Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2116/2021 21.05.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlu, İddiaçı ASC-nin Cavabdeh MMC-yə qarşı pul tələbi barədə kiçik iddialar üzrə sadələşdirilmiş icraatla bağlı kommersiya mübahisələrinə dair işə məhkəmənin inzibati binasında baxaraq, MÜƏYYƏN E T D İ M: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2697,73 manat məbləğində borcun və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun CavabdehMMC-dən (“xxxx” MMC - əvvəlki adı) tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi bele əsaslandırmışdır ki, İddiaçı ASC (“Podratçı”) və Cavabdeh MMC (“Sifarişçi”) arasında 20 noyabr 2018-ci il tarixli BKL-PDM 032/18 nömrəli Podrat müqaviləsi imzalanmışdır. Müqavilə münasibətləri çərçivəsində sifarişçinin tapşırığına əsasən podratçı tərəfindən Müdafiə Nazirliyinin tabeliyində olan “N” saylı hərbi hissənin ərazisində yerləşən yeni TM-in avadanlıqlarının təchizatı və quraşdırılması, yeni TM ilə 2 inzibati bina arasında kabel xəttinin çəkilişi üzrə işlər yerinə yetirilmişdir. Podratçı tərəfindən görülən işlərin ümumi dəyəri 682237,97 manat (ƏDV-siz) təşkil etmişdir. Podratçı tərəfindən təqdim edilmiş elektron qaimə fakturalara əsasən Sifarişçi tərəfindən borcun 697540,24 manat (ƏDV-siz) hissəsinin ödənilməsi təmin edilmiş, qalan 2697,73 manat (ƏDV-siz) məbləğində pul vəsaiti isə bugünədək ödənilməmişdir. Nəticə etibarı ilə Sifarişçinin Podratçı qarşısında 2697,73 manat (ƏDV-siz) məbləğində maliyyə öhdəliyi yaranmışdır. Borcun ödənilməsinin təmin edilməsi məqsədi ilə iddiaçı tərəfindən cavabdehə dəfələrlə şifahi və yazılı müraciətlər edilmiş, pretenziya məktubu göndərilmişdir. Lakin, qeyd olunan müraciətlər heç bir müsbət nəticə verməmiş və cavabdeh tərəfindən borcun ödənilməsi istiqamətində heç bir tədbir görülməmişdir. Qanunla müəyyən edilmiş müddətdə Cavabdeh MMC-nin hüquqi ünvanına hazırki tələblə bağlı rəsmi qaydada bildiriş göndərilmiş, lakin qanunla müəyyən edilmiş müddətdə onun tərəfindən hər hansı bir etiraz məhkəməyə daxil olmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 284-5.2 və 284-5.3-cü maddələrinə əsasən iddiaçının məhkəməyə təqdim etdiyi sənədlər əsasında işə baxılmasını məqsədəmüvafiq hesab edirəm. İş materiallarına əlavə edilmiş: 20 noyabr 2018-ci il tarixli, BKL-PDM032/18 nömrəli podrat müqaviləsindən görünür ki, (podratçı) İddiaçı ASC (sifarişçi) “xxxx” MMC-nin (hazırda Cavabdeh MMC) tapşırığına əsasən Müdafiə Nazirliyinin tabeliyində olan “N” saylı hərbi hissənin ərazisində yerləşən yeni TM-in avadanlıqlarının təchizatı və quraşdırılması, yeni TM ilə 2 inzibati bina arasında kabel xəttinin çəkilişi üzrə işlər görür, sifarişçi isə podratçıya icra edilmiş işlərə görə razılaşdırılmış məbləği ödəməyi öhdəsinə götürmüşdür. Müqavilənin 5.1-ci bəndinə əsasən hazırki müqavilə üzrə görüləcək işlərin ümumi dəyəri ƏDV daxil 805040,79 manat təşkil edir. EAAO seriyalı, 28.12.2018-ci il tarixli, 685641 nömrəli və EAAS seriyalı, 06.04.2019cu il tarixli, 685641 nömrəli elektron qaimələrdən görünür ki, İddiaçı ASC tərəfindən “xxxx” MMC-yə (hazırda Cavabdeh MMC) 395746,87(ƏDV daxil) manat məbləğində xidmətlər göstərilmiş, işlər görülmüşdür. Yerinə yetirilmiş işlərin təhvil aktlarından görünür ki, İddiaçı ASC tərəfindən ümumilikdə 395746,87(ƏDV daxil) manat məbləğində N” saylı hərbi hissənin ərazisində yerləşən yeni TM-in avadanlıqlarının təchizatı və quraşdırılması, yeni TM ilə 2 inzibati bina arasında kabel xəttinin çəkilişi üzrə görülmüş işlər “xxxx” MMC-nin (hazırda Cavabdeh MMC) tərəfindən təhvil alınmışdır. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalı, öhdəliyin icra edilməməsi, onun pozulması və ya lazımınca icra edilməməsinə görə cavabdeh iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borcludur. Podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun. (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 443.1, 752.1 və 759.2-ci maddələri). Göründüyü kimi İddiaçı ASC və Cavabdeh MMC arasında qanunvericiliyə uyğun olaraq müqavilə bağlanmış, İddiaçı” ASC tərəfindən üzərinə düşən öhdəliklər yerinə yetirilmiş, lakin Cavabdeh MMC öz üzərinə düşən öhdəlikləri tam həcmdə yerinə yetirməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 107-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. - 119.1-ci maddəsində göstərilir ki, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanları nəzərə alan məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh MMC-dən 2697,73 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat, cəmi 2727,73 manat məbləğində pul tutularaq İddiaçı ASC-yə ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, QƏT E T D İ M: İddia təmin edilsin. Cavabdeh MMC-dən 2697,73 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat, cəmi 2727,73 manat məbləğində pul tutularaq İddiaçı ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Emin Əliyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-2116/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2116/2021
21.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver