Məhkəmə qərarları › İş №e-2-2(113)-234/2023

Bakı Kommersiya Məhkəməsi Qiyabi qətnamə — İş №e-2-2(113)-234/2023

16.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-234/2023 16.02.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “podrat müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: podrat müqaviləsi, borc, forma) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Qurbanova Nuranə Namiq qızının katibliyi ilə İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “podrat müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə qiyabi icraat qaydasında məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti

1. İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə (bundan sonra "xxxx" ASC) qarşı iddia ərizəsi və daha sonra iddia həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddiaçı ilə cavabdeh arasında bağlanmış AP 70/0519 saylı, xx.xx.2019cu il tarixli podrat müqaviləsi üzrə 9928 manat məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2019-cu il tarixdə AP 70/0519 saylı podrat müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən iddiaçı cavabdehin tələblərinə əsasən razılaşdırılmış qiymətlər üzrə, cavabdehin təsdiq etdiyi və (və ya) təqdim etdiyi layihəyə uyğun olaraq "Uğur-2" yaşayış kompleksində 2 ədəd binanın fasad örtüyünün sökülməsi işlərini yerinə yetirməyi, başa çatdırmağı və cavabdehə tam hazır vəziyyətdə təhvil verməyi, cavabdeh isə iddiaçının gördüyü işin müqabilində razılaşdırılmış qiymətlər üzrə hesablanan haqqı ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı podrat müqaviləsi üzrə öhdəlikləri tam yerinə yetirmiş, cavabdehin ona 9928 manat məbləğində müqavilə üzrə borcu yaranmışdır. xx.xx.2022-ci il tarixdə cavabdehə pretenziya qaydasında rəsmi müraciət edilmişdir. Lakin 2 aydan artıq müddət keçməsinə baxmayaraq, cavabdeh iddiaçıya heç bir rəsmi məlumat verməmişdir. Bundan sonra mediasiyaya müraciət edilmiş, 26 avqust 2022-ci il tarixdə MŞB/2-01442 saylı Bakı 2 saylı Mediasiya təşkilatı tərəfindən arayış verilmişdir.

II. Tərəflərin mövqeləri:

3. Məhkəmə iclaslarında iştirak edən iddiaçı iddianın məzmununa uyğun izahatlar vermiş, eyni zamanda bildirmişdir ki, "Uğur-2" yaşayış kompleksində 6 və 8 saylı binalarda müqavilə üzrə razılaşdırılmış işi tam başa çatdırmış,138 428,70 manat dəyərində iş görmüşdür. İşlərin dəyərinin əhəmiyyətli hissəsi ödənilsə də, müəyyən məbləğ ödənilməmiş qalmışdır. Məhkəmənin sualına cavab olaraq bildirmişdir ki, forma 2 və forma 3 sənədləri cavabdeh tərəfindən tərtib olunmuş, forma 2 sənədinə imza edənlər "xxxx" ASC-nin işlərə nəzarət edən nümayəndələri olmuşdur. Lakin işlərin bitməsi pandemiya vaxtına düşdüyü üçün təhvil-təslim aktı tərtib olunmamış, daha sonra isə o hüquqi şəxsin fəaliyyət göstərdiyi əraziyə buraxılmamış, ona görə də təhvil-təslim aktı tərtib edə bilməmişdir.

4. Cavabdeh "xxxx" ASC məhkəmə bildirişləri “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə yerləşdirilməklə, eyni zamanda hüquqi ünvanına göndərilməklə məhkəmə iclaslarının vaxtı və yeri barəsində məlumatlandırılmış, həmçinin cavabdehin qanuni təmsilçisinə məxsus mobil telefon nömrəsinə “Elektron məhkəmə” informasiya sistemi vasitəsi ilə “SMS-bildiriş” çatdırılmış, lakin cavabdeh məhkəmə iclaslarında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

5. Məhkəmə kommersiya mübahisəsinə qiyabi icraat qaydasında baxılmasını mümkün hesab edərək iddiaçının yazılı razılığı ilə işə qiyabi icraat qaydasında baxılması barədə xx.xx.2023-cü il tarixdə qərardad qəbul etmişdir.

III. Məhkəmə baxışının hədləri:

6. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə): - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

7. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.

8. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu (bəzi istisnalarla) nəzərə alınmalıdır.

9. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə sübutetmə predmetini tərəflər arasında podrat müqaviləsinin bağlanıb-bağlanmaması, podratçı tərəfindən işlərin görülübgörülməməsi, görülmüş işlərin dəyərinin sifarişçi tərəfindən ödənilib-ödənilməməsi təşkil edir.

10. İş materiallarında olan İddiaçı ilə "xxxx" ASC arasında xx.xx.2019-cu il tarixdə bağlanmış (tərəflərin imzası və cavabdehin möhürü ilə təsdiq edilərək) AP 70/0519 saylı podrat müqaviləsinə əsasən podratçı, sifarişçinin tələblərinə əsasən bu Müqavilədə razılaşdırılmış qiymətlər üzrə, sifarişçinin təsdiq etdiyi və/və ya təqdim etdiyi layihəyə uyğun olaraq "Uğur-2" yaşayış kompleksində 2 ədəd binanın fasad örtüyünün sökülməsi işlərini yerinə yetirməyi, başa çatdırmağı və Sifarişçiyə tam hazır vəziyyətdə təhvil verməyi, sifarişçi isə podratçının gördüyü işin müqabilində müqavilədə razılaşdırılmış qiymətlər üzrə hesablanan haqqı ödəməyi öhdəsinə götürür (1.1), müqavilənin qiyməti icra ediləcək işlərin 1 m2 üçün vergilər xaric 9 manat olmaqla faktiki görülmüş işlərin həcmi əsasında hesablanacaq (3.1), podratçı işləri yekunlaşdırdıqdan sonra müqavilənin ümumi məbləği tərəflər arasında bu müqavilənin 3.1-ci bəndində razılaşdırılmış işlərin ölçü vahidinin qiymətinə və icra edilmiş işlərin aktında (forma 2, forma 3) əks etdirilmiş işlərin ümumi həcminə əsasən hesablanaraq sifarişçi tərəfindən təsdiqlənmiş faktiki görülmüş işlərin aktı (forma 2, forma 3) və təhvil-təslim aktı əsasında ödəniləcəkdir (3.2).

11. İş materiallarında olan "xxxx" ASC-nin blankında tərtib olunmuş xx.xx.2020-ci il tarixli Forma 2 və Forma-3 (qəbul aktı) sənədlərindən görünür ki, "Uğur-2" layihəsində 6 və 8 saylı binalarda İddiaçı tərəfindən 138 428,70 manat dəyərində iş görülmüş, həmin məbləğdən 126 000 manatı ödənilmiş, 12 428,70 manat isə ödənilməmişdir. Eyni zamanda görünür ki, Forma 2 sənədi Zakir Orucoğlu və Faiq Yusubov tərəfindən imzalanmışdır.

12. İş materiallarında olan İddiaçı "xxxx" ASC-də olan hesabından xx.xx.2019xx.xx.2023-cü il tarixləri əhatə edən çıxarışdan görünür ki, "xxxx" ASC tərəfindən xx.xx.2019-cu il tarixli AP 70/0519 saylı podrat müqaviləsi üzrə ilkin ödəniş tarixi xx.xx.2019-cu il olmaqla xx.xx.2020-ci il tarixədək (forma 2 və 3 sənədlərinin tərtib olunduğu) müxtəlif vaxtlarda ümumilikdə 120 000 manat ödəniş edilmişdir. Eyni zamanda görünür ki, forma 2 və 3 sənədlərinin tərtib olunduğu tarixdən sonra xx.xx.2021-ci il tarixdə 2500 manat ödəniş edilmişdir.

13. Məhkəmə iclasında şahid qismində dindirilən XXX Zakir Orucoğlu ifadəsində bildirmişdir ki, onun "xxxx" ASC ilə podrat müqaviləsi olmuş, xidmətlər göstərmiş, eyni zamanda digər podratçılar tərəfindən binalarda görülən işlərə nəzarət edilməsi, təhvil alınması ona tapşırılmışdır. İddiaçı "Uğur-2" yaşayış kompleksində 6 və 8 saylı binalarda işləri yerinə yetirmiş, başa çatdırmışdır. Buna görə də forma 2 sənədində imza etməklə bunu təsdiq etmişdir. Görülmüş işlərin dəyərini Faiq Yusubov müəyyən edirdi, o da "xxxx" ASC-nin mühəndisi idi.

14. Məhkəmə sübutetmə predmetinə daxil olan bütün halları obyektiv, qərəzsiz, hərtərəfli və tam yoxlanılmış sübutlar əsasında tədqiq edərək müəyyən edir ki, tərəflər arasında xx.xx.2019-cu il tarixli AP 70/0519 saylı podrat müqaviləsi bağlanmış, podratçı "Uğur-2" yaşayış kompleksində 2 binada işlər görmüş, forma 2 və 3 sənədinə əsasən xx.xx.2020-ci il tarixə 138 428,70 manat dəyərində işlərin yerinə yetirildiyi təsdiq olunmuş, sifarişçi tərəfindən işlərin dəyərinin bir hissəsi ödənilsə də, forma 2 və 3 sənədinin tərtib olunduğu tarixə olan qalıq 12428,70 manat borc məbləğindən 2500 manat ödənilmiş, 9928,70 manat isə ödənilməmişdir.

15. İddiaçı görülmüş işlərin dəyərinə görə ödənilməmiş 9928 manat pulu tələb edir.

16. Göründüyü kimi, iddiaçı və cavabdeh arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının borcun ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, iddiaçının cavabdehə qarşı tələbi tərəflər arasında bağlanılmış podrat müqaviləsindən irəli gəlir.

17. Məhkəmə əvvəlcə qeyd edir ki, tərəflər müqavilədə təhvil-təslim aktının tərtib olunmasını razılaşdırsa da, iddiaçı bildirir ki, təhvil-təslim aktının tərtib olunmasından sifarişçi (cavabdeh) yayınmışdır.

18. Mülki Məcəllənin 770-ci maddəsinə əsasən, əgər müqaviləyə görə və ya işin xarakterinə əsasən iş qəbul edilməyirsə, sifarişçi yerinə yetirilmiş işi qəbul etməyə borcludur. İşi qəbul etdikdə sifarişçi muzd ödəməlidir. Əgər sifarişçi işi podratçının müəyyənləşdirdiyi müddətdə qəbul etmirsə, iş qəbul edilmiş sayılır.

19. Qeyd olunan normanın tələbindən görünür ki, sifarişçi yerinə yetirilmiş işi qəbul etməyə borcludur, əgər qəbul etməzsə, iş qəbul edilmiş sayılır. Qeyd olunan normanın tələbini və hazırkı iş üzrə podrat müqaviləsinin bağlandığını, görülmüş işlərin forma 2 və 3 sənədləri ilə təsdiq olunduğunu nəzərə aldıqda məhkəmə bildirir ki, müqavilədə belə şərt nəzərdə tutulsa da, təhvil-qəbul aktının tərtib olunmasından sifarişçinin yayınması podratçının ziyanına şərh oluna bilməz və işlər qəbul olunmuş sayılır.

20. Məhkəmə həmçinin nəzərə alır ki, cavabdehin və qanuni təmsilçisinin “Elektron məhkəmə” informasiya sistemində elektron kabinetləri mövcuddur. İddia ərizəsi və ona əlavə edilmiş, eləcə də işə məhkəmədə baxılan zaman iddiaçı tərəfindən təqdim edilmiş bütün sənədlər elektron kabinet vasitəsi ilə məhkəməyə təqdim edilmişdir. Beləliklə, qeyd olunan sənədlər cavabdehin elektron kabinetinə yerləşdirilmişdir. Cavabdeh isə iddiaçının mövqeyinə dair etiraz bildirməmişdir.

21. Məhkəmə kommersiya mübahisəsinin müəyyən olunmuş, sübut edilmiş hallarına uyğun hüquq normalarını tətbiq edərkən qeyd edir ki, podrat müqaviləsi üzrə yaranmış borcun ödənilməsi tələbinin hüquqi əsasını Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (Mülki Məcəllə) 752.1 maddəsi təşkil edir.

22. Mülki Məcəllənin 752.1-ci maddəsinə əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür.

23. Həmin Məcəllənin 753.1-ci maddəsinə əsasən, sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur.

24. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə qeyd olunan maddələrin dispozisiya şərtləri mövcuddur.

25. Məhkəmə iddiaçının iddiasının əsası kimi istinad etdiyi sübutları təqdim etdiyini, cavabdehin isə müqavilə üzrə öhdəliyini tam icra etməsinə dair məhkəməyə hər hansı sübut təqdim etmədiyini və sifarişçinin podratçıya şərtləşdirilmiş muzdu ödəməyə borclu olduğunu nəzərə alaraq hesab edir ki, iddia əsaslıdır.

26. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

27. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

28. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

29. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.

30. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi təmin olunmalı, 9928 manat pul cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

V. Nəticə:

31. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 9928 (doqquz min doqquz yüz iyirmi səkkiz) manat məbləğində pul tutularaq İddiaçı ödənilsin. Cavabdeh qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Kommersiya Məhkəməsinə ərizə verməyə haqlıdır. Qiyabi qətnamədən bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Hakim: Nərmin Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar