Məhkəmə qərarları › İş №e-2-2(113)-1967/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-1967/2022

25.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-1967/2022 25.07.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, X1 katibliyi, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X2, Cavabdeh “REN X5” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdeh “REN X5” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “borcun ödənilməsi” tələbinə dair işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdeh “REN X5” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “REN X5” MMC-dən 29.925 manat məbləğində borcun tutularaq İddiaçı QSC-yə ödənilməsi və 13 yanvar 2017ci il tarixli 156 nömrəli podrat müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı QSC (əvvəlki adı Sentra MMC) ilə cavabdeh “REN X5” MMC arasında 13 yanvar 2017-ci il tarixli 156 nömrəli podrat müqaviləsi bağlanmışdır. “REN X5” MMC-nə xidmət göstərməsi üçün əvvəlcədən avans ödənilmişdir. Müqavilənin 3.2.7 maddəsinə əsasən İcraçı, müqavilə ilə üzərinə götürdüyü vəzifələrin vaxtında və lazımi qaydada icra edilməsini və onların pozulmasına yol verilməməsini öhdəsinə götürür. Lakin “REN X5” MMC müqavilə öhdəliyini yerinə yetirə bilməmişdir. Beləliklə illər ərzində borcun 22.500 manatını ödəmişdir. Dəfələrlə müraciət etməklərinə baxmayaraq cavabdeh borcun ödənilməsini təmin etməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 iddianın məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh “REN X5” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə iddia müddətinin tətbiqinə dair ərizə təqdim edərək, iddia müddətinin keçdiyini və iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia rədd olunmalıdır. İşin müəyyən olunmuş halları ondan ibarətdir ki, İddiaçı QSC (əvvəlki adı Sentra MMC) (sifarişçi) ilə “REN X5” MMC (icraçı) arasında 13 yanvar 2017-ci il tarixdə podrat müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən icraçı “acces” control sisteminin quraşdırılması, informasiya texnologiyalarına aid digər xidmətləri göstərməyi öhdəsinə götürmüşdür. Məhkəmə iclasında qeyd edilən işin mahiyyətinin Neft və Sənaye Universitetinin (keçmiş Neft Akademiyası) binasına kartla giriş-çıxış sistemin quraşdırılmasından ibarət olduğu müəyyən olunmuşdur. Qeyd olunan işin görülməsinə görə avans şəkilində “REN X5” MMC-nə xx.xx.2017-ci il tarixdə 30.000 ABŞ dolları məbləğində pul verilmişdir. Hazırda iddiaçı tərəf verilmiş 30.000 ABŞ dolları avans məbləğin 51.000 (30.000x1.7) manat kimi hesablayaraq ondan 22.500 manatın geri qaytarıldığını bildirir və qalan 28.500 manatı tələb edir və həmçinin məhkəmə iclasında “REN X5” MMC tərəfindən müəyyən işlərin görüldüyünü bildirsə də, görülmüş işlərin bəyənilmədiyini bildirir. İşdə olan “REN X5” MMC-nin direktoru tərəfindən xx.xx.2018-ci il tarixdə iddiaçıya ünvalamış olduğu məktubdan görünür ki, 30.000 ABŞ dolları kimi verilmiş avansdan 10.000 manat məbləğində pul xx.xx.2018-ci il tarixdə qaytarılmışdır. Məhkəmə iclasında qalan 12.500 manat məbləğində pulun nə zaman qaytarıldığına dair iddiaçı tərəf məlumatlı olmadığını, cavabdeh tərəf isə elə 10.000 manat pulun verildiyi ay yəni elə may ayında qaytarıldığını bildirmişdir. Cavabdeh tərəf məhkəmə iclasında iddia müddətinin tətbiq edilməsinə dair ərizə verməklə yanaşı, izahatında qalan 28.500 manatlıq işin görüldüyünü bildirmişdir. Tərəflər arasında bağlanmış 13 yanvar 2017-ci il tarixli müqavilənin 5.1-ci bəndindən görünür ki, müqavilənin müddəti 1 il yəni 13 yanvar 2018-ci il tarixinə kimi müəyyən edilmişdir. İşdən görünür ki, xx.xx.2022-ci il tarixindən İddiaçı QSC tərəfindən “REN X5” MMCyə mediasiya prosesinin tətbiqi barədə təklif məktubu göndərilmişdir. Mülki Məcəllənin 372.1 və 372.2-ci maddələrinin tələblərinə görə başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373.2-ci maddəsinə görə müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 375.2-ci maddəsinə görə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. İddiaçının Mülki Məcəllənin 373.2-ci maddəsində müəyyən edilmiş iddia müddəti keçdikdən sonra məhkəməyə müraciət etdiyini, hazırkı işdə Mülki Məcəllənin 379 və 380ci maddələrində göstərilən iddia müddəti axımının dayandırılması və kəsilməsi hallarının müəyyən olunmadığını, həmçinin iddiaçı tərəfindən iddia müddətinin üzrlü səbəblərdən ötürülməsi barədə sübutların təqdim edilmədiyini və cavabdeh tərəfindən iddia müddətinin tətbiqi barədə ərizənin verildiyini nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, iddia müddətinin keçməsi səbəbinə görə iddia rədd edilməlidir. İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Belə olan halda hazırki iş üzrə müəyyənləşdirilməli olan məsələ öhdəliyin icrası vaxtının hansı andan çatdığıdır. Tərəflər arasında bağlanmış müqavilənin müddətinin 13 yanvar 2018-ci il tarixinədək olması göstərilmiş, ancaq cavabdeh tərəfindən müvafiq pulun bir həssini (yəni 10.000 manat) xx.xx.2018-ci il tarixdə ödənilmiş və bu hal cavabdehin özü tərəfindən verilmiş ərizə ilə etiraf olunmuşdur. Qalan 12.500 manat məbləğində pulun isə nə zaman ödənilməsi barədə iddiaçı tərəf fikir söyləyə bilməsə də, cavabdeh tərəfin həmin pulu məhz elə may ayında qəbz tərtib olunmadan əlbəəl verilməsi və iddiaçı tərəfin də qeyd olunan pulu verilməsini qəbul etdiyini nəzərə alaraq həmin pulun məhz elə may ayında əlbəəl verilməsi nəticəsinə gəlməyə əsas verir. Belə olan halda Məhkəmə qeyd edir ki, iddia müddətinin axımı xx.xx.2018-ci il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, müqavilədə “müqavilənin “müqavilənin müddəti bildikdən sonra 10 iş günü ərzində tərəflərdən heç birinin müqavilənin ləğv edilməsi təşəbbüsü ilə çıxış etmədikdə müqavilə eyni şərtlərlə və müddətə uzadılmış hesab edilir bəndi” müqavilənin qeyri-müəyyən müddətə bağlanmış olması kimi qəbul edilə bilməz, çünkü müddət hüquqi anlayış kimi özündə həmişə konkretliyi ehtiva edir. Mülki Məcəllənin 367-ci maddəsi də bunu təsdiq edir, həmin maddəyə görə “müddət mülki hüquq və vəzifələrin əmələ gəlməsinin, dəyişdirilməsinin və xitamının bağlı olduğu vaxtdır. Əqdlə müəyyənləşdirilən və ya məhkəmə tərəfindən təyin edilən müddət təqvim tarixi ilə və ya illər, aylar, həftələr, günlər və ya saatlar ilə hesablanan vaxtın bitməsi ilə müəyyənləşdirilir. Müddət həmçinin hökmən baş verməli olan hadisənin göstərilməsi ilə müəyyənləşdirilə bilər”. Bu baxımdan, hazırkı iddia üzrə iddia müddətinin axımı xx.xx.2018-ci ildən başlamaqla, xx.xx.2021-ci il tarixdə bitmişdir. İddiaçı tərəf isə mediasiya barədə təklifi xx.xx.2022-ci il tarixində, Məhkəməyə isə müraciəti xx.xx.2022-ci il tarixdə etmişdir. Göründüyü kimi, 3 illik müddət keçmişdir. Ona görə də, pul tələbinə dair hissədə iddia təmin edilə bilməz. Məhkəmə iddianın müqavilənin ləğv edilməsi barədə hissəsi üçün aşağıdaklıları qeyd edir. Mülki Məcəllənin 404.1-ci maddəsinə əsasən Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Həmin Məcəllənin 421.1-ci maddəsinə əsasən Müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən Tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 421.3-cü maddəsinə əsasən Müqavilənin tamamilə və ya hissəhissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır. Məhkəmə qeyd edir ki, Müqavilənin ləğv edilmiş sayılmasının şərtləri müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edilməsi, belə imtinaya Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verilməsi aiddir. Hazırda isə göründüyü kimi, tərəflər arasında qarşılıqlı etimada əsaslanan müqavilə münasibətləri artıq 2018-ci ilin yanvar ayından mövcud olmamış və tərəflər arasında müqavilə münasibətlərinin davam etdirilməsi ilə bağlı hər hansı bir hərəkətlər edilməmişdir. Beləliklə məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış müqavilənin müddətinin bitmiş olduğu və tərəflər arasında müqavilə hüquq münasibət olmadığı üçün ləğv edilmiş sayılmış müqavilənin (mövcud olmayan müqavilənin) ləğv edilməsi tələbi təmin edilə bilməz. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia rədd edilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar