Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-214/2023 01.02.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Xəlil Ülkər Abdurahman qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 iştirakları ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “pul” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 130638 manat məbləğində pulun, habelə iddianın verilməsi üçün ödənilmiş 420 manat rüsum, cəmi 131058 manat pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbininin həcminin artırılması barədə ərizə verərək, cavabdehdən 134134 məbləğində pulun, habelə iddianın verilməsi üçün ödənilmiş 420 manat rüsum, cəmi 134554 manat pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdehin rəhbəri X4 uzun müddətdir ki, tanıyırlar, o “beton” satışı ilə məşğul olurdu, iddiaçı isə qum və çınqıl istehsalı və satışı ilə məşğul olur. 2021-ci ildə Qanuni nümayəndə2 iddiaçıya müraciət edərək qum almaq istədiyini bildirdi. Bundan sonra iddiaçı ilə cavabdeh arasında qum və çınqılın alqısatqısına dair 21 yanvar 2021-ci il tarxidə müqavilə və müqavilənin ayrılmaz tərkib hissəsi olan X2 imzalandı. Müqavilə bağlandığı andan etibarən 3-4 ay ərzində cavabdeh iddiaçıdan 119122 manat dəyərində qum aldı, iddiaçı tərəfindən satılan mallara dair cavabdehə qaimələr təqdim olunmuşdur, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixinədək cavabdeh iddiaçıdan aldığı 119122 manat dəyərində olan məhsula görə hissəhissə olmaqla, ümumilikdə 25000 manat ödəniş etmişdir, həmin vaxtadək onların iddiaçıya 94122 manat borcu qalmışdır. Bundan sonra cavabdehin rəhbəri Qanuni nümayəndə2 iddiaçıya müraciət edərək əlavə 46516 manat dəyərində qum aldı və sonuncu aldığı qumla bağlı təkidlə onlara qaima vurmamağı, qaimə ilə ödəniş edə bilməyəcəyini, elektron sistemlərində və vergi ilə bağlı nə isə problem olduğunu, aldığı qumun pulunu nağd ödəyəcəyini bildirdi. İddiaçı onlarla işlədiyindən və çoxdan tanıdığından ona inanaraq dediyi ilə razılaşmış və sonuncu satdıqları quma görə qaimə vurmamışdır. Həmin vaxta cavabdehin iddiaçıya 140638 manat qaytarmalı olduğu borcu yarandı. Həmin vaxtdan hazıradək nə qədər tələb etsələr də iddiaçıya olan borcu ödəməkdən yayınırlar. Bununla bağlı iddiaçı AR DİN-nə müvafiq şikayət ərizəsi ilə müraciət etmiş, müraciət əsasında aparılan yoxlama zamanı cavabdehin rəhbəri Qanuni nümayəndə2 tərəfindən iddiaçıya 10000 manat məbləğində pul ödəndi və ümumilikdə iddiaçıya 130.638 manat borcu qaldı. Lakin DİN-nə etdikləri müraciətin araşdırılması nəticəsində müəyyən olundu ki, aralarında olan mübahisə mülki xarakterli olduğundan iddiaçıya məhkəməyə müraciət etməsi tövsiyyə olundu. Beləliklə də iddiaçı pozulmuş hüquqlarının bərpası və satdığı malın dəyərini almaq üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Tərəflər arasında bağlanmış 21 yanvar 2021-ci il tarixli 15 nömrəli müqaviləyə əsasən, “Satıcı” həmin müqavilənin ayrılmaz tərkib hissəsi sayılan X5 qeyd olunmuş tələb olunan malları “Alıcı”ya satır və “Alıcı” da öz növbəsində alınan malların dəyərini Əlavələrdə qeyd olunmuş qiymətlərə əsasən “Satıcı”ya ödəyir. Həmin Müqavilənin ayrılmaz hissəsi olan 1 nömrəli əlavəyə əsasən “Satıcı” bu müqaviləyə edilən əlavələr - X6 əsasında qarşılıqlı razılaşdırılmış malların təhcizatını öz öhdəsinə götürür, “Alıcı” isə bu Müqavilə və müvafiq X7 şərtlərinə əsasən malları qəbul edir və razılaşdırılmış ödənişi “Satıcı”ya ödəyir. Qeyd edilən Müqaviləyə və onun ayrılmaz tərkib hissəsi olan 1 nömrəli əlavəyə əsasən “Satıcı” bu Müqaviləyə edilən əlavələr - X3 əsasında razılaşdırılmış malların təchizatını öz öhdəsinə götürmüş, “Alıcı” isə bu Müqavilə və müvafiq X7 şərtlərinə əsasən malları qəbul edir və razılaşdırılmış ödənişi “Satıcı”ya ödəyir. “Satıcı”, yəni iddiaçı üzərinə düşən öhdəliyi vaxtında yerinə yetirməsinə baxmayaraq “Alıcı”, yəni cavabdeh müqavilə və onun ayrılmaz tərkib hissəsi olan 1 nömrəli Əlavənin öhdəliklərini yerinə yetirməmiş və bunu etməkdən yayınmaqdadır. Borcun ödənilməsi ilə bağlı cavabdehlə aparılan danışıqlar heç bir nəticə verməmişdir. Borcun ödənilməsi xahişi ilə cavabdehə elektron qaydada xx.xx.2022-ci il tarixdə təklif (pretenziya) göndərilmiş, lakin cavabdeh borcun ödənilməsi ilə bağlı heç bir tədbir görməmiş, habelə borcun nə vaxt ödəniləcəyi ilə bağlı onlara hər hansı bir məlumat verməmişdir. Tərəflərin izahatı: Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsini müdafiə edib onun məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, cavabdehin nümayəndəsi Qanuni nümayəndə2 polis idarəsində verdiyi ifadəsində borcun 134134 manat təşkil etdiyini etiraf etmiş, həmin şikayət ərizəsi üzrə araşdırma təxminən 3 ay çəkmiş, lakin həmin müddət ərzində cavabdehin nümayəndəsi Qanuni nümayəndə2 verdiyi ifadəsinə hər hansı dəyişiklik etməmiş, yaxud ifadəsində olan anlaşılmazlıqla bağlı müraciət etməmiş, bundan əlavə, cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan şikayət verilməmişdir. Bundan əlavə, hazırkı iş üzrə 25000 manat pul nağdsız qaydada ödənilmiş, 10000 manat pul isə polis idarəsində ödənilmiş, bu barədə polis orqanı tərəfindən akt tərtib edilmişdir. Hazırkı borcun ödənilməsi ilə bağlı qalan hər hansı ödəniş həyata keçirilməmiş, borcun əvəzinə naturada hər hansı mal verilməmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 iddia ərizəsinə etiraz edib iddianın qismən təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, onlara hazırkı müqavilə üzrə ümumilikdə 119122 manat məbləğində mal təhvil verilmiş, həmin malın dəyərinin əksər hissəsi tərəflərindən mal təhvil verildikdən sonra ödənilmiş, hazırda ödənilməmiş borcun məbləği azdır. Bundan əlavə, onlara elektron qaimə təqdim edilməmiş hissədə malların təhvil verildiyini qəbul etmirlər. Ödənişlərdən yalnız biri - 10000 manat nağd qaydada edilmiş, qalan ödənişlər isə nağdsız qaydada edilmişdir. Lakin iddiaçı hazırkı borcla bağlı DİN-ə müraciət etmiş, onun şikayət ərizəsi əsasında araşdırma aparılmış, cavabdehin nümayəndəsi Qanuni nümayəndə2 izahatında borcun 144134 manat təşkil etdiyini göstərsə də, həmin izahatı verərkən hazırkı işlə bağlı ödəniş sənədləri yanında olmamış, bu səbəbdən borcu təxmini olaraq göstərmişdir. İddia tələbinin təqdim etdikləri ödəniş sənədləri nəzərə alınmaqla təmin edilməsini, qalan hissədə iddianın rədd edilməsini xahiş edir. Məhkəmə tərəfindən məhkəmə iclasları iki dəfə cavabdehin qanuni təmsilçisi olan Qanuni nümayəndə2 şəxsən iştirakının təmin edilməsi məqsədilə təxirə salınmış, lakin nümayəndə məhkəmə iclaslarına gəlməmiş, səbəbi barədə də Məhkəməyə məlumat verməmişdir. Sübutların tədqiqi: Belə ki, məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: İddiaçı (satıcı) ilə cavabdeh (alıcı) arasında bağlanmış 21 yanvar 2021-ci il tarixli 15 nömrəli alqı-satqı müqaviləsinə əsasən satıcı hazırkı müqavilənin ayrılmaz tərkib hissəsi sayılan X5 qeyd olunmuş tələb olunan malları alıcıya satır və alıcı da öz növbəsində alınan malların dəyərini Əlavələrdə qeyd olunmuş qiymətlərə əsasən satıcıya ödəyir. Müqavilənin 1.2-ci bəndinə əsasən müqavilə məbləğinin 100 %-i alıcı tərəfindən qabaqcadan, qalan hissəsi sonradan satıcıya köçürmə yolu ilə ödənilir. Müqavilənin 3.1-ci bəndinə əsasən alıcı Əlavədə (X8) göstərilmiş malları tam təhvil aldıqdan sonra həmin malların dəyərinin 100 %-i satıcının bank hesabına köçürmə yolu ilə 20 gün ərzində ödəməlidir. Müqaviləyə 01 nömrəli Əlavəyə (X2) əsasən satıcı bu müqaviləyə edilən əlavələr – X1 əsasında qarşılıqlı razılaşdırılmış malların təchizatını öz öhdəsinə götürür. Alıcı isə bu müqavilə və müvafiq X7 şərtlərinə əsasən malları qəbul edir və razılaşdırılmış ödənişi satıcıya ödəyir. Tərəflər 1 m3 qumun (daşınma daxil) qiymətinin 17,70 manat (ƏDV daxil), 1 m3 çınqılın (daşınma daxil) qiymətinin 15,70 manat (ƏDV daxil) olması barədə razılığa gəlmişlər. İddiaçı tərəfindən cavabdehə xx.xx.2022-ci il tarixdə məktub ünvanlanaraq yaranmış borcun ödənilməsi tələb edilmişdir. İddiaçı tərəfərindən cavabdehə təhvil verilmiş mallarla bağlı EBAZ 469251 nömrəli, xx.xx.2021-ci il tarixli (45426.04 manat), EBAW 992356 nömrəli, xx.xx.2021-ci il tarixli (11800 manat), EBAY 622641 nömrəli xx.xx.2021-ci il tarixli (17700 manat), EBAZ 570985 nömrəli xx.xx.2021-ci il tarixli (53577,90 manat), EBAZ 750904 nömrəli xx.xx.2021-ci il tarixli (57486,06 manat) elektron qaimələr təqdim edilmişdir. Cavabdehin qanuni təmsilçisi olan Qanuni nümayəndə2 Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinə verdiyi xx.xx.2022-ci il tarixli izahatından görünür ki, Fuad Şərifovu və atası Qanuni nümayəndə1 uzun müddətdir ki, tanıyır. Fuad Şərifovdan bir neçə dəfə qaimə ilə qum almışdır. Həmin borcdan bir hissəsini ödəmişdir. Borcun qalan hissəsini maddi imkanı yaxşı olduqca qaytaracaqdır. Onun həmin şəxsi aldatmaq niyyəti olmayıbdır, sadəcə maddi vəziyyəti çətin olduğu üçün həmin borcu qaytara bilməmişdir. Cavabdehin qanuni təmsilçisi olan Qanuni nümayəndə2 Bakı şəhəri Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinə verdiyi xx.xx.2022-ci il tarixli izahatından görünür ki, əvvəlki izahatlarına əlavə olaraq bildirir ki, Fuad Şərifova olan 144134 manat borcundan 10000 manatını xx.xx.2022-ci il tarixdə qaytarmışdır. Qalan məbləği isə maddi vəziyyəti aşağı olması səbəbindən hissə-hissə qaytaracağına söz verir. İddiaçı tərəfindən təqdim edilmiş hesabdan çıxarışa əsasən cavabdeh tərəfindən iddiaçıya xx.xx.2021-ci il tarixli ödəniş tapşırığı ilə 5000 manat, xx.xx.2021-ci il tarixli ödəniş tapşırığı ilə 10000 manat, 16 dekabr 2021-ci il tarixli ödəniş tapşırığı ilə 10000 manat pul ödənilmişdir. Cavabdeh tərəfindən təqdim edilmiş hesabdan çıxarışa əsasən cavabdeh tərəfindən iddiaçıya xx.xx.2021-ci il tarixli ödəniş tapşırığı ilə 5000 manat, xx.xx.2021-ci il tarixli ödəniş tapşırığı ilə 5000 manat, xx.xx.2021-ci il tarixli ödəniş tapşırığı ilə 10000 manat, xx.xx.2021-ci il tarixli ödəniş tapşırığı ilə 5000 manat, xx.xx.2021-ci il tarixli ödəniş tapşırığı ilə 5000 manat, xx.xx.2021-ci il tarixli ödəniş tapşırığı ilə 5000 manat, xx.xx.2021-ci il tarixli ödəniş tapşırığı ilə 10000 manat, xx.xx.2021-ci il tarixli ödəniş tapşırığı ilə 10000 manat, xx.xx.2021-ci il tarixli ödəniş tapşırığı ilə 5000 manat pul ödənilmişdir. Hüquqi dəyərləndirmə: Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, cavabdehin iddiaçıya satın alınmış malların dəyərinin ödənilməsi ilə bağlı öhdəliyi tərəflər arasında bağlanmış 21 yanvar 2021-ci il tarixli 15 nömrəli alqı-satqı müqaviləsindən irəli gəlir. Cavabdehin bu öhdəliyini lazımınca icra etməməsi iddiaçıya alqı-satqı müqaviləsi və Mülki Məcəllənin aşağıda sadalanan normalarından çıxış etməklə bu iddia tələbini irəli sürmək hüququ vermişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir; Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Həmin Məcəllənin 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə həmin Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı həmin müqavilədən irəli gələrək üzərinə düşən öhdəlikləri icra etmiş, lakin cavabdeh tərəfindən öhdəliklər tam şəkildə icra edilməmişdir. Cavabdeh iddiaya etiraz edərək onlara yalnız 119122 manat dəyərində mal təhvil verildiyini, həmin borcla bağlı onlara elektron qaimələr təqdim edildiyini, həmin borcun əksər hissəsinin ödənildiyini, iddianı qalan, yəni 46516 manat dəyərində (elektron qaimə(lər) təqdim edilməyən hissədə) qəbul etmədiklərini, qanuni təmsilçinin ödəniş sənədləri yanında olmaması səbəbindən ifadəsində göstərdiyi borcun məbləğinin qeyridəqiq olduğunu və nəzərə alınmamalı olduğunu bildirir. Məhkəmə cavabdehin bu arqumentlərini əsaslı hesab etmir, bununla bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşin məhkəmə tərəfindən müəyyən edilmiş hallarından görünür ki, cavabdehin qanuni təmsilçisi cinayət işi üzrə araşdırma zamanı verdiyi izahatda ona təqdim edilmiş mallara görə iddiaçıya 144134 manat borcu olduğunu, həmin borcun 10000 manat hissəsinin artıq qaytarıldığını təsdiq etmiş, qalan borcu maddi imkanı yaxşı olduqca qaytaracağını göstərmişdir. Cavabdehin nümayəndəsi həmin ifadədə göstərilmiş borcun qanuni təmsilçi tərəfindən təxmini olaraq göstərildiyini bildirsə də, cavabdehin qanuni təmsilçisinin izahatı cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarda öz əksini tapmış, həmin qərar cavabdeh tərəfindən mübahisələndirilməmiş, o cümlədən cavabdeh bununla bağlı hər hansı orqana şikayət ərizəsi ilə müraciət etməmiş, sonradan da izahatına əlavə təqdim etməmişdir. Odur ki, məhkəmənin mövqeyinə görə, cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar cavabdeh tərəfindən müvafiq qaydada mübahisələndirilmədiyindən və hazırda qüvvədə olduğundan həmin sənədin, habelə cavabdehin qanuni təmsilçisinin verdiyi izahatların qeyri-mötəbər sübut kimi qiymətləndirilməsi üçün heç bir hüquqi əsas yoxdur. Beləliklə, məhkəmə işin sadalanan qanunvericilik normalarını, cavabdehin alqı-satqı müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəlikləri tam icra etmədiyini, nəticədə onun həmin müqavilə üzrə iddiaçıya ümumilikdə 134134 manat borcunun yarandığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 134134 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir. Nəticə: Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 134154 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Materiallardan da göründüyü kimi “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” xx.xx.2022-ci il tarixli arayışa əsasən, cavabdeh mediasiya sessiyasında iştirak etməmiş, iddiaçı tərəfindən ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 400 manat məbləğində mediasiyaya dair xərc ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iş üzrə ödənilmiş 420 manat dövlət rüsumu cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh MMC-dən 134134 (bir yüz otuz dörd min bir yüz otuz dörd) manat məbləğində pul və ödənilmiş 420 (dörd yüz iyirmi) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı MMC-yə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ülkər Həsənova
Məhkəmə qərarları › İş №e-2-2(113)-214/2023
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-214/2023
01.02.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver