Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2180/2020 10.11.2020 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi, Bağırov Bəhruz Mirhəsən oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili X4 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli “İzolyasiya işlərinin yerinə yetirilməsi üzrə podrat müqaviləsi”nin ləğv edilməsi və öhdəliyini icra etmədiyinə görə cavabdehdən 7302 manat görülmüş işlərə görə vəsaitin, 620 manat mərkəzi bankın uçot dərəcəsinə uyğun ödənilməli gecikmə faizinin, əldən çıxmış faydanın əvəzi olaraq 3541 manat və 31 manat ödənilmiş dövlət rüsumunun, cəmi 11494 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehə qarşı tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli “İzolyasiya işlərinin yerinə yetirilməsi üzrə podrat müqaviləsi”nin ləğv edilməsi və öhdəliyini icra etmədiyinə görə cavabdehdən 7302 manat görülmüş işlərə görə vəsaitin, 620 manat mərkəzi bankın uçot dərəcəsinə uyğun ödənilməli gecikmə faizinin, əldən çıxmış faydanın əvəzi olaraq 3541 manat və 31 manat ödənilmiş dövlət rüsumunun, cəmi 11494 manat məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2018ci ildə “İzolyasiya işlərinin yerinə yetirilməsi üzrə podrat müqaviləsi” bağlanılmışdır. Müqavilənin predmetini iddiaçı tərəfindən Bakı şəhəri, Xanlar küçəsi 59 və 18-ci Dağlıq küçəsi 1 ərazilərində “X7” və “Panorama Bayıl”ın tikinti sahələrində sudan izolyasiya işlərinin yerinə yetirilməsi və cavabdeh tərəfindən isə görülən işlərin dəyərinin ödənilməsi təşkil edir. Qeyd olunmuş müqavilənin ayrılmaz tərkib hissəsi sayılan X2 “Qeyd” hissəsində qeyd edilmişdir ki, “Müqavilə üzrə müəyyən edilmiş sahə işlərin yekunlaşmasından sonra yenidən hesablanacaq və yekun sahə qarşılıqlı razılaşma ilə təhvil-təslim aktı vasitəsilə təsdiqlənəcək. Təsdiqlənmiş ölçülər cədvəldə razılaşdırılmış vahid qiymətə vurulur və podratçıya ödənilir.” İddiaçı tərəfindən görülmüş işlərin ölçüsü 7444 metr təşkil etmişdir. İddiaçı tərəfindən görülmüş işlərin tam və qüsursuz yerinə yetirilməsi müxtəlif tarixli təhvil-təslim aktları ilə təsdiqlənmişdir. Həmin aktlar hər iki tərəfin səlahiyyətli şəxsləri tərəfindən imzalanmışdır. Lakin işlərin görülməsinə baxmayaraq cavabdehin 7302 manat ödənilməmiş borcu qalmışdır. Borcun olması və ödənilməsi barədə qarşı tərəfə dəfələrlə rəsmi məktubla müraciət olunmuşdur. Həmin məktublar cavabdehə rəsmi qaydada çatdırılmışdır, lakin indiyə qədər cavabdeh sözügedən məktublara heç bir cavab bildirməmişdir. Odur ki, cavabdeh müqavilə öhdəliklərini pozmuş və lazımınca yerinə yetirməmişdir. Bundan əlavə olaraq cavabdeh tərəfindən iddiaçıya vurulmuş maddi zərərin əvəzi olaraq əlavə mərkəzi bankın uçot dərəcəsinə uyğun ödənilməli faiz məbləği olaraq 620 manat pul vəsaiti də iddiaçıya ödənilməlidir. Həmçinin, cavabdehin 2019-cu ilin iyun ayından bu tərəfə gecikdirdiyi məbləğ 24851 manat təşkil edir. Əgər cavabdeh 24851 manat borcunu iddiaçıya vaxtında qaytarsaydı, iddiaçı həmin məbləği banka minimum 9%-lə depozitə qoya bilər və 19 ay ərzində 3541 manat gəlir əldə edə bilərdi. Beləliklə, cavabdehin hərəkətləri nəticəsində iddiaçıya 3541 manat əldən çıxmış fayda qismində zərər də dəymişdir. İddiaçının nümayəndəsi və vəkili X5 məhkəmə iclasında iddianı müdafiə edərək iddia ərizəsinə uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. ƏSASLANDİRİCİ HİSSƏ İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: İddiaçı ilə cavabdeh arasında bağlanmış xx xxxxxx 2018-ci il tarixli Podrat müqaviləsindən və müqavilənin ayrılmaz tərkib hissəsi sayılan X1 görünür ki, iddiaçı cavabdehin “X7” və “Panorama Bayıl” proyektlərinin sahəsində 1 kv.metri 18,72 manat olmaqla fundamental sudan izolyasiya işlərini yerinə yetirməyi, cavabdeh isə görülən işlərin dəyərini ödəməyi öhdələrinə götürmüşlər. xx xxxxxx 2018-ci il tarixli “İşlərin təhvil-təslim edilməsinə dair” Aktın surətindən görünür ki, iddiaçı tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Səttar Bəhlulzadə küçəsində yerləşən “X7” proyektinə aid binanın təməl-pərdəsində həyata keçirilmiş PVC membranla ümumilikdə 560 kv.metr izolyasiya işləri cavabdeh tərəfindən təhvil alınmışdır. Məhkəmə iş materiallarını tədqiq edib, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, sübutların məcmusuna qiymət verib hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya həmin Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Həmin Məcəllənin 443.5-ci maddəsinə əsasən borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddətdə də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 769-cu maddəsinə əsasən əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir. Həmin Məcəllənin 770-ci maddəsinə əsasən əgər müqaviləyə görə və ya işin xarakterinə əsasən iş qəbul edilməyirsə, sifarişçi yerinə yetirilmiş işi qəbul etməyə borcludur. İşi qəbul etdikdə sifarişçi muzd ödəməlidir. Əgər sifarişçi işi podratçının müəyyənləşdirdiyi müddətdə qəbul etmirsə, iş qəbul edilmiş sayılır. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx xxxxxx 2018-ci il tarixli Podrat müqaviləsinə və müqavilənin ayrılmaz tərkib hissəsi sayılan X3 əsasən iddiaçı cavabdehin “X7” və “Panorama Bayıl” proyektlərinin sahəsində 1 kv.metri 18,72 manat olmaqla fundamental sudan izolyasiya işlərini yerinə yetirməyi, cavabdeh isə görülən işlərin dəyərini ödəməyi öhdələrinə götürmüşlər. İddiaçı tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Səttar Bəhlulzadə küçəsində yerləşən “X7” proyektinə aid binanın təməl-pərdəsində həyata keçirilmiş PVC membranla ümumilikdə 560 kv.metr izolyasiya işləri cavabdeh tərəfindən təhvil alınmış və bu barədə xx xxxxxx 2018-ci il tarixli “İşlərin təhvil-təslim edilməsinə dair” Akt tərtib edilmişdir. İddiaçı tərəfindən görülmüş işlərə görə cavabdehin iddiaçıya 7302 manat borcu qalmışdır. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında bağlanmış müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmış, həmin öhdəliyə görə iddiaçı öhdəliyi yerinə yetirərək, müqavilədə nəzərdə tutulmuş işi icra etmiş, iddiaçının cavabdehdən müqavilə üzrə müəyyənləşdirilmiş öhdəliyi tələb etmək hüququ yaranmış, cavabdeh isə müqavilə üzrə öhdəliyi yerinə yetirməmişdir. Borclunun müqavilə üzrə öhdəliyi yerinə yetirməməsinə görə iddiaçı qarşısında müqavilədən irəli gələn öhdəlikləri icra etmək mülki hüquqi məsuliyyəti yaranmışdır. Məhkəmə hesab edir ki, tərəflər arasında bağlanmış xx xxxxxx 2018-ci il tarixli Podrat müqaviləsinə, müqavilənin ayrılmaz tərkib hissəsi sayılan X3 və xx xxxxxx 2018-ci il tarixli “İşlərin təhvil-təslim edilməsinə dair” Akta əsasən iddiaçı tərəfindən görülmüş işlərin dəyərindən qalmış 7302 manat borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair xx xxxxxx 2014-cü il tarixli qərarında kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddəti ayırd edilməklə qeyd edilmişdir ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və faizlər) müddəti isə kreditin alınmasını və müvafıq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə isə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtı tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir. Qərarda həmçinin göstərilmişdir ki, kreditorla borclu arasında kredit münasibətləri müqavilə ilə tənzimləndiyindən, kreditin peşəkarlıq qaydasında verilməsi ilə kredit təşkilatları məşğul olduğundan və kreditin predmeti kimi xüsusi likvid aktiv (pul) çıxış etdiyindən, kreditin vaxtında qaytarılmaması ilə bağlı borclunun gecikdirmə faizlərinin ödənilməsi üzrə öhdəlikləri kredit müqaviləsində nəzərdə tutula bilər. Göründüyü kimi, Konstitusiya Məhkəməsi Plenumunun qərarında kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddətini ayırd edilərək, kredit müqaviləsinin qüvvədə olduğu halda belə kredit müddətinin bitməsindən sonra da eyni faiz dərəcəsi ilə gecikdirilmiş faizlərin hesablanması imkanını yalnız müqavilədə bu şəkildə şərtin nəzərdə tutulması ilə şərtləndirilmişdir. Konstitusiya Məhkəməsi qərarında müqavilədə bu kimi şərtin nəzərdə tutulmadığı halda isə, bu şəkildə faizlərin, buna dair zəruri sübutların təqdim edildiyi halda, yalnız öhdəliklərin icra edilməməsinə görə kreditora vurulmuş zərər qismində tutulmasını mümkün hesab etmişdir. Belə ki, qərarda göstərilmişdir ki, müqavilənin qüvvədə olma müddətinin bitməsinə baxmayaraq, müqavilə tərəflərin qarşılıqlı hüquqi bağlılığı davam edir və Mülki Məcəllənin 339.4-cü maddəsinə əsasən müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Bu isə Mülki Məcəllənin «Öhdəliklərin icra edilməməsi» adlanan 22-ci fəslində və «Öhdəliklərin icra edilməməsi üçün məsuliyyət» adlanan 23-cü fəslində müəyyən edilmiş müddəaların tətbiq edilməsini tələb edir. İstinad olunmuş qərarda belə nəticəyə gəlinmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafıq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfındən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafıq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafıq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır. Göstərilən normaların dispozitiv şərtlərindən də göründüyü kimi, gecikdirilmiş vaxt üçün faiz tələb etmə yalnız kredit müqaviləsindən irəli gələn öhdəliyin icra edilməməsi, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) halında mümkündür. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq iddiaçı cavabdehdən gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malik olduğundan hesablanmış 620 manat faiz cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə iddia tələbinin podrat müqaviləsinin ləğv edilməsi hissəsinə münasibətdə qeyd edir ki, məhkəmə tədqiqatı zamanı müəyyən olunmuş hallardan göründüyü kimi iddiaçı tərəfindən işlərin təhvil verilməsindən 2 il müddət keçməsinə baxmayaraq, cavabdeh tərəfindən borc ödənilməmiş, bununla da cavabdeh müqaviləni əhəmiyyətli dərəcədə pozmuşdur. Buna görə də məhkəmə hesab edir ki, iddia həmin hissədə təmin edilməlidir. İddia ərizəsində əldən çıxmış faydanın 3541 manat məbləğində olması qeyd edilsə də, bu barədə hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Buna görə də məhkəmə hesab edir ki, iddia həmin hissədə təmin oluna bilməz. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli “İzolyasiya işlərinin yerinə yetirilməsi üzrə podrat müqaviləsi” ləğv edilməli və cavabdehdən görülmüş işlərə görə 7302 manat, 620 manat mərkəzi bankın uçot dərəcəsinə uyğun ödənilməli gecikmə faizi tutularaq iddiaçıya ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə məhkəmə xərcləri qeyd olunan normanın tələblərinə uyğun bölüşdürülməlidir. İddianın təmin edilmiş hissəsi (7922 manat) iddia tələbinin (11463 manat) 69,11 faizini təşkil etdiyini nəzərə alaraq iş üzrə ödənilmiş 31 manat məbləğində dövlət rüsumunun 21,42 manat məbləği cavabdehdən tutularaq iddiaçıya ödənilməli, qalan 8,58 manat məbləği isə iddiaçıya aid edilməlidir. NƏTİCƏ HİSSƏSİ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216, 220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Tərəflər arasında bağlanmış xx.xx.2018-ci il tarixli “İzolyasiya işlərinin yerinə yetirilməsi üzrə podrat müqaviləsi” ləğv edilsin və "Cavabdeh" Mənzil-Tikint Kooperativindən görülmüş işlərə görə 7302 manat, 620 manat mərkəzi bankın uçot dərəcəsinə uyğun ödənilməli gecikmə faizi tutularaq İddiaçı ödənilsin. Ödənilmiş 31 manat dövlət rüsumunun 21,42 manat hissəsi "Cavabdeh" Mənzil- Tikint Kooperativindən tutularaq İddiaçı ödənilsin, qalan 8,58 manat hissəsi İddiaçı aid edilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Pirverdiyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-2180/2020
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2180/2020
10.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver