Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2444/2025 12.05.2025 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh «xx” Açıq Səhmdar Cəmiyyətinə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə iş (açar sözlər: alqı-satqı müqaviləsi, borcun ödənilməsi) Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Süleymanov Namiq Əsgər oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı pul tələbinə dair kommersiya mübahisəsi üzrə işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxıldı. İşin halları:
1. İddiaçı (İddiaçı MMC) Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə (Cavabdeh ASC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən aldığı malın dəyəri olan 5900 manat, 3174,2 manat faiz borcu, ödənilmiş 114 manat dövlət rüsumu və hüquqi yardım üçün ödənilmiş 300 manat olmaqla, ümumilikdə 9488 (doqquz min dörd yüz səksən səkkiz) manat pulun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, 12 iyul 2023-cu il tarixdə "xxxx" MMC ilə Cavabdeh ASC arasında 1207/23 nömrəli beton məhsulunun alqı-satqı müqaviləsi bağlanmış və həmin müqavilənin şərtinə əsasən tərəflər razılaşmışlar ki, satıcı olan İddiaçı MMC müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında alıcı olan Cavabdeh ASC tərəfindən verilmiş spesifikasıyalara (əlavə 2) uyğun olaraq alıcının tikinti obyektlərini beton qarışığı ilə təchiz etməsini öz öhdəsinə götürür, alıcı isə öz növbəsində satıcı tərəfindən spesifikasiyalara uyğun göndərilmiş beton məhsulunu qəbul etməsini və dəyərini razılaşma protokolunda (Əlavə 1) göstərilən qiymətlərə əsasən 5 iş günü ərzində ödənilməsini öz öhdəsinə götürür. 13 iyul 2023-cü il tarixdə müqavilə şərtinə əsasən "xxxx" MMC tərəfindən Cavabdeh ASC-nin obyektinə ümumilikdə 51760,70 manat (ƏDV daxil) dəyərində 185.5 kub beton məhsulu göndərilmış və alıcı tərəfindən həmin beton məhsulu tam həcmdə qəbul edilmişdir. Bu barədə müvafiq sənədləşmə aparılmışdır. 17 iyul 2023cü il tarixdə "xxxx" MMC tərəfindən Cavabdeh ASC-yə alınmış beton məhsulunun dəyərinin ödənilməsi ilə bağlı EBDK seriyalı, 055604 nömrəli elektron qaimə-faktura göndərilmiş, lakin bugünədək alıcı tərəfindən məhsulun dəyərinin böyük bir qismi ödənilsə də, qalan 5900 (beş min doqquz yüz) manat ödənilməmişdir. Bundan başqa, qeyd edilən alqı-satqı müqaviləsinin 7.3-cü bəndinə əsasən alıcı bu müqavilənin 7.2-ci bəndində göstərilmiş müddətdə malın dəyərini ödəmədiyi halda satıcıya hər gecikdirilmiş gün üçün hesab fakturada göstərilmiş məbləğin 0,1% məbləğində cərimə pulu ödəməlidir. Alıcı olan Cavabdeh ASC tərəfindən malın dəyərinin ödənilməsi 538 gün gecikdirilmişdir, bu isə 3174,2 manat təşkil edir. Hesab edilir ki, bu məbləğ də cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. 17 dekabr 2024-cü il tarixdə satıcı olan İddiaçı MMC tərəfindən alıcı olan Cavabdeh ASC-yə satılmış məhsulun dəyərinin ödənilməsi ilə bağlı pretenziya məktubu göndərilmiş, lakin buna baxmayaraq, ASC şifahi olaraq alınan malın dəyərini ödəyəcəyinı vəd versə də, bunu etməmişdir. Bundan başqa, cavabdeh tərəfindən yol verilmiş mülkihüquq pozuntusu ilə əlaqədar İddiaçı MMC tərəfindən məhkəmədə iddia qaldırmaqdan ötrü 114 manat dövlət rüsumu və 300 manat hüquqi yardım üçün pul ödənilmişdir Hesab edilir ki, qeyd edilən məbləğlər də cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
3. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425, 430.1, 442, 445.3, 449.1-ci maddələrinə istinad olunmuşdur.
4. Daha sonra iddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən “iddianın həcminin azaldılması” barədə ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, 14 mart 2025-ci il tarixdə Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən borcundan 1500 manat ödənilmiş, ona görə də iddianın həcmini qeyd edilən məbləğdə azaldaraq, cavabdehdən 7988 manat məbləğində pulun tutularaq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsi barədə ərizə ilə müraciət edilmişdir. 14 mart 2025-ci il tarixdə Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən ƏDV borcundan 270 manat ödənilmiş, ona görə də iddianın həcmini qeyd edilən məbləğdə azaldaraq, cavabdehdən 7718 manat məbləğində pulun tutularaq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilir.
5. Cavabdeh tərəfindən iddiaya yazılı etiraz daxil olmamışdır. Tədqiq olunan sübutlar:
6. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia tələbini müdafiə etdi və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi.
7. Cavabdehin nümayəndəsi məhkəmə iclasında izahat verərək bildirdi ki, iddianı əsas borc hissəsində qismən qəbul edirlər, digər hissələrdə isə qəbul etmirlər. Belə ki, hesab edirlər ki, 1899,80 manat məbləğdə mal onlara təhvil verilməyib, qalan hissədə malı təhvil almışlar. Ona görə həmin məbləğ cavabdehdən tutulmamalıdır.
8. Məhkəmə iclasında tədqiq edilərək sübut qismində işə əlavə edilmiş sənədlərdən görünür ki, İddiaçı MMC ilə Cavabdeh ASC arasında 12 iyul 2023-cü il tarixli, N-1207/23 nömrəli beton məhsulunun alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilənin 3.1-ci bəndinə əsasən tərəflər razılaşır ki, satıcı olan İddiaçı MMC müqavilədə nəzərdə tutulmuş şərtlər əsasında alıcı olan Cavabdeh ASC tərəfindən verilmiş spesifikasiyalara (əlavə 2) uyğun olaraq alıcının tikinti obyektlərini beton qarışığı ilə təchiz etməyi öz öhdəsinə götürür, alıcı isə öz növbəsində satıcı tərəfindən spesifikasiyalara uyğun göndərilmiş beton məhsulunu qəbul etməyi və dəyərini “razılaşma protokolu”nda (Əlavə 1) göstərilən qiymətlərə əsasən vaxtında ödəməyi öz öhdəsinə götürür. Həmin müqavilənin 6.1-ci bəndinə əsasən satıcı tərəfindən göndərilən beton məhlulu alıcının nümayəndəsi tərəfindən tikinti sahəsində qəbul edilib, buna uyğun qaimənin imzalanması malın təhvil verilməsi hesab edilir. Həmin müqavilənin 7.2-ci bəndinə əsasən alıcı sifarişçidən aldığı malın dəyərini hesab-faktura təqdim olunan gündən beş iş günü ərzində ödəməlidir. Həmin müqavilənin 7.3-cü bəndinə əsasən alıcı bu müqavilənin 6.1-ci bəndində göstərilmiş müddətdə malın dəyərini ödəmədiyi halda alıcıya hər gecikdirilmiş gün üçün hesab-fakturada göstərilmiş məbləğin 0,1%-i məbləğində cərimə pulu ödəməlidir. Müqavilə tərəflərin imzası və möhürü ilə təsdiq edilmişdir.
9. 12 iyul 2023-cü il tarixli, N-1207/23 nömrəli alqı-satqı müqaviləsinə dair xx.xx.2023-cü il tarixli qiymətlərin razılaşdırma protokoluna (Əlavə 1) əsasən 1 kub metr beton marka 250 adlı malın dəyəri 230 manat olmaqla, ümumi məbləğ kimi 41418 manat razılaşdırılmışdır.
10. xx.xx.2023-cü il tarixli, EBDK seriyalı, 055604 nömrəli elektron qaimədən müəyyən edilir ki, İddiaçı MMC tərəfindən Cavabdeh ASC-yə yola salınmış malların (**********-Beton M 250) ümumi məbləği 51760,7 manat (ƏDV daxil) təşkil edir. Qaimənin əsası kimi 12 iyul 2023-cü il tarixli, N-1207/23 nömrəli alqı-satqı müqaviləsi qeyd edilmişdir.
11. xx.xx.2023-cü il tarixli, HF 1707/1/23 nömrəli hesab-fakturanın məzmunundan müəyyən olunur ki, Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə ödənilməli olan məbləğ 51760,7 manat təşkil edir. Hesab-fakturanın əsası kimi 12 iyul 2023-cü il tarixli, N-1207/23 nömrəli alqı-satqı müqaviləsi qeyd edilmişdir.
12. Həmçinin iddiaçı tərəfindən iddia ərizəsinə malların verilməsinə (qəbul edilməsinə) dair sənədlər (irsaliye, yəni yol sənədi) və hesabdan çıxarış əlavə edilmişdir.
13. "xxxx" ASC tərəfindən tərtib edilmiş, xx.xx.2023-xx.xx.2024-cü il dövrü üzrə iddiaçıya aid hesabdan çıxarışdan görünür ki, xx.xx.2023-cü il tarixdə cavabdeh tərəfindən iddiaçının hesabına 20000 manat, xx.xx.2023-cü il tarixdə 8475 manat, xx.xx.2023-cü il tarixdə 5000 manat, xx.xx.2023-cü il tarixdə 3390 manat, xx.xx.2024-cü il tarixdə 2000 manat ödəniş edilmişdir. Ödənişin təyinatı və əsası kimi EBDK seriyalı, 055604 nömrəli elektron qaimə qeyd edilmişdir (müqavilə: 1207/23 nömrəli alqı-satqı müqaviləsi).
14. “X1” ASC tərəfindən tərtib və təsdiq edilmiş xx.xx.2025-ci il tarixli ödəniş tapşırığının surətinin məzmunundan müəyyən edilir ki, Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə 1500 manat məbləğində ödəniş edilmişdir. Ödənişin təyinatı və əsası kimi EBDK seriyalı, 055604 nömrəli elektron qaimə qeyd edilmişdir (müqavilə: 1207/23 nömrəli alqısatqı müqaviləsi).
15. xx.xx.2025-ci il tarixli, ödəniş tapşırığının məzmunundan müəyyən olunur ki, Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə 270 manat məbləğində ödəniş edilmişdir.
16. İddiaçı MMC tərəfindən Cavabdeh ASC-yə göndərilmiş xx.xx.2024-cü il tarixli pretenziya məktubundan görünür ki, 5900 manat borcun 5 gün ərzində borcun ödənilməsi xahiş edilmiş, əks təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Tətbiq edilən hüquq
17. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya Mülki Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 598.1-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. 598.2-ci maddəsinə əsasən əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 462.1-ci maddəsinə görə dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmənin mövqeyi
19. İşin faktiki hallarından göründüyü kimi, tərəflər arasında alqı-satqı müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Cavabdeh müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirməmişdir. Belə ki, iddiaçı müqaviləyə əsasən malları alıcının mülkiyyətinə versə də, cavabdeh qəbul etdiyi malın əvəzində müəyyənləşdirilmiş pul məbləğini iddiaçıya tam ödəməmiş, qalıq borcu yaranmışdır. Həmin hal işdə olan sübutlarla öz təsdiqini tapır. Müqavilə şərtlərinə əsasən "xxxx" MMC tərəfindən Cavabdeh ASC-nin obyektinə ümumilikdə 51760,70 manat (ƏDV daxil) dəyərində beton məhsulu göndərilmış və alıcı tərəfindən həmin beton məhsulu qəbul edilmiş, 17 iyul 2023-cü il tarixdə "xxxx" MMC tərəfindən Cavabdeh ASCyə alınmış beton məhsulunun dəyərinin ödənilməsi ilə bağlı EBDK seriyalı, 055604 nömrəli elektron qaimə göndərilmiş, həmin qaimə əsasında ödənişlər edilmiş, məhkəməyə müraciət edənədək qalan 5900 (beş min doqquz yüz) manat ödənilməmişdir. Həmin hallar işin mübahisəsiz hallarını təşkil edir. İşin mübahisəli halı ondan ibarətdir ki, cavabdeh iddia tələbini qismən qəbul edərək, yalnız 1899,80 manat məbləğində malın onlara təhvil verilmədiyini bildirərək, həmin hissədə (borcla bağlı) iddianı qəbul etmədiklərini bildirmişdir. Məhkəmə həmin hissədə cavabdehin etirazını əsassız sayır.
20. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli 89 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın (qaimə göndərilən vaxt qüvvədə olan redaksiya) 3.3-cü bəndinə əsasən cari elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) göndərildiyi vaxtdan 5 (beş) gün müddətində qəbuledən tərəfindən düzəliş üçün qaytarıla və ya təsdiqlənə bilər. Düzəliş üçün qaytarılmış elektron qaimə-faktura göndərən tərəfindən düzəliş edildikdən sonra yenidən təqdim oluna bilər; 3.4-cü bəndinə əsasən bu Qaydaların 2.2.2-ci, 2.2.3-cü, 2.2.6-сı, 2.2.9-cu və 2.2.10-cu yarımbəndlərində qeyd olunan elektron qaimə-faktura növləri istisna olmaqla, cari elektron qaimə-faktura 5 (beş) gün müddətində qəbuledən tərəfindən təsdiq edilmədikdə (düzəliş üçün qaytarılmış elektron qaimə-fakturalara münasibətdə düzəliş edilərək, təqdim olunduqdan sonra 5 (beş) gün müddətində), həmin elektron qaimə-faktura proqram təminatı tərəfindən təsdiq edilir.
21. Məhkəmə vurğulamağı zəruri hesab edir ki, müəyyən olunan 5 günlük müddət ərzində cavabdeh tərəfindən hər hansı dəqiqləşmə aparılmamışdır. Bu isə, cavabdehin verilmiş malları qəbul edərək malların verilməməsinə dair irad bildirmədiyinə dəlalət edir. Həmçinin cavabdehə göndərilmiş elektron qaimə üzrə bir neçə dəfə qismən ödənişlər edilmiş, iddiaçıya da qeyd olunan halla bağlı heç vaxt etiraz olunmamışdır. Ona görə də cavabdehin iddianın qeyd olunan hissəsinə etirazı haqlı hesab oluna bilməz.
22. İddiaçı cavabdehdən 7718 manat məbləğində pulun (4130 manat borc, 3174 manat faiz borcu, 114 manat dövlət rüsumu və 300 manat hüquqi yardım xərci) tutularaq iddiaçıya verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
23. Məhkəmə müqavilə şərtlərini, qanunvericilik normalarını, cavabdehin alqı-satqı müqaviləsinə əsasən üzərinə götürdüyü öhdəliyi lazımınca icra etmədiyini, nəticədə onun həmin müqavilə üzrə iddiaçıya borcunun qaldığını, belə olan halda isə iddiaçının borcun ödənilməsini cavabdehdən tələb etmək hüququna malik olmasını və qalıq borcun 4130 (dörd min yüz otuz) manat borc manat təşkil etməsini nəzərə alaraq hesab edir ki, iddia göstərilən hissədə təmin edilməli, cavabdeh «xx” Açıq Səhmdar Cəmiyyətindən 4130 (dörd min yüz otuz) manat borc manat əsas borc məbləği tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, məhkəmə icraatı zamanı cavabdeh tərəfindən 1770 manat ödəniş edilmiş, qalıq borc 4130 manat (5900-1770=4130) təşkil etmişdir.
24. İddia tələbinin digər hissəsini cavabdehdən 3174 manat cərimə borcunun (faiz yazılsa da, cərimə nəzərdə tutulmuşdur, belə ki, iddia ərizəsində müqavilənin müvafiq bəndinə istinad olunaraq həmin məbləğ cərimə kimi qeyd olunmuşdur) tutulmasını xahiş etmişdir.
25. Göstərilən tələbə münasibətdə məhkəmə hesab edir ki, cavabdeh tərəfindən borc iddiaçıya müəyyən edilmiş müddət ərzində ödənilmədiyindən iddiaçı cavabdehdən müqavilə şərtlərinə uyğun dəbbə pulunun tutulmasını tələb etməkdə haqlıdır. Məhkəmə tələb olunan dəbbə pulunun əsas borc məbləğinə nisbətini, eləcə də tərəflərin əsaslı mənafelərini nəzərə alaraq hesab edir ki, cərimə məbləği azaldılaraq 300 manat məbləğində müəyyən edilməli, qalan hissədə isə təmin edilməməlidir.
26. İddiaçı həmçinin ödənilmiş 114 manat məbləğində dövlət rüsumu və 300 manat məbləğində hüquqi yardım xərcinin cavabdehdən iddiaçının xeyrinə tutulmasını xahiş etmişdir.
27. Məhkəmə hesab edir ki, 300 (üç yüz) manat hüquqi yardım xərci cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
28. Məhkəmə hesab edir ki, ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq ödənilmiş dövlət rüsumuna görə 54,30 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
29. İddiaçı həmçinin hüquqi yardımla əlaqədar vəkilə çəkilmiş xərcin əvəzi olaraq 300 manat məbləğində pulun da cavabdehdən tutulmasını xahiş etmişdir.
30. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh Açıq Səhmdar Cəmiyyətindən 4130 (dörd min yüz otuz) manat borc, 200 (iki yüz) manat cərimə, 300 (üç yüz) manat hüquqi yardım xərci və ödənilmiş dövlət rüsumununa görə 54,3 manat (əlli dörd manat otuz qəpik) olmaqla, ümumilikdə 4684,3 manat (dörd min altı yüz səksən dörd manat otuz qəpik) məbləğində pul vəsaiti tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Zeynəb Axundova