Məhkəmə qərarları › İş №e-2-2(113)-241/2022

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-241/2022

16.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-241/2022 16.12.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Giriş hissə: Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, İddiaçının nümayəndə və vəkilləri Vəkil1 və Vəkil3, Cavabdehin nümayəndə və vəkilləri Vəkil2, Vəkil5 və Vəkil4 iştirakları ilə, İddiaçı “xxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı “xxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh Qapalı Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" QSC-dən xxx nömrəli, 13 mart 2019-cu il tarixli subpodrat müqaviləsi üzrə yaranmış 3307144,20 manat məbləğində əsas borcun, öhdəliyin gecikdirilməsi nəticəsində hesablanmış 330714,42 manat pulun və dövlət rüsumu kimi ödənilmiş 30 manat pulun İddiaçıMMC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC xx.xx.2017-ci il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında X1 Dövlət Qeydiyyat İdarəsi tərəfindən ********** nömrəli VÖEN təqdim etməklə dövlət qeydiyyatına alınmışdır. Qeyd edək ki, İddiaçı MMC (subpodratçı) ilə Cavabdeh QSC (podratçı) arasında xxx nömrəli, 13 mart 2019-cu il tarixli subpodrat müqaviləsi bağlanmışdır. Müqavilənin predmetinə əsasən subpodratçı podratçının tapşırığına əsasən “Azərbaycan” xx layihəsində metal konstruksiyaların və boruların rənglənməsi üzrə işləri görür, sifarişçi isə podratçıya icra edilmiş işlərə görə razılaşdırılmış məbləği ödəyir. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən subpodratçı müqavilə üzrə öhdəsinə götürülmüş işləri 8 ay ərzində yerinə yetirəcəkdir. Həmin müqavilənin 5.1-ci bəndinə əsasən hazırkı müqavilə üzrə subpodratçı tərəfindən görüləcək işlərin ümumi dəyəri müqavilənin əlavələrində qeyd olunan vahidə düşən qiymətlər əsasında faktiki işlərin cəmini əks etdirir. Müqavilənin icrası zamanı, sifarişçinin tapşırığı əsasında əlavə işlərin aparılması zərurəti meydana gəldikdə, bu işlərin dəyəri və yerinə yetirilməsi müddəti əlavə razılaşmalar ilə rəsmiləşdirilir və müqavilənin ayrılmaz hissəsi hesab olunur. Həmin müqavilənin 6.1-ci bəndinə əsasən hazırkı müqavilədən irəli gələn öhdəliklərin pozulması və ya lazımi qaydada yerinə yetirilməməsinə görə tərəflər Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə əsasən hüquqi və maddi məsuliyyət daşıyır. Həmin müqavilənin 8.1-ci bəndinə əsasən hazırkı müqavilə imzalandığı andan qüvvəyə minir və işlərin bitmə tarixinədək qüvvədə qalacaqdır. Tərəflərdən hər hansı birinin digərə tərəfə 15 gün öncədən verilmiş yazılı müraciəti əsasında, görülməkdə olan iş başa çatdırılmaqla və mövcud maliyyə öhdəlikləri icra edilməklə müqaviləyə istənilən an xitam verilə bilər. Sözügedən müqaviləyə 01 nömrəli əlavədə ölçü vahidinin p/m olduğu razılaşdırılmış və 1 p/m üçün 10,10 manat müəyyənləşdirilmişdir. Lakin görülmüş işlərin təhvil-təslim aktlarında ölçü vahidi yanlış olaraq kv.m göstərilmiş və Cavabdeh QSC tərəfindən də kv.m-ə uyğun olaraq ödəniş həyata keçirilmişdir. Belə olan halda, görülən işlərə görə 4-5 dəfə az ödəniş olunmuşdur. Belə ki, görülmüş işlərin əvəzi olaraq 1 p/m= 10,10 manat hesabmaqla, cəmisi 4413669,70 manat ödənilməli olduğu halda, cəmi 1106525,50 manat ödənilmiş, (4.413.669,70 - 1.106.525,50 = 3.307.144,20) 3307144,20 manat qalıq borc qalmışdır. Həmin məbləğ hal-hazıradək Cavabdeh QSC tərəfindən İddiaçı MMC-yə ödənilməmişdir. İddiaçı tərəfindən cavabdehə xx.xx.2021-ci il tarixli pretenziya məktubu göndərilərək 3307144,20 manat borcun ödənilməsi tələb edilmişdir. Cavabdeh QSC bu vaxtadək müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməkdən boyun qaçırmış, ödəniş etməmiş, pretenziya məktubuna cavab verməmişdir. Cavabdeh iddia tələbinə etiraz etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, həqiqətən də "xxxx" MMC (subpodratçı) ilə “" QSC (podratçı) arasında xxx nömrəli, 13 mart 2019-cu il tarixli subpodrat müqaviləsi bağlanmışdır. Müqavilənin predmetinə əsasən subpodratçı podratçının tapşırığına əsasən "Azərbaycan" xx layihəsində metal konstruksiyaların və boruların rənglənməsi üzrə işlərin bir qismini həyata keçirməli idi, tələb olunan işlər görülmüş və ödəniş də tam həcmdə yerinə yetirilmişdir. Lakin subpodratçı şirkət yeni layihələrdə də iştirak etmək istəyini bildirmiş, gördüyü işlər qismən qənaətbəxş olduğundan əməkdaşlığın davam etdirilməsi məqsədəuyğun hesab edilməmişdir. İddia tamamilə əsassızdır. İşin faktiki halları təhrif edilmiş formada çatdırılmaqla çaşqınlıq yaradılmağa cəhd edilmişdir. Bunu qarşı tərəfin iddia ərizəsində qeyd etdikləri də bir daha təsdiq edir. Əvvəla bir qiymət razılaşmasından fərqli qaydalar, hesablanma üsulu nəzərdə tutulmamış, bununla əlaqədar hər hansı yeni müqavilə və ya müqaviləyə əlavə edilmiş qiymət razılaşması, ölçülərin iddia ərizəsində göstərilən qaydalara uyğun hesablanması qeyd edildiyi hər hansı sənəd mövcud olmamışdır. Sonradan İddiaçı MMC Cavabdeh QSC-nin təsdiqi olmadan uydurma müqavilələr bağlayaraq guya hesablar arasında bu kimi fərqlər yaranmışdır. Müqavilə üzrə işlər yerinə yetirilmiş, öhdəliklər tam həcmdə icra edilmiş, bununla əlaqədar təhvil-təslim aktları tərtib edilmiş, lakin bu günədək haqqında bəhs edilən ölçü vahidləri arasında ziddiyyətlə əlaqədar heç bir rəsmi sənəd təqdim edilməmişdir. Ona görə ki, ödənişlərin həyata keçirilməsindən fərqli qaydalar, razılaşmalar olmamışdır. İddiaçı MMC (subpodratçı) ilə "xxxx" QSC (podratçı) arasında xxx nömrəli, 13 mart 2019-cu il tarixli subpodrat müqaviləsinə edilmiş 1 saylı əlavədən də göründüyü kimi, qiymət razılaşması 10,10 manat müəyyən edilmiş, ödənişlər də həmin tarif cədvəlinə uyğun, həmin məbləğdə həyata keçirilmişdir. 13 mart 2019-cu il tarixli subpodrat müqaviləsinin 5.1. bəndinə əsasən hazırkı müqavilə üzrə subpodratçı tərəfindən görüləcək işlərin ümumi dəyəri müqavilənin əlavələrində qeyd olunan vahidə düşən qiymətlər əsasında faktiki işlərin cəmini əks etdirir. Müqavilənin icrası zamanı sifarişçinin tapşırığı əsasında əlavə işlərin aparılması zərurəti meydana gəldikdə, bu, işlərin dəyəri və yerinə yetirilməsi müddəti əlavə razılaşmalar ilə rəsmiləşdirilir və müqavilənin ayrılmaz hissəsi hesab olunur. Qiymət razılaşması yalnız bir dəfə aparılmış, bu da, hər kvadrat metrə 10,10 manat ödənilməsindən ibarətdir. P/m deyə bir ölçü vahidi olmadığından bu cür hesablama aparmağın nə faktiki, nə də hüquqi əsası yoxdur. Müqavilə üzrə bütün ödəmələr bank əməliyyatları vasitəsilə aparılmışdır, bu, təsdiqedici sənədlərdən də bəlli olur. Müqavilədən kənar hər hansı göstəriş verilməmiş, qeyri-rəsmi işlər görülməmiş və ödənişlər həyata keçirilməmişdir. Qarşı tərəfin istinad etdiyi qiymət dəyişikliyi edilmiş digər təhvil-təslim aktı Cavabdeh QSC tərəfindən imzalanmadığı və təsdiq edilmədiyindən həmin aktın heç bir hüquqi əhəmiyyətinin olmamasını, sonradan fərziyələr əsasında tərtib edilməsini nəzərə almağı xahiş edir. Çünki göstərilən akt tərtib edilərkən Cavabdeh QSC-nin iradə ifadəsi olan imza və möhürü həmin aktda yoxdur. Birtərəfli tərtib edilmiş müqavilə münasibətləri mövcud olmadığından, iddianın da açıq-aşkar əsassız və sübutsuz olması qənaətinə gəlmək mümkündür. Müqavilənin icra müddətində və təhvil-təslim prosesində İddiaçı MMC ilə aralarında mübahisə yaranmamışdır. Bu barədə də həmin vaxt hər hansı təsdiqedici qeyd aparılmamışdır. Necə ola bilər ki, müraciətdə göstərildiyi kimi, 4-5 dəfə az ödəniş edilsin, həmin vaxt bu qədər fərq nəzərlərdən yayınmiş olsun. Şirkətlərin işlərin görülməsində rəqabətliliyi şəraitində bu qədər vəsait fərqini görməməsi elə müraciətin əsassız olmasını deməyə bərabərdir. Belə olan təqdirdə tərəflərindən icra edilməmiş hər hansı öhdəlik olmadığından edilən müraciətin əsassız olması qənaətindədir. Yuxarıda göstərilənləri nəzərə alaraq iddia əsassız olduğundan, yalnız iddiaçının yeni müqavilələrdə iştirak etmək istəyindən irəli gəldiyindən rədd edilməsini xahiş edir. İddiaçının nümayəndəsi tərəfindən verilən “İddia ərizəsinə əlavə”də göstərilir ki, hazırda iddia ərizəsinə dair əlavələr etmək zərurəti yaranmışdır. İddiaçı MMC (Subpodratçı) ilə cavabdeh arasında bağlanmışxxx nömrəli, 13 mart 2019-cu il tarixli subpodrat müqaviləsinin predmetinə əsasən subpodratçı podratçının tapşırığına əsasən “Azərbaycan” xx layihəsində metal konstruksiyaların və boruların rənglənməsi üzrə işlərini görür, sifarişçi isə podratçıya icra edilmiş işlərə görə razılaşdırılmış məbləği ödəyir. Həmin müqavilə üzrə 01 nömrəli Əlavəyə əsasən görülmüş işlərin əvəzi olaraq 1 p/m=10.10 manat (qiymət razılaşdırılması) müəyyən edilmişdir. (10.10 manata daxildir: material (boya, boya qatı, usta aksesuarları), nəqliyyat xərci və texnika, ustanın xidmət haqqı). Müqavilə üzrə cəmisi 4.413.669,70 manat ödənilməli olduğu halda, cəmi 1.106.525,50 manat avans olaraq ödənilmiş, (4.413.669,70-1.106.525,50=3.307.144,20) 3.307.144,20 manat qalıq borc qalmışdır. Cavabdehə Forma 2 aktı tərtib edilərək göndərilmişdir. Cavabdehin sifarişçi ilə bağladığı podrat müqaviləsinə görə görülmüş işlərin əvəzi həm kv.m, həm də p/m üzrə hesablanmışdır. Belə ki, 1 kv.m = 32,17 m; p/m = 23,95 manatdır. Yalnız bizimlə cavabdeh arasında bağlanılan xxx nömrəli, 13 mart 2019-cu il tarixli subpodrat müqaviləsində isə görülmüş işlərin əvəzi yalnız p/m üzrə hesablanmışdır. Şifahi olaraq isə tərəflərin razılaşmasına görə, kv.m də nəzərə alınmalı və 1 kv.m görə 17,70 manat ödənilməli idi. Göründüyü kimi, kv.m ilə p/m arasında 9 manatadək fərq vardır. Digər subpodratçıların razılaşmalarında həm kv.m və p/m göstərilmiş, yalnız İddiaçı MMC ilə bağlanılan müqavilədə görülmüş işlərin əvəzi p/m üzrə göstərilmişdir. İş həcminin p/m olmasına dair fotoşəkillər məhkəməyə təqdim edilmişdir. Hazırki müqavilə üzrə bütün işlər görülmüş, təhvil verilmişdir. Bununla belə, əvvəlki sahənin çertyoju olmadığına görə və həmin ərazidə işləri yerinə yetirən bir neçə podartçı olduğuna görə iş həcmləri smeta üzrə hesablanmamışdır, ona görə də 1 p/m və 1 kv.m üzrə razılaşdırılmışdır və Forma 2 aktlar üzrə tərtib olunmuşdur. Yuxarıda göstərilənlərə əsasən iddianın təmin olunması barədə qətnamə çıxarılması xahiş olunur. İddiaçının nümayəndəsi tərəfindən təqdim edilən izahat xarakterli ərizədə qeyd olunur ki, tərəflər arasında bağlanmış xxx saylı, 13 mart 2019-cu il tarixli subpodrat müqaviləsinə əsasən iddiaçı cavabdehin sifarişi ilə "xxxx"-də metal konstruksiyaların və boruların rənglənməsi işlərini görməyi, sifarişçi həmin işlərin həcmini p/m ölçü vahidi ilə hesablayıb (müqaviləyə əlavəyə əsasən) dəyərini ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı tərəfindən 436997 p/m həcmində işlər görülmüşdür. Həmin işlər cavabdeh tərəfindən 4 dəfə azaldılıb, 109557 m2 ölçü kimi qiymətləndirilmişdir. Belə ki, subpodratçı olan iddiaçının gördüyü işlərin "xxxx"-ə təhvil verilməsi ilə bağlı “Azərbaycan xx-lə cavabdeh arasında “Yerinə yetrilmiş təmir-tikinti işlərinin qəbulu” haqqında 4 akt tərtib edilmişdir. Həmin aktlar "xxxx"-lə cavabdeh arasında tərtib edilərkən iş həcmləri yanlış olaraq m2 kimi göstərilmişdir. Həmin aktlarda iş həcmləri belə qeyd olunur : 1) metal konstruksiyaların və boruların rənglənməsi, iş həcmi 49850 m2; 2) metal konstruksiyaların və boruların rənglənməsi, iş həcmi 16348 m2; 3) metal konstruksiyaların və boruların rənglənməsi, iş həcmi 12557 m2; 4) metal konstruksiyaların və boruların rənglənməsi, iş həcmi 30802 m2. Həmin iş həcmlərini hesablayanda 49850+16348+12557+30802=109557 m2 edir. Ancaq iddiaçının gördüyü işlərin bu cür hesablanması düzgün deyil, cavabdeh görülmüş işi müqaviləyə zidd olaraq 4 dəfə azaldıb. 109557 x 4 = 438.228 p/m. Bu səbəbdən cavabdeh ödənişi düzgün icra etməyib. Cavabdeh tərəfindən rəylə bağlı təqdim olunan etiraz ərizəsində qeyd olunur ki, ekspert rəyi tamamilə iddia ərizəsinin rəyə köçürülməsi ilə tərtib olunmuşdur. Milyonlarla vəsaitin iddia ərizəsində göstərildiyi kimi, (hətta qəpiklər belə eynidir) rəyə yazılması dəqiq hesablamaların aparılmasını tələb edirdi. Belə hesablamalar ümumiyyətlə aparılmayıb. Hesablamaların harada hansı sənədlər əsasında aparılması ümumiyyətlə yoxdur. Ekspert 436997 paqon metrə ölçünü 1 saat ərzində hansı qurğu ilə hesablayıb? Ekspert 10-dan çox şirkətin boyama işləri apardığını bildiyi halda (tərəflər bunu təsdiq edir ki, bütün boyama işləri bir şirkət tərəfindən aparılmayıb) hansı təsdiqedici sənədlə və ya vizual müşahidə ilə 436997 paqon metrə məsafəni ölçüb? Ekspert boyaq işlərinin aparılmasından 3 il keçdikdən sonra yenidən dəfələrlə restavrasiya və bərpa işləri aparılmış tikililərin hansı hissəsini hansı metodları tətbiq etməklə araşdırıb, paqon metrəsinə qədər dəqiqləşdirib? Yuxarıda sadalananlara əsasən dövlət üçün ən mühüm stateji obyektlərdən biri olan, ölkə əhalisini enerji resursları ilə təmin edən, regionun ən böyük xx-də 1 saat həyətini gəzməklə, heç bir sənədi tədqiq etmədən verilmiş ekspert rəyi qəti şəkildə mühüm sənəd hesab edilə bilməz. Ona görə də məhkəmədən qətnamə qəbul edilərkən haqqında bəhs edilən rəyi nəzərə almadan qərar qəbul olunması xahiş olunur. İddiaçının nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçının nümayəndəsi və vəkili Vəkil3 məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 məhkəmə iclasında etiraz ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbinə etiraz etdi və iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi və vəkili Vəkil5 məhkəmə iclasında iddia tələbinə etiraz etdi və iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi və vəkili Vəkil4 məhkəmə iclasında iddia tələbinə etiraz etdi və iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasına dəvət edilmiş iş üzrə rəy verən ekspert bildirdi ki, tərəflərin iştirakı ilə yerində baxış keçirilmiş və ekspert rəyi tərtib edilmişdir. Ekspertiza iş materiallarına və xüsusi biliyə əsasən aparılmışdır. Ekspert rəyində qeyd edilmiş 436997 paqon metr ölçünü iş materiallarına əsasən əldə etmişdir. Həmin ərazini faktiki yerində ölçmək bir aydan çox da çəkə bilər. Boruların rənglənməsi kvadrat metrlə deyil, paqon metrlə hesablanır. Paqon metr uzunluq vahididir, sahə vahidi deyildir. 1 paqon metr neçə kvadrat metr etməsi həmin əşyanın enindən asılıdır. Ensiz əşyalar paqon metrlə ölçülür. Yerində baxış zamanı hansı işlər təqdim edilibsə, onların əsasında və iş materiallarına uyğun rəy verilmişdir. Yerində ölçmə işləri aparılmamışdır. Bildirdilər ki, yalnız baxış keçirilməsinə icazə verilir. Ekspert rəyini iş materiallarında olan sənədlərə uyğun tərtib etmişdir. Baxış keçirilən zaman hansı işlərin kvadrat metrlə, hansıların isə paqon metrlə görülməsini müəyyən etmək mümkün olmadı. Məhkəmə iclasında şahid qismində dindirilən X2 ifadə verərək bildirdi ki, briqadası ilə birlikdə İddiaçı MMC tərəfindən boya işlərini həyata keçirmişdir. Dəmir konstruksiyaları rəngləmişlər. Ölçmə işləri paqon metrlə aparılmışdır. Həmin yerdə kvadrat metrlə ölçüləsi yer yox idi. Görülmüş işlərin ümumi dəyəri 45-50 min manat dəyərində idi. Briqadasına işlərin hər paqon metrinə görə 3 manat ödəniş edilirdi. Analoji boya işlərində hesablama qaydası paqon metrlə aparılır. Əsaslandırıcı hissə: Məhkəmə tərəflərin izahatlarını dinləyib, sübutları məcmu halda qymətləndirərək hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, iş materiallarından görünür ki: - “Podratçı” Cavabdeh QSC ilə “subpodratçı” İddiaçı MMC arasında 13 mart 2019-cu il tarixli, xxx saylı subpodrat müqaviləsi bağlanmışdır. Müqavilənin 1-ci bəndinə əsasən subpodratçı podratçının tapşırığına əsasən “Azərbaycan” xx layihəsində metal konstruksiyaların və boruların rənglənməsi üzrə işləri görməyi, sifarişçi isə podratçıya icra edilmiş işlərə görə razılaşdırılmış məbləği ödəməyi öz öhdəsinə götürür. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən subpodratçı müqavilə üzrə öhdəsinə götürülmüş işləri 8 ay ərzində yerinə yetirəcəkdir. Həmin müqavilənin 5.1-ci bəndinə əsasən hazırkı müqavilə üzrə subpodratçı tərəfindən görüləcək işlərin ümumi dəyəri müqavilənin əlavələrində qeyd olunan vahidə düşən qiymətlər əsasında faktiki işlərin cəmini əks etdirir. Müqavilənin icrası zamanı, sifarişçinin tapşırığı əsasında əlavə işlərin aparılması zərurəti meydana gəldikdə, bu işlərin dəyəri və yerinə yetirilməsi müddəti əlavə razılaşmalar ilə rəsmiləşdirilir və müqavilənin ayrılmaz hissəsi hesab olunur. - 13 mart 2019-cu il tarixli, xxx saylı subpodrat müqaviləsinə 01 nömrəli əlavəyə əsasən ölçü vahidi p/m olaraq razılaşdırılmış və qiymət razılaşması 10,10 manat (ƏDVsiz) müəyyənləşdirilmişdir. - SPM- saylı subpodrat müqaviləsi üzrə yerinə yetirilmiş təmir tikinti işlərinin qəbulu aktından (forma 2) görünür ki, görülmüş işlərin (ölçü vahidi: k/m, miqdarı: 14852) ümumi dəyəri ƏDV daxil olmaqla 177006,14 manat təşkil edir. Akt hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. - 10.06.2019-cu il tarixli hesab-fakturadan görünür ki, Cavabdeh QSC tərəfindən İddiaçı MMC-nin hesabına ƏDV daxil olmaqla 177006,14 manat məbləğində ödəniş həyata keçirilməli idi. - SPM- saylı subpodrat müqaviləsi üzrə yerinə yetirilmiş təmir tikinti işlərinin qəbulu aktından (forma 2) görünür ki, görülmüş işlərin (ölçü vahidi: p/m, miqdarı: 43250) ümumi dəyəri ƏDV daxil olmaqla 515453,50 manat təşkil edir. Akt hər iki tərəfin imzası və möhürü ilə təsdiq edilmişdir. - 18.03.2019-cu il tarixli hesab-fakturadan görünür ki, Cavabdeh QSC tərəfindən İddiaçı MMC-nin hesabına ƏDV daxil olmaqla 515453,50 manat məbləğində ödəniş həyata keçirilməli idi. - 17.04.2019-cu il tarixli köçürmənin aparılması haqqında bildirişdən görünür ki, Cavabdeh QSC tərəfindən ƏDV sub-uçot hesabından İddiaçı MMC-nin hesabına 70765,65 manat məbləğində vəsait köçürülmüşdür. - 11.06.2019-cu il tarixli köçürmənin aparılması haqqında bildirişdən görünür ki, Cavabdeh QSC tərəfindən ƏDV sub-uçot hesabından İddiaçı MMC-nin hesabına 24300,85 manat məbləğində vəsait köçürülmüşdür. - 18.04.2019-cu il tarixli ödəniş tapşırığından görünür ki, Cavabdeh QSC tərəfindən İddiaçı MMC-nin hesabına 393142,5 manat məbləğində vəsait köçürülmüşdür. - 11.06.2019-cu il tarixli ödəniş tapşırığından görünür ki, Cavabdeh QSC tərəfindən İddiaçı MMC-nin hesabına 135004,68 manat məbləğində vəsait köçürülmüşdür. - İddiaçı MMC ilə Cavabdeh QSC arasında bağlanmış qüsur aktından görünür ki, SPM- saylı müqaviləyə əsasən təhvil verilmiş işlərdə ƏDV daxil olmaqla 34622,86 manat məbləği həcmində qüsurlar aşkarlanmışdır. - İddiaçı MMC ilə Cavabdeh QSC arasında bağlanmış qüsur aktından görünür ki, SPM- saylı müqaviləyə əsasən təhvil verilmiş işlərdə ƏDV daxil olmaqla 34622,98 manat məbləği həcmində qüsurlar aşkarlanmışdır. - 11.06.2019-cu il tarixli, EAAV seriyalı, nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh QSC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 177006,14 manat təşkil edir. - 15.03.2019-cu il tarixli, EAAR seriyalı, nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh QSC-yə yola salınmış malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ümumi məbləği 515453,50 manat təşkil edir. - İddiaçı MMC pretenziya məktubu ilə Cavabdeh QSC-yə müraciət edərək subpodrat müqailəsinin ləğv edilməsi, subpodrat müqaviləsi üzrə yaranmış 3307144,20 manat məbləğində əsas borcun, öhdəliyin gecikdirilməsi nəticəsində hesablanmış 330714,42 manat pulun ödənilməsini xahiş etmiş, əks təqdirdə eyni tələblə məhkəməyə müraciət ediləcəyini bildirmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 12 oktyabr 2022-ci il tarixli, 10/3905 saylı ekspert rəyindən müəyyən olunur ki, İddiaçı MMC (Subpodratçı) ilə Cavabdeh QSC (Podratçı) arasında bağlanmış xxx nömrəli, 13 mart 2019-cu il tarixli subpodrat müqaviləsinə (müqavilənin tərkib hissəsi olan 1 nömrəli əlavəyə) əsasən görülmüş işlərin həcmi 436997 p/m (paqon metr) təşkil edir. İddiaçı MMC (Subpodratçı) ilə Cavabdeh QSC (Podratçı) arasında bağlanmış xxx nömrəli, 13 mart 2019-cu il tarixli subpodrat müqaviləsi üzrə görülmüş işlərin həcmi həmin müqaıiləyə əsasən p/m (paqon metr) ölçü vahidi ilə ölçülməlidir. İddiaçı MMC (Subpodratçı) ilə Cavabdeh QSC (Podratçı) arasında bağlanmış xxx nömrəli, 13 mart 2019-cu il tarixli subpodrat müqaviləsi üzrə görülmüş işlərin dəyəri İddiaçı MMC tərəfindən görülmüş işlərə uyğun ödənilməmiş və görülmüş işlərə görə verilmiş ödəniş kv/m (kvadrat metr) ölçü vahidi üzrə hesablanmışdır. İddiaçı MMC (Subpodratçı) ilə Cavabdeh QSC (Podratçı) arasında bağlanmış xxx nömrəli, 13 mart 2019-cu il tarixli subpodrat müqaviləsi üzrə İddiaçı MMC tərəfindən xxnda görülmüş boya işlərinin 436997 p/m olduğu halda Cavabdeh QSC tərəfindən həmin işlərin 109557 kv/m (kvadrat metrə) çevrilməsi və həmin görülmüş işlərə dair p/m (paqon metr) adı ilə ödənişin aparılması tərəflər arasında bağlanmış müqaviləyə uyğun olmadığı müəyyən edilir. İddiaçı MMC tərəfindən xxnda dəmir boru və dəmir konstruksiyaların boyalanması zamanı həcimcə radiusu 2 sm olan boruların kv/m (kvadrat metr) ilə ölçülməsi tərəflər arasında bağlanmış müqaviləyə uyğun gəlmədiyi müəyyən edilir. Qeyd olunur ki, həmin növ işlər p/m (paqon metr) ölçü vahidi ilə hesablanmalıdır. Beləliklə, məhkəmə araşdırması nəticəsində müəyyən olundu ki, İddiaçı MMC ilə Cavabdeh QSC arasında 13 mart 2019-cu il tarixdə subpodrat müqaviləsi bağlanmış, tərəflər arasında həmin müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Müqavilə üzrə işlər iddiaçı tərəfindən görülərək cavabdehə təqdim edilmişdir. İşlərin görülməsi ilə bağlı tərəflər arasında hər hansı mübahisə olmamışdır. İddiaçı cavabdeh tərəfindən tətbiq olunmalı ölçü vahidinə uyğun müqavilə üzrə görülmüş işlərin həcmini mübahisələndirmiş və ödənilmiş məbləğin ödənilməli məbləğdən az olması halına istinad edərək məhkəməyə müraciət etmişdir. Həmçinin müəyyən olunur ki, sifarişçi olan "xxxx" MMC ilə Cavabdeh QSC arasında podrat müqaviləsi bağlanmış, Cavabdeh QSC ilə iddiaçı arasında hazırkı mübahisənin irəli gəldiyi xxx nömrəli, 13 mart 2019-cu il tarixli müqavilə, həmçinin digər subpodrat müqavilələri bağlanmışdır. Azərbaycan xx-də eyni xarakterli işlərin görülməsi üçün digər subpodratçılarla da müqavilələr bağlanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə müvafiq olaraq, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur... Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. 753.2-ci maddəsinə əsasən əgər müqavilədə nəzərdə tutulan iş həcminin yerinə yetirilməsi üçün muzdun əsasları müqavilə bağlandıqdan sonra sifarişçinin sərəncamları əsasında dəyişmişdirsə, onda dəyərin artması və ya azalması nəzərə alınmaqla yeni qiymət razılaşdırılmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 103.2-ci maddəsinə əsasən ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır. Əvvəla qey olunmaldır ki, məhkəmə hazırkı iş üzrə verilmiş ekspertin rəyi ilə razılaşmır və həmin rəyi mötəbər sübut qismində qəbul etmir və belə qənaətə gələrkən aşağıdakıları nəzərə alır. Belə ki, 12 oktyabr 2022-ci il tarixli, 10/3905 saylı ekspert rəyində 13 mart 2019-cu il tarixli subpodrat müqaviləsinə (müqavilənin tərkib hissəsi olan 1 nömrəli əlavəyə) əsasən görülmüş işlərin həcminin 436997 p/m (paqon metr) təşkil etməsi qeyd edilsə də, həmin rəyi tərtib etmiş ekspert məhkəmə iclasında bildirmişdir ki, yerində hər hansı ölçmə işləri aparılmamış, məlumatları iş materiallarından əldə etmiş, göstərilən nəticəyə iş materiallarına əsasən gəlmişdir. O bildirmişdir ki, həmin ərazini faktiki yerində ölçmək bir aydan çox da çəkə bilərdi. Beləliklə, mübahisə tətbiq olunmalı ölçü vahidinə uyğun hesablanmadığı və bu halda da ödənilmiş məbləğin ödənilməli məbləğdən az olması ilə bağlıdır. 13 mart 2019-cu il tarixli, xxx saylı subpodrat müqaviləsinə 01 nömrəli əlavəyə əsasən ölçü vahidi p/m olaraq razılaşdırılmış və qiymət razılaşması 10,10 manat müəyyənləşdirilmişdir. Yerinə yetirilmiş təmir tikinti işlərinin qəbulu aktlarında (forma 2) ölçü vahidi kimi p/m qeyd olunmuşdur. Aktların birində p/m əvəzinə k/m yazlsa da, açıq görünür ki, texniki səhvə yol verilibdir, çünki, kv.m-in yazılışı başqadır, tərəflər arasında başqa ölçü vahidi də nəzərdə tutulmayıb. İş materiallarında olan sənədlərə gəldikdə, məhkəmə hər iki tərəfin imzalayıb möhürlədiyi yerinə yetirilmiş təmir tikinti işlərinin qəbulu aktlarını (forma 2) mötəbər sübut qismində qəbul edir. Həmin aktlarda (2 akt) iş həcminin 58102 p/m (14852+43250=58102) olduğu, görülmüş işlərin ümumi dəyərinin ƏDV daxil olmaqla 692459,64 manat (177006,14+ 515453,50=692459,64) təşkil etdiyi qeyd olunur. xxx saylı subpodrat müqaviləsi üzrə 2 qüsur aktı təqdim olunmuşdur. Hər iki tərəfin imzalayşb möhürlədiyi qüsur aktlarından müəyyən olunur ki, SPM- saylı müqaviləyə əsasən təhvil verilmiş işlərdə ƏDV daxil olmaqla 69245,84 manat (34622,98+34622,86=69245,84) məbləği həcmində qüsurlar aşkarlanmışdır. Müqavilə şərtlərinə uyğun 69245,84 manat məbləğ görülmüş işlərin ümumi dəyərindən (692459,64 manat) çıxılmaqla iddiaçıya yerinə yetirilmiş işlərin dəyəri ödənilmişdir. Bununla bağlı məhkəməyə müvafiq sübutlar təqdim olunmuşdur. İş materiallarında olan, iddiaçı tərəfindən təqdim olunan, yalnız iddiaçının imzası və möhürü ilə təsdiq edilmiş aktları məhkəmə sübut qismində qəbul etmir. Eləcə də vurğulanmalıdır ki, hazırkı tərəflər arasında olan münasibətlər iddia ərizəsində istinad edilən subpodrat müqaviləsi, ona edilən əlavə ilə tənzimlənmişdir. Hər iki tərəfin iradə ifadəsinin əksini tapdığı həmin müqavilə və onun tərkib hissəsi olan əlavəyə uyğun ölçü vahidi p/m olaraq götürülmüş, hesablama da ona uyğun (10,10 manat) aparılmışdır. Eləcə də, iddiaçı 436997 p/m həcmində işlərin görülməsi, həmin işlərin cavabdeh tərəfindən 4 dəfə azaldılmasını qeyd etsə də, müvafiq sübutların təqdim olunmasının təklif edilməsinə baxmayaraq, göstərilən halları, eləcə də ərizədə qeyd edilən digər halları təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. Həmçinin məhkəmə iclasında bildirilmişdir ki, AES-də eyni xarakterli işlərlə bağlı çoxsaylı subpodrat müqavilələri (həmçinin iddiaçı ilə bir neçə subpodrat müqaviləsi bağlanılıb) bağlandığından məhz hazırkı müqavilə ilə bağlı görülmüş işlərin həcminin yerində müəyyən olunması mümkün deyil. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mülki prosessual qanunvericilikdə məhkəmənin çəkişmə prinsipinin təmin edilməsi üzrə fəaliyyəti bir sıra normalarla tənzimlənir. Bunların sırasında sübutetmə vəzifəsini, sübutların təqdim edilməsi və tələb olunmasını xüsusilə qeyd etmək olar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Mülki Prosessual Məcəllənin 80, 81 və 88ci maddələri). Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallarla mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbində qeyd edilənlərin mövcudluğunu təsdiq edəcək hər hansı mötəbər sübut məhkəməyə təqdim olunmadığından iddia rədd olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi rədd edildiyindən, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində pul “xxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (kod: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, hesab: AZ34CTRE********************) köçürülməlidir. Nəticə hissəsi: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində pul “xxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (kod: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN: **********, hesab: AZ34CTRE********************) köçürülsün. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zeynəb Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar