Məhkəmə qərarları › İş №e-2-2(113)-2362/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2362/2024

16.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2362/2024 16.05.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: xidmət müqaviləsi, öhdəliyin lazımi qaydada icra olunmaması, dəbbə pulu) Bakı Kommersiya Məhkəməsinin hakimi Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:

1. İddiaçı (bundan sonra İddiaçı MMC) Cavabdeh Məhdud Məhdud Cəmiyyətinə (bundan sonra Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 36585,90 manat məbləğində əsas borc və 6585,46 manat məbləğində ƏDV olmaqla, yekun olaraq 43171,36 manatın, gecikdirilməyə görə 17361 manat dəbbə pulunun, hüquqi yardıma görə ödənilmiş 320 (üç yüz iyirmi) manatın və mediasiya xərclərinə görə ödənilmiş 210 manatın tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə "xxxx" MMC (hazırda Cavabdeh MMC) arasında 10 oktyabr 2022-ci il tarixli, 3 saylı və 21 fevral 2023-cü il tarixli, CGXM03/23 saylı xidmət müqavilələri bağlanmışdır. Həmin müqavilələr üzrə İddiaçı MMC Cavabdeh MMC-yə müəyyən olunmuş xidmətləri göstərməyi, öz növbəsində Cavabdeh MMC isə İddiaçı MMC-yə müqavilələr üzrə razılaşdırılmış xidmətlərin dəyərini ödəmək öhdəliyini öz üzərinə götürmüşdür. İddiaçı 10 oktyabr 2022-ci il tarixli, 3 saylı xidmət müqaviləsinin 1.1-ci bəndində və və 21 fevral 2023-cü il tarixli, CGXM03/23 saylı xidmət müqaviləsinin əlavə № 1-də və görülmüş işlərin təhvil-təslim aktında nəzərdə tutulmuş xidmətləri lazımınca və vaxtında icra etmişdir. Bu xidmətlərin müqabilində cavabdehin 1. xx.xx.2022-ci il tarixli EBCJ 421990 nömrəli elektron qaimə-fakturaya əsasən 13771,78 (on üç min yeddi yüz yetmiş bir manat yetmiş səkkiz qəpik) manat; 2. xx.xx.2022-ci il tarixli EBCL 013392 nömrəli elektron qaimə-fakturaya əsasən 38518,74 (otuz səkkiz min beş yüz on səkkiz manat yetmiş dörd qəpik) manat; 3. xx.xx.2023-cü il tarixli EBCN 287215 nömrəli elektron qaimə-fakturaya əsasən 34152,74 (otuz dörd min yüz əlli iki manat yetmiş dörd qəpik) manat; 4. xx.xx.2023-cü il tarixli EBCP 033717 nömrəli elektron qaiməfakturaya əsasən 9018,62 (doqquz min on səkkiz manat altmış iki qəpik) manat olmaqla, cəmi 95461,88 (doxsan beş min dörd yüz altmış bir manat səksən səkkiz qəpik) manat məbləğində kreditor borcu yaranmışdır. Yuxarıda qeyd olunan borca münasibətdə Cavabdeh MMC tərəfindən xx.xx.2023-cü il tarixində 44314 (qırx dörd min üç yüz on dörd) manat məbləğində əsas borc və 7976,52 (yeddi min doqquz yüz yetmiş altı manat əlli iki qəpik) manat məbləğində ƏDV ödənişi həyata keçirilmişdir. İddiaçı tərəfindən müqavilələr üzrə öhdəliklər tam şəkildə yerinə yetirilmiş, lakin Cavabdeh MMC tərəfindən müəyyənləşdirilmiş 36585,90 (otuz altı beş səksən beş manat doxsan qəpik) manat məbləğində əsas borc və 6585,46 (altı min beş yüz səksən beş manat qırx altı qəpik) manat məbləğində ƏDV ödənilməmişdir. xx.xx.2023-cü il tarixindən yaranmış borcun ödənilməməsinə görə iddiaçı şirkət digər şirkətlər qarşısında götürdüyü öhdəliklərini (malmaterialın alınması, xidmətlərin göstərilməsi, işçilərin əmək haqqlarının ödənilməsi) vaxtında və lazımınca yerinə yetirə bilməmiş və buna görə də iddiaçıya qarşı ayrı-ayrı məhkəmələrdə dəymiş ziyanın ödənilməsi və digər əsaslarla iddialar qaldırılmışdır. Əlavə olaraq, 10 oktyabr 2022-ci il tarixli, 3 saylı müqailənin 8.2-ci bəndinə və 21 fevral 2023-cü il tarixli, CGXM03/23 saylı müqavilənin 8.4-cü bəndinə əsasən sifarişçi öz öhdəliyinin icrasını gecikdirdiyi təqdirdə hər gecikdirilən gün üçün aylıq xidmət haqqının 0,1 faizi həcmində məsuliyyət daşıyır. Buna müvafiq olaraq xx.xx.2023-cü il tarixindən gecikdirilən ƏDV daxil 34152,74 (otuz dörd min yüz əlli iki manat yetmiş iki qəpik) manat borca uyğun olaraq 13934 (on üç min doqquz yüz otuz dörd) manat dəbbə pulu, xx.xx.2023-cü il tarixindən gecikdirilən ƏDV daxil 9018,62 (doqquz min on səkkiz manat altmış iki qəpik) manat borca uyğun olaraq 3427 (üç min dörd yüz iyirmi yeddi) manat dəbbə pulu olmaqla, cəmi 17361 (on yeddi min üç yüz altmış bir) manat dəbbə pulu hesablanmışdır. Həmçinin iddiaçı hazırkı mübahisənin həlli ilə bağlı 320 (üç yüz iyirmi) manat xərc (vəkilə ödənilmiş xidmət haqqı), 210 (iki yüz on) manat məbləğində mediasiya xərci və digər xərclər çəkmişdir.

3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2, 385.1, 386.2, 389.1, 390.1, 399.1, 425.1, 442, 445, 445.7-ci maddələrinə istinad olunmuşdur.

4. Cavabdeh tərəfindən iddiaya qarşı yazılı etiraz daxil olmamışdır.

5. İş üzrə cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tədqiq olunan sübutlar:

6. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.

7. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki, icraçı qismində İddiaçı MMC ilə sifarişçi qismində "xxxx" MMC (hazırda Cavabdeh MMC) arasında xx.xx.2022-ci il tarixdə 3 nömrəli xidmət müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən bu müqaviləyə əsasən icraçı ona məxsus olan və cədvəl 1-də əks olunmuş texnikaları (1) Ekskavator Yükləyici JCB 3CXSM, 10Z089 dövlət qeydiyyat nişanlı, 28 iş günü üçün vergi xaric olmaqla 4000 (dörd min) manat; 2) Ekskavator Yükləyici JCB 3CX, 10Z084 dövlət qeydiyyat nişanlı, 28 iş günü üçün vergi xaric olmaqla 4000 (dörd min) manat; 3) Ekskavator Yükləyici JCB 3CXSM, 10R259 dövlət qeydiyyat nişanlı, 28 iş günü üçün vergi xaric olmaqla 4000 (dörd min) manat) sifarişçiyə xidmət göstərməyə verir, sifarişçi isə texnikaları təyinatı üzrə istifadə edib, icraçıya xidmət haqqı ödəyir. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən texnika(lar) xidmət yerinə çatdıqdan sonra sifarişçi həmin yol vərəqəsinə müvafiq qeydlər edir, qeydlərini səlahiyyətli nümayəndəsinin imzası ilə təsdiq edir. Xidmət bitdikdən sonra və ya hər hansı səbəbdən icraçının göstərişi ilə texnika(lari) geri göndərildikdə sifarişçi yol vərəqəsində müvafiq qeyd edir, qeydlərini səlahiyyətli nümayəndəsinin imzası ilə təsdiq edir. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən icraçı texnika(lar) üçün ayrıca gündəlik xidmət cədvəli tərtib edir. Hər növbəti ayın ilk 3 günü ərzində göstərilmiş xidmətlər üçün tərtib etdikləri cədvəllər əsasında tərəflər arasında xidmətlərin təhvil-təslim aktı tərtib olunur, imzalanır, möhürlənir.

8. İddiaçı MMC ilə "xxxx" MMC (hazırda Cavabdeh MMC) arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 3 nömrəli xidmət müqaviləsinə xx.xx.2022-ci il tarixli, 1 nömrəli Əlavə bağlanmışdır. Sözügedən əlavədə tərəflər 1) Ekskavator Yükləyici JCB 3CX, 10Z082 dövlət qeydiyyat nişanlı, 28 iş günü üçün vergi xaric olmaqla 4000 (dörd min) manat; 2) Ekskavator Yükləyici JCB 3CXM, 90 M 006 dövlət qeydiyyat nişanlı, 28 iş günü üçün vergi xaric olmaqla 4000 (dörd min) manat; 3) Ekskavator Yükləyici JCB 3CXSM4T, 90M007 dövlət qeydiyyat nişanlı, 28 iş günü üçün vergi xaric olmaqla 4000 (dörd mln) manat; 4) Ekskavator Yükləyici JCB 3CX14M2NM, 100836 dövlət qeydiyyat nişanlı, 28 iş günü üçün vergi xaric olmaqla 4000 (dörd min) manat; 5) Ekskavator Yükləyici JCB 3CXSM4T, 10R123 dövlət qeydiyyat nişanlı, 28 iş günü üçün vergi xaric oimaqia 4000 (dörd min) manat; 6) Ekskavator Yükləyici JCB 3CXSM4T, 10AB473 dövlət qeydiyyat nişanlı, 28 iş günü üçün vergi xaric oimaqia 4000 (dörd min) manat qeyd edilən texnikalar barədə razılığa gəlmişlər. Sözügedən əlavə hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

9. İcraçı qismində Cavabdeh MMC ilə sifarişçi qismində İddiaçı MMC arasında xx.xx.2023-cü il tarixdə CGXM 03/23 nömrəli xidmət müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən icraçı sifarişçinin sifarişi əsasında xidmətləri icra edərək sifarişçiyə verməyi, sifarişçi isə həmin xidmətləri qəbul etdikdən sonra müqavilə məbləğini ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən xidmətin növləri, xidmət haqqı müqavilənin əlavəsi olan X1 ilə müəyyən edilir. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən bu müqaviləyə uyğun olaraq xidmət icraçı tərəfindən həyata keçirildikdən sonra X1 ilə müəyyən edilmiş qiymətə uyğun xidmət haqqının ümumi məbləği faktiki görülən xidmətin həcminə mütənasib olaraq hər ay üzrə xidmətlərin göstərilməsi ilə bağlı görülmüş işlərin təhvil-təslim aktı tərtib edilərək müəyyən edilir. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən tərəflər arasında görülmüş işlərin təhvil-təslim aktı tərtib edilərək yazılı təsdiq edildikdən sonra xidmət icraçı tərəfindən icra edilmiş hesab edilir. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən bu müqavilə üzrə icra ediləcək xidmətlərin şərtləri və xidmət haqqı əlavələrdə göstərilmişdir. Həmin müqavilənin 3.2-ci bəndinə əsasən icraçı gündəlik görülən işlərlə bağlı xidmət cədvəli tərtib edir. Hər növbəti ayın ilk 5 günü ərzində göstərilmiş xidmətlər üçün tərtib etdikləri cədvəllər əsasında tərəflər arasında görülmüş işlərin təhvil-təslim aktı tərtib olunur, imzalanır, möhürlənir. Həmin müqavilənin 3.3-cü bəndinə əsasən müqavilə üzrə ödəmələr bank köçürmə yolu ilə həyata keçirilir. Həmin müqavilənin 3.4-cü bəndinə əsasən görülmüş işlərin təhvil-təslim aktı tərəflər arasında yazılı təsdiq edildikdən sonra icraçı tərəfindən həmin akt üzrə düzgün formada təqdim edilən elektron qaİmə-faktura əsasında sifarişçi tərəfindən 15 (otuz) iş günü ərzində xidmətlərin dəyəri icraçının bu müqavilədə göstərilən bank hesabına köçürülmə yolu ilə ödənilir.

10. Tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixdə CGXM 03/23 nömrəli xidmət müqaviləsinə xx.xx.2023-cü il tarixli, 01 nömrəli qiymətlərin razılaşma protokolu adlı sənəddən görünür ki, həmin müqavilə üzrə tərəflər sözügedən sənəddə adı qeyd olunmuş xidmətin növü (silindr təmiri – 2 ədəd – 3052 manat ƏDV daxil) barədə razılığa gəlmişlər. Qiymətlərin razılaşdırma protokolu adlı sənəd hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

11. İddiaçı tərəfindən iş materiallarına Görülmüş işlərin təhvil-təslim aktı əlavə edilmişdir.

12. xx.xx.2022-ci il tarixli, EBCJ seriyalı, 421990 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 13771,78 manat (ƏDV daxil) təşkil edir. Qaimədə xx.xx.2022-ci il tarixdə 3 nömrəli xidmət müqaviləsi qeyd olunmuşdur.

13. xx.xx.2022-ci il tarixli, EBCL seriyalı, 013392 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 38518,74 manat (ƏDV daxil) təşkil edir. Qaimədə xx.xx.2022-ci il tarixdə 3 nömrəli xidmət müqaviləsi qeyd olunmuşdur.

14. xx.xx.2023-cü il tarixli, EBCN seriyalı, 287215 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 34152,74 manat (ƏDV daxil) təşkil edir. Qaimədə xx.xx.2022-ci il tarixdə 3 nömrəli xidmət müqaviləsi qeyd olunmuşdur.

15. xx.xx.2023-cü il tarixli, EBCP seriyalı, 033717 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 9018,62 manat (ƏDV daxil) təşkil edir. Qaimədə xx.xx.2022-ci il tarixdə 3 nömrəli xidmət müqaviləsi qeyd olunmuşdur.

16. Cavabdeh MMC ilə İddiaçı MMC arasında imzalanmış xx.xx.2023-cü il tarixli qarşılıqlı borcların üzləşdirilməsi barədə aktdan görünür ki, Cavabdeh MMC-nin xx.xx.2023-cü il tarixə İddiaçı MMC-yə 9018,62 manat borcunun olduğu qeyd edilmişdir. Qarşılıqlı borcların üzləşdirilməsi barədə akt hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

17. "xxxx" MMC (hazırda Cavabdeh MMC) ilə İddiaçı MMC arasında imzalanmış xx.xx.2023-cü il tarixli qarşılıqlı borcların üzləşdirilməsi barədə aktdan görünür ki, "xxxx" MMC-nin (hazırda Cavabdeh MMC) xx.xx.2023-cü il tarixə İddiaçı MMC-yə 34152,74 manat borcunun olduğu qeyd edilmişdir. Qarşılıqlı borcların üzləşdirilməsi barədə akt hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir.

18. İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə göndərilmiş pretenziya məktubundan görünür ki, borc məbləğinin 5 (beş) gün müddətində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı ilə bağlı xəbərdarlıq edilmişdir.

Tətbiq edilən hüquq

19. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.

20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır.

21. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.

Məhkəmənin mövqeyi

22. İşin müəyyən olunmuş hallarından göründüyü kimi, İddiaçı MMC ilə "xxxx" MMC (Cavabdeh MMC-nin əvvəlki adı) arasında 10 oktyabr 2022-ci il tarixli, 3 saylı və 21 fevral 2023-cü il tarixli, CGXM03/23 saylı xidmət müqavilələri bağlanmış və tərəflər arasında həmin müqavilələrdən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Cavabdeh müqavilələrə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirmədiyindən hal-hazırda iddiaçıya borcu yaranmışdır.

23. İddia tələbinin bir hissəsini Cavabdeh MMC-dən 36585,90 manat məbləğində əsas borc və 6585,46 manat ƏDV olmaqla, 43171,36 manat məbləğində pulun tutulması təşkil edir.

24. Məhkəmə müqavilə şərtlərini, qanunvericilik normalarını, cavabdehin müqavilələrə əsasən üzərinə götürdüyü öhdəliyi lazımınca icra etmədiyini, nəticədə onun həmin müqavilələr üzrə iddiaçıya borcunun qaldığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını nəzərə alaraq hesab edir ki, iddia göstərilən hissədə təmin edilməli və Cavabdeh MMC-dən ƏDV daxil 43171,36 manat məbləğində pul tutularaq iddiaçıya ödənilməlidir. Həmin borcun mövcudluğu təqdim olunmuş sənədlərlə (qarşılıqlı üzləşmə aktları, təhvil-təslim aktları, elektron qaimələr və s.) öz təsdiqini tapır. Hər iki qarşılıqlı borcların üzləşdirilməsi aktlarında göstərilmiş məbləğlərin cəmi 43171,36 manat (34152,74+9018,62=43171,36) təşkil edir.

25. İddia tələbinin digər hissəsini cavabdehdən 17361 manat dəbbə pulunun tutulması təşkil edir.

26. Göstərilən tələbə münasibətdə məhkəmə hesab edir ki, cavabdeh tərəfindən borc iddiaçıya müəyyən edilmiş müddət ərzində ödənilmədiyindən iddiaçı cavabdehdən müqavilə şərtlərinə uyğun dəbbə pulunun tutulmasını tələb etməkdə haqlıdır. Məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də tərəflərin əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, həmin hissədə iddia qismən təmin edilməli, cərimə məbləği azaldılaraq 2000 (iki min) manat məbləğində müəyyən edilməli, qalan hissədə isə təmin edilməməlidir.

27. Eləcə də, iddiaçı 320 (üç yüz iyirmi) manat hüquqi yardım və mediasiya xərclərinə görə ödənilmiş 210 manat pulun cavabdehdən onun xeyrinə tutulmasını xahiş etmişdir.

28. Məhkəmə hesab edir ki, 210 (iki yüz on) manat mediasiya və 320 (üç yüz iyirmi) manat hüquqi yardım xərci cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

29. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehndən ƏDV daxil 43171,36 manat (qırx üç min yüz yetmiş bir manat otuz altı qəpik) borc, 2000 (iki min) manat cərimə, 210 (iki yüz on) manat mediasiya, 320 (üç yüz iyirmi) manat hüquqi yardım xərci olmaqla, cəmi 45701,36 manat (qırx beş min yeddi yüz bir manat otuz altı qəpik) məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar