Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2090/2020 21.10.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Əliyeva Leyla Rauf qızının sədrliyi ilə, Rzazadə İqbal Kamil oğlunun katibliyi ilə, iddiaçının nümayəndələri X1 və X2, cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı MMC Cavabdeh MMC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC tərəfindən öhdəliklərinin üzrlü səbəblər olmadan, qərəzli və qəsdən yerinə yetirilməməsi səbəbindən ödənilməmiş qalan borcu olaraq 335.181 manat məbləğində pul öhdəliyinin məcburi olaraq icrası, habelə öhdəliyinin icra edilməməsinə görə illik 5 faiz olmaqla 1 il üçün hesablanmış 16.759 manat məbləğində faizin və dövlət rüsumu və bank xərci olaraq 31,00 məbləğində xərcin, ümumilikdə 351.971 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC tikinti sahəsində ixsaslaşmış şirkətdir. Şirkət ilə Cavabdeh MMC arasında 003/SP/GNJ3/11/15 saylı tikinti xidmətlərinə dair subpodrat müqaviləsi imzalanmışdır. Həmin Müqavilə əsasında İddiaçı MMC subpotradçı olaraq Gəncə şəhəri və Göygöl qəsəbəsi ərazisində Su-kanalizasiya və kollektor sisteminin yenidən qurulması üzrə tikinti xidmətləri göstərmişdir. Müqavilə əsasında cavabdehə göstərilmiş xidmətlərə görə xidmət haqqının bir qismi ödənilməmiş və bu yaranmış borc barədə cavabdehə layihə üzrə iş icraçısı olan əməkdaşları Nazim Ağayev tərəfindən şifahi və yazılı tələb irəli sürülmüşdür. Cavabdehə xx.xx.2020-ci il tarixli yazılı bildiriş – pretenziya həm kağız formatında zərflə kuryerlə, həm də online karguzarlıq vasitəsilə elektron şəkildə göndərilsə də, həmin tarixdən bugünə qədər cavabdeh tərəfindən hər hansı cavab gəlməmişdir. Pretenziya məktubu ilə cavabdehə müraciət edərək ən geci 10 gün ərzində borclu olduğu məbləği tam ödəmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyibarədə məlumat vermişlər. Hazırda cavabdehin borcu335.181 manat (ƏDV xaric, ƏDV məbləği 60.332,58 AZN) təşkil edir. Cavabdehin nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinə yazılı etiraz təqdim etmiş və etirazını onunla əsaslandırmışdır ki, tərəflər arasında müqavilənin bağlanması hələ öhdəliklərin yaranması demək deyil. Bunun üçün müqavilənin bir işləmə müxanizmi olmalıdır. Tərəflərindən qarşı tərəfə işlər görüləcək sahə təqdim edilməli, işlər görülüb başa çatan zaman ya elektron ya da yazılı şəkildə forma 2-lər təqdim edilməli, bundan başqa işlər yekunlaşandan sonra isə yekun təhvil-təslim aktı imzalanmalı idi. Bundan əlavə həmin müqavilənin 28-ci maddəsinə əsasən subpodratçı müqavilənin birtərəfli qaydada ləğvi üçün onlara bildiriş təqdim edə bilərdi. Lakin iddiaçı bu imkanlardan istifadə etmədən müqavilə bağladıqdan 4 il sonra onlardan pul tələb edir. Göstərilənlərə əsasən Vəkil iddianın rədd edilməsini xahiş etmişdir. İddiaçının nümayəndələri X3 və X4 məhkəmə iclasında iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdilər. Cavabdehin nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında yazılı etiraza uyğun izahat verərək ərizənin təmin edilməsini, iddia müddətinin tətbiqi barədə verdiyi ərizə nəzərə alınaraq iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında tədqiq edilərək yazılı sübut qismində iş materiallarına əlavə edilmiş: Cavabdeh MMC (podratçı) ilə “xxxx” MMC (subpodratçı) arasında bağlanmış xx.xx.2016-cı il tarixli 003/SP/GNJ3/11/15 saylı subpodrat müqaviləsindən görünür ki, həmin müqaviləyə əsasən subpodratçı mühəndis tələblərinə əsasən və bu müqavilənin əlavələrində razılaşdırılmış həcmlər və qiymətlər üzrə sifarişçinin (podratçı ilə podrat müqavilə imzalanmış hüquqi şəxsin) təsdiq etdiyi və/ və ya təqdim etdiyi layihəyə uyğun oalraq bu müqavilənin əlavələrində nəzərdə tutilımuş subpodrat işlərini yerinə yetirməyi, işi başa çatdırmağı və podratçıya tam hazır vəziyyətdə təhvil verməyi, podratçı isə subpodratçının gördüyü işin müqabilində bu müqavilədə razılaşdırılmış haqqı ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin: 20.1-ci bəndinə görə podratçı bu müqavilə üzrə ödənişləri Forma 2 uyğun olaraq işlər görüldükdən sonra ödəyir. 20.2-ci bəndinə görə iş proqramı üzrə görülmüş işlərin həcmini və qiymətini əks etdirən 2 nüsxədə Forma 2 tərtib edərək podratçıya imzalanmış və möhürlənmiş qaydada, həm də ilkin elektron variantda təqdim edir. Podratçı Forma 2-ni adıqdan sonra Forma 2-ni ya təsdiq etməklə bir təsdiq olunmuş nüsxəsini qaytarır subpodratçıya və ya Forma 2-yə olan düzəlişlərini əks etdirməklə yeni Forma 2 təqdim edir. Forma 2-də göstərilən işlər ilə əlaqədar podratçı yazılı surətdə subpodratçıya müəyyən edilmiş qüsurlar barədə məlumat verir və onların aradan qaldırılmasını tələb edir. Hər hansı müəyyən edilmiş qüsurların aradan qaldırılması təmin edilməyənədək podratçı Forma 2-nin qəbul və təsdiq edilməsindən imtina edə bilər və ya Forma 2-ni hər iki tərəfin razılığa gələ bildiyi görülmüş işlər üzərində qəbul edə bilər. 20.3-cü bəndinə görə hər iki tərəflə təsdiq olunmuş Forma 2 orada əks olunan işlərin və bunların həcmlərinin təhvil-təslimi kimi qiymətləndirilir. Heç bir halda Forma 2 subpodratçını gördüyü işlərdə sonradan müəyyən edilmiş keyfiyyət qüsurlarına və həcmlərdə uyğunsuzluqlara görə onları aradan qaldırmaq və vurulmuş zərərin əvəzinin ödənilmək məsuliyyətindən azad etmir. 21.1-ci bəndinə görə sifarişçi tərəfindən işlər tam qəbul edildikdən sonra podratçı və subpodratçı arasında yekun təhvil-təslim aktı imzalanır. Cavabdeh MMC-nin xx.xx.2016-cı il tarixli 834 saylı xəzinə məxaric orderinin surətindən görünür ki, Nazim adlı şəxsə 10.000 manat pul ödənilmişdir. Cavabdeh MMC-nin xx.xx.2016-cı il tarixli 836 saylı xəzinə məxaric orderinin surətindən görünür ki, Nazim Ağayevə 10.000 manat pul ödənilmişdir. Cavabdeh MMC-nin xx.xx.2016-cı il tarixli 893 saylı xəzinə məxaric orderinin surətindən görünür ki, Nazim Ağayevə 20.000 manat pul ödənilmişdir. İddiaçı MMC tərəfindən xx.xx.2020-ci il tarixli pretenziya məktubu ilə Cavabdeh MMC-yə müraciət edilərək borcun ödənilməsi tələb edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Məhkəmə qeyd edir ki, iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 385, 752.1-ci maddələri təşkil edir. Mülki Məcəllənin: 752.1-ci maddəsinə görə podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386-cı maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442, 443.1 və 448.1-ci maddələrinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İş materiallarından isə görünür ki, İddiaçı MMC iddia tələbini Cavabdeh MMC ilə aralarında bağlanmış xx.xx.2016-cı il tarixli 003/SP/GNJ3/11/15 saylı subpodrat müqaviləsinə əsasən cavabdehə tikinti xidmətlərini göstərməsi, lakin cavabdehin xidmət haqqının bir hissəsini ödəməməsi ilə əsaslandırsa da, mübahisəli müqaviləyə əsasən tərəfindən hər hansı işlərin görülməsini, xidmətlərin göstərilməsini, eləcə də görülməsi iddia olunan işlərin həcmini təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. MPM-in: 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İddiaçının məhkəməyə təqdim etdiyi işlərin görülməsi barədə birtərəfli qaydada tərtib edilmiş “Forma 2” aktlarına münasibətdə isə məhkəmə qeyd edir ki, həmin aktlar müqavilənin şərtlərinə uyğun olaraq podratçı Cavabdeh MMC tərəfindən təsdiq edilməmiş və belə olan halda aktlarda göstərilmiş işlərin İddiaçı MMC tərəfindən görülməsi faktının məhkəmə tərəfindən müəyyən edilməsi üçün yetərli deyil. MPM-in 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Digər tərəfdən məhkəmə hesab edir ki, İddiaçı MMC tərəfindən mübahisəli işlərin həqiqətən də görülməsi ehtimal edildikdə belə hazırkı iddianın təmin edilməsi üçün əsas yoxdur. Belə ki, iş materiallarından görünür ki, cavabdeh iddia müddətinin tətbiqi barədə ərizə verərək mübahisəyə iddia müddəti tətbiq edilməklə iddianın rədd edilməsini xahiş etmişdir. Göstərilən ərizəyə münasibətdə məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Mülki Məcəllənin 372.1-ci, 372.2-ci, 373.2-ci, 377.1, 377.3-cü, 375.2-ci, 378 və 380.1-ci maddələrinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. İcra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Öhdəlikdə şəxslərin dəyişilməsi iddia müddətinin və onun hesablanması qaydasının dəyişilməsinə səbəb olmur. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» xx xxxxxx 2001ci il tarixli qərarında qeyd etmişdir ki, iddia müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) Stanyo Belçikaya qarşı iş üzrə x xxxx 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. İş materiallarında olan birtərəfli “Forma -2” aktlarından, eləcə də iddiaçının nümayəndələrinin izahatlarından isə müəyyən edilir ki, iddiaçının yerinə yetirilməsini iddia etdiyi podrat işləri 2016-cı ilin mart-avqust aylarında görülmüşdür. Belə olan halda isə iddiaçı tərəf müqavilənin yuxarıda göstərilmiş şərtlərinə uyğun olaraq işlərin görülməsini baş çatdırdıqdan sonra, yəni 2016-cı ilin sentyabrında işlərin təhvil-təslim aktını təsdiq edilməsi üçün cavabdehə təqdim etməli və ən geci həmin aktın cavabdeh tərəfindən təsdiq edilmədiyi vaxtdan hüquqlarının pozulduğunu bilməli idi. Digər tərəfdən iş materiallarında olan kassa məxaric orderlərindən görünür ki, cavabdeh Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə son dəfə 2016-cı ilin noyabrında ödəniş edilmişdir. Beləliklə, işin yuxarıda göstərilən halları ilə təsdiq edilir ki, İddiaçı MMC cavabdeh tərəfindən iddia müddətinin kəsilməsi üçün əsas olmuş sonuncu hərəkətin edildiyi vaxtdan 3 il 9 aya yaxın müddət keçdikdən sonra - 2020-ci ilin avqust ayında hazırkı iddianı verməklə müqavilə tələbləri üçün qanunda nəzərdə tutulmuş 3 illik iddia müddətini buraxmışdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Məhkəmə hazırkı qətnamə ilə iddianın rədd edildiyini nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu iddiaçıya aid edilməlidir. Nəticə hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 242, 244, 252, 253.3, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbinə dair iddiası rədd edilsin. İddia verilərkən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-2090/2020
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2090/2020
21.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver