Məhkəmə qərarları › İş №e-2-2(113)-1964/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1964/2024

24.05.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1964/2024 24.05.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" ASC-nin Cavabdeh2 MMC-yə, Cavabdeh1 və Cavabdeh3 qarşı “subroqasiya qaydasında vurulmuş zərərin əvəzinin ödənilməsi”nə dair kommersiya mübahisəsi (açar sözlər: subroqasiya, dövlət rüsumu) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi, X1 katibliyi, İddiaçının nümayəndəsi X7, Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 nümayəndəsi Nümayəndə2 iştirakı ilə, Digər cavabdehin iştirakı olmadan, İddiaçı "xxxx" ASC-nin Cavabdeh2 MMC-yə, Cavabdeh1 və Cavabdeh3 qarşı “subroqasiya qaydasında vurulmuş zərərin əvəzinin ödənilməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I.Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh2 MMC, Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada 48000 manat pul vəsaitinin və 234 manat dövlət rüsumunun "xxxx" ASC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, əmlakın yanğından və digər əlavə risklərdən sığortası üzrə sığortalı X4 razı olması və İddiaçı ASC tərəfindən ona AZ/056889 saylı, xx.xx.2019-cu il tarixli sığorta şəhadətnaməsi blankının verilməsi yolu ilə sığorta müqaviləsi bağlanılmışdır. xx.xx.2019-cu il tarixində Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi 1 ünvanında yerləşən Cavabdeh2 Ticarət Mərkəzində yanğın hadisəsi baş vermiş, həmin hadisə zamanı ticarət mərkəzində X.Əliyevaya məxsus obyektdə olan mallara 19500 manat məbləğində real zərər dəymişdir. AKT1241/Fİ-0138/2019 saylı sığorta aktına və AZ/056889 saylı sığorta müqaviləsinə (şəhadətnaməsinə) əsasən 400 manat azadolma məbləği çıxıldıqdan sonra 19100 manat məbləğində sığorta ödənişi sığortalı X4 bank hesabına köçürülmüşdür. Əmlakın yanğından və digər əlavə risklərdən sığortası üzrə sığortalı X2 razı olması və İddiaçı ASC tərəfindən ona AZ/056890 saylı, xx.xx.2019-cu il tarixli sığorta şəhadətnaməsi blankının verilməsi yolu ilə sığorta müqaviləsi bağlanılmışdır. xx.xx.2019-cu il tarixində Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi 1 ünvanında yerləşən Cavabdeh2 Ticarət Mərkəzində yanğın hadisəsi baş vermiş, həmin hadisə zamanı ticarət mərkəzində Ç.Abdullayevə məxsus obyektdə olan mallara 29500 manat məbləğində real zərər dəymişdir. AKT1240/Fİ-0139/2019 saylı sığorta aktına və AZ/056890 saylı sığorta müqaviləsinə (şəhadətnaməsinə) əsasən 600 manat azadolma məbləği çıxıldıqdan sonra 28900 manat məbləğində sığorta ödənişi sığortalı X2 bank hesabına köçürülmüşdür. Binəqədi Rayon Məhkəməsinin 10 sentyabr 2021-ci il tarixli hökmü ilə Cavabdeh2 Ticarət Mərkəzində baş vermiş yanğın hadisəsinə görə Cavabdeh2 MMC-nin direktoru X9 və elektrik montyoru vəzifəsində çalışan X10 AR Cinayət Məcəlləsinin 225.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmişlər. Baş vermiş hadisədən və hadisə ilə bağlı Cavabdeh2 MMC-nin mülki öhdəliyi yaranandan sonra MMC-nin təsisçiləri kreditorları itkilərdən qorunmamışdır. Əksinə təsisçilər Cavabdeh1 və Cavabdeh3 borclu Cavabdeh2 MMC-nin mülkiyyətində olan Bakı ş., Binəqədi ray., Sulutəpə qəs. 1 ünvanında yerləşən daşınmaz əmlak kompleksini özlərinin mülkiyyətinə keçirmişlər. Bununla da mülki hüquqlarından sui-istifadə etmişlər.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianın məzmununa uyğun izahat verərək iddia ərizəsinin təmin edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, cavabdeh tərəfin təkrar sığorta ilə bağlı irəli sürdüyü arqumenti əsassızdır. Təkrar sığorta yoxdur bu işdə, əgər olseydi, cavabdeh tərəf sübutları təqdim etməli idi.

4. Məhkəmə iclasında iştirak edən cavabdehlər Cavabdeh2 və Cavabdeh3 nümayəndəsi bildirdi ki, təkrar sığorta məsələsi açıq qalıb, hesab edirlər ki, ikinci dəfə pulu alınması əsassızdır, iddianın rədd olunmasını xahiş edir.

5. Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməməyib və gəlməməyinin səbəbləri barədə məlumat verməmişdir.

6. Məhkəmə AR MPM-in 185-ci maddəsinə əsasən gəlməyən cavabdehin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir.

III. Məhkəmə baxışının hədləri:

7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

8. Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2023-cü il tarixli, 1(102)-18/2023 saylı qərarının təsviri hissəsindən görünür ki, ünvan 3 ünvanında mülkiyyətində olan ticarət sahələrinin müxtəlif növ tikinti materialları pərakəndə satışı üçün sahibkarlıq subyektləri olan ayrı-ayrı fiziki şəxslərə icarəyə verilməsi ilə əlaqədar sahibkarlıq fəaliyyətini həyata keçirən və zərbaycan Respublikası Ədliyyə Nazirliyində 02 iyul 1999-cu il tarixdə S-71 nömrəsi ilə qeydiyyata alınaraq Vergilər Nazirliyi tərəfindən 23 may 2004-cü il tarxdə vergi uçotuna götürülmüş Cavabdeh2 MMC-də xx.xx.2019-cü il tarixdə yanğın hadisəsi baş vermiş və zərərçəkmişlər arasında X5 46398 manat və X3 54386 manat məbləğində əmlaklarına ziyan dəydiyi qeyd olunmuşdur.

9. Əmlakın yanğından və digər əlavə risklərdən Az/056889 nömrəli sığorta şəhadətnaməsindən görünür ki, X4 Binəqədi rayonu, Sulutəpə qəsəbəsi 1 ünvanında yerləşən daşınar əmlakları xx.xx.2019 tarixdən xx.xx.2020-ci il tarixinə kimi "xxxx" ASC-də sığortalanmışdır. Sığorta dəyəri 20.000 manat müəyyən edilmişdir.

10. 29.04.2020-ci il tarixli, AKT1241/Fİ-0138/2019 saylı sığorta aktına əsasən 400 manat azadolma məbləği çıxıldıqdan sonra X5 dəymiş zərər məbləği 19100 manat müəyyən edilmişdir.

11. 29.04.2020-ci il tarixli ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən X5 19100 manat ödəniş edilmişdir.

12. Əmlakın yanğından və digər əlavə risklərdən Az/056890 nömrəli sığorta şəhadətnaməsindən görünür ki, X2 Binəqədi rayonu, Sulutəpə qəsəbəsi 1 ünvanında yerləşən daşınar əmlakları xx.xx.2019 tarixdən xx.xx.2020-ci il tarixinə kimi "xxxx" ASC-də sığortalanmışdır. Sığorta dəyəri 30.000 manat müəyyən edilmişdir.

13. 29.04.2020-ci il tarixli, AKT1240/Fİ-0139/2019 saylı sığorta aktına əsasən 600 manat azadolma məbləği çıxıldıqdan sonra X3 dəymiş zərər məbləği 28900 manat müəyyən edilmişdir.

14. 29.04.2020-ci il tarixli ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən X3 28900 manat ödəniş edilmişdir.

15. Məhkəmə tərəflərin nümayəndələrinin izahatını dinləyib, materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır.

16. Azərbaycan Respublikası Mülkü Məcəlləsinin:

17. 883.1-ci maddəsinə görə sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır.

18. 926.1-ci maddəsinə əsasən sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır.

19. 926.2-ci maddəsinə əsasən sığortaçı sığorta ödənişini sığorta məbləği həddində həyata keçirir.

20. 936.1-ci maddəsinə əsasən subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur.

21. 936.2-ci maddəsinə əsasən Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir.

22. 936.5-ci maddəsinə əsasən Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin, dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər.

23. 1096-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

24. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.

25. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.

26. İlkin olaraq məhkəmə qeyd edir ki, xx.xx.2020-ci il tarixli 477 saylı dəyənzərərin hesabatına dair verilmiş rəylərdə X6 yekun 19500 manat məbəğində və X3 isə 29500 manat məbləğində ziyan dəydiyi müəyyən edilmiş, xx.xx.2020-ci il tarixli, AKT1241/Fİ- 0138/2019 saylı sığorta aktına və AZ/056889 saylı sığorta müqaviləsinə (şəhadətnaməsinə) əsasən 400 manat azadolma məbləği çıxıldıqdan sonra 19100 manat məbləğində sığorta ödənişi sığortalı X4 bank hesabına köçürülmüş, xx.xx.2020-ci il tarixli, AKT1240/Fİ-0139/2019 saylı sığorta aktına və AZ/056890 saylı sığorta müqaviləsinə (şəhadətnaməsinə) əsasən 600 manat azadolma məbləği çıxıldıqdan sonra 28900 manat məbləğində sığorta ödənişi sığortalı X2 bank hesabına köçürülmüş və Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2023-cü il tarixli, 1(102)- 18/2023 saylı qərarının təsviri hissəsində zərərçəkmişlər arasında X5 46398 manat və X3 54386 manat məbləğində əmlaklarına ziyan dəydiyi qeyd olunmuşdur.

27. Qeyd olunanlardan göründüyü kimi iddiaçının məhkəməyə təqdim etdiyi sübutlardan və baş vermiş hadisə ilə bağlı qəbul edilmiş məhkəmə aktından da zərərçəkmiş şəxslər müəyyən edilməklə, onlara dəymiş ziyana dair rəy tərtib edilmiş, o cümlədən hadisəsin baş verməsində cavabdehin direktoru təqsirləndirilən şəxs qismində tanınmaqla da cinayət məsuliyyətinə cəlb edilmişdir. İddiaçı ASC-də öz növbəsində tərəfindən həmin şəxlsərə müvafiq sığorta ödənişləri həyata keçirilmişdir.

28. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı "xxxx" MMC Cavabdeh2 MMCdən subroqasiya qaydasında dəymiş zərərin əvəzinin ödənilməsini tələb etməkdə haqlıdır.

29. Məhkəmə iddia tələbinin yönəldiyi digər cavabdehlər Cavabdeh1 və Cavabdeh3 münasibətdə əsassız hesab edərək təmin edilməməsi qənaətinə gəlir.

30. Belə ki, iddiaçı həmin şəxslərin cavabdeh MMC-nin təsisçi olduqlarını və MMCnin əmlaklarını mülkiyyətlərinə keçirdikləri dəlilinə istinad etməklə ödənilmiş sığorta məbləğini onlardan da tutulmasına dair tələbi haqlı olmamışdır.

31. Məhkəmə qeyd edir ki, yanğının baş verdiyi qeyri-yaşayış sahəsi hadisə zamanı Cavabdeh2 MMC-yə məxsus olmuşdur, MMC-də yanğın təhlükəsizliyi, ticarət və ictimai iaşə müəssisələri, yarmarkalar, baza və anbarlar üçün yanğın təhlükəsizliyi və elektrik enerjisindən istifadə qəydaların pozulması nəticəsində hadisə baş vermişdir. İddiaçı isə təsisçilər Cavabdeh1 və Cavabdeh3 borclu Cavabdeh2 MMC-nin mülkiyyətində olan Bakı ş., Binəqədi ray., Sulutəpə qəs. 1 ünvanında yerləşən daşınmaz əmlak kompleksini özlərinin mülkiyyətinə keçirmələrini əsas gətirərək pulun onlardan da tutulmalarını xahiş etmişlər. Məhkəmə bu əsaslarla iddianın Cavabdeh1 və Cavabdeh3 münasibətdə təmin edilməsini əsassız hesab edir.

32. Mülki Məcəllənin 87.1-ci maddəsinə əsasən Məhdud məsuliyyətli cəmiyyətin iştirakçıları onun öhdəlikləri üzrə məsuliyyət daşımır və cəmiyyətin fəaliyyəti ilə bağlı zərər üçün qoyduqları mayaların dəyəri həddində risk daşıyırlar. Cəmiyyət öz iştirakçılarının üçüncü şəxslər qarşısında öhdəliklərinə görə məsuliyyət daşımır.

33. Məhkəmə xərclərinə gəldikdə iş materiallarından görünür ki, hazırkı iş üzrə 234 manat məbləğində dövlət rüsumu iddiaçı tərəfindən ödənilmişdir.

34. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

35. Həmin Məcəllənin 119.2-ci maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.

36. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, təmin edilən məbləğə mütənasib olaraq dövlət rüsumunun əvəzi qismində 234 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

V. Nəticə:

37. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. Cavabdeh2 MMC-dən zərərin əvəzi olaraq 48.000 (qırx səkkiz min) manat və dövlət rüsumunun əvəzi olaraq 234 manat tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi (elektron kabinetə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Günay Namazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar