Məhkəmə qərarları › İş №e-2-2(113)-189/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-189/2022

03.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-189/2022 03.02.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əhmədov İlham Bayram oğlunun sədrliyi, Kamilli Günel Hakim qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə İddiaçı cavabdeh Cavabdeh MMC-yə qarşı “xidmət müqaviləsi üzrə borcun ödənilməsi” tələbi barədə iddia ərizəsi üzrə işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 22717 manat borcun və ödənilmiş dövlət rüsumuna görə 30 manat məbləğində pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında bağlanmış 19.10.2017-ci il tarixli müqaviləyə əsasən iddiaçı müqavilədə göstərilmiş şərtlərlə cavabdehə kran xidməti göstərməyi, cavabdeh isə bunun müqabilində hər ay iddiaçıya 3000 manat ödəməyi öhdəsinə götürmüşdür. İşin görüldüyü 1 il 7 ay müddətində iddiaçı tərəfindən öhdəlik lazımı qaydada icra olunsa da, cavabdeh iddiaçıya hər ay kəsrlə cəmi 34,283 manat ödəniş etmiş, qalıq 22717 manatın isə qısa zamanda ödəyəcəyini bildirsə də, hal-hazıradək ödəməmişdir. Cavabdeh tərəfindən sonuncu dəfə ödəniş 31.05.2019-cu il tarixində cəmi 531 manat olmuşdur. “Kapital Bank” ASC-dəki bank hesabından çıxarış da bunları təsdiq edir. 14 avqust 2021-ci il tarixdə iddiaçının nümayəndəsi və vəkili “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə iddia tələbi ilə bağlı məlumat (açıqlama) təqdim edərək bildirmişdir ki, "xxxx" ASC-dəki bank hesabından çıxarışdan aydın olur ki, cavabdeh tərəfindən müqavilə bağlandıqdan sonra 27.10.2017-ci il tarixdə 2,666 manat, 11.12.2017-ci il tarixdə 3192 manat, 16.01.2018-ci il tarixdə 1596 manat, 16.02.2018-ci il tarixdə 1596 manat, 16.03.2018-ci il tarixdə 1596 manat, 25.04.2018-ci il tarixdə 1596 manat, 17.05.2018-ci il tarixdə 1596 manat, 06.07.2018-ci il tarixdə 1596 manat, 23.07.2018-ci il tarixdə 1596 manat, 21.08.2018-ci il tarixdə 1596 manat, 19.09.2018-ci il tarixdə 1596 manat, 12.10.2018-ci il tarixdə 1596 manat, 08.11.2018-ci il tarixdə 1596 manat, 3192 manat, 29.12.2018-ci il tarixdə 1596 manat, 24.01.2019-cu il tarixdə 1596 manat, 14.03.2019-cu il tarixdə 1531 manat, 16.04.2019-cu il tarixdə 1429 manat, 06.05.2019-cu il tarixdə 1000 manat, 31.05.2019-cu il tarixdə 531 manat ödəniş edilmişdir. Müqavilə 19.10.2017-ci il tarixdə bağlanmışdır. 1 il 7 ay müddətində (2017-ci ilin oktyabr ayından 2019-cu ilin may ayına qədər) orada iddiaçı iş görmüşdür. Cavabdeh müqavilə üzrə hər ay ona 3000 manat ödəməli idi ki, bu da 1 il 7 ay müddətində (1 il 7 ayx3000=57000) manat təşkil edir. Cavabdeh tərəfindən isə iddia ərizəsində göstərildiyi kimi cəmi 34,283 manat ödəniş edilmiş, qalıq (57000-34283=22717) 22717 manat borcun isə tez bir zamanda ödəniləcəyi bildirilsə də, ödənilməmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia ərizəsinin və iddia tələbinə dair açıqlamanın məmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil2 verdiyi izahatda bildirdi ki, bir ara cavabdeh şirkətin mühasibatlığını özü aparmışdır. Həmin dövrdə ona heç bir sənəd, görülən işlərlə bağlı hər hansı bir akt verilməmişdir. Lakin məhkəmədə şahid qismində dindirilmiş cavabdeh Cavabdeh MMC-nin əvvəlki direktoru iddiaçının orada işləməsi faktını təsdiqlədi. Formal olaraq iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Lakin bildirdi ki, şahid öz ifadəsində iddiaçının işlədiyini və pulun bir qisminin ödənilmədiyini bildirdiyinə görə yekun qərarı məhkəmənin mülahizəsinə buraxır. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: - Bir tərəfdən bundan sonra sifarişçi adlanacaq Cavabdeh MMC ilə, digər tərəfdən bundan sonra icraçı adlanacaq İddiaçı arasında bağlanmış 19 oktyabr 2017-ci il tarixli, 005 nömrəli xidmət göstərilməsinə dair müqaviləyə əsasən sifarişçi tapşırır, icraçı isə hazırki müqavilədə göstərilmiş şərtlərlə kran xidmətinin göstərilməsi öhdəliyini üzərinə götürür. Müqavilənin 4.1-ci bəndinə əsasən sifarişçi hazırki müqavilənin 1.1-ci bəndinə göstərilmiş işlər üçün icraçıya aylıq 3000 manat məbləğində bank hesablaşma köçürülməsi yolu ilə ödəniş həyata keçirir. 8.3-cü bəndə əsasən bu müqavilə imzalandığı tarixdən qüvvəyə minir və 3 ay etibarlıdır. Tərəflərin müqavilənin xitam verilməsinə yazılı müraciəti olmadıqda müqavilənin müddəti növbəti ilə keçir. - "xxxx" ASC tərəfindən verilmiş 01.01.2017-ci il tarixdən 31.03.2020-ci il tarixədək olan dövrü üçün bank hesabından çıxarışdan görünür ki, Cavabdeh MMC tərəfindən İddiaçı hesabına 27.10.2017-ci il tarixdə 2,660 manat, 11.12.2017-ci il tarixdə 3192 manat, 16.01.2018ci, 16.02.2018-ci, 16.03.2018-ci, 25.04.2018-ci, 17.05.2018-ci, 06.07.2018-ci, 23.07.2018-ci, 21.08.2018-ci, 19.09.2018-ci, 12.10.2018-ci, 29.12.2018-ci, 24.01.2019-cu il tarixlərdə hər bir ay üzrə 1596 manat, 08.11.2018-ci il tarixdə 1596 manat və 3192 manat, 14.03.2019-cu il tarixdə 1531 manat, 16.04.2019-cu il tarixdə 1429 manat, 06.05.2019-cu il tarixdə 1000 manat və 31.05.2019-cu il tarixdə 531 manat olmaqla ümumilikdə 34,283 manat məbləğində ödəniş həyata keçirilmişdir. - Azərbaycan Respublikası Baş prokurorunun müavini –Baş prokuror yanında Korrupsiya Baş İdarəsinin rəisi N.Rəcəbovun 16 iyul 2020-ci il tarixli qərarına əsasən X1 və Şahid barələrində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 308.1 və 313-cü maddələri ilə cinayət işi başlanılmışdır. - 30.06.2021-ci il tarixdə İddiaçı tərəfindən Cavabdeh MMC-yə pretenziya qaydasında məktub ünvanlanaraq 22,717 manat məbləğində pulun ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. Göründüyü kimi, İddiaçı tərəflər arasında xidmət göstərilməsinə dair müqavilənin bağlandığını, müqavilə üzrə cavabdeh üzərinə düşən pul öhdəliklərini lazımınca icra etmədiyini və ödənilməmiş xidmət haqqını tələb edir. Cavabdeh isə iddiaını rədd edir. Hazırkı mübahisə üzrə tərəflər arasında xidmət göstərilməsi barədə müqavilə olduğundan, İddiaçı müqaviləsi üzrə ödənilməmiş xidmət haqqının tələb etdiyindən, Azərbaycan Respublikası Mülki prosessual məcəlləsinin (bundan sonra - MPM) 77.1-ci maddəsinin tələbləri baxımından tərəflər arasında bağlanmış müqavilə üzrə xidmətin göstərilməsinin sübut etmək yükü iddiaçının üzərinə düşür. İddiaçı tərəflər arasında xidmət müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətlərinin yaranmasını və Cavabdeh tərəfindən xidmət haqqının İddiaçı ödənilməməsini sübut edə bilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-nin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. MM-nin 390.2-ci maddəsinə əsasən müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir. MM-nin 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında 19.10.2017-ci il tarixdə bağlanmış 005 nömrəli xidmət müqaviləsinə əsasən iddiaçı cavabdehin sifarişi əsasında kran xidmətinin göstərilməsi ilə bağlı, cavabdeh isə göstərilmiş xidmət müqabilində aylıq 3000 manat məbləğində xidmət haqqının bank hesabına köçürülməsi yolu ilə ödənilməsi öhdəliyini öz üzərinə götürmüşdür. ”Kapitalbank” ASC tərəfindən verilmiş hesabdan çıxarışdan məlum olur ki, cavabdeh yalnız bir ay ( 11.12.2017-ci il) üzrə xidmət haqqı ödənişini tam şəkildə icra etmiş, digər aylar üzrə hər dəfə kəsrlə ödənişlər həyata keçirmişdir. Nəticədə 27.10.2017-ci il tarixdən 31.05.2019-cu il tarixədək cavabdeh tərəfindən ümumilikdə 57,000 manat məbləğində pul ödənilməli olduğu halda, cəmi 34,283 manat ödəniş həyata keçirilmişdir. Beləliklə də, (57,000- 34,283) 22717 manat məbləğində xidmət haqqı ödənilməmiş qalmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Cavabdeh MMC-də direktor vəzifəsində işləmiş Şahid ifadəsində bildirdi ki, o 2011-ci ildən Cavabdeh MMC-də direktor vəzifəsində işləmişdir. 2017-ci ilə qədər MMC-nin fəaliyyəti olmayıb. 2017-ci ildə Bakı şəhəri, Yasamal rayonunda “Sosial evlər” layihəsinin tikintisi zamanı hüquqi şəxsin fəaliyyəti bərpa olunmuşdur. 2020-ci ilin əvvəllərinə qədər orada direktor vəzifəsində işləmişdir. İddiaçı işlədiyi dövr təxminən 2017-2019-cu illəri əhatə edir. Dəqiq vaxt tam olaraq yadında deyil. Amma tikintidə kranla bağlı işlər həmin dövrdə görülmüşdür. Tərəflər arasında xidmət göstərilməsi ilə bağlı müqavilə bağlanmışdı. Müqaviləyə əsasən İddiaçı aylıq əmək haqqı 3000 manat məbləğində müəyyən olunmuşdu. Tərəflər razılaşmışdılar ki, pulun yarısı hər ay, yarısı isə barter olaraq ödəniləcək. Onun vergi və banka ödəməli olduğu məbləğ də şirkət tərəfindən ödənilirdi. Nəticə etibarilə iddiaçıya hər ay 1600 manat pul ödənilmişdir. İddiaçı işi bitirəndən sonra müdriyyətə barter üçün yaxınlaşdı, lakin ona bildirildi ki, toplanan məbləğ hər hansı bir mənzil və ya obyekt üçün kifayət etmir. Odur ki, ona başqa bir tikitində işləməsi və lazım olan vəsaitin oradan əldə edilməsi təklif olundu. Sonra isə tikinti başlamadı, təsisçi isə həbs olundu. Tikinti başlamadığına görə ona ödənilməli olan məbləğ ödənilməmiş qaldı. Lakin məbləğin tam olaraq miqdarı barədə məlumatı yoxdur. Orada iddiaçıdan əlavə başqa bir şirkətlə də müqavilə bağlanmışdı. Həmin şirkət də kran vasitəsilə xidmət göstərirdi. Kranlar mexanizminə görə fərqli idi. İddiaçı orada tək işləyirdi. Onun işi mərtəbələrə mal-material daşınmasından ibarət idi. Onun hesabına hər ay pul köçürülürdü. Bəzən elə hallar olub ki, iddiaçı pulun tam köçürülməsini xahiş edib. Bu səbəbdən həmin aylar ona 3000 manat tam köçürülüb. Lakin adətən müqavilədə göstərilən məbləğin yarısı köçürülmüşdür. Ödənişlərə nəzarəti mühasibatlıq aparırdı. Sahə rəisi onun gördüyü işləri yoxlayırdı, sonra isə akt tərtib edirdi. İddiaçı özü də ona bir-neçə dəfə pulun ödənilməsi ilə bağlı yaxınlaşıb. Lakin artıq o Cavabdeh MMC-də çalışmadığına görə iddiaçıya hər hansı bir köməklik göstərə bilməyəcəyini bildirmişdir. Beləcə də məsələ açıq olaraq qalmışdır. Göründüyü kimi işin halları, eyni zamanda məhkəmə iclasında şahid qismində dindirilmiş cavabdeh hüquqi şəxsin əvvəlki direktorunun (iddiaçı ilə müqavilə bağlayan şəxs) ifadəsi iddiaçı tərəfindən 19.10.2017-ci il tarixli müqavilə üzrə xidmətlərin göstərilməsi, lakin cavabdeh tərəfindən ödənişlərin bir qisminin həyata keçirilməməsi faktını təsdiqləyir. Cavabdeh MMC müqavilədən irəli gələn vəzifəsini lazımi şəkildə icra etməmişdir, yəni xidmət haqqını ödəməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. MM-in 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra еdilməməsi borclunun icranı gecikdirməsi sayılır. Bunun nəticəsində icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Məhkəmə işin sadalanan qanunvericilik normalarını, eləcə də cavabdehin xidmət müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi icra etmədiyini, nəticədə onun həmin müqavilə üzrə iddiaçıya ödənilməmiş borcunun qaldığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, cavabdehdən 22,717 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217-ci maddəsinin tələbinə görə, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216- 220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh MMC-dən 22,717 ( iyirmi iki min yeddi yüz on yeddi) manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat tutularaq İddiaçı ödənilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlham Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar