Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2233/2021 02.07.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı "X1 Limited" Şirkətinin cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı pul tələbinə dair iddiası üzrə kommersiya işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı "X1 Limited" Şirkəti cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ("xxxx" MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 964739 ABŞ dolları məbləğində pul vəsaitinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" MMC ilə İddiaçı Şirkəti (AİFL) arasında bağlanmış 24 Sentyabr 2014-cü il tarixli, TC-8270 nömrəli müqaviləyə əsasən landşaft daş işləri tərəflərindən icra edilmişdir. Həmçinin bildirirlər ki, həmin müqavilənin şərtlərinə uyğun olaraq tərəflərindən görülmüş işlərin qəbul edilməsi ilə bağlı tərəflər arasında 15 İyul 2015-ci il tarixli təhvil-təslim aktı tərtib edilmiş və təsdiqlənmişdir. Həmçinin bildirirlər ki, müqavilə şərtlərinin tərəflərindən qüsursuz olaraq yerinə yetirilməsinə baxmayaraq, hazırda "xxxx" MMC-nin “AİFL” şirkətinə 964739 ABŞ dolları məbləğində ödənilməmiş qalıq borcu qalmışdır. Məlumat üçün qeyd edir ki, tərəflərindən dəfələrlə müqavilə öhdəliklərinin yerinə yetirilməsi və qalıq borcun ödənilməsinə dair danışıqlar və yazışmalar olsa da, hələ də hər-hansı bir ödəniş edilməmişdir. Qeyd edilən müqavilə üzrə işlərin icrası ilə əlaqədar “AİFL” şirkəti digər şirkətlər qarşısında borclu vəziyyətə düşmüş və bu xoşagəlməz hal şirkətlərinin iqtisadi vəziyyətinin pisləşməsinə səbəb olmuşdur. Eyni zamanda həmin tələbkar şirkətlərin bir neçəsi xarici sərmayəli şirkətlərdir. Bildirirlər ki, tərəflərindən 22.02.2021-ci il tarixdə göndərilmiş, borcun ödənilməsinə dair pretenziya məktublarına da cavab verilməmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş: - Sifarişçi İddiaçı Şirkəti ilə podratçı "xxxx" MMC arasında 24 Sentyabr 2014-cü il tarixli, TC-8270 nömrəli Ticarət müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən podratçı X2 Layihəsi üçün xarici daş işləri görməyi, sifarişçi isə görüləcək işlərin dəyərini podratçıya ödəməyi öhdəsinə götürmüşdür. - Tərəflər arasında tərtib edilmiş 11.09.2020-ci il tarixli üzləşmə aktından görünür ki, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin iddiaçı "X1 Limited" Məhdud Məsuliyyətli Cəmiyyətinə 11.09.2020-ci il tarixə olan yekun borcu 964739 ABŞ dolları təşkil edir. Qeyd olunan akt tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir. - "X1 Limited" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ünvanlanmış 22.02.2021-ci il tarixli pretenziya məktubundan görünür ki, borcun 1 ay müddətində ödənilməsi tələb edilmişdir. - "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi tərəfindən "X1 Limited" Məhdud Məsuliyyətli Cəmiyyətinə ünvanlanan 14.04.2021-ci il tarixli məktubda (möhürlənmiş) deyilir ki, 22.02.2021-ci il tarixli pretenziya məktubunuza cavab olaraq bildirmək istərdik ki, "xxxx" MMC-nin cari maliyyə vəziyyəti məktubunuzda göstərilmiş və tərəfimizdən təsdiq edilmiş borc məbləğinin qeyd edilən vaxt çərçivəsində ödənilməsini və ya bu məqsədlə hər hansı bir ödəniş qrafikinin təyin edilməsini mümkünsüz edir. Əsaslandırıcı hissə: Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı "X1 Limited" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında podrat müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Cavabdeh müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirmədiyindən hal-hazırda iddiaçıya borcu yaranmışdır. Ödənilməsi tələb olunan borcun olması tərəflər arasında tərtib edilmiş üzləşmə aktı ilə öz təsdiqini tapır. Müqavilənin 20-ci maddəsinə əsasən (mübahisələrin həlli barədə) müqavilə Azərbaycan Respublikasının qanunlarına əsasən şərh olunur və tənzimlənir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə sadalanan qanunvericilik normalarını, eyni zamanda cavabdehin yuxarıda göstərilən müqaviləyə əsasən müqavilə öhdəliklərini lazımi qaydada icra etmədiyini, müqavilə üzrə cavabdehin iddiaçıya borcu qaldığını, belə olan halda isə iddiaçının göstərilən öhdəliyin icrasını tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia təmin edilməli, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 964739 (doqquz yüz altmış dörd min yeddi yüz otuz doqquz) ABŞ dolları məbləğində pul İddiaçı Şirkətinin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçının dövlət rüsumu ilə bağlı tələbi olmadığından iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 964739 (doqquz yüz altmış dörd min yeddi yüz otuz doqquz) ABŞ dolları məbləğində pul İddiaçı Şirkətinin xeyrinə tutulsun. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zeynəb Axundova
Məhkəmə qərarları › İş №e-2-2(113)-2233/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2233/2021
02.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver