Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2278/2023 02.08.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Əhmədli Əhməd Dünyamin oğlunun katibliyi, İddiaçı, həmçinin nümayəndəsi, Vəkil1, Cavabdeh və nümayəndəsi Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbi barədə kommersiya mübahisəsinə dair işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən ələ keçirilən iddiaçıya məxsus 20000 ABŞ dolları məbləğində pulun (real zərər), əldən çıxmış fayda qismində 2000 ABŞ dolları məbləğində pulun, mənəvi zərər qismində iddiaçıya dəymiş 2000 manat məbləğində ziyanın, hüquqlarının təmsil və müdafiə edilməsi məqsədi ilə hüquqi yardım üçün 14 saylı Vəkil Bürosuna ödənilmiş 310 manat məbləğində xidmət haqqının və ödənilmiş 210 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İ.Mübahisənin predmeti və irəli sürülən tələb İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh özünün qarğıdalı biznesi ilə məşğul olduğunu, İran İslam Respublikasından Rusiya Federasiyasına TİR ilə qarğıdalı göndərdiyini, bu işdə yaxşı gəlir olduğunu, bizim də pul qoyub yaxşı gəlir əldə edəcəyimizi vəd verərək, həmin biznesə pul qoymağımızı bildirmişdir. Buna inanaraq iddiaçı Cavabdeh xx.xx.2021-ci il tarixində İran İslam Respublikasından Rusiya Federasiyasına 2 tır qarğıdalı məhsulunu göndərmək üçün X5 vasitəsilə 20000 ABŞ dolları məbləğində pul göndərmişdir. Həmin gün saat 15-16:00 radələrində Bakı şəhəri, Yasamal rayonu, Moskva prospekti 77 ünvanında yerləşən “Alov” zavodu qarşısında Cavabdeh 20000 ABŞ dolları məbləğində pulu almışdır. Pulu almasına baxmayaraq, o vədinə əməl etməmiş, heç bir qarğıdalı göndərməmiş, üzərinə düşən öhdəliyi icra etməmişdir. Həmçinin, o, iddiaçıdan aldığı 20000 ABŞ dolları məbləğini geri qaytarmamışdır. Cavabdeh bu hərəkəti ilə iddiaçıya xeyli maddi və mənəvi ziyan vurmuşdur. İlkin olaraq, xx.xx.2021-ci il tarixində DİN-nin 102 qaynar xəttinə zəng edərək və xx.xx.2021-ci il tarixində Yasamal RPİ-nin 29cu PŞ-nə ərizə ilə müraciət edərək xx.xx.2021-ci il tarixində baş verənləri və iddiaçıya məxsus olan 20000 ABŞ dolları məbləğində pulun cavabdeh tərəfindən ələ keçirilməsini bildirmişdir. İş üzrə aparılan araşdırmalar zamanı Cavabdeh verdiyi izahatda 20000 ABŞ dollarını ələ keçirdiyini etiraf etmişdir. Lakin, yekunda aparılan araşdırma nəticəsində xx.xx.2022-ci il tarixində Cavabdeh əməlində dələduzluq faktının olmaması əsası ilə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar çıxarılmışdır. Qərarda müəyyən edilmişdir ki, cavabdehlə aramızda yaranan mübahisə yalnız mülki qaydada məhkəmə yolu ilə həll olunmalıdır. Bu səbəbdən sonradan iddia ərizəsilə Nəsimi rayon Məhkəməsinə müraciət etmişdir. Nəsimi rayon Məhkəməsi tərəfindən 2(006)-947/2023 saylı iş üzrə xx.xx.2023-cü il tarixli iddia ərizəsinin geri qaytarılması barədə qərardad çıxarılmışdır. Həmin qərardadda müəyyən edilmişdir ki, cavabdehlə iddiaçı arasında olan mübahisə kommersiya xarakteri daşıyır və iş məhkəmə aidiyyatı üzrə kommersiya məhkəməsində baxılmalıdır. Qanunvericiliyin tələbini rəhbər tutaraq, xx.xx.2023-cü il tarixində cavabdehin ünvanına pretenziya (məktub) göndərilmiş və 10 gün müddətində iddiaçıya vurduğu 20000 ABŞ dolları dəyərində zərəri ödəməsini, əks təqdirdə iddiaçıya dəymiş ziyanların (qeyd edilən pul məbləği, əldən çıxmış fayda, mənəvi zərər və s.) ödənilməsi məqsədilə müvafiq kommersiya məhkəməsinə müraciət edəcəyini bildirmişdir. Lakin, cavabdeh tərəfindən heç bir ödəniş həyata keçməmişdir. Daha sonra cavabdehə müvafiq mediasiya təklifi göndərilmiş, mediasiya təklifinə heç bir caavb vermədiyindən, bundan sonra mediasiya təşkilatına müraciət edilmişdir. Mediasiya Şurası Bakı 13 saylı Mediasiya Təşkilatının mediatoru Seymur Səfərov tərəfindən 3 dəfə mediasiya prosesi təyin edilmiş, hər dəfə cavabdehlə əlaqə saxlanılmasına baxmayaraq, o, guya razılığa gələcəyini bildirərək, əsassız mediasiya proseslərini uzatmış, sonuncu mediasiya prosesinə isə üzrsüz olaraq gəlməkdən imtina etmişdir. Bakı 13 saylı Mediasiya Təşkilatı tərəfindən xx.xx.2023-cü il tarixli “ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayış verilmişdir. Mediasiya xərci qismində 200 manat məbləğində rüsum iddiaçının nümayəndəsi və vəkili Vəkil1 tərəfindən ödənilmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Bundan əlavə, hüquqlarımın məhkəmədə müdafiəsi və təmsil edilməsi, həmçinin pretenziya, mediasiya təklifi, mediasiya müraciəti, mediasiya sessiyasında iştirak, iddia ərizəsinin tərtibi və hüquqularımın məhkəmədə müdafiəsi məqsədi ilə Bakı şəhəri 14 saylı Vəkil Bürosunun vəkili Vəkil1 ilə hüquqi yardım haqqında müqavilə bağlayaraq 14 saylı vəkil bürosunun hesabına 310 manat məbləğində ödəniş həyata keçirilmişdir. Həmin 310 manat məbləğində pul cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Həmçinin məhkəmənin diqqətinə çatdırılır ki, Cavabdeh iddiaçını aldadaraq 20000 ABŞ Dolları məbləğində pulu mənimsədiyindən və iddiaçıya söz verdiyi qarğıdalı biznesini həyata keçirmədiyindən, həmçinin iddiaçı 20000 ABŞ dolları müqabilində qazanmalı olduğu qazancdan məhrum olmuşdur. Belə ki, iddiaçı bir sahibkar olaraq, Cavabdeh dələduzluq yolu ilə məndən mənimsədiyi pulu hər hansı biznesə qoysaydım sözsüz ki, gəlir əldə edəcəkdi. Ən azından heç bir biznes fəaliyyəti ilə deyil, hər hansı banka əmanət qismində yatırıb illik ən azı 10% gəlir əldə edə bilərdi. Lakin, Cavabdeh 1 ildən artıq müddətdir ki, iddiaçının 20000 ABŞ dolları məbləğində pulumu qanunsuz olaraq mənimsədiyindən iddiaçı həmin gəlirdən məhrum olmuşdur. Dolayısı ilə iddiaçıya 20000 ABŞ dollarının ən azı 10% həcmində (20000x10%=2000), yəni 2000 ABŞ dolları məbləğində əldən çıxmış fayda qismində iddiaçıya ziyan dəymişdir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli Qərarında qeyd edilir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya” nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun və yaxın qohumlarının hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması və s. hallarda da özünü büruzə verə, mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Qanunvericiliyin sadalanan normalarından da məlum olduğu kimi, mülki hüquq pozuntusu nəticəsində hüquqları pozulmuş şəxs mənəvi zərər tələb edə bilər. Cavabdeh məni aldadaraq, dələduzluq yolu ilə mənim 20000 ABŞ Dolları məbləğində pulumu mənimsəməsi, aradan keçən 1 il ərzində pulumu qaytarmaması, mənim hüquq mühafizə orqanlarına şikayət etmək məcburiyyətində qalaraq, dəfələrlə polis və prokurorluq orqanlarına getməyim, hər dəfəsində yaşadığım Xaçmaz rayonundan Bakıya gəlibgetməyim, saatlarla idarələrdə gözləməyim, əvvəlcə Nəsimi rayon Məhkəməsinə, sonra mediasiya, indi isə Bakı kommersiya Məhkəməsinə müraciət etməyim və baş verən digər xoşagəlməz hallar nəticəsində mənə mənəvi zərər dəyib, mənim əsəblərim pozulub, güclü ruhihəyəcan və sarsıntılar keçirmişəm. Mənim 1 il ərzində keçirdiyim gərginlik, əsəb, sarsıntı və mənəvi iztirabların dəyəri yüzminlərlə ölçülsə də, ağlabatanlıq prinsipindən çıxış edərək, cəmi 2000 manat məbləğində mənəvi zərər tələb edirəm. Hesab edirəm ki, bu məbləğ faktiki mənə dəymiş zərərdən qat-qat az olsa da, məhkəmə həmin məbləği ağlabatan və ədalətli qəbul edərək, həmin hissədə tam təmin etməlidir. Digər tərəfdən Ali Məhkəmənin formalaşdırdığı praktikaya əsasən mənəvi zərər mücərrəd anlayış olduğundan, onun sübut edilməsi üçün hər hansı maddi sübutun təqdim edilməsinə ehtiyac yoxdur. Çünki, iddiaçının aldadılmağı, pulunun alınması, cavabdeh tərəfindən qaytarılmaması, polis orqanında keçirilən üzləşmə və sair istintaq hərəkətləri və 1 il ərzində gedən gərgin proseslər nəticəsində iddiaçının mənəvi zərər çəkməyi işin mübahisəsiz halıdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək iddia ərizəsinə uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, Samirin atası Süleymanla meyvə ticarəti ilə bağlı münasibətləri olmuş, 2021-ci ilin aprel ayında atası ilə Bakıda olarkən Samir ilə görüşmüşlər, sonuncu qarğıdalının alqı-satqısı ilə məşgul olmağı ona təklif etmiş, daha sonra atası Süleyman İrandan qarğıdalını almaq məqsədi ilə onu Xaçmaza göndərmiş və 10000 ABŞ dolları məbləğində vəsaiti Samirə göndərməyi tapşırmış, o da həmin pulu sonuncuya göndərmişdir. Bundan başqa bir neçə gündən sonra Samir atası Süleymanın telefonuna zəng edib, daha çox qarğıdalının alınması üçün əlavə 10000 ABŞ dollarının göndərilməsini xahiş etmiş və atası da əlavə 10000 ABŞ dolları Samirə göndərməyi ona tapşırmış, o da həmin vəsaiti sonuncuya göndərmişdir. Həmçinin izahatında tələb olunan 20000 ABŞ dolları məbləğində pulun çox bir hissəsinin özünə məxsus olduğunu və danışıqların onunla aparıldığını nəzərə alaraq tələbin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi, Vəkil1 iddianı müdafiə edərək iddia ərizəsinə uyğun izahat vermiş, əlavə olaraq qarğıdalının sifarişini Samirə məhz İddiaçı verdiyini, həmçinin tələb olunan pullarının ona məxsus olduğunu nəzərə alaraq tələbin tam təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qəbul etməyərək izahatında meyvə ticarəti ilə bağlı münasibətlərin Müşviqin atası Salmanov Süleymanla olduğunu, qarğıdalı ticarəti ilə bağlı danışıqların Salmanov Süleyman ilə aparıldığını, İddiaçı isə həmin danışıqlarda müşahidəçi qismində iştirak etdiyini, 20000 ABŞ dolları məbləğində pulun ona verilməsi ilə bağlı razılaşmanın Salmanov Süleymanla olduğunu, sözügedən vəsaitin iki dəfə hər dəfə 10000 ABŞ dolları cəmi 20000 ABŞ dolları məbləğində pulu taksi vasitəsi ilə Bakıya göndərdiyini və sözügedən vəsaitin qəbul etdiyini, lakin qarğıdalının İrandan gətirilməsində müəyyən problemlərin yaranması səbəbindən, onun üzərinə düşən öhdəliyin yerinə yetirilmədiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi Vəkil2 iddianı qəbul etməyərək, izahatında qarğıdalı sifarişi ilə bağlı Cavabdeh ilə danışıqlarda iddiaçının atası Salmanov Süleymanın iştirak etdiyini və bunun müqabilində 20000 ABŞ dolları məbləğində pulun ödənilməsi ilə bağlı razılaşmanın Cavabdeh ilə iddiaçının atası Salmanov Süleymanın arasında olduğunu nəzərə alaraq hazırki tələblə bağlı İddiaçı iddianı qaldırmağa subyektiv hüququnun olmaması əsası ilə rədd edilməsini xahiş etmişdir. İİ.İşin halları İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: 05 iyul 2022-ci il tarixli cinayət işinin başlanmasının rədd olunması haqqında qərardan görünür ki, Xaçmaz şəhəri, Əliağa Şıxlinski küçəsi ev 32-də yaşayan X1 23 iyun 2021-ci il tarixdə DlN-nin 102 xidmətinə zəng etməklə və xx.xx.2021-ci İİ tarixdə Yasamal RPİ-nin 29-cu PŞ-nə ərizə ilə müraciət edərək" 13 aprel 2021-ci il tarixdə saat 15-16 radələrində tanışı Cavabdeh Bakı şəhəri Yasamal rayonu Moskva prospekti 77 ünvanda yerləşən «Alov» zavodunun qarşısında İran İslam Respublikasından Rusiya Federasiyasına 2 TİR qarğıdalı göndərmək adı ilə ona məxsus 20000 ABŞ dollan yəni 34000 manat məbləğində pulunu ələ keçirməsini bildirmişdir. Cavabdeh isə izahat vermiş və izahatında bildirmişdir ki, meyvə-tərəvəz ticarəti ilə məşğul olur. Bu işlə əlaqədar olaraq çox saylı insanlarla ünsiyyətdə və iş birliyində olur. Onlardan biri də Süleyman adlı şəxs olmuşdur. Süleymanı 2020-ci ilin sentyabr ayından tanıyır. Süleymanla bir neçə dəfə ticarətlə bağlı sövdələşmələri olmuşdur. Aralarında bır neçə dəfə yüngül narazılıq olsa da, sonradan hər ikisinin səyi və razılığa gəlməsi nəticəsində bu narazılıqlar aradan qalxmışdır. Lakin sonradan yenə də aralannda ticarətlə bağlı narazılıqlar yaranmışdır. Belə ki, Süleymana göndərdiyi mallann pulunu verməkdən imtina etmişdir. Hər dəfə müxtəlif yollarla onu aldadaraq mallann ona göndərilməsinə nail olmuşdur. Lakin mallann pullarının ödənilməsinə gəldikdə isə müxtəlif səbəblər gətirməklə malların pullannı ödəməkdən yayınmışdır. Süleymanın gətirdiyi səbəblər ondan ibarət olmuşdur ki, gah demişdir ki, göndərdiyi mallar xarab çıxmış, gah da demişdirdir ki, gömrükdən gec çıxmış, isti vurmuş, ailədə xəstə olan var, xərcləmişdir, gah da deyirdi ki, soyuq vurmuşdur. Axırıncı dəfə də ona pullardan əlini çəkməsini və pullardan əlçəkməsini bildirmişdir. Hal-hazırda Süleymanın ona göndərilən mallara görə ona olan borcu yüz əlli min ABŞ dolları məbləğindədir (150000 ABŞ dolları). Ondan yenə mal göndərməyini istədikdə ona bildirmişdir ki, «mənim pulum yoxdur. Sənin mənə olan borclarından ver». O da, oğlu vasitəsilə ona 10-13 aprel 2020-ci il tarixində tanımadığı taksi sürücüsü ilə göndərdiyi pulu Alov zavodunun qarşısında almışdır. O da həmin pulu başqa işlə bağlı İrana göndərmişdir. İran vətəndaşı da da onu aldadaraq pulu mənimsəmişdir. Sonradan Süleymanın oğlu ona telefonla zəng edərək ondan 20000 ABŞ dollarını tələb eləmişdir. Ona atasının ona olan borclarından kiçik bir hissəsi olduğunu bildirmişdir. İddiaçı ona İran İslam Respublikasından Rusiya Federasiyasına iki tır qarğıdalı göndərməyimi vəd edib ondan iki dəfə hər dəfə 10000 ABŞ dolları olmaqla ümumilikdə 20000 ABŞ dolları almamışdır. Süleymanın oğlu Müşviqin vasitəsi ilə ona olan borcunun kiçik bir hissəsini təşkil edən 20000 ABŞ dollarını göndərmişdir. O, həmin pulları hər dəfə Alov zavodunun qarşısında götürmüşdür. İİİ.Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2, 385.1, 386.1-ci maddələrinə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. "M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanmasına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında göstərilir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimləmənin əhatəsinə düşür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. İV.Məhkəmənin gəldiyi nəticə Məhkəmədə tədqiq edilmiş sübutlara əsasən müəyyən edilmişdir ki, 2021-ci ilin aprel ayında İddiaçı istinad etdiyi kimi o, atası Salmanov Süleymanla Cavabdeh bir araya gələrək İran İslam Respublikasından alınan qarğıdalının Rusiya Federasiyasına göndərilməsi ilə bağlı razılıq əldə etmişlər, həmin qarğıdalının alınması üçün tələb olunan 20000 ABŞ dolları İddiaçı tərəfindən hər dəfə 10000 ABŞ dolları olmaqla Cavabdeh taksi vasitəsi ilə göndərilmiş və həmin vəsaiti sonuncu qəbul etmiş, lakin cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. İddiaçı izahatında Cavabdeh qarğıdalı ticarəti ilə məşgul olmağı ona təklif etdiyini, lakin hər dəfə 10000 ABŞ dolları cəmi 20000 ABŞ dolları məbləğində pulun Samirə göndərilməsini atasının göstərişi ilə icra etdiyini və həmin pulun çox bir hissəsinin özünə məxsus olduğunu bildirmişdir. Cavabdeh izahatında qarğıdalının alınması üçün 20000 ABŞ dolları məbləğində vəsaitin aldığını təsdiq etsə də, qarğıdalının alınması ilə bağlı razılaşmanın İddiaçı ilə deyil, onun atası Salmanov Süleymanla olduğunu və məhz sonuncunun tapşırığına əsasən mübahisəli vəsaitin ona göndərildiyini bildirmişdir. Göründüyü kimi 20000 ABŞ dolların Cavabdeh tərəfindən alınması mübahisəsiz hal olsa da, məhkəmə baxışında müəyyən edilmişdir ki, İran İslam Respublikasından alınan qarğıdalının Rusiya Federasiyasına göndərilməsi ilə bağlı razılaşma Cavabdeh ilə iddiaçının atası Salmanov Süleymanın arasında olmuş və məhz sonuncunun göstərişi ilə İddiaçı 20000 ABŞ dolları Cavabdeh göndərmişdir. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı İran İslam Respublikasından alınan qarğıdalının Rusiya Federasiyasına göndərilməsi ilə bağlı razılaşmanın Cavabdeh ilə onun arasında olmasına, həmçinin tələb olunan pulun çox bir hissəsinin ona məxsus olduğuna istinad etsə də, məhkəməyə bununla bağlı mötəbər sübutlar təqdim etməmişdir. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, İran İslam Respublikasından alınan qarğıdalının Rusiya Federasiyasına göndərilməsi ilə bağlı razılaşmanın Cavabdeh ilə iddiaçının atası Süleyman Salmanovun arasında olduğundan, həmçinin 20000 ABŞ dolları Cavabdeh göndərilməsi göstərişini məhz iddiaçının atası Süleyman Salmanov verdiyinə görə İddiaçı hazırki iddianı qaldırmağa subyektiv hüququ olmadığından iddia təmin edilə bilməz. Odur ki, İddiaçı Cavabdeh qarşı Cavabdeh tərəfindən ələ keçirilən iddiaçıya məxsus 20000 ABŞ dolları məbləğində pulun, əldən çıxmış fayda qismində 2000 ABŞ dolları məbləğində pulun, mənəvi zərər qismində iddiaçıya dəymiş 2000 manat məbləğində ziyanın, hüquqlarının təmsil və müdafiə edilməsi məqsədi ilə hüquqi yardım üçün 14 saylı Vəkil Bürosuna ödənilmiş 310 manat məbləğində xidmət haqqının və ödənilmiş 210 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya ödənilməsinə dair iddiası rədd edilməlidir. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏTETDİ: İddiaçı Cavabdeh qarşı Cavabdeh tərəfindən ələ keçirilən iddiaçıya məxsus 20000 ABŞ dolları məbləğində pulun (real zərər), əldən çıxmış fayda qismində 2000 ABŞ Dolları məbləğində pulun, mənəvi zərər qismində iddiaçıya dəymiş 2000 manat məbləğində ziyanın, hüquqlarının təmsil və müdafiə edilməsi məqsədi ilə hüquqi yardım üçün 14 saylı Vəkil Bürosuna ödənilmiş 310 manat məbləğində xidmət haqqının və ödənilmiş 210 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçıya ödənilməsinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim:Emin Əliyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-2278/2023
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2278/2023
02.08.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver