Məhkəmə qərarları › İş №e-2-2(113)-213/2025

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-213/2025

05.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-213/2025 05.09.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı X9 Cavabdeh Məhdud Məsuliyyətli Cəmiyyətinin xxxna qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: podrat müqaviləsi, pul tələbi) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi ilə, İddiaçı X10 cavabdeh “Maqro Construction" Məhdud Məsuliyyətli Cəmiyyətinin xxxna qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:

1. İddiaçı X15 cavabdeh “Maqro Construction" Məhdud Məsuliyyətli Cəmiyyətinin xxxna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən müqavilə üzrə xidmətlərə görə 41595 (qırx bir min beş yüz doxsan beş) manat və hava şəraitinə görə edilmiş kəsintilər üçün xidmətlərə görə 22362,18 manat (iyirmi iki min üç yüz altmış iki manat on səkkiz qəpik) olmaqla, ümumi 63957,18 manat (altmış üç min doqquz yüz əlli yeddi manat on səkkiz qəpik) ödənilməmiş məbləğ, vəkilə ödənilmiş pulun və ödənilmiş dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC şirkətinin direktoru Emrah Ucar ilə X13 arasında xx.xx.2022-ci il tarixli xidmət müqaviləsi bağlanmış və müqavilə şərtlərinə müvafiq olaraq X7 mülkiyyətində olan, texniki xarakteristikası və haqqındakı digər məlumatlar xidmət formasında göstərilən texnika müqavilədə müəyyən edilmiş şərtlər daxilində Cavabdeh MMC-nin xxxnın xidmətinə verilmişdir. Lakin sifarişçi tərəfindən müqavilə ilə üzərinə düşən öhdəliklər tam yerinə yetirilməmiş, 2023-cü ilin iyun ayı üçün göstərilmiş xidmətlərə görə ödənişlər icra edilməmişdir. Bununla əlaqəli olaraq X14 tərəfindən Cavabdeh MMC-nin xxxnın mühasibatlıq bölməsi ilə əlaqə saxlanıldıqda mühasibatlıq bölməsinin baş mühasibi Hakan Yazıcının ödənişlərin edilməməsi üçün bütün bölmələrə e-poçt göndərdiyi məlum olmuşdur. Daha sonra Hakan Yazıcı bu məsələ ilə bağlı məlumatının olmadığını bildirmiş və bundan sonra icraçı tərəfindən məsələnin həll edilməsi üçün digər səlahiyyətli şəxslərlə əlaqə saxlanılması mümkün olmadığı üçün ödənişlərin yerinə yetirilməsi məqsədilə sifarişçiyə pretenziya göndərilməsi və məhkəməyə müraciət edilməsi zərurəti yaranmışdır. xx.xx.2023-cü il tarixli görülən işlərin aktına görə X14 tərəfindən göstərilən xidmətlər üçün Cavabdeh MMC-nin xxx tərəfindən 41595 (qırx bir min beş yüz doxsan beş) manat miqdarında vəsait ödənilməlidir. Bundan başqa, sifarişçi tərəfindən hava şəraitinə görə edilmiş kəsintilər dəfələrlə bildirilsə də, hər dəfə bu məbləğlərin gələn ay üçün ediləcək ödənişlərdə nəzərə alınacağı deyilərək, məbləği 22362,18 manat (iyirmi iki min üç yüz altmış iki manat on səkkiz qəpik) olan bu ödənişlərin edilməsi təxirə salınmış və edilməmişdir. Bütün bunlara əsasən 11 may 2022-ci il tarixli müqavilə və xx.xx.2023-cü il tarixli görülən işlərin aktına görə göstərilmiş xidmətlər, eləcə də hava şəraitinə görə edilmiş kəsintilər üçün xidmətlərə əsasən 63957,18 manat (altmış üç min doqquz yüz əlli yeddi manat on səkkiz qəpik) miqdarında vəsaitin X11 ödənilməsinin tələb edilməsi üçün kifayət qədər əsaslar yaranmışdır.

3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 385, 386.1, 425, 442-ci maddələrinə istinad olunmuşdur.

4. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz daxil olmuşdur. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş təhvil-təslim aktı mötəbər sübut kimi qəbul edilərək iş üzrə əhəmiyyət kəsb edən faktların təsdiq edilməsi üçün əsas hesab edilə bilməz. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş yeganə aktda göstərilən xidmətlər heç vaxt göstərilməmişdir. Belə ki, həmin aktda sadəcə iddiaçının işçisi olmuş şəxsin adının qeyd edilməsi həmin işlərin iddiaçı tərəfindən cavabdehə göstərilmiş olmasını sübutedici fakt olaraq çıxış edə bilməz. Digər tərəfdən, həmin aktda ümumiyyətlə, müqaviləyə istinad edilməmişdir. Sahibkarlıq sahəsində formalaşmış işgüzar qaydalara və təhvil-təslim aktının nümunəvi formasına əsasən təhvil-təslim aktında işlərin görülməsinin əsaslandığı müqavilə nömrəsi və tarixi göstərilməlidir. Digər tərəfdən qeyd edilmişdir ki, cavabdehin işinin qurulması prinsipinə əsasən inşaat sahəsində imzalanmış bütün təhvil-təslim aktları təkrar təsdiqlənərək şirkətin möhürünün vurulması üçün cavabdehin baş ofisinə göndərilir. Lakin iddiaçının təqdim etdiyi aktdan göründüyü kimi, həmin akt möhürlə təsdiqlənməmişdir, bu da həmin aktla iddiaçının görüldüyünü iddia etdiyi işlərin görülməsinin əslində cavabdeh tərəfindən təsdiq edilmədiyini göstərir. Məhkəmənin elektron sisteminə "pdf." formada əlavə edilmiş təhvil-təslim aktları həmin sənədlərin əslini yox, çıxarılmış surətlərini əks etdirir. Sahibkarlıq sahəsində formalaşmış işgüzar adətlərə görə mal təhvil verilərkən təhvil-təslim aktı bir sənəd üzərində tərtib olunur, digər sənədə onun üzü/surəti çıxarılır, sənədin əsli satıcıda qalır, surəti alıcıya verilir. İddia edilən malların təqdim edilib- edilməməsi alıcı tərəfindən yalnız təhvil-təslim aktlarının əsilləri əsasında sübut oluna bilər. Təhvil-təslim aktlarında cavabdehin nümayəndəsi qismində aktı imzaladığı göstərilmiş “Sait Yağmur” adlı şəxsə heç vaxt təhvil-təslim aktlarının təsdiq edilməsi, təchizatçılardan malların təhvil götürülməsi vəzifəsi həvalə edilməyib, bu səlahiyyət onlara verilməyib. Həmin şəxs cavabdehdə texniki dəstək müdiri vəzifəsində çalışmışdır. İddiaçının iddia ərizəsində qeyd etdiyi hava şəraitinə görə edilmiş kəsintilərlə bağlı pul tələblərinə münasibətdə isə bildirilmişdir ki, qeyd edilən tələblərin nə ilə əsaslandırıldığı, hansı hüquqi və faktiki hallarla sübut olunduğu, həmçinin bu tələblərin müqavilənin hansısa maddəsinə, ya da qanunvericilikdəki hansı hüquq normasına istinad edilərək, müəyyənləşdirildiyi iddiaçı tərəfindən iddia ərizəsində əsaslandırılmamışdır. Ona görə də iddiaçı tərəfindən irəli sürülmüş pul tələbləri qəbul edilmir. Odur ki, etirazda məhkəmənin diqqətinə çatdırılmış faktiki məlumatları, istinad edilmiş maddi hüquq normalarını nəzərə alaraq, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.

5. Cavabdehin nümayəndəsi Nümayəndə tərəfindən məhkəməyə yazılı izahat daxil olmuşdur. İzahatda qeyd edilmişdir ki, iddiaçı tərəfindən sənədin əsli kimi sonradan təqdim edilmiş akt mötəbər sübut kimi qəbul edilə bilməz. Belə ki, iddiaçının iddia tələbinə əsasən istinad etdiyi akt ilə məhkəməyə təqdim etdiyi akt eyni akt deyil. Əvvəlki hazırlıq iclasında məhz həmin aktın əsl nüsxəsinin olduğunu və təqdim edə biləcəyini bildirmişdir, sonradan nədənsə məhkəməyə orjinal nüsxə kimi başqa akt təqdim etmişdir. Bununla da, iddiaçı həmin aktı təqdim etməklə iddia tələbinin əsası kimi istinad etdiyi aktı şübhə altına almışdır. Bundan əlavə, məhkəmənin hazırlıq iclasında iddiaçının vəkili özü etiraf etmişdir ki, ilk dəfə təqdim edilən aktın əsl surəti mövcud deyil və ikinci dəfə təqdim edilən akt sonradan imzalanmışdır. Lakin həmin sənəd cavabdehdə yoxdur və bu hal baş verməmişdir. İddiaçı tərəfindən orjinal nüsxə olaraq təqdim edilən akta nəzər yetirdikdə aşağıdakıları aşkar etmək mümkündür. Belə ki, həmin akt 2 səhifədən ibarət olaraq tərtib edilmişdir, aktın 2-ci səhifəsi əvvəllər tərəflər arasında tərtib edilmiş aktın eynisini təşkil edir. İmzalara münasibətdə: akta baxdıqda həmin aktda 3 imza və 2 möhür var. İmza möhürlər olan hissələrdə müəyyənləşdirmək olur ki, imzalardan biri direktor Emrah Ucar, digəri isə X8 aiddir. Önündə adı qeyd edilməyən imzanın şirkətin əməkdaşlarından kimə məxsus olduğu araşdırıldıqda aşkar olundu ki, həmin imza layihə müdiri vəzifəsində çalışan Ömer İşıka məxsusdur. Ömer İşık xx/xx/2024-cü il tarixində əmək müqaviləsinə xitam verilərək işdən azad edilmişdir. İddiaçının təqdim etdiyi akt isə xx/xx/2023xx/xx/2023-cü il tarixlərində işlərin icrasını özündə əks etdirən 8 avqust 2023-cü il tarixli aktdır. Yəni aktın tərtib edilmə tarixi 08 avqust 2023-cü il tarixindədir. İddiaçı tərəfindən həmin sənədin təqdim edilməsi bir daha 2-ci səhifənin həqiqətən də həmin akta aid olmadığını bir daha sübuta yetirir. İmzaya aid ekspertizanın keçirilməsi üçün vəsatət verilsə də, ekspert tərəfindən Ömer İşıka aid digər sənədlər tələb edildiyindən, həmin şəxsin artıq filialda çalışmaması səbəbilə sənədlər təmin edilə bilməmişdir, bu səbəblə ekspertiza rəy verməkdən imtina etmişdir. Lakin notarial qaydada təqdim edilmiş imza nümunələri və keçmiş tarixli aktlar həmin imzaları eyniləşdirməyə imkan verir. Bir iddia üzrə 2 nüsxə sənədin təqdim edilməsi həmin iddia tələbinin əsaslardan nə qədər uzaq olduğunu bir daha sübuta yetirir. Qeyd edilənlərə əsasən iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.

6. Cavabdehin nümayəndəsi Nümayəndə tərəfindən məhkəməyə ünvanlanmış izahatında qeyd edilmişdir ki, vəkil xərci üzrə tələb əsassızdır, çünki vəkilə ödənilmiş pulun ödənilməsi barədə məhkəməyə heç bir sənəd təqdim edilməmişdir. “Hava şəraitinə görə edilmiş kəsintilər” tələbi əsassızdır. Çünki müqavilə şərtlərində hava şəraiti ilə əlaqədar əlavə ödəniş və ya kəsintilərin qarşı tərəfdən tələb olunması barədə heç bir müddəa yoxdur. Bu tələbi təsdiqləyən sübutedici sənədlər təqdim edilməmişdir. Tərtib olunmuş aktlarda da belə kəsintilərin göstərilmədiyi aşkar olunur. Xidmətlərə münasibətdə isə: iddiaçı tərəfindən təqdim edilən sənədlərin heç biri iddia tələbinin əsası kimi mötəbər sübut hesab oluna bilməz. Çünki nə akt, nə də ki elektron qaimə-faktura təsdiq edilməmişdir: Sənədlərin əsli məhkəməyə təqdim edilməmiş, yalnız sonradan tərtib edilmiş başqa bir akt təqdim olunmuşdur; iddiaçının özü də məhkəmə iclasında ikinci dəfə təqdim edilən aktın sonradan tərtib olunduğunu etiraf etmişdir. Nəticədə, iddia tələbinin əsası kimi istinad edilən ilkin aktın mövcud olmadığı bir daha təsdiqlənmiş olur. Bu isə iddia tələbinin sübut olunmamış qalmasına və rədd edilməsinə əsas yaradır.

7. İş üzrə tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, nümayəndələri məhkəməyə gəlməmişdir. İddiaçının nümayəndəsi və vəkili məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.4 və 185.5-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tədqiq olunan sübutlar:

8. Əvvəlki məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil izahat verərək iddia tələbini müdafiə etdi, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi.

9. Əvvəlki məhkəmə iclasında iddiaçı X13 izahat verərək iddia tələbini müdafiə etdi, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi və bildirdi ki, cavabdeh üçün iyun ayının axırına kimi işləmişlər. Qarşı tərəf əvvəlcə möhürün onların möhürü olmamasını bildirdi, sonra da imza məsələsini mübahisələndirdilər. Aktın əslinin olmamasının səbəbi odur ki, sahədə işlər görülür, bizə whatsup, e-mail vasitəsilə skrin edilmiş formada göndərilir, daha sonra isə əslini göndərirdilər. Sənədlərin əsilləri cavabdeh şirkətin özündə olurdu. Daşkəsəndən hər dəqiqə sənədlərin göndərilməsi mümkün olmurdu. Sonuncu akt isə göndərilməyibdir. Bütün bunlar görülmüş işlərin haqqının ödənilməsindən yayınmaq üçündür. Hesablanan məbləğ ancaq görülmüş işlərə görə hesablanıbdır.

10. Əvvəlki məhkəmə iclasında cavabdehin nümayəndəsi etiraz ərizəsi və yazılı təqdim etdiyi ərizələrə uyğun izahat verərək iddia tələbinin rədd olunması barədə qətnamə qəbul olunmasını xahiş etdi.

11. Məhkəmə iclasında iddiaçının vəsatəti əsasında şahid qismində dindirilən X1 verdiyi ifadədə bildirdi ki, iddiaçı ilə birlikdə 2022-ci ildən işləmişdir. 2023-cü ildə işləyəndə texnikaların saz vəziyyətdə olmasına cavabdeh idi. Məlumatı olmuşdur ki, işlər tam görülməyib və ödənişlər qalıb. 2023-cü ildə, iyun ayında işlər görülüb, buldozer, katok, qreyder və s. texnikalar verilib. Hava şəraiti ilə bağlı işlər dayananda bununla bağlı sənədlərdə kəsinti qeyd olunur və bununla bağlı qarşı tərəfdən Emin adlı şəxsə məlumat verilirdi. Yanacağın verilməməsinə görə işlərin dayanması 1 dəfə olub. Ödənişlər barədə dəqiq məlumat olmayıb. İyun ayında işlər görülübdür.

12. Məhkəmə iclasında cavabdehin vəsatəti əsasında şahid qismində dindirilən Yağmur Sait verdiyi ifadədə bildirdi ki, 2023-cü ilin sentyabr ayına qədər Cavabdeh MMC-nin AR Filialında işləmişdir, hazırda işləmir. İddiaçını işlə bağlı tanıyır. Daşkəsəndə işləyiblər. Həmin vaxt Cavabdehda işləyirdi, iyul ayının 28-nə qədər aktiv şəkildə işləyiblər. İşləri bitənlərə “texnikalarla iş bitdi, texnikaları götürün” deyilirdi. İyun ayı üçün X12 texnikalarının götürülməsi deyilməmişdi, iyun ayının sonuna qədər X9 texnikaları sahədə olubdur. Onlar ara-sıra gedib sahəyə baxırdılar. Sahədən görülmüş işlərlə bağlı aktlar gəlirdi, o da gələn aktları imzalayırdı. İşlərin görülüb-görülməməsini araşdırmırlar. Sadəcə olaraq aktları imzalamışdır. Havaya görə kəsinti olmasını dəqiq bilmir. 2023-cü ilin iyun ayında işlər görülüb. İşlər görüldükcə müəyyən texnikaları idarə edən şəxslərin sahədən çıxmasını bildirmişdir. X4bdur. Havaya görə kəsinti olması müqaviləyə bağlıdır. Bu müqavilədən asılıdır. Havaya görə kəsinti olması ilə bağlı pul ödənilməsini dəqiq bilmir. Yanacaq verilməyəndə bütün işlərin dayanması olubdur. 08 avqusta olan aktdakı imza onun imzasıdır. Dəqiq hansı texnikanın işlədiyini bilmir. Ümumi işlər davam edirdi. Başqa texnikalar da işləyirdi.

13. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki, icraçı qismində X15 ilə sifarişçi qismində Cavabdeh MMC-nin AR Filialı arasında L-XM-038/22-2 nömrəli, xx.xx.2022-ci il tarixli xidmət müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən müqavilənin predmeti olaraq icraçı sifarişçinin sifarişi əsasında xidmətləri icra edərək sifarişçiyə verməyi, sifarişçi isə həmin xidmətləri qəbul etdikdən sonra müqavilə məbləğini ödəməyi öhdəsinə götürür; 1.2-ci bəndinə əsasən xidmətin növləri, xidmət haqqı müqavilənin əlavəsi olan qiymət razılaşdırma protokolu ilə müəyyən edilir; 2.1-ci bəndinə əsasən xidmətlərin icrasına icraçı tərəfindən xx.xx.2022-ci il tarixindən başlanılacaq; 3.1-ci bəndinə əsasən müqaviləyə uyğun olaraq xidmət icraçı tərəfindən həyata keçirildikdən sonra icraçı tərəfindən görülən xidmət üçün sifarişçi icraçıya qiymət razılaşdırma protokolunda müəyyən edilən məbləğə və faktiki görülən xidmətlərin həcminə mütənasib olaraq xidmət haqqı ödəyir; 3.2-ci bəndinə əsasən icraçı tərəfindən təklif olunan xidmətlər üçün ximdət haqqı aylıq olaraq xidmətlərin göstərildiyi müddətdə hər növbəti ayın 6-dan tez olmayaraq əvvəlki ay üçün göstərilən faktiki xidmətlərə görə hər iki tərəfdən imzalanmış təhvil-təslim aktının imzalandığı andan və icraçı tərəfindən düzgün formada təqdim edilmiş elektron qaimə-faktura əsasında 10 iş günü ərzində icraçının müqavilədə göstərilən bank hesabına köçürülmə yolu ilə ödəniləcəkdir. Sözügedən akt icraçı tərəfindən tərtib edilir və imzalanması üçün sifarişçiyə göndərilir. 10 iş günü ərzində heç bir irad bildirilməyən və imzalanaraq geri göndərilməyən akt təsdiqlənmiş hesab edilir; 5.1-ci bəndinə əsasən müqavilənin müddtəti tərəflərin onu imzaladığı gündən etibarən qüvvəyə minir və xx.xx.2023-cü il tarixinədək qüvvədədir. Tərəflər müqavilə üzrə hüquq və öhdəliklərini yerinə yetirənədək müqavilə öz hüquqi qüvvəsini daşıyır. Müqavilə tərəflərin imzası və Cavabdeh MMC-nin AR Filialının möhürü ilə təsdiq edilmişdir.

14. Tərəflər arasında bağlanmış L-XM-038/22-2 nömrəli, xx.xx.2022-ci il tarixli xidmət müqaviləsinə xx.xx.2022-ci il tarixli, 01 nömrəli qiymətlərin razılaşdırma protokolu adlı əlavədən görünür ki, həmin müqavilə üzrə tərəflər sözügedən sənəddə adı qeyd olunmuş xidmətin qiyməti (İnşaat sahəsində qazma işləri – 12000 manat, inşaat sahəsi ərazisində torpaq bərkitmə işlərinin həyata keçirilməsi-6000 manat, inşaat sahəsi ərazisində torpağın yayılması və dolğuya verilməsi işlərinin həyata keçirilməsi-13000 manat) barədə razılığa gəlmişlər. Qiymətlərin razılaşdırma protokolu adlı sənəd hər iki tərəfin imzası və Cavabdeh MMC-nin AR Filialının möhürü ilə təsdiq edilmişdir.

15. Tərəflər arasında bağlanmış L-XM-038/22-2 nömrəli, xx.xx.2022-ci il tarixli xidmət müqaviləsinə xx.xx.2023-cü il tarixli, 02 nömrəli müqavilə müddətinin uzadılması barədə əlavənin məzmunundan müəyyən olunur ki, müqavilənin müddəti tərəflərin onu imzaladığı gündən etibarən qüvvəyə minir və xx.xx.2023-cü il tarixinədək qüvvədədir. Müqavilə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.

16. xx.xx.2023-cü il tarixli görülən işlərin aktının məzmunundan müəyən olunur ki, tərəflər arasında imzalanmış müqaviləyə əsasən aktda adıçəkilən və ümumi dəyəri ƏDV daxil 42006,46 manat olan xidmətlər X16 tərəfindən xx.xx.2023-xx.xx.2023 tarix aralığında yerinə yetirilmişdir. Akt tərəflərin imzası ilə təsdiq edilmişdir.

17. xx.xx.2023-cü il tarixli görülən işlərin aktının məzmunundan müəyən olunur ki, tərəflər arasında imzalanmış müqaviləyə əsasən aktda adıçəkilən və ümumi dəyəri ƏDV daxil 64025,35 manat olan xidmətlər X16 tərəfindən xx.xx.2023-xx.xx.2023 tarix aralığında yerinə yetirilmişdir. Akt tərəflərin imzası ilə təsdiq edilmişdir.

18. xx.xx.2023-cü il tarixli görülən işlərin aktının surətindən görünür ki, tərəflər arasında imzalanmış müqaviləyə əsasən aktda adıçəkilən və ümumi dəyəri ƏDV daxil 41595 manat olan xidmətlər X16 tərəfindən xx.xx.2023-xx.xx.2023 tarix aralığında yerinə yetirilmişdir.

19. xx.xx.2023-cü il tarixli görülən işlərin aktının məzmunundan müəyən olunur ki, tərəflər arasında imzalanmış müqaviləyə əsasən aktda adıçəkilən və ümumi dəyəri ƏDV daxil 70456,04 manat olan xidmətlər X16 tərəfindən xx.xx.2023-xx.xx.2023 tarix aralığında yerinə yetirilmişdir. Akt tərəflərin imzası ilə təsdiq edilmişdir.

20. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 5/114 nömrəli ekspert rəyinin məzmunundan müəyyən olunur ki, tədqiqata təqdim edilmiş xx.xx.2023-cü il tarixli görülən işlərin aktında sahibkar “X17” adının aşağı hissəsində olan möhür əksi və xx.xx.2023-cü il tarixli görülən işlərin aktında “xxx X3 Məsuliyyətli Cəmiyyətinin” məzmunlu möhür əksi relyef klişedən sənədlərin üzərlərinə birbaşa vurulmuşdurlar. Təqdim edilmiş xx.xx.2023-cü il tarixli görülən işlərin aktında “xxx X3 Məsuliyyətli Cəmiyyətinin” məzmunlu möhür əksi və 28 fevral 2023-cü il tarixli görülən işlərin aktında sahibkar “X17” adının aşağı hissəsində olan möhür əksi elektrofotoqrafik çap üsulu (lazer printer, surətçıxaran və s.) ilə çap edilmişdirlər. Tətbiq edilən hüquq

21. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 756.1-ci maddəsinə əsasən əgər sifarişçi yerinə yetirilmiş işi qəbul etməzsə, podratçı yerinə yetirilməmiş işin haqqını və zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Sifarişçi işin yerinə yetirilməsi üçün zəruri hərəkətləri icra etmədiyi halda da zərərin əvəzini ödəməyə borcludur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

22. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmənin mövqeyi

23. İddia tələbinin bir hissəsini cavabdehdən müqavilə üzrə xidmətlərə görə 41595 manat məbləğində vəsaitin iddiaçının xeyrinə tutulması təşkil edir.

24. İşin müəyyən olunmuş hallarından göründüyü kimi, tərəflər arasında podrat müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Belə ki, tərəflər arasında L-XM-038/22-2 nömrəli, xx.xx.2022-ci il tarixli müqavilə bağlanmış, müqavilənin xx.xx.2023-cü il tarixinədək qüvvədə olması razılaşdırılmış, daha sonra müqaviləyə edilmiş xx.xx.2023-cü il tarixli, 02 nömrəli müqavilə müddətinin uzadılması barədə əlavə ilə müqavilənin müddəti xx.xx.2023-cü il tarixinədək uzadılmışdır. Tərəflər arasında müqavilənin bağlanması, həmin müqavilə üzrə razılaşdırılmış işlərin görülməsi, ödənişlərin edilməsi işin mübahisəsiz hallarını təşkil edir. Mübahisəli hal 2023-cü ilin iyun ayı ilə bağlı bağlı olmuşdur. Cavabdeh tərəf həmin ay iddiaçının texnikasının sahədə olduğunu mübahisələndirməmiş, xidmətin göstərilmədiyini bildirmişdir. İddiaçı həmin ay ərzində cavabdeh üçün işlərin görüldüyünü və xidmət haqqının ödənilməli olduğunu iddia etmiş və cavabdeh isə həmin ay üzrə xidmətin göstərilmədiyini bildirərək, iddiaya etiraz etmişdir.

25. Məhkəmə müqavilə şərtləri və qanunvericilik normalarına əsaslanaraq, işin faktiki hallarını nəzərə alaraq, işdə olan sübutları məcmu halda qiymətləndirərək belə nəticəyə gəlir ki, iddia tələbi göstərilən hissədə təmin edilməli, cavabdeh “Maqro Construction" Məhdud Məsuliyyətli Cəmiyyətinin xxxndan 41595 (qırx bir min beş yüz doxsan beş) manat məbləğində pul vəsaiti X10 xeyrinə tutulmalıdır.

26. Belə ki, qeyd olunduğu kimi, iddiaçı 2023-cü ilin iyun ayı üzrə işlərin görüldüyünü iddia edərək, bununla bağlı məhkəməyə xx.xx.2023-cü il tarixli görülən işlərə dair biri kserosurət, biri əsil olmaqla 2 akt təqdim etmişdir. Cavabdeh tərəf həmin aktdakı imza və möhürləri mübahisələndirdiyindən məhkəmə tərəfindən ekspertiza təyin edilmişdir. Ekspert rəyi ilə müəyyən olunmuşdur ki, tədqiqata təqdim edilmiş xx.xx.2023-cü il tarixli görülən işlərin aktında sahibkar “X17” adının aşağı hissəsində olan möhür əksi və xx.xx.2023-cü il tarixli görülən işlərin aktında “xxx X3 Məsuliyyətli Cəmiyyətinin” məzmunlu möhür əksi relyef klişedən sənədlərin üzərlərinə birbaşa vurulmuşdur. Təqdim edilmiş xx.xx.2023-cü il tarixli görülən işlərin aktında “xxx X3 Məsuliyyətli Cəmiyyətinin” məzmunlu möhür əksi və 28 fevral 2023-cü il tarixli görülən işlərin aktında sahibkar “X17” adının aşağı hissəsində olan möhür əksi elektrofotoqrafik çap üsulu (lazer printer, surətçıxaran və s.) ilə çap edilmişdir. Cavabdeh tərəfindən Ömer İşıka aid olduğu iddia edilən imzanın ekspertizasının keçirilməsi isə cavabdeh tərəfində Ömer İşıka aid imza nümunəsinin məhkəməyə təqdim edilə bilməməsi səbəbindən mümkün olmamışdır. Beləliklə, xx.xx.2023-cü il tarixli görülən işlərə dair təqdim edilən aktdakı cavabdehə məxsus möhür əksinin elektrofotoqrafik çap üsulu (lazer printer, surətçıxaran və s.) ilə çap edildiyi müəyyən olunmuşdur. Qeyd olunmalıdır ki, ilkin olaraq məhkəməyə xx.xx.2023-cü il tarixli, kserosurət olan başqa akt təqdim olunmuş, daha sonra cavabdeh əslinin təqdim olunmasını tələb etdikdən qeyd olunan sonrakı akt təqdim olunmuşdur. Kserosurət olan aktda “Maqro Construction" Məhdud Məsuliyyətli Cəmiyyətinin xxx qrafasında texniki dəstək müdiri Sait Yağmur tərfindən imzalandığı görünür. Məhkəmə iclasında cavabdeh tərəfindən şahid qismində dindirilən Yağmur Sait bu faktı təsdiqləyərək, həmin imzanın ona məxsus olduğunu təsdiq etmişdir. Həmçinin şahid qismində dindirilən Yağmur Sait iyun ayının sonuna qədər X9 texnikalarının sahədə olduğunu, işlədiyini təsdiq etmişdir. Belə olan təqdirdə məhkəmə belə qənaətə gəlir ki, həmin ay iddiaçıya məxsus texnikalar sahədə olub və cavabdeh üçün işləri icra edib. Həmin qənaətə gələrkən həmçinin nəzərə alınır ki, tərəflər arasında bağlanmış müqavilənin 3.2-ci bəndinə əsasən icraçı tərəfindən təklif olunan xidmətlər üçün ximdət haqqı aylıq olaraq xidmətlərin göstərildiyi müddətdə hər növbəti ayın 6-dan tez olmayaraq əvvəlki ay üçün göstərilən faktiki xidmətlərə görə hər iki tərəfdən imzalanmış təhvil-təslim aktının imzalandığı andan və icraçı tərəfindən düzgün formada təqdim edilmiş elektron qaimə-faktura əsasında 10 iş günü ərzində icraçının müqavilədə göstərilən bank hesabına köçürülmə yolu ilə ödəniləcəkdir. Sözügedən akt icraçı tərəfindən tərtib edilir və imzalanması üçün sifarişçiyə göndərilir. 10 iş günü ərzində heç bir irad bildirilməyən və imzalanaraq geri göndərilməyən akt təsdiqlənmiş hesab edilir. Ona görə də hesab olunur ki, qeyd olunan xx.xx.2023-cü il tarixli akt təsdiqlənmiş hesab edilməlidir. Həmin aktdakı 41595 manat məbləğə gəlincə, təqdim olunan aylar üzrə işlərin görülməsi barədə digər aktlardakı rəqəmlərlə müqayisədə həmin məbləğ daha aşağıdır. Nə qədər ki, əksini, daha aşağı dəyərdə işlərin görülməsinə dair sübutlar təqdim edilməyib, ona görə məhkəmə həmin ay üzrə görülmüş işlərin dəyərinin 41595 manat olmasını qəbul edir. İşdə olan sübutlar, tərəflərin izahatları, şahid ifadələri qiymətləndirilərək, həmin qənaətə gəlinmişdir. Həmçinin hesab olunur ki, cavabdehin etirazında qeyd olunanlar faktiki görülmüş işlərin dəyərinin ödənilməməsi üçün əsas ola bilməz.

27. İddia tələbinin digər hissəsini hava şəraitinə görə edilmiş kəsintilər üçün xidmətlərə görə 22362,18 manat məbləğində pulun iddiaçının xeyrinə tutulması təşkil edir.

28. Məhkəmə hesab edir ki, həmin hissədə iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, həmin hissə ilə bağlı hər hansı sübut məhkəməyə təqdim edilməmişdir.

29. Eləcə də, iddiaçı vəkilə ödənilmiş pulun və dövlət rüsumunun tutularaq ona ödənilməsini xahiş etmişdir.

30. Məhkəmə hesab edir ki, ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq ödənilmiş dövlət rüsumuna görə 183,30 manat (yüz səksən üç manat otuz qəpik) cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

31. Vəkil xərcinin ödənilməsi tələbinə münasibətdə məhkəmə hesab edir ki, hüquqi yardıma görə ödənilmiş məbləği təsdiq edən hər hansı bir sübut təqdim edimədiyindən vəkil xərcinin ödənilməsi tələbi təmin edilməməlidir.

32. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manat pulun 65 manat hissəsi cavabdeh “Maqro Construction" Məhdud Məsuliyyətli Cəmiyyətinin xxxndan, 35 manat hissəsi isə X6 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir.

33. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh “Maqro Construction" Məhdud Məsuliyyətli Cəmiyyətinin xxxndan 41595 (qırx bir min beş yüz doxsan beş) manat borc, ödənilmiş dövlət rüsumuna görə 183,30 manat (yüz səksən üç manat otuz qəpik) olmaqla, ümumilikdə 41778,30 manat (qırx bir min yeddi yüz yetmiş səkkiz manat otuz qəpik) məbləğində pul vəsaiti X10 xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 manat pulun 65 manat hissəsi cavabdeh “Maqro Construction" Məhdud Məsuliyyətli Cəmiyyətinin xxxndan, 35 manat hissəsi isə X6 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (kod: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, hesab: AZ34CTRE********************) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar