Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2180/2024 02.05.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin Cavabdeh MMC-nə qarşı “podrat müqavilə üzrə borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: podrat müqaviləsi, dəbbə pulu, mediasiya xərci və vəkil xərci) Hakim Namazova Günay Rüstəm qızının sədrliyi ilə, Kərimov İlkin Camal oğlunun katibliyi, İddiaçının nümayəndəsi/vəkili Vəkil iştirakı ilə, Cavabdehin iştirakı olmadan, İddiaçı MMC-nin Cavabdeh MMC-nə qarşı “borcun ödənilməsi” tələbinə dair kommersiya mübahisəsi ilə bağlı işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC -dən tutularaq 38.451,54 manat əsas borc, AR MM-nin 449-cu maddəsinə əsasən faiz borcu əvəzi olaraq 2.979 manat, vəkilə ödənilmiş 320 manat, dövlət rüsumu olaraq ödənilmiş 216 manat, cəmi 41.966,54 manat pul vəsaitinin İddiaçı MMC-yə ödənməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-cİ il tarixində Cavabdeh MMC (Sifarişçi) ilə İddiaçı MMC (İcraçı) arasında FNX-CRD-01 saylı xidmət müqaviləsi bağlanmışdır. Bağlanmış müqavilə şərtlərinə əsasən İcraçı İddiaçı MMC MMC öhtəliyinə götürdüyü işləri yerinə yetirməli və Sifarişçi Cavabdeh MMC isə öz növbəsində müqavilə şərtlərinə uyğun olaraq kəsilmiş elektron qaimə üzrə 10 gün müddətində ödəniş etməli idi. İcraçı tərəfindən işlər 2022-ci ilin iyul ayında təhvil verilmiş və xx.xx.2022-ci il tarixində İcraçı Sifarişçiyə göstərdiyi xidmətlərə dair sonuncu elektron qaiməni göndərmişdir. Həmin elektron qaimə Sifarişçi tərəfindən qəbul edilərək təsdiqlənmişdir. Müqavilənin 4.2-ci bəndinə əsasən Sifarişçi İcraçı tərəfindən ona təqdim edilmiş elektron qaimədən sonra 10 gün ərzində ödənişi həyata keçirtməli idi. Lakin, Sifarişçi artıq 18 aydır ki, İcraçı tərəfindən işlər yekunlaşdırılaraq təhvil verilməyinə baxmayaraq xidmət haqqı olan 38.451,54 manat pulu ödəməkdən məqsədli şəkildə yayınır. İddiaçı tərəfindən cavabdehə dəfələrlə borcun ödənməsi ilə bağlı şifahi və yazılı xəbərdarlıq edilmişdir. Hal-hazırda Cavabdeh MMC-nin İddiaçı MMC-yə olan ƏDV daxil əsas borcu 38.451,54 manat təşkil edir. Mülki Məcəllənin 449-cu maddəsinə əsasən İddiaçı MMC ona ödənilməli olan 38.451,54 manat pul vəsaitini 18 ay gecikdirildiyinə görə cavabdehdən Mərkəzi bankın faiz uçot dərəcəsinə (xx.xx.2024cü il tarixə 7.75%) uyğun olaraq 2979 manat faiz borcu əvəzi tələb edə bilər. Hesablama qaydası 38.451,54 x7.75%=2979 manat məbləği cavabdehin ödəməli olduğu borcu gecikdirdiyi 18 ay müddətinə uyğun olaraq hesablanmışdır.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianın məzmununa uyğun çıxış edərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
4. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmişdir.
5. Məhkəmə MPM-nin 185-ci maddəsinin tələblərinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
III.Məhkəmə baxışının hədləri:
6. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV.Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
7. İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2022-ci il tarixli FNX-CRD-01 saylı xidmət müqaviləsinə əsasən:
8. Müqavilənin 1.1-ci bəndinə əsasən icraçı sfarişçinin sifariş verdiyi DTX sanatoriyasında damın termo və su izolyasiyası və Dənizkənarı parkında beton şlifovkası xidmətlərini yerinə yetirməyi, sifarişçiisə bu xidmətlərin müqabilində icraçıya xidmət haqqı ödəməyi öz öhdəsinə götürür.
9. Müqavilənin 1.2-ci bəndinə əsasən xidmətlə üzrə xüsusi şərtlər və qiymətlə müqaviləyə əlavə edilən qiymət razılaşma protokolunda öz əksini tapacaqdır.
10. Müqavilənin 2.3-cü bəndinə əsasən icraçının yerinə yetirdiyi işlər, işlərin yerinə yetirilməsi haqqında təhvil-təslim aktı imzalanmaqla sifarişçi tərəfindən təhil alınır.
11. Müqavilənin 3.1-ci bəndinə əsasən sifarişçinin vəzifələri:
12. Mqavilənin 3.1.3-cü bəndinə əsasən göstərilən xidmətin dəyərini ödəmək.
13. Müqavilənin 3.2-ci bəndinə əsasən icraçının vəzifələri:
14. Müqavilənin 3.2.1-ci bənidnə əsasən müqavilədə nəzərdə tutulan qaydada sifarişçinin müəyyən etdiyi xidmətləri həyata keçirmək.
15. Müqavilənin 3.2.4-cü bənidnə əsasən xidməti vicdanla yerinə yetirib sifarişçiyə təhvil vermək.
16. Müqavilənin 4.1-ci bəndinə əsasən göstərilən xidmətlərin həcmi və məbləği bu müqaviləyə əlavəe dilən işlərin yerinə yetirilməsi haqqında təhvil-təslim aktı ilə müəyyənləşdirilir.
17. Müqavilənin 4.2-ci bənidnə əsasən sifarişçi ödənişi təhvil-təslim aktı imzalandıqdan və qanunvericilikdə tələb olunan sənədləri: faktura, ƏDV fakturası təqdim olunduqdan 10 təqvim günü ərzində icraçının hesablaşma hesabına köçürmə yolu ilə və ya nəğd qaydada həyata keçirir.
18. xx.xx.2022-ci il tarixli FNX-CRD-01 saylı xidmət müqaviləsinə əlavə olan 1, 2, 3, 5, 6 saylı qiymət razılaşma protokoluna əsasən görüləcək işlərin yekin məbləğləri tərəflər arasında razılaşdırılmışdır.
19. 2022-ci il may tarixli 01 saylı yerinə yetirilmiş işlərin qəbulu aktına əsasən 28112,32 manat dəyərində, 2022-ci il iyun tarixli 02 saylı akta əsasən 85434,42 manat dəyərində, 2022-ci il iyul tarixli 03 saylı akta əsasən 1829 manat dəyərində və 04 saylı eyni tarixli akta əsasən isə 11575,80 manat dəyərində görülmüş işlər hər iki tərəfin imza və möhürü ilə qəbul edilərək təsdiq edilmişdir.
20. 05.07.2022-ci il tarixli EBBZ473067 saylı e-qaiməyə əsasən 28112,32 manat dəyərində, xx.xx.2022-ci il tarixli EBCD359279 saylı e-qaiməyə əsasən 85434,42 maat dəyərində, xx.xx.2022-ci il tarixli EBCD359714 saylı e-qaiməyə əsasən 1829 manat dəyərində, xx.xx.2022-ci il tarixli, EBCD360425 saylı e-qaiməyə əsasən 11575,80 manat dəyərində görülmüş işlərə dair elektron qaimələr tərtib edilmişdir.
21. 13.05.2022-ci il tarixli əməliyyat üzrə məlumata əsasən müqavilə Cavabdeh MMC tərəfindən 20000 manat məbləğində, xx.xx.2022-ci il tarixində 10000 manat məbləğində, xx.xx.2022-ci il tarixində 15000 manat məbləğində, xx.xx.2022-ci il tarixində 20000 manat məbləğində və xx.xx.2022-ci il tarixində isə 10000 manat məbləğində ödənişlər edilmişdir.
22. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, materialları araşdıraraq və onlara zəruri hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır.
23. Azərbaycan Respublikası Mülki Məcəlləsinin:
24. 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.
25. 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur.
26. 769-cu maddəsinə əsasən əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir.
27. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 71-1-ci maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilən hallarda fərdi sahibkarlara və hüquqi şəxslərə malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs onlara elektron qaimə-faktura verir.
28. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2021-ci il tarixli, 26 №-li qərarı ilə təsdiq edilmiş "Elektron vergi hesab-fakturalarının tətbiqi, uçotu və istifadə Qaydalarının":
29. 1.2-ci bəndinə əsasən Elektron qaimə-faktura bu Qaydalara uyğun olaraq tərtib edilən və elektron formada hazırlanaraq vergi orqanında uçotda olan şəxslərə göndərilən və ya malların təsərrüfatdaxili yerdəyişməsinin rəsmiləşdirilməsini təsdiq edən ilkin uçot sənədidir;
30. 3.1-ci bəndinə əsasən vergi ödəyicisi bu Qaydaların 2.2.10-cu yarımbəndində nəzərdə tutulan elektron qaimə-faktura istisna olmaqla, digər elektron qaimə-fakturanı elektron formada göndərir. Vergi ödəyicisi bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-fakturanı elektron formada tərtib edərək təsdiq edir.
31. 3.2-ci bəndinə əsasən elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) vergi ödəyicisi tərəfindən müvafiq qaydada hazırlanıb təsdiq edildikdə, Portal vasitəsilə avtomatik olaraq qəbul edənin bu səhifədə yaradılmış elektron kabinetinə göndərilir.
32. 3.3-cü bəndinə əsasən cari elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) göndərildiyi vaxtdan 5 (beş) gün müddətində qəbuledən tərəfindən düzəliş üçün qaytarıla və ya təsdiqlənə bilər. Düzəliş üçün qaytarılmış elektron qaimə-faktura göndərən tərəfindən düzəliş edildikdən sonra yenidən təqdim oluna bilər.
33. 3.4-cü bəndinə əsasən bu Qaydaların 2.2.2-ci, 2.2.3-cü, 2.2.6-сı, 2.2.9-cu və 2.2.10-cu yarımbəndlərində qeyd olunan elektron qaimə-faktura növləri istisna olmaqla, cari elektron qaimə-faktura 5 (beş) gün müddətində qəbuledən tərəfindən təsdiq edilmədikdə (düzəliş üçün qaytarılmış elektron qaimə-fakturalara münasibətdə düzəliş edilərək, təqdim olunduqdan sonra 5 (beş) gün müddətində), həmin elektron qaimə-faktura proqram təminatı tərəfindən təsdiq edilir.
34. Bununla bağlı məhkəmə qeyd edir ki, xidmətlərin göstərilmədiyi halda cavabdeh iddiaçı tərəfindən ona göndərilmiş elektron qaimələri təsdiqləməkdən qanunla müəyyən edilmiş 5 gün müddətində imtina edər və ən azı bununla bağlı öz etirazlarını bildirərdi. Lakin hazırki işdə bu hal mövcud olmadığına görə bu hal cavabdeh tərəfindən xidmətin qəbul edilməsi mənasına gəlir. Belə olduğu təqdirdə iddianın rədd və ya qismən təmin olunması üçün cavabdeh tərəfindən məhkəməyə borcun tam və ya qismən ödənilməsini təsdiq edən sənədlər təqdim edilməlidir. Lakin cavabdeh tərəfindən məhkəməyə bununla bağlı hər hansı bir sübut təqdim olunmamışdır.
35. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 20 aprel 2022-ci il tarixli qərarında qeyd olunmuşdur ki, “... lazımi qaydada tərtib olunaraq göndərilmiş və ləğv olunmamış və ya mübahisələndirilməmiş elektron vergi-hesab fakturaları öz-özlüyündə malların təqdim olunmasını, işlərin görülməsini, xidmətlərin göstərilməsini birbaşa təsdiq etmir və hər bir halda iddianın əsasını təşkil edən müqavilənin şərtləri, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, öhdəliklərin icrasının rəsmiləşdirilməsi üsulu nəzərə alınmaqla məhkəmələr tərəfindən işdəki digər sübutlarla əlaqəli şəkildə qiymətləndirilməlidir.”
36. İddiaçı tərəfindən təqdim edilmiş sübutlarla təsdiq olunur ki, tərəflərin razılaşması əsasında müəyyən olunmuş xidmətlər həm müqavilə şərtlərinə uyğun olaraq faktiki görülmüş işlərin aktları ilə, həmçinin, Azərbaycan Respublikası Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydada iddiaçı tərəfindən Cavabdeh MMC-yə təhvil verilmiş, sonuncu tərəfindən xidmətlər qəbul olunsa da, 38451,54 manat məbləğində borcu ödənilməmiş qalmışdır.
37. Plenum qərarında qeyd olunan mövqeyi nəzərə alaraq məhkəmə hesab edir ki, iddianın əsas borcun ödənilməsi barədə hissəsinin əsaslı olması yalnız elektron vergihesab fakturaları deyil, həmçinin xidmətlərin göstərilməsinə dair təhvil-təslim aktları ilə də təsdiqini tapır.
38. Buna görə də məhkəmə işin faktiki hallarını şərh olunan hüquq normaları əsasında qiymətləndirərək hesab edir ki, 38451,54 manat məbləğində xidmət haqqı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
39. Bundan başqa iddiaçı əsas borcun gecikdirilməsinə görə cavabdehə illik beş faiz olmaqla 2979 manat məbləğində borc hesablanmışdır.
40. Məhkəmə iddia tələbini bu hissədə qismən əsaslı hesab edir və buna dair aşağıdakı hüquqi dəyərləndirmənin aparılmasını zəruri bilir.
41. Mülki Məcəllənin 445.7-ci maddəsində təsbit olunmuşdur ki, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur.
42. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli Qərarında da qeyd olunmuşdur ki, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı MM-in 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir. Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Lakin bu müddəa kreditorun hər hansı digər əsaslar üzrə borcludan daha böyük məbləğ tələb etmək hüququnu istisna etmir. Belə nəticə MM-in 445.7, 443.1 və 443.2-ci maddələrinin əlaqəli şəkildə təhlilindən irəli gəlir.
43. Belə ki, iş materiallarından görünür ki, iddiaçı faiz borcunu 18 ay müddətinə tələb edir. Məhkəmə hesab edir ki, ödənilməyən 38451,54 manat borc məbləğinə illin 5 faiz hesablamaqla 2979 manat məbləğində pulun cavabdehdən tələb etməsində iddiaçı haqlı olmuşdur.
44. Məhkəmə xərclərinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən 216 manat məbləğində dövlət rüsumu və 320 manat məbləğində vəkil xərci ödənildiyi qeyd olunmuşdur.
45. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə görə iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.
46. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.
47. İddiaçı şirkət vəkil xidmətinə görə 320 manat tələb etsə də, lakin vəkilə edilən ödənişə dair qəbzi məhkəməyə təqdim edə bilmədiyi üçün, iddia bu hissədə təmin edilə bilməz.
48. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, dövlət rüsumunun əvəzi olaraq iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq (rüsumun hesablanması kalkulyatorun göstəricisi nəzərə alınmaqla) 216 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
V. Nəticə:
49. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 38451,54 manat əsas borc məbləği, 2979 manat faiz borcu və dövlət rüsumunun əvəzi olaraq 216 manat tutularaq İddiaçı MMC-yə ödənilsin. Qalan hissədə iddia rədd edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim Günay Namazova