Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1844/2022 19.07.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Qasımov Fərid Fərzalı oğlunun katibliyi ilə, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı cavabdehdən 71.960 manat pulun və 400 manat mediasiya xərcinin tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehə qarşı cavabdehdən 71.960 manat pulun və 400 manat mediasiya xərcinin tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2018ci il tarixli, 034/18 saylı podrat müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən iddiaçı tərəfindən cavabdehin göstərdiyi işlərin icrası podratçı kimi iddiaçıya tapşırılmışdır. Görüləcək işlərin əvəzində cavabdeh tərəfindən iddiaçıya Bakı şəhəri, Şirin Mirzəyev küçəsində tikilən “Komfort” yaşayış kompleksinin İİİ blok, 10-cu mərtəbəsində yerləşən ümumi sahəsi 86.02 kv.m təşkil edən 333 saylı mənzil ayrılmışdır. Görüləcək işlər həmin mənzilin dəyərindən çıxılmalı idi. Lakin, ilkin olaraq mənzilə görə iddiaçı tərəfindən 15.000 manat ödənilmişdir. İddiaçı tərəfindən xx.xx.2018-ci il tarxdən xx.xx.2020-ci il tarixədək ümumilikdə 56.960 manat dəyərində iş görülmüşdür. xx.xx.2019-cu il tarixədək görülmüş işlərin dəyəri olan 6.214 manat pul vəsaiti iddiaçıya verilmiş xx.xx.2019-cu il tarixli maliyyə arayışına görə ayrılmış mənzildən çıxılmışdır. Daha sonra 27.346 manat dəyərində işlər görülmüşdür. Bundan başqa, “Komfort” yaşayış kompleksində 23.400 manatlıq iş görülmüş, həmin işlərin dəyəri isə nəğd qaydada ödənilməli idi. Lakin, cavabdeh öz öhdəliyini pozmuş, iddiaçı ilə mübahisə yaratmış, görülmüş işlərin keyfiyyətsiz olmasını əsassız olaraq iddia etmişdir. Görülmüş işlər keyfiyyətli olmuş, işlər görüldükdən sonra cavabdeh həmin işləri qəbul etmiş, əgər işlər keyfiyyətsiz idisə cavabdeh həmin işləri qəbul etməzdi. Cavabdeh qəsdən iddiaçı ilə mübahisə yaratmış, əsassız iddialar irəli sürmüş, mənzilin iddiaçıya verilməsindən imtina etmiş, iddiaçıya ayrılmış mənzili başqa şəxsə satmış, iddiaçı tərəfindən gördülmüş işlərin dəyərini isə ödəməmişdır. Cavabdehin sifarişi əsasında iddiaçı tərəfindən xx.xx.2018-ci il tarxdən xx.xx.2020-ci il tarixədək “Komfort” yaşayış kompleksində görülmüş işlərin dəyəri 56.960 manat təşkil edir. Həmçinin, görüləcək işlərin əvəzində veriləcək mənzilə görə iddiaçı cavabdehə 15.000 manat da ödəmişdir. Ümumilikdə, cavabdehin görülmüş işlərə görə iddiaçıya 71.960 manat borcu yaranmışdır. Görülmüş işlərə görə cavabdehin borcunu 10 gün ərzində ödəməsi üçün cavabdehə Pretenziya-təklif göndərilmişdir, cavabdeh təklifə cavab verməmişdir. Bundan sonra iddiaçı mübahisəni mediasiya vasitəsilə həll edilməsi üçün yenə cavabdehə təklif göndərmiş, cavabdeh təklifə cavab verməmiş, bundan sonra ilkin mediasiya iclası təyin edilmiş, cavabdeh iclasda iştirak etməmişdir. Mediasiya xərci kimi iddiaçı tərəfindən 400 manat ödənilmişdir. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. İddiaçı məhkəmə iclasında iddia ərizəsini müdafiə etdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi X2 məhkəmə iclasında iddia ərizəsinə etiraz edərək, izahatında bildirdi ki, iddiaçı podrat müqaviləsi əsasında işi görmüş və pulu artıqlaması ilə almışdır. Sonradan ev sahibləri şikayət etmişlər ki, evin polunda problemlər var. Şirkət həmin problemə baxdıqdan sonra görmüşdür ki, ev sahibləri haqlı narazılıq edirlər. İddiaçını dəvət etmişlər, lakin iddiaçı gəlməmişdir. Ona görə başqa şirkət çağırıb, həmin nöqsanları aradan qaldırmışlar. Həmin zərəri də aktlaşdırmışlar. İddiaçıya tanış olması üçün zərər aktını göndərmişlər. İddiaçıdan tələbi vurduğu ziyanı aradan qaldırması olmuşdur. Lakin o, cavabdehi qabaqlamaq üçün iddia ərizəsi vermişdir və guya cavabdehin ona 71.000 manat borcu olduğunu bildirmişdir. Hesab edir ki, iddia tələbi tamamilə əsassızdır. İddiaçıya şirkət tərəfindən bütün pullar tam ödənilmişdir. Sonda cavabdehin nümayəndəsi iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: İddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli, İNT/P/034/18 saylı podrat müqaviləsindən görünür ki, iddiaçı cavabdehin tapşırığı ilə hazırkı müqavilənin 1.2ci bəndində (1 saylı Əlavədə) göstərilmiş işlərin icrasını, cavabdeh isə həmin işin nəticəsini qəbul etməyi və ödəməyi öhdələrinə götürmüşlər. İddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2019-cu il tarixli, KY-413/2019 saylı müqavilədən görünür ki, cavabdehin mənzilin əsaslı tikintisinin lazımi qaydada apararaq mənzilin gələcəkdə mülkiyyətçisi ola biləcək iddiaçıya əsaslı tikilmiş formada, lazımi qaydada və hazırki müqavilədə göstərilmiş müddətdə təhvil verməyi, iddiaçı isə mənzilin tərəflər arasında razılaşdırılmış məbləğini cavabdehə ödəməyi öhdələrinə götürmüşlər. Müqavilənin 1.3.1-ci bəndinə əsasən iddiaçı ilə cavabdeh arasında bağlanılan İNT/P/034/18 saylı 10 oktyabr 2018-ci il tarixli Podrat müqaviləsi üzrə iddiaçı tərəfindən yerinə yetirilən və Təhvil-təslim aktı əsasında təhvil verilən işlərin dəyərinin bu Müqavilə üzrə iddiaçıya təqdim ediləcək mənzilin dəyərinə yönləndiriləcəkdir. İşlərin dəyəri bu müqavilə üzrə təqdim edilən mənzilin dəyərinin tam ödənilməsinə kifayət etmədiyi halda, iddiaçı əksik məbləği cavabdehə mənzil təhvil-təslim aktı əsasında ona təqdim edilənə kimi tam ödəyir. 008, 025, 062, 066 saylı İcra aktlarından görünür ki, iddiaçı tərəfindən 141848,45 manat dəyərində işlər görmüşdür. Cavabdehin xx.xx.2019-cu il tarixli 413/01 saylı Maliyyə arayışından görünür ki, İddiaçı, Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev və M.Şərifli küçələrinin kəsişməsində inşa edilən "Komfort" yaşayış kompleksinin İİİ-cü blok, 10-cu mərtəbəsində yerləşən və ümumi sahəsi 86.02 Kv.metr təşkil edən 333 saylı mənzilə görə Cavabdeh MMC ilə İddiaçı arasında bağlanılan İNT/P/034/18 saylı 10 oktyabr 2018-ci il tarixli Podrat müqaviləsi üzrə İddiaçı tərəfindən yerinə yetirilən və Təhvil-təslim aktı əsasında təhvil verilən işlərin dəyərindən 6214.85 manat mənzilin dəyərinə yönləndirilib silinir və Cavabdeh MMC-yə 88407.15 manat borcu qalır. Cavabdehin xx.xx.2020-ci il tarixli 413/02 saylı Maliyyə arayışından görünür ki, İddiaçı, Bakı şəhəri, Nizami rayonu, Şirin Mirzəyev və M.Şərifli küçələrinin kəsişməsində inşa edilən "Komfort" yaşayış kompleksinin İİİ-cü blok, 10-cu mərtəbəsində yerləşən və ümumi sahəsi 86.02 kv.metr təşkil edən 333 saylı mənzilə görə Cavabdeh MMC ilə İddiaçı arasında bağlanılan İNT/P/034/18 saylı 10 oktyabr 2018-ci il tarixli Podrat müqaviləsi üzrə İddiaçı tərəfindən yerinə yetirilən və Təhvil-təslim aktı əsasında təhvil verilən işlərin dəyərindən 8892.00 manat mənzilin dəyərinə yönləndirilib silinir və Cavabdeh MMC-yə 79515.15 manat borcu qalır. xx.xx.2019-cu il tarixli yerinə yetirilmiş malyar işlərinin və təhvil-təslim aktlarından görünür ki, iddiaçı tərəfindən ümumilikdə 4242,65 kv.metr 38183,85 manat dəyərində görülmüş rəngsaz təmir işləri cavabdehə təhvil verilmişdir. xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il tarixli, xx.xx.2019-cu il tarixli və xx.xx.2019cu il tarixli təhvil-təslimi aktlarından görünür ki, iddiaçı tərəfindən ümumilikdə 8315,06 kv.metr görülmüş rəngsaz təmir işləri cavabdehə təhvil verilmişdir. Aktlar təsdiq edilmişdir. xx.xx.2019-cu il tarixli 04956 saylı, xx.xx.2019-cu il tarixli 04288 saylı və xx.xx.2020ci il tarixli 04983 saylı kassa məxaric orderlərindən görünür ki, cavabdeh tərəfindən iddiaçıya 2804,66 manat, 60412,34 manat və 8892,7 manat, ümumilikdə 72109,7 manat məbləğində ödəniş edilmişdir. Məhkəmə iddiaçının, onun nümayəndəsi və vəkilinin, cavabdehin nümayəndəsinin izahatlarını dinləyərək, iş materiallarını tədqiq edib, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya həmin Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 755-ci maddəsinə əsasən podratçı işi şəxsən yerinə yetirməyə yalnız bunun müqavilədən, yaxud konkret hallardan və ya işin xarakterindən irəli gəldiyi hallarda borcludur. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2018-ci il tarixli, İNT/P/034/18 saylı podrat müqaviləsi bağlanmış və müqaviləyə əsasən iddiaçı cavabdehin tapşırığı ilə hazırkı müqavilənin 1.2-ci bəndində (1 saylı Əlavədə) göstərilmiş işlərin icrasını, cavabdeh isə həmin işin nəticəsini qəbul etməyi və ödəməyi öhdələrinə götürmüşlər. Sonra iddiaçı ilə cavabdeh arasında xx.xx.2019-cu il tarixli, KY-413/2019 saylı müqavilə bağlanmış və müqaviləyə əsasən cavabdeh iddiaçıya mənzil satmağı və iddiaçı mənzilin dəyərini, onun tərəfindən yerinə yetirilən və Təhviltəslim aktı əsasında təhvil verilən işlərin dəyəri mənzilin dəyərinə yönəldilməklə ödəməyi öhdələrinə götürmüşlər. İddiaçı tərəfindən işlər görülərək cavabdehə təhvil verilmiş, cavabdeh tərəfindən isə işlər təhvil alınmışdır. Məhkəmə qeyd edir ki, podrat müqaviləsi iki tərəfin, podratçının və sifarişçinin birbiri ilə üst-üstə düşən iradə ifadələrinin əsasında əmələ gəlir və tərəflərin hər ikisi üçün həm hüquq, həm də vəzifə yaradır. Bu müqaviləyə əsasən sifarişçi işi qəbul etmək hüququ və onun razılaşdırılmış muzdunu ödəmək öhdəliyi, podratçı üçün müqavilədə nəzərdə tutulan işi icra etmək öhdəliyi və onun razılaşdırılmış muzdunun ödənilməsini tələb etmək hüququ yaranır. Məhkəmə qeyd edir ki, tərəflər, iddiaçı tərəfindən işlərin görülərək təhvil verilməsini və iddiaçı tərəfindən işlərin təhvil alınmasını, eyni zamanda görülmüş işlərə görə muzdun məbləğini və cavabdehə ödənilmiş 15000 manat mübahisələndirmir. Tərəflərin arasındakı mübahisə yalnız görülmüş işlərə görə muzdun ödənilib-ödənilməməsi barədədir. Mübahisənin mahiyyətini görülmüş işlərə görə muzdun ödənilməsinə dair fikir ayrılığı təşkil edir. Belə ki, cavabdeh muzdun artıqlaması ilə ödənildiyini, iddiaçı isə muzdun ödənilmədiyini bildirir. Ona görə də mübahisənin düzgün həll edilməsi üçün görülmüş işlərə görə muzdun ödənilib-ödənilməməsinin müəyyən edilməsi üçün tərəflərin məhkəməyə təqdim etdikləri sübutlar araşdırılmalıdır. Mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Mülki prosesdə sübutlar dedikdə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını təsdiq edən məlumatlar başa düşülür (MPM-nin 76.1-ci maddəsi). Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (MPM-nin 76.2-ci maddəsi). Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Qeyd olunan normaların tələblərinə muzdun ödənilib-ödənilməməsinin sübutetmə vəzifəsi cavabdeh tərəfindən icra edilməli olan öhdəliklə bağlı olduğundan həmin öhdəliyin icra edilməsinin sübutetmə vəzifəsi cavabdehin üzərinə düşür. Məhkəmə tədqiqatı zamanı müəyyən olunmuş hallardan göründüyü kimi tərəflər muzdun ödənilməsini cavabdeh tərəfindən iddiaçıya satılması nəzərdə tutulmuş mənzilin dəyərinə yönəldilməklə, yəni görülmüş işlərin dəyəri əvəzində mənzilin verilməsi razılaşdırılmışdır. Lakin iş materiallarından, eyni zamanda tərəflərin izahatlarından göründüyü kimi həmin mənzil muzdun əvəzi kimi iddiaçıya təqdim edilməmiş və bu hal işin mübahisələndirilməyən halıdır. Cavabdeh muzdun iddiaçıya ödənilməsinə dair məhkəməyə xx.xx.2019-cu il tarixli 04956 saylı, xx.xx.2019-cu il tarixli 04288 saylı və xx.xx.2020-ci il tarixli 04983 saylı kassa məxaric orderləri təqdim etrmiş və həmin orderlərə görə cavabdeh tərəfindən iddiaçıya 2804,66 manat, 60412,34 manat və 8892,7 manat, ümumilikdə 72109,7 manat məbləğində ödəniş edilmişdir. Lakin orderlər cavabdeh tərəfindən təsdiq edilməmişdir. Eyni zamanda orderlərin tarixlərini nəzərə aldıqda orderlər işin hallarına uyğun gəlmədiyindən mötəbər hesab oluna bilməz. Belə ki, iddiaçı tərəfindən görülmüş işlərin dəyəri xx.xx.2019-cu il və xx.xx.2020-ci il tarixlərdə mənzilin dəyərinə yönəldilmiş və mənzilin dəyərindən silinmişdir (xx.xx.2019-cu il tarixli və xx.xx.2020-ci il tarixli Maliyyə arayışları). Bundan başqa, orderlər üzrə cavabdeh tərəfindən xx.xx.2019-cu il tarixdə 2804,66 manat, xx.xx.2019-cu il tarixdə isə 60412,34 manat, ümumilikdə 63217 manat iddiaçıya pul ödənildiyi (iddiaçının göstərdiyi görülmüş işlərin dəyərindən, yəni 56.960 manatdan artıq) halda, iddiaçı ilə cavabdeh arasında görülən işlərə görə muzdun mənzilə yönəldilməsinə dair xx.xx.2019-cu il tarixli, KY-413/2019 saylı müqavilə bağlanmışdır. Cavabdehin nümayəndəsi göstərilən hallara münasibət bildirə bilməmiş, bu halları təkzib edən faktları sübut edə bilməmişdir. Qeyd olunanlardan göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında bağlanmış podrat müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış, həmin öhdəliyə görə iddiaçı öhdəliyi yerinə yetirərək, işləri görmüş, bunun nəticəsində iddiaçının cavabdehdən müqavilə üzrə müəyyənləşdirilmiş öhdəliyi tələb etmək hüququ yaranmış, cavabdeh isə müqavilə üzrə öhdəlikləri yerinə yetirməmişdir. Buna görə də xx.xx.2018-ci il tarixli, İNT/P/034/18 saylı podrat müqaviləsinə əsasən ödənilməmiş 71.960 manat borc məhkəmə tədqiqatı zamanı təsdiq olunduğundan və cavabdeh tərəfindən bu borcu təkzib edən mötəbər sübut məhkəməyə təqdim edilmədiyindən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunan xüsusatlara və istinad edilən hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. NƏTİCƏ HİSSƏSİ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216, 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehndən 71.960 manat pul və 400 manat mediasiya xərci tutularaq İddiaçı ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə ondan Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Pirverdiyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-1844/2022
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1844/2022
19.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver