Məhkəmə qərarları › İş №e-2-2(113)-191/2024

Bakı Kommersiya Məhkəməsi Qiyabi qətnamə — İş №e-2-2(113)-191/2024

19.01.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-191/2024 19.01.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: icarə müqaviləsi, maddi zərər, maliyyə arayışı) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında qiyabi icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən avtomobilə vurulmuş 3730 manat məbləğində zərər pulunu və iddia ərizəsi üçün dövlət büdcəsinə ödənilmiş 60 manat məbləğində ilkin mediasiya xərci olan pulun, ümumilikdə cəmi 3790 manat pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC tərəfindən qeydiyyat nişanı **-PT-*** olan, sedan tipli, buraxılış ili 2018, BAN 070851, rəngi ağ olan “KHAZAR” markalı avtonəqliyyat vasitəsi Cavabdeh icarəyə verilmişdir. 30 aprel 2021-ci il tarixində İddiaçı MMC-nə lisenziyalı taksi fəaliyyəti ilə məşğul olmaq üçün müraciət edən, Bakı şəh., Xətai rayonu., Xətai RPİ ,Elçin Əliyev k-si. 4 ünvanında qeydiyyatda olan hazırki mülki iddia tələbimiz üzrə Cavabdeh ilə İddiaçı MMC arasında **-PT-*** qeydiyyat nişanlı, sedan tipli, buraxılış ili 2018 olan, ban 070851 olan, ağ rəngli, “KHAZAR” marka modelli xidməti avtomaşının 30 aprel 2021- ci il tarixindən verildiyi vaxtdan 30 (otuz) ay müddətinə icarəyə verilməsinə dair icarə müqaviləsi bağlanmışdır və avtomaşın onun, yəni Cavabdeh istifadəsinə təqdim edilmişdir. Cavabdeh tərəfindən etibarnamə əsasında idarə edilən **- PT-*** qeydiyyat nişanlı avtomobildə idarəetməni itirmiş və yol nəqliyyat hadisəsi baş vermişdir. Bu yol nəqliyyat hadisəsi səbəbindən cavabdehin idarə etdiyi avtomaşına 3730 manat həcmində ziyan dəymişdir. Bunu yol-nəqliyyat hadisəsi ilə bağlı Hacıqabul rayon Polis şöbəsindən verilmiş xx.xx.2021-ci il tarixli portokol da təsdiq edir. Dəymiş zərərin məbləğinin miqdarı isə xx.xx.2021- ci il tarixli qüsur aktı ilə protokollaşdırılmışdır. Bundan sonra İddiaçı MMC-nin rəhbərliyi və əməkdaşları tərəfindən uzun müddət və dəfələrlə sürücü Cavabdeh müraciət edilərək Cəmiyyətə vurduğu zərərin əvəzinin ödənilməsini tələb edilsə də, o bütün bunlara əhəmiyyət verməyərək məqsədli şəkildə avtomaşına və ya cəmiyyətə vurduğu zərəri ödəməkdən imtina etmişdir. Sonuncu dəfə 11.11.22-ci il tarixində tərəfimizdən cavabdehə dəymiş maddi zərərin ödənilməsiylə bağlı xəbərdarlıq məktubu ünvanlanmışdır. Lakin sözügedən xəbərdarlıq da hər hansı bir nəticə doğurmamışdır. Qeyd olunan səbəbdən Cavabdeh Etibar oğluna qarşı hazırki iddia tələbimizdə məhkəməyə müraciət edirik ki, cavabdehdən avtomobilə dəymiş 3730 manat və həmçinin ilkin mediasiya sessiyası üçün ödənilmiş 60 manat məbləğində pul tutularaq İddiaçı MMC-nin hesabına ödənilməlidir.

II. Tərəflərin mövqeləri:

3. İddiaçının nümayəndəsi V.Quluzadə iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qiyabi qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, zərər dəymiş avtomobil hazırda tərəflərindən təmir edilmiş, onların sahibliyindədir.

4. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin (bundan sonra – MPM) 238-ci maddəsinə əsasən, iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər.

6. Məhkəmə iddiaçının nümayəndəsinin yazılı razılığını nəzərə alaraq, işə mahiyyəti üzrə cavabdehin nümayəndəsinin iştirakı olmadan qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.

III. Məhkəmə baxışının hədləri:

7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 241.4-cü maddəsinə əsasən iddiaçının tələbi əsaslı olduqda, məhkəmə onun iddiasını qiyabi qətnamə ilə təmin edir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

8. İddiaçı ilə cavabdeh arasında bağlanılmış xx.xx.2021-ci il tarixli, 1141/İ saylı nəqliyyat vasitəsinin icarə müqaviləsinə əsasən icarəyə verən qanuni əsaslarla ona məxsus olan **-PT-*** olan, sedan tipli, buraxılış ili 2018, BAN 070851, rəngi ağ olan “KHAZAR” markalı avtonəqliyyat vasitəsini icarəçiyə icarəyə verir, icarəçi isə həmin nəqliyyat vasitəsini xidməti ehtiyacları üçün (taksi fəaliyyəti ilə məşğul olmaq üçün) öz istifadəsinə qəbul edir.

9. Müqavilənin 2.2.3-cü bəndinə əsasən icarəçi icarəyə alınmış nəqliyyat vasitəsini ona uyğun olan texniki istismar qaydalarına müvafiq olaraq saxlamaq və birbaşa təyinatı üzrə yalnız xidməti ehtiyacları üçün istifadə etməyi öz öhdəliyinə götürür.

10. Müqavilənin 2.2.4-cü bəndinə əsasən icarəçi icarəyə alınmış nəqliyyat vasitəsinin lazım olan mühafizəsini təmin etməyi öz öhdəliyinə götürür.

11. Müqavilənin 5.2-ci bəndinə əsasən icarəçi, qanunvericiliklə müəyyən olunmuş qaydada, icarəyə alınmış nəqliyyat vasitəsinin qorunması və saz olunması üçün icarəyəverən qarşısında tam maddi məsuliyyət daşıyır.

12. İddiaçı ilə cavabdeh arasında xx.xx.2021-ci il tarixli,1142/İR saylı əlavə razılaşma imzalanmışdır.

13. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Hacıqabul rayon Polis Şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, 15 iyun 2021-ci il tarixdə saat 22 radələrində Hacıqabul rayonu Nəvahı qəsəbəsi ərazisində Cavabdeh idarə etdiyi “Xəzər” markalı ** PT *** dövlət qeydiyyat nişanlı avtomobillə yol nəqliyyat hadisəsi törətmişdir. Baş vermiş yol nəqliyyat hadisəsi Hacıqabul rayon PŞ-də qeydiyyatdan keçdiyi üçün, “Xəzər” markalı ** PT *** dövlət qeydiyyat nişanlı avtomobilin iddiaçı tərəfindən aparılmasına və təmirinə icazə verilmişdir.

14. İddiaçının servis xidməti tərəfindən tərtib olunmuş xx.xx.2021-ci il tarixli qüsur aktından görünür ki, iddiaçıya məxsus avtomobilə 3730 manat məbləğində ziyan dəymişdir.

15. "xxxx" MMC ilə X1 arasında xx.xx.2018-ci il tarixli daxili lizinq müqaviləsi imzalanmış, “Xəzər” markalı ** PT *** dövlət qeydiyyat nişanlı avtomobil C.Heybətova lizinqə verilmişdir.

16. "xxxx" MMC, X1 və İddiaçı MMC arasında xx.xx.2019-cu il tarixli öhdəliklərin ötürülməsi barədə müqavilə imzalanmış, "xxxx" MMC ilə X1 arasında bağlanmış xx.xx.2018-ci il tarixli daxili lizinq müqaviləsi üzrə lizinq alanın öhdəlikləri iddiaçıya ötürülmüşdür.

17. Məhkəmə nümayəndənin izahatını dinləyib materialları araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir.

18. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – MM) 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

19. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

20. Hüquqa zidd hərəkət (hərəkətsizlik) mülki hüquq normaları ilə təsbit olunmuş, yaxud icazə verilmiş hüquq və vəzifələri pozan, eləcə də hüququn konkret normaları ilə nəzərdə tutulmamış, lakin mülki qanunvericiliyin ümumi əsaslarına zidd olan hərəkətlərdir (hərəkətsizlikdir). Məhz belə hərəkətlər (hərəkətsizlik) nəticəsində zərərçəkənə maddi və mənəvi zərər yetirilir.

21. Bununla əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli Qərarında göstərmişdir ki, hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur.

22. Zərər dedikdə hüququ pozulmuş şəxsin mülki hüquq pozuntusu törədilməsi nəticəsində əmlak sahəsində mənfi nəticələrin yaranması deməkdir. Bu mənfi nəticələr iki 2 hissədən ibarətdir - real zərər və əldən çıxmış fayda. Real zərərin tərkibinə müvafiq şəxs tərəfindən faktiki çəkilmiş xərclərlə bərabər, pozulmuş hüququn bərpası üçün aparılmalı olan xərclər də daxildir. Belə xərclərin zəruriliyi və onların təxmini həcmi əsaslandırılmış hesablaşmalarla, sübutlarla (smeta, kalkulyasiya və s.) təsdiq olunmalıdır.

23. Bundan əlavə, məlum olduğu kimi, MM zərər vurulmasını öhdəliyin əmələ gəlmə əsaslarından biri kimi təsbit edir (m. 386.1).

24. MM daha sonra mülki hüquq pozuntusunun (deliktin) anlayışını və delikt törətmiş şəxsin məsuliyyətinin yaranması əsaslarını nəzərdə tutur (m. 1096 və 1097). Həmin maddi hüquq normalarının dispozisiyasından aydın olur ki, mülki hüquq pozuntusu nəticəsində vurulmuş zərərə görə məsuliyyətə cəlb etmək üçün (1) zərərin özünün varlığı, (2) zərər vuranın təqsirli (təqsirsiz məsuliyyət halları istisna olmaqla) və (3) hüquqa zidd əməli, (4) əməllə zərər arasında səbəbli əlaqənin mövcudluğu tələb olunur.

25. MM-nin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

26. Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

27. Qeyd edilən normalardan görünür ki, mülki qanunvericilikdə delikt törətmiş şəxsin təqsirinin sübut etməsi əməlinin əks olunması yox, onun təqsirli olmaması əməlinin əks etdirilməsi vacibdir. Mülki qanunvericilik istər müqavilə öhdəlikləri, istərsə də delikt öhdəliklərində zərərvuranın (hüquq pozan şəxsin) təqsir prezumpsiyasını müəyyənləşdirir. Təqsir prezumpsiyasına görə şəxs zərərin vurulmasında özünün təqsirinin olmamasını sübuta yetirənədək təqsirli hesab edilir. Yəni, təqsirinin olmadığını sübut etmə yüklü zərərvuran şəxsin üzərinə düşür. Buna uyğun olaraq zərərçəkən və zərərvuran arasında sübuta yetirmə yükü bölünür: zərərin əvəzinin ödənilməsi barədə tələblə məhkəməyə müraciət edən zərərçəkən ona zərər vurulması faktını, səbəbli əlaqəni sübuta yetirməyə borcludur. Zərərvuran şəxs isə öz növbəsində etdiyi hərəkətin hüquqazidd olmamasını və təqsirsizliyini sübut etməlidir.

28. Belə ki, ziyanın ödənilməsi ilə bağlı tələb öncə həmin ziyanı onu vuran şəxsə aid edilməsini nəzərdə tutur.

29. “Məhkəmələr mülki qanunvericiliyin normalarını pozan əməl (delikt) nəticəsində zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi, yalnız işin hallarına uyğun olaraq müvafiq məhkəmə qiymətləndirilməsi nəticəsində bu şərtlərin mövcud olduğu qənaətinə gəldiyi təqdirdə təmin edə bilərlər”. (Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə 2021-ci il 14 aprel tarixli Qərarı).

30. Göründüyü kimi, qüvvədə olan qanunvericiliyə müvafiq olaraq cavabdehin vurulmuş maddi ziyana görə məsuliyyət daşıması üçün onun iddiaçıya birbaşa və ya zərər vurulması ilə nəticələnən hüquqa zidd əmələ təqsirli şəkildə yol vermiş olması tələb olunur.

31. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı qanuni sahibliyində olan “Xəzər” markalı ** PT *** dövlət qeydiyyat nişanlı avtomobili xx.xx.2021-ci il tarixli, 1141/İ saylı müqavilə əsasında cavabdehin icarəsinə vermiş, icarə müddəti ərzində cavabdehin 15 iyun 2021-ci il tarixində yol nəqliyyat hadisəsi törəməsi nəticəsində avtomobilə 3730 manat dəyərində zərər dəymişdir.

32. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir.

33. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

34. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyindən iş üzrə ödənilmiş 60 manat mediasiya xərci cavabdehə aid edilməlidir.

V. Nəticə:

41. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, Məhkəmə

Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 3730 manat məbləğində əsas borc, ödənilmiş 60 manat dövlət rüsumu, ümumilikdə 3790 (üç min yeddi yüz doxsan) manat məbləğində pul tutularaq İddiaçı MMCyə ödənilsin. Cavabdeh, qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Kommersiya Məhkəməsinə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qiyabi qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar