Məhkəmə qərarları › İş №e-2-2(113)-1797/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1797/2022

19.05.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1797/2022 19.05.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı şəhəri 21 aprel 2022-ci il Hakim Əliyeva Aytən Heydər qızının sədrliyi, Mehdiyeva Hafizə Etibar qızının katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı müqavilə üzrə pul tələbinə dair kommersiya mübahisəsinə Bakı şəhərində Bakı Kommersiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq,məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 3.000 (üç min) manat pul vəsaitinin cavabdehdən tutularaq İddiaçınə ödənilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 06.03.2018-ci il tarixlində "xxxx" MMC (hazırkı adı İddiaçı MMC) ilə cavabdeh arasında 06.03.2018-ci il tarixində 18-0001 saylı müqavilə (sonrakı mətndə “Müqavilə”) bağlanmışdır. Müqaviləyə əsasən cavabdeh işlərin icra edilməsini öz öhdəsinə götürmüşdür. Belə ki, müqaviləyə əsasən cavabdeh işçi layihəsinin hazırlanması (baş plan, ərazinin şaquli planlaşdırılması və abadlaşdırılması layihəsi, memarlıq tikinti layihəsinin hazırlanması, bina və qurğuların yükdaşıyan elementlərinin konstruktiv hesabatı və layihələndirilməsi, tikintinin təşkili layihəsinin hazırlanması), eləcə də interyer dizayn layihəsinin hazırlanması, öhdəliklərin dəqiq, vaxtında və peşəkarcasına icra olunması, habelə görülmüş işlərin təhvil-təslim aktı əsasında təhvil verilməsini üzərinə götürmüşdür. Müqavilə öhdəliklərini tam şəkildə 1 il ərzində, yəni 06.03.2019-cu il tarixinə qədər icra etməyə borclu olsa da, bu günə qədər həmin öhdəliklərin icra olunmamış və iddiaçıya təhvil verilməmişdir. Buna baxmayaraq iddiaçı tərəfindən cavabdehə 21.06.2018-ci il tarixində 3.000 AZN ödəniş etmişdir. Cavabdehə ödənilmiş həmin pul vəsaitləri geri tələb olunmalıdır. İddiaçının nümayəndəsi məhkəməyə müraciət edərək məhkəmə iclasına iddiaçının iştirakı olmadan baxılaraq, iddia ərizəsinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. İş üzrə cavabdehin nümayəndəsinin üzrlü səbəblərdən məhkəmə iclasına gəlmədiyinə dair hər hansı bir hallar müəyyən olunmadığına görə və onun gəlməməsi işə baxılmasına mane olmadığından, məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək, hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən rədd edilməlidir. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: “icraçı” Cavabdeh MMC, “sifarişçi” "xxxx" MMC olmaqla imzalanmış 18-0001 saylı “Layihələndirmə işləri haqqında” müqaviləyə əsasən icraçı Bakı şəhərinin Babək prospektində yerləşən 0,345 ha ərazidə yerləşəcək “Radius 2” adlanacaq anbar, servis və ofis kompleksinin layihələndirilməsi işlərinin görülməsini, sifarişçi isə bu işləri təhvil-təslim aktı əsasında qəbul edib bu müqavilə ilə müəyyən edilmiş şərtlər əsasında görülən işlərin haqqını ödəməyi öhdəsinə götürür. EAAJ seriyalı 373240 saylı 25.05.2018-ci il tarixli elektron qaiməyə əsasən 3.000 manat məbləğində ödəniş "xxxx" MMC tərəfindən İddiaçı MMC-yə təqdim edilmişdir. 21.06.2018-ci il tarixli **********98 saylı ödəniş qəbzinə əsasən "xxxx" MMC tərəfindən Cavabdeh MMC-yə məxsus bank hesabına 3.000 manat köçürülmüşdür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2 maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1 maddəsinə uyğun olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3 maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4 maddəsinə uyğun olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə qeyd edir ki, Cavabdeh MMC-yə qarşı iddia tələbi İddiaçı MMC tərəfindən qaldırılsa da istinad olunan 06.03.2018 tarixli 18-0001 saylı müqavilə Cavabdeh MMC və "xxxx" MMC arasında imzlanmışdır. İddiaçı iddia ərizəsində "xxxx" MMC-nin hazırda İddiaçı MMC adı ilə fəaliyyət göstərdiyini qeyd etsə də bu halı təsdiq edəcək sübutları məhkəməyə təqdim etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Aytən Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar