Məhkəmə qərarları › İş №e-2-2(113)-1855/2021

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1855/2021

26.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1855/2021 26.05.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Qasımov Fərrux Hüseynağa oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, iddiaçının nümayəndəsi Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı pul tələbi barədə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 382641,49 manat əsas borc, Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən hesablanmış 83698,81 manat faiz borcu, ümumilikdə cəmi 466340,30 manat ödənişin və 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, sifarişçi Cavabdeh ASC ilə podratçı İddiaçı MMC arasında imzalanmış 17 yanvar 2011-ci il tarixli, DB/7460/LV/007/105 saylı podrat müqaviləsinə əsasən podratçı Qəbələ şəhərində sugötürücü qurğuları və baş su təchizatının tikintisi layihəsi çərçivəsində sifarişçinin tapşırdığı tikinti quraşdırma işlərini yerinə yetirməyi, sifarişçi isə podratçının gördüyü işlərin müqabilində müqavilə ilə razılaşdırılmış haqqı ödəməyi öhdəsinə götürmüşdür. Podratçı müqavilə üzrə öhdəliklərini tam şəkildə icra etmiş və işləri tam yekunlaşdıraraq tərəflərin səlahiyyətli nümayəndələrinin və layihə üzrə nəzarətçi təşkilatın nümayəndəsinin imzaladığı görülmüş işlərə dair qəbulu aktı ilə Sifarişçiyə təhvil vermişdir. Lakin, sifarişçi bu günə qədər müqavilə üzrə öhdəliyini tam icra etməmişdir. sifarişçinin podratçı qarşısında 382641,49 manat pul öhdəliyi mövcudur, bununla bağlı tərəflər arasında 20 fevral 2019-cu il tarixdə üzləşmə aktı imzalanmış və bu aktla sifarişçi podratçıya həmin məbləğdə borcunun olduğunu bir daha təsdiq etmişdir. Cavabdeh tərəfindən iddiaçıya sonuncu dəfə 23 aprel 2018-ci il tarixdə ödəniş edilmişdir. Cavabdeh icra etməli olduğu pul öhdəliyinin bir hissəsinin icrasını gecikdirdiyinə görə Azərbaycan Respublikasının Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən borcun ümumi dəyərinin illik 5%-ni, yəni 83698,81 manat da iddiaçıya ödənilməlidir. İddiaçının nümayəndəsi Vəkil iddianı müdafiə etdiyini bildirərək bildirərək iddia ərizəsi ilə eyni məzmunlu izahat verdi və əlavə olaraq izahatında göstərdi ki, iddia müddətinin axımı qüsur öhdəliyi sertifikatı verildikdən, yəni, 17 iyun 2016-cı il tarixdən yaranmış, 23 aprel 2018-ci il tarixdə cavabdeh tərəfindən ödəniş olunduğuna görə müddətin axımı kəsilmişdir. İddia ərizəsi ilə məhkəməyə 2021-ci ilin mart ayında müraciət olunduğuna görə iddia müddəti ötürülməmişdir. Cavabdehin nümayəndəsi X2 iddianı qəbul etmədiyini bildirərək iddia müddəti ötürüldüyünə görə iddianın rədd olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Mülki iş materiallarında olan: - İddiaçı ilə Cavabdeh Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış 17 yanvar 2011ci il tarixli, DB-7460/LV/007/105 saylı podrat müqaviləsinə əsasən podratçı Qəbələ şəhərində sugötürücü qurğuları və baş su təchizatının tikinti layihəsi çərçivəsində sifarişçinin tapşırdığı tikinti quraşdırma işlərini yerinə yetirməyi, sifarişçi isə podratçının gördüyü işlərin müqabilində müqavilə ilə razılaşdırılmış haqqı ödəməyi öhdəsinə götürmüşdür. - 17 yanvar 2011-ci il tarixli DB-7460/LV/007/105 saylı müqaviləyə 2 saylı düzəliş ilə müqavilədə nəzərdə tutulan tamamlanma tarixi 04.08.2012-ci ilə kimi, 3 saylı düzəliş ilə tamamlanma tarixi 04.11.2012-ci ilə kimi, 4 saylı düzəliş ilə 28.02.2013-cü ilə kimi, 5 saylı əlavə ilə 31.08.2013-cü ilə kimi, 6 saylı düzəliş ilə 31.10.2013-cü ilə kimi nəzərdə tutulmuş və 7 saylı düzəliş ilə müqavilənin ümumi qiyməti 2620891,52 manat məbləğində artaraq 15499781,85 manat təşkil etmişdir. - 2013-cü ilin dekabr ayına tarixə yerinə yetirilmiş podrat işlərinin və xərclərinin müqavilə qiyməti ilə dəyərinə dair arayışa əsasən yerinə yetirilən podrat işlərinin dəyəri 14119866,03, həmçinin tikinti quraşdırma işlərinin dəyəri 293121,46 manat təşkil etmişdir. - 18.06.2015-ci il tarixli təhvil-təslim aktına əsasən podratçıya layihə rəhbəri tərəfindən əlavə B-də göstərilən bütün qüsurları Zəmanət müddətinin sonuna 18 sentyabr 2015-ci il tarixdək aradan qaldırmaq barədə göstəriş verildiyi və layihə rəhbərinin müqavilənin ÜŞ-nin 34-cü bəndindən düzəliş edilməmiş qüsurlardan, irəli gələn hüquqları qalır və podratçıya bildirilmiş qüsurları göstərilən müddət ərzində düzəldilməsi tövsiyyə edilmişdir. - 07.09.2016-cı il tarixli tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqda qəbul komissiyasının aktına əsasən obyektin tikintisi 05.04.2011-ci il tarixdə başlandığı və 27.12.2013-cü il tarixdə başa çatdığı qeyd olunmuşdur. - 17.06.2016-cı il tarixli qüsur öhdəliyi sertifikatına əsasən müqavilənin ümumi şərtlərinin 54.1-ci bəndinə uyğun olaraq podratçı qüsur üzrə məsuliyyət müddəti ərzində təmir öhdəliklərini qənaətbəxş şəkildə yerinə yetirmək də daxil olmaqla, müqavilə üzrə bütün öhdəliklərini lazımi qaydada yerinə yetirmiş və müqavilə üzrə ümumi məbləğin yekun hesabatını təqdim etmişdir. - 17.06.2016-cı il tarixli tamamla sertifikatına əsasən podratçı Qəbələ şəhərində su təchizatı və qurğularının tikintisinə dair müqavilənin ümumi şərtlərinin 52-ci bəndinin tələbləri baxımından bütün öhdəliklərini yernə yetirmiş hesab olunması təsdiq olunmuşdur. - 20.02.2019-cu il tarixli üzləşmə aktına əsasən Qəbələ şəhərində sugötürücü qovşaq və su təchizatı qurğularının tikintisi üzrə yekun borc məbləği 382641,49 manat təşkil etmişdir. - 05.05.2021-ci il tarixli arayışa əsasən iddiçının Cavabdeh ASC-nin keyfiyyət zəmanəti kimi saxladığı 722075,16 manata tələb hüququ qüsur öhdəliyi sertifikatı verildikdən sonra, yəni 17.06.2016-cı il tarixdən yarandığı, 23 aprel 2018-ci il tarixdə cavabdeh keyfiyyət zəmanəti kimi saxladığı 722075,16 manat vəsaitin 339433,67 manatını ödədiyini, saxlanan vəsaitin 382641,49 manatı ödənilmədiyi qeyd olunmuşdur. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. - 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. - 769-cu maddəsinə əsasən əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir. Tərəflər arasında bağlanmış müqavilənin 52.1-ci bəndinə əsasən podratçı layihə rəhbərlərindən işlərin tamamlanma sertifikatının verilməsini tələb edir və layihə rəhbəri bütün işlərin tamamlandığı qərarına gəldikdən sonra həmin sertifikatı verir. Həmin müqavilənin 54.1-ci maddəsinə əsasən podratçı layihə rəhbərini qüsurlara görə məsuliyyət müddətinin başa çatmasından əvvəl müqavilə üzrə ödənilməli olduğunu düşündüyü ümumi məbləğin yekun hesabat ilə təmin edir. Podratçının hesabatı düzgün və tamdırsa, layihə rəhbəri bu hesabatı aldıqdan sonra 56 gün içində qüsurların öhdəliyi sertifikatını verir və podratçıya ödəniləcək son ödənişi təsdiq edir. İşin hallarından göründüyü kimi iddiaçı tərəf müqavilə üzrə öhdəliklərini yerinə yetirilmiş və layihə cavabdeh tərəfindən qəbul edilmişdir. Həmçinin 17.06.2016-cı il tarixli tamamla sertifikatına əsasən podratçı Qəbələ şəhərində su təchizatı və qurğularının tikintisinə dair müqavilənin ümumi şərtləinin 52-ci bəndinin tələbləri baxımından bütün öhdəliklərini yerinə yetirmiş hesab olunması təsdiq olunmuşdur. Lakin cavabdeh tərəf mübahisələndirilən zəmanət məbləğini tam ödəməmiş, hətta 20.02.2019-cu il tarixli üzləşmə aktına əsasən Qəbələ şəhərində sugötürücü qovşaq və su təchizatı qurğularının tikintisi üzrə yekun borc məbləği 382641,49 manat təşkil etməsini qəbul etmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddianın 382641,49 manat əsas borcun ödənilməsi hissəsində təmin olunması üçün əsaslar mövcuddur. Bundan başqa məhkəmə cavabdehin nümayəndəsinin iddia müddətinin tətbiqi barədə ərizəsi ilə bağlı aşağdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. - 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. - 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. İddia müddəti ilə bağlı məsələnin aydınlaşdırılması üçün müddətin axımının hansı vaxtdan hesablanmalı olduğu müəyyən edilməlidir. Tərəflər arasında bağlanmış müqavilənin ümumi şərtlərinin: - 45.1-ci bəndində qeyd olunmuşdur ki, müqavilənin ümumi şərtlərinin 51.1-ci maddəsinə əsasən layihə rəhbəri tərəfindən işlərin tamamlama sertifikatı verildikdən sonra tutulan ümumi məbləğin yarısı podratçıya geri ödəniləcək, digər yarısı isə qüsurlara görə məsuliyyət müddəti keçdikdən və layihə rəhbəri tərəfindən podratçıya bildirilmiş qüsurların bu müddət bitmədən əvvəl aradan qaldırılmasına dair layihə rəhbərinin təsdiqindən sonra ödəniləcəkdir. - 52.1-ci bəndinə əsasən podratçı layihə rəhbərindən işlərin tamamlanma sertifikatını verməyi tələb edir və layihə rəhbəri bütün işlərin tamamlandığı qərarına gəldikdən sonra həmin sertifikatı verir. - 53.1-ci bəndinə əsasən sifarişçi layihə rəhbəri işlərin tamamlanması sertifikatını verdikdən sonra 7 gün ərzində sahəni və işləri təhvil alacaqdır. İşin faktiki halları və təqdim olunmuş sənədlərlə təsdiq edilir ki, müqavilə üzrə yerinə yetirilmiş işlərin dəyəri 14119866,03 manat təşkil edir, həmin məbləğin 13397791,13 manat hissəsi ödənilmişdir. Müqavilənin yuxarıda göstərilən şərtlərinə uyğun olaraq yerinə yetirilmiş işlərdən sifarişçinin keyfiyyət zəmanəti kimi saxladığı məbləğ 722075,16 manat olmuşdur. Müqavilə üzrə işlərin təhvil – təslim aktı 18 iyun 2015-ci il tarixdə imzalanmışdır. Müqavilənin ümumi şərtlərinin 33-cü bəndində qüsurlara görə məsuliyyət müddəti 365 gün müəyyən olunduğuna görə, bu müddət 17 iyun 2016-cı il tarixdə başa çatmış və bu barədə həmin tarixdə həm qüsur öhdəliyi sertifikatı, həm də işlərin tamamlanma sertifikatı verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 380.1-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. - 380.2-ci maddəsinə əsasən fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. Göründüyü kimi 1-ci hal (müəyyənləşdirilmiş qaydada iddia irəli sürülməsi) iddiaçının, 2-ci hal (borclu şəxsin borcu etiraf etməsini göstərən hərəkətlər etməsi) isə cavabdehin aktiv hərəkətləri ilə bağlı olmalıdır. Müqavilə şərtlərinə uyğun olaraq sifarişçinin keyfiyyət zəmanəti kimi saxladığı 722075,16 manata tələb hüququ da həmin tarixdən, yəni, 17 iyun 2016-cı il tarixdən yaranmışdır. Bundan sonra həmin məbləğin 339433,67 manat hissəsi 23 aprel 2018-ci il tarixdə sifarişçi tərəfindən podratçıya ödənilmiş, yəni, iddia müddətinin axımı kəsilmiş və həmin tarixdə yenidən başlanmışdır. İddiaçı MMC isə iddia ərizəsi ilə məhkəməyə 15 mart 2021-ci il tarixdə, yəni, iddia müddətinin bitməsinə təxminən 1 aydan artıq vaxt qaldığı müddətdə müraciət etmiş, yəni, müddət ötürülməmişdir. İddia müddəti ötürülmədiyinə görə məhkəmə hesab edir ki, bu əsasla iddia rədd edilə bilməz. Faiz borcu ilə bağlı iddiaçı hüquqi əsas olaraq Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.7-ci maddəsinə istinad etmişdir. Həmin maddənin tələbinə görə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Tərəflər arasında bağlanmış müqavilənin ümumi şərtlərinin 40.1-ci bəndinə görə ödənişlər əvvəlcədən ödənişlər edilməklə və çıxılmalar tutulmaqla tənzimlənir. Sifarişçi hər bir sertifikat verildiyi tarixdən etibarən 28 gün ərzində layihə rəhbəri tərəfindən təsdiq edilmiş məbləğləri podratçıya ödəməlidir. Sifarişçi ödənişləri gecikdirdikdə, növbəti ödənişdə gecikmiş ödəniş üçün podratçıya faiz ödənilir. Faizlər ödənişlərin həyata keçirildiyi tarixdən gecikdirilmiş ödənişlər edildiyi tarixə qədər ödənişlərin həyata keçirildiyi valyutaların hər biri üçün kommersiya borcu üçün faiz dərəcəsi ilə hesablanır. Göründüyü kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 445.7-ci maddəsində illik beş faiz məbləğində pulun tutulması üçün “əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə” şərti nəzərdə tutulmuşdur. Yəni, normada şərt olaraq “əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə etmirsə” nəzərdə tutulsa idi, bu, kreditorun hüququ kimi müəyyən olunması qənaətinə gəlməyə əsas verərdi. Lakin bu müddəa ona əsas verir ki, kreditor illik beş faiz pul tutulmasını tələb edirsə, digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilməməsini əsaslandımalıdır. Müqavilənin ümumi şərtlərinin qeyd olunan bəndində sifarişçi tərəfindən pulun ödənilməsinin gecikdirildiyi təqdirdə faizlərin ödənilməsi üçün xüsusi bənd müəyyən olunmuşdur. İddiaçı isə qeyd olunan bənd üzrə araşdırma aparmadan, yəni, həmin bəndə əsasən müəyyən olunan faizlərin beş faizdən artıq olub – olmamasını müəyyən etmədən hazırkı tələbi irəli sürmüşdür. Buna görə də məhkəmə hesab edir ki, həmin hissədə iddia rədd olunmalıdır. İddianın qismən təmin olunmasını və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 26 manat məbləğində pul vəsaiti də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı pul tələbi barədə iddiası qismən təmin edilsin. 382641,49 manat məbləğində pul vəsaiti Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən tutularaq İddiaçınə ödənilsin. Dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 26 manat məbləğində pul vəsaiti Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar