Məhkəmə qərarları › İş №e-2-2(113)-2072/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2072/2024

11.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2072/2024 11.06.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı “mobil nömrənin digər istifadəçinin adına keçirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: subyektiv hüquq, müqavilə bağlamağa məcburetmənin yolverilməzliyi) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi, İddiaçının nümayəndəsi X2, Cavabdehin nümayəndəsi və vəkili Vəkil, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 iştirakları ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı (X3 müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməklə) “mobil nömrənin digər istifadəçinin adına keçirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti (İddiaçı ASC) Cavabdehnə (bundan sonra Cavabdeh MMC) qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC-nin istifadəsində olan ********** mobil nömrəsinin X1 adına keçirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki: 2.1. tərəflər arasında münasibətlər 23 dekabr 2013-cü il tarixli 1861 saylı “Mobil rabitə xidmətlərinin göstərilməsinə dair” müqavilə ilə tənzimlənir. Həmin müqavilədə mobil operator tərəfindən təqdim edilmiş “Qold” nömrələrin istifadəçilərinin statusu, bu statusda olan şəxslərin dəyişilməsi imkanları nəzərdə tutulmuşdur. Həmçinin müqavilədə nömrələrlə bağlı tənzimlənən şərtlər yalnız mobil operatorun özünün abunəçiyə verdiyi nömrələrə aiddir. 2.2. İddiaçı xx.xx.2015-ci il tarixində ********** nömrəli mobil nömrəni əldə etmişdir və həmin vaxtdan nömrə iddiaçının istifadəsində olmuşdur. 2023-cü ilin sonlarında iddiaçı cavabdehə müraciət edərək, nömrəni digər istifadəçiyə keçirməyi xahiş etsə də, sonuncu buna etiraz etmiş və yazılı cavabında bildirmişdir ki, hər hansı nömrə resursunun ayrılması yalnız Cavabdeh MMC-nin mülahizəsinə əsasən müstəqil olaraq həyata keçirildiyindən 055-210-XX-XX və 055-212-XX-XX seriyası ilə başlayan nömrə resurslarının pərakəndə qaydada abunəçilərin istifadəsinə ayrılması, addan-ada əməliyyatından istifadə etməklə yeni abunəçinin adına rəsmiləşdirilməsinə məhdudiyyətlər tətbiq edildiyindən 055-211-XX-XX və 055-288-XX-XX kombinasiyalı nömrələrə münasibətdə isə yuxarıda qeyd edilən əməliyyatlar dayandırıldığından, müraciətin təmin edilməsi mümkün olmamışdır. Ancaq bu mülahizənin nəyə əsaslandığı, hansı meyarlara uyğun olması qeyri-müəyyən qalmışdır. 2.3. Müqavilədə mobil operatorun nömrələrin mülkiyyətçisi kimi qalması qeyd edilsə də, iddiaçının müraciəti mülkiyyətin dəyişdirilməsi haqqında deyil, istifadəçilərin dəyişdirilməsi haqqında olmuşdur. 2.4. Bundan başqa cavabdehin 210, 211 və s. rəqəmlərlə başlayan nömrələrin istifadəsində hansı əsasla məhdudiyyətlər qoyması da qeyri-müəyyəndir. Eyni zamanda cavabdeh öz fəaliyyətinin xarakterinə görə bazarda hökmran mövqe tutan kommersiya təşkilatı olaraq, ona müraciət edəcək hər kəs barəsində rabitə xidmətlərinin göstərilməsi sahəsində özünün həyata keçirməli olduğu vəzifələri müəyyənləşdirən müqavilə bağlamalıdır. Belə müqavilələr ümumi müqavilə sayılır. İstehlakçılara nisbətdə hökmran mövqe tutan kommersiya subyekti, xidmətlər göstərmək imkanı olduğu halda, müqavilə bağlamaqdan imtina etməməli, müqavilə bağlanmasında bir şəxsə nisbətən digərinə üstünlük verməməlidir, ümumi müqavilənin şərtləri bütün istehlakçılar üçün eyni cür müəyyənləşdirilməlidir.

3. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 400.1-ci maddəsi və “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 8-ci maddəsi göstərilmişdir.

4. Cavabdeh iddiaya yazılı etiraz təqdim edərək iddianın rədd olunmasını xahiş etmiş və etirazını onunla əsaslandırmışdır ki, iddiaçı cavabdehi müqavilə bağlamağa məcbur etmək istəyir ki, bu da qanunvericiliyin tələbinə ziddir. Cavabdeh MMC tərəfindən hər hansı bir nömrə resursunun başqa istifadəçinin adına keçirilməsi yalnız abunə müqaviləsi əsasında həyata keçirilə bilər və belə bir müqavilə yalnız tərəflərin qarşılıqlı razılığı əsasında bağlanıla bilər. Bu cür müqavilənin bağlanılmasına məcbur etmək qanunsuz və əsassızdır.

5. Etiraz ərizəsində etirazın hüquqi əsası kimi Mülki Məcəllənin 386.1, 390.1, 390.3cü maddələri, “Telekommunikasiya haqqında” Azərbaycan Respublikasının Qanununun (bundan sonra “Telekommunikasiya haqqında” Qanun) 7-ci maddəsi göstərilmişdir.

II. Tərəflərin mövqeləri:

6. Məhkəmə iclaslarında iştirak edən iddiaçının nümayəndəsi X4 iddianın məzmununa uyğun izahatlar vermiş və eyni zamanda bildirmişdir ki, onların əvvəllər əməkdaşı olmuş digər şəxslərin istifadəsində olan mobil nömrələr iddiaçının adından çıxarılıb həmin şəxslərin adına keçirilmişdir. Lakin cavabdeh əsassız olaraq hazırkı mübahisənin predmetini təşkil edən nömrəni üçüncü şəxsin adına keçirməkdən imtina edir. Bundan başqa cavabdeh bazarda üstün mövqe tutduğundan Mülki Məcəllənin 400.1-ci maddəsinə əsasən müqavilə bağlamaqdan əsassız olaraq imtina etməməlidir. Məhkəmənin suallarına cavab olaraq bildirmişdir ki, X3 onların əvvəlki əməkdaşı olmuş, ********** mobil nömrəsi onun istifadəsində olmuşdur. Nömrələrin əməkdaşların adına keçirilməsi şirkətin motivasiya siyasəti ilə bağlıdır. Əməkdaşlar müraciət etdikdə nömrələrin onların adına keçirilməsi üçün iddiaçı tərəfindən cavabdehə müraciətlər olunur.

7. Məhkəmə iclaslarında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil iddiaya etirazın məzmununa uyğun izahat verərək iddianın rədd olunmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, iddiaçının iddia qaldırmağa subyektiv hüququ da yoxdur.

8. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X3 izahatında bildirdi ki, 2023-cü ilin 03 iyul – 31 avqust tarixlərdə İddiaçı ASC-də yığımların təqibi şöbəsinin müdiri vəzifəsində işləmiş, nömrə onun istifadəsinə verilmişdir. Motivasiya danışığı zamanı işlədiyi ikinci ayda da yaxşı nəticələr göstərəcəyi halda motivasiya meyarına uyğun olaraq mobil nömrənin onun adına keçirilə biləcəyi ona bildirilmiş, bu təklif onun da marağında olmuş, qarşıya qoyulan hədəfləri yerinə yetirmişdir. Hal-hazırda nömrə onun istifadəsində deyildir. Belə ki, nömrəni adında olmadan istifadə etmək istəməmiş, işdən çıxan zaman nömrəni iddiaçıya təhvil vermişdir. Nömrənin adına keçirilməsi ilə bağlı iddiaçıya müraciət etmiş, cavabdehə müraciət etməmişdir.

III. Məhkəmə baxışının hədləri:

9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə): - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

10. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.

11. İşin məhkəmə tərəfindən müəyyən edilən halları ondan ibarətdir ki, iddiaçı (korporativ abunəçi qismində) ilə cavabdeh (şirkət qismində) arasında xx.xx.2013-cü il tarixdə “Mobil rabitə xidmətlərinin göstərilməsinə dair” 1861 saylı müqavilə bağlanmış, müqaviləyə əsasən cavabdeh iddiaçıya mobil rabitə xidmətləri göstərməyi, iddiaçı isə xidmətləri qəbul edib bu müqavilənin tərkib hissəsi olan korporativ tarif planı əsasında xidmət haqqının ödənilməsini öhdəsinə götürmüşdür. Mübahisə predmeti olan ********** mobil nömrəsi 2015-ci ilin avqust ayından iddiaçının istifadəsinə verilmişdir. İddiaçı xx.xx.2023-cü il və xx.xx.2024-cü il tarixdə cavabdehə yazılı qaydada müraciət edərək “055211” ilə başlayan bir nömrənin tərəfdaş biznes partnyorunun adına keçirilməsini xahiş etmiş, cavabdeh cavab məktubunda “055211XXXX” kombinasiyalı nömrələrə münasibətdə də pərakəndə qaydada abunəçilərin istifadəsinə ayrılması, addan-ada əməliyyatından istifadə etməklə yeni abunəçinin adına rəsmiləşdirilməsi əməliyyatlarının dayandırıldığına istinad edərək müraciəti təmin etməmişdir.

12. İddiaçı bildirir ki, X3 onun keçmiş işçisi olmuş, işlədiyi dövrdə ********** mobil nömrəsi onun istifadəsinə verilmiş, nömrəni həmin şəxsin adına keçirilməsi üçün cavabdehə müraciət olunsa da, cavabdeh əsassız olaraq bundan imtina etmişdir. Halbuki onların əvvəllər əməkdaşı olmuş digər şəxslərin istifadəsində olan mobil nömrələri cavabdeh iddiaçının adından həmin şəxslərin adına keçirmişdir. Bundan başqa cavabdeh bazarda üstün mövqe tutduğundan Mülki Məcəllənin 400.1-ci maddəsinə əsasən müqavilə bağlamaqdan əsassız imtina etməməlidir. Ona görə də ********** mobil nömrəsinin X1 adına keçirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş edir.

13. Cavabdeh iddiaya etiraz edir və bildirir ki, Cavabdeh MMC tərəfindən hər hansı bir nömrə resursunun başqa istifadəçinin adına keçirilməsi yalnız abunə müqaviləsi əsasında həyata keçirilə bilər və belə bir müqavilə yalnız tərəflərin qarşılıqlı razılığı əsasında bağlanıla bilər. Bu cür müqavilənin bağlanılmasına məcbur etmək qanunsuz və əsassızdır. Həmçinin iddiaçının hazırkı iddianı qaldırmağa subyektiv hüququ yoxdur.

14. Üçüncü şəxs bildirir ki, 2023-cü ilin 03 iyul – 31 avqust tarixlərdə İddiaçı ASCdə yığımların təqibi şöbəsinin müdiri vəzifəsində işləmiş, nömrə onun istifadəsinə verilmişdir. Motivasiya danışığı zamanı işlədiyi ikinci ayda da yaxşı nəticələr göstərəcəyi halda motivasiya meyarına uyğun olaraq mobil nömrənin onun adına keçirilə biləcəyi ona bildirilmiş, bu təklif onun da marağında olmuş, qarşıya qoyulan hədəfləri yerinə yetirmişdir. Hal-hazırda nömrə onun istifadəsində deyildir. Belə ki, nömrəni adına olmadan istifadə etmək istəməmiş, işdən çıxan zaman nömrəni iddiaçıya təhvil vermişdir. Nömrənin adına keçirilməsi ilə bağlı iddiaçıya müraciət etmiş, cavabdehə müraciət etməmişdir.

15. Məhkəmə ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, məhkəmə müdafiəsi hüququ öz təbiəti etibarilə mütləq hüquq olmayıb, müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər və yalnız qanunla qorunan pozulmuş və ya barəsində mübahisə edilən hüquq və azadlıqların məhkəmə vasitəsilə həyata keçirilməsini nəzərdə tutur. Bu hüquq fiziki və hüquqi şəxslərin məhz Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin qorunması, təmin edilməsini özündə ehtiva edir və məhkəmə icraatının vəzifəsi də qeyd olunan hüquq və mənafelərin məhkəmədə təsdiq olunmasından ibarətdir. Bu mənada hər kəs özünün obyektiv hüquqa əsaslanan subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Buna görə də məhkəmə tərəfindən əvvəlcə obyektiv hüququn (normativ hüquqi aktda təsbit olunan) mövcud olubolmadığını müəyyən edilməli, bundan sonra şəxsin həmin obyektiv hüquqa əsaslanan subyektiv hüquqa (pozulmuş və təsdiq edilməli hüquq) malik olub-olmadığını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır.

16. Bu mənada məhkəmə əvvəlcə iddianın əsaslandığı obyektiv hüququn araşdırılmasını, daha sonra bu kontekstdə iddiaçının subyektiv hüququnun olubolmadığının müəyyən edilməsini zəruri hesab edir və bununla bağlı aşağıdakıları qeyd edir.

17. “Telekommunikasiya haqqında” Qanunun 1-ci maddəsinə əsasən nömrə resursu - rəqəmli, hərfi işarələmə və ya həmin işarələrin kombinasiyası, o cümlədən telekommunikasiya şəbəkəsinin və (və ya) onun qovşaq və ya son nöqtələrinin birmənalı şəkildə müəyyənləşdirilməsi üçün nəzərdə tutulan və telekommunikasiya şəbəkəsində istifadəsi mümkün olan kodların (nömrələnmə variantlarının) məcmusu və ya onların bir hissəsi; məxsusiləşdirmə kodu - operatorun, provayderin və abunəçinin müəyyənləşdirilməsi üçün tətbiq edilən rəqəmlər və (və ya) işarələr; telekommunikasiya xidməti - müvafiq telekommunikasiya şəbəkəsi vasitəsilə hüquqi, fiziki şəxslərin və qanuni əsaslarla fəaliyyət göstərən digər subyektlərin telekommunikasiyaya olan tələbatının ödənilməsi məqsədilə həyata keçirilən fəaliyyət; telekommunikasiya xidməti abunəçisi operator, provayder ilə bağladığı müqavilə əsasında telekommunikasiya xidmətlərindən istifadə edən şəxs; telekommunikasiya operatoru - mülkiyyətində olan telekommunikasiya şəbəkəsi vasitəsilə qanuni əsaslarla telekommunikasiya xidmətləri göstərən hüquqi şəxs və ya sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs; telekommunikasiya provayderi - telekommunikasiya operatorunun şəbəkəsindən istifadə edərək telekommunikasiya xidmətləri göstərən hüquqi şəxs və ya sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsdir.

18. Həmin Qanunun 7.2 və 7.3-cü maddəsinə əsasən istifadəçilərin telekommunikasiya xidmətlərinə olan tələbatını ödəmək üçün nömrə resursu qanunvericiliklə müəyyən olunmuş qaydalarda operatora, provayderə ayrılır. Nömrə resursu müvafiq icra hakimiyyəti orqanı ilə operator, provayder arasında bağlanan müqaviləyə uyğun olaraq ödənişli əsaslarla müddətli və ya daimi istifadəyə verilir.

19. Həmin Qanunun 32.1.4-cü maddəsinə əsasən ayrılmış nömrə resursundan abunəçilərinə məxsusiləşdirmə kodlarını vermək operatorun hüququdur.

20. Həmin Qanunun 40.1-cü maddəsinə əsasən müvafiq telekommunikasiya xidmətlərinin göstərilməsi qanunvericiliyin tələbləri və operator, provayder ilə abunəçi arasında bağlanan müqavilə əsasında həyata keçirilir.

21. Məhkəmə qeyd edir ki, şəxslərin telekommunikasiyaya olan tələbatının ödənilməsi məqsədilə həyata keçirilən xidmət telekommunikasiya xidməti olub telekommunikasiya şəbəkəsinin və (və ya) onun qovşaq və ya son nöqtələrinin birmənalı şəkildə müəyyənləşdirilməsi üçün nəzərdə tutulan nömrə resursunun tərkibinə daxil olan və rəqəmlər və (və ya) işarələrdən ibarət məxsusiləşdirmə kodunun şəxslərin istifadəsinə verilməsi ilə həyata keçirilir. Həmin xidmət operator, provayder ilə abunəçi arasında bağlanan müqavilə əsasında həyata keçirilir və xidmətin göstərilməsi üçün abunəçinin istifadəsinə məxsusiləşdirmə kodu (nömrə) verilir. Yəni abunəçiyə məxsusiləşdirmə kodu (nömrə) məhz telekommunikasiya xidmətinin göstərilməsi üçün verilir və əsası kimi xidmətin göstərilməsinə dair müqavilənin bağlanması çıxış edir.

22. Bu mənada məhkəmə qeyd edir ki, hazırkı iddia müqavilənin bağlanması öhdəliyinin qoyulması kimi nəzərdən keçirilməlidir. Belə olan halda iddia tələbinin əsaslandığı obyektiv hüquq Mülki Məcəllənin 390.3-cü maddəsinə əsaslanır. Həmin maddədə qeyd edilmişdir ki, müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir.

23. Qeyd olunan normanın tələbinə əsaslanaraq məhkəmə qeyd edir ki, iddiaçının subyektiv hüquqa malik olub-olmadığının müəyyən edilməsi üçün cavabdehin iddiaçı qarşısında yeni abunəçi ilə müqavilə bağlamaq öhdəliyini götürüb-götürmədiyi və ya Mülki Məcəllədə təsbit olunan cavabdehin belə bir öhdəliyinin olub-olmadığı aydınlaşdırılmalıdır.

24. Tərəflər arasında bağlanmış xx.xx.2013-cü il tarixdə “Mobil rabitə xidmətlərinin göstərilməsinə dair” 1861 saylı müqavilənin 2.2.6-cı bəndində şirkətin hüququ kimi nəzərdə tutulmuşdur ki, korporativ abunəçi “Qold” nömrələrin istifadəçiləri ilə əmək münasibətlərinə xitam verdikdə və istifadəçi həmin nömrə üzrə bütün borcları ödədikdən sonra, korporativ tarifləri dəyişdirmək şərti ilə istifadəçi ilə müvafiq müqavilə imzalaya bilər.

25. Məhkəmə qeyd edir ki, həmin bənddə cavabdeh müqavilə bağlamağı öhdəlik kimi öz üzərinə götürməmiş, yalnız onun hüququ kimi nəzərdə tutulmuşdur. Müqavilənin digər bəndlərində cavabdehin belə bir öhdəliyi təsbit olunmamış, Mülki Məcəllədə də cavabdehin iddiaçı qarşısında belə bir vəzifəsi nəzərdə tutulmamışdır. Belə olan halda məhkəmə qeyd edir ki, iddiaçının hazırkı iddianı qaldırmağa subyektiv hüququ (pozulmuş və təsdiq edilməli hüquq) yoxdur.

26. Bundan başqa, “Telekommunikasiya haqqında” Qanunun 40.2-ci maddəsinə əsasən operator, provayder texniki imkanlarına uyğun olan telekommunikasiya xidmətinin göstərilməsi üçün müraciət edən abunəçi ilə belə xidmətin göstərilməsinə dair müqavilə bağlamaqdan, qanunvericilikdə nəzərdə tutulan hallar istisna olmaqla, imtina edə bilməz.

27. Həmin maddədən də göründüyü kimi, həmin norma da telekommunikasiya xidmətinin göstərilməsi üçün müraciət edən abunəçi ilə operator, provayder arasında olan münasibətləri tənzimləyir və həmin normadan irəli gələn iddiaçının hər hansı pozulmuş hüququ mövcud deyildir.

28. Eyni zamanda məhkəmə qeyd edir ki, nömrə resursu və məxsusiləşdirmə kodu ilə telekommunikasiya xidməti bir-birindən fərqləndirilməlidir. “Telekommunikasiya haqqında” Qanunun 40.2-ci maddəsində nəzərdə tutulan müddəalar telekommunikasiya xidmətinə aid müddəalardır. Yəni cavabdeh telekommunikasiya xidmətinin göstərilməsi üçün müraciət edən abunəçi ilə belə xidmətin göstərilməsinə dair müqavilə bağlamaqdan, qanunvericilikdə nəzərdə tutulan hallar istisna olmaqla, imtina edə bilməz. Lakin operator, provayderin bunu özünün təklif etdiyi (oferta) hal istisna olmaqla, belə xidmətin göstərilməsinə xidmət edən nömrə resursu və məxsusiləşdirmə kodunun məhz abunəçinin tələb etdiyi kombinasiyadan ibarət olmasına operator, provayderi məcbur etmək qanunda nəzərdə tutulmamışdır.

29. İddiaçının istinad etdiyi Mülki Məcəllənin 400.1-ci maddəsində nəzərdə tutulan tənzimləmə də dispozisiya şərtləri mövcud olduğu halda məhz telekommunikasiya xidmətinin göstərilməsinə dair müqaviləyə aid edilə bilər. Lakin abunəçiyə nömrə resursu və məxsusiləşdirmə kodunun verilməsinə şamil oluna bilməz.

30. İddiaçının pozulmuş və təsdiq edilməli subyektiv hüququnun mövcud olmadığını, həmçinin hər hansı kombinasiyadan ibarət nömrə resursu və məxsusiləşdirmə kodunun abunəçilərə verilməsinə dair operator, provayderin öhdəlik daşımadığını nəzərə alan məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin olunmamalıdır.

31. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

32. Məhkəmə iddianın rədd edildiyini nəzərə alaraq qeyd edir ki, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.

V. Nəticə:

33. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı “mobil nömrənin digər istifadəçinin adına keçirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.

Hakim Nərmin Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar