Məhkəmə qərarları › İş №e-2-2(113)-2113/2021

Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-2113/2021

19.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-2113/2021 19.05.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Məmmədova Aydan Adgözəl qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı “borcun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 08.05.2014-cü il tarixli, T-14/136-5 nömrəli xidməti müqavilə üzrə görülmüş işlərə görə ödənilməmiş 20650 manat debitor borcun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi X6 05.05.2021-ci il tarixdə elektron məhkəmə informasiya sistemi vasitəsi ilə məhkəməyə ərizə ünvanlayaraq qeyd olunan iddia tələbi ilə bağlı məhkəmənin qanuni qüvvəyə qiyabi qətnaməsinin mövcud olduğunu və 14.08.2018ci il tarixdə Səbail rayon İcra və Probasiya Şöbəsi tərəfindən iş üzrə icraata başlamaq haqqında qərarın qəbul olunduğu bildirmişdir. Məhkəmə baxış iclasında iddiaçının nümayəndəsi qeyd olunan ərizədə göstərilənləri təsdiq edib iş üzrə icraata xitam verilməsinə etiraz etmədiyini bildirdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185.5-ci maddəsinin tələbinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı14.05.2018-ci il tarixdə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə Cavabdeh MMC-yə qarşı “xidməti müqavilə əsasında yaranmış borc öhdəliyinin yerinə yetirilməsi və borcun ödənilməsi haqqında” iddia ərizəsi ilə müraciət edərək 08.05.2014-cü il tarixli T-14/136-5 nömrəli xidməti müqavilə üzrə görülmüş işlərə görə ödənilməmiş 20650 manat debitor borcun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 20 iyun 2018-ci il tarixli, 2-2(81)-715/2018 saylı qiyabi qətnaməsi ilə (Sədrlik edən hakim İ.B.Əhmədov) iddia tələbi təmin edilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 07.08.2018-ci il tarixdə verdiyi 20 iyun 2018-ci il tarixli, 2-2(81)-715/2018 saylı icra vərəqəsi əsasında Bakı şəhəri Səbail rayon İcra və Probasiya Şöbəsi “İcraata başlamaq haqqında” 14.08.2018-ci il tarixli qərarı ilə icra sənədi üzrə icraata başlamışdır. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduğundan hazırkı iş üzrə icraata xitam verilməlidir. Belə ki, MPM-nin 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261-262, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “borcun ödənilməsi” tələbinə dair e-2-2(113)- 2113/2021 saylı iş üzrə icraata xitam verilsin. Eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar