Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2372/2021 24.06.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Səfərli Arzu Mahir qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı «göstərilən xidmət haqqının ödənilməsi» tələbinə dair işə qiyabi icraat qaydasında məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh MMC-yə qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, bağlanılmış 20 sentyabr 2017-ci il tarixli Mühasibatlıq və İnsan Resursları xidmətlərinin göstərilməsinə dair 033AS01 nömrəli müqaviləsinin ləğv edilməsi, qalıq borc olan 9,658.00 (əsas məbləğ 7,800.00 AZN + 858.00 AZN maliyyə sanksiyası + 1,000.00 AZN əməkdaşların sərf etdiyi vaxt) manat pulun tutularaq İddiaçı MMC-nin bank hesabına ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırımışdır ki, 20 sentyabr 2017-ci il tarixində mühasibat və insan resurları sahəsində xidmət göstərilməsinə dair İddiaçı (VÖEN **********) ilə Cavabdeh (VÖEN **********) arasında 033AS01 nömrəli müqavilə imzalanmışdır. Həmin müqaviləyə əsasən İddiaçı mühasibat uçotun və insan resursların rəsmi aparılmasını öz öhdəsinə götürmüşdür və tam həcimdə bütün öhdəlikləri yerinə yetirib. Xidmətin göstərdiyi dövr ərzində cavabdehə (Cavabdeh) heçbir Dövlət Orqanları tərəfindən maliyyə və ya hər hansı bir saksiya hesablanmamış, xidmət yüksək səviyyədə və kefiyyətdə göstərilmiş və cavabdeh tərəfindən dəfələrlə email vastəsi ilə təsdiqlənmişdir. Müqaviləyə əsasən 01.07.2020 tarixdən etibarən 31.12.2020-ci il tarixədək qeyd edilən xidmətlər göstərilmiş və Cavabdeh tərəfindən qəbul edilmişdir. Göstərilmiş xidmətlərin ümumi dəyəri 9,204.00 AZN təşkil etmişdir (əsas məbləğ 7,800.00 AZN + ƏDV-si 1,404.00 AZN). Qeyd edilən əsas məbləğdən 7,800.00 AZN ödənilməmiş və ƏDV-si 1,404.00 AZN tam olaraq ödənilmişdir. Qalan əsas məbləğ üzrə 7,800.00 AZN qısa bir zamanda ödənilməsi üçün bir neçə dəfə rəsmi məktublar və telefon vastəsi ilə bildirilmişdir. Lakin, son zaman Cavabdehn rəhbərliyi ödənilməsini təmin etməmiş, ödənişə heç bir münasibət bildirməmişdir. Həmin müqavilənin 3.2-ci bəndinə əsasən Cavabdeh göstərilmiş xidmətin dəyərini 15 gün ərzində ödənilməsini öz öhdəsinə götürmüşdür. 7800 AZN öhdəliyin yarandığı müddət ərzindən 110 gün keçmiş və ümumi qəbul edilmiş cərimə standartlarını istifadə edərək (hər gün üçün 0,1%) ödənilməyən məbləğə əlavə olaraq 858.00 AZN maliyyə sanksiyası və İddiaçı MMC əməkdaşlarının məhkəmə prossesində itirdiyi vaxtı 1,000.00 AZN qiymətləndirərək 9,658.00 AZN Cavabdehndən tələb olunmasını qərara. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Həmin Məcəllənin 238.4-cü maddəsinə əsasən, işə qiyabi baxılmasına iddiaçının razılığı yazılı formada olmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 241.1-ci maddəsinə əsasən, qiyabi icraat qaydasında işə baxarkən hakim, tərəflərin təqdim etdiyi sübutların tədqiqi ilə kifayətlənir, onların dəlillərini və vəsatətlərini nəzərə alır və qiyabi adlanan qətnamə çıxarır. İddiaçının nümayəndəsi etiraz etmədiyindən Azərbaycan Respublikası Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-2372/2021 saylı 24.06.2021-ci il tarixli qərardadı ilə işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan: İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış 20.09.2017-ci il tarixli 033AS01 nömrəli müqavilədən görünür ki, “Sifarişçi” sifariş verir, “İcraçı” isə bu Müqavilənin şərtlərinə əsasən “Sifarişçi”ni Mühasibat və İnsan Resursları (İR) xidməti ilə təchiz etməlidir. Müqaviləyə əsasən icraçı tərəfindən görüləcək mühasibat və İR xidmətinin keyfiyyətli, göstərilən həcmdə, yüksək professional səviyyədə olması; “Sifarişçi” nin mühasibat uçotunun aparılması qaydalarında səhvlər olduğu halda, onların aradan qaldırılması üçün tövsiyyələr verilməsi; Xidmətlərin göstərilməsi və onların başa çatması zamanı “Sifarişçi”nin kommersiya sirrlərinin qorunub saxlanılması; İnsan resursları üzrə sənədləşmə öhdəlikləri götürülmüşdür. Həmin Müqavilənin 2.2.1-ci bəndinə əsasən sifarişçi görülmüş işlərin dəyərini tam həcmdə bu müqavilənin şərtlərinə əsasən ödəməyi öhdəsinə götürmüşdür. Həmin Müqavilənin 2.2.2-ci bəndinə əsasən sifarişçi müqavilədə göstərilən müddət ərzində xidmətlərin aparılması üçün “İcraçı”nın manəsiz sənədlərə buraxılmasını öhdəsinə götürmüşdür. Həmin Müqavilənin 2.2.3-cü bəndinə əsasən sifarişçi xidmətlərin göstərilməsi və onların başa çatması zamanı “İcraçı’nın kommersiya sirrlərinin qorunub saxlanılmasını öhdəliyini götürmüşdür. Həmin Müqavilənin 3.1-ci bəndinə əsasən göstəriləcək xidmətlərin dəyəri 1300 manat təşkil edir. Həmin Müqavilənin 3.2 –ci bəndinə əsasən “Sifarişçi” hər ay Müqavilənin şərtlərinə əsasən görülmüş işlərin dəyərini xidmət başa çatdıqdan sonra ilk 15 gün ərzində ödəməlidir. Həmin Müqavilənin 5.1-ci bəndinə əsasən bu müqavilə 01.10.2017-ci il tarixdən 31.12.2018-ci il tarixədək qüvvədə olması müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş, 07.05.2020-ci il, 18.05.2020-ci il və 03.07.2020-ci il tarixli ödəniş tapşırığlarından görünür ki, Cavabdeh MMC tərəfindən İddiaçı hesabına ümumilikdə 6500 manat ödəniş edilmişdir. İş materiallarına əlavə edilmiş, 22.12.2020-ci il tarixli ödəniş tapşırığlarından görünür ki, Cavabdeh MMC tərəfindən İddiaçı hesabına 1404 manat ödəniş edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında 01.02.2017-ci il tarixli müqavilə bağlanmışdır. Müqaviləyə əsasən, İddiaçı MMC Cavabdeh MMC-nin sifarişinə əsasən Sifarişçiyə Mühasibat və İnsan Resursları (İR) xidməti göstərməlidir. Bu müqavilənin şərtlərinə uyğun olaraq İcraçı göstərilən xidmətlərini yerinə yetirməyi, Sifarişçi isə öz növbəsində onları qəbul etməyi və dəyərini ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı öz öhdəliyini icra etmişdir, lakin Cavabdeh MMC öhdəliklərinin icrasını tam həyata keçirməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən məhkəməyə 2020-ci il üzrə cavabdehə cəmiyyətə məxsus tərtib edilmiş Vahid Bəyyamə hesabatları, Əmək haqqı cədvəlləri, 2020-ci il üzrə X1, Əmək ili üzrə X2, İşə qəbul edilən və işdən çıxarılan işçilət haqqında hesabatlar məhkəməyə təqdim edilmişdir. Beləliklə iddiaçı tərəfindən müqavilə üzrə nəzərdə tutulmuş öhdəliklərin yerinə yetirilməsinə baxmayaraq, cavabdeh tərəfindən 7800 manat iddiaçıya ödənilməmişdir. Məhkəmə iddia tələbinin 858.00 manat maliyyə sanksiyası və əməkdaşların sərf etdiyi vaxt görə hesablanmış 1000 manat ödənilməsi hissələri ilə bağlı qeyd edir ki: Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Zərər Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Plenum qərarında müraciətlə bağlı qeyd edilmişdir ki, banklar əsasən bağladıqları kredit müqavilələri ilə faizlər əldə etmək üçün fəaliyyət göstərirlər və nəticə etibarilə verilən əsas borcla yanaşı, kredit müqaviləsində nəzərdə tutulan faizlərin əldə edilməməsi bankları ödənilməyən bu məbləği dəyərləndirmək imkanlarından məhrum edir. Buna görə də, kredit borcunu vaxtında ödəməməklə borclu kreditora faktiki olaraq əldən çıxmış fayda şəklində zərər vurmuş olur.Bununla yanaşı, icranın gecikdirilməsi zamanı qanunla nəzərdə tutulmuş minimal faizlərin ödənilməsi imkanı Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsindən irəli gəlir. Həmin normada pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin xüsusi hüquqi nəticələri müəyyən edilmişdir.Belə ki, göstərilən maddənin tələblərinə görə, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 iyul 2009-cu il tarixli Qərarında göstərilmişdir ki, MM-in 445.7-ci maddəsi də borclu tərəfindən pulun gecikdirilməsi halında müəyyən şərtlə ondan faizin tutulmasının mümkünlüyünü təsbit edir. Lakin nəzərə alınmalıdır ki, sözügedən norma MM-in 449.1-ci maddəsindən fərqli olaraq pulun ödənilməsinin gecikdirilməsini ondan faydalanmaqla əlaqələndirməyərək, yalnız zərər və ya digər əsaslarla daha böyük məbləğin tələb edilməsinin mümkün olmadığı təqdirdə, bu faizi tələb etmək hüququnu əks etdirir. Məhkəmə işin hallarını nəzərə alaraq, tələb olunan 858.00 manat maliyyə sanksiyası və əməkdaşların sərf etdiyi vaxt görə hesablanmış 1000 manat vəsaitin tutulması hissələrindən iddia tələbini əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsümu cavabdehdən tələb edilmədiyindən məhkəmə hesab edir ki, ödənilmiş 30 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Qeyd edilənlərə və göstərilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh MMC-dən 7800 manat əsas borc, 858.00 manat maliyyə sanksiyası və əməkdaşların sərf etdiyi vaxta görə hesablanmış 1000 manat olmaqla cəmi 9658 manat pul iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin tələbinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 238, 241-244 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh MMC-dən 7800 (yeddi min səkkiz yüz) manat əsas borc, 858.00 (səkkiz yüz əlli səkkiz) manat maliyyə sanksiyası və əməkdaşların sərf etdiyi vaxta görə hesablanmış 1000 (min) manat olmaqla cəmi 9658 (doqquz min altı yüz əlli səkkiz) manat vəsait İddiaçı MMC-nin xeyrinə tutulsun. Cavabdeh qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 (on) gün müddətində həmin qətnamənin ləğvi barədə Bakı Kommersiya Məhkəməsinə ərizə verməyə haqlıdır. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səbinə Nuriyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-2372/2021
Bakı Kommersiya Məhkəməsi Qiyabi qətnamə — İş №e-2-2(113)-2372/2021
24.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver