Məhkəmə qərarları › İş №e-2-2(113)-2019/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2019/2025

28.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2019/2025 28.04.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyətinin Cavabdeh Anonim Şirkətinin Azərbaycan Respublikasındakı Filialına qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: müqavilə üzrə öhdəliyin icra edilməməsi, pul tələbi, icranın gecikdirilməsi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh Anonim Şirkətinin Azərbaycan Respublikasındakı Filialına qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:

1. İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyəti (İddiaçı MMC) Cavabdeh Anonim Şirkətinin Azərbaycan Respublikasındakı Filialına (Cavabdeh A.Ş) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, VV-P- 201223 nömrəli xidmət müqaviləsi üzrə yaranmış 52001,18 manat borc, 8130 manat məbləğində cərimə olmaqla, ümumilikdə 60131,18 manat pul vəsaiti, 320 (üç yüz iyirmi) manat vəkil xərci və ödənilmiş 271 (iki yüz yetmiş bir) manat dövlət rüsumunun "xxxx" Anonim Şirkətinin Azərbaycan Respublikasındakı Filialından tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə "xxxx" Anonim Şirkətinin Azərbaycan Respublikasındakı Filialı arasında xx.xx.2023-cü il tarixli, VV-P-201223 nömrəli X1 xidmətlərinin həyata keçirilməsi barədə müqavilə bağlanmışıdr. Həmin müqavilə əsasında İddiaçı MMC öhdəliyini tam icra etmiş və görülmüş işlər (xidmətlər) cavabdehə xx.xx.2024-cü il tarixli təhvil-təslim aktı ilə tam təhvil verilmişdir. Bundan sonra ərizəçi tərəfindən görülmüş işlərin dəyəri olan ƏDV daxil olmaqla 118001,18 manat məbləğin ödənilməsi üçün xx.xx.2024-cü il tarixli e-qaimə kəsilmiş, lakin həmin məbləğ cavabdeh tərəfindən ödənilməmişdir. İddiaçı tərəfindən cavabdehə xx.xx.2024-cü il tarixdə pretenziya məktubu ünvanlanaraq həmin məbləğin ödənilməsi tələb edilmiş, bundan sonra cavabdeh tərəfindən üç ayrı vaxtda həmin məbləğin ümumilikdə 66000 manat hissəsi ödənilmiş, 52001,18 manatlıq hissəsi isə iddiaçının israrlı tələblərinə rəğmən bugünə qədər ödənilməmişdir. Göründüyü kimi, iddiaçı tərəfindən xidmətlərin təhvil verilməsinə, bununla əlaqədar təhvil-təslim aktlarının imzalanmasına və e-qaimənin cavabdehə göndərilməsinə baxmayaraq, cavabdeh xidmətlərin dəyərini tam ödəməmiş, müqavilə üzərə götürdüyü öhdəliyi vaxtında və lazımınca icra etməmişdir. Beləliklə, müqavilənin 1.1, 3.1 və 3.3-cü bəndlərinin tələbləri cavabdeh tərəfindən pozulmuşdur. Həmin müqavilənin 3.4-cü bəndinə uyğun olaraq müqavilənin tələblərini pozan tərəf ümumi məbləğin 0,5%-i olmaqla ümumi cərimə və öhdəliyin gecikdirilməsinə görə gecikdirilmiş hər gün üçün ümumi məbləğin 0,05%-i məbləğində cərimə ödəməyi öz üzərinə götürür. Müqavilə üzrə ümumi məbləğin 118001 manat olduğunu nəzərə alsaq, cavabdeh sırf müqavilə tələblərini pozduğuna görə 590 manat (ümumi məbləğin 0.5 %-i), e-qaimənin göndərildiyi xx.xx.2024-cü il tarixdən hazırki vaxtadək 52001,18 manatlıq hissənin ödənilməməsi ilə bağlı hər gün üçün 26 manat olmaqla (məbləğin 0.05 %-i) 7540 manat (290 gün x 26 manat), ümumilikdə 8130 manat məbləğində cərimə ödəməlidir.

3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14.2.1, 385, 386.1, 442, 448.1, 752.1-ci maddələrinə istinad olunmuşdur.

4. Daha sonra iddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə uyğun olaraq “iddia tələbinin dəqiqləşdirilməsi barədə” ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixli, VV-P-201223 nömrəli xidmət müqaviləsi üzrə yaranmış 40121,18 manat borc, 14840 manat cərimə olmaqla, ümumilikdə 54961,18 manat pul vəsaiti, 320 (üç yüz iyirmi) manat vəkil xərci və ödənilmiş 271 (iki yüz yetmiş bir) manat dövlət rüsumunun "xxxx" Anonim Şirkətinin Azərbaycan Respublikasındakı Filialından tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. Ərizə onunla əsaslandırılmışdır ki, iddia ərizəsində cavabdeh tərəfidən iddiaçıya edilmiş ödənişlər qeyd edilsə də, yanlışlıqla həmin ödənişlərin ƏDV-ləri hesaba qatılmamışdır. Halbuki, cavabdeh tərəfindən üç ayrı vaxtda ümumi borcun 66000 manat hissəsi və həmin hissəyə münasibəttə ümumilikdə 11880 manat ƏDV məbləği ödənilmişdir. Belə olan halda iddia tələbinin həm borc hissəsində, həm də cərimə hissəsində dəqiqləşdirilmə zərurəti yaranmışdır. Qeyd edilənlər nəzərə alındıqda hazırda cavabdehin ümumilikdə 40121,18 manat borcu (ƏDV daxil olmaqla) qalmış olur. Borcun ödənilməməsinə görə cəriməyə gəldikdə e-qaimənin göndərildiyi xx.xx.2024-cü il tarixdən borcun 27000 manat+ƏDV hissəsinin ödənildiyi xx.xx.2024-cü il tarixədək olan 158 günlük dövr üçün 118.001,18 manat borcun ödənilməməsi ilə bağlı hər gün üçün 59 manat olmaqla (məbləğin 0.05 %-i) 9322 manat (158gün x 59 manat), borcun 27000 manat+ƏDV hissəsinin ödənildiyi xx.xx.2024-cü il tarixdən borcun 29000 manat+ƏDV hissəsinin ödənildiyi xx.xx.2024-cü il tarixədək olan 24 günlük dövr üçün qalan 86141 manat borcun ödənilməməsi ilə bağlı hər gün üçün 43 manat olmaqla (məbləğin 0.05 %-i) 1032 manat (24gün x 43 manat), borcun 29000 manat+ƏDV hissəsinin ödənildiyi xx.xx.2024-cü il tarixdən borcun 10000 manat+ƏDV hissəsinin ödənildiyi xx.xx.2024-cü il tarixədək olan 52 günlük dövr üçün qalan 51921 manat borcun ödənilməməsi ilə bağlı hər gün üçün 25,9 manat olmaqla (məbləğin 0.05 %-i) 1346 manat (52gün x 25,9 manat), borcun 10000 manat+ƏDV hissəsinin ödənildiyi xx.xx.2024-cü il tarixdən hazırki tarixədək (xx.xx.2025) olan 157 günlük dövr üçün qalan 40121 manat borcun ödənilməməsi ilə bağlı hər gün üçün 20 manat olmaqla (məbləğin 0.05 %-i) 3140 manat (157gün x 20 manat), ümumilikdə 14840 manat məbləğində cərimə ödənilməlidir.

6. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz daxil olmamışdır. Tədqiq olunan sübutlar:

7. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsi və iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizəyə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.

8. Cavabdehin nümayəndəsi Nümayəndə məhkəmə iclasında izahat verərək bildirdi ki, 40121,18 manat məbləğində borcun olmasını qəbul edirlər. Tərəflər arasında müqavilə olub və xidmətlər göstərilib. Digər xərclər qəbul edilmir. Hesaba pul köçürülən kimi borclar ödəniləcək.

9. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki, sifarişçi qismində İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyəti ilə icraçı qismində Cavabdeh A.Ş-nin Azərbaycan Respublikasındakı Filialı arasında xx.xx.2023-cü il tarixli, VV-P-201223 nömrəli xidmət müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən icraçı müqavilənin şərt və müddəalarına əsasən X1 xidmətlərini həyata keçirir, sifarişçi öz növbəsində alınan malların (işlər, xidmətlər) dəyərini razılaşdırılmış qiymətlərə əsasən icraçıya ödəyir. Razılaşdırılmış ümumi qiymət ƏDV xaric 100001 manatdır. Həmin müqavilənin 2.6-cı bəndinə əsasən icraçı müqavilənin şərtlərinə uyğun olaraq malları təhvil-təslim aktı əsasında sifarişçiyə təhvil verir. Təhvil-təslim aktının imzalanması və ya belə aktda malların keyfiyyəti barədə məlumatın olmaması sifarişçinin gələcəkdə xidmətlərlə bağlı irəli sürə biləcəyi hər hansı iddiaları istisna etmir. Həmin müqavilənin 3.1ci bəndinə əsasən ödəniş şərti: sifarişçi xidmətin ümumi qiymətinin 100%-ni, yəni 100001 manat məbləğində ödənişi təhvil-təslim aktı imzalandıqdan sonra ödəyəcək. Həmin müqavilənin 3.4-cü bəndinə əsasən müqaviləni pozan hər hansı bir tərəf digər tərəfə müqavilədə göstərilən ümumi məbləğin 0,5%-i miqdarında və sonradan gecikdirilmiş hər gün üçün 0,05%-i həcmində cərimə ödəməyi öz üzərinə götürür. Həmin müqavilənin 4.2-ci bəndinə əsasən bir tərəf digər tərəfə müvafiq tərəf tərəfindən müqavilənin yerinə yetirilməməsi və ya lazımi qaydada yerinə yetirilməməsindən yaranan və ya bununla bağlı olaraq meydana çıxan məqbul vəkil haqları və xərcləri, həmçinin cərimələr də daxil olmaqla istənilən və bütün növ iddialar, itkilər, tələblər, hərəkətlər, məsrəflər və xərclər nəticəsində dəyən yalnız faktiki zərəri ödəməlidir. Müqavilə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.

10. VV-P-201223 saylı, xx.xx.2023-cü il tarixli xidmət müqaviləsinə əlavə olan 1 nömrəli qiymət razılaşdırma protokolunun məzmunundan müəyyən olunur ki, İddiaçı MMC tərəfindən Cavabdeh A.Ş-nin Azərbaycan Respublikasındakı Filialına protokolda adıçəkilən və ümumi dəyəri 118000,18 manat olan xidmət göstərəcəkdir. Həmin protokolun 1-ci bəndinə əsasən sifarişçi, xidmətin ümumi qiymətinin 100%-ni, yəni 100001 manat mməbləğində ödənişi təhvil-təslim aktı imzalandıqdan sonra ödəyəcək. Protokol tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.

11. İddiaçı MMC tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli təhvil-təslim aktının məzmunundan müəyyən olunur ki, aktda adıçəkilən və ümumi dəyəri 118001,18 manat olan xidmətlər İddiaçı MMC tərəfindən təhvil verilmiş, Cavabdeh A.Ş-nin Azərbaycan Respublikasındakı Filialı tərəfindən təhvil alınmışdır. Aktın əsası kimi xx.xx.2023-cü il tarixli, VV-P-201223 saylı müqavilə qeyd edilmişdir. Akt tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.

12. xx.xx.2024-cü il tarixli, EBEB seriyalı, 293143 nömrəli elektron qaimənin məzmunundan görünür ki, yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi dəyəri 118001,18 manat təşkil edir. Qaimənin əsası kimi xx.xx.2023-cü il tarixli, VV-P-201223 nömrəli müqavilə göstərilmişdir.

13. "xxxx" ASC tərəfindən tərtib və təsdiq edilmiş xx.xx.2024-cü il tarixli ödəniş tapşırığının məzmunundan müəyyən olunur ki, Cavabdeh Anonim Şirkəti tərəfindən İddiaçı MMC-yə 27000 manat ödəniş edilmişdir.

14. xx.xx.2024-cü il tarixli ödəniş tapşırığının məzmunundan müəyyən olunur ki, Cavabdeh A.Ş-nin Azərbaycan Respublikasındakı Filialı tərəfindən İddiaçı MMC-yə 4860 manat ƏDV ödənişi edilmişdir.

15. "xxxx" ASC tərəfindən tərtib və təsdiq edilmiş xx.xx.2024-cü il tarixli ödəniş tapşırığının məzmunundan müəyyən olunur ki, Cavabdeh Anonim Şirkəti tərəfindən İddiaçı MMC-yə 29000 manat ödəniş edilmişdir.

16. xx.xx.2024-cü il tarixli ödəniş tapşırığının məzmunundan müəyyən olunur ki, Cavabdeh A.Ş-nin Azərbaycan Respublikasındakı Filialı tərəfindən İddiaçı MMC-yə 5220 manat ƏDV ödənişi edilmişdir.

17. "xxxx" ASC tərəfindən tərtib və təsdiq edilmiş xx.xx.2024-cü il tarixli ödəniş tapşırığının məzmunundan müəyyən olunur ki, Cavabdeh Anonim Şirkəti tərəfindən İddiaçı MMC-yə 10000 manat ödəniş edilmişdir.

18. xx.xx.2024-cü il tarixli ödəniş tapşırığının məzmunundan müəyyən olunur ki, Cavabdeh A.Ş-nin Azərbaycan Respublikasındakı Filialı tərəfindən İddiaçı MMC-yə 1800 manat ƏDV ödənişi edilmişdir.

19. İddiaçı MMC tərəfindən Cavabdeh A.Ş-yə göndərilmiş pretenziya məktubunun məzmunundan müəyyən olunur ki, xx.xx.2023-cü il tarixli, VV-P-201223 nömrəli üzrə müqavilə üzrə öhdəliklərin icra edilməsi və yaranmış ƏDV daxil 118001,18 manat borcun 5 gün ərzində ödənilməsi tələb edilmiş, əks təqdirdə cərimələr hesablanmaqla borcun ödənilməsi məqsədilə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir. Tətbiq edilən hüquq

20. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, borcun ödənilməsi ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir.

21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmənin mövqeyi

22. İddia tələbini cavabdehdən xx.xx.2023-cü il tarixli, VV-P-201223 nömrəli müqavilə üzrə 40121,18 manat məbləğində pulun tutulması təşkil edir.

23. İşin müəyyən olunmuş hallarından göründüyü kimi, tərəflər arasında xx.xx.2023cü il tarixli, VV-P-201223 nömrəli xidmət müqaviləsi bağlanmış və həmin müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. İddiaçı tərəfindən müqavilə üzrə ilkin öhdəlik yerinə yetirilərək, müqavilə üzrə razılaşdırılmış xidmətlər göstərilmiş, lakin cavabdeh müqavilə üzrə öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, göstərilmiş xidmətlərin dəyərini təhvil-təslim aktı imzalandıqdan sonra ödənilməsi öhdəliyini üzərinə götürsə də, icra etməmişdir. Tərəflər arasında imzalanmış xx.xx.2023-cü il tarixli xidmət müqaviləsinə əsasən müqavilənin şərt və müddəalarına əsasən X1 xidmətlərini həyata keçirir, sifarişçi öz növbəsində alınan malların (işlər, xidmətlər) dəyərini razılaşdırılmış qiymətlərə əsasən icraçıya ödəyir. Razılaşdırılmış ümumi qiymət ƏDV xaric 100001 manatdır. İddiaçı ilkin olaraq məhkəməyə müraciət edərək 52001,18 manat məbləğin cavabdehdən tutulmasını xahiş etmiş, daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək iddia tələbini azaltmışdır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi borc tələbini qəbul etdiklərini bildirmişdir.

24. Məhkəmə qanunvericilik normaarını, cavabdehin tərəflər arasında bağlanmış müqaviləyə əsasən üzərinə götürdüyü öhdəliyi icra etmədiyini, belə olan halda isə iddiaçının qeyd olunan məbləğin qaytarılmasını cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia tələbi təmin edilməli və Cavabdeh A.Ş-nin Azərbaycan Respublikasındakı Filialından 40121,18 manat ((118001,18-27000-4860- 29000-5220-10000-1800=40121,18) məbləğində pul vəsaiti tutularaq iddiaçıya ödənilməlidir.

25. İddia tələbinin digər hissəsini cavabdehdən 14840 manat cərimə borcunun tutulması təşkil edir.

26. Göstərilən tələbə münasibətdə məhkəmə hesab edir ki, cavabdeh tərəfindən borc iddiaçıya müəyyən edilmiş müddət ərzində ödənilmədiyindən iddiaçı cavabdehdən müqavilə şərtlərinə uyğun dəbbə borcunun tutulmasını tələb etməkdə haqlıdır. Məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də tərəflərin əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, cavabdehdən tutulacaq cərimə məbləği azaldılaraq 2000 (iki min) manat məbləğində müəyyən edilməli, dəbbə pulunun ödənilməsinə dair iddia tələbi qalan hissədə təmin edilməməlidir.

27. Eləcə də, iddiaçı 320 manat vəkil xərcinin və ödənilmiş 271 manat dövlət rüsumunun cavabdehdən tutulmasını xahiş etmişdir.

28. Məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 195,3 manat (yüz doxsan beş manat otuz qəpik) cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

29. İddia tələbinin hüquqi yardım xərcinin cavabdehdən tutulması hissəsində məhkəmə hesab edir ki, iddia həmin hissədə ödənişin edilməsini təsdiq edən sənədlərin iş materiallarına əlavə edilməməsi səbəbindən təmin edilməməlidir.

30. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh Anonim Şirkətinin Azərbaycan Respublikasındakı Filialından xx.xx.2023cü il tarixli, VV-P-201223 nömrəli xidmət müqaviləsi üzrə yaranmış 40121,18 manat (qırx min yüz iyirmi bir manat on səkkiz qəpik) borc, 2000 (iki min) manat cərimə, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 195,3 manat (yüz doxsan beş manat otuz qəpik) olmaqla, ümumilikdə 42316,48 manat (qırx iki min üç yüz on altı manat qırx səkkiz qəpik) məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar