Məhkəmə qərarları › İş №e-2-2(113)-2141/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2141/2022

22.07.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2141/2022 22.07.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Həsənova Ülkər Təhmasib qızının sədrliyi, Xəlil Ülkər Abdurahman qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı “dəymiş zərərin ödənilməsi” tələbinə dair iddiası üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İşin halları: İddiaçı MMC (bundan sonra – iddiaçı) Cavabdeh MMC-yə (bundan sonra – cavabdeh) qarşı “dəymiş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 17590 manat məbləğində vurulmuş zərərin və 143 manat məbləğində ödənilmiş dövlət rüsumunun, ümumilikdə 17733 manat məbləğində vəsaitin tutularaq iddiaçıya ödənilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında 10 fevral 2021-ci il tarixli İddiaçı MMC-də iş və xidmətlərin göstərilməsi haqqında podrat müqaviləsi bağlanmışdır. Tərəflər arasında imzalanmış xx.xx.2021-ci il tarixli Müqavilənin 1.1-ci maddəsinə əsasən "xxxx" (RİCH Doors MMC) İddiaçı MMC tərəfindən həyata keçirilən çoxmərətəbəli yaşayış binalarının bütün bloklarının və mərtəbələrinin tikintisində aşağıdakı adları göstərilən iş və xidmətlərin göstərilməsini, Sifarişçi (Park City MMC) isə iş və xidmətlərin göstərilməsi müqabilində razılaşdırılmış qaydada xidmət haqqı ödəməyi öhdəsinə götürür”. Tərəflər arasındakı Müqavilə 2021-ci ilin 10 fevral tarixində rəsmiləşdirilmiş, cavabdehin öhdəliyinin icra müddəti isə Müqaviləyə əsasən 11 may 2021ci il tarixində başa çatmışdır. Lakin buna baxmayaraq, cavabdeh MMC tərəfindən iddiaçıya (Sifarişçiyə) təqdim edilməli olan ümumilikdə 604 ədəd (424 ədəd giriş qapısı, 180 ədəd yanğından çıxış qapısı) qapıdan cəmi 337 ədədi (157 ədəd giriş qapısı, 180 ədəd isə yanğından çıxış qapısı) təqdim edilmişdir. Cavabdeh tərəfindən iddiaçıya təqdim edilmiş 337 ədəd qapının əvəzində iddiaçı tərəfindən cavabdehə 341 ədəd qapının müqavilə ilə razılaşdırılmış qaydada dəyəri (haqqı), ümumilikdə 133 000 manat məbləğində vəsait (341 ədəd qapı*390 manat=133 000 manat) ödənilmişdir. Beləliklə də, tərəflərindən 341 ədəd qapının dəyəri ödənildiyi halda cavabdeh tərəfindən cəmi 337 ədəd qapı iddiaçıya təhvil verilmişdir. Bu isə o deməkdir ki, tərəflərindən cavabdehə 1570 manat (337 ədəd qapı*390 manat=131430 manat. Ödənilmiş 133000 manat-131430 (təqdim edilmiş qapıların dəyəri) manat=1570 manat) məbləğində artıq vəsait də ödənilmişdir. Cavabdeh tərəfindən müqavilə üzrə iddiaçıya təhvil verilməli olan giriş qapılarından 267 ədədi bu günədək təhvil verilməmişdir. Öhdəliyin icrası üçün nəzərdə tutulmuş 3 aylıq müddət başa çatdıqdan sonra da icra edilməmiş, öhdəliyin icrası ilə bağlı cavabdehlə dəfələrlə şifahi və yazılı formada danışıqlar aparılmış, lakin bütün bu danışıqlar da heç bir fayda verməmişdir. Beləliklə də cavabdeh Müqavilə üzrə öhdəliyini pozmuşdur. Nəhayət məcburiyyət qarşısında qaldıqları üçün 11 noyabr 2021-ci il tarixində üçüncü bir şirkətlə iş və xidmətlərin göstərilməsi haqqında Müqavilə imzalayaraq cavabdehin onlara təqdim etmədiyi 267 ədəd qapını birinin dəyəri 450 manatdan olmaqla həmin şirkətdən əldə etmişlər. Beləliklə də cavabdeh tərəfindən müqavilə üzrə öhdəliyin vaxtında və lazımı qaydada icra edilməməsi nəticəsində təqdim etməli olduğu, lakin təqdim etmədiyi 267 ədəd mənzilin giriş qapılarının hər biri üçün əlavə olaraq 60 manat ödəmək məcburiyyətində qalaraq ümumilikdə 16020 manat məbləğində zərərə düşmüşdür. Cavabdehə artıq ödənilmiş 1570 manat vəsaitlə birlikdə onun iddiaçıya vurduğu zərərin ümumi həcmi 17590 manat (artıq ödənilmiş 1570 manat+16020 (267 ədəd qapı*60 manat) manat) təşkil edir. Cavabdeh tərəfindən iddia ərizəsinə yazılı etiraz verilmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçının məhkəməyə təqdim edilmiş tərəflər arasında xx.xx.2021- ci il tarixdə bağlanmış podrat müqaviləsindən görünür ki, həqiqətən də tərəflər arasında iddiaçı tərəfindən tikilən hündürmərtəbəli yaşayış binalarının bütün bloklarının və mərtəbələrinin tikintisində istifadə edilməsi üçün 2,20x1,0 metr ölçüdə 424 ədəd mənzillərin giriş dəmir seyf qapıların və 180 ədəd yanğından çıxış qapıların gətirilməsinə, quraşdırılması və sifarişçiyə təhvil verilməsinə dair podrat müqaviləsi bağlanmış, lakin müqavilə üzrə tərəf olan sifarişçi üzərinə götürdüyü öhdəlikləri müqavilədə nəzərdə tutulmuş müddətdə və qaydada yerinə yetirməməsi səbəbindən cavabdeh müqavilədə nəzərdə tutulmuş müddətdə həmin öhdəlikləri yerinə yetirə bilməmişdir. Belə ki, tərəflər arasında bağlanmış müqavilənin 6.1, 6.2, 6.1.2 və 6.1.3-cü bəndlərinin tələblərinə əsasən icraçı tərəfindən bu müqaviə üzrə razılaşdırılmış qaydada idxal yolu ilə qapıların gətirilməsi, sifarişçinin ünvanına çatdırılması 2 mərhələ üzrə hər mərhələdə ən geci 45 gün olmaqla 90 gün müddətində həyata keçirilməsi, birinci mərhələdə 45 gün müddətində malların 50 faizini, ikinci mərhələdə isə 45 gün ərzində razılaşdırılmış malların qalan 50 faizini idxal yolu ilə gətirilərək sifarişçiyə təhvil verilməsi nəzərdə tutulmuşdur. Hesab edir ki, tərəflərin bu müqavilənin 6.1, 6.2, 6.1.2 və 6.1.3-cü bəndində nəzərdə tutulmuş öhdəlikləri o halda yerinə yetirilmək münkün olardı ki, hər bir tərəf həmin müqavilənin 4-cü bəndində üzərinə götürdüyü öhdəlikləri müqavilə şərtlərinə uyğun olaraq yerinə yetirmiş olsun. İddiaçı tərəfin məhkəməyə təqdim etdiyi ödəniş qəbzlərindən görünür ki, iddiaçı müqavilənin 4.1.2-ci bəndində üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş, müqavilə bağlandıqdan sonra xx.xx.2021-ci ildə 17.000 manat, xx.xx.2021-ci ildə 3.000 manat, cəmi 20.000 manat ödəmiş etmiş olsa da, müqavilə bağlandığı gündən ən geci 30 gün müddətində 25.000 manat da ödəməli olduğu halda müqavilənin şərtlərini pozaraq müqavilə bağlandıqdan 2 ay 5 gün sonra, yəni xx.xx.2021-ci il tarixdə 17.000 manat, xx.xx.2021-ci il tarixdə isə 3.000 manat, cəmi 20.000 manat ödəniş etmiş, bu səbəbdən də Türkiyədən idxal olunan malın 50 faizi olan qapılar 23 apreldən sonra respublikaya idxal edilmişdir. Etiraz ərizəsinə əlavə edilmiş gömrük sənədlərindən məlum olur ki, 1-ci partiya üzrə sifariş olunan qapılar Türkiyədən respublika gömrük məntəqəsinə xx.xx.2021-ci ildə daxil olmuş, həmin gün sifarişçi müqavilə üzrə nəzərdə tutulmuş 25.000 manat vəsaiti ödəmiş və həmin gün də gətirilən mallar sifarişçiyə təhvil verilmişdir, lakin iddiaçının məhkəməyə təqdim etdiyi ödəniş qəbzlərindən məlum olur ki, iddiaçı xx.xx.2021-ci il tarixdə qapıları təhvil alan kimi 40.000 manat ödəməli olduğu halda həmin vəsaiti xx.xx.2021-ci ildə 10.000 manat, xx.xx.2021-ci ildə 25.000 manat, 21.06.000 manat vəsaiti 1 ay 4 gün ərzində hissə-hissə ödəmişdir. Bu səbəbdən də iddiaçı tərəfindən 1-ci partiya qapıların dəyəri gecikdirmələrlə və vaxtında ödənilməməsi səbəbi ilə 2-ci partiya qapıların gətirilməsi üçün iddiaçının xx.xx.2021-ci il tarixdə ödədiyi 10.000 manat və xx.xx.2021-ci il tarixdə ödədiyi 10.000 manat, cəmi 40.000 manat ilkin ödəniş müqabilində iddiaçıya 72 ədəd qapı təhvil verilmişdir. Beləliklə, iddiaçı tərəfindən ödənilmiş 133.000 manat vəsait hesabına axırıncıya hər birinin dəyəri 390 manat olmaqla 341 ədəd qapı təhvil verilmiş və müqavilə üzrə götürdükləri öhdəliklər tam yerinə yetirilmişdir. Qalan partiya qapıların republikaya gətirilməməsi və iddiaçıya təhvil verilməməsinin səbəbi iddiaçı tərəfindən sifariş olunan malların dəyərinin ödənilməməsi, müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməməsi olmuşdur. 297 ədəd giriş qapısı bu günədək təhvil verilməməsi səbəbi ilə xx.xx.2021-ci il tarixdə başqa bir şirkətlə müqavilə bağlamaq məcburiyyətində qalması və bunun üçün hər qapıya görə 60 manat əlavə vəsait ödəmək məcburiyyətində qalmasını göstərməsinə və əlavə ödədiyi həmin vəsaiti ondan tələb etməsi heç bir məntiqə və işin hallarına uyğun olmayan əsassız bir fərziyyədir. Belə ki, 297 qapının gətirilməməsi və cavabdehə təhvil verilməməsinin yeganə səbəbi, həmin qapıların ilkin ödəniş, hazır mal üçün nəzərdə tutulmuş ödənişin iddiaçı tərəfindən ödənilməməsi ilə bağlı olmuşdur. Yəni müqavilə şərtlərinə əməl edilməməsinin səbəbi iddiaçının üzərinə götürdüyü öhdəlikləri yərinə yetirməməsi olmuşdur. Tərəflərin izahatı: Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, tərəflərindən üzərilərinə düşən bütün öhdəliklər vaxtında və tam həcmdə yerinə yetirilmiş, lakin cavabdeh qapıları vaxtında onlara təhvil vermədiyi üçün digər bir şirkətlə müqavilə bağlamağa və daha artıq vəsait ödəməyə məcbur olmuşlar. Qapılar onlara təhvil verilsəydi, həmin müqaviləni bağlamazdılar. Əvvəlki məhkəmə iclasında cavabdehin nümayəndəsi Qanuni nümayəndə iddia tələbinə etiraz edib iddia ərizəsinə dair yazılı etirazın məzmununa uyğun izahat verərək iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq bildirdi ki, tərəfindən onlara ödənilmiş 133000 manat müqabilində 341 ədəd qapı ölkəyə gətirilmiş və iddiaçıya təhvil verilmişdir. Lakin bunu təsdiq edən hər hansı sənəd təqdim edə bilmir. Digər partiya malların ölkəyə gətirilməməsi və iddiaçıya təhvil verilməməsinin səbəbi isə onlara müqavilə ilə nəzərdə tutulmuş ödənişlərin vaxtında ödənilməməsi olmuşdur. Əvvəlki məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 iddia tələbinə etiraz edib iddia ərizəsinə dair yazılı etirazın məzmununa uyğun izahat verərək iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Sonuncu məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehin nümayəndələrinə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, səbəbi barədə də Məhkəməyə məlumat verməmişlər. Məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: Belə ki, məhkəmə iclasında tədqiq edilərək sübut qismində iş materiallarına əlavə edilmiş: İddiaçı ilə cavabdeh arasında bağlanmış 10 fevral 2021-ci il tarixli İddiaçı MMC-də iş və xidmətlərin göstərilməsi haqqında” podrat müqaviləsinə əsasən icraçı İddiaçı MMC tərəfindən həyata keçirilən çoxmərtəbəli yaşayış binalarının bütün bloklarının və mərtəbələrinin tikintisində aşağıda adları göstərilən iş və xidmətlərin göstərilməsini, sifarişçi isə iş və xidmətlərin göstərilməsi müqabilində razılaşdırılmış qaydada xidmət haqqı ödəməyi öhdəsinə götürür. Müqavilənin 1.2-ci bəndinə əsasən yerinə yetiriləcək iş və xidmətlər və onların həcmi bu müqavilədə aşağıdakı qaydada müəyyənləşdirilmişdir: 1.2.1. Çoxmərtəbəli yaşayış binalarının bütün bloklarının, mərtəbələrinin, standart ölçüləri 2.20 X 1.0 metr həcmində olmaqla, ümumi sayı 424 ədəd təşkil edən mənzillərin giriş dəmir seyf qapıları və ümumi sayı 180 ədəd təşkil edən yanğından çıxış qapıları ilə idxal yolu ilə gətirməklə təchiz olunması. 1.2.2. Çoxmərtəbəli yaşayış binalarınının bütün bloklarında, mərtəbələrində mənzillərin 424 ədəd mənzillərin giriş dəmir seyf və 180 ədəd yanğından çıxış qapılarının quraşdırılması. 1.3.3. Xidmətlərin göstərilməsi tərəflərin hazırkı müqavilənin 5.2-ci bəndinə göstərilən müddət ərzində həyata keçirir. Müqavilənin 2.2-ci bəndinə əsasən icraçının yerinə yetirdiyi işlər işlərin icra olunma aktı imzalanmaqla sifarişçi tərəfindən təhvil alınır. Müqavilənin 4.1.1-ci bəndinə əsasən çoxmərtəbəli yaşayış binalarının blok və mərtəbələrinin 424 ədəd mənzillərin giriş seyf, 180 ədəd yanğından çıxış qapıları ilə təchiz edilməsi və qapıların quraşdırılması zamanı yerinə yetirilmiş işlərin dəyəri, ümumi sayı 604 ədəd olacaq qapıların bir ədədi üçün 390 manat qiyməti ilə hesablanacaqdır. Yerinə yetiriləcək ümumi işlərin dəyəri 235560 manat təşkil edir. Malın satışı və xidmətin göstərilməsi üzrə 235560 manatlıq müqavilə dəyərinin bir hissəsi, 67080 manat məbləğ, icraçıya sifarişçi tərəfindən ona məxsus olan tikintisi aparılan binanın 18-ci mərtəbəsində yerləşən 1 ədəd sahəsi 67,08 m2 olan bir otaqlı, 85 nömrəli mənzillə barter yolu ilə əvəzləşdirilməklə ödəniləcəkdir. Hesablaşma, mənzilin hər kvadrat metr üçün qiyməti 1000 manat olmaqla aparılacaqdır. Malın satışı və xidmətin göstərilməsi üzrə 235560 manatlıq müqavilə dəyərinin qalan 168480 manat məbləği isə 2 mərhələ üzrə sifarişçi tərəfindən nəğd qaydada və ya bank köçürməsi vasitəsi ilə icraçıya ödəniləcəkdir. Müqavilənin 4.1.2-ci bəndinə əsasən razılaşdırılmış qaydada icraçı tərəfindən idxal yolu ilə qapıların gətirilməsi və sifarişçiyə təhvil verilməsi 2 partiya üzrə nəzərdə tutulduğundan, sifarişçi tərəfindən podratçıya ödəniş edilməsi də müvafiq olaraq 2 mərhələ üzrə aşağıdakı qaydada həyata keçiriləcəkdir. Bu müqavilədə göstərilən qaydada sifarişçi tərəfindən icraçıya hər partiya üzrə malın gətirilməsi zamanı 20000 manat olmaqla, cəmi 40000 manat ilkin ödəniş ödəniləcəkdir. Bu müqavilənin bağlandığı gündən ən geci 30 gün müddətində idxal yolu ilə gətiriləcək qapıların xarici ölkədə yükləndiyi zamanında, sifarişçi tərəfindən icraçıya hər partiya üzrə 25000 manat olmaqla, 2 partiyada cəmi 50000 manat ödəniş ödəniləcəkdir. Bu müqavilədə göstərilən qaydada idxal yolu ilə gətiriləcək mallar respublika ərazisinə daxil olduqda yükü gətirən malın gömrük məntəqəsinə daxil olarkən sifarişçi tərəfindən icraçıya 1-ci partiya zamanı 25000 manat, qapılar sifarişçiyə təhvil verildikdə 40000 manat, 2-ci partiya zamanı qapılar sifarişçiyə təhvil verildikdə isə 13480 manat ödəniş ödəniləcəkdir. İş və xidmətlərin yerinə yetirilməsi tam başa çatdıqdan sonra sifarişçi tərəfindən əvəzləşdirilmə yolu ilə satılmış mənzil icraçıya təhvil veriləcək və icraçı tərəfindən yerinə yetirilmiş iş və xidmətlərin son hesablaşma üzrə haqq-hesabı aparılacaqdır. xx.xx.2021-ci il tarixli kassa məxaric orderi ilə cavabdehə 17000 manat, xx.xx.2021-ci il tarixli kassa məxaric orderi ilə 3000 manat, xx.xx.2021-ci il tarixli kassa məxaric orderi ilə 17000 manat, xx.xx.2021-ci il tarixli kassa məxaric orderi ilə 10.000 manat, xx.xx.2021-ci il tarixli kassa məxaric orderi ilə 3000 manat, xx.xx.2021-ci il tarixli kassa məxaric orderi ilə 25000 manat, xx.xx.2021-ci il tarixi kassa məxaric orderi ilə 10.000 manat, xx.xx.2021-ci il tarixli kassa məxaric orderi ilə 10.000 manat, xx.xx.2021-ci il tarixli kassa məxaric orderi ilə 25000 manat, xx.xx.2021-ci il tarixli kassa məxaric orderi ilə 3000 manat pul ödənilmişdir. İddiaçının nümayəndələri tərəfindən tərtib olunmuş xx.xx.2022-ci il tarixli aktdan görünür ki, cavabdehdən təhvil alınan mənzillərin giriş dəmir seyf qapıları və ya yanğından çıxış qapılarının ümumi sayı yanğından çıxış qapıları üzrə 180 ədəd, mənzillərin seyf qapıları üzrə isə 157 ədəd təşkil edir. İddiaçı ilə "xxxx" MMC arasında bağlanmış 11 noyabr 2021-ci il tarixli “iş və xidmətlərin göstərilməsi haqqında” müqaviləyə əsasən icraçı sifarişçi tərəfindən inşa edilən çoxmərtəbəli yaşayış binalarının sifarişçi tərəfindən müəyyənləşdirilmiş bloklarının və mərtəbələrinin itikintisində aşağıda adları göstərilən iş və xidmətlərin göstərilməsini, sifarişçi isə müəyyənləşdirilmiş iş və xidmətlərin göstərilməsi müqabilində razılaşdırılmış qaydada xidmət haqqı ödəməyi öhdəsinə götürür. Müqavilənin 1.2.2-ci bəndinə əsasən qapılara məxsus göstəriciləri aşağıdakı formada olmalıdır: a) Qapılara məxsus kilid sistemi “Kale” firmasına məxsus olmalı; b) Petlələrdə qaynaq yerləri təmizlənməli; c) Qapıların çəkisi 80-100 kq aralığında olmamalı. Müqavilənin 4.2-ci bəndinə əsasən çoxmərtəbəli yaşayış binalarının blok və mərtəbələrinin 272 ədəd mənzilin giriş seyf qapıları ilə təchiz edilməsi və qapıların quraşdırılması zamanı yerinə yetirilmiş işlərin dəyəri, ölçüləri 96x2,06 metr olan ümumi sayı 272 ədəd olacaq qapıların bir ədədi üçün 450 manat qiyməti ilə hesablanacaqdır. Yerinə yetiriləcək işlərin və xidmətlərin ümumi dəyəri 122400 manat təşkil edir. İddiaçı tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli kassa məxaric orderi ilə 20000 manat, xx.xx.2021-ci il tarixli kassa məxaric orderi ilə 20.000 manat, xx.xx.2021-ci il tarixli kassa məxaric orderi ilə 27400 manat, xx.xx.2021-ci il tarixli kassa məxaric orderi ilə 32000 manat, xx.xx.2021-ci il tarixli kassa məxaric orderi ilə 23000 manat vəsait "xxxx" MMC-yə ödənilmişdir. İddiaçı ilə "xxxx" MMC arasında tərtib olunmuş xx.xx.2021-ci il tarixli təhvil-təslim aktından görünür ki, "xxxx" MMC tərəfindən gətirilən qapılar xx.xx.2021-ci il tarixində İddiaçı MMC şirkəti tərəfindən təhvil alınmışdır. xx.xx.2021-ci il tarixli gömrük bəyannaməsindən görünür ki, cavabdeh tərəfindən 20352,08 manat məbləğində mal gətirilmişdir. İddiaçı tərəfindən cavabdehə ünvanlanmış bildirişdən görünür ki, iddiaçı cavabdehlə aralarında bağlanmış 10 fevral 2021-ci il tarixli müqavilə üzrə yaranmış öhdəliyinin 7 gün ərzində icra olunmasını tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq etmişdir. Hüquqi dəyərləndirmə: Məhkəmə ilk öncə iddia tələbinin təhvil verilməmiş qapılara görə ödənilmiş 1570 manat məbləğində pulun qaytarılması hissəsi ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Aşağıdakılar hazırkı işin mübahisəsiz halları kimi müəyyən olunmuşdur: - tərəflər arasında 10 fevral 2021-ci il tarixli İddiaçı MMC-də iş və xidmətlərin göstərilməsi haqqında” podrat müqaviləsinin bağlanması; - həmin müqaviləyə əsasən cavabdehə ümumilikdə 133000 manat pul vəsaitinin ödənilməsi. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 398.1-ci maddəsinə əsasən müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir; Həmin Məcəllənin 399.1-ci maddəsinə görə, müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Beləliklə də, işin yuxarıda qeyd olunan halları və istinad olunan maddi hüquq normalarına əsasən müəyyən olunur ki, hazırkı iş üzrə tərəflər arasında 10 fevral 2021-ci il tarixli podrat müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən cavabdehə ümumilikdə 133000 manat pul vəsaiti ödənilmişdir. Cavabdeh iddiaya etirazında iddiaçıya 337 ədəd deyil, 341 ədəd qapının təhvil verildiyini bildirmişdir. İddiaçı isə qalan 4 ədəd qapının təhvil verilməsi ilə bağlı öhdəliyin hələ də icra edilmədiyini, cavabdeh isə onun icra edildiyini bildirir. Belə olan vəziyyətdə öhdəliyin icra edilib-edilməməsilə bağlı hal araşdırılmalı və sübut olunmalıdır. Məhkəmə qeyd edir ki, hazırkı halda «qanunda birbaşa əks göstəriş yoxdursa, öhdəliyin icrasını borclunun sübut etməsinə dair» prezumpsiya tətbiq edilməlidir. Belə ki, MPM-in 77.1-ci mddəsinin tələbinə görə hər bir tərəf öz tələb və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Buna görə də etirazının əsası kimi istinad etdiyi bu halı, yəni 341 ədəd qapının təhvil verildiyini cavabdeh sübut etməlidir. Cavabdeh bu halı təsdiq edən belə bir sənəd təqdim edə bilmir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli qərarında göstərmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan, həmçinin təkzibolunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68). Avropa Məhkəməsi “Qavazov Bolqarıstana qarşı” iş üzrə xx.xx.2008-ci il tarixli qərarında isə qeyd etmişdir ki, məhkəmə sübutları qiymətləndirərkən, bir qayda olaraq, əsaslı şübhədən kənar sübut standartları tətbiq edilir (§93). Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi ödənilmiş 1570 manat məbləğində pulun geri qaytarılması hissəsində əsaslıdır və təmin edilməlidir. Məhkəmə iddia tələbini digər, yəni cavabdehin təqdim etmədiyi 267 ədəd mənzilin giriş qapılarının hər biri üçün əlavə olaraq ödənilmiş 60 manat, ümumilikdə 16020 manat məbləğində pulun iddiaçıya dəymiş zərər kimi cavabdehdən tutulmalı olması hissəsində isə əsassız hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. İddiaçı iddia ərizəsində öhdəliyin icrası üçün nəzərdə tutulmuş 3 aylıq müddət başa çatdıqdan sonra da cavabdeh tərəfindən öhdəliyin icra edilmədiyini, məcburiyyət qarşısında qalaraq 11 noyabr 2021-ci il tarixində üçüncü bir şirkətlə iş və xidmətlərin göstərilməsi haqqında Müqavilə imzalayaraq cavabdehin onlara təqdim etmədiyi 267 ədəd qapını birinin dəyəri 450 manatdan olmaqla həmin şirkətdən əldə etdiklərini, bununla bağlı ümumilikdə 16020 manat məbləğində zərərə düşdüklərini göstərmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, əvvəla həmin qapıların cavabdeh tərəfindən iddiaçıya vaxtında təhvil verilməməsi nəticəsində iddiaçının hansı zərərə məruz qalması müəyyən olunmur. Bundan əlavə, "xxxx" MMC tərəfindən iddiaçıya təhvil verilmiş qapıların cavabdehə sifariş verilmiş qapılarla eynilik təşkil etməsini (keyfiyyət, görünüş, ölçü, tərkibcə və sairə) təsdiq edən hər hansı sübut iddiaçı tərəfindən Məhkəməyə təqdim edilməmiş, "xxxx" MMC ilə bağlanmış müqavilədə sifariş verilmiş qapılara dair xüsusi tələblər müəyyənləşdirilmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi cavabdehin təqdim etmədiyi 267 ədəd mənzilin giriş qapılarının hər biri üçün əlavə olaraq ödənilmiş 60 manat, ümumilikdə 16020 manat məbləğində pulun tutulması hissəsində təmin edilməməlidir. Nəticə: Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 1570 manat pul tutularaq iddiaçıya ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Materiallarda olan ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə 31 mart 2022-ci il tarixli MŞİH-00586 nömrəli arayışdan görünür ki, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 200 manat mediasiya xərci iddiaçı tərəfindən ödənilmişdir. Göründüyü kimi, cavabdeh ilkin mediasiya sessiyasında iştirak etmiş, tərəflər arasında barışıq əldə edilməmişdir. Bu səbəbdən ödənilmiş 200 manat mediasiya xərci iddiaçıya aid edilməli, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsinə görə əlavə olaraq ödənilmiş 43 manat dövlət rüsumu isə iddia qismən təmin edildiyindən cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 1570 (bir min beş yüz yetmiş) manat məbləğində pul və ödənilmiş 43 (qırx üç) manat dövlət rüsumu tutularaq İddiaçı MMC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ülkər Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar