Məhkəmə qərarları › İş №e-2-2(113)-2254/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2254/2024

06.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2254/2024 06.12.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İlkin iddia üzrə İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair ilkin, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı pul tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə iş (açar sözlər: podrat müqaviləsi, pul tələbi) Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi və vəkili Nümayəndə1, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Nümayəndə2 iştirakları ilə, İlkin iddia üzrə İddiaçı Cavabdehnə qarşı pul tələbinə dair ilkin, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:

1. İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs İddiaçı qarşısında 04 mart 2024-cü il tarixinə mövcud olan ƏDV daxil 72 400,00 manat həcmində qalıq borc məbləği və 72400,00 manat ödənilməmiş borc məbləğinə hesablanmış 11247,08 manat faiz olmaqla, cəmi 83647,08 manat və ödənilmiş 356,00 manat dövlət rüsumu daxil olmaqla, ümumilikdə 84003,08 manat məbləğində pul vəsaitinin Cavabdehndən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" Mənzil Tikinti Kooperativi ilə Cavabdeh arasında bağlanmış müqaviləyə əsasında sonuncu tərəfindən Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, Xanlar və Əbilovlar qardaşları küçələrinin kəsişməsində yerləşən ərazidə "xxxx" MTK-nin inşa etdiyi 7 girişli, çoxmənzilli yaşayış kompleksində tikinti-quraşdırma işləri həyata keçirilmişdir. Həmin işlərin bir hissəsinin, armaturdan dəmirkarkas işlərinin həyata keçirilməsi məqsədi ilə Cavabdeh ilə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs İddiaçı arasında 03 oktyabr 2018-ci il tarixli, KGM 01 saylı “Xidmət müqaviləsi” bağlanmış və 09 mart 2019-cu il tarixindən 21 aprel 2021-ci il tarixinə kimi İddiaçı tərəfindən cəlb edilmiş 28-35 nəfərdən ibarət işçi heyəti ilə həmin işlər yüksək keyfiyyətlə yerinə yetirilmişdir. Belə ki, İddiaçı tərəfindən cəlb edilmiş işçi heyəti tərəfindən hər ay 20 000,00 ÷ 28 000,00 manat həcmində 2 500,0 ÷ 3 500,0 m²-dən ibarət boşluqlar da daxil olmaqla döşəmə və divarlarda armaturdan dəmir-karkas işləri görülmüşdür. Ümumilikdə, sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs İddiaçı cəlb etdiyi işçi heyəti tərəfindən həmin dövr üzrə cəmi 561000,00 manat həcmində işlər görülərək, Cavabdehnə təhvil verilmişdir. Bu fakt "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən verilmiş 12 dekabr 2022-ci il tarixli, S110 saylı “Arayış”-da öz təsdiqini tapmışdır. İddiaçıla işləməyə başladığı ilk dövrlər onun gördüyü işlərin haqqı Cavabdeh tərəfindən hər ay vaxtında və tam həcmdə ödənilmişdir. Lakin bir müddətdən sonra həmin ödənişlər Cavabdeh MMC tərəfindən kəsrlərlə ödənilmişdir. Bunun nəticəsində Cavabdeh bu gün üçün sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs İddiaçı qarşısında 03 oktyabr 2018-ci il tarixli, KGM 01 saylı “Xidmət müqaviləsi” üzrə 72400,00 manat həcmində kreditor borcu mövcuddur. Həmin borc məbləğindən 12133,00 manat İddiaçı vergilər üzrə dövlət və Sosial Müdafiə Fondu qarşısındakı öhdəlikləridir.

3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442, 445-ci maddələrinə istinad olunmuşdur.

4. Cavabdeh xx.xx.2024-cü il tarixdə məhkəməyə elektron qaydada iddiaya etiraz ərizəsi ünvanlayaraq həqiqətən də tərəflər arasında xx.xx.2018-ci il tarixli KGM 01 saylı müqavilənin bağlanıldığını, həmin müqavilə üzrə tərəfə 5 dəfə bank köçürməsi ilə (xx.xx.2019- 700 man., xx.xx.2019 -21000 man., xx.xx.2019 – 15000 man., xx.xx.2019 - 10200 man., xx.xx.2020 – 17400 man.) cəmi 64300 manat avans ödənişinin edildiyini, tərəfə dəfələrlə deyilməyinə baxmayaraq, aldığı avansı hara xərcləməyi haqqında heç bir sənəd təqdim etmədiyini, bu günkü günədək müqavilə üzrə hansı işi hansı həcmdə yerinə yetirməsi haqqında heç bir sənəd təqdim etmədiyini, tərəfin tələb etdiyi və qalıq borc adlandırdığı 72400,00 manatın haradan yaranmasının məlum olmadığını, tərəf 09 mart 2019-cu il tarixindən 21 aprel 2021-ci il tarixinədək iş gördüyünü iddia etsə də, bu barədə heç bir sübutun mövcud olmadığını, tərəfin məhkəməyə heç bir əsasa söykənməyən və bu mübahisəyə aidiyyəti olmayan saxta arayış təqdim etməklə, iş həcmini sübut etmək istədiyini, lakin görülən iş həcminin arayışla yox, təhvil-təslim aktları, 2 saylı formalarla, qarşılıqlı üzləşmə aktları ilə sübut edilməli olduğunu, tələb olunan 72400 manat borcun yaranmasını sübut edən heç bir dəlilin iddia ərizəsinə əlavə edilmədiyini bildirərək, iddianın rədd olunmasını xahiş etmişdir.

5. Daha sonra, Cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı 64300 manat avans ödənişinin və ödənilmiş 283 manat dövlət rüsumunun iddiaçı Korkmaz Group MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. Qarşılıqlı iddia ərizəsi onunla əsaslandırılmışdır ki, tərəflər arasında xx.xx.2018-ci il tarixli KGM 01 saylı müqavilə bağlanılmış, bu müqavilə üzrə tikintidə işlərin görülməsi üçün ona tərəfindən avans olaraq həmin müqavilə üzrə 5 dəfə bank köçürməsi ilə (xx.xx.2019- 700 man., xx.xx.2019 -21000 man., xx.xx.2019 – 15000 man., xx.xx.2019 - 10200 man., xx.xx.2020 – 17400 man.) cəmi 64300 manat avans ödənişi edilmiş, lakin həmin şəxs görülən işlər haqqında nəinki heç bir hesabat təqdim etməmiş, heç aldığı vəsaitin hara xərclənməsi haqqında mühasibatlığa heç bir sənəd təqdim etməmişdir. Bu barədə dəfələrlə cavabdehlə aparılmış söhbətlər heç bir nəticə verməmişdir. Korkmaz Group MMC-nin cavabdehdən yeganə tələbi o olmuşdur ki, rəsmi qaydada aldığı 64300 manat avans ödənişinin hesabatını və gördüyü işlərin hesabatını müəssisəyə təqdim etsin, mühasibatlıqla üzləşmə aparsın. Lakin, cavabdeh tələb olunan hesabatların verilməsindən imtina edir. Göstərilənlər bir daha sübut edir ki, cavabdeh müqavilə üzrə öhdəsinə götürdüyü işləri yerinə yetirməmişdir, buna görə ona ödənilmiş avans məbləğini geri qaytarmalıdır.

7. Qarşılıqlı iddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385, 442, 752-ci maddələrinə istinad olunmuşdur. Tədqiq olunan sübutlar:

8. İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və onun nümayəndəsi və vəkili Nümayəndə1 məhkəmə iclasında ilkin iddia tələbini müdafiə edərək ilkin iddianın təmin olunması, qarşılıqlı iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etdilər.

9. İlkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi və vəkili Nümayəndə2 məhkəmə iclasında etirazda göstərilənlərə uyğun izahat verərək, ilkin iddia tələbinin rədd olunması, qarşılıqlı iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. O həmçinin bildirmişdir ki, şahidlərin iddiaçının "xxxx" MTK-da işləməsini sübut etmək cəhdlərinin heç bir hüquqi əsası yoxdur, çünki birincisi, ilkin iddia üzrə iddiaçı o şahidlərin həqiqətən də o obyektdə işlədiyi haqqında sübutları məhkəməyə təqdim etməmişdir, ikincisi isə ilkin iddia üzrə cavabdeh iddiaçının o obyektdə işləməsini inkar etmir, lakin bildirir ki, iddiaçı əmək müqaviləsi bağlanılmış bir işçi kimi o obyektdə işləmişdir. Məhkəməyə elektron kabinet vasitəsilə xx.xx.2024-cü il tarixində ilkin iddia üzrə iddiaçı haqqında əmək müqaviləsi bildirişləri göndərilmişdir. Bu müqavilələrlə sübut edilir ki, o ilkin iddia üzrə cavabdehin rəsmi işçisi olmuş, onun xx.xx.2020 saylı ərizəsi əsasında işə qəbul edilmiş, əmək müqaviləsi əvvəl xx.xx.2020 dən xx.xx.2020-yə qədər bağlanılmış, sonradan müddət xx.xx.2022-ci ilədək uzadılmışdır. İlkin iddia üzrə iddiaçının qalıq borc adlandırdığı və tələb etdiyi 72400 manatın haradan yaranması məlum deyil. Ümumiyyətlə, podrat işlərinin həcmi adi sözlə yox, məhkəməyə təqdim edilən forma 2, forma 3 adlanan sənədlərlə həm iş həcmi, həm də görülən işlərin dəyəri hesablanır və elektron qaimə ilə ödənişə təqdim edilir. Bu günədək ilkin iddia üzrə iddiaçı tərəfindən hər hansı həcmdə iş görülməsi və bunun dəyəri haqqında məhkəməyə heç bir sübut təqdim edilməmişdir. İlkin iddia üzrə iddiaçının tələb etdiyi məbləğin hansı əsasla hesablandığl da məlum deyil. İlkin iddia üzrə iddiaçıya son ödənişin tarixi olan xx.xx.2020-ci ildən sonra iddiaçı ilə hər hansı işbirliyinin olması haqqında subut mövcud deyil və ya ilkin iddia üzrə iddiaçı bu barədə sübutları məhkəməyə təqdim etməmişdir. İddia ərizəsi xx.xx.2024-cü ildə məhkəməyə təqdim olunduğundan ilkin iddia üzrə iddiaçı iddia müddətini də buraxmışdır. Buna görə də tərəfimizdən elektron kabinet vasitəsilə xx.xx.2024-cü il tarixində məhkəməyə iddia müddətinin tətbiqi barədə ərizə verilmişdir.

10. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində iddiaçının tikintinin bir mərhələsinə qədər, yəni 2022-ci ilin əvvəlinə qədər subpodrat müqaviləsi əsasında fəaliyyət göstərdiyini, daha sonra rəsmi işçi kimi fəaliyyət göstərdiyini, subpodrat müqaviləsinin bağlanmasını şifahi bildiyini, dəmir işlərini görənlərə Məmməd bəyin maaş verdiyini bildirmişdir.

11. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində İddiaçı tabeliyi altında fəhlə kimi işlədiyini, işçilərin Məmmədlə əmək müqaviləsi bağladığını, işçilərin maaşını Məmmədin verdiyini bildirmişdir.

12. İş materiallarına əlavə olunmuş, Cavabdeh (sifarişçi) ilə İddiaçı (icraçı) arasında bağlanmış 03 oktyabr 2018-ci il tarixli, KGM01 nömrəli xidmət müqaviləsinin 1.1-ci bəndinə əsasən sifarişçi, dəmirçi, qəlibçi və fəhlə işçilərinin təmin edilməsi xidmətlərinin göstərilməsini sifariş verib icraçıya razılaşdırılmış xidmət haqqı ödəməyi, icraçı isə sifarişçinin müəyyən etdiyi qaydada işçi təmin edilməsi xidmətləri göstərməyi öhdəsinə götürür. Göstərilən xidmətlərin həcmi tərəflərin razılaşması ilə müəyyən edilir və xidmətlərin göstərilməsinə dair xidmət haqqı müqavilənin tərki hissəsi olan hesabfakturada qeyd edilir. Dəmirçi və qəlibçi aylıq 250 azn, fəhlə 220 azn əmək haqqı ilə (4.1-ci bənd). Hazırkı müqavilə üzrə hesablaşmalar bank hesabına köçürmə yolu ilə hesab verildiyi andan 30 gün müddətinə həyata keçirilir (4.2-ci bənd).

13. Cavabdeh ilə İddiaçı arasında bağlanmış xx.xx.2020-ci il tarixli əmək müqaviləsinin 1.2-ci bəndinə əsasən işçi Cavabdeh iş icraçısı vəzifəsinə işə qəbul edilir. Bu əmək müqaviləsi xx.xx.2020-ci il tarixindən xx.xx.2020-ci il tarixinədək 3 ay 7 gün müddətinə bağlanmışdır (2.3). İşçiyə hər ay 280 manat məbləğdə əmək haqqı ödənilir (4.1).

14. Cavabdeh xx.xx.2022-ci il tarixli, K-430/22 nömrəli əmri əsasında İddiaçı AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 2”a” bəndinə əsasən iş icraçısı vəzifəsi üzrə işdən azad olunmuş, onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir.

15. İş materiallarına ilkin iddiaçı tərəfindən əlavə olunmuş, "xxxx" Mənzil Tikinti Kooperativinin verdiyi xx.xx.2022-ci il tarixli, S110 nömrəli arayışın məzmununda qeyd olunmuşdur ki, "xxxx" Mənzil Tikinti Kooperativi ilə Cavabdeh arasında 01 mart 2019-cu il tarixdə dəmir beton konstruksiyalarının inşası işlərinin görülməsi barədə podrat müqaviləsi bağlanılmışdır. Fiziki şəxs İddiaçı Cavabdeh subpodratçısı kimi ümumi sahəsi 61926 kvadrat metr olan "xxxx" yaşayış kompleksinin tikintisində dəmir işlərini həyata keçirmişdir.

16. Daha sonra, "xxxx" Mənzil Tikinti Kooperativi Cavabdehnə ünvanlanmış 09 aprel 2024-cü il tarixli, S-47 nömrəli cavab məktubunda qeyd etmişdir ki, "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən İddiaçı xx.xx.2022-ci il tarixli, S110 nömrəli arayış təqdim edilmişdir. Aparılmış əlavə araşdırma nəticəsində müəyyən edilmişdir ki, həmin arayışın hazırlanması zamanı müəyyən məlumatlar tam olaraq verilməmiş və məzmununda yanlışlığa yol verilmişdir. Belə ki, İddiaçı "xxxx" Mənzil Tikinti Kooperativinin əmək müqaviləsi üzrə işçisi olmamışdır. Həmin şəxs "xxxx" Mənzil Tikinti Kooperativi ilə Cavabdeh arasında 01 mart 2019-cu il tarixdə dəmir beton konstruksiyalarının inşası işlərinin görülməsi barədə podrat müqaviləsi üzrə "xxxx" Mənzil Tikinti Kooperativi tikinti ərazisində Cavabdeh işçisi kimi çalışmışdır. İddiaçı Cavabdeh subpodratçısı kimi "xxxx" yaşayış kompleksinin tikintisində onun neçə kv.m dəmir işlərini həyata keçirməsi haqqında bizdə məlumat yoxdur.

17. Bakı Kommersiya Məhkəməsinin 06 iyun 2024-cü il tarixli, e-2-2(113)-2254/2024 saylı qərardadı ilə Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, Xanlar və Əbilovlar qardaşları küçələrinin kəsişməsində yerləşən ərazidə "xxxx" MTK-nın inşa etdiyi 7 girişli, çoxmənzilli yaşayış kompleksində İddiaçı tərəfindən görüldüyü deyilən, iddia olunan tikinti quraşdırma işlərinin görülüb-görülməməsinin, görülübsə, həcmi və dəyərinin nə qədər təşkil etdiyinin müəyyən olunması məqsədi ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş, ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 30 sentyabr 2024-cü il tarixli, 3-16-16/2- 10/5147 nömrəli məktubu ilə ekspertizanın aparılmasından imtina edilmişdir.

18. İş materiallarına Cavabdeh tərəfindən əlavə olunmuş ödəniş sənədlərindən görünür ki, 03 oktyabr 2018-ci il tarixli, KGM01 nömrəli müqaviləyə əsasən Cavabdeh tərəfindən İddiaçı hesabına xx.xx.2019-cu il tarixdə 700 manat, xx.xx.2019-cu il tarixdə 21.000 manat, xx.xx.2019-cu il tarixdə 15.000 manat, xx.xx.2019-cu il tarixdə 10.200 manat, xx.xx.2020-ci ildə 17.400 manat olmaqla, cəmi 64300 manat məbləğində pul köçürülmüşdür.

19. İddiaçı tərəfindən cavabdehə xəbərdarlıq məktubu göndərilərək, borc məbləğinin ödənilməsi tələb edilmişdir. Tətbiq edilən hüquq

20. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.

21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.1-ci maddəsinə əsasən hamıya bəlli olan hallar və ya faktlar mübahisə edilə bilməz və onların sübuta ehtiyacı yoxdur. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmənin mövqeyi

22. Məhkəmə qeyd edir ki, hazırkı mübahisənin həlli baxımından ilkin və qarşılıqlı iddia paralel araşdırılmalıdır.

23. İşin müəyyən olunmuş hallarından göründüyü kimi, tərəflər arasında xidmət (podrat) müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Eyni zamanda müəyyən olunur ki, tərəflər arasında əmək müqaviləsindən irəli gələn hüquq münasibətləri olmuşdur, lakin hazırkı mübahisə məhz 03 oktyabr 2018-ci il tarixli KGM01 nömrəli xidmət (podrat) müqaviləsindən irəli gələn mübahisədir və həmin mübahisəyə baxılır. Həmin müqavilənin bağlanılması işin mübahisələndirilməyən halıdır. Həmçinin həmin müqavilə üzrə MMC tərəfindən iddiaçıya 64300 manat məbləğin ödənilməsi işin mübahisələndirilməyən hallarındandır. Mübahisəli hal ondan ibarətdir ki, qarşılıqlı iddiaçı həmin ödənişlərin avans ödənişi olduğunu iddia edir və heç bir iş görülmədiyinə görə geri qaytarılmasını tələb edir. Ödənişlərin avans ödənişi olduğunu təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Həmin ödənişlərlə bağlı təqdim edilən 2019-cu il tarixli (sonuncu 2020-ci ilin yanvarı) ödəniş tapşırıqlarında ödənişlərin təyinatı və əsası qrafasında avans ödəniş qeydi deyil, “03 oktyabr 2018-ci il tarixli, KGM01 nömrəli müqaviləyə əsasən” qeydi edilmiş, yəni ödənişlərin müqavilə üzrə edildiyi göstərilmişdir. Ona görə də məhkəmənin qənaətinə əsasən 64300 manat məbləğin avans ödənişi olmasına dair qarşılıqlı iddiaçının bildirdikləri inandırıcı deyil, həmin ödənişlər məhz görülmüş işlərin haqqı olaraq ödənilmişdir. Ona gödə də qarşılıqlı iddia əsassızdır və təmin olunmamalıdır. Həmin hal eyni zamanda təsdiq edir ki, müqavilə yalnız kağız üzərində olmamış, işlər görülmüş və qarşılığında ödənişlər edilmişdir.

24. Digər mübahisəli hal haqqı ödənilməyən, ilk iddia üzrə iddiaçı tərəfindən görüldüyü iddia olunan işlərlə bağlıdır.

25. İlk iddiaçı iddia edir ki, ƏDV daxil 72400 manat həcmində işlər görmüş və həmin işlərin haqqı ödənilməmişdir. Cavabdeh tərəf etiraz edərək, həmin işlərin görülmədiyini bildirmiş, qeyd etmişdir ki, sonuncu ödənişin edildiyi xx.xx.2020-ci ildən sonra iddiaçı ilə müqavilə üzrə hər hansı işbirliyi olmamışdır. Ona görə də iddia əsassız olduğundan, həmçinin iddia müddəti ötdüyündən iddianın rədd olunmasını xahiş etmişdir.

26. İlk iddiaçı iddia tələbi ilə bağlı, ƏDV daxil 72400 manat həcmində işlərin görülməsi ilə bağlı hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə iclasında ifadə verən şahidlər yalnız iddiaçının müqavilə əsasında, daha sonra rəsmi işçi kimi fəaliyyət göstərdiyini bildirmişlər ki, həmin hal da iş materialları ilə təsdiq olunur. Təqdim olunmuş şahid ifadələri 72400 manat həcmində işlərin görülməsini təsdiq edən sübut qismində qəbul oluna bilməz.

27. Yekun olaraq məhkəmə qeyd edir ki, ilkin və qarşılıqlı iddia üzrə iddiaçılar iddialarının əsasını təşkil edən faktları təsdiq edə biləcək hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişlər.

28. Yuxarıda göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, ilkin iddia və qarşılıqlı iddia təmin olunmamalıdır.

29. Məhkəmə qeyd edir ki, ilkin iddia və qarşılıqlı iddia təmin edilmədiyindən məhkəmə xərcləri iddiaçılara aid edilməlidir.

30. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia təmin edilməsin. Qarşılıqlı iddia təmin edilməsin. Məhkəmə xərcləri iddiaçılara aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar