Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-187/2023 24.07.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “borcun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: podrat müqaviləsi, borcun ödənilməsi) Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Qasımov Fərid Fərzalı oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə2 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı cavabdehdən əsas borc olaraq 101828.83 manat, pul vəsaitinin ödənilməsini gecikdirilmiş borca görə 7891.73 manat, cəmi 109720.56 manat məbləğində pul vəsaitinin və 400 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsinə dair kommersiya işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı Cavabdehnə qarşı cavabdehdən əsas borc olaraq 101828.83 manat, pul vəsaitinin ödənilməsini gecikdirilmiş borca görə 7891.73 manat, cəmi 109720.56 manat məbləğində pul vəsaitinin və 400 manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında xx.xx.2021-ci il tarixli P-01\21 nömrəli ümumi dəyəri 2600817.00 manat təşkil edən müqavilə bağlanmışdır. Müqaviləyə əsasən cavabdeh müqavilənin ümumi məbləğinin 20% hissəsini, yəni 520163.4 manat məbləğində pul vəsaitini avans şəklində iddiaçıya ödəmişdir. Eyni zamanda iddiaçı tərəfindən cavabdehə 520163.4 manat məbləğində bank qarantiyası verilmişdir. 2021-ci ilin fevral ayı üçün görülmüş işlərin dəyəri 2 nömrəli forma arayışına əsasən 352822.95 manat təşkil etmiş, həmin məbləğin 70564.59 manat hissəsi avansdan çıxılmış, qalan 282258.36 manat məbləğində olan hissəsi isə iddiaçıya ödənilmişdir. 2021ci ilin mart ayı üçün görülmüş işlərə görə ümumi dəyəri 289802.47 manat təşkil edən 2 nömrəli forma arayışı iddiaçı tərəfindən cavabdehə təqdim olunmuşdur. Daha sonra həmin 2 nömrəli forma arayışı əsasında cavabdehə hesab-faktura və elektron qaimə göndərilmişdir. Həmin ödəniş cavabdeh tərəfindən həyata keçirilməmiş və səbəb olaraq bank hesabının üzərində həbsin olması bildirilmişdir. İddiaçı tərəfindən 2021-ci ilin aprel və may aylarında da işlər davam etdirilmiş, lakin hər hansı ödəniş həyata keçirilmədiyinə görə xx.xx.2021-ci il tarixində işlər dayandırılmışdır və iddiaçı tərəfindən müqaviləyə xitam verilməsi qərara alınmışdır. Bununla bağlı olaraq 2021-ci ilin mart, aprel və may ayları üzrə ümumi dəyəri 402302.81 manat təşkil edən 2 nömrəli forma arayışı cavabdehə təqdim olunmuş, lakin həmin arayış cavabdeh tərəfindən qəbul olunmamışdır və qeyd edilən dövrə görə ümumi dəyəri 300473.98 manat təşkil edən 2 nömrəli forma arayışı iddiaçıya təqdim olunmuşdur, lakin həmin arayış da iddiaçı tərəfindən qəbul olunmamışdır. Buna baxmayaraq cavabdeh 151339.83 manat məbləğində ödəniş tələbi ilə banka müraciət etmiş və həmin məbləğ bank qarantiyasından silinmişdir. Hesab edir ki, 2021-ci ilin mart, aprel və may ayları üzrə görülmüş işlərin dəyəri 402302.81 manat təşkil etdiyi halda, cavabdeh tərəfindən həmin dövrə görə görülmüş işlərin dəyəri 300473.98 manat məbləğində müəyyən edilmişdir. Beləliklə mübahisəli dövr üzrə 101828.83 manat məbləğində pul vəsaiti cavabdeh tərəfindən iddiaçıya ödənilməlidir. Bununla bağlı olaraq cavabdehə podrat müqaviləsi üzrə öhdəliyin icra edilməməsinə dair xx.xx.2022-ci il tarixdə pretenziya göndərilmiş və 101828.83 manat məbləğində pul vəsaiti ödənilmədikdə məhkəməyə müraciət olunacağı bildirilmişdir. Lakin pretenziyada göstərilən müddətin keçməsinə baxmayaraq həmin məbləğ hələ də ödənilməmişdir. Həmçinin hesab edir ki, cavabdeh müqavilə üzrə yerinə yetirilmiş işlərə görə pul vəsaitinin ödənilməsini gecikdirdiyinə görə həmin məbləğdən faizlər ödəməlidir. Bu halda Mərkəzi Bank tərəfindən müəyyən edilən uçot dərəcəsi nəzərə alınsa, cavabdeh tərəfindən pul öhdəliyin icra edilməməsinə görə 7.75% miqdarında faiz hesablanıb borc məbləğinə əlavə edilməlidir. Bu halda həmin məbləğ 7891.73 manat təşkil edəcəkdir (101828.83 *7.75%=7891.73).
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir.
4. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 iddia ərizəsinə etiraz edərək, izahatında bildirdi ki, iddiaçı tərəfindən təqdim olunan “forma 2”-də olan işlər düzgün qeyd olunmadığı üçün cavabdeh tərəfindən bu qəbul edilməmişdir. Bugün iddiaçının cavabdehə qarşı qaldırdığı iddia “forma 2”-lər üzrə yaranmış fərqdir. Daha sonra cavabdeh tərəfindən “forma 2” uyğun formada yenidən tərtib edib iddiaçıya təqdim etmişdir. İddiaçı tərəfindən cavabdehin təqdim etdiyi “forma 2” uyğun hesab edilmədiyi üçün, cavabdeh başqa şəxslə müqavilə bağlayıb, təhvil-təslim aktı ilə həmin işləri gördürmüşdür. Sonda cavabdehin nümayəndəsi və vəkili iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir.
III.Məhkəmə baxışının hədləri:
5. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Tətbiq edilən hüquq:
6. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. 449.2-ci maddəsinə əsasən bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir. 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır.
7. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanun: 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.
8. “Mediasiya haqqında” Qanun: 36.5.-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.
V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:
9. İşin müəyyən və mübahisələndirilməyən halları ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2021-ci il tarixli P-01\21 nömrəli Podrat müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən iddiaçı, cavabdehin tələblərinə əsasən cavabdehə məxsus olan Bakı şəhəri, Yasamal rayonu, M.Muxtarov, L.Tolstoy, S.Tağızadə və Zərgərpalan küçələrinin kəsişməsindəki 252-ci məhəllə ünvanında tikintisi yarımçıq qalmış 3 bloklu, çoxmərtəbəli yaşayış binasının tikinti - quraşdırma üzrə podrat işlərini yerinə yetirməyi, işi başa çatdırmağı və cavabdehə tam hazır vəziyyətdə təhvil verməyi, cavabdeh isə iddiaçının gördüyü işin müqabilində bu Müqavilədə razılaşdırılmış haqqı ödəməyi öhdələrinə götürürlər. İddiaçı tərəfindən işlər icra edilmiş, cavabdeh tərəfindən qəbul edilmişdir.
10. Məhkəmə qeyd edir ki, tərəflər işlərin icra edilməsini mübahisələndirmir. Tərəflərin arasındakı mübahisə yalnız 2021-ci ilin mart, aprel, may ayları üzrə icra edilmiş işlərin dəyəri barədədir. Mübahisənin mahiyyətini göstərilən dövr üzrə icra edilmiş işlərin dəyərinə dair fikir ayrılığı təşkil edir. Belə ki, cavabdeh bu dəyərin 300473,98 manat (cavabdehin iddiaçıya ünvanladığı xx.xx.2021-ci il tarixli 79 saylı məktubu), iddiaçı isə 402302,81 manat təşkil etdiyini bildirir. Ona görə də mübahisənin düzgün həll edilməsi üçün podrat müqaviləsi üzrə 2021-ci ilin mart, aprel və may ayları üzrə görülən işlərin dəyərinin nə qədər təşkil etdiyinin müəyyən edilməsi üçün məhkəmə tərəfindən ekspertiza təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/41 saylı ekspert rəyi ilə, Bakı şəhəri, Yasamal rayonu, M.Muxtarov, L.Tolstoy, S.Tağızadə və Zərgərpalan küçələrinin kəsişməsindəki 252-ci məhəllə ünvanında tikintisi yarımçıq qalmış 3 bloklu, çoxmərtəbəli yaşayış binasında İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2021 -ci il tarixli P-01V21 nömrəli podrat müqaviləsinə əsasən 2021-ci ilin mart, aprel və may aylarında yerinə yetirilən işlərinin ümumi dəyəri 334890,26 manat (ƏDV-siz) məbləğində müəyyən edilmişdir.
11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 103.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.
12. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
13. Məhkəmə, Məhkəmə Ekspertizası Mərkəzinin ekspert rəyi ilə razılaşaraq qeyd edir ki, ekspert rəyinin məzmunundan və ekspertiza tədqiqatının aparıldığı sənədlərdən görünür ki, ekspertin gəldiyi nəticə, ona ekspertiza tədqiqatının aparılması üçün təqdim olunmuş sənədlər tədqiq olunmaqla əldə olunmuş və iş materiallarına əlavə olunmuş sübutlara (sənədlərə) və işin həqiqi hallarına uyğundur və kifayət qədər əsaslandırılmışdır.
14. Qeyd edilənləri nəzərə alan məhkəmə hesab edir ki, yuxarıda tədqiq edilən məhkəmə ekspertiza mərkəzinin ekspert rəyi ilə müəyyən edilən hallar və gəlinən nəticə, inandırıcı sübut kimi qəbul edilməli və düzgün nəticə kimi qiymətləndirilməlidir. Çünki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş ekspert rəyi hazırki iş üzrə sübut əhəmiyyətinə malikdir və məhkəmənin icra edilmiş işlərin dəyəri ilə bağlı gəldiyi yekun nəticədə istinad edilən mötəbər sübutdur.
15. İddia ərizənin məzmunundan görünür ki, iddiaçı tərəfindən tələb olunan 101828.83 manat məbləğində borc, icra edilmiş işlərə dair iddiaçının müəyyən etdiyi dəyərlə (402302,81 manat) cavabdehin müəyyən etdiyi dəyər (300473,98 manat) arasındakı fərqdir.
16. Bu halda, icra edilmiş işlərə dair ekspert rəyi ilə müəyyən edilən dəyərlə (334890,26 manat) cavabdehin müəyyən etdiyi dəyər (300473,98 manat) arasındakı fərq 34416,28 manat təşkil edir ki, həmin məbləğin ƏDV-si də nəzərə alındıqda cavabdehin xx.xx.2021-ci il tarixli P-01\21 nömrəli Podrat müqaviləsi üzrə iddiaçıya olan borcu 40611,21 manat (34416,28 manat + 6194,93 manat ƏDV) təşkil edir.
17. Yuxarıda qeyd olunan normaların tələblərini rəhbər tutaraq məhkəmə hesab edir ki, iddia, cavabdehdən iddiaçının xeyrinə 2021-ci ilin mart, aprel, may ayları üzrə icra edilmiş işlərə görə 40611,21 manat muzd tutulmaqla qismən təmin edilməlidir.
18. Məhkəmə iddia tələbinin pul vəsaitinin ödənilməsini gecikdirilmiş borca görə tələb olunan pul vəsaitinə münasibətdə qeyd edir ki, iddiaçı göstərilən tələbi Mülki Məcəllənin 449.1-cu maddəsinə əsaslanaraq irəli sürmüşdür.
19. Qeyd olunan normanın tələbinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir.
20. Göründüyü kimi faizlərin ödənilməsi borcun ödənilməsini gecikdirməklə faydalanmağa görə olmalıdır. Bu halda həmin faydalanmağı sübut etmək vəzifəsi bu tələbi irəli sürən iddiaçının üzərinə düşür.
21. İddiaçı isə cavabdehin borcun ödənilməsini gecikdirməklə faydalandığını sübuta yetirə bilməmiş və bu halı təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddia göstərilən hissədə təmin oluna bilməz.
22. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 40611,21 manat məbləğində pul vəsaiti tutularaq tutularaq iddiaçıya ödənilməli və iddia qalan hissədə rədd edilməlidir.
23. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə məhkəmə xərcləri qeyd olunan normanın tələblərinə uyğun bölüşdürülməlidir.
24. İş üzrə iddianın təmin edilmiş hissəsinin iddia tələbinin 37 faizini təşkil etdiyini nəzərə aldıqda, iddianın təmin edilmiş hissəsinə uyğun olaraq ödənilmiş 400 manat dövlət rüsumunun 148 manat məbləği cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan 252 manat məbləğ iddiaçıya aid edilməlidir.
25. Eyni zamanda iş üzrə təyin edilmiş məhkəmə ekspertiza tədqiqatlarının dəyəri 100 manat məbləğində ekspertiza xərclərinin 50 manat məbləği cavabdehdən, qalan 50 manat məbləği iddiaçıdan tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir.
VI. Nəticə:
26. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. Cavabdehndən 40611,21 manat məbləğində pul vəsaiti tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Ödənilmiş 400 manat dövlət rüsumunun 148 manat məbləği Cavabdehndən tutularaq İddiaçınə ödənilsin, qalan 252 manat məbləği İddiaçınə aid edilsin. İş üzrə təyin edilmiş məhkəmə ekspertiza tədqiqatlarının dəyəri 100 manat məbləğində ekspertiza xərclərinin 50 manat məbləği "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən, qalan 50 manat məbləği İddiaçındən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN: **********, X1, Kod: 210005, VÖEN: **********, Müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, AZ34CTRE******************** saylı hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Zaur Pirverdiyev