nin İddiaçı MMC-yə 14912 manat əsas məbləğdən borcu qalmışdır. 15.İddiaçı tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən 24 iyun 2023-cü il tarixli 24/06/23 saylı xidmət müqaviləsi üzrə Cavabdeh MMC-nin İddiaçı MMC-yə 20.013,71 manat əsas məbləğdən borcu qalmışdır. 16.İddiaçı tərəfindən Cavabdeh MMC-yə xx.xx.2024-cü il tarixli pretenziya məktubu ünvanlanaraq borcun 5 gün müddətində ödənilməsi xahiş edilmiş, əks təqdirdə müvafiq tədbirlərin görüləcəyi barədə xəbərdarlıq edilmişdir.

İİ. MƏHKƏMƏDƏ İCRAAT

a) İddia tələbi və iddia tələbinin dəlilləri

17.İddiaçı Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC-dən xx.xx.2023-ci il tarixli №24/06/23 saylı podrat müqaviləsi üzrə 20.013,71 manat borcun, 416,95 manat ödəməni gecikdirdiyi 5 ay üçün borcun illik 5 faizini, xx.xx.2023-cü il tarixli 2023-14 saylı xidmət müqaviləsi üzrə 14.912 manat borcun və 248 manat ödəməni gecikdirdiyi 4 ay üçün borcun illik 5 faizini, 5250 manat vəkil pulunun, ümumilikdə 40.840,66 manat pulun və 213 manat dövlət rüsumunun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

18. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2023ci il tarixdə №24/06/23 saylı podrat müqaviləsi bağlanılmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən subpodrtaçı, podratçınin tapşırığına əsasən Bakı şəhərində X3 WalkWay layihəsində kanalizasiya xətlərinin quraşdırılması işləri ilə bağlı xidmətlərin bir qismini öz öhdəsinə götürür. Podratçı isə görülmüş işlər üçün müəyyən olunan məbləği bu müqavilənin 2-ci bəndində nəzərdə tutulmuş qaydada subpodratçıya ödəyir. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən bu müqavilə üzrə işlərin icrası müqabilində podratçı subpodratçıya işlərə dair təhvil-təslim aktları (Forma 2) əsasında müəyyən edilən məbləği ödəyəcək. Həmin Müqavilənin 2.2-ci bəndinə əsasən işin sonunda Forma-2 hazırlanır və podratçı 15 (on beş) bank iş günü ərzində Forma 2- də nəzərdə tutulan məbləği subpodratçının bank hesabına köçürmə yolu ilə ödəyir. Hazırda iddiaçı həmin müqavilə üzrə üzərimizə düşən öhdəliyi yerinə yetirməyinə baxmayaraq, cavabdeh üzərinizə düşən öhdəliyi layiqincə yerinə yetirməmişdir. Belə ki, xx.xx.2024-cü il tarixli maliyyə arayışına əsasən Cavabdeh MMC tərəfindən xx.xx.2023-ci il tarixli, №24/06/23 saylı Podrat Müqaviləsi üzrə 20.013,71 manat borc ödənilməmişdir. Eyni zamanda, İddiaçı MMC ilə Cavabdeh MMC arasında xx.xx.2023-cü il tarixdə, 2023-14 saylı xidmət müqaviləsi bağlanılmışdır. Həmin Müqavilənin 1.1-ci bəndinə əsasə icraçı, qanuni əsaslarla (110- FB_476) Ekskavator HYUNDAİ Robex 210W-9S yük nəqliyyat vasitəsini xidmətə verir və öz hesabına onun texniki idarə edilməsi üzrə işlər göstərməklə texniki istismarını təmin edir, sifarişçi isə həmin nəqliyyat vasitələrini müqavilə ilə nəzərdə tutulmuş şərtlər və qaydada Qubadlı rayonu ərazisində ehtiyacları üçün öz istifadəsinə qəbul edir. Müqavilənin 3.3-cü bəndinə əsasən hər ayın ödəməsi ayın tamamlanmasından sonra 15 gün ərzində ödənilir. Həmin müqavilənin 7.2-ci bəndinə əsasən bu Müqaviləyə edilən əlavə və dəyişiklər onun ayrılmaz hissəsi sayılan Əlavə Razılaşma ilə rəsmiləşdirilir. Müqaviləyə əlavə olunmuş 1 saylı X2 1-ci bəndinə əsasən İcraçı aşağıda göstərilən xidmətləri qeyd edilmiş qiymətlərə uyğun olaraq yerinə yetirməyi, Sifarişçi isə həmin işləri qəbul edib dəyərini ödəməyi öhdəsinə götürür. Həmin Müqavilə üzrə də iddiaçı üzərinə düşən öhdəliyi layiqincə yerinə yetirməyinə baxmayaraq, cavabdeh üzərinə düşən öhdəliyi layiqincə yerinə yetirməmişdir. Belə ki, xx.xx.2024-cü il tarixli Maliyyə Arayışına əsasən Cavabdeh MMC tərəfindən xx.xx.2023-cü il tarixli, 2023-14 saylı Xidməti Müqaviləsi üzrə 14.912 manat borc ödənilməmişdir. Ümumilikdə, hər iki müqavilə üzrə Cavabdeh MMC-nin İddiaçı MMC-yə 34.925,71 manat məbləğində borcu yaranmışdır. Borcun ödənilməsi ilə bağlı iddiaçının səyləri nəticəsiz olmuş və bu səbəbdən iddiaçı həmin borcum cavabdehdən alınaraq ona ödənilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətindədir. 19.İddiaçı tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425, 442 və 445.7-ci maddələrinə istinad etmişdir.

b) İddiaya qarşı etirazın dəlilləri

20.İddiaya qarşı etiraz təqdim olunmamışdır.

b) İşdə iştirak edən şəxslər və onların izahatları

21. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə etmiş və iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Vəkil məhkəmə iclasında ona verilən suallara cavab olaraq bildirmişdir ki, hər iki müqavilə üzrə ƏDV məbləğləri ödənilmişdir, əsas borc isə bugünə kimi ödənilməyib. Ödənişlərlə bağlı hesabdan çıxarışı təqdim etmişlər. Hesabdan çıxarışda qeyd edilən birinci və ikinci ödəniş başqa müqavilə üzrə edilmiş ödənişlərdir, hazırki mübahisəyə aidiyyəti yoxdur. Müqaviləyə əsasən Akt tərtib edilib elektron qaimə göndərildiyi gündən ən uzağı 1 ay müddətində ödəniş edilməli idi. İllik 5% 1 ay keçdiyi müddətdən sonra hesablanmışdır. 22.Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. 23.Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

İİİ. MƏHKƏMƏ BAXİŞİNİN HƏDLƏRİ

24. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (MPM-in 14.1 və 14.2-ci maddələri).

25. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər (MPM-in 218.3cü maddəsi).

İV. TƏTBİQ EDİLƏN HÜQUQ

26. AR Mülki Məcəlləsinin: - 385.1, 442, 443.1, 448.1-ci maddələrinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 752.1-ci maddəsinə görə podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. - 753.3. Əgər sifarişçi müqavilədə nəzərdə tutulmayan əlavə işlərin görülməsini tələb edirsə, podratçının həmin işləri yerinə yetirməyə görə ayrıca muzd almaq hüququ vardır. - 445.2-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. - 445.7-ci maddəsinin mübahisəli hüquq münasibətinin yarandığı dövrdə qüvvədə olmuş redaksiyasına görə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Mülki Məcəllənin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 iyul 2009-cu il tarixli Qərarında göstərilmişdir ki, MM-in 445.7-ci maddəsi də borclu tərəfindən pulun gecikdirilməsi halında müəyyən şərtlə ondan faizin tutulmasının mümkünlüyünü təsbit edir. Lakin nəzərə alınmalıdır ki, sözügedən norma MM-in 449.1-ci maddəsindən fərqli olaraq pulun ödənilməsinin gecikdirilməsini ondan faydalanmaqla əlaqələndirməyərək, yalnız zərər və ya digər əsaslarla daha böyük məbləğin tələb edilməsinin mümkün olmadığı təqdirdə, bu faizi tələb etmək hüququnu əks etdirir.

27. AR MPM-in: - 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. - 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 114.1-ci maddəsinə görə qüvvədə olan qanunvericilik üzrə tələb edilən miqdardan artıq dövlət rüsumu ödənilərsə ödənilmiş dövlət rüsumu qaytarılır. - 115.0.9-cu maddəsinə görə işə baxılması ilə əlaqədar məsrəflərə məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər də daxil edilir. - 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

V. MƏHKƏMƏNİN MÖVQEYİ 28.Məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. 29.Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh MMC arasında 14 aprel 2023-cü il tarixli 2023-14 saylı xidmət və 24 iyun 2023-cü il tarixli 24/06/23 saylı podrat müqavilələrinə əsaslanan öhdəlik hüquq münasibətləri yaranmışdır. İddiaçı müqavilələrin şərtlərinə uyğun olaraq cavabdehə xidmətlər (Ekskavator Hyundai R210W-9S markalı, 1**-FB-*** qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə müvafiq xidmətlər) göstərmiş və işlər (X3 WalkWay lahiyəsində kanalizasiya xəttlərinin quraşdırılması işləri) yerinə yetirmişdir. İddiaçı müqavilələr üzrə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etsə də, cavabdeh iddiaçı tərəfindən göstərilmiş xidmətlərin və görülmüş işlərin dəyərini tam ödəməmiş, bununla sözügedən müqavilələrə əsasən üzərinə düşən öhdəlikləri pozmuşdur. Hal-hazırda Cavabdeh MMC-nin göstərilən müqavilələr üzrə İddiaçınə olan borcu 14 aprel 2023-cü il tarixli 2023-14 saylı xidmət müqaviləsi üzrə 14.912 manat və 24 iyun 2023-cü il tarixli 24/06/23 saylı podrat müqaviləsi üzrə 20.013,71 manat təşkil edir. 30.İddiaçı tərəfindən qeyd edilən dəyərdə xidmətlərin göstərilməsi və işlərin yerinə yetirilməsi faktı iddiaçı tərəfindən cavabdehə təqdim edilmiş elektron qaimələrlə, xidmətlərin göstərilməsi (işlərin yerinə yetirilməsi) barədə təhvil-təslim aktları (Forma 2) və eləcə də arayışlarla (Forma 3) təsdiq edilir. 31.Odur ki, İddiaçı Cavabdeh MMC-yə qarşı tərəflər arasında bağlanılmış 14 aprel 2023-cü il tarixli 2023-14 saylı xidmət müqaviləsi üzrə 14.912 manat və 24 iyun 2023-cü il tarixli 24/06/23 saylı podrat müqaviləsi üzrə 20.013,71 manat məbləğində pul tutulması tələbinə dair iddiası əsaslı olduğundan təmin edilməlidir. 32.Digər tərəfdən iş materiallarından görünür ki, iddiaçı iddia ərizəsində həmçinin 14 aprel 2023-cü il tarixli 2023-14 saylı xidmət müqaviləsi üzrə 14.912 manat borcun ödənilməsinin gecikdirilməsinə görə illik 5% həddində hesablanmaqla 4 ay üçün 248 manat və 24 iyun 2023-cü il tarixli 24/06/23 saylı podrat müqaviləsi üzrə 20.013,71 manat borcun ödənilməsinin gecikdirilməsinə görə illik 5% həddində hesablanmaqla 5 ay üçün 416,95 manat məbləğində faizin tutulması tələbini də irəli sürmüşdür. 33.Hazırkı işdə məhkəmə Cavabdeh MMC-nin xidmət və podrat müqavilələrinə əsasən iddiaçı tərəfindən göstərilmiş xidmətlərin və yerinə yetirilmiş işlərin dəyərinin ödənilməsini müxtəlif tarixlərdə göndərilmiş elektron qaimələr üzrə müvafiq olaraq 4 və 5 aydan artıq müddətə gecikdirdiyini nəzərə alaraq hesab edir ki, İddiaçı MMC Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən pul öhdəliyinin icrasının gecikdirilməsinə görə illik 5 faiz hesabı ilə 14 aprel 2023-cü il tarixli 2023-14 saylı xidmət müqaviləsi üzrə 4 ay üçün 248 manat və 24 iyun 2023-cü il tarixli 24/06/23 saylı podrat müqaviləsi üzrə 5 ay üçün 416,95 manat məbləğində pulun ödənilməsini tələb etməkdə haqlıdır. 34.Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən 213 manat məbləğində dövlət rüsumu ödənilmişdir. 35.Dövlət rüsumunun hesablanması kalkulyatorundan çıxarışdan isə görünür ki, hazırkı iddia üzrə ödənilməli olan dövlət rüsumunun məbləği 196,77 manat təşkil edir. 36.Göründüyü kimi hazırkı iş üzrə iddiaçı tərəfindən dövlət rüsumu artıq ödənilmişdir. 37.Odur ki, iddiaçı tərəfindən iddia verilərkən artıq ödənilmiş 16,23 manat məbləğində dövlət rüsumu iddiaçıya qaytarılmalıdır. 38.Hazırkı qətnamə ilə iddia təmin edildiyindən ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumununa görə 196,77 manat məbləğində pul vəsaiti cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. 39.Vəkil yardımına görə çəkilmiş xərclərin tutulması tələbi ilə bağlı məhkəmə MPM-in 121.1-ci maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, vəkil yardımına xərclərə görə cavabdehdən 500 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir. 40.Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh MMC-dən 14 aprel 2023-cü il tarixli 2023-14 saylı xidmət müqaviləsi üzrə 14.912 manat, Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən pul öhdəliyinin icrasının gecikdirilməsinə görə illik 5 faiz hesabı ilə 4 ay üçün 248 manat və 24 iyun 2023-cü il tarixli 24/06/23 saylı podrat müqaviləsi üzrə 20.013,71 manat, Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən pul öhdəliyinin icrasının gecikdirilməsinə görə illik 5 faiz hesabı ilə 5 ay üçün 416,95 manat məbləğində faiz olmaqla cəmi 35.590,66 manat, vəkil xidmətlərinə görə xərclərin əvəzi olaraq 500 manat məbləğində pul vəsaiti və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumuna görə 196,77 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia verilərkən artıq ödənilmiş 16,23 manat məbləğində dövlət rüsumu İddiaçı MMCyə qaytarılsın. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Leyla Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar