Məhkəmə qərarları › İş №e-2-2(113)-1802/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1802/2025

07.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1802/2025 07.04.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1nə, Cavabdeh2 və Cavabdeh3nə qarşı “podrat müqaviləsi üzrə borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: podrat müqaviləsi, dövlət rüsumu, iddia müddəti) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, X1 katibliyi, İddiaçının nümayəndəsinin iştirakı olmadan, Cavabdeh2 nümayəndəsi/vəkili Vəkil1 iştirakı ilə, Digər cavabdehlərin nümayəndələrinin iştirakı olmadan, İddiaçı cavabdehlər Cavabdeh1nə, Cavabdeh2 və Cavabdeh3nə qarşı “podrat müqaviləsi üzrə pul vəsaitinin ödənilməsi” tələbinə dair kommersiya mübahisəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı iddia ərizə ilə məhkəməyə müraciət edərək onunla "xxxx" MMC arasında bağlanılmış xx.xx.2014-cü il tarixli, 003 saylı podrat müqaviləsi üzrə ödənilməmiş 211 000 manat məbləğində vəsaitin cavabdehlər "xxxx" MMC, "xxxx" MMC və X2 müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, fərdi sahibkar İddiaçı ilə "xxxx" MMC arasında xx.xx.2014-cü il tarixli, 003 saylı podrat müqaviləsi bağlanılmışdır. (bundan sonra “Müqavilə” adlandırılacaqdır) Müqavilə şərtlərinə əsasən "xxxx" MMC-nin təsisçisi Cavabdeh2 məxsus Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi 1 ünvanında yerləşən torpaq sahəsində bir sıra tikinti işlərinin aparılması razılaşdırılmışdır. Belə ki, həmin torpaq sahəsində yük maşınlarının dayancağı və təmiri üçün bokslar, ofis binası, anbar damı və digər tikililər inşa olunmuş və işlərin ümumi dəyəri 311 000 manat olaraq müəyyən edilmişdir. İşlər 1 il ərzində tam icra olunaraq sifarişçiyə təqdim olunmuş, lakin ödənişlər bugünki tarixədək tam həyata keçirilməmişdir. Cavabdehlərdən "xxxx" MMC tərəfindən xx.xx.2014-cü il tarixində 30 000, xx.xx.2015-ci il tarixində 15 000 və xx.xx.2015-ci il tarixində 15 000 manat ödəniş edilmişdir. Qeyd olunan tarixdə tərəflər arasında münasibətlər normal olduğundan ödənişlərin gecikdirilməsi ilə bağlı iddiaçı tərəf ödənişləri şifahi tələb etmiş, lakin məhkəməyə müraciət etməmişdir. Daha sonra cavabdehlərin təsisçisi Cavabdeh2 tərəfindən Cavabdeh1 MMC-nin fəaliyyəti dayandırılmış, eyni ünvanda yeni şirkət - "xxxx" MMC təsis olunmuşdur. Ödənişlə bağlı maraqlandıqda yeni şirkətin hesabından xx.xx.2022-ci il tarixində 40 000 manatlıq ödəniş icra olunmuş və həmin tarixdə yerdə qalan bütün məbləğin ödənilməsinə yazılı zəmanət verilmişdir. Görülmüş işlərlə bağlı qalıq 211 000 manat məbləğində vəsaitin ödənilməsi ilə bağlı dəfələrlə müraciət olunmasına baxmayaraq heç bir nəticə əldə olunmamışdır. Eyni zamanda müqavilə şirkətlə bağlanmasına baxmayaraq hər iki şirkət Cavabdeh2 məxsus olmuş, yeganə təsisçisi olmuş və həmçinin tikililər sonuncunun mülkiyyətində olan torpaq sahəsində tikilməklə hazırda onun faktiki istifadəsindədir, həmin sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqdadır. Şirkətlər sadəcə ödənişlər məqsədilə müvəqqəti yaradılmışdır.

3. Daha sonra iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə verərək onunla "xxxx" MMC arasında xx.xx.2014-cü il tarixdə bağlanmış 003 saylı podrat müqaviləsi üzrə ödənilməmiş 211 000 manat əsas borcun və həmin borc üzrə hesablanmış 198 690,90 manat faiz məbləğinin, ümumilikdə 409 690,90 manat vəsaitin cavabdehlər – "xxxx" MMC, "xxxx" MMC və X2 müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Cavabdeh2 nümayəndəsi/vəkili Vəkil1 etirazı onunla əsaslnadırılmışdır ki, “NƏQLİYYAT SERVİS-ST" MMC arasında xx.xx.2014-cü il tarixli, 003 saylı podrat müqaviləsi bağlanılmışdır. Müqavilə şərtlərinə əsasən "xxxx" MMC-nin təsisçisi Cavabdeh2 məxsus Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi 1 ünvanında yerləşən torpaq sahəsində bir sıra tikinti işlərinin aparılması razılaşdırılmış və işlərin ümumi dəyəri 311.000 manat olaraq müəyyən edilmişdir. İşlər 1 il ərzində tam icra olunaraq sifarişçiyə təqdim olunmuş, lakin ödənişlər bugünki tarixədək tam həyata keçirilməmişdir. "xxxx" MMC tərəfindən xx.xx.2014- cü il tarixində 30.000, xx.xx.2015-ci il tarixində 15.000 və xx.xx.2015-ci il tarixində 15.000 manat ödəniş edilmişdir. Qeyd olunan tarixdə tərəflər arasında münasibətlər normal olduğundan ödənişlərin gecikdirilməsi ilə bağlı iddiaçı tərəf ödənişləri şifahi tələb etmiş, lakin məhkəməyə müraciət etməmişdir. "xxxx" MMC tərəfindən 3-cü şəxslərlə, o cümlədən cavabdehlə bağlanmış müqavilələr üzrə bütün öhdəliklər tam icra edilmişdir və MMC-nin fəaliyyəti 2015-ci ildə dayandırılmışdır. Həmin vaxtdan bəri "xxxx" MMC-yə qarşı hər-hansı bir tələblə bağlı məhkəmədə iddia qaldırılmaması və MMC-nin müflis elan olunması ilə bağlı kreditor tələbi irəli sürülməməsi sonuncunun başqa şəxslər qarşısında icra olunmamış hər-hansı bir öhdəliyinin olmamasının sübutudur. Bununla yanaşı hazırki iddia üzrə iddiaçı 2014-cü il tarixdə bağlanmış podrat müqaviləsinə istinad edərək, həmin vaxtdan 10 ildən çox vaxt keçdikdən sonra əsassız və qanunsuz iddia ilə məhkəməyə müraciət etmiş, tələbinin əsassız olması ilə yanaşı iddia müddətini də ötümüşdür. Belə ki, Azərbayca Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilələr üzrə iddia müddəti üç il təşkil edir. 2. İddiaçı iddia ərizəsində qeyd edir ki, cavabdehlərin təsisçisi Cavabdeh2 tərəfindən "xxxx" MMC-nin fəaliyyəti dayandırılmış, eyni ünvanda yeni şirkət - "xxxx" MMC təsis olunmuşdur. Ödənişlə bağlı maraqlandıqda yeni şirkətin hesabından xx.xx.2022-ci il tarixində 40.000 manatlıq ödəniş icra olunmuş və həmin tarixdə yerdə qalan bütün məbləğin ödənilməsinə yazılı zəmanət verilmişdir. Görülmüş işlərlə bağlı qalan 211.000 manat məbləğində vəsaitin ödənilməsi ilə bağlı dəfələrlə müraciət olunmasına baxmayaraq heç bir nəticə əldə olunmamışdır. "xxxx" MMC "xxxx" MMC-nin hüquqi varisi deyildir və heç bir hüquqi əsas (öhdəliyin ötürülməsinə dair saziş və s.) olmadan bir MMC-nin digərinin əvəzinə ödəniş etməsi korporativ praktikaya ziddir və absurd görsənir. Bununla yanaşı, iddia ərizəsinə əlavə edilmiş sənədlərdən görünür ki, "xxxx" MMC-nin güya "xxxx" MMC-nin əvəzinə İddiaçı xx.xx.2022-ci ildə 40.000 manat ödəniş etməsinin sübutu kimi sadə yazılı formada tərtib edilmiş mədaxil qəbz təqdim olunmuşdur. Eyni zamanda iş materiallarından görünür ki, İddiaçı ********** nömrəli VÖEN-lə fərdi sahibkar kimi qeydiyyata alınmışdır. Halbu ki, qanunvericiliyin tələblərinə əsasən (Vergi Məcəlləsi, Nağdsız hesablaşmalar haqqında Qanun və s.) malları təqdim edən, işləri görən vergi orqanında uçotda olan şəxs digər sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxsdən təqdim etdiyi malların və gördüyü işlərin müqabilində almalı olduğu vəsaiti elektron qaimə-faktura əsasında və nağdsız qaydada almalıdır. Lakin buna dair iddiaçı tərəfindən hər-hansı bir sübut təqdim edilməmişdir. Qeyd olunan hall iddiaçının iddia müddəti axımının bərpası üçün atılan qanunsuz addım olmasına ehtimal etməyə əsas verir. 2022-ci ildə "xxxx" MMC-nin direktor olmuş şəxs iddiaçı ilə yaxın dost münasibətlərində olmuşdur. İddiaçı iddia ərizəsində qeyd edir ki, müqavilə "xxxx" MMC ilə bağlanmasına baxmayaraq həmin şirkət və "xxxx" MMC Cavabdeh2 məxsus olmuş, yeganə təsisçisi o olmuş və həmçinin tikililər sonuncunun mülkiyyətində olan torpaq sahəsində tikilməklə hazırda onun faktiki istifadəsindədir, o həmin sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqdadır. Azərbaycan Respublikasında sahibkarlıq fəaliyyəti sərbəstdir, hər bir şəxsin hüquqi şəxs yaratmadan və ya hüquqi şəxs təsis edərək sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq hüququ var və bu hüququ Dövlət tərəfindən qorunur. Mülki Məcəllənin 6.2- ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 87.1-ci maddəsinə əsasən, bir və ya bir neçə şəxs (fiziki və (və ya) hüquqi şəxs) tərəfindən təsis edilən, nizamnamə kapitalı nizamnamə ilə müəyyənləşdirilmiş miqdarda paylara bölünən cəmiyyət məhdud məsuliyyətli cəmiyyət sayılır. Məhdud məsuliyyətli cəmiyyətin iştirakçıları onun öhdəlikləri üzrə məsuliyyət daşımır və cəmiyyətin fəaliyyəti ilə bağlı zərər üçün qoyduqları mayaların dəyəri həddində risk daşıyırlar. Cəmiyyət öz iştirakçılarının üçüncü şəxslər qarşısında öhdəliklərinə görə məsuliyyət daşımır. Göründüyü kimi, hazirki iddia üzrə mübahisənin əsasını təşkil edən müqavilənin tərəfləri İddiaçı və "xxxx" MMC olduğundan, "xxxx" MMC və Cavabdeh2 ümumiyyətlə hazırki iddia üzrə cavabdeh şəxs deyillər və iddiaçı şəxsi ədavəti səbəbindən hazırki əsassız və qanunsuz iddia ilə məhkəməyə müraciət etmişdir. Odur ki, yuxarıda qeyd olunanlara əsasən İddiaçı cavabdehlər Cavabdeh2, "xxxx" MMC və "xxxx" MMC-yə qarşı “pulun geri qaytarılması”na dair iddia tələbinin rədd olunması ilə bağlı qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.

5. Cavabdeh2 nümayəndəsi/vəkili Vəkil1 iddia müddətinin tətbiqi barədə ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti üç il təşkil edir. Həmin Məcəllənin 377.1-ci maddəsinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. Qeyd olunan Məcəllənin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İddia ərizəsinin məzmunundan və əlavə edilmiş sənədlərdən görünür ki, iddia tələbinin əsasını İddiaçı ilə "xxxx" MMC arasında xx.xx.2014-cü il tarixdə bağlanmış podrat müqaviləsindən irəli gələn mülki-hüquq münasibətləri təşkil edir. İddiaçının iddia ərizəsində qeyd etdiklərinə əsasən, onun tərəfindən müqavilə üzrə öhdəliklər 1 il ərzində icra olunmuş, yəni ona tapşırılmış iş 2015-ci ildə podratçıya təhvil verilmiş, lakin "xxxx" MMC vəsaitin bir hissəsini ona ödəsə də, qalan hissəsini ödəməmişdir. Göründüyü kimi, iddiaçı 10 il müddətində qeyd olunan tələblə bağlı iddia qaldırmamış, yalnız 2025-ci ildə hazırki iddia ilə məhkəməyə müraciət etmiş, bununla da iddia müddətini ötürmüşdür. Yəni iddiaçı ehtimal etdiyi hüquqularının pozulmasını bildiyi vaxtdan 10 ilə yaxın vaxt keçdikdən sonra məhkəmədə iddia qaldırmışdır. Yuxarıda göstərilənlərlə yanaşı qeyd olunmalıdır ki, İddiaçı iddiası özüözlüyündə tamamilə əsassızdır. Belə ki, iddia ərizəsindən və əlavə edilmiş sənədlərdən də görünür ki, iddiaçı cavabdehlər "xxxx" MMC, "xxxx" MMC ilə bərabər Cavabdeh2da pul tələb etsə də, ehtimal edilən və iddianın əsasını təşkil edən podrat münasibətləri tərəfləri İddiaçı və "xxxx" MMC-dir, digər cavabdehlərin isə həmin hüquq münasibətlərinə aidiyyəti yoxdur. Qeyd olunanları nəzərə alaraq, İddiaçı cavabdehlər Cavabdeh2, "xxxx" MMC və "xxxx" MMC-yə “pul vəsaitinin ödənilməsi” tələbinə dair iddiası üzrə iddia müddəti tətbiq edilərək iddiadan imtina etməsi barədə qətnamə qəbul edilməsini Məhkəmədən xahiş edilmişdir.

6. Cavabdeh3 MMC-nin nümayəndəsinin iddia müddətinin tətbiqi barədə ərizəsi onunla əsaslandırılmışdır ki, müəssisənin sahibi Cavabdeh2 digər şirkəti olan Cavabdeh1 MMC-nin direktoru Nəriman Verdiyev vəfat etdikdən sonra onun yerinə direktor təyin olunmuşdur. Bu zaman şirkətin maliyyə mühasibatlıq sənədlərinin əksər hissəsini tapa bilmədiyi üçün həmin şirkətin fəaliyyətini dayandırmış, Cavabdeh2 sahibi olduğu Cavabdeh3 MMC təsis olunmuş, həmin MMC-yə də özü direktor təyin olunmuşdur. Bir qədər sonra Cavabdeh2 köhnə şirkətdən İddiaçı borc qaldığını və həmin borcu yeni şirkətin hesabına ödəyəcəyi, şirkətin fəaliyyət göstərdiyini, Məmməd müəllimə məxsus torpaqdakı boksları İddiaçı tikdiyini bildirdi. O zaman Məmməd müəllimlə iddiaçı yaxın dost münasibətində idi, birgə bəzi işlər görürdülər. Məmməd müəllimin göstərişi ilə İddiaçı müəyyən ödəniş edildi. Daha sonra İddiaçı olan borc öz aralarındakı başqa işlərlə əvəzləşdirildi. Buna baxmayaraq, hazırda iddiaçı Cavabdeh3 MMC-ni və Məmməd müəllimi cavabdeh qoymuşdur, halbuki, özünün də dediyinə görə müqaviləni Cavabdeh1 MMC ilə bağlamışdır. Hazırki işdə Utep-ST-1 MMC və Cavabdeh2 müqavilə tərəfləri olmadıqları üçün cavabdeh ola bilməz. Bundan əlavə, iddiaçı iddia müddətini də ötürmüşdür. Qeyd olunanları nəzərə alaraq, eləcə də iddia müddətini tətbiq edərək iddianın rədd edilməsi məhkəmədən xahiş edilmişdir.

II. Tərəflərin mövqeləri:

7. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət bildirmişdir ki, nəzərə alınmalıdır ki, müqavilə üzrə işlər Cavabdeh2 mülkiyyətində olan sahədə, məhz onun sifarişi əsasında icra olunmuş, tərəflər arasındakı podrat münasibətləri, eləcə də müqavilə üzrə ödənişlər Cavabdeh2 təsisçisi olduğu müəssisələr üzərindən rəsmiləşdirilmiş, görülmüş işlər faktiki olaraq Cavabdeh2 təhvil verilmiş və hal-hazırda M.Möhsiimov həmin işlərin nəticəsi olaraq ona məxsus sahədə tikilmiş bokslardan və s.dən faydalanmaqdadır. O da qeyd olunmalıdır ki, Cavabdeh2 nümayəndəsi, eləcə də digər cavabdeh "xxxx" MMC-nin direktoru oxşar məzmunlu izahatlar və etirazlar təqdim edərək, Cavabdeh2 əslində cavabdeh olmamalı olduğunu, sonuncunun mübahisəli müqavilə münasibətlərinin tərəfi olmadığını bildirsə də. həm işlərin Cavabdeh2 məxsus torpaq sahəsində icra olunması, həm də cavabdeh müəssisələrin hər ikisinin yeganə təsisçisinin Cavabdeh2 olması səbəbindən qeyd olunan izahatlar ağlabatan və inandırıcı hesab oluna bilməz. Bundan başqa, sözügedən etirazlarda cavabdehlər işlərin görülmüş olduğunu, müqavilə münasibətlərinin mövcudluğunu inkar etməmiş, yalnız "əsl cavabdeh" arqumentini irəli sürmüş, habelə iddia müddətinin tətbiqini məhkəmədən xahiş etmişlər. Bununla bağlı nəzərə almaq lazımdır ki. cavabdeh "xxxx" MMC-nin direktorunun etirazında da qeyd etdiyi kimi, iddiaçı və Cavabdeh2 arasında uzunmüddətli şəxsi münasibətlər mövcud olmuş, müqavilə üzrə ödənilməli olan pul məbləğinin gecikdirilməsi həmin şəxsi münasibətlər zəminində anlaşılan olmuşdur. Bundan əlavə, Cavabdeh3 MMC tərəfindən xx.xx.2022-ci il tarixdə həyata keçirilmiş ödəniş ilə iddia müddətinin axımı kəsilmişdir. Belə ki, Mülki Məcəllənin 380-ci maddəsinə əsasən, müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcıı etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. (380.1) Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. (380.2) Belə olan halda aydın olur ki. hazırki tələb üzrə iddia müddətinin axımı cavabdeh tərəfindən son ödənişin həyata keçirildiyi xx.xx.2022-ci il tarixdən hesablanmalıdır ki, iddiaçı iddia müddəti ərzində hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Həmçinin bildirir ki, Cavabdeh3 MMC-nin direktoru tərəfindən verilmiş etirazda cavabdeh M.Möhsilmov ilə iddiaçı arasında hazırki borcun əvəzləşdirildiyi, hazırda heç bir borc məbləğinin qalmadığı qeyd olunsa da, bu halı təsdiq edən hər hansı sübut məhkəməyə təqdim olunmamışdır.Yuxarıda qeyd olunanlara əsasən, iddia tələbinin artırılmış həcmdə təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Üzrlü səbəblərdən məhkəmənin xx.xx.2025-ci il tarixə ləyin olunmuş iclasında iştirak edə bilməyəcək, iclasın iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir.

8. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi məhkəməyə təqdim edilən etirazın və iddia müddətinin tətbiq edilməsi barədə ərizənin məzmununa uyğun çıxış edərək iddia ərizəsinin rədd edilməsini xahiş edir.

9. Digər cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər.

10. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə gəlməyən iddiaçının və cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

III.Məhkəmə baxışının hədləri:

11. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV.Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

12. İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 003 saylı podrat müqaviləsinə əsasən:

13. Müqavilənin 1.1-ci bəndinə əsasən Podratçı Sifarişçinin təsisçisi Cavabdeh2 məxsus Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi 1 ünvanında yerləşən torpaq sahəsində bu Müqavilənin əlavələrində göstərilmiş tikililəri Sifarişçinin sifarişinə uyğun olaraq tikməyi (bundan sonra “İşlər”), Sifarişçi isə bunun əvəzində müəyyən edilmiş xidmət haqqını ödəməyi öhdəsinə götürür.

14. Müqavilənin 2.1-ci bəndinə əsasən podratçının hüquqları:

15. Müqavilənin 2.1.1.-ci bəndinə əsasən işlərə görə Sifarişçidən ödənilməli olan məbləği tələb etmək;

16. Müqavilənin 2.4-cü bəndinə əsasən Sifarişçinin vəzifələri:

17. Müqavilənin 2.4.1-ci bəndinə əsasən bu Müqavilənin şərtlərinə müvafiq olan məbləğdə və müddətdə yerinə yetirilmiş işlərə görə xidmət haqqını ödəmək;

18. Müqavilənin 3.1-ci bəndinə əsasən podratçı tərəfindən göstərilən İşlərin dəyəri bu Müqavilənin Əlavələrinə əsasən müəyyən edilir və Sifarişçi tərəfindən ödənilir.

19. xx.xx.2014-cü il tarixli, 003 saylı podrat müqaviləsinə eyni tarixli 1 saylı əlavəyə əsasən cavabdeh "xxxx" MMC-yə iddiaçı tərəfindən görüləcək işlərin həcmi 311.000 manat müəyyən edilmişdir.

20. xx.xx.2014-cü il tarixli, 003 saylı podrat müqaviləsinə 01 dekabr 2015-ci il tarixli 2 saylı əlavəyə əsasən cavabdeh "xxxx" MMC-yə iddiaçı tərəfindən 311.000 manat məbləğində işlərin görülüb təhvil verildiyi qeyd edilmişdir.

21. xx.xx.2014-cü il tarixli mədaxil qəbzinə əsasən Nəqliyat Servis-ST” MMC tərəfindən İddiaçı hesabına 30000 manat məbləğində, xx.xx.2015-ci il tarixli mədaxil qəbzinə 15000 manat məbləğində, xx.xx.2015-ci il tarixli mədaxil qəbzinə əsasən 15000 manat məbləğində, pul ödənilmişdir.

22. xx.xx.2022-ci il tarixli mədaxil qəbzinə əsasən Cavabdeh3 MMC tərəfindən İddiaçı hesabına 40000 manat məbləğində pul ödənilmişdir.

23. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X3 və Uçotunun Təşkili Baş İdarəsinin xx.xx.2025-ci il tarixli, 3-21- 2-4/2-10848/2025 saylı uçota dair arayışına əsasən Cavabdeh3 MMC-nin sahibkarlıq və ya digər vergi tutulan əməliyyatları xx.xx.2022-ci il tarixdən xx.xx.2027-ci il tarixədək dayandırılmışdır.

24. Cavabdeh3 MMC tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, İddiaçı ilə "xxxx" MMC şirkəti arasında xx.xx.2014-cü il tarixində podrat müqaviləsi imzalanmışdır. Müqavilə əsasında şirkətin təsisçisi olan Cavabdeh2 məxsus Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi 1 ünvanında yerləşən torpaq sahəsində dəyəri 311 000 manat olmaqla tikinti işləri aparılmışdır. "xxxx" MMC tərəfindən işlərinin dəyərinin bir hissəsini təşkil edən 60000 manat məbləğində vəsait müxtəlif vaxtlarda ödənilmişdir. Hazırda "xxxx" MMC şirkəti sahibkarlıqla bağlı yaranan çətinliklər səbəbindən faəliyyətini dayandırmışdır. "xxxx" MMC-nin təsisçisi Cavabdeh2 tərəfindən "xxxx" MMC yaradılmışdır. "xxxx" MMC fəaliyyətini dayandırmış "xxxx" MMC-nin kontragentlər qarşısında hüquq və öhdəliklərini öz üzərinə götürmüşdür. Qalan borc məbləğindən 40 min manat şirkət tərəfindən ona xx.xx.2022-ci il tarixində ödənilmişdir. Bu məktubla zəmanət verir ki, xx.xx.2014-cü il tarixində podrat müqaviləsi üzrə qalıq borc məbləği yaxın müddət ərzində tam həcmdə ödəniləcəkdir.

25. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia tamamilə rədd edilməlidir.

26. Belə ki, iddiaçı iddia edir ki, İddiaçı ilə "xxxx" MMC arasında xx.xx.2014-cü il tarixli, 003 saylı podrat müqaviləsi bağlanılmışdır. Müqavilə şərtlərinə əsasən "xxxx" MMC-nin təsisçisi Cavabdeh2 məxsus Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi 1 ünvanında yerləşən torpaq sahəsində bir sıra tikinti işlərinin aparılması razılaşdırılmışdır. Belə ki, həmin torpaq sahəsində yük maşınlarının dayancağı və təmiri üçün bokslar, ofis binası, anbar damı və digər tikililər inşa olunmuş və işlərin ümumi dəyəri 311 000 manat olaraq müəyyən edilmişdir. İşlər 1 il ərzində tam icra olunaraq sifarişçiyə təqdim olunmuş, lakin ödənişlər bugünki tarixədək tam həyata keçirilməmişdir. Cavabdehlərdən "xxxx" MMC tərəfindən xx.xx.2014-cü il tarixində 30 000, xx.xx.2015-ci il tarixində 15 000 və xx.xx.2015-ci il tarixində 15 000 manat ödəniş edilmişdir. Qeyd olunan tarixdə tərəflər arasında münasibətlər normal olduğundan ödənişlərin gecikdirilməsi ilə bağlı iddiaçı tərəf ödənişləri şifahi tələb etmiş, lakin məhkəməyə müraciət etməmişdir. Daha sonra cavabdehlərin təsisçisi Cavabdeh2 tərəfindən Cavabdeh1 MMC-nin fəaliyyəti dayandırılmış, eyni ünvanda yeni şirkət - "xxxx" MMC təsis olunmuşdur. Ödənişlə bağlı maraqlandıqda yeni şirkətin hesabından xx.xx.2022-ci il tarixində 40 000 manatlıq ödəniş icra olunmuş və həmin tarixdə yerdə qalan bütün məbləğin ödənilməsinə yazılı zəmanət verilmişdir. Görülmüş işlərlə bağlı qalıq 211 000 manat məbləğində vəsaitin ödənilməsi ilə bağlı dəfələrlə müraciət olunmasına baxmayaraq heç bir nəticə əldə olunmamışdır. Eyni zamanda müqavilə şirkətlə bağlanmasına baxmayaraq hər iki şirkət Cavabdeh2 məxsus olmuş, yeganə təsisçisi olmuş və həmçinin tikililər sonuncunun mülkiyyətində olan torpaq sahəsində tikilməklə hazırda onun faktiki istifadəsindədir, həmin sahədə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqdadır. Şirkətlər sadəcə ödənişlər məqsədilə müvəqqəti yaradılmışdır.

27. Cavabdeh2 nümayəndəsi məhkəmə iclaslarında iddiaya dair etiraz edərək bildirmişdir ki, İddiaçı Cavabdeh2 bütün şirkətlərini idarə edən şəxs olub. Cavabdeh2 oğlu Rusiyada yaşayır, onlar İddiaçı ilə dost olublar. Cavabdeh2 yaşlı adam olduğuna görə bütün işləri İddiaçı həyata keçirib. Onların arasında bir mübahisə var idi. Mübahisə hazırda Məmməd müəlimmin adına olan İddiaçı qardaşının zavodu ilə bağlı idi. İddiaçı zavodu əvvəl qardaşının adına rəsmiləşdirmişdir, sonradan onların arasında müəyyən məsələlər üzrə çıxandan sonra, Cavabdeh2 İddiaçı uzaqlaşdırandan sonra Elçin başladı Cavabdeh2 qarşı iddialar qaldırmağa. Hal-hazırda İddiaçı Cavabdeh2 qardaşına qarşı əmlak tələbi var. Bundan başqa iddialar da var. Hazırki mübahisə də bundan qaynaqlanır. O ki, qaldı podrat müqaviləsinə, birincisi müqaviəni imzalayan şəxslər hamısı Elçin müəllimin yaxın adamlarıdır. Cavabdeh1 MMC-nin direktoru ölüb. Ödəniş qəbzləri A4 formasında tərtib edilib, bu nə qəbzlərdir. Pul onlara nə vaxt daxil olub, daxil olması ilə bağlı nə sübutlar var. Hesab edir ki, İddiaçı Cavabdeh2 qarşı iddia qaldırılması üçün subyektiv hüququ yoxdur. Cavabdeh2 Cavabdeh1-nin təsisçisidir. Qanunvericiliyə əsasən heç bir məsuliyyət daşımır. Podrat müqaviləsi ilə bağlı MM-də xüsusi qeydlər vardır. Orada qeyd edilir ki, işlər görüldükdə təhvil-təslim aktı tərtib edilir və işi qəbul etdikdən sonra muzd ödənilir. Muzdun ödənilməsi ilə bağlı heç bir sübut yoxdur. Burada iddia müddəti tətbiq edilməlidir. Buna dair ərizə təqdim edilib. Cavabdeh1 hüquqi varisi necə Cavabdeh3 sayila bilər. Necə Cavabdeh3 MMC-nin direktoru sonradan gəlib Elçin müəllimə borcu olduğunu deyə bilər. Cavabdeh2 və Cavabdeh1 MMC-nin direktoru necə burada cavabdeh qismində ola bilər. İddiaçının təqdim etdiyi ödəniş qəbzlərinə baxdıqda suallar yaranır. Çünki onlar ciddi sənədlər deyildir. İddiaçı tərəf özü hazırlamışdır həmin sənədləri. Hər bir tikintinin smetası, razılığı olmalıdır. Bu sənədlər saxtadır. Pulların alınması ilə bağlı istər bank, istərsə də vergi xidmətindən sübut təqdim edilməmişdir. İş materiallarında 2015 və 2022-ci illərdə ödəniş edildiyinə dair sənədlər var. Lakin, həmin sənədlər saxtadır və sadəcə iddia müddətinin bərpa olunması üçün tərtib edilib. Belə bir müqavilə olmamışdır tərəflər arasında. Uzun müddət Elçin müəllim Məmməd müəllimə məxsus şirkətlərdə direktor olaraq işləmişdir. Bütün möhür, sənədlər onda qalmışdır. Bu sənədləri düzəltmək üçün böyük bir texniki vasitə lazım deyildir. Pulların mədaxil və məxaric edilməsinə dair bir sənəd yoxdur. Hesab edir ki, iddia tələbi əsassızdır.

28. Digər Cavabdeh3 MMC etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, hazırki işdə Utep-ST-1 MMC və Cavabdeh2 müqavilə tərəfləri olmadıqları üçün cavabdeh ola bilməz. Bundan əlavə, iddiaçı iddia müddətini də ötürmüşdür.

29. İddia ərizəsinin məzmunundan və əsaslandırmasından görünür ki, tələb olunan borcun yaranmasına əsas kimi podrat müqaviləsi göstərilmişdir.

30. Belə olan halda məhkəmə hesab edir ki, hazırkı işə Azərbaycan Respublikasının mülki qanunvericiliyinin podrat müqaviləsi ilə bağlı müddəaları tətbiq edilməlidir.

31. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin:

32. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

33. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

34. 387.2-ci maddəsinə əsasən əgər müqavilə üzrə tərəflərdən hər biri digər tərəfin xeyrinə vəzifə daşıyırsa, o, digər tərəfin xeyrinə etməli olduqları barəsində həmin tərəfin borclusu və eyni zamanda ondan tələb etməyə hüququ çatanlar barəsində onun kreditoru sayılır.

35. 387.3-cü maddəsinə əsasən öhdəlik tərəf kimi onda iştirak etməyən şəxslər (üçüncü şəxslər) üçün vəzifələr yaratmır. Tərəflərin razılaşmasında nəzərdə tutulmuş hallarda öhdəlik üçüncü şəxslər üçün öhdəliyin bir və ya hər iki tərəfi barəsində hüquqlar yarada bilər.

36. 439.3-cü maddəsinə əsasən qanuna və ya müqaviləyə əsasən borcun üstünə faizlər hesablanmalı olduqda, əgər bu Məcəllə ilə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, onlar iki faiz bəndi əlavə edilməklə Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən müəyyən edilən uçot dərəcəsi miqdarında, lakin ildə azı beş faiz miqdarında hesablanır.

37. 445.7-ci maddəsinə əsasən Bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər.

38. 522.1-ci maddəsinə əsasən kreditor ilə müqaviləyə əsasən öhdəlik üçüncü şəxsə verilə bilər; bunun nəticəsində o, əvvəlki borclunu əvəz edir.

39. 522.2-ci maddəsinə əsasən əgər borclu ilə öhdəliyin üçüncü şəxsə veriləcəyi barədə razılaşma əldə edilərsə, bu yalnız kreditorun icazəsi ilə etibarlı olur.

40. 522.3-cü maddəsinə əsasən icazə yalnız borclunun və ya üçüncü şəxsin kreditoru öhdəliyin verilməsindən xəbərdar etdiyi halda verilir. İcazə verilənədək tərəflər müqaviləni dəyişdirə və ya ləğv edə bilərlər. İcazə verməkdən imtina edilərsə, öhdəlik verilmiş sayılmır.

41. 522.4-cü maddəsinə əsasən borclu və ya üçüncü şəxs kreditordan icazəni müəyyənləşdirilmiş müddətdə elan etməyi tələb edirlərsə, icazə həmin müddət qurtaranadək elan edilir; bu edilməsə, hesab edilir ki, icazə verməkdən imtina olunmuşdur.

42. 522.5-ci maddəsinə əsasən kreditor icazə verməyənədək, öhdəliyi üzərinə götürmüş şəxs şübhə olduğu halda borcluya münasibətdə kreditoru vaxtında təmin etmək öhdəliyi daşıyır. Kreditorun icazə verməkdən imtina etdiyi halda da eyni qayda qüvvədə olur.

43. 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.

44. 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur.

45. 755-ci maddəsinə əsasən podratçı işi şəxsən yerinə yetirməyə yalnız bunun müqavilədən, yaxud konkret hallardan və ya işin xarakterindən irəli gəldiyi hallarda borcludur.

46. 769-cu maddəsinə əsasən əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir.

47. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

48. Məhkəmə ilk olaraq iddia tələbinin cavabdehlər Cavabdeh3 MMC və Cavabdeh2 münasibətdə aşağıdakıları qeyd edir.

49. Qeyd edilən hər iki cavabdeh məhkəməyə etiraz və iddia müddətinin tətbiqi barədə ərizələr ilə müraciət etmişdilər.

50. Göstərilən ərizəyə münasibətdə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Mülki Məcəllənin 372.1-ci, 372.2-ci, 373.2-ci, 377.1, 377.2, 377.3-cü, 375.2-ci, 378 və 380.1-ci maddələrinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. İcra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Öhdəlikdə şəxslərin dəyişilməsi iddia müddətinin və onun hesablanması qaydasının dəyişilməsinə səbəb olmur. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir.

51. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» 27 dekabr 2001-ci il tarixli qərarında qeyd etmişdir ki, iddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır.

52. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir.

53. Məhkəmə cavabdehlərin ərizəsinə hüquqi qiymət verərkən ilk növbədə iddiaçının hazırkı iddia tələbi üzrə həmin cavabdehlərə münasibətdə müvafiq subyektiv hüquqa malik olub-olmaması məsələsini aydınlaşdırmağı zəruri hesab edir.

54. Belə ki, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “L.İ. Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2007-ci il tarixli Qərarında göstərilən hüquqi mövqeyə əsasən, iddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Buna görə, məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulubpozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir.

55. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən edildi ki, iddiaçı ilə cavabdehlər Cavabdeh3 MMC və Cavabdeh2 arasında hər-hansı müqavilə (öhdəlik) münasibətləri mövcüd olmamışdır. Cavabdeh2 sadəcə Cavabdeh1 MMC-nin təsisçisidir. İddiaçının sübut kimi məhkəməyə təqdim etdiyi xx.xx.2022-ci il tarixli məktuba gəldikdə isə, məhkəmə qeyd edir ki, bir hüquq subyektinin öhdəliklərinin digər şəxsə keçməsi məktub ilə deyil, öhdəliklərin ötürülməsinə dair tərəflər arasında imzalanmış razılaşma ilə rəsmiləşməlidir, bu cür razılaşmanın mövcüdluğu iş materialları ilə müəyyən edilmir. Bundan əlavə, iddiaçı tərəfindən məhkəməyə təqdim olunan 2014-2015-ci il tarixli üç ədəd, həmçinin xx.xx.2022-ci il tarixli Cavabdeh3 MMC tərəfindən 40.000 manat ödənişin edilməsinə dair mədaxil qəbzi adlı sənədlərin surətinə gəldikdə isə məhkəmə qeyd edir ki, həmin sənəd ciddi hesabat blankında tərtib edilmədiyi, fərdi sahibkar və hüquqi şəxslər arasında hesablaşmaların nağdsız qaydada aparılmalı olduğu, məhkəmə tərəfindən iddiaçı tərəfə vergi-mühasibatlıq hesabatlarının (borcun mövcüdluğu, vəsaitlərin mədaxili və s.) təqdim edilməsi təklif olunsa da, məhkəməyə təqdim etmədiyi üçün həmin ödəniş qəbzləri mötəbər və təqzib olunmaz sübut qismində qiymətləndirilə bilməz. Həmçinin, hətda Cavabdeh3 MMC tərəfindən iddiaçıya xx.xx.2022-ci il tarixində 40.000 manat ödənişin edilməsi zənn edilsə belə, lakin həmin qəbzdə ödənişin məhz iddiaçı ilə Cavabdeh1 MMC arasında bağlanmış podrat müqaviləsi üzrə edilməsi müəyyən edilmir.

56. Beləliklə, məhkəmə yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, iddaçının cavabdehlər Cavabdeh3 MMC və Cavabdeh2 qarşı bu cür tələb irəli sürmək üçün hərhansı hüquqi əsasları mövcüd olmamışdır.

57. Məhkəmə, iddiaçının qeyd edilən iki cavabdehə qarşı subyektiv tələb hüququna malik olmamasını müəyyən etsə də, lakin əlavə olaraq onu da qeyd edir ki, hətta iddiaçının bu cür tələb hüququna malik olmuş olseydi belə, yenə də iddia tələbinin təmin edilməsini mümkün saymır. Ona görə ki, iddiaçı, MM-in 373.2-ci maddəsində nəzərdə tutulmuş 3 illik iddia müddətini ötürməklə iddia qaldırmışdır.

58. Belə ki, cavabdehlər iddia müddətinin tətbiqi barədə ərizələrində müqavilə tələbləri üzrə iddia müddətinin 3 il olduğunu və həmin müddətinin keçdiyini bildirmişlər. İddiа müddəti keçdiyi üçün iddia təmin edilməməli və məhkəmə tərəfindən iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməli olduğu qeyd edilmişdir.

59. İş materialları ilə müəyyən olunur ki, xx.xx.2025-ci il tarixli təhvil-təslim aktına əsasən 311000 manat məbləğində işlərin görülüb təhvil verilməsi qeyd edilmişdir. Bundan əlavə Cavabdeh1 MMC tərəfindən sonuncu ödəniş xx.xx.2015-ci il tarixdə həyata keçirilmişdir. Beləliklə, iddia müddətinin axımı xx.xx.2015-ci il tarixdə sonuncu ödənişin edildiyi tarixdən hesablanaraq müəyyən edilir ki, xx.xx.2018-ci il tarixdə iddia müddətinin axımı başa çatmışdır. İddiaçı isə iddia ərizəsi ilə xx.xx.2025-ci il tarixində məhkəməyə müraciət etmişdir.

60. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

61. Həmin Məcəllənin 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.

62. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.

63. 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.

64. 380.1-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir.

65. Beləliklə, işin yuxarıda göstərilən halları ilə öz təsdiqini tapır ki, iddiaçı müqavilə tələbləri üçün qanunda nəzərdə tutulmuş 3 illik iddia müddətini buraxmışdır. Odur ki, iddia tələbi iddia müddəti baxımından da rədd edilməlidir.

66. O ki qaldı xx.xx.2022-ci il tarixli mədaxil qəbzinə (Qətnamənin 53-cü paraqrafında qeyd edilənlərə əsasən məhkəmə tərəfindən möhtəbər sübut qismində qəbul edilmədiyi), məhkəmə qeyd edir ki, hətta mübahisələndirilən podrat müqaviləsi üzrə həmin ödəniş nəzərə alınmış olseydı belə, yenə də həmin 2022-ci il tarixli ödəniş iddia müddətinin bitdiyi (2018-ci il) tarixdən sonra həyata keçirilmiş kimi qəbul oluna bilərdi, belə olduğu halda isə artıq üç illik iddia müddətinin kəsilməsinə əsas kimi də qiymətləndirilə bilməzdi.

67. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən iddia cavabdehlər Cavabdeh3 MMC və Cavabdeh2 münasibətdə təmin edilə bilməz.

68. İddia tələbinin Cavabdeh1 MMC-yə münasbətdə məhkəmə aşağıdakıları qeyd edir.

69. İş materiallarından göründüyü kimi iddiaçı sənədlərin yalnız surətlərini məhkəməyə təqdim etmişdir. Məhkəmə hazırlıq iclasları zamanı məhkəmə tərəfindən iddiaçıya podrat müqaviləsinə əsasən görüləcək işlərin smetasını, təhvil-təslim aktında göstərilən işlərin görülməsini təsdiq edən alt sənədləri, e-qaimələrin, cavabdeh MMC-nin iddiaçıya borcunun mövcüdluğunu təsdiq edən vergi-mühasibatlıq sənədlərinin və s. təqdim edilməsi təklif edilsə də, iddiaçı tərəfindən həmin sənədlər məhkəməyə təqdim edilməmişdir. Təqdim edilən ödəniş qəbzləri isə Qətnamənin 53-cü paraqrafında qeyd edilənlərə əsasən məhkəmə tərəfindən möhtəbər sübut qismində qəbul edilməmişdir.

70. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

71. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Van de Hark Niderlanda qarşı” 19 aprel 1994-cü il tarixli işində məhkəmə qeyd etmişdir ki, ədalətli məhkəmə araşdırması hüququ tələb edir ki, məhkəmə çıxardığı qərarları əsaslandırsın. Bu o demək deyil ki, tərəflərin irəli sürdüyü hər bir arqumentə ətraflı cavab verilməlidir.

72. Beləliklə, məhkəmə qeyd edir ki, iddiaçı hər üç cavabdehə münasibətdə öz tələbinin əsaslı və qanuni olmasını sübuta yetirə bilməmiş, tələbinin əsaslı olması üçün mötəbər və təqzibolunmaz subutları təqdim etmədiyi üçün məhkəmədə iddianın əsaslılığına dair daxili inamı formalaşdıra bilməmişdir. Belə olan halda iddia tələbi 211.000 manat əsas borc hissəsində təmin edilə bilməz.

73. İddia tələbinin digər hissəsi olan – borcun ödənişinin gecikdirilməsinə görə 198.690,90 manat faiz borcunun tutulması ilə bağlı məhkəmə qeyd edir ki, iddia tələbi əsas borc hissəsində təmin edilmədiyi üçün, iddia bu hissədə də təmin edilə bilməz. Və prosessual qənayət baxımından həmin tələbə dair hüquqi əsaslandırmanın aparılmasını da məhkəmə zəruri hesab etmir.

74. İş materiallarından görünür ki, iddiaçı tərəfindən 1000 manat dövlət rüsumu ödənilmişdir.

75. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır.

76. Məhkəmə hazırkı qətnamə ilə iddianın rədd edildiyini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş məhkəmə xərcləri iddiaçının özünə aid edilməlidir.

V. Nəticə:

40. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddiaçı cavabdehlər Cavabdeh1nə, Cavabdeh2 və Cavabdeh3nə qarşı xx.xx.2014cü il tarixdə bağlanmış 003 saylı podrat müqaviləsi üzrə ödənilməmiş 211 000 manat əsas borcun və həmin borc üzrə hesablanmış 198 690,90 manat faiz məbləğinin, ümumilikdə 409 690,90 manat vəsaitin tutulması tələbinə dair iddia ərizəsi rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim: Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar