Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2059/2020 22.09.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Məhkəmə iclas katibi Məmmədzadə Sevinc Bağman qızının katibliyi ilə, İddiaçı nümayəndəsi Nümayəndə, Cavabdeh nümayəndəsi X7 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı cavabdehdən podrat müqavilələri üzrə podratçıya ödəmədiyi 395585,88 manat pulun, həmin pulun ödənilməsinin geçikdirilmiş 5 ili üçün illik 5 faiz olmaqla 98896,47 manat pulun və dövlət rüsumu kimi ödənilmiş 30 manat pulun tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehə qarşı cavabdehdən podrat müqavilələri üzrə podratçıya ödəmədiyi 395585,88 manat pulun, həmin pulun ödənilməsinin geçikdirilmiş 5 ili üçün illik 5 faiz olmaqla 98896,47 manat pulun və dövlət rüsumu kimi ödənilmiş 30 manat pulun tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasında Prezident seçkilərinin keçirilməsi ilə əlaqədar 2013-cü ilin avqust ayında iddiaçının direktoru, cavabdeh tərəfindən dəvət olunaraq, texniki direktor tərəfindən ona ölkənin şəhər və rayonlarında əhalinin sosial problemlərinin həlli istiqamətində nəzərdə tutulmuş proqrama əsasən, Elektron ATS-lərin xətt qurğularının tikintisi işlərinin aparılmalı olduğu bildirilmiş, razılığa gələn tərəflər iddiaçı ilə cavabdehin Abşeron, Fizuli, Göygöl və X2 arasında həmin qovşaqlarda xətt qurğularının genişləndirilməsi, yenidən qurulması və xətt şəbəkələrində təmir-tikinti işləri görülməsi üçün müvafiq podrat müqavilələri bağlanmışdır. Belə ki, iddiaçı ilə cavabdehin X3 arasında bağlanmış xx xxxxxx 2013-cü il, xx xxxxxx 2013-cü il, xx xxxxxx 2013-cü il, xx xxxxxxx 2013-cü il, xx xxxxxx 2013-cü il, xx xxxxxx 2014-cü il, xx xxxxxxxx 2013-cü il, xx xxxxxx 2014-cü il, xx xxx 2014-cü il, xx xxxxxxxx 2014-cü il,xx xxxxxxxx 2014-cü il və xx xxxxxxxx 2014-cü il tarixli podrat müqavilələrinə əsasən, iddiaçı tərəfindən 2013-2014-cü illər ərzində Abşeron rayonunun “Qurtuluş-93”, Masazır və Saray qəsəbələrində kabellərin çəkilişi və xətt şəbəkəsinin tikintisi, Qobu qəsəbəsində kabellərin çəkilişi və dirəklərin basdırılması, Sulu təpə qəsəbəsində yaşayan bir qrup vətəndaşa TPP kabellərinin çəkilməsi, EATS-341/42-dən “xxxx” MTK-ya TPP kabellərinin çəkilməsi işləri icra olunaraq 633494,21 manat məbləğində iş həcmi yerinə yetirilmişdir. Həmin məbləğdən cavabdeh tərəfindən iddiaçıya 200000 manat ödənilmiş, 433494,21 manat debitor borc qalmışdır. İddiaçı ilə cavabdehin X5 arasında bağlanmış xx xxxxxxx 2013-cü il, xx xxxxxxx 2013-cü il, xx xxxxxx 2013-cü il, xx xxxxxx 2013-cü il və xx xxxxxx 2013-cü il tarixli podrat müqavilələrinə əsasən, iddiaçı tərəfindən X5 üzrə 2013-cü ildə Füzuli rayonunun Babı, Arayatlı və Mollaməhərrəmli kəndlərində TPP kabellərinin çəkilməsi, Kərimbəyli kəndində TPP kabellərinin paylanması və Babı kəndində mövcud (TAE) muftadan FO-8 kabelinin çəkilməsi işləri icra olunaraq 143684,61 manat məbləğində iş həcmi yerinə yetirilmişdir. Həmin məbləğdən iddiaçıya 10000 manat ödənilmiş, 133684,61 manat debitor borc qalmışdır. İddiaçı ilə cavabdehin Göy-göl Telekommunikasiya Qovşağı arasında bağlanmış xx xxxxxxx 2013-cü il, xx xxxxxxx 2013-cü il, xx xxxxxxx 2013-cü il, xx xxxxxxx 2013-cü il və xx xxxxxx 2013-cü il tarixli podrat müqavilələrinə əsasən, iddiaçı, Göygöl Telekommunikasiya Qovşağı üzrə 2015-ci ildə Göy-göl rayonunun Çaykənd, Aşıqlar, Yeni Zod, Toğana kəndlərində FO-48 və FO-24 kabellərinin çəkilişini icra edərək 158256,77 manat məbləğində iş həcmi yerinə yetirmişdir. Həmin məbləğdən iddiaçıya 24000 manat ödənilmiş, 134256,77 manat debitor borc qalmışdır. İddiaçı ilə cavabdehin X4 arasında bağlanmış xx xxxxxxx 2013-cü il və xx xxxxxx 2013-cü il tarixli podrat müqavilələrinə əsasən, iddiaçı tərəfindən X4 üzrə 32644,5 manat məbləğində iş həcmi yerinə yetirilmişdir. Görülmüş işlərə görə heç bir ödəniş edilməmişdir. Göründüyü kimi, iddiaçı podrat müqavilələri üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirərək hər bir Telekommunikasiya Qovşağı üzrə nəzərdə tutulan iş həcmlərini icra edərək müvafiq aktlarla sifarişçiyə təhvil vermişdir. Lakin cavabdeh hər dəfə yazılı olaraq görülmüş işlərin dəyərini ödəməyi vəd etsə də öhdəliyini yerinə yetirməmişdir. İddiaçı tətəfindən Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə və digər dövlət orqanlarına edilmiş çoxsaylı müraciətlər də nəticə verməmişdir. Nəhayət, iddiaçının Azərbaycan Respublikası Baş Prokurorluğunun xx xxxxxx 2015-ci il tarixli 15-0090-xx-xx- 111339 saylı məktubu ilə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə daxil olmuş müraciəti ilə əlaqədar Abşeron, Göy-göl, Füzuli və X1 xidməti ərazilərində yerinə yetirilmiş tikintiquraşdırma işlərinin yerində araşdırılması məqsədi ilə cavabdehin xx xxxxxx 2016-cı il tarixli əmri ilə komissiya yaradılmış, həmin komissiyanın rəyinə əsasən iddiaçı tərəfindən yerinə yetirilmiş xətt qurğularının tikintisi işlərinə görə xx xxxxxx 2016-cı ilə cavabdehin Göygöl TKQ üzrə 134256,77 manat, Füzuli TKQ üzrə 133684,61 manat, Siyəzən TKQ üzrə 32644,50 manat, Abşeron TKQ üzrə 95000 manat borcu olması müəyyən edilmişdir. Bununla bağlı olaraq, cavabdeh xx xxxxxx 2016-cı il tarixli, 118/225 saylı məktubla Azərbaycan Respublikası Rabitə və X6 müavininə müraciət edərək cəmi 395586 manat olan həmin borcların müvafiq RTKQ-nın maliyyə imkanları daxilində ödənilməsinin məqsədəuyğun olmasını bildirmişdir. Abşeron TKQ üzrə borcun 433494,21 manat deyil, 95000 manat müəyyən olunması reallıqdan uzaq olsa da, düşdüyü ağır maliyyə vəziyyəti iddiaçını həmin məbləği qəbul etməyə məcbur etmişdir. Lakin buna baxmayaraq, cavabdeh yenə müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, sifarişi əsasında görülmüş işin dəyərini podratçıya ödəməmişdir. Bununla bağlı ağır maliyyə vəziyyətinə düşən iddiaçı fəaliyyətini dayandırmağa, Füzuli rayonundan məcburi köçkün düşmüş işçiləri isə iş yerlərini itirməyə məcbur olmuşlar. Göründüyü kimi, cavabdeh sifarişçi olaraq podrat müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi, yəni podratçı iddiaçının yerinə yetirdiyi işi qəbul etməsinə, habelə borcunu etiraf etməsinə baxmayaraq, görülmüş işin dəyərindən 395585,88 manat pulu 5 il ərzində ödəməmişdir. Elə buna görə də cavabdeh pul məbləğinin ödənilməsini geçikdirdiyinə görə ilə 5 faiz, yəni 19779,29 manat olmaqla 5 il üçün əlavə olaraq 98896,47 manat ödəməyə borcludur. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddianı müdafiə edərək iddia ərizəsinə uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, cavabdeh tərəfindən məhkəməyə verilmiş iddia müddətinin tətbiqi barədə ərizəsi ilə razı deyildir. Hesab edir ki, həmin ərizə əsassız və qanunsuz olduğundan təmin edilə bilməz. İddia ərizəsinə əlavə edilmiş sənədlərdən görünür ki, iddiaçı podratçı kimi üzərinə götürdüyü öhdəlikləri yerinə yetirərək müqavilələrdə nəzərdə tutulan iş həcmlərini vaxtında yerinə yetirmiş və gördüyü işin sifarişçi tərəfindən ödənilməsini gözləmişdir. Abşeron RTQ ilə bağlanmış xx xxxxx 2014-cü il tarixli üzləşmə aktı, Siyəzən RTQ ilə bağlanmış xx xxxx 2014-cü il tarixli üzləşmə aktı, Göy-göl RTQ ilə bağlanmış xx xxx 2015-ci il tarixli üzləşmə aktı və Füzuli RTQ ilə bağlanmış xx xxxxxx 2015-ci il tarixli üzləşmə aktı ilə Cavabdeh MMC borcunu etiraf etmişdir. Yəni bu etirafla iddia müddətinin axımı kəsilmişdir. Bundan sonra, cavabdeh borcunu etiraf etməkdə davam edərək cavabdehin, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin rəhbər şəxsləri, o cümlədən Nazir müavini səviyyəsində iddiaçıya həmin borcun ödəniləcəyinə dair yazılı təminatlar verilmişdir. Belə ki, cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx xxxx 2014-cü il tarixli, 96/1225 saylı məktubda yaranmış borcun TKQ-ın maliyyə imkanları daxilində ödənilməsi məqsədi ilə tədbirlərin həyata keçirildiyi göstərilmişdir. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx xxxx 2015-ci il tarixli, MUŞ- 125/264 saylı məktubla tabe strukturlarla müqavilə şərtlərinə uyğun aparılmış tikinti işlərinin araşdırılıb ödənişlərin təmin olunacağı bildirilmişdir. Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Maliyyə, uçot və iqtisadi təhlil şöbəsinin müdiri tərəfindən iddiaçıya ünvanlanmış xx xxxxxxxx 2015-ci il tarixli xx-xx/1753 saylı məktubda iddiaçı ilə bağlanmış müqavilələr üzrə yaranmış borcun hissə-hissə ödənilməsi barədə cavabdehə tapşırıq verildiyi göstərilmişdir. Bundan sonra yerinə yetirilmiş tikinti-quraşdırma işlərinin yerində araşdırılması məqsədi ilə cavabdehin xx xxxxxx 2016-cı il tarixli əmri ilə komissiya yaradılmış, həmin komissiyanın rəyinə əsasən iddiaçı tərəfindən yerinə yetirilmiş xətt qurğularının tikintisi işlərinə görə xx xxxxxx 2016-cı ilə cavabdehin Göygöl TKQ üzrə 134256,77 manat, Füzuli TKQ üzrə 133684,61 manat, Siyəzən TKQ üzrə 32644,50 manat, Abşeron TKQ üzrə 95000 manat borcu olması müəyyən edilmişdir. Bununla bağlı olaraq, cavabdeh xx xxxxxx 2016-cı il tarixli, 118/225 saylı məktubla Azərbaycan Respublikası Rabitə və X6 müavininə müraciət edərək cəmi 395586 manat olan həmin borcların müvafiq RTKQ-nın maliyyə imkanları daxilində ödənilməsinin məqsədəuyğun olmasını bildirmişdir. Rabitə və X6 1-ci müavini tərəfindən iddiaçıya ünvanlanmış x xxxxxx 2016-cı il tarixli 2-14/12381 saylı məktubda müvafiq dövlət orqanları tərəfindən aparılan istintaq-araşdırma tədbirləri ilə əlaqədar cavabdehin TKQ-na məxsus bir sıra mühasibat sənədləri götürüldüyündən, telekommunikasiya qovşaqlarında aparılmış tikinti-quraşdırma işlərinə görə iddiaçıya olan borcun müvafiq sənədlər əsasında yoxlanılmasının mümkün olmadığı, istintaq-araşdırma tədbirləri tam başa-çatdıqdan və borc məbləğləri tam dəqiqləşdirildikdən sonra borcun ödənilməsi məsələsinə baxılacağı göstərilmişdir. Yalnız xx xxxxxxx 2018-ci ildə cavabdehin baş direktoru vəzifəsini icra edən Zaman Verdiyev gözlənilmədən xx-xx/11013 saylı məktubla iddiaçıya müraciət edərək görülmüş tikintiquraşdırma işlərinin real dəyəri əks etdirmədiyini, mənimsəmə faktlarının olduğunu və bu səbəbdən borcun ödənilməyəcəyini bildirmişdir. Bundan başqa, cavabdehin nümayəndəsinin ərizəsində qeyd edilən borc məbləğinin vaxtilə iddiaçıya ödənilməsi barədə fikrinin də heç bir əsası yoxdur. Göründüyü kimi, cavabdeh, iddiaçı ilə tərtib etdiyi üzləşmə aktları ilə borcunu etiraf etmiş və bununla bağlı hərəkətlərini davam etdirərək, uzun müddət xx xxxxxxx 2018-ci ilə kimi həmin borcu ödəyəcəyi barədə iddiaçıya dəfələrlə yazılı şəkildə təminatlar vermişdir. Buna görə də iddia müddətinin axımı məhz həmin vaxtdan hesablanmalı, cavabdehin nümayəndəsinin iddia müddətinin tətbiqi barədə ərizəsi isə təmin edilməməlidir. Sonda iddiaçının nümayəndəsi və vəkili iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi X8 məhkəmə iclasında iddia ərizəsinə etiraz edərək, izahatında bildirdi ki, iddiaçı iddiasına sübut kimi məhkəməyə xx xxxx 2014-cü il tarixli, xx xxxxxx 2014-cü il tarixli, xx xxx 2015-ci il tarixli və xx xxxxxx 2015-ci il tarixli üzləşmə aktları təqdim etmişdir. Qeyd edilən borc məbləği vaxtilə iddiaçıya ödənildiyindən iddia ərizəsində göstərilənlərlə razı deyildir. Bundan əlavə, məhkəməyə təqdim edilən üzləşmə aktlarından da göründüyü kimi, iddia ərizəsi iddia müddəti ötürülməklə verilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Sonda cavabdehin nümayəndəsi iddia müddətinin tətbiq edilməklə iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: İddiaçı ilə cavabdehin Abşeron RTQ ilə bağlanmış xx xxxxx 2014-cü il tarixli, Siyəzən RTQ ilə bağlanmış xx xxxx 2014-cü il tarixli, Göy-göl RTQ ilə bağlanmış xx xxx 2015-ci il tarixli və Füzuli RTQ ilə bağlanmış xx xxxxxx 2015-ci il tarixli üzləşmə aktlarından görünür ki, cavabdehin iddiaçıya ümumilikdə 866214,47 manat borcu qalmışdır. Cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx xxxx 2014-cü il tarixli, xx xxxx 2015ci il tarixli, xx xxxxxxxx 2015-ci il tarixli, xx xxxxxx 2015-ci il tarixli və xx xxxxxx 2016-cı il tarixli məktublarının ümumi məzmunundan görünür ki, cavabdeh tərəfindən maliyyət imkanları daxilində borcun ödəniləcəyi iddiaçıya bildirilmişdir. 12 ədəd Forma-2 arayışlarından görünür ki, iddiaçı tərəfindən görülmüş işlər cavabdeh tərəfindən qəbul edilmişdir. Məhkəmə iş materiallarını tədqiq edib, iddiaçının nümayəndəsi və vəkilinin, cavabdehin nümayəndəsinin izahatlarını dinləyərək, sübutların məcmusuna qiymət verib hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia rədd olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 367.1-ci maddəsinə əsasən müddət mülki hüquq və vəzifələrin əmələ gəlməsinin, dəyişdirilməsinin və xitamının bağlı olduğu vaxtdır. Həmin Məcəllənin 372.1-ci və 372.2-ci maddələrinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373.1, 373.2-ci və 373.3-cü maddələrinə əsasən ümumi iddia müddəti on il təşkil edir. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya həmin Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Həmin Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 769-cu maddəsinə əsasən əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir. Həmin Məcəllənin 770-ci maddəsinə əsasən əgər müqaviləyə görə və ya işin xarakterinə əsasən iş qəbul edilməyirsə, sifarişçi yerinə yetirilmiş işi qəbul etməyə borcludur. İşi qəbul etdikdə sifarişçi muzd ödəməlidir. Əgər sifarişçi işi podratçının müəyyənləşdirdiyi müddətdə qəbul etmirsə, iş qəbul edilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxxxx 2001-ci il tarixli Qərarında göstərilir ki, “Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə görə hamı qanun və məhkəmə qarşısında bərabərdir. Konstitusiyanın həmin maddəsinin İİİ hissəsinin müddəalarına əsaslanan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 8-ci maddəsinə görə mülki işlər və iqtisadi mübahisələr üzrə ədalət mühakiməsi hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipi əsasında həyata keçirilir. Məhkəmə irqindən, milliyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən, hüquqi şəxsin olduğu yerdən, tabeçiliyindən, mülkiyyət formasından və qanunda nəzərdə tutulmayan başqa fərqlərdən asılı olmayaraq, işdə iştirak edən bütün şəxslərə eyni cür yanaşır. Qanun və məhkəmə qarşısında bərabərlik hər bir mülki işə eyni qaydada, eyni prosessual formalarda, onlarda iştirak edən şəxslər üçün eyni təminatlarla baxılması ilə təmin edilir. Bununla işin nəticələrində maraqlı olan şəxslərin qanuni tələblərinin bərabər ödənilməsinə nail olunur, bütün vətəndaşlara məhkəmə qarşısında öz mənafelərini qorumaq üçün bərabər imkanlar yaradılır. Prosessual hüquq bərabərliyinə görə tərəflər öz hüquq və mənafelərini müdafiə etmək üçün prosessual vasitələrdən real istifadə etmək imkanına malikdirlər. Həmin imkanlar qanunla və məhkəmə ilə təmin edilir. Bu müddəalar həmçinin iddia müddətinə də aiddir”. Bundan başqa, həmin Qərarda iddia müddəti anlayışının tətbiqi ilə bağlı qeyd edilir ki, “iddia müddətinin əhəmiyyəti bunlardır: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı”. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Stanyo Belçikaya qarşı” iş üzrə x xxxx 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Avropa Məhkəməsinin Deryus Litvaya qarşı iş üzrə xx xxxx 2000-ci il tarixli və Baranovski və Braniovski Polşaya qarşı işlər üzrə xx xxxx 2000-ci və xx xxxx 2004-cü il tarixli qərarlarında göstərmişdir, qanun, qanunverici normaların kifayət qədər dəqiq ifadə olunmasını, bu və ya digər hərəkətin hansı nəticələrə səbəb olacağını görməyə imkan verməsini tələb edən müəyyən olunmuş standarta cavab verməlidir. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, iddiaçı ilə cavabdeh arasında podrat müqavilələri bağlanmış və müqavilələrə əsasən iddiaçı tərəfindən görülmüş işlər cavabdeh tərəfindən qəbul edilərək, bu barədə Forma-2 arayışları tərtib edilmişdir. İddiaçı ilə cavabdehin Abşeron RTQ ilə xx xxxxx 2014-cü il tarixli, Siyəzən RTQ ilə xx xxxx 2014cü il tarixli, Göy-göl RTQ ilə xx xxx 2015-ci il tarixli və Füzuli RTQ ilə xx xxxxxx 2015-ci il tarixli üzləşmə aktları bağlanmış və aktlara əsasən cavabdehin iddiaçıya ümumilikdə 866214,47 manat borcu qalmışdır. Cavabdeh tərəfindən ödənişlər edilmiş, hazırda cavabdehin iddiaçıya 395585,88 manat məbləğində borcu qalmışdır. İddiaçı ilə cavabdeh arasında podrat müqavilələri bağlanmış və hazırki mübahisə həmin müqavilə tələblərinin yerinə yetirilməsi ilə bağlı olmasını nəzərə aldıqda, müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Hazırki iş üzrə iddia müddətinin keçib-keçməməsini müəyyən etmək üçün ilk növbədə iddia müddətinin axımının başlanma anı araşdırılmalıdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili iddia müddətinin tətbiqi barədə ərizəyə qarşı etirazını onunla əsaslandırmışdır ki, üzləşmə aktları ilə cavabdeh borcunu etiraf etmiş və bu etirafla iddia müddətinin axımı kəsilmişdir. Məhkəmə qeyd edilən dəlillə bağlı qeyd edir ki, iddia müddətinin axımının kəsilməsi o deməkdir ki, müddətin kəsilməsinə səbəb olmuş hallar baş verənədək ötmüş zaman kəsiyi hesaba alınmır və müddət yenidən başlayır. Qanun iddia müddətinin axımının kəsilməsi üçün yalnız borclunun borcun etiraf edilməsini göstərən hərəkətlərini əsas sayır. Yəni borclunun hərəkətsizliyi müddətin kəsilməsi üçün əsas ola bilməz. İş materiallarından göründüyü kimi cavabdeh tərəfindən borcun etiraf edilməsi ilə bağlı sonuncu hərəkəti xx xxxxxx 2016-cı il tarixli məktubla edilmişdir ki, iddia müddətinin axımı həmin tarixdən başlanmışdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin380.1-ci maddəsinə əsasən müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Həmin Məcəllənin 380.2-ci maddəsinə əsasən fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. Məhkəmə qeyd edir ki, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə xx xxxxxx 2020-ci il tarixdə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilədən irəli gələn tələblər üzrə iddia müddətinin üç il olmasını nəzərə aldıqda, tərəflər arasında bağlanmış 2014-2015-ci illəri əhatə edən podrat müqavilələri üzrə iddia müddətləri keçmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 375.1.maddəsinə əsasən hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Mülki Məcəllənin 375.2 maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Məhkəmə hesab edir ki, cavabdehtərəfindən iddia müddətinin tətbiq olunması barədə ərizə məhkəmə tərəfindən qəbul olunmalı və iddia müddəti tətbiq edilməklə iddiarədd edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə hesab edir ki, iddia rədd edilməli, iddia rədd edildiyindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. NƏTİCƏ HİSSƏSİ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216, 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdehnə qarşı cavabdehdən podrat müqavilələri üzrə podratçıya ödəmədiyi 395585,88 manat pulun, həmin pulun ödənilməsinin geçikdirilmiş 5 ili üçün illik 5 faiz olmaqla 98896,47 manat pulun və dövlət rüsumu kimi ödənilmiş 30 manat pulun tutularaq iddiaçıya ödənilməsi barədə iddiası rədd edilsin. Ödənilmiş 30 (otuz) manat dövlət rüsumu İddiaçınə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Pirverdiyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-2059/2020
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2059/2020
22.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver