Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1959/2023 21.12.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: podrat müqaviləsi, əldən çıxmış fayda, mənəvi zərər) Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə3 iştirakları ilə, İddiaçı MMC-nin cavabdeh "xxxx" MMC-yə qarşı “pul” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı MMC (bundan sonra – iddiaçı) cavabdeh "xxxx" MMC-yə (bundan sonra – cavabdeh) qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı və cavabdeh arasında bağlanmış “otelin havalandırma sisteminin quraşdırılması”na dair xx.xx.2020-ci il tarixli, 2020/021 saylı müqavilə üzrə iddiaçı tərəfindən cavabdehə məxsus bank hesablarına ümumilikdə avans olaraq ödənilmiş ƏDV daxil 614.743,78 manat pul vəsaitinin geri qaytarılması; öhdəliyin icrasının gecikdirildiyi vaxt üçün həmin məbləğin illik 5 faizi, yəni 30.737,19 manat məbləğində; eləcə də cavabdeh tərəfindən öhdəliklərin vaxtında icra olunmaması nəticəsində sifarişçinin işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi (mənəvi zərər) olaraq 20.000 manat məbləğində pul vəsaiti olmaqla cəmi 665.480,97 manat məbləğdə pul vəsaitinin; həmçinin iddiaçı tərəfindən ödənilmiş 400 manat məbləğdə ilkin mediasiya sessiyası xərcin və 557 manat məbləğdə dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı (sifarişçi) və cavabdeh (“İcraçı”) arasında “otelin havalandırma sisteminin quraşdırılması”na dair xx.xx.2020-ci il tarixli, 2020/021 saylı podrat müqaviləsi bağlanılıb. Həmin müqavilənin 2.1-ci maddəsinə əsasən, “İcraçı” (cavabdeh) müqavilənin ayrılmaz tərkib hissəsi sayılan qiymətlərin razılaşdırma protokoluna müvafiq olaraq, qeyd olunmuş malları təqdim edir və eyni zamanda quraşdırılmasını təmin edir. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən, müqavilənin ümumi dəyəri ƏDV ilə birlikdə 846.067,74 manat müəyyən edilib. Müqavilənin şərtlərinə uyğun olaraq, “Sifarişçi” (iddiaçı) tərəfindən “İcraçı”nın(cavabdeh) bank hesablarına avans olaraq ƏDV daxil olmaqla 614.743,78 manat məbləğdə pul vəsaiti ödənilib. Tərəflər arasında bağlanmış müqavilənin 2.5-ci maddəsinə əsasən, “Sifarişçi” tərəfindən ödənilmiş məbləğə müvafiq olaraq “İcraçı”, öhdəliklərin tam və lazımınca icra edilməsinə məsuliyyət daşıyır. Lakin iddiaçının müqavilə əsasında öz üzərinə düşən öhdəliklərini icra edərək, cavabdehə məxsus bank hesablarına avans olaraq ümumi müqavilə məbləğinin 2/3 hissəsindən çox pul vəsaiti ödəməsinə baxmayaraq, cavabdeh bunun müqabilində müqavilə üzrə üzərinə düşən öhdəliklərini tam icra etməyib – müqavilə ilə şərtləşdirilmiş mallar, işlər və xidmətlər vaxtında iddiaçıya hələ də tam təqdim edilməyib. Halbuki, müqavilənin 8.1-ci bəndinə əsasən,müqavilənin qüvvədə olma müddəti 21 aprel 2020-ci ildən 31 dekabr 2021-ci ilədək müəyyən edilib. Həmçinin, iddiaçı - "xxxx" MMC əsas xidmət növü otelçilik olmaqla 7/24 fasiləsiz fəaliyyət göstərən bir müəssisədir. Otelçilik mövsümi xüsusilə ilin may ayından oktyabr ayınadək dövrü əhatə etdiyi üçün, bu aylar rentabellik baxımından iddiaçının ən qiymətli və qazanclı dövrləri hesab olunur. Havalandırma sistemi (hovuzun, otaqların, mətbəxin və sair havalandırılması sistemi) də otelçilik fəaliyyətinin ən önəmli ehtiyaclarından biridir. Odur ki, cavabdehin işləri şərtləşdirilmiş vaxt ərzində təhvil verməsi iddiaçı üçün olduqca zəruri idi. Başqa sözlə, 2020-ci il, 2021-ci il, 2022-ci ilin yay aylarında iddiaçı bu gəlirdən məhrum olub, artıq növbəti rentabelli sezon, yəni 2023- cü ilin yay ayları gəlir, lakin cavabdeh hələ də qapalı məkan olan otel üçün ən əhəmiyyətli element olan havalandırma sisteminin quraşdırılmasını sona çatdırmayıb. Bu isə iddiaçını normal şəraitdə əldə etməli olduğu gəlirdən məhrum edib və ona külli miqdarda ziyan dəyib. Yaranmış vəziyyət qarşısında aciz qalan iddiaçı 2021-ci ilin yay mövsümündə işlərin görülməsi və tamamlanması üçün başqa podratçıya müraciət edib. Bu isə cavabdehin təqsiri səbəbindən iddiaçının əlavə xərcə düşməsi ilə nəticələnib. Belə olan halda, iddiaçı cavabdehə 29 sentyabr 2021-ci il tarixdə rəsmi pretenziya məktubu ünvanlayaraq, ondan öz müqavilə öhdəliklərini vaxtında və tam icra etməməsinə görə iddiaçıya dəymiş zərərin əvəzinin və iddiaçı tərəfindən avans olaraq ödənilmiş pul vəsaitinin geriyə qaytarılmasını tələb edib. Buna cavab olaraq cavabdeh tərəfindən iddiaçıya 01 oktyabr 2021-ci il tarixli, 018/21 saylı cavab məktubu ünvanlanıb. Həmin məktubda etiraf edilib ki, “...öhdəliyin vaxtında icra edilməməsinə səbəb müqavilə üzrə səlahiyyətli şəxs – X1 (cavabdehin öz işçisi) işinə etinasız və səhlənkarcasına yanaşması olub. Məhz bu səbəbdən işin təhvil verilməsi prosesi gecikib və bu günədək başa çatdırılmayıb”. Cavabdeh həmin məktubda onu da qeyd edib ki, “işlərin başa çatdırılması tam nəzarətdədir və yaxın vaxtlarda təhvil verilməsi nəzərdə tutulur”. Lakin təəssüf hissi ilə qeyd edirik ki, bu məktubun göndərilməsindən 1 il yarımdan artıq vaxt keçməsinə baxmayaraq cavabdeh hələ də nə ödənilmiş 614.743,78 manat məbləğində avansı geriyə qaytarmayıb, nə də yarımçıq işləri, xidmətləri və zəruri avadanlıqlarla təchiz edilməsini tam başa çatdırmayıb. Cavabdehin rəhbər şəxsləri ilə aparılan çoxsaylı danışıqlar isə quru vədlərdən başqa heç bir nəticə verməyib. Buna görə iddiaçı tərəfindən cavabdehə həm kağız daşıyıcıda yazılı, həm də elektron məhkəmə sistemi vasitəsilə 27 oktyabr 2022-ci il tarixli elektron pretenziya məktubu ünvanlanıb. Bununla yanaşı iddiaçı cavabdehə qarşımövcud mübahisə üzrə mediasiyaya da müraciət edib. Lakin cavabdeh keçirilən mediasiya prosesində də iştirak etməyib. Nəticədə, Bakı 18 saylı Mediasiya Təşkilatının mübahisə üzrə təyin etdiyi mediator X2 tərəfindən iddiaçıya xx.xx.2022-ci il tarixli, MŞB/18-00045 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış təqdim edilib.
Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, iddiaçı özünə məxsus yeni otelə havalandırma sistemi quraşdırılması üçün cavabdehin tələbi ilə mütəmadi olaraq ona avans ödəmiş, lakin cavabdeh tərəfindən hər hansı iş görülməmiş, hər hansı avadanlıq quraşdırılmamışdır. İddiaçı həmin havalandırma sistemini öz vəsaiti hesabına artıq quraşdırmışdır. Bu səbəbdən avansın tam şəkildə geri qaytarılmasını tələb edirlər.
4. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Nümayəndə3 iddia ərizəsinə etiraz edib iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, cavabdeh tərəfindən müqavilədə nəzərdə tutulmuş işlərin təxminən 70 faizi icra edilmiş, həmin işlərin icrası cavabdehin işçiləri tərəfindən deyil, Türkiyədən cəlb edilmiş mütəxəssislər tərəfindən icra edilmiş, müqavilədə quraşdırılması nəzərdə tutulan avadanlıqlar da cavabdeh tərəfindən Türkiyədən alınmışdır. Lakin cavabdeh bu barədə (işlərin görülməsini, avadanlıqların alınmasını təsdiq edən) hər hansı sənəd, sübut təqdim edə bilmir.
II. Məhkəmə baxışının hədləri:
5. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
III. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
6. İddiaçı ilə (sifarişçi) cavabdeh (icraçı) arasında bağlanmış 21 aprel 2020-ci il tarixli 2020/021 saylı müqaviləyə əəsasən icraçı müqavilənin ayrılmaz tərkib hissəsi sayılan Qiymətlərin Razılaşdırma protokoluna müvafiq olaraq, qeyd olunmuş malları təqdim edir və eyni zamanda quraşdırılmasını təmin edir. Sifarişçi isə müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında malların və quraşdırma işlərinin dəyərinin ödənilməsini öhdəsinə götürür.
7. Müqavilənin 2.2-ci bəndinə əsasən hazırkı müqavilənin ümumi məbləği ƏDV ilə birlikdə 846067,74 manat müəyyən edilir.
8. Müqavilənin 2.3-cü bəndinə əsasən müqavilə üzrə ödəniş icraçı tərəfindən təqdim olunmuş hesaba əsasən avans və ya elektron qaiməyə əsasən sifarişçi tərəfindən ödənilir.
9. Müqavilənin 3.1-ci bəndinə əsasən icraçı sifarişçinin sifarişinə əsasən 1.1-ci bəndində qeyd olunan məhsulların keyfiyyətinə görə tam olaraq məsuliyyət daşıyır.
10. Sözügedən müqaviləyə 01 saylı Əlavə - iddiaçı ilə cavabdeh arasında bağlanmış 21 aprel 2020-ci il tarixli avadanlıqların və qiymətlərin razılaşdırılması protokoluna əsasən müqavilə üzrə yekun məbləğ ƏDV 129061,18 manat olmaqla, ümumilikdə 846067,74 manat müəyyən olunmuşdur.
11. xx.xx.2020-ci il tarixli ödəniş tapşırığından görünür ki, iddiaçı tərəfindən cavabdehə 21 aprel 2020-ci i tarixli müqaviləyə əsasən 110000 manat məbləğində avans köçürülmüşdür.
12. 10.07.2020-ci il tarixli ödəniş tapşırığından görünür ki, iddiaçı tərəfindən cavabdehə 21 aprel 2020-ci i tarixli müqaviləyə əsasən 127071 manat məbləğində avans köçürülmüşdür.
13. xx.xx.2020-ci il tarixli ödəniş tapşırığından görünür ki, iddiaçı tərəfindən cavabdehə 21 aprel 2020-ci i tarixli müqaviləyə əsasən xx.xx.2020-ci il tarixində ödənilən 110.000 manat avans məbləğə uyğun ƏDV ödənişi üzrə 19800 manat məbləğində avans pul köçürülmüşdür.
14. 25.04.2020-ci il tarixli ******* nömrəli ödəniş tapşırığına əsasən iddiaçı tərəfindən cavabdeh xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən avans məbləğinə uyğun ƏDV ödənişi üzrə 45000 manat avans pul köçürülmüşdür.
15. 28.09.2020-ci il tarixli ödəniş tapşırığından görünür ki, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən avans məbləğinə uyğun ƏDV ödənişi üzrə 6101,69 manat pul köçürülmüşdür.
16. 10.07.2020-ci il tarixli köçürmənin aparılması haqqında bildirişdən görünür ki, iddiaçının ƏDV sub-uçot hesabından cavabdehə xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən ƏDV ödənişi üzrə 22872,78 manat avans köçürülmüşdür.
17. 25.04.2020-ci il tarixli ******* nömrəli ödəniş tapşırığından görünür ki, iddiaçı tərəfindən cavabdehə xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən 250000 manat avans ödənilmişdir.
18. 28.09.2020-ci il tarixli ödəniş tapşırığına əsasən iddiaçı tərəfindən cavabdehə xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən avans ödənişi üzrə 33898,31 manat pul köçürülmüşdür.
19. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 20 noyabr 2023-cü il tarixli 10/4681 nömrəli məhkəmə-tikinti-texniki ekspertin rəyindən görünür ki, Quba rayonu, İİ Nügədi kəndində yerləşən İddiaçı MMC-yə məxsus oteldə quraşdırılmış havalandırma sistemi baxış zamanı tam başa çatdığı və işlək vəziyyətdə olduğu müəyyən olunmuşdur. Lakin "xxxx" MMC tərəfindən quraşdırılmış havalandırma sisteminə dair forma 2 və materialların təhvil-təslim aktları iş materiallarında olmadığından xx.xx.2020-ci il tarixli razılaşdırma protokoluna əsasən "xxxx" MMC tərəfindən görülmüş işlərin dəyərini (həcmi) nə qədər təşkil etməsini müəyyən etmək mümkün olmamışdır.
20. Belə ki, iddia tələbləri üç hissədən ibarətdir: 1. ödənilmiş avansın geri qaytarılması; 2. avansın qaytarılmasının gecikdirilməsinə görə illik 5 faiz hesablanmaqla faiz borcunun tutulması; 3. mənəvi zərərin ödənilməsi.
21. Məhkəmə iddia tələblərinin birinci hissəsi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
22. İşin mübahisəsiz halları aşağıdakılardan ibarətdir:
23. Tərəflər arasında xx.xx.2020-ci il tarixli podrat müqaviləsinin bağlanması;
24. Həmin müqavilə üzrə iddiaçı tərəfindən cavabdehə 614743,78 manat məbləğində avans şəklində pul ödənilməsi.
25. Belə ki, iddiaçı həmin avansın müqabilində hər hansı avadanlığın alınmadığını, hər hansı işin görülmədiyini bildirir.
26. Cavabdeh bu hissədə iddiaya etiraz edərək, müqavilə üzrə görülməsi nəzərdə tutulmuş işlərin təxminən 70 faiz hissəsinin icra edildiyini bildirir.
27. Belə olan vəziyyətdə öhdəliyin icra edilib-edilməməsi ilə bağlı hal araşdırılmalı və sübut olunmalıdır.
28. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.
29. Məhkəmə qeyd edir ki, hazırkı halda “qanunda birbaşa əks göstəriş yoxdursa, öhdəliyin icrasını borclunun sübut etməsinə dair” prezumpsiya tətbiq edilməlidir.
30. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
31. Buna görə də etirazının əsası kimi istinad etdiyi bu halı, yəni işin əksər hissəsinin görüldüyünü cavabdeh sübut etməlidir.
32. Cavabdeh müqavilənin əlavəsində göstərilmiş avadanlıqların böyük bir qisminin tərəfindən alındığını, işlərin demək olar ki, əksər hissəsinin görüldüyünü bildirsə də, bunu təsdiq edən hər hansı sənəd, sübut təqdim edə bilməmişdir.
33. Belə ki, məhkəmə tərəfindən cavabdehə bir neçə dəfə MPM-nin 77.3-cü maddəsinə əsasən etirazının əsası kimi istinad etdiyi hallarla bağlı sübutların məhkəməyə təqdim edilməsi (avadanlıqların alınmasını təsdiq edən müqavilələr, qaimələr, hesabfakturalar, ödəniş sənədləri, malların ölkəyə idxal edilməsini təsdiq edən gömrük bəyannamələri, nəqliyyat və işçilik xərclərini təsdiq edən sənədlər) təklif edilsə də, cavabdehin nümayəndəsi və vəkili Nümayəndə3 məhkəmə iclasında verdiyi izahatlarında həmin sənədləri təqdim edə bilməyəcəyini bildirmiş, həmin sənədlər Bakı Kommersiya Məhkəməsinə daxil olmuş ekspert vəsatəti ilə bağlı da təqdim edilməmişdir.
34. Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçı tərəfindən cavabdehə xx.xx.2020-ci il tarixli müqavilə əsasında işlərə başlanması üçün 614743,78 manat vəsait ödənilmiş, lakin həmin müqavilə üzrə hər hansı iş icra edilməmiş, hər hansı mal alınmamışdır.
35. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən beh müqavilənin bağlanmasını təsdiq etmək və icrasını təmin etmək məqsədilə razılığa gələn tərəflərdən birinin müqavilə üzrə digər tərəfə verəcəyi ödənişlər hesabına verdiyi pul məbləğidir (maddə 491.1). Behin məbləğindən asılı olmayaraq beh haqqında razılaşma yazılı formada bağlanmalıdır (maddə 491.2). Müqavilə üzrə tərəfin verəcəyi ödənişlər hesabına ödənilmiş məbləğin beh olub-olmadığına şübhə yarandıqda, o cümlədən bu Məcəllənin 491.2-ci maddəsində müəyyənləşdirilmiş qaydaya riayət edilməməsi nəticəsində şübhə yarandıqda həmin məbləğ, əgər əksi sübuta yetirilməsə, avans kimi ödənilmiş sayılır (maddə 491.3).
36. Məhkəmə qeyd etmək istəyir ki, avans digər tərəfin qarşılıqlı öhdəliyin icra edilməsi üçün aparılan ödənişdir. Öhdəlik icra edilmədikdə bütün hallarda avans geri qaytarılmalıdır. Avansın öhdəliyi icra etməyən tərəfdə qalması əsassız varlanma kimi qiymətləndirilir.
37. Beləliklə, yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, məhkəmə araşdırması zamanı tərəflər arasında bağlanmış xx.xx.2020-ci il tarixli müqavilə üzrə iddiaçı tərəfindən cavabdehə beh deyil, avans ödənildiyi, ödənilmiş avansın müqabilində cavabdeh tərəfindən iddiaçıya ümumiyyətlə hər hansı mal təqdim edilmədiyi, müqavilədə nəzərdə tutulmuş işlərin icra edilmədiyi müəyyən edildiyindən iddia tələbi həmin hissədə əsaslıdır və təmin edilməlidir.
38. Materiallardan görünür ki, iddiaçı iddia ərizəsində borcun ödənilməsinin gecikdirilməsinə görə illik 5 faiz hesablanmaqla 30737,19 manat məbləğində faiz borcunun cavabdehdən tutulması tələbini də irəli sürmüşdür.
39. İddiaçı iddia tələbində cavabdehdən hər il üçün gecikdirilmiş illik beş faiz hesablanmaqla 30737,19 manat faiz borcunun ödənilməsi tələbini irəli sürsə də, məhkəməyə tələb etdiyi faiz borcunun məbləğinin hesablanması düsturu və bunun üçün əsas götürülmüş müddət (günə-gün hesabı ilə) barədə heç bir sübut təqdim etməmişdir. Məhkəmənin yalnız iddia ərizəsində göstərilənlərə əsasən yuxarıda göstərilən qaydada qiymətləndirmə aparması və cavabdehdən 30737,19 manat faiz borcu tutması mümkün deyil. Ona görə də məhkəmə hesab edir ki, hazırda tələb olunan bu məbləğin əsaslı olubolmaması barədə birmənalı nəticəyə gəlmək mümkün olmadığından və tələbin əsasına dair sübutlar təqdim edilmədiyindən bu hissədə iddia tələbi təmin olunmamalıdır.
40. Məhkəmə iddia tələbini üçüncü, yəni 20000 manat maddi və mənəzi ziyanın cavabdehdən tutulmalı olmasına dair hissəsini də əsassız hesab edir.
41. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096 və 1097-ci maddələrinin mənasına görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması.
42. Yalnız yuxarıda qeyd olunan əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər. Lakin hazırkı işdə bu əsaslar müəyyən edilmir. Belə ki, cavabdehin qanunsuz hərəkətlərə yol verməsi təsdiq olunmur. Belə olan halda isə maddi zərərin tutulması barədə iddia təmin edilə bilməz.
43. Bundan əlavə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 31 may 2002-ci il tarixli Qərarında qeyd edilir ki, “Mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyriəmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir”.
44. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 7 nömrəli, 03 noyabr 2008-ci il tarixli Qərarında qeyd edilir ki, “mənəvi zərərin ödənilməsi barədə Azərbaycan Respublikası qanunvericiliyinin müddəaları baxımından mənəvi zərərin ödənilməsini tələb etmək hüququ yalnız fiziki şəxslərə aiddir. ... Hüquqi şəxsin təsərrüfat fəaliyyəti və s. funksiyaları barədə yanlış məlumatların yayılması, haqsız rəqabət üsul və vasitələrindən istifadə olunması (təsərrüfat fəaliyyətinin nüfuzdan salınması və təqlidi, istehlakçıların çaşdırılması və s.) nəticəsində onun işgüzar nüfuzuna qəsd edildikdə həmin hüquqi şəxs Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci və 1097.1-ci maddələrinə müvafiq olaraq ona vurulmuş maddi zərərin ödənilməsini tələb edə bilər".
45. Göründüyü kimi, hüquqi şəxslər mənəvi zərərin əvəzinin ödənilməsi tələbini irəli sürə bilməzlər. Buna görə də Məhkəmə hesab edir ki, iddia tələbi mənəzi ziyanın ödənilməsi hissəsində də təmin edilməməlidir.
46. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 614743,78 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.
47. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
48. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iş üzrə ödənilmiş 400 manat dövlət rüsumu cavabdehə, qalan 557 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir.
IV. Nəticə:
36. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" MMC-dən 614743,78 manat məbləğində pul, ödənilmiş 400 manat dövlət rüsumu, ümumilikdə 615143,78 (altı yüz on beş min bir yüz qırx üç manat yetmiş səkkiz qəpik) manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş 557 (beş yüz əlli yeddi) manat dövlət rüsumu İddiaçı MMC-nin özünə aid edilsin. Qətnamədən, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ülkər Həsənova