Məhkəmə qərarları › İş №e-2-2(113)-1950/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1950/2025

28.04.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1950/2025 28.04.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" MMC-nin Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: abonet saldosu; akt) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Atayeva Nərgiz Etibar qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh İB-yə qarşı “borcun silinməsi” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı "xxxx" MMC (bundan sonra – iddiaçı) Cavabdeh İB-yə (bundan sonra – cavabdeh) qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 166056,38 manat məbləğində borcun **********00000 nömrəli abonent hesabından silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Şəmkir rayonu, St. Alabaşlı ünvanda yerləşən, "xxxx" MMC-yə məxsus qeyri yaşayış sahəsi (istixana) xx.xx.2019-cu il tarixli, AMX-6155/19 saylı müqavilə əsasında **********00000 saylı abonent hesabı verilərək təbii qazla təchiz edilir. 2024-cü ilin iyun ayına qədər iddiaçı tərəfindən yol verilmiş qanunsuzluqlardan məlumatsız olunduğundan tərəflər arasında hər hansı mübahisə olmamışdır. İstifadə edilmiş qazın dəyəri daim vaxtlı vaxtında ödənilmişdir. 2024-cü ildə isə cavabdehlə mübahisə yaranmışdır. Belə ki, sonradan məlum olduğu kimi 2024-cü ilin yanvar ayından iyun ayınadək, 5 ay müddətində ümumilikdə 83717,48 manat məbləğində sayğac göstəricisindən əlavə aktlar əsasında borc hesablanmışdır. Mübahisələndirilən ümumi məbləğin 82338,90 manat hissəsi ilə bağlı bildirilir ki, cavabdeh təşkilat qaz sayğacının guya işlək vəziyyətdə olmadığını qeyd edərək real sərfiyyatdan artıq təbii qazın dəyərini hesablamışdır. İddiaçıya hər ay təqdim edilən hesab fakturalarda borcun aktlar əsasında hesablandığı qeyd edilmirdi. Hesab fakturada əks olunan borc sırf sayğac göstəricilərinə əsasən hesablandığı kimi qələmə verilirdi. Bu səbəbdən mübahisələndirilən 166056,38 manat ümumi borc məbləğinin alktlar və digər qanunsuz yollarla hesablandığından məlumatsız olunmuşdur. Sözügedən aktlarla bağlı iddiaçı tərəfindən cavabdeh təşkilata müraciət edildikdə bildirdilər ki, güya aktlar tərtib edilən aylarda qaz sayğacının elektron hissəsi işləmədiyi üçün cavabdeh təşkilat tərəfindən sayğac göstəricisindən əlavə hesabat aparılmış və əlavə borc müəyyən edilərək bizim qaz hesabına işlənmişdir. Bundan başqa aktlar əsasında hesablanmış borcun ödənilməsi tələb edilirdi. Belə bir halın mümkün olmadığı və anlaşılmazlıq olduğu bildirildi. Cavabdeh təşkilatın əməkdaşları məsələ ilə bağlı araşdırma aparacaqlarını və araşdırmanın nəticələrinə uyğun olaraq müvafiq tədbirlərin görüləcəyini (əgər artıq ödəniş olarsa pulun geri qaytarılacağını) bildirdilər, lakin hesablanmış borc hazırda ödənilməsə qazın verilməsinin dayandıracaqlarını da qeyd etdilər. Cavabdeh təşkilat tərəfindən hər hansı araşdırmanın aparılmadığı və iddiaçının aldadıldığı aydın oldu. Cavabdeh tərəfindən tərtib edilmiş saxta aktlarla bağlı bildirilir ki, aktlar guya qaz sayğacının işləmədiyi üçün tərtib edilmişdir, lakin abonent saldosuna baxdıqda aydın görmək olar ki qaz sayğacının göstəriciləri hər ay dəyişir. Qaz sayğacı işləməsəydi təbii ki bu göstəricilər dəyişməz qalardı. Digər tərəfdən tərtib edilmiş aktlarda cavabdeh tərəfindən “əmsal” müəyyən edilərək sayğac göstəricisindən əlavə borclar hesablanmışdır. Cavabdeh təşkilatın “Əmsal” dediyi rəqəmin və ümumiyyətlə bu cür hesabat növünün hansı normaya və qanuna əsasən tədbiq etdiyi müəyyən deyil. Bütün bunlardan göründüyü kimi cavabdeh təşkilatın əməkdaşları öz qanunsuz və əsassız hərəkətləri nəticəsində istehlakçıya əlavə borc hesablamışdır.

3. İddiaçı daha sonra iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim edərək Cavabdeh İB tərəfindən "xxxx" MMC-yə əsassız olaraq hesablanmış 83717,48 manat məbləğində borcun **********00000 nömrəli abonent hesabından silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Cavabdeh iddia ərizəsinə yazılı etiraz təqdim edərək iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. Etiraz onunla əsaslandırılmışdır ki, istehlakçı "xxxx" MMC-nin Şəmkir RQİİ-nə qeyd olunan müddətdə 216959,58 manat borcu mövcud olmuşdur. Həmin məbləğin də 2024-cü mövsüm ili ərzində yaranmış borc məbləğidir ki, bunun da isitmə mövsümünün yekununa hissə-hissə ödənilməsi üçün möhlət verilmişdir. İddiaçı İlham Əsgərov tərəfindən qeyd olunan iddia məbləğinin 166056,38 manatın isə 82338,90 manat hissəsi istixanada sayğac vasitəsilə istehlak olunmuş qaz sərfinin dəyərinə görə ödənilməmiş qalan məbləğ, 83717,48 manat hissəsi isə 2024-cü il ərzində sayğac vasitəsilə uçotu dəqiq aparılmayan istehlak olunmuş təbii qazın müəyyənləşdirilmiş həcm məbləğidir. Belə ki, istixanaya quraşdırılmış qaz sayğacının normal işləmədiyi və istehlak olunmuş qaz sərfiyyatını tam qeydə almadığı ayrı-ayrı dövrlərə-yəni konkret olaraq 2024-cü ilin yanvar ayı üçün 39090,60 fevral ayı üçün 19530,28, mart ayı üçün 17843,10, aprel ayı üçün 5765,32, may ayı üçün 1488,52 manatlıq hesabatda qeydə alınmamış qaz sərfi müəyyən edilərək abonent hesabına daxil edilmişdir. Abonentə edilmiş xəbərdarlıqların nəticəsi olaraq hesabat ilinin yekununa-hal-hazıra abonent tərəfindən istehlak edilmiş təbii qazın dəyəri 82 338,90 manat məbləğ odənilmiş, 83717,48 manat sərfiyyat məbləğinin ödənişi isə təmin edilməmişdir. Hal-hazırda isə tərəfin könüllü qaydada razılaşaraq ödədiyi qaz sərfinin dəyərinin abonent hesabından silinməsini istəməsi nə qanunçuluğa,nə də reallığa uyğun deyil.

II. Tərəflərin mövqeləri:

6. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, cavabdehin nümayəndələri təbii qazın verilişinin dayandırılması təhdidi ilə iddiaçının nümayəndəsini akta imza etməyə məcbur etmiş, cavabdeh məhkəmənin təbii qazın verilişinin dayandırılmasının qadağan edilməsi barədə qərardadını icra etməmiş, iddiaçı onların məcburiyyəti altında iddia tələbindən imtina etmə barədə ərizə vermiş, daha sonra həmin ərizəsini geri götürmüşdür. İddiaçı hər ay ona hesablanmış sərfiyyat borcunu tam şəkildə ödəmiş, lakin aktlar qanunsuz olaraq tərtib edildiyi üçün həmin borcları ödəməkdən imtina etmiş, hazırda onları mübahisələndirir.

7. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə2 iddia ərizəsinə etiraz edib yazılı etirazlarının məzmununa uyğun izahat verərək iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, aktları iddiaçının nümayəndəsi özü də imza edib təsdiq etmiş, iddiaçıya məxsus sahədə hər hansı yoxlama aparılmamış, sayğaca baxış keçirilməklə aktlar yazılmış, bu səbəbdən reyestrdə hər hansı qeydiyyat zəruri olmamışdır.

III. Məhkəmə baxışının hədləri:

8. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

9. İddiaçı (istehlakçı) ilə cavabdeh (paylayıcı) arasında bağlanmış qaz paylaycısı ilə sənaye qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə xx.xx.2023-cü il tarixli, AMX-5978/23 saylı müqaviləyə görə paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba ödəyir.

10. Şəmkir RQİİ Şəmkir Xidmət Sahəsi tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, 24009 nömrəli akta görə Şəmkir rayonu, Qılıncbəyli kəndinə yerləşən "xxxx" MMC-yə məxsus istixananın G-1000 markalı **********6 nömrəli qaz sayğacının elektron korrektoru mexanik hissədə qeydə alınan qaz sərfini korreksiya etmir. Qeyd olunan müəssisədə qaz sayğacının korrektorunun işləmədiyi dövr ərzində istifadə olunan qaz sərfiyyatı 39090,26 manat müəyyən olunmuşdur.

11. Şəmkir RQİİ Şəmkir Xidmət Sahəsi tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, 24019 nömrəli akta görə Şəmkir rayonu, Qılıncbəyli kəndinə yerləşən "xxxx" MMC-yə məxsus istixananın G-1000 markalı **********6 nömrəli qaz sayğacının elektron korrektoru mexanik hissədə qeydə alınan qaz sərfini korreksiya etmir. Qeyd olunan müəssisədə qaz sayğacının korrektorunun işləmədiyi dövr ərzində istifadə olunan qaz sərfiyyatı 19530,30 manat müəyyən olunmuşdur.

12. Şəmkir RQİİ Şəmkir Xidmət Sahəsi tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, 24030 nömrəli akta görə Şəmkir rayonu, Qılıncbəyli kəndinə yerləşən "xxxx" MMC-yə məxsus istixananın G-1000 markalı **********6 nömrəli qaz sayğacının elektron korrektoru mexanik hissədə qeydə alınan qaz sərfini korreksiya etmir. Qeyd olunan müəssisədə qaz sayğacının korrektorunun işləmədiyi dövr ərzində istifadə olunan qaz sərfiyyatı 17843,10 manat müəyyən olunmuşdur.

13. Şəmkir RQİİ Şəmkir Xidmət Sahəsi tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, 24052 nömrəli akta görə Şəmkir rayonu, Qılıncbəyli kəndinə yerləşən "xxxx" MMC-yə məxsus istixananın G-1000 markalı **********6 nömrəli qaz sayğacının elektron korrektoru mexanik hissədə qeydə alınan qaz sərfini korreksiya etmir. Qeyd olunan müəssisədə qaz sayğacının korrektorunun işləmədiyi dövr ərzində istifadə olunan qaz sərfiyyatı 5765,32 manat müəyyən olunmuşdur.

14. Şəmkir RQİİ Şəmkir Xidmət Sahəsi tərəfindən tərtib olunmuş xx.xx.2024-cü il tarixli, 24047 nömrəli akta görə Şəmkir rayonu, Qılıncbəyli kəndinə yerləşən "xxxx" MMC-yə məxsus istixananın G-1000 markalı **********6 nömrəli qaz sayğacının elektron korrektoru mexanik hissədə qeydə alınan qaz sərfini korreksiya etmir. Qeyd olunan müəssisədə qaz sayğacının korrektorunun işləmədiyi dövr ərzində istifadə olunan qaz sərfiyyatı 1448,52 manat müəyyən olunmuşdur.

15. İddiaçıya məxsus abonentin saldosundan görünür ki, cavabdeh tərəfindən iddiaçıya aktlar əsasında 2024-cü ilin yanvar ayı üçün 39090,26 manat, 2024-cü ilin fevral ayı üçün 19530,28 manat, 2024-cü ilin mart ayı üçün 17843,10 manat, 2024-cü ilin aprel ayı üçün 5765,32 manat, 2024-cü ilin may ayı üçün 1488,52 manat olmaqla ümumilikdə 83717,48 manat borc hesablanmışdır.

16. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyib materialları araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir.

17. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, cavabdehin əməkdaşları tərəfindən xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il, xx.xx.2024-cü il tarixlərində iddiaçıya məxsus istixanada quraşdırılmış qaz sayğacına baxış keçirilmiş, baxış nəticəsində iddiaçı barəsində aktlar tərtib edilərək ona ümumilikdə 83717,48 manat borc hesablanmışdır.

18. Belə ki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 20-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı və qaz nəzarəti üzrə onun müvəkkil etdiyi nümayəndələr qaz fəaliyyəti ilə bağlı bütün yerləri, binaları və qurğuları yoxlama hüququna malikdir.

19. Həmin Qanunun 21.1-ci maddəsinə görə müvafiq icra hakimiyyəti orqanı qaz qurğularının və ya qazla bağlı fəaliyyətlərin tələblərə cavab vermədiyini, onun əhali, ətraf mühit və əmlak üçün təhlükə törətdiyini müəyyən etdikdə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq tədbirləri görməlidir.

20. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smartkart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz.

21. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” xx.xx.2013-cü il tarixli Azərbaycan Respublikası Qanununun:

22. 2.1-ci maddəsinə əsasən, həmin Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir.

23. 2.3-cü maddəsinə əsasən, dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə həmin Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir.

24. 3.2-ci maddəsinə əsasən həmin Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz.

25. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin:

26. 1.4-cü bəndinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafıq xidmətlərin 4 göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra-yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təflişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) həmin Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər.

27. 1.5-ci bəndinə əsasən, sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər.

28. 1.7-ci bəndə əsasən, reyestr öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən aparılır.

29. “Qazdan istifadə qaydaları”nın 2.10-cu maddəsinə əsasən sahibkarlıq subyektlərinin sənaye qaz qurğularına “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada texniki baxış keçirilir.

30. Qaz təchizatı sahəsində təbii inhisarçı olan cavabdeh tərəfindən sahibkarlıq fəaliyyəti ilə məşğul olan iddiaçıya məxsus obyektdə “Qazdan istifadə qaydaları”na riayət olunma vəziyyətinin yoxlanılması – yalnız Ədliyyə Nazirliyi tərəfindən aparılan Vahid məlumat reyestrində qeydə alınma təmin edildikdən sonra həyata keçirilməsi mümkün olduğu halda, qanunvericiliyin qeyd olunan tələblərinə əhəmiyyət verilməmiş, yoxlamanı (baxışı) dövlət reyestrində qeydə aldırıb bu barədə çıxarış almadan, birbaşa olaraq, iddiaçıya məxsus obyektə baxış keçirilərək, təbii qazdan qeyri-qanuni istifadəyə dair akt tərtib edərək borc hesablamışdır.

31. Göründüyü kimi, cavabdeh təbii qaz təchizatı sahəsində inhisarçı mövqe tutan və sahibkarlıq fəaliyyəti subyektlərində nəzarət funksiyasına malik təsərrüfat subyekti olmaqla “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” xx.xx.2013-cü il tarixli Azərbaycan Respublikası Qanununun və Azərbaycan Respublikası Prezidentinin xx.xx.2011-ci il tarixli fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin tələblərinə əsasən, onun tərəfindən sahibkarlıq subyektlərində həyata keçirilən bütün növ yoxlama tədbirləri (araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar), o cümlədən müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı həyata keçirilən tədbirlər sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydə alınmalıdır.

32. Hazırkı işin hallarından isə görünür ki, mübahisəli borclar cavabdehin əməkdaşları tərəfindən iddiaçıya məxsus obyektdə keçirilmiş yoxlamaların nəticəsi olaraq hesablandığı halda həmin yoxlamalar Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində reyestrdə qeydiyyata alınmamışdır. Belə olan halda isə “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” AR Qanununun yuxarıda istinad edilən 3.2-ci maddəsinə əsasən həmin yoxlamalar heç bir hüquqi nəticə yaratmır.

33. İşin yuxarıda qeyd olunan halları ilə təsdiq edilir ki, cavabdeh tərəfindən aparılmış yoxlamalar vahid məlumat reyestrində qeydə alınmadığından və belə olan halda heç bir hüquqi nəticə yaratmadığından, cavabdeh həmin yoxlamaların nəticəsi olaraq iddiaçıya 83717,48 manat məbləğində borc hesablamaqla haqlı olmamışdır.

34. Belə olan halda, həmin yoxlamaların (baxışın) nəticələri, yəni iddiaçının abonent hesabına işlənmiş 83717,48 manat məbləğində borcun hesablanması yuxarıda göstərilən normativ hüquqi aktların tələblərinin pozulması ilə aparıldığından yoxlamaların hüquqi nəticəsi olmamışdır. Bu səbəbdən yoxlamaların nəticəsi olaraq hesablanmış həmin borclar da əsaslı hesab edilə bilməz.

35. Qeyd olunanlara əsasən iddiaçının abonent hesabına hesablanmış borc məbləği cavabdeh tərəfindən həyata keçirilmiş yoxlamalar əsasında hesablandığından və həmin yoxlamalar qanunvericiliyə uyğun olaraq həyata keçirilmədiyindən məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır. Ona görə də məhkəmə hesab edir ki, iddiaçının abonent hesabına hesablanmış 83717,48 manat məbləğində borc silinməlidir.

36. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia təmin edilməli, iddiaçıya əsassız olaraq hesablanmış 83717,48 manat borcun silinməsi öhdəliyi cavabdehə həvalə edilməlidir.

37. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

38. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən ödənilmiş 341,15 manat dövlət rüsumu (dövlət rüsumunun hesablanması kalkulyatorunun göstəriciləri nəzərə alınmaqla) cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan 114,91 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.

V. Nəticə:

39. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. İddiaçı "xxxx" MMC-yə əsassız olaraq hesablanmış 83717,48 (səksən üç min yeddi yüz on yeddi manat qırx səkkiz qəpik) manat borcun silinməsi öhdəliyi Cavabdeh İB-yə həvalə edilsin. Cavabdeh İB-dən 341,15 (üç yüz qırx bir manat on beş qəpik) manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilsin. İddia ərizəsi verilərkən ödənilmiş 114,91 (bir yüz on dörd manat doxsan bir qəpik) manat dövlət rüsumu iddiaçı "xxxx" MMC-nin özünə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar