Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2146/2021 29.06.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Bakı Kommersiya Məhkəməsinin hakimi Əliyeva Aytən Heydər qızının sədrliyi, Kərimov İlkin Camal oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə, cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı MMC-nin cavabdeh X3 qarşı müqavilənin ləğvi və müqavilə üzrə yaranmış borcun ödənilməsi tələbi üzrə komersiya mübahisəsinə Bakı şəhərində, Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı MMC cavabdeh X3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC ilə X4 arasında 10 mart 2021-ci il tarixli AZM-M-21/03-015 saylı müqaviləni ləğv edərək, həmin müqaviləyə əsasən ödənilmiş 5202 manat (beş min iki yüz iki), maddi zərərə görə 30000 manat (otuz min), hüquqi yardıma görə ödənilmiş 500 manat (beş yüz), dövlət rüsumuna görə ödənilmiş 30 manat (otuz) olmaqla cəmi 35732 manat (otuz beş min yeddi yüz otuz iki) manat pulun cavabdeh X1 tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC (sifarişçi) ilə sahibkar X4 (icraçı) arasında 10 Mart 2021-ci il tarixli AZM-M-21/03-015 saylı müqavilə bağlanmışdır. Həmin müqavilənin 1.2-ci və 5.2-ci bəndinə əsasən cavabdeh 20 gün müddətində aşağıdaki xidmətləri həyata keçirməyi öhdəsinə götürmüşdür. Elektrik işləri: - Bütün elektrik şitlərinə enerji verilməsi; - Start-stop, bütün motorlar üçün uzaqdan testlərin olunması; - VFD qidalandırıcı testi və işə salınması; - Lazım gələrsə VFD-ni konfiqurasiya etmək; - Testlər zamanı problemlərin aradan qaldırılması; SCADA işləri: - «Sifarişçi»nin dizayn tələbinə uyğun olaraq SCADA vizuallaşdırmasının (3-4 səhifə) qurulması; - Vizualizasiyanın düzgün işləməsini təmin etmək üçün sahədəki HMİ və PLC ilə yerdəki test əmrləri arasında əlaqələrin qurulması (test yalnız SCADA üçün veriləcək); - MWR S7- 1500 nəzarətçisinin qoşularaq əlaqə qurulması (bu proses 20 gündən artıq vaxt tələb edə bilər)Test prosedurları və işə salma: - Bir vəya iki mühəndis 7-10 gün ərzində sahəyə gələcək və proses mühəndisiniz tərəfindən verilən hər verici üçün diapazonlar qoyacaq və nöqtə dəyərləri təyin edəcəkdir; - Mühəndis bütün məntiq funksionallığını yoxlayacaq və bütün problemləri həll edəcəkdir; - “sifarişçi”nin istəyinə uyğun olaraq əlavə məntiq funksionallığı yoxlamaları aparıla bilər; - Bütün proseslərin sonunda cihazların işə salınması baş verəcəkdir. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən müqavilənin ümumi dəyəri 32 025 AZN (otuz iki min yirmi beş manat) müəyyən edilmişdir. Müqavilənin 4.5 bəndinə əsasən sifarişçi icraçıya müqavilənin ümumi dəyərinin 10% həcmində avans ödənişi etməlidir. İşlərin daha sürətli icra olunması üçün sifarişçi icraçıya 5 202 AZN (beş min iki yüz iki manat) ödəniş etmişdir. Bu da müqavilənin ümumi dəyərinin 16%-dən daha çox hissəsini təşkil edir.Lakin buna baxmarayaq cavabdeh (icraçı) müqavilə üzrə öhdəliklərini yerinə yetirməmişdir. Bununla əlaqədar olaraq cavabdehə 31 mart 2021-ci il tarixdə pretenziya məktubu göndərilmişdir. Cavabdeh 1 aprel 2021- ci il tarixdə özünü müdaifə xarakterli cavab məktubu göndərmişdir.İddiaçı MMC tərəfindən ölkənin ekoloji durumunun yaxşılaşdırılmasına töhvəsini vermək, müasir standartlara cavab verən yeni məhsulun ölkədə istehsalını yaratmaq məqsədi ilə istifadə müddəti bitmiş akkumulyatorların utilizasiyası və yeni qurğuşun-turşulu akkumulyatorların istehsalı sahələrinin inkişaf etdirilməsi üçün “Sumqayıt Kimya Sənaye Parkı”nda zavod tikilmiş, 2021-ci ilin aprel ayının ilk həftəsində açılısı nəzərədə tutulmuşdur.Lakin cavabdeh öhdəsinə götürdüyü işləri təhvil vermədiyi üçün zavodun açılışı geçikmişdir. Bunun nəticəsində iddiacıya 30.000 (otuz min) manat maddi zərər dəymişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili iddianı müdafiə edərək, iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, scada işlərindən əvvəl elektrik işləri görülməli idi. Elektrik işləri görülmədiyi üçün ödəniş olunmamışdır.2000 manat ödəniş şirkət tərəfindən avans ödənişi olmuşdur. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili iddia iddia tələbini qəbul etməyərək məhkəməyə izahatında qeyd etdi ki, ayın 19-u 2.000 manat qarşı tərəf Rəfail Babazadəyə ödəniş etmişdir. Düzdür bütün işlər görülməsə də, müqavilə ilə nəzərdə tutulmuş işlər görülmüşdür. Belə ki, “Scada”nı təhvil vermişlər. X6 Babazadəyə müqavilə üzrə nəzərdə tutulmuş işlərin görülməsində köməklik etmişdir. Ayın 22-dən sonra onlara işlərin görülməsi üçün şərait yaradılmamışdır. Bununla bağlı olaraq akt tərtib edilərək təqdim edilmiş, lakin qarşı tərəf imzalamamışdır. Əlavə olaraq deyilmişdir ki, sən işlərin hamısın bitir və sonda sənə ödəniş ediləcəkdir. “Scada” verilməsə edilmiş ödəniş geri tələb ediləcəkdir. İddiaçının ödəniş etməsi birinci mərhələ işin qəbulu kimi qiymətləndirilməlidir.İddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirlən X5 məhkəməyə izahatında qeyd etdi ki,müqaviləni qardaşı imzalamış , o mühəndislik işlərini görmüş, iki dəfə zavodda olmuşdur. Bəzi xırda testlər olub, çatışmazlıqlar rəhbərliyə təqdim edilmişdir. İki gün o özü orada işləmişdir. Elektrik panellərinin enerjiləndirilməsi, matorların enerjiləndirilməsi, konfiqurasiyası, vizualizasiyası işlərini icra etmişdir. Oktay tərəfindən “Scada” programı hazırlanmışdır. Oktay “Scada” programını evdən hazırlamışdır. Zavoda bir dəfə mart ayının əvvəllərində getmişdir Elektrik işlərinin demək olar ki, 90 faizi hazır olmuşdur. Bəzi elektrik mühərrikləri hazır olmamışdı. Program təminatının 80 faizi bitmişdi. Müqaviləyə əsasən 50 faiz ödəniş almalı idilər ki, “Scada” programını təqdim edə bilsinlər. Problemlərlə bağlı zavoda getmiş, program təminatını dərhal tələb etmişlər. Onlara ehtiyacları olmadığı bildirilmişdir. Daha sonra zavoddan çıxmaq istədikdə ona mane olmuşlar.“Scada” programının olduğu “flaş kartı” təqdim etdikdən sonra buraxılacağı bildirilmişdir. Həmin an orada Muhsin, Rüstəm, Rza və Xuruş bəy də olmuşdur. Flaş kartı təqdim etdikdən sonra oradan getmiş,daha sonra isə onlara zavoda daxil olmağa qadağa qoymuşlar. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəflərin nümayəndələrini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. İş materiallarında olan: 10 mart 2021-ci il tarixli AZM-M-21/03-015 saylı mühəndislik xidmətləri müqaviləsi əsasən “sifarişçi” İddiaçı MMC, “icraçı” X4 olmaqla 10 mart 2021-ci il tarixli AZM-M-21/03- 015 saylı mühəndislik xidmətləri müqaviləsi imzalanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən “sifariçi” bu müqavilənin 1.2-ci bəndində göstərilən mühəndislik xidmətlərinin göstərilməsini sifariş edib, “icraçıya” razılaşdırılmış xidmət haqqı ödəməyi, “icraçı” isə “sifarişçi”nin müəyyən etdiyi qaydada mühəndislik xidmətləri göstərməyi öhdəsinə götürür. 2.4-cü bəndə əsasən “icraçının” yerinə yetirdiyi işlər işlərin icra olunma aktı imzalanmaqla “sifarişçi” tərəfindən təhvil alınır. 4.1-ci bəndə əsasən bu müqavilə üzrə xidmətlərin ümumi dəyəri vergilər daxil olmaqla 32.025 manat (otuz iki min iyirmi beş manat) təşkil edir. 4.5-ci bəndə əsasən ödəmə şərtləri: avans ödəniş 10%, SCADA işlərinin təhvilindən əvvə 50%, test prosedurları və işə salma işlərinə başlamadan əvvə 40%. 5.2-ci bəndə əssən bu müqavilədə nəzərdə tutulan mühəndislik xidməti “icraçı” tərəfindən müqavilə imzalandığı tarixdən 20 gün müddətinə həyata keçirilməlidir. İş materiallarında olan İddiaçı MMC tərəfindən X3 ünvanlanan 31.03.2021-ci il tarixli AZM-L-165/21 saylı pretenziya məktubunun məzmununda qeyd olunur ki, işlərin daha sürətli icra olunması üçün sifarişçi icraçıya 5.202 manat ödəniş etmişdir. Bu da müqavilənin ümumi dəyərinin 16%-dən çox hissəsini təşkil edir. İcraçı müqavilə üzrə nəzərdə tutulan işləri yerinə yetirməmiş və müqavilə tələblərinə əməl etməmişdir. Bu səbəbdən xahiş olunmuşdur ki, 5 iş günü ərzində ödənilən 5.202 manat avans məbləği geri qaytarılsın. Əks halda məhkəmə müraciət oluncağı və avans məbləği, vəkil xərci və dövlət rüsumuna görə ödəniləcək məbləğlərin tələb oluncağı barədə xəbərdarlıq edilmişdir. 01.04.2021-ci il tarixli X2 İddiaçı MMC-yə ünvanlanan ərizəsində qeyd olunur ki, müqavilədə nəzərdə tutulmuş öhdəliklərin icra edilməsinə başlanılmış o cümlədən “Scada işləri” təhvil verilməyə hazır vəziyyətdədir. Lakin yaradılmış maneələrə görə müqavilədə nəzərdə tutulan işlərin icra edilməsi mümkün deyildir. Odur ki, ödənilən pulun tələb edilməsi əsassızdır. Belə ki, işlərin bir hissəsi görülüb (bunu şirkətin meneceri Mohsen Darvişi e-mail yazışmaları ilə etiraf etmişdir.) Qalan hissənin görülməsi üçün şərait yaradıldığında və müqaviləyə əsasən “Scada işləri”nin təhvilindən əvvəl 50% ödəniş edildiyində mübahisənin öz həll yolunu tapacağı bildirilmişdir. İş materiallarında olan 16.03.2021-ci il tarixli, 001XOH********** nömrəli ödəniş tapşırığına əsasən AZM-M-21L03-015 nömrəli 10.03.2021-ci il tarixli müqaviləyə əsasən 3.202,5 manat avans ödənişi X3 məxsus bank hesabına, 19.03.2021-ci il tarixli, 001XOH********** nömrəli ödəniş tapşırığına əsasən AZM-M-21L03-015 nömrəli 10.03.2021-ci il tarixli müqaviləyə əsasən 2.000 manat məbləğində avans ödənişi X3 məxsus bank hesabına, 07.04.2021-ci il tarixli 001XOH********** nömrəli ödəniş tapşırığına əsasən EBAZ seriyalı 734119 nömrəli 06.04.2021-ci il tarixli elektron qaiməyə əsasən 500 manat məbləğində ödəniş 12 saylı Vəkil Bürosunun bank hesabına ödənilmişdir. İş materiallarında olan tərəflər arasında “elektron poçt” vasitəsi ilə yazışmaların məzmunundan məlum olur ki, Babazadə Tağı 18 mart 2021-ci il tarixində Mohsen Kourosh adlı istifadəçiyə məktub ünvanlayaraq elektrik işlərinin 80%-ni tamamladıqlarını bildirmişdir. Əlavə olaraq müqaviləyə əsasən şirkətin ilkin ödənişi etməli olması və istismara vermə xaricində bütün işlərin tamamlanmaq prosesində olması, ümumi ödənişin 50%-i ödənildikdən sonra işə davam etdirilməsinin mümkün olması qeyd olunmuşdur. İddiaçı MMC-nin cavabdeh X3 qarşı müqavilənin ləğvi tələbi baxılmamış saxlanılmışdır. Beləliklə də, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında xidmət müqaviləsi bağlanaraq iddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada icra etsə də, cavabdeh müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyərək, müqavilənin şərtlərinin pozmuşdur.Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh iddiaçı ilə aralarında bağlanmış müqavilə üzrə iddiaçının qarşısında üzərinə götürdüyü öhdəliyi lazımi qaydada yerinə yetirmədiyindən iddiaçı müqavilə üzrə ödənilmiş vəsaitin cavabdehdən qaytarılmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd olunan Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə sadalanan qanunvericilik normalarını, eləcə də tərəflər arasında imzalanmış 10 mart 2021-ci il tarixli AZM-M-21/03-015 saylı müqaviləni əsas götürərək hesab edir ki, iddia iddiaçı tərəfindən ödənilmiş 5.202 (beş min iki yüz iki manat) manat pulun tələb edilməsində əsaslı olduğu üçün təmin edilməlidir. İddiaçı iddia ərizəsində 30.000 manat maddi zərərə görə ödəniş tələb etsə də, qeyd olunan iddia tələbi ilə bağlı sübutlar təqdim etməmişdir. Bu baxımdan məhkəmə qeyd edir ki, iddia tələbi qeyd olunan hissədə sübut olunmadığından rədd edilməlidir. Bununla yanaşı iddiaçı iddia tələbində hüquqi yardıma görə ödənilmiş 500 manat xidmət haqqının və ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən tutulması tələbini də qeyd etmişdir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2 maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1 maddəsinə uyğun olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunan Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3 maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4 maddəsinə uyğun olaraq məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Beləliklə, yuxarıda qeyd olunan qanunvericiliyin tələblərinə əsaslanaraq və işin hallarına məcmu halda qiymət verərək məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək, X1 müqavilə üzrə ödənilmiş 5.202 (beş min iki yüz iki manat) manat, hüquqi yardıma görə ödənilmiş 500 manat xidmət haqqı, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat olmaqla, cəmi 5.732 (beş min yeddi yüz otuz iki manat) manat məbləğində pul vəsaiti İddiaçı MMC-nin xeyrinə tutulmalıdır. İddia qalan hissədə rədd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia qismən təmin edilsin. X1 müqavilə üzrə ödənilmiş 5.202 (beş min iki yüz iki manat) manat, hüquqi yardıma görə ödənilmiş 500 manat xidmət haqqı, ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 manat olmaqla, cəmi 5.732 (beş min yeddi yüz otuz iki manat) manat məbləğində pul vəsaiti İddiaçı MMC-nin xeyrinə tutulsun. İddia qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aytən Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-2146/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2146/2021
29.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver