Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2074/2021 27.10.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, İddiaçının nümayəndəsi Qanuni nümayəndə, Cavabdeh və cavabdehin nümayəndəsi X5, Cavabdehlərin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh və X6 qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı cavabdehlər Cavabdeh və X6 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin üzərlərinə götürdükləri öhdəlikləri icra etməməklə 41474,42 (qırx bir min dörd yüz yetmiş dörd manat qırx iki qəpik) manat məbləğində vurduğu maddi ziyanın, işlərin icrasının ümumi gecikdirilməsinə görə 70478,94 (yetmiş min dörd yüz yetmiş səkkiz manat doxsan dörd qəpik) manat məbləğində dəbbə pulunun və 30 (otuz) manat dövlət rüsumu xərcinin cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlərlə 09.09.2019-cu il tarixində bağlanmış KH0919-05-01-054 saylı Subpodrat müqaviləsi üzrə Fikrət Əmirov Cavabdeh MMC Şirkəti adından Bakı şəhəri, Gəncə prospekti 29, 42A ünvanında yerləşən “” Yaşayış Kompleksi Layihəsində material təchizatı daxil metal konstruksiya işlərini 27.11.2019-cu il tarixinədək yerinə yetirməyi öz öhdəsinə götürmüşdür. Halbuki, müqavilə üzrə nəzərdə tutulan işləri nəinki yerinə yetirməmiş, hətta yarımçıq tamamlamadığı işlərdə onun tərəfindən qüsurlara yol verilmişdir. Müqavilə üzrə mal-materialın dəyərinin Fikrət Əmirova tam ödənilməsinə baxmayaraq, o, materialları müqavilə üzrə nəzərdə tutulandan daha az sərf etmişdir. "xxxx" MMC tərəfindən Fikrət Əmirovun xətalı işləri araşdırılmış və Şirkətə vurulmuş maddi ziyanın məbləği müəyyən edilmişdir. Belə ki, material dəyərinin 100%-i, yəni ƏDV daxil olmaqla, 127646,88 (bir yüz iyirmi yeddi min altı yüz qırx altı manat səksən səkkiz qəpik) manat məbləğində Subpodratçıya ödəniş edilmiş olsa da, müqavilənin 1 saylı Əlavəsi üzrə təsbit edilmiş qiymət cədvəli üzrə layihə dəyişikliyi səbəbi ilə 8264,30 (səkkiz min iki yüz altmış dörd manat otuz qəpik) manat məbləğində material dəyəri olan bir ədəd yanğın pilləkəni materialı sərf edilməmiş, hazır edilməmişdir. Eyni zamanda müqavilənin 1 saylı Əlavəsi üzrə 11705,72 (on bir min yeddi yüz beş manat yetmiş iki qəpik) manat məbləğində material dəyəri olan C-D bloku üzrə metal körpü üçün də material sərf edilməmiş, hazır edilməmişdir. Əlavə olaraq hazır etdiyi A-B (qüsurlu montaj edilmişdir) və E-F (montaj edilməmiş, sahədə saxlanılır) blokları üzrə Metal körpülər isə "xxxx" MMC-nin nümayəndələri tərəfindən təftiş edilmiş və müəyyən edilmişdir ki, zəruri materiallar tam sərf edilməmiş, material sərfi müqavilənin ayrılmaz tərkib hissəsi olan 1 saylı Əlavəsi ilə təsbit edilmiş miqdarlardan az sərf edilmişdir. Belə ki, A-B bloku üzrə metal körpülərin razılaşdırılmış dəyəri ilə az miqdarda faktiki sərf olunmuş materiallar nəzərə alınmaqla, material fərqi 7089,38 (yeddi min səksən doqquz manat otuz səkkiz qəpik) manat təşkil etmişdir. Həmçinin hazırlanmış pilləkəndə yanlışlıqların aradan qaldırılması üçün A-B bloku metal körpüləri üzrə Podratçıya əlavə 515,35 (beş yüz on beş manat otuz beş qəpik) manat əlavə maddi ziyan vurulmuşdur. Həmçinin E-F bloku üzrə metal körpülərin razılaşdırılmış dəyəri ilə az miqdarda faktiki sərf olunmuş materiallar nəzərə alınmaqla, material fərqi 4615,12 (dörd min altı yüz on beş manat on iki qəpik) manat təşkil etmişdir. Eyni zamanda E-F bloklarında quraşdırma əlavələri üçün 66,68 (altmış altı manat altmış səkkiz qəpik) manat əlavə vəsait tələb olunur ki, bu da əlavə maddi zərəri təsbit edir. Avtodayanacaq 9,50 və 12,50 səviyyəsində metal konstruksiya işçiliyinin müqavilə üzrə tam dəyərinin ödənilməsinə baxmayaraq, müvəqqəti qaynaq olunmuş avtomobil dayanacağının tam qaynaq olunması üçün əlavə 3516,46 (üç min beş yüz on altı manat qırx altı qəpik) manat məbləğində "xxxx" MMC-yə təklif verilmişdir və bu təklif üzrə təsbit edilmiş vəsait Podratçının əlavə maddi zərəri kimi qiymətləndirilir. Podratçı "xxxx" MMC-nin ödədiyi vəsait üzrə əsas maddi zərər məbləğlərinə uyğun artıq ödənilmiş ƏDV məbləği də 5701,41 (beş min yeddi yüz bir manat qırx bir qəpik) manat təşkil edir. Yuxarıda istinad etdikləri müqavilənin 3.4-cü bəndi üzrə işlərin 09.09.2019-cu il tarixdə başlayıb, 27.11.2019-cu il tarixdə başa çatmalı olmasına baxmayaraq, bir ilə yaxın müddətdir ki, bu işlər başa çatdırılmamışdır. Müqavilənin digər 15.3-cü bəndinə əsasən “İşlərin təhvili gecikdirildiyi halda hər gecikmə günü üçün Subpodratçıdan müqavilə məbləğinin 0,1%-i miqdarında dəbbə pulu tutulur”. Bu əsasda Subpodratçı artıq 357 gündür ki, işlərin təhvilini gecikdirir. Hər gecikdirilmiş günə 197,42 (bir yüz doxsan yeddi manat qırx iki qəpik) manat dəbbə pulu olmaqla, 357 gündə ümumi dəbbə pulu məbləği 70478,94 (yetmiş min dörd yüz yetmiş səkkiz manat doxsan dörd qəpik) təşkil edir. Beləliklə, yuxarıda qeyd olunmuş bütün maddi zərər məbləği 35773,01 (otuz beş min yeddi yüz yetmiş üç manat bir qəpik) manat təşkil edir. Artıq ödənilmiş ƏDV vəsaitinə görə əlavə zərər 5701,41 (beş min yeddi yüz bir manat qırx bir qəpik) manat təşkil edir. İşlərin icrasının ümumi gecikdirilməsinə görə dəbbə pulu 70478,94 (yetmiş min dörd yüz yetmiş səkkiz manat doxsan dörd qəpik) manat təşkil edir. Araşdırmalar nəticəsində məlum olmuşdur ki, Subpodratçı Cavabdeh MMC-nin hər hansı bir işçisi olmamışdır və təbii ki, öz işçiləri olmadığı üçün bu işlərə Fikrət Əmirov öz işçilərini cəlb etməmiş, təsisçisi və direktoru eyni şəxs olaraq Fikrət Əmirov özü bu işlərin görülməsində vasitəçilik etmiş və digər Şirkətlərə və ya fərdi sahibkarlara məxsus emalatxanalarda bu işlərin görülməsini sifariş etmiş, lakin onların da haqqlarını ödəməmişdir. Nəticə etibarilə, qüsurlu işlərin yaranmasında, işlərin təhvil verilməməsində birbaşa məsuliyyəti X7 daşıyır. Müqavilə üzrə X7 tam məsuliyyətilə öhdəlik qəbul etməsinə baxmayaraq, həmin öhdəliyini icra etməkdən yayınır və gələcəkdə icra edəcəyinə dəfələrlə vədlər vermişdir. Halbuki, hal-hazırkı tarixədək tərəfindən yuxarıda qeyd edilən öhdəliyini icra etməmiş və öhdəliyin pozulmasına yol verilmişdir. Hətta telefonlarını söndürmüşdür. Daha sonra İddiaçı Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən məhkəməyə “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə verərək, cavabdehlər Cavabdeh MMC və X7 öz üzərinə götürdükləri öhdəlikləri icra etməməklə ƏDV daxil 75300,46 manat məbləğində vurduğu maddi ziyanın, işlərin icrasının ümumi gecikdirilməsinə görə 32981,40 manat məbləğində dəbbə pulunun və 30 (otuz) manat dövlət rüsumu xərcinin ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, mühasibatlıqla keçirilmiş üzləşmə əsasında məlum olmuşdur ki, cavabdehlərə ƏDV daxil 159,640.16 (bir yüz əlli doqquz min altı yüz qırx) manat 16 qəpik məbləğində ödəniş edilmişdir. Qeyd olunan ödəniş məbləğindən işlərin görülməsinə dair cavabdehlərə yalnız 16.03.2020-ci il tarixdə təsdiq edilmiş akt (surəti əlavə edilir) üzrə 31993,28 manat (otuz bir min doqquz yüz doxsan manat 28 qəpik) məbləğində vəsait ödənilmişdir. Avtodayanacaq 9,50 və 12,50 səviyyəsində işçiliyə görə metal konstruksiya material sərfi 52346,42 manat (əlli iki min üç yüz manat 42 qəpik) təşkil etmişdir. Nəticə etibarilə materiallar üçün ödədiyimiz ödənişdən ƏDV daxil 75,300.46 (yetmiş beş min üç yüz) manat 46 qəpik məbləğində qalıq ödənişə dair hər hansı işlər görülməmiş, görülmüş işlərin təhvil-qəbul aktı təqdim edilməmişdir. O səbəbdən cavabdehlər Cavabdeh MMC və X7 öz üzərinə götürdükləri öhdəlikləri icra etməməklə vurduqları maddi ziyanın məbləği ƏDV daxil 75300,46 manat (yetmiş beş min üç yüz manat 46 qəpik) təşkil etməlidir. Vurulmuş maddi ziyanın ödənilməsinin 438 gün olaraq gecikməsi və müqavilə üzrə hər gecikən gün üzrə gecikdirilmiş məbləğin 0,1%, yəni 75,30 manat olmasını nəzərə alaraq, müqavilə üzrə dəbbə pulu 32981,40 manat (otuz iki min doqquz yüz səksən bir manat 40 qəpik) təşkil etməlidir. İddiaçının nümayəndəsi Qanuni nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun izahat verdi və iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh və cavabdehin nümayəndəsi X7 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək bildirdi ki, tərəfindən 4 körpü təhvil verilmişdir. 1-ci körpünü qəbul etmişlər və quraşdırılmışdır. Əgər körpüdə qüsur olubsa, onu qəbul edib quraşdıra bilməzdilər. İşlərin yarımçıq görüldüyünü qəbul edir. Lakin buna səbəb iddiaçı tərəfindən lazımi şəraitin yaradılmaması olmuşdur. Ona görə də iddianı əsassız hesab edir və rədd olunmasını xahiş edir. Cavabdehlərin nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini qəbul etməyərək, iddianın rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əsaslandırıcı hissə: Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki: - “Podratçı” – "xxxx" MMC ilə “Subpodratçı” – Cavabdeh MMC arasında 09 sentyabr 2019-cu il tarixli KH0919-05-01-054 saylı Subpodrat müqaviləsi bağlanmışdır. - 09 sentyabr 2019-cu il tarixli KH0919-05-01-054 saylı Subpodrat müqaviləsinə 1 nömrəli Əlavədən görünür ki, materialların ümumilikdə qiyməti 127646,88 manat (108175,32 manat + 19471,56 manat ƏDV), metal konstruksiya işlərinin ümumilikdə dəyəri 69779,48 manat (59135,15 manat + 10644,33 manat ƏDV) olmaqla, ümumilikdə bütün işlər üzrə yekun məbləğ 197426,35 manat (167310,47 manat + 30115,88 ƏDV) təşkil edir. - 09 sentyabr 2019-cu il tarixli KH0919-05-01-054 saylı Subpodrat müqaviləsinə 2 nömrəli Əlavədə qeyd olunmuşdur ki, Subpodratçı 1 nömrəli Əlavədə göstərilən qiymət təklifinə əsasən layihəsi çərçivəsində mənzillərdə təmir işlərini yerinə yetirəcəkdir. - 30.09.2019-cu il tarixli, 103OCAZ192730006 nömrəli ödəniş tapşırığından görünür ki, "xxxx" MMC tərəfindən "X4" MMC-nin AZ97AİBAZ******************** nömrəli hesabına 50000 (əlli min) manat məbləğində ödəniş edilmişdir. - 09.10.2019-cu il tarixli, 103OCAZ192820010 nömrəli ödəniş tapşırığından görünür ki, "xxxx" MMC tərəfindən "X4" MMC-nin AZ97AİBAZ******************** nömrəli hesabına 58175,32 (əlli səkkiz min yüz yetmiş beş manat otuz iki qəpik) manat məbləğində ödəniş edilmişdir. - 29.04.2020-ci il tarixli, OD1 nömrəli ödəniş tapşırığından görünür ki, "xxxx" MMC tərəfindən "X4" MMC-nin AZ97AİBAZ******************** nömrəli hesabına 8500 (səkkiz min beş yüz) manat məbləğində ödəniş edilmişdir. - 04.05.2020-ci il tarixli, OD1 nömrəli ödəniş tapşırığından görünür ki, "xxxx" MMC tərəfindən "X4" MMC-nin AZ97AİBAZ******************** nömrəli hesabına 18612,95 (on səkkiz min altı yüz on iki manat doxsan beş qəpik) manat məbləğində ödəniş edilmişdir. - 27.09.2019-cu il tarixli **********409897 nömrəli köçürmənin aparılması haqqında bildirişdən görünür ki, "xxxx" MMC (VÖEN: **********) tərəfindən "X4" MMC-yə (VÖEN: **********) 9000 manat ƏDV məbləği ödənilmişdir. - 09.10.2019-cu il tarixli **********5290 nömrəli köçürmənin aparılması haqqında bildirişdən görünür ki, "xxxx" MMC (VÖEN: **********) tərəfindən "X4" MMC-yə (VÖEN: **********) 10471,56 manat ƏDV məbləği ödənilmişdir. - 29.04.2020-ci il tarixli **********112116 nömrəli köçürmənin aparılması haqqında bildirişdən görünür ki, "xxxx" MMC (VÖEN: **********) tərəfindən "X4" MMC-yə (VÖEN: **********) 1530 manat ƏDV məbləği ödənilmişdir. - 04.05.2020-ci il tarixli **********4244 nömrəli köçürmənin aparılması haqqında bildirişdən görünür ki, "xxxx" MMC (VÖEN: **********) tərəfindən "X4" MMC-yə (VÖEN: **********) 3350,33 manat ƏDV məbləği ödənilmişdir. - 16.03.2020-ci il tarixli aktdan görünür ki, avtodayanacaq binasında 9,50 və 13,10 səviyyələri arası çardağın metal konstruksiyasının quraşdırılması işləri tam yerinə yetirilmişdir. Həmin aktı tərəflərin nümayəndələri imzalamış və iddiaçının möhürü vurulmuşdur. - 01 aprel 2017-ci il tarixli, 57/17 saylı alqı-satqı müqaviləsinə 12.10.2019-cu il tarixli “X1” adlı Əlavədə qeyd olunmuşdur ki, satıcı - "xxxx" MMC ilə alıcı - "X4" MMC sözügedən əlavədə qeyd olunan malların ümumilikdə dəyəri 55220,05 manat məbləğində (46796,65 + 8423,40 ƏDV) razılığa gəlmişdirlər. Eləcə də, Əlavədə qeyd olunmuşdur ki, malların bu əlavə ilə müəyyən olunmuş məbləği satıcı tərəfindən təqdim olunmuş hesabfakturaya əsasən alıcı tərəfindən 100 % məbləği hesab-faktura təqdim olunduqdan sonra 14 gün müddətinə satıcının hesabına köçürmə yolu ilə ödənilməlidir. - "xxxx" MMC "X4" MMC-yə 12.10.2019-cu il tarixli 55220,05 manat məbləğində malların dəyərinin ödənilməsi haqqında hesab faktura ünvanlamışdır. - 04.08.2020-ci il tarixli, EBAN seriyalı, 171759 nömrəli elektron qaimədən müəyyən edilir ki, "xxxx" MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 14341,87 (ƏDV daxil) manat təşkil edir. - 01 aprel 2017-ci il tarixli, 57/17 saylı alqı-satqı müqaviləsinə 24.02.2020-ci il tarixli “X1” adlı Əlavədə qeyd olunmuşdur ki, satıcı - "xxxx" MMC ilə alıcı - "X4" MMC sözügedən əlavədə qeyd olunan malların ümumilikdə dəyəri 3377,92 manat məbləğində (2862,64 + 515,28 ƏDV) razılığa gəlmişdirlər. Eləcə də, Əlavədə qeyd olunmuşdur ki, malların bu əlavə ilə müəyyən olunmuş məbləği satıcı tərəfindən təqdim olunmuş hesabfakturaya əsasən alıcı tərəfindən 100 % məbləği hesab-faktura təqdim olunduqdan sonra 14 gün müddətinə satıcının hesabına köçürmə yolu ilə ödənilməlidir. - "xxxx" MMC "X4" MMC-yə 24.02.2020-ci il tarixli 3377,92 manat məbləğində malların dəyərinin ödənilməsi haqqında hesab faktura ünvanlamışdır. - “Podratçı” – "xxxx" MMC ilə “Subpodratçı” – “X2 Group” MMC arasında 11 noyabr 2020-ci il tarixli ********* saylı Subpodrat müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 2.1.1-ci bəndinə əsasən bu müqaviləyə əsasən Subpodratçı Podratçının tapşırığı əsasında Əlavələrdə təsviri verilmiş Metal Konstruksiya işlərini yerinə yetirməyi və Podratçıya təhvil verməyi, Podratçı isə bu müqavilə ilə nəzərdə tutulan şərtlər əsasında işləri qəbul edib, qiymətini ödəməyi öhdələrinə götütürlər. - 11 noyabr 2020-ci il tarixli ********* saylı Subpodrat müqaviləsinə 1 nömrəli Əlavədən görünür ki, işlərin görülməsi üzrə ümumilkdə qiymət 67024,57 manat (56800,48 manat + 10224,09 ƏDV) təşkil edir. - 11 noyabr 2020-ci il tarixli ********* saylı Subpodrat müqaviləsinə 2 nömrəli Əlavədə qeyd olunmuşdur ki, Subpodratçı 1 nömrəli Əlavədə göstərilən qiymət təklifinə əsasən layihəsi çərçivəsində Metal Konstruksiya sisteminin qurulması işlərini yerinə yetirəcəkdir. - Podratçı – "xxxx" MMC ilə Subpodratçı – “X2 Group” MMC arasında tərtib olunmuş “Bakı şəhəri. küçələrinin kəsişməsindəki 2942 A saylı məhəlləsində yerləşən yüksək mərtəbəli yaşayış kompleksində "xxxx" MMC-nin aprel 2021-ci ildə yerinə yetirilən tikintiquraşdırma işləri” adlı Arayışdan görünür ki, tərəflər arasında bağlanmış 11 noyabr 2020-ci il tarixli, ********* saylı müqavilə qiymətlərinə daxil olan xərclərin cəmi 61282,69 manat (51934,48 + 9348,21 ƏDV) təşkil edir. Arayış hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. - 23.12.2020-ci il tarixli, OD24 nömrəli ödəniş tapşırığından görünür ki, "xxxx" MMC tərəfindən "X2 Group" MMC-nin AZ56TURA******************** nömrəli hesabına 34080,29 (otuz dörd min səksən manat iyirmi doqquz qəpik) manat məbləğində ödəniş edilmişdir. - 18.05.2021-ci il tarixli, ödəniş tapşırığından görünür ki, "xxxx" MMC tərəfindən "X2 Group" MMC-nin AZ56TURA******************** nömrəli hesabına 17854,19 (on yeddi min səkkiz yüz əlli dörd manat on doqquz qəpik) manat məbləğində ödəniş edilmişdir. - "xxxx" MMC pretenziya qaydasında xəbərdarlıqla cavabdehlər Cavabdeh və X6 müraciət edərək, müqavilə üzrə yaranmış borcun 10 (on) gün müddətində ödənilməsini xahiş etmiş, eyni zamanda borc ödənilmədiyi təqdirdə məhkəməyə müraciət etmək zəruriyyəti yaranacağını bildirmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında podrat müqaviləsindən irəli gələn öhdəlik hüququ münasibətləri mövcud olmuşdur. 09.09.2019-cu il tarixində bağlanmış KH0919-05-01-054 saylı Subpodrat müqaviləsi üzrə Cavabdeh MMC – Subpodratçı, "xxxx" MMC – Podratçının tapşırığı əsasında Bakı şəhəri, Gəncə prospekti 29, 42A ünvanda yerləşən “” Yaşayış Kompleksi layihəsində Əlavə 1-də təsviri verilmiş və Smetada razılaşdırılmış həcmlər və qiymətlər üzrə metal konstruksiya işləri (material təchizatı daxil) yerinə yetirməyi və Podratçıya təhvil verməyi, Podratçı isə bu Müqavilə ilə nəzərdə tutulan şərtlər əsasında işləri qəbul edib, qiymətini ödəməyi öhdələrinə götürmüşlər. Müqavilə üzrə bütün işlərin yekun məbləği 197426,35 manat (167310,47 manat + 30115,88 ƏDV) təşkil etmişdir. İddiaçı tərəfindən cavabdehə bütövlükdə 159640,16 manat pul ödənilmiş, onun 127646,88 manat hissəsi sərf ediləcək materialların dəyərini təşkil etmişdir. Həmin məbləğ materialların alınması üçün əvvəlcədən ödənilmişdir. Görülmüş işlərlə bağlı məhkəməyə yalnız bir akt - 16.03.2020-ci il tarixli akt təqdim edilmişdir ki, həmin akt əsasında görülmüş işlərin dəyəri materiallarla birgə təxminən ƏDV daxil 97328,69 manat təşkil edir. İşlərin təhvil verilməsi gecikdirildiyindən podratçı başqa bir subpodratçı ilə müqavilə bağlamış, həmin müqavilə üzrə 61282,69 manat dəyərində (ƏDV daxil) işlər görülmüşdür. Cavabdeh aktda qeyd olunanlardan da əlavə işlərin görüldüyünü, bütün materialların alınmasını bildirsə də, bununla bağlı sübutlarını məhkəməyə təqdim etməmişdir. Tərəflər arasında bağlanmış Podrat müqaviləsinin: 2.1-ci bəndinə əsasən bu müqaviləyə əsasən Subpodratçı Podratçının tapşırığı əsasında Bakı şəhəri, Gəncə prospekti 29, 42A ünvanda yerləşən “” Yaşayış Kompleksi layihəsində (bundan sonra mətn üzrə “Obyekt” adlandırılacaq) Əlavə 1-də təsviri verilmiş və Smetada razılaşdırılmış həcmlər və qiymətlər üzrə metal konstruksiya işləri (material təchizatı daxil) (bundan sonra “İşlər” adlanacaq) yerinə yetirməyi və Podratçıya təhvil verməyi, Podratçı isə bu Müqavilə ilə nəzərdə tutulan şərtlər əsasında işləri qəbul edib, qiymətini ödəməyi öhdələrinə götürürlər. 3.4-ci bəndinə əsasən subpodratçı X8 3-də nəzərdə tutulduğu kimi 09.09.2019 cu il tarixdə başlayıb, 27.11.2019 tarixədək başa çatdırıb qüsursuz halda Podratçıya təhvil verməlidir. 4.2-ci bəndinə əsasən forma 2-də göstərilən işlər ilə əlaqədar Podratçı yazılı surətdə Subpodratçıya müəyyən edilmiş qüsurlar barəsində məlumat verir və onların aradan qaldırılmasını tələb edir. Hər hansı müəyyən edilmiş qüsurların aradan qaldırılması təmin edilməyənədək Podratçı Forma 2-nin qəbul və təsdiq edilməsindən imtina edə bilər və ya Forma 2-ni hər iki tərəfin razılığa gələ bildiyi görülmüş işlər üzərində qəbul edə bilər. 15.1ci bəndinə əsasən Subpodratçı yerinə yetirilmiş işlərə görə tam cavabdehlik daşıyır. 6.4-cü bəndinə əsasən Subpodratçı İş yerində özünə aid alət, texnika və avadanlıq istifadə etdikdə, bunların siyahısını Podratçıya bildirməlidir. X3 tərəflərinə, İşin mahiyyətinə və/və ya qanunvericiliyin tələblərinə uyğun olmayan alət, material, avadanlıq və sair ləvazimatın siyahıdan çıxarılmasını və bunların əvəzinə uyğun olanların daxil edilməsini Subpodratçıdan tələb etmək hüququna malikdir. Podratçı Subpodratçı tərəfindən İş yerinə gətiriləcək alət, material, avadanlıq və sair ləvazimatın İşə uyğunluğunu istənilən vaxt yoxlaya bilər. 10.1.5-ci bəndinə əsasən Subpodratçı bu Müqavilə ilə müəyyən olunmuş işləri Sifarişçiyə razılaşdırılmış müddət çərçivəsində vaxtında təhvil verməyi öhdəsinə götürür. 10.1.11-ci bəndinə əsasən Subpodratçı işlərin yerinə yetirilməsi zamanı yol verdiyi qusurlar nəticəsində Sifarişçiyə, onun əmlakına, işçilərinə, həmçinin üçüncü şəxslərə dəymiş zərərə görə Azərbaycan Respublikasının mülki qanunvericiliyinə müvafiq olaraq tam məsuliyyət daşımağı öhdəsinə götürür. 10.2.2-ci bəndinə əsasən Podratçı Subpodratçı tərəfindən təqdim edilmiş Təhvil təslim aktlarını növbəti ayın 15 (on beş) günü müddətində imzalanaraq qaytarmaq və ya imzalanmamasının səbəbini əsaslandıraraq bildirməyi öhdəsinə götürür. 11.2-ci bəndinə əsasən Podratçı və/və ya Sifarişçi bəzi işlərdən imtina etmək və ya yenilərini əlavə etmək hüququna malikdir. Subpodratçı bu səbəbdən Müqavilənin dəyərinin artıb-azala biləcəyini əvvəlcədən qəbul edir və İşlərin həcminin sonradan artmasına heç bir etiraz bildirmir, azalmasına isə əldən çıxmış fayda, iş qüvvəsinin itirilməsi, iş qüvvəsinin zəifləməsi və s. tələb və iddialarla çıxış etmir. Podratçının İş prosesində zərurət yarandıqda, layihələrdə dəyişiklik etmək, inşaatın maliyyə hesabatında yazılanlardan çox və ya az miqdarda işi yerinə yetirmək və ya tapşırmaq, işin bir hissəsinin yerinə yetirilməsindən tamamilə imtina etmək və ya yeni işi başlatmaq, həmçinin istənilən növ işi istədiyi miqdarda artırıb-azaltmaq hüququ vardır. Həmin artma və ya azalma Forma-2 və Forma-3-də öz əksini tapır. 14.1-ci bəndinə əsasən bu müqavilənin icrası müddətində Podratçı aşkar olunmuş qüsurlar haqqında Subpodratçıya dərhal bildiriş verməlidir. Bildirişdə qüsurların aradan qaldırılması üçün məsuliyyət müddəti göstərilməldir. 15.2-ci bəndinə əsasən subpodratçı Müqavilənin 2.2-ci bəndində göstərilən müddətdə işə başlamadıqda, Podratçı gecikdirilən müddət üçün Müqavilənin 15.3-cü bəndini tətbiq edə və ya Müqaviləni ləğv edib, tələblərini qarantiyalara yönəldə bilər. Belə olan halda İşlər Subpodratçının hesabına Podratçı tərəfindən icra edilir və ya Podratçı İşləri üçüncü şəxsə tapşırır. Bu zaman İşlərin Müqavilədəki qiyməti ilə başa gəldiyi qiymət arasındakı fərq Subpodratçı tərəfindən Podratçıya ödənilməlidir. Bununla əlaqədar Subpodratçı məsuliyyətini qəbul edib, bu vəziyyətin yaranması ilə bağlı heç bir etiraz və tələb irəli sürməməyi qeyd-şərtsiz öz öhdəsinə götürür. 15.3-cü bəndinə əsasən işlərin təhvili gecikdirildiyi halda hər gecikmə günü üçün Subpodratçıdan Müqavilə məbləğinin 0,1% miqdarında dəbbə pulu (Müqavilə məbləğinin 10%-dən çox olmamaqla) tutulur. 15.4-cü bəndinə əsasən subpodratçı işləri yaxud onun mərhələlərini Müqavilədə müəyyən edilmiş müddətlərdə başa çatdırmadıqda Podratçı buna görə hər hansı bir üçüncü şəxsə daha yüksək məbləğdə dəbbə pulu ödəməli olarsa, bu maddəyə müvafiq olaraq Subpodratçıdan tutulacaq dəbbə pulu ilə Podratçının həmin üçüncü şəxsə ödəyəcəyi dəbbə pulu məbləği arasındakı fərq Subpodratçıya ödənilməli olan haqqa (muzda), kifayət etmədikdə, öhdəliyin icrası üsulu kimi təqdim edilmiş qarantiyaya yönəldilir, o da kifayət etmədikdə, qalan məbləğ Subpodratçının öz hesabına yönəldilir. Subpodratçı qalan məbləği hər hansı yazılı xəbərdarlıq olmadan Podratçıya ödəyəcəyini və hər hansı etiraz və tələb irəli sürməyəcəyini öhdəsinə götürür. 15.6-cı bəndinə əsasən subpodratçı aşağıdakılar ilə əlaqədar olaraq Podratçıya münasibətdə bütün iddia, itki, zərər, xərc (o cümlədən hüquq xidmətlərinin göstərilməsi ilə əlaqədar olan xərclər), məsrəf və məsuliyyət üzrə öhdəlik daşıyır və bunlardan Podratçını müdafiə edir və qoruyur və Podratçıya müvafiq məsuliyyətini ödəyir: 15.6.1-ci bəndinə əsasən subpodratçının və ya Podratçının mülkiyyətində yaxud istifadəsində olan, o cümlədən, icarəyə götürülmüş, lizinq ilə əldə olunmuş və ya digər vasitə ilə Subpodratçı və ya Podratçı tərəfindən təqdim edilmiş əmlakın Subpodratçı tərəfindən Subpodrat Müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsi zamanı yaranan və ya bununla əlaqədar olan itki və ya zərərə məruz qalması; 15.6.2-ci bəndinə əsasən Subpodratçı tərəfindən işlərə cəlb edilmiş əməkdaşlara münasibətdə Subpodrat Müqaviləsinin yerinə yetirilməsindən irəli gələn və ya bununla əlaqədar olan ziyanın vurulması, o cümlədən ölüm və xəstəlik halları. 22.1-ci bəndinə əsasən bu Müqavilə ilə tənzimlənməyən münasibətlər Azərbaycan Respublikasının müvafiq normativ aktları ilə tənzimlənir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 752.1-ci maddəsinə əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 760.2-ci maddəsinə əsasən əgər podratçı tərəfindən müqaviləyə bilavasitə sifarişçinin hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilirsə, podratçı yerinə yetirilmiş işin haqqını və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzinin ödənilməsini tələb edə bilər. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 443.2-ci maddəsinə əsasən zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Beləliklə, cavabdeh müqavilə özrə öhdəliyin şərtlərinə, Məcəllənin tələblərinə müvafiq surətdə hərəkət etməyərək, öhdəliklərini şərtləşdirilmiş vaxtda icra etməmiş və iddiaçı qalan işlərin görülməsi üçün başqa bir subpodratçı ilə müqavilə bağlamaq məcburiyyətində qalmışdır. Qalan işlər başqa bir subpodratçı tərəfindən görülərək tamamlanmışdır. Məhkəmənin qənaətinə əsasən həmin müqavilə üzrə görülmüş işlərin dəyəri olan ƏDV daxil 61282,69 manat məbləğində pul Cavabdehndən iddiaçının xeyrinə tutulmalı, iddia qalan hissədə əsassız olduğundan təmin olunmamalıdır. Eyni zamanda iddiaçı ilə cavabdeh X7 arasında öhdəlik hüquq münasibətlərinin yaranması müəyyən edilmədiyindən iddia tələbi ona münasibətdə təmin olunmamalıdır. İddia tələbinin digər hissəsini borcun ödənilməsinin gecikdirilməsinə görə 32981,40 manat cərimənin cavabdehdən tutulması təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Göstərilən tələbə münasibətdə məhkəmə hesab edir ki, müqavilə şərtlərinə əsasən iddiaçı cavabdehdən dəbbə pulunun ödənilməsini tələb etməkdə haqlıdır. Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə tərəflərin əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, həmin məbləğ azaldılaraq cavabdehdən tutulacaq dəbbə pulu 2000 (iki min) manat məbləğində müəyyən edilməli, dəbbə pulunun ödənilməsinə dair iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, ödənilmiş tələblərin məbləğinə münasib olaraq iddianın verilməsinə görə ödənilmiş 30 manat dövlət rüsumunun 12,50 manat hissəsi iddiaçıya aid edilməli, qalan hissəsinin əvəzi olaraq 17,50 manat məbləğində pul cavabdehlərdən tutularaq iddiaçıya ödənilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehndən 61282,69 manat (altmış bir min iki yüz səksən iki manat altmış doqquz qəpik) maddi ziyan, 2000 (iki min) manat cərimə və ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 17,50 (on yeddi manat əlli qəpik) manat olmaqla, cəmi 63300,19 (altmış üç min üç yüz manat on doqquz qəpik) manat məbləğində pul İddiaçı xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. İddia verilərkən ödənilmiş dövlət rüsumunun 12,50 (on iki manat əlli qəpik) manat hissəsi iddiaçıya aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zeynəb Axundova
Məhkəmə qərarları › İş №e-2-2(113)-2074/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2074/2021
27.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver