Məhkəmə qərarları › İş №e-2-2(113)-1833/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1833/2024

10.06.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1833/2024 10.06.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: alqı-satqı müqaviləsi, dəbbə pulu və dövlət rüsumu ) Məhkəmənin hakimi Namazova Günay Rüstəm qızının sədrliyi, X1 katibliyi ilə, İddiaçının nümayəndələrin Vəkil və X6, Cavabdehin nümayəndələri X3 və Nümayəndə2 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-nə qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I.Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 06 sentyabr 2021-ci il tarixli, 716ZP nömrəli alğı-satqı müqaviləsinə və “Malların, işlərin və xidmətlərin təqdim edilməsi” barədə qaimələrə əsasən cavabdeh tərəfindən alınmış malların ödənilməyən hissəsi olaraq 108343,67 manat və ƏDV 3333,85 manat, o cümlədən Müqavilənin 7.2-ci bəndinə əsasən malın dəyərinin gecikdirildiyi ilk 5 gün üçün 5% (5417,15 manat), ondan sonrakı hər gün üçün 10% (108343,67), mediasiya üçün iddiaçının ödədiyi 400 manat, işin məhkəməyə verilməsi üçün ödənilmiş 515,84 manat dövlət rüsumu olmaqla ümumilikdə 226.354,18 manat pulun cavabdehdən tutulub iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər arasında 06 sentyabr 2021-ci il tarixdə 716ZP nömrəli alğı-satqı müqaviləsi imzalanmışdır. Qeyd olunan müqaviləyə uyğun olaraq Alıcının sifarişinə əsasən Satıcı ona Mal gətirmiş, müqaviləyə uyğun olaraq malın təhvil verilməsinə görə qaimə faktura tərtib edilib Alıcıya təqdim edilmişdir. Satıcı tərəfindən malların təhvil verilməsindən sonra həmin mallara uyğun tərtib edilmiş qaimə-faktura Alıcıya təqdim edilmiş, Alıcı malları və buna uyğun tərtib edilərək təqdim edilmiş qaimə fakturaları qəbul etmişdir. Lakin Alıcı aldığı malların dəyərini tam ödəməmiş, müqavilə üzrə verdiyi sifarişə uyun olaraq aldığı malların dəyərini hissə-hissə olmaqla qismən ödəmiş, qalan məbləğ ödənilməmiş qalmışdır. Belə ki, tərəflər arasında bağlanmış 06 Sentyabr 2021-ci il tarixli, 716ZP nömrəli alğı-satqı müqaviləsinə əsasən “Malların, işlərin və xidmətlərin təqdim edilməsi” barədə Seriya EBBL, 827131 saylı,xx.xx.2023-cü il tarixli qaimə ilə 54000 manat, Seriya EBBY, 699162 saylı,xx.xx.2022-ci il tarixli qaimə ilə 5000 (ƏDV 900), Seriya EBCD, 222952 sayl,ı xx.xx.2022-ci il tarixli qaimə ilə 9000 manat (ƏDV 1620), Seriya EBCD, 584354 saylı, xx.xx.2022-ci il tarixli qaimə ilə 122208 manat (ƏDV 21997,44), Seriya EBCD, 584337 saylı,xx.xx.2022-ci il tarixli qaimə ilə 49710 manat (EDV 8947,80), Seriya EBDD, 675121 saylı, xx.xx.2023-cü il tarixli qaimə ilə 17324,73 manat (3118,45) Seriya EBDG, 328132 saylı, xx.xx.2023-cü il tarixli qaimə ilə 19067,80 manat (ƏDV 3432,20), Seriya EBDG, 904934 saylı,xx.xx.2023-cü il tarixli qaimə ilə 263,14 (ƏDV 47,36) manat məbləğində olmaqla ümumilikdə 276573,67 (iki yüz yetmiş altı min beş yüz yetmiş üç manat, altmış yeddi qəpik) manat (ƏDV 40063,25) məbləğində mallar iddiaçı tərəfindən cavabdehə təhvil verilmiş və cavabdeh də həmin mallara uyğun qaimələri imza və möhürlə təsdiq edərək qəbul etmişdir. Qeyd olunan qaimələrdən görünür ki, iddiaçı tərəfindən cavabdehə 276573,67 manat (ƏDV 40063,25) məbləğində mal verilmiş,cavabdeh tərəfindən həmin mallar üzrə hissə-hissə AccessBank vasitəsilə iddiaçının hesabına köçürmə yolu ilə xx.xx.2021-ci il tarixdə 42,330 manat, xx.xx.2021-ci il tarixdə 8000 manat, xx.xx.2022-ci il tarixdə 3813,56 manat, xx.xx.2022-ci il tarixdə 686,44 manat, xx.xx.2022-ci il tarixdə 2983,56 manat, xx.xx.2022-ci il tarixdə 5000 manat, xx.xx.2022-ci il tarixdə 12016,44 manat, xx.xx.2022-ci il tarixdə 84000 manat, xx.xx.2023-cü il tarixdə 7000 manat, xx.xx.2023-cü il tarixdə 2400 manat olmaqla ümumilikdə 168230 manat (ƏDV 36729,4) pul vəsaiti ödənilmişdir. Beləliklə göründüyü kimi cavabdehin 108343,67 manat (ƏDV 3333,85) manat borcu qalmışdır (276573,67-168230=108343,67). Satıcı tərəfindən qaimə fakturaların göndərilməsinə və Alıcı tərəfindən həmin qaimələrin qəbul edilməsinə baxmayaraq keçən müddət ərzində ödənilməmiş borcu Satıcı dəfələrlə şifahi olaraq tələb etmiş, hər hansı ödəniş olmadığından iddiaçı cavabdehə xx.xx.2023-cü il tarixli pretenziya göndərərək bildirmişdir: “06 sentyabr 2021-ci il tarixli N716ZP saylı Müqavilənin şərtlərini birtərəfli qaydada pozmaqla öhdəliklərin icrasından yayınılmışdır. Həmin müqavilə əsasında, ümumilikdə cavabdehin 108000 manat borcu yaranmışdır. Dəfələrlə şifahi qaydada cavabdehdən borc məbləğinin ödənilməsi xahiş edilsə də, nəticə dəyişməmiş, öhdəlik yerinə yetirilməmişdir. Müqavilənin 7.2-ci bəndinə əsasən, Alıcı malın dəyərini bu müqavilənin 2-ci bəndi ilə müəyyən edilmiş şərtlərinə uyğun olaraq vaxtında və/və ya tam ödəmədikdə pulun verilməsinin gecikdirildiyi hər gün üçün malın dəyərinin 1 (bir) %-i məbləğində, gecikdirilən günlərin sayı 5 (beş) gündən artıq olduqda isə növbəti gündən başlayaraq hər gecikdirilən gün üçün malın qiymətinin 10 (bir on) %-i məbləğində Satıcıya cərimə ödəməlidir. Müqavilənin 8.2-ci bəndinə əsasən, müqavilənin icrasından irəli gələn və qarşılıqlı razılıqla həll edilə bilməyən mübahisələr, ixtilaflar Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq Azərbaycan məhkəmələrində həll edilir. Bundan başqa cavabdehin aldığı malların pulunu vaxtında verməməsi səbəbindən iddiaçı maliyyə çətinliyi çəkmiş və məcbur qalıb işçilərini işdən azad etmişdir. O cümlədən iddiaçı cavabdehin sifarişi ilə xarici ölkəyə mal sifariş vermiş, həmin malların bir hissəsinin pulunu ödəmişdir. Lakin cavabdeh əvvəlki mallar üzrə borcunu ödəmədiyindən iddiaçı xarici ölkədən sifariş etdiyimalları gətirə bilmir, üstəgəl qaytara da bilmir. Cavabdeh aldığı malların dəyərini vaxtında ödəmədiyindən iddiaçının dövriyyəsi aşağı düşmüş, iddiaçı qazana biləcəyi faydalardan məhrum olmuşdur. Ona görə də tərəflər arasında bağlanmış 06 Sentyabr 2021ci il tarixli, 716ZP nömrəli alğı-satqı müqaviləsinə əsasən və “Malların, işlərin və xidmətlərin təqdim edilməsi” barədə qaimələrlə cavabdeh tərəfindən alınmış malların ödənilməyən hissəsi olaraq 108343,67 manat və ƏDV 3333,85 manat, o cümlədən Müqavilənin 7.2-ci bəndinə əsasən malın dəyərinin gecikdirildiyi ilk 5 gün üçün 5% (5417,15), ondan sonrakı hər gün üçün 10% (108343,67), mediasiya üçün iddiaçının ödədiyi 400 manat, işin məhkəməyə verilməsi üçün ödənilmiş 515,84 manat dövlət rüsumu olmaqla ümumilikdə 226354,18 manat (iki yüz iyirmi altı min üç yüzəlli dörd manat on səkkiz qəpik) pul cavabdehdən tutulub iddiaçıya ödənilməlidir.

3. Cavabdehin nümayəndəsinin iddia ərizəsinə dair etirazı onunla əsaslandırılmışdır ki, “tərəflər arasında 06 Sentyabr 2021-ci il tarixli, 716ZP nömrəli alğı-satqı müqaviləsi imzalanmış, iddiaçı tərəfindən müxtəlif vaxtlarda cavabdehə mallar verilmiş, müqavilə şərtlərinə uyğun olaraq alınmış malların dəyəri ödənildikdən sonra, növbəti partiya mallar cavabdehə verilmişdir. Yəni, verilmiş malların dəyəri ödənilmədən, yeni malların verilməsi mümkün olmamışdır. Alınmış malların dəyərinin bir hissəsi ödəniş tapşırığı, bir hissəsi isə nağd şəkildə iddiaçının rəhbərinə ödənilmişdir və bunu çoxsaylı şahidlər məhkəmədə təsdiq edəcəklər. Malların dəyərinin nağd şəkildə ödənilməsi müqavilədə nəzərdə tutulmuşdur. Eyni zamanda iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş qaimə fakturaların heç biri şirkətin rəhbəri tərəfindən imza edilməmişdir. Eyni hal tərəflər arasında bağlanılan müqavilədə də öz əksini tapmışdır, belə ki, müqavilədə şirkətin rəhbəri tərəfindən imzalanmamışdır. Tərəflər arasında bağlanılan müqavilənin iqtisadı, maddi və biznes marağı ondan ibarət olmuşdur ki, GREEN FARM bazarda kifayət qədər biznes kontaktlarına malikdir. Bu baxımdan "xxxx" MMC-nin rəhbəri birgə biznes əməkdaşlığını eləməyi, xaricdən gətirdiyi dərman əlavələri və vasitələrinin satışına köməklik göstərilməsini "xxxx" MMC-nin rəhbərindən dəfələrlə xahiş etmiş, nəticə etibarilə tərəflər arasında formal müqavilə bağlanmasına razılıq verilmiş, lakin həmin müqavilənin kim tərəfindən imzalanması da şirkət rəhbərinə məlum deyildir. Həmin qaimə fakturaların MMC-nin möhürü təsdiq olunmasına gəldikdə isə həmin sənədlərə möhürü MMC-nin mühasibi vurmuşdur. Mühasib eyni zamanda iddiaçının da mühasibi olduğundan etibardan sui istifadə etmiş, cavabdeh MMC-nin xəbəri olmadan və şirkətin rəhbərinin imzası saxtalaşdırılaraq qaimə fakturaları şirkətin möhürü ilə təsdiq etmişdir.

II. Tərəflərin mövqeləri:

4. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndələri iddianın məzmununa uyğun çıxış edərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdilər. Əlavə olaraq iddiaçının qanuni nümayəndəsi X9 bildirdi ki, cavabdehin şahid qismində məhkəməyə cəlb etdiyi şəxslərin bildirdiyi güya ona nağd şəklində ödənişlər olunmuşdur, lakin qeyd edir ki, heç bir nağd ödəniş olunmayıb,hətta şahidlərin bildirdikləri tarixlərdə ölkə ərazisində belə olmayıb, belə olan halda hansı nağd ödənişdən danışmaq olar.

5. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndələri etirazın məzmununa uyğun çıxış edərək iddia tələbinin rədd edilməsini xahiş etdilər.

III. Məhkəmə baxışının hədləri:

6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

7. İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli 716Zp saylı alqı-satqı müqaviləsinə əsasən:

8. Müqavilənin 1.1-ci bəndinə əsasən Satıcı İddiaçı MMC Alıcı "xxxx" MMC-nin sifarişinə (tələbatına) uyğun olaraq ona məxsus olan alqı-satqı obyektini (bundan sonra ismin müvafiq halında mal adlandırılacaq) satmaqla Alıcının mülkiyyətinə verir, Alıcı isə malı qəbul edərək bunun müqabilində bu müqavilənin şərtlərinə uyğun qaydada və məbləğdə pul vəsaitini Satıcıya ödəməyi öhdəsinə götürür.

9. Müqavilənin 1.2-ci bəndinə əsasən mallar Alıcının sorğularına (tələbatına) uyğun olaraq bir və/ya bir neçə ayrı-ayrı hissələrlə (partiyalarla) təchiz edilə bilər.

10. Müqavilənin 1.3-cü bənidnə əsasən bu Müqavilənin şərtlərindən irəli gələn alqısatqı obyekti malın ayrı-ayrı partiyalarının adı, çeşidi (növü), sayı (miqdarı), dəyəri Tərəflər arasında tərtib və təsdiq edilmiş faktura (qiymət razılaşdırılması protokolu) ilə müəyyən edilir.

11. Müqavilənin 2.1-ci bəndinə əsasən malın qiyməti Alıcının sifarişinə (tələbatına) uyğun olaraq Tərəflər arasında tərtib və təsdiq edilmiş faktura (qiymət razılaşdırılması protokolu) ilə müəyyən edilir.

12. Müqavilənin 2.2-ci bəndinə əsasən Alıcı malın qiymətini ödəniş qaydalarına uyğun olaraq tərəflərin qarşılıqlı razılığı əsasında nəğd hesablaşma və/və ya köçürmə yolu ilə Satıcıya ödəyir.

13. Müqavilənin 2.3-cü bəndinə əsasən Alıcı faktura üzrə Satıcıdan qəbul etdiyi malın dəyərini nağd faktura ilə satış zamanı malın təslimi anında (və ya anınadək), nisyə (kredit) satış zamanı isə faktura (təhvil-təslim aktı) ilə malın təslimindən sonra bu Müqavilə ilə müəyyən edilmiş müddət ərzində Satıcıya ödənilməsini təmin edir.

14. Müqavilənin 2.4-cü bəndinə əsasən malın dəyərinin hissə-hissə ödənilməsi şərtləri tərəflərin qarşılıqlı razılığı əsasında aşağıdakı kimi müəyyən edilmişdir:

15. - Malın ümumi dəyəri altı bərabər hissəyə bölünərək altı ay müddətində Alıcı tərəfindən Satıcıya ödəniləcəkdir; -Alıcı hər ay malın ümumi dəyərinin altı hissədən birinin ödənişini təmin edəcəkdir. Hər növbəti ay üçün pulun hissə-hissə ödənişi günü malın Alıcı tərəfindən təhvil alındığı gün sayılır.

16. Müqavilənin 3.1-ci bəndinə əsasən satıcının hüquq və vəzifələri

17. Müqavilənin 3.1.1-ci bəndinə əsasən Satıcının hüquqları:

18. Müqavilənin 3.1.1.1-ci bəndinə əsasən alıcıdan müqavilənin 1-ci bəndində göstərilən malı Müqavilənin bəndləri ilə müəyyən edilmiş müddətdə və qaydada qəbul etməsini tələb etmək;

19. Müqavilənin 3.1.1.2-ci bəndinə əsasən alıcıdan Müqavilənin 2.-ci bəndində göstərilən malın qiymətini Müqavilənin bəndlərində müəyyən edilmiş müddətdə və qaydada ödəməsini tələb etmək;

20. Müqavilənin 3.1.1.3-ci bəndinə əsasən Alıcıdan Müqavilənin bəndləri ilə müəyyən edilmiş öhdəliklərini icra etmədikdə və ya lazımınca icra etmədikdə Müqavilənin 7.2.-ci bəndində müəyyən edilmiş öhdəliyin icrasının təmin edilməsi üsullarını tətbiq etmək;

21. Müqavilənin 3.1.1.4-ci bəndinə əsasən Alıcı Müqavilənin bəndləri ilə müəyyən edilmiş öhdəliklərini icra etmədikdə və ya lazımınca icra etmədikdə Müqavilənin icrasından birtərəfli imtina etmək.

22. Müqavilənin 6.2-ci bəndinə əsasən mal faktura və ya təhvil-təslim aktı əsasında Alıcıya verildiyi an təhvil verilmiş sayılır.

23. Müqavilənin 7.2-ci bəndinə əsasən, Alıcı malın dəyərini bu müqavilənin 2-ci bəndi ilə müəyyən edilmiş şərtlərinə uyğun olaraq vaxtında və/və ya tam ödəmədikdə pulun verilməsinin gecikdirildiyi hər gün üçün malın dəyərinin 1 (bir) %-i məbləğində, gecikdirilən günlərin sayı 5 (beş) gündən artıq olduqda isə növbəti gündən başlayaraq hər gecikdirilən gün üçün malın qiymətinin 10 (bir on) %-i məbləğində Satıcıya cərimə ödəməlidir. Cərimənin məbləği malın ümumi dəyərinin 100 (bir yüz)%-dən artıq ola bilməz.

24. Alğı-satqı müqaviləsinə əsasən “Malların, işlərin və xidmətlərin təqdim edilməsi” barədə Seriya EBBL827131 saylı xx.xx.2023-cü il tarixli qaimə (şirkətin özü tərəfindən təsdiqlənmiş) ilə 54000 manat, Seriya EBBY 699162 saylı xx.xx.2022-ci il tarixli qaimə (şirkətin özü tərəfindən təsdiqlənmiş) ilə 5000 (ƏDV 900), Seriya EBCD 222952 saylı xx.xx.2022-ci il tarixli qaimə (sistem tərəfindən təsdiqlənmiş) ilə 9000 manat (ƏDV 1620), Seriya EBCD 584354 saylı xx.xx.2022-ci il tarixli qaimə (sistem tərəfindən təsdiqlənmiş) ilə 122208 manat (ƏDV 21997,44), Seriya EBCD 584337 saylı xx.xx.2022-ci il tarixli qaimə (sistem tərəfindən təsdiqlənmiş) ilə 49710 manat (EDV 8947,80), Seriya EBDD 675121 saylı, xx.xx.2023-cü il tarixli qaimə (şirkətin özü tərəfindən təsdiqlənmiş) ilə 17324,73 manat (3118,45), Seriya EBDG 328132 saylı xx.xx.2023-cü il tarixli qaimə (sistem tərəfindən təsdiqlənmiş) ilə 19067,80 manat (ƏDV 3432,20), Seriya EBDG 904934 saylı xx.xx.2023-cü il tarixli qaimə (sistem tərəfindən təsdiqlənmiş) ilə 263,14 (ƏDV 47,36) manat məbləğində olmaqla ümumilikdə 276573,67 manat (ƏDV 40063,25) məbləğində mallar iddiaçı tərəfindən cavabdehə təhvil verilmiş. Bütün qeyd edilən e-qaimələr çap edilərək imza və Cavabdeh MMC-nin möhürü ilə, sonuncu iki Seriya EBDG 328132 saylı və Seriya EBDG 904934 saylı e-qaimələr isə imza və "xxxx" MMC-nin möhürü ilə təsdiq edilmişdir. Buna baxmayaraq, ƏDV ödənişi çıxarışından görünür ki, Seriya EBDG 328132 saylı e-qaimə üzrə Cavabdeh MMC tərəfindən qismən ədv ödənişi həyata keçirilmişdir.

25. "xxxx" QSC-nin əməliyyat təfərrüatı adlı sənədlərə əsasən Cavabdeh MMC tərəfindən xx.xx.2021-ci il tarixdə 42,330 manat, xx.xx.2021-ci il tarixdə 8000 manat, xx.xx.2022-ci il tarixdə 3813,56 manat, xx.xx.2022-ci il tarixdə 686,44 manat, xx.xx.2022-ci il tarixdə 2983,56 manat, xx.xx.2022-ci il tarixdə 5000 manat, xx.xx.2022-ci il tarixdə 12016,44 manat, xx.xx.2022-ci il tarixdə 84000 manat, xx.xx.2023-cü il tarixdə 7000 manat, xx.xx.2023-cü il tarixdə 2400 manat olmaqla ümumilikdə 168230 manat (ƏDV 36729,4) pul vəsaiti ödənilmişdir.

26. X4 məhkəməyə verdiyi ifadəsində göstərmişdir ki, Cavabdeh MMC onun həyat yoldaşının adına olan şirkətdir. Cavabdeh MMC rəsmi həyat yoldaşının adına rəsmiləşsə də, faktiki olaraq şirkəti o idarə edir. İddiaçı şirkətin rəhbərini isə 15 ilə yaxın tanıyır. 2022-ci ildə Loğman adlı şəxsin vasitəsilə Elnarə xanımdan 2 adda məhsul aldılar, hissə-hissə ödənişini etdilər. Lakin sonradan Elnarə xanım Latviyadan təkrar mal gətirdi. O, ağlayaağlaya bir gün ona zəng edərək Gömrükdə vəziyyəti pis olduğuna görə ona köməklik etməyini xahiş etdi. Malın gömrükdən çıxarılması üçün ona 20.000 dollar pul verdi. Malı Gömrükdən götürdü və satışa çıxartdı, lakin sata bilmədiyi üçün malın satılmasına köməklik etməsi üçün yenidən ona müraciət etdi. O, Elnarə xanıma dedi ki, köməklik göstərər. Malları hissə-hissə gətirib verirdi. Yəni aralarında olan müqavilə 2 adda məhsulun alınması ilə bağlanmışdır, digər məhsulları köməklik məqsədilə alıb. Cavabdeh MMC ilə bağlanmış müqavilələr nəticəsində verilən malları özü qəbul edib. “Proto Farm” şirkəti onun adıma olan şirkətdir, fəaliyyəti qida əlavələrin satışı ilə bağlıdır. Cavabdeh MMC-nin fəaliyyətinə oxşar şirkətdir. Cavabdeh MMC-yə satılan bütün malları həyat yoldaşının adından o qəbul edib. O, İddiaçı şirkətinin anbarına gedib malları ordan götürürdü. Sənədlərə möhür anbarda deyil, ofisdə vurulub.

27. X2 məhkəməyə verdiyi ifadəsində göstərmişdir ki, o, Cavabdeh MMC-də 2020-ci ildən 2022-ci ilə kimi olan müddətdə rəsmi olaraq menedcer vəzifəsində işləyib, lakin qeyrirəsmi icraçı direktor kimi şirkətin işlərini aparıb. Mirzə müəllim rayona gedib bir şəxsdən borca pul götürmüşdü. Sonra həmin pulu ofisin qabağında Elnarə xanıma 34 min manat pul verdi. Həmin pulun 10.000-i dollar ilə, qalan hissəsi isə manatla olmuşdur. O, bu pulun verilməsinin şahidi olub. Pulun hansı məqsədlə verildiyini dəqiq bilmir. Həmin pul 2022-ci ilin avqust ayında verilmişdir.

28. X5 məhkəməyə verdiyi ifadəsində göstərmişdir ki, o, Cavabdeh MMC-də bölgə menedceri vəzifəsində işləyir. Elnarə xanım 2 dəfə onların bölgə filiallarına gəlmişdir: Səlyan və Şirvan filiallarına. Satdığı preparatları həkimlərə reklam edib. Keçən ilin iyul ayının 7-si Mirzə müəllimlə görüşdülər, yolları bir idi. O, Əhmədlidə yerləşən Respublika Bankından 20.000 manat pul götürdü və həmin 20000 manatı Əhmədli metrosunun qarşısında Elnarə xanıma verdi. O yalnız 20.000 manat pulun verilməsinin şahidi olub. Mirzə müellim dedi ki, onsuz da malın pulunu ona verməlidir. Amma həmin pulu şəxsi borcuna görə, yoxsa mala görə olan borcuna görə Elnarə xanıma verdiyini dəqiq bilmir.

29. Məhkəmə tərəflərin nümayəndəsinin izahatını dinləyərək və iş materiallarını araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır.

30. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.

31. Həmin Məcəllənin 568.1-ci maddəsinə əsasən satıcı alqı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur.

32. Həmin Məcəllənin 579.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsinə görə növlər, modellər, ölçülər, rənglər və ya digər əlamətlər üzrə müəyyən nisbətdə (çeşiddə) əşyalar verilməlidirsə, satıcı alıcıya tərəflərin razılaşdırdıqları çeşiddə əşyalar verməyə borcludur.

33. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

34. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

35. Tərəflər arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 716ZP saylı alqı-satqı müqaviləsnin 1.1-ci bəndinə əsasən Satıcı İddiaçı MMC Alıcı "xxxx" MMC-nin sifarişinə (tələbatına) uyğun olaraq ona məxsus olan alqı-satqı obyektini (bundan sonra ismin müvafiq halında mal adlandırılacaq) satmaqla Alıcının mülkiyyətinə verir, Alıcı isə malı qəbul edərək bunun müqabilində bu müqavilənin şərtlərinə uyğun qaydada və məbləğdə pul vəsaitini Satıcıya ödəməyi öhdəsinə götürür. Müqavilənin 1.2-ci bəndinə əsasən mallar Alıcının sorğularına (tələbatına) uyğun olaraq bir və/ya bir neçə ayrı-ayrı hissələrlə (partiyalarla) təchiz edilə bilər. Alıcı malın tələb olunan miqdarı və çeşidi haqda 03 ay qabaqcadan Satıcıya sifariş verməlidir. Müqavilənin 1.3-cü bənidnə əsasən bu Müqavilənin şərtlərindən irəli gələn alqı-satqı obyekti malın ayrı-ayrı partiyalarının adı, çeşidi (növü), sayı (miqdarı), dəyəri Tərəflər arasında tərtib və təsdiq edilmiş faktura (qiymət razılaşdırılması protokolu) ilə müəyyən edilir. Müqavilənin 2.1-ci bəndinə əsasən malın qiyməti Alıcının sifarişinə (tələbatına) uyğun olaraq Tərəflər arasında tərtib və təsdiq edilmiş faktura (qiymət razılaşdırılması protokolu) ilə müəyyən edilir.

36. Məhkəmə cavabdeh tərəfin etirazında biri-digərinə ziddiyatlı olan və məhkəmə gedişatı zamanı sübuta yetirə bilmədikləri “Müqavilə şərtlərinə əsasən, verilmiş malların dəyəri ödənilmədən, yeni malların verilməsi mümkün olmamışdır. Alınmış malların dəyərinin bir hissəsi ödəniş tapşırığı, bir hissəsi isə nağd şəkildə iddiaçının rəhbərinə ödənilmişdir və bunu çoxsaylı şahidlər məhkəmədə təsdiq edəcəklər. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş qaimə fakturaların heç biri şirkətin rəhbəri tərəfindən imza edilməmişdir. Həmin qaimə fakturaların MMC-nin möhürü təsdiq olunmasına gəldikdə isə həmin sənədlərə möhürü MMC-nin mühasibi vurmuşdur. Mühasib eyni zamanda iddiaçının da mühasibi olduğundan etibardan sui istifadə etmiş, cavabdeh MMC-nin xəbəri olmadan və şirkətin rəhbərinin imzası saxtalaşdırılaraq qaimə fakturaları şirkətin möhürü ilə təsdiq etmişdir, müqavilənin nə vaxta kimi qüvvədə olacağı göstərilədiyi üçün etibarlı müqavilə hesab edilə bilməz” arqumentlərini tamamilə əsassız hesab edir.

37. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X11 bildirdi ki, o, Cavabdeh MMC-nin direktoru olan X8 həyat yoldaşıdır və cavabdeh şirkətin bütün işlərini özü aparırdı. İddiaçı ilə cavabdeh arasında bağlanmış müqavilə nəticəsində bütün mallar qəbul edilib. Lakin, cavabdeh tərəf iddiaçının tələb etdiyi borcun tam ödənilməsinə dair şahid ifadələrindən başqa hər-hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Digər tərəfdən şahid ifadələrindən də görünür ki, hətta pulu verilməsinə dair məhkəmə şahid ifadələrini mötəbər sübut kimi qəbul etmiş olseydi belə, yenə də ifadələrdə göstərilən məbləğlər iddia tələbinin tam məbləğini əhatə etmir, digər tərəfdən şahidlər belə pulun borc olaraq və ya malların dəyəri olaraq ödənildiyini bilmədiklərini bildirdiklər. İddiaçının qanuni təmsilçisi isə şahidlər tərəfindən pulun verilməsinə dair verdikləri ifadələrə qəti etiraz edərək bildirdi ki, şahidlərin səsləndirdikləri tarixlərdə heç Azərbaycanda olmayıb, onun ölkədən qiriş-çıxışına baxıldığı zaman müəyyən edilə bilər. Ölkədə olmadığı tarixlərdə ona pulun verilməsi geyrimümkündür.

38. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:

39. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

40. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

41. - 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

42. Bundan əlavə, möhür məsələsinə gəldikdə, məhkəmə qeyd edir ki, qanunvericilikdə imperativ tələb kimi nəzərdə tutulmamasına baxmayaraq, işgüzar dövriyyədə uzun illərdir formalaşmış təcrübəyə əsasən, hüquqi şəxslərin blank olmayan xarici sənədlərində, o cümlədən tərəfdaşlara qarşılıqlı tərtib olunan çoxtərəfli sənədlərin (müqavilələr, aktlar və s.) üzərində, bir qayda olaraq, bu sənədə daha da rəsmi və mötəbər xarakter verilməsi, sənədi imzalayan şəxsin imzasının həqiqiliyinin təsdiqi üçün müvafiq vəzifəli şəxslərin, əməkdaşlarının imzaları ilə yanaşı, hüquqi şəxslərin möhürləri də vurulur. Bu həm də ondan irəli gəlir ki, fiziki şəxslərdən fərqli olaraq hər bir hüquqi şəxsin öz möhürü vardır. Hüquqi şəxsin möhürü bu şəxsi digər hüquq şəxslərindən fərqləndirən əsas əlamətlərdən biridir.

43. Möhürlər adətən hüquqi şəxslərin konkret rəhbər vəzifəli şəxslərinə, yaxud maddi məsul şəxslərinə təhkim olunmaqla kənar (səlahiyyəti olmayan) şəxslərin girişi qadağan olunan qapalı yerlərdə (xüsusi möhürlənmiş şkaf, seyf və s.) saxlanılır və yalnız səlahiyyətli şəxslər tərəfindən bilavasitə və ya onların etibar etdikləri şəxslər tərəfindən istifadə olunur, həmin qaydaları pozan əməkdaşlar intizam məsuliyyətinə cəlb edilirlər. Bu mənada, məhkəmə qənaəti belədir ki, hazırki işdə mübahisə predmeti olan müqavilə və borcu əks etdirən elektron qaimənin üzərində müvafiq şəxsin imzası ilə yanaşı cavabdeh şirkətin möhürünün vurulması rəhbərliyinin (cavabdehin mövqeyindən çıxış edərək şirkətin direktorunun) həmin sənədlərdən məlumatlı olmasının, həmin sənədləri bəyənməsinin, həmin müqavilə və qaimədə göstərilənlərə etirazının olmadığının, imzalayan şəxsin səlahiyyətini təsdiq etdiyinin göstəricisi kimi qəbul olunmalıdır.

44. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən tələb olunan məbləğ təqdim olunmuş sübutlarla – müqavilə, elektron qaimələr (cavabdeh tərəfindən təsdiqlənmiş qaimələr) və qismən ödənişlər ilə təstiq olunduğu üçün 108.343,67 manat borca dair hissədə tələbin təmin olunması üçün əsaslar mövcuddur.

45. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri vaxtında icra etmədiyini, nəticədə iddiaçıya əsas borc üzrə 108343,67 manat (cəmi verilən malların dəyəri 276573,67 manat – 168230 manat ödəniş =108343,67 manat), ödənilməyən ƏDV məbləği üzrə 3333,85 manat borcun cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 108343,67 manat məbləğində əsas borc və ödənilməyən 3333,85 manat (cəmi qaimələr üzrə ƏDV 40063,25 manat – 36729,4 manat ödəniş = 3333,85manat) ƏDV pulu tutularaq iddiaçıya ödənilməlidir.

46. Bundan əlavə, iş materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin 7.2-ci bəndinə əsasən hesablanmış cərimənin cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.

47. Mülki Məcəllənin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir.

48. Məhkəmə hesab edir ki, cavabdeh ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə müəyyən edildiyindən və tərəflər arasında bağlanmış müqavilədə və razılaşmada öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə dəbbə pulu ödənilməsi nəzərdə tutulduğundan iddiaçı cavabdehdən dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır.

49. Digər tərəfdən Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

50. Belə olan halda məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulması tələb olunan dəbbə pulu tənasübsüz surətdə yüksək olduğundan həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq dəbbə pulu 5584 manat məbləğində müəyyən edilməlidir.

51. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən ilkin mediassiya sessiyasının keçirilməsi üçün 400 manat və 516 manat dövlət rüsumu ödənilmişdir.

52. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.

53. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq 408 manat mediasiya xərcinin və dövlət rüsumunun əvəzi qismində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

V. Nəticə:

54. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 716ZP saylı, xx.xx.2021-ci il tarixli alqı-satqı müqaviləsi üzrə 108.343,67 manat əsas borc məbləği, 3.333,85 manat ƏDV məbləği, 5584 manat dəbbə pulu və mediasiya xərcinin və dövlət rüsumunun əvəzi olaraq 408 manat, cəmi 117.669,52 manat (bir yüz on yeddi min altı yüz altmış doqquz manat əlli iki qəpik) tutularaq iddaçı İddiaçı MMC-yə ödənilsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar