Məhkəmə qərarları › İş №e-2-2(113)-199/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-199/2022

13.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-199/2022 13.04.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Həsənova Ülkər Təhmasib qızı, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı "xxxx" MMC-nin cavabdeh Azərbaycan Tibbi Universitetinin X1rşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC (bundan sonra – iddiaçı) cavabdeh Azərbaycan Tibbi Universitetinin X3 (bundan sonra – cavabdeh) qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 01.06.2018-ci il tarixli 26 saylı müqaviləyə əsasən yaranmış 53590 manat əsas borc, 45605,09 manat penya borcu, cəmi 99195,09 manat borcun, ödənilmiş dövlət rüsumununun əvəzi kimi 30 manat pulun, vəkil xidmətinə görə 300 manat pulun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər arasında 26 saylı, 01 iyun 2018-ci il tarixli müqavilə bağlanmışdır. Müqavilənin 1.1-ci bəndinə əsasən, iddiaçı cavabdehin binasında mövcud texniki avadanlıqlara təsdiq edilmiş cədvələ əsasən vaxtaşırı aylıq servisin keçirilməsini, cavabdeh isə həmin işlərin dəyərini ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı tərəfindən işlərin lazımınca görüldüyü tərəflər arasında tərtib edilmiş müvafiq təhviltəslim aktları ilə öz təsdiqini tapır. İddiaçı tərəfindən cavabdehə 24 avqust 2018-ci il tarixli 043 və 044 saylı hesab-fakturalar, 28 noyabr 2018-ci il tarixli hesab-faktura təqdim edilib. Həmin hesab-fakturalara əsasən, görülmüş işlərin dəyəri (yəni ödənilməli olan məbləğ) 53.590 manat təşkil edir. Lakin sözügedən pul məbləği indiyədək ödənilməmişdir. Bununla bağlı olaraq 7 yanvar 2021-ci il tarixdə cavabdehə yazılı pretenziya ünvanlanmışdır. Cavabdeh 11 yanvar 2021-ci il tarixdə İddiaçıya məktub ünvanlamış və bu məsələnin aydınlaşdırılması üçün görüş keçirilməsini təklif etmişdir. Həqiqətən də, tərəflərin nümayəndələri görüşmüş, borcu təsdiqləyən lazımi sənədlər cavabdehə rəsmi qaydada təqdim edilmişdir. Cavabdeh bu halı aydınlaşdırmağa söz versə də, keçən müddət ərzində heç bir ödəniş edilməmişdir. Nəticə etibarilə, cavabdehin 53.590 manat əsas borc, 45.605,09 manat penya borcu, cəmi 99.195,09 manat pul tələbi əsaslıdır və müqaviləyə əsaslanır. Keçən müddət ərzində cavabdeh 99.195,09 manat məbləğində pul vəsaitini hansı səbəbdən ödəmədiyinə dair hər hansı əsaslandırmaya yer verə bilməmişdir. Cavabdeh həmin məbləği ödəməməklə Müqavilədən irəli gələn öhdəliyini pozur. Tərəflərin izahatı: Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, materiallarda olan ekspert rəyi ilə razı deyil, belə ki, ekspertin hansı sənədlərə əsasən, belə bir qənaətə gəlməsi anlaşılan deyildir. Bundan əlavə, cavabdeh müstəqil hüquqi şəxsdir, onun Əsasnaməsində də cavabdehin müqavilə bağlamaq və həmin müqavilələrə əsasən öhdəlik daşımaq qabiliyyətinin olması öz təsdiqini tapmışdır. Məhkəmə iclasında cavabdehin nümayəndəsi C.Mahmudov iddia tələbinə etiraz edib bildirdi ki, aktlarda göstərilən görülmüş işlərin dəyəri iddia ərizəsində göstərilən məbləğdə deyildir, həmin rəqəm dəfələrlə şişirdilmişdir. Əslində həmin işlərin dəyəri 5000 manat civarındadır. Materiallarda olan ekspert rəyi ilə razılaşır, həmin rəyə uyğun qətnamə qəbul edilməsini xahiş edir. Əlavə olaraq bildirdi ki, Azərbaycan Tibbi Universitetinin X5 Azərbaycan Tibbi Universitetinin nəzdində yaradılmış Klinikalardan biridir, Əsasnaməsi Azərbaycan Tibbi Universitetinin rektoru tərəfindən təsdiq edilmişdir. Klinikada əsaslı təmir işləri Azərbaycan Tibbi Universitetinin razılığı əsasında, qalan işlər isə cavabdeh tərəfindən müstəqil şəkildə edilir. Üçüncü şəxslər Azərbaycan Tibbi Universiteti və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, nümayəndələri məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməni məlumatlandırmamışlar. Məhkəmə işə üçüncü şəxslərin nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: Belə ki, məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: İddiaçı ilə cavabdeh arasında bağlanmış 01 iyun 2018-ci il tarixli 26 nömrəli müqaviləyə əsasən icraçı (iddiaçı) tərəfindən bu müqavilədə göstərilən şərtlərə əsasən sifarişçinin (cavabdeh) binasında mövcud texniki avadanlıqlarla təsdiq olunmuş cədvələ əsasən vaxtaşırı aylıq servisin keçirilməsi bu müqavilənin predmetini təşkil edir. Həmin müqaviləyə 01 nömrəli əlavə qiymətlərin razılaşdırma protokolunda müqavilə üzrə icraçının görməli olduğu işlərin adı, ölçüsü, miqdarı və qiyməti müəyyənləşdirilmişdir. İddiaçı tərəfindən verilmiş 043 nömrəli, 24.08.2018-ci il tarixli hesabdan görünür ki, icraçı tərəfindən 19.000 manat, 044 nömrəli, 24.08.2018-ci il tarixli hesaba əsasən 28825 manat, 050 nömrəli, 28.11.2018-ci il tarixli hesaba əsasən 5765 manat məbləğində işlər görülmüşdür. 24 avqust 2018-ci il tarixli Azərbaycan Tibbi Universitetinin X6 tərəfindən təsdiq olunmuş aktdan görünür ki, həmin akt klinikanın və iddiaçının əməkdaşları tərəfindən tərtib olunaraq klinikanın həyətində quraşdırılmış və işləməyən, təlimatla tələb olunan temperaturu vurub saxlamayan 6 ədəd çillirlərin təmirini apararaq tam işlək vəziyyətdə klinikanın əməkdaşlarına təhvil verilib. Aparılmış texniki işlər nəticəsində 8 ədəd balon freon R134A, 180 litrə Total şirkətinin Planetelf ACD 32 yağ, 6 ədəd Castel yağ filtiri, kompressorların sensorlarını və radiatorlarını təmizləyərək 6 ədəd kompressirun iş qabiliyyəti bərpa olunmuş və ümumi havalandırma sistemi sifarişçiyə işlək vəziyyətdə təhvil verilmişdir. 24 avqust 2018-ci il tarixli Azərbaycan Tibbi Universitetinin X5 tərəfindən təsdiq olunmuş aktdan görünür ki, həmin akt klinikanın və iddiaçının əməkdaşları tərəfindən tərtib olunaraq klinikanın binasının 2-5-ci mərtəbələrində quraşdırılmış və işləməyən, təlimatla tələb olunan temperaturu vurub saxlamayan 175 ədəd fankoilun təmirini apararaq tam işlək vəziyyətdə klinikanın əməkdaşlarına təhvil verilib. Eyni zamanda reanimasiya palatasında və laboratoriya otaqlarında 4 ədəd fankoil quraşdırılmışdır. Hüquqi dəyərləndirmə: Məhkəmə iddia ərizəsini nəzərdən keçirib, tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 43.1-ci maddəsinə əsasən hüquqi şəxs qanunla müəyyənləşdirilən qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. Hüquqi şəxsin müstəqil balansı olmalıdır. 43.5-ci maddəsinə əsasən hüquqi şəxslər fəaliyyətinin əsas məqsədi mənfəət götürməkdən ibarət olan (kommersiya hüquqi şəxsləri) və ya əsas məqsədi mənfəət götürməkdən ibarət olmayan və götürülən mənfəəti iştirakçıları arasında bölüşdürməyən (qeyri-kommersiya hüquqi şəxsləri), habelə ümumdövlət və (və ya) ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olan (publik hüquqi şəxslər) qurumlar ola bilər. 45.1-ci maddəsinə əsasən hüquqi şəxs onun təsis edilməsi və nizamnaməsinin hazırlanması yolu ilə yaradılır. 49.1-ci maddəsinə əsasən hüquqi şəxslər qanunvericiliyə və nizamnaməyə uyğun fəaliyyət göstərən öz orqanları vasitəsilə mülki hüquqlar əldə edir və öhdələrinə mülki vəzifələr götürürlər. 49.2-ci maddəsinə əsasən hüquqi şəxs öz iştirakçıları, habelə təmsilçiləri vasitəsilə mülki hüquqlar əldə edə bilər və öhdəsinə mülki vəzifələr götürə bilər. 52-ci maddəsinə əsasən hüquqi şəxs öz öhdəlikləri üçün ona mənsub bütün əmlakla cavabdehdir. Hüquqi şəxsin idarəetmə, sosial-mədəni və ya digər qeyri-kommersiya xarakterli funksiyaların həyata keçirilməsi üçün yaratdığı təşkilat idarə sayılır. İdarə hüquqi şəxs deyildir və hüquqi şəxsin təsdiq etdiyi əsasnamə üzrə fəaliyyət göstərir. İdarə ona təhkim edilmiş əmlak barəsində qanunla müəyyənləşdirilmiş hədlərdə, öz fəaliyyətinin məqsədlərinə, hüquqi şəxsin tapşırıqlarına və əmlakın təyinatına uyğun sahiblik, istifadə və sərəncam hüquqlarını həyata keçirir. İdarənin öhdəlikləri üçün məsuliyyət idarəni yaratmış hüquqi şəxsin üzərinə düşür. Azərbaycan Respublikası Prezidentinin 11.09.2007-ci il tarixli Sərəncamına əsasən Bakı şəhərində Azərbaycan Tibb Universitetinə məxsus ərazidə universitetin çoxprofilli tədris-terapevtik klinikasının yaradılması qərara alınmışdır. 01 dekabr 2010-cu il tarixli 361 s nömrəli Azərbaycan Respublikasının Nazirlər Kabinetinin Sərəncamına əsasən cari ilin sonuna kimi Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik Klinikasının fəaliyyəti dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərinin “Səhiyyə” bölməsində Azərbaycan Tibb Universiteti üzrə nəzərdə tutulmuş vəsailər hesabına maliyyələşdirilməsi, Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik Klinikasının fəaliyyətinin 2011-ci il üçün maliyyələşdirilməsinin dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərində Klinikanın fəaliyyətinin təşkili ilə bağlı nəzərdə tutulmuş 1,8 milyon manat vəsaitin Azərbaycan Tibb Universitetinə ayrılması hesabına həyata keçirilməsi, 2012-ci ilin yanvar ayının 1-dən başlayaraq Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik Klinikasının fəaliyyətinin Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi ilə razılaşdırılmaqla tədricən özünümaliyyələşdirmə prinsipi əsasında həyata keçirilməsi qərara alınmışdır. Materiallarda olan cavabdehin 28.11.2016-cı il tarixli yeni redaksiyada verilmiş Əsasnaməsinin 1.2-ci bəndinə əsasən Klinika Azərbaycan Tibb Universitetinin tərkibində struktur bölməsi olub, tədris, tədris-metodik və elmi-tədqiqat fəaliyyətlərini təmin etməklə yanaşı, əhaliyə geniş profilli ixtisaslaşdırılmış konsultativ-diaqnostik və müalicə-profilaktik xidmət göstərən tədris, elm və tibb müəssisəsidir. Həmin Əsasnamənin 1.3-cü bəndinə əsasən Klinika öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikasının Prezidentinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Azərbaycan Respublikaısnın tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Səhiyyə və Təhsil nazirliklərinin normativ sənədlərini, Azərbaycan Tibb Universitetinin Nizamnaməsini (2-ci redaksiyada), X7 qərarlarını, rektorun əmr və sərəncamlarını və bu Əsasnaməni rəhbər tutur. Həmin Əsasnamənin 1.4-cü bəndinə əsasən Klinika bu Əsasnamədə nəzərdə tutulmuş vəzifə və funksiyalarını yerinə yetirərkən və hüquqlarını həyata keçirərkən universitetin digər struktur bölmələri və ictimai qurumları ilə qarşılıqlı fəaliyyət göstərir. Həmin Əsasnamənin 1.6-cı bəndinə əsasən ... Klinikanın əsas vəsaitləri və avadanlıqları Azərbaycan Tibb Universitetinin balansına daxildir. Həmin Əsasnamə Azərbaycan Tibb Universitetinin Elmi Şurasının 28.11.2016-cı il tarixli iclasında qəbul olunmuş, Azərbaycan Tibb Universitetinin rektoru tərəfindən təsdiq edilmişdir. Azərbaycan Tibb Universitetinin Məhkəmənin 30 mart 2022-ci il tarixli sorğusuna verilmiş 08.04.2022-ci il tarixli, 01-06/558 saylı cavabdan məlum olur ki, Azərbaycan Tibb Universitetinin X5 Azərbaycan Respublikası Prezidentinin 11 sentyabr 2007-ci il tarixli 2382 nömrəli Sərəncamı ilə yaradılmışdır. Klinikanın fəaliyyəti və saxlanması xərcləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 dekabr 2010-cu il tarixli 361s nömrəli Sərəncamına müvafiq olaraq özünümaliyyələşdirmə prinsipi əsasında həyata keçirilir. Klinika Azərbaycan Tibb Universitetinin tərkibində ayrıca bank hesabına, üzərində Azərbaycan Respublikasının Dövlət Gerbinin təsviri və öz adı olan möhürə malikdir. Klinika müstəqil vergi ödəyicisi kimi 09.01.2012-ci il tarixində Bakı şəhər Vergilər Departamentində ********** nömrəli ilə qeydiyyatdan keçmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Məhkəmənin 30 mart 2022-ci il tarixli sorğusuna verilmiş 07.04.2022-ci il tarixli, **********725200 saylı cavabdan görünür ki, dövlət reyestrində Azərbaycan Tibb Universitetinin X2 (VÖEN: **********) 09.01.2012-ci il tarixdə 01-21/16 nömrə ilə dövlət qeydiyyatından keçməsi barədə məlumat mövcuddur. Belə olan halda iddiaçı iddia tələbini bu tələbə cavab verməli olmayan cavabdehə qarşı yönəltmişdir. Belə ki, materiallara əlavə edilmiş Azərbaycan Respublikası Prezidentinin 11.09.2007-ci il tarixli Sərəncamı, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 dekabr 2010-cu il tarixli 361 s nömrəli Sərəncamı və Azərbaycan Tibb Universitetinin X2 Əsasnaməsindən görünür ki, cavabdeh Azərbaycan Tibb Universitetinin tərkibində olmaqla onun stuktur bölməsidir və hüquqi şəxs deyildir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 50.1-ci maddəsinə əsasən prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər. 50.3-cü maddəsinə əsasən iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. 50.4-cü maddəsinə əsasən qanunda nəzərdə tutulan hallarda hüquqi şəxs olmayan təşkilatlar da tərəf ola bilərlər. 54.1-ci maddəsinə əsasən iddia tələb hüququ olmayan şəxs tərəfindən verildikdə və ya iddiaya cavab verməli olmayan şəxsə verildikdə məhkəmə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddiaçının yazılı razılığı ilə iddiaçını və ya cavabdehi əsl iddiaçı və ya cavabdeh ilə əvəz edə bilər. Məhkəmə baxışı zamanı iddiaçının və ya cavabdehin əsl iddiaçı və ya cavabdeh ilə əvəz edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun. 54.2-ci maddəsinə əsasən iddiaçı özünün əsl iddiaçı ilə və ya cavabdehin əsl cavabdehlə əvəz edilməsinə razı olmadıqda, məhkəmə işə irəli sürülmüş tələblər üzrə baxır. Məhkəmə iclaslarında cavabdehin əsl cavabdeh olan Azərbaycan Tibb Universiteti ilə əvəz edilməsi iddiaçının nümayəndəsinə təklif edilmiş, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə bununla razılaşmadığından, məhkəmə tərəfindən işə MPM-nin 54.2-ci maddəsinin tələblərinə əsasən irəli sürülmüş tələblər üzrə baxılmışdır. Nəticə: Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia tələbi ona cavab verməli olmayan cavabdehə qarşı yönəldiyindən iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar