Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2453/2021 19.08.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ hakim Qasımov Fərrux Hüseynağa oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, iddiaçının nümayəndəsi Vəkil Hüseyn qızının iştirakı ilə, X1 Cavabdehnə qarşı pul tələbi barədə iddia ərizəsinə dair işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X3 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh MMC-dən 27.05.2020-ci il tarixli xidməti müqavilə üzrə yaranmış 16756 manat məbləğində əsas borcun, 4827 manat məbləğində cərimə borcu, bank uçot dərəcəsi kimi hesablanmış 1089 manat pulun və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğində pulun tutulması və ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, tərəflər arasında 27.05.2020-ci il tarixdə AN/X001/0520 saylı xidmət müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə görə, icraçı sifarişçinin tələbinə uyğun təyin edilmiş marşrutlar üzrə texnika ilə materialların yüklənmə işlərini icra edir və bu xidmət müqabilində sifarişçi icraçıya xidmət haqqı ödəyir. Həmin müqavilənin 3-cü bəndinə əsasən, texnika ilə təyin edilmiş marşrutlar üzrə yükün daşınması üçün xidmət haqqı cədvəldə göstərilmişdir: texnikanın adı ekskavator AZ10 V558 – 1 aylıq xidmət haqqı (28 gün üçün) (manatla, ƏDV-daxil) 7500 manatdır. Müqavilənin 6.1-ci bəndinə əsasən, xidmətlərin göstərilməsi barədə tərəflər arasında bu müqavilədə nəzərdə tutulmuş qaydada təhvil - təslim aktı tərtib edilir. Təhvil təslim aktına vərəqələrinin surəti və hesablanma cədvəli əlavə edilir. Hesablanma cədvəlində xidmət göstərən hər bir texnikanın dövlət nömrə nişanı, markası, modeli göstərilməklə, xidmət günlərinin sayı, xidmətin məbləği və yekun xidmət məbləği göstərilmişdir. Müqavilənin 8.3cü maddəsinə əsasən, sifarişçi müqavilə ilə nəzərdə tutulmuş müddətlərdə öz öhdəliklərini yerinə yetirməlidir. Sifarişçi öz öhdəliyinin icrasını gecikdirdiyi təqdirdə hər gecikdirilən gün üçün aylıq xidmət haqqının 0,1 faizi həcmində məsuliyyət daşıyır. Müqaviləni hər iki tərəf imzalamış və müqavilə bağlandığı gündən qüvvəyə minmişdir. İddiaçı Niftəliyev Əmrah Hüseyn oğlu tərəfindən müqavilə üzrə öhdəliklər yerinə yetirilmiş, razılaşdırılımış işlər görülmüş və təhvil-təslim aktı əsasında görülən işlər təhvil verilmişdir. Belə ki, tərəflərin təsdiq etdiyi təhvil-təslim aktlarından göründüyü kimi, 2020-ci ilin may ayı ərzində iddiaçı NiftəliyevƏmrah Hüseyn oğlu tərəfindən göstərilən xidmət haqqını dəyəri 803,6 manat təşkil edir. 2020-ci ilin iyun ayı ərzində göstərilən xidmət haqqının dəyəri 8035,7 manat, 2020-ci ilin İyul ayı ərzində göstərilən xidmət haqqının dəyəri isə 7916,7 manat təşkil edir. Beləliklə Cavabdeh MMC tərəfindən ödənilməli olan cəmi əsas borc 16756 manat təşkil etmişdir. Təhvil-təslim aktları Cavabdeh MMC-nin direktoru tərəfindən imzalanmış və möhürlənməklə təsdiq edilmişdir. Daha sonra X3 tərəfindən qeyd olunan məbləğlərlə bağlı elektron qaimə vurulmuş və həmin elektron qaimələr də cavabdeh tərəfindən təsdiq edilmişdir. Lakin cavabdeh ödənişi hal – hazıradək həyata keçirməmişdir. Cavabdeh MMC tərəfindən öhdəlik vaxtında icra edilmədiyinə görə müqavilənin 8.3-cü bəndinə əsasən, hər gecikdirilən gün üçün 0,1 faiz məbləğində cərimə hesablanmışdır və məbləği 4827 manat təşkil edir. Həm qüvvədə olan qanunvericiliyə, həm də tərəflər arasında bağlanmış müqaviləyə əsasən, gecikdirilmiş öhdəliyə görə yaranmış cərimə məbləği də Cavabdeh MMC tərəfindən ödənilməlidir. Bundan əlavə əgər iddiaçı X3 tərəfindən həmin məbləğ keçən müddət ərzində banka depozit hesabına qoyulsaydı, iddiaçı xeyli məbləğdə gəlir əldə edə bilərdi. İddiaçı cavabdehdə olan pullardan istifadə edə bilmədiyi üçün iddiaçıya maddi ziyan dəymişdir. Odur ki, qüvvədə olan qanunvericiliyə əsasən, Cavabdeh MMCdən bank faizinin uçot dərəcəsi də tutularaq iddiaçıya ödənilməlidir. İddia ərizəsinə əlavə olunmuş Azərbaycan Respublikası Mərkəzi Bankının rəsmi internet səhifəsindən çıxarışa əsasən müəyyən olunur ki, 2020-ci il tarixə bank faizinin uçot dərəcəsi 6,5 % təşkil edir. Ona görə bank faizinin uçot dərəcəsi kimi hesablanmış 1089 manat məbləğində pul vəsaiti də Cavabdeh MMC-dən iddiaçının xeyrinə tutulmalıdır. İddiaçının nümayəndəsi Vəkil Hüseyn qızı iddianı müdafiə etdiyini bildirərək iddia ərizəsi ilə eyni məzmunlu izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh MMC məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmələrinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdirr. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci madəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş tərəflərin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə tərəflərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. İş materiallarında olan: - X3 ilə Cavabdeh MMC arasında bağlanmış 27.05.2020-ci il tarixdə № AN/X001/0520 saylı xidmət müqaviləsinə əsasən, icraçı sifarişçinin tələbinə uyğun təyin edilmiş marşrutlar üzrə texnika ilə materialların yüklənmə işlərini icra edir və bu xidmət müqabilində sifarişçi icraçıya xidmət haqqı ödəməyi öhdəsinə götürür. - 08.06.2020-ci il tarixli təhsvil-təslim aktına əsasən 2020-ci ilin may ayı ərazində X1 xidmət göstərən nqliyyat və texnika vasitələrinin xidmət haqqı 803,57 manat, 08.07.2020ci il tarixli təhsvil-təslim aktına əsasən 2020-ci ilin iyun ayı ərazində X1 xidmət göstərən nqliyyat və texnika vasitələrinin xidmət haqqı 8035,71 manat, 10.08.2020-ci il tarixli təhviltəslim aktına əsasən 2020-ci ilin iyul ayı ərzində X1 xidmət göstərən nəqliyat və texnika vasitələrinin xidmət haqqı 7916,67 manat olmaqla cəmi 16754,39 manat təşkil etmişdir. Məhkəmə işdə olan sənədləri tədqiq edib toplanmış sübutların məcmusuna qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər; - 390.4-cü maddəsinə əsasən tərəflər həmin Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir. Tərəflər arasında 27 may 2020-ci il tarixdə bağlanmış müqavilə “xidmət müqaviləsi” adlandırılmış, “müqavilənin predmeti” adlandırılan 1-ci bölməsində qeyd olunmuşdur ki, “Bu müqaviləyə əsasən icraçı sifarişçinin tələbinə uyğun təyin edilmiş marşrutlar üzrə texnika ilə materialların yüklənmə işlərini icra edir və bu xidmət müqabilində sifarişçi icraçıya xidmət haqqı ödəyir.” “İşlərin görülmə qaydası” adlanan 2-ci bölmədə isə icraçının sifarişçiyə daşıma xidməti göstərməli olduğu qeyd edilir. Tərəflər arasında bağlanmış təhvil – təslim aktlarında isə məbləğləl “icarə haqqı məbləği” kimi qeyd olunmuş, hər bir aktda ekskovatorun icarədə olduğu müddətlər ayrı – ayrılıqda göstərilmişdir. Müqavilənin 8.3-cü maddəsinə əsasən, sifarişçi bu müqavilə ilə nəzərdə tutulmuş müddətlərdə öz öhdəliklərini yerinə yetirməlidir. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən müqavilə üzrə ödəmələr 1 ay (28 gün) tamam olduqda 1 həftə ərzində bank köçürmə yolu ilə həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 71-1-ci maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilən hallarda fərdi sahibkarlara və hüquqi şəxslərə malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs onlara elektron qaimə-faktura verir. Vergi Məcəlləsinin 176-cı maddəsinə əsasən həmin Məcəllənin 176.4-cü maddəsinin yerinə yetirilməsi şərti ilə, ƏDV-nin ödəyicisi kimi qeydiyyatdan keçən və vergi tutulan əməliyyat aparan şəxs malları, işləri və ya xidmətləri qəbul edən şəxsə elektron vergi hesab-fakturasını verməyə borcludur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 sentyabr 2009-cu il tarixli, 156 №-li qərarı ilə təsdiq edilmiş "Elektron vergi hesab-fakturalarının tətbiqi, uçotu və istifadə Qaydalarının" 2.3.-cü bəndinə əsasən ƏDV ödəyicisi kimi qeydiyyatdan keçmiş və vergi tutulan əməliyyat aparan şəxs (bundan sonra - vergi ödəyicisi (satıcı) malları (işləri, xidmətləri) alan şəxsə (alıcıya, yaxud sifarişçiyə) elektron vergi hesab-fakturasını elektron formatda təqdim etməlidir. Həmin Qaydaların 4.5-ci bəndinə əsasən elektron vergi hesabfakturası malların (işlərin, xidmətlərin) alıcıya (sifarişçiyə) təqdim edilməsi barədə məlumatları özündə əks etdirən sənədlər (qaimələr, qəbzlər, müqavilələr (əqdlər), təhviltəslim aktları və s.) əsasında doldurulmalı və bu barədə məlumat elektron vergi hesabfakturasının "Əsas" rekvizitində öz əksini tapmalıdır. İddiaçı tərəfindən təqdim edilmiş sübutlarla təsdiq olunur ki, elektron qaimələr cavabdeh tərəfindən təsdiqlənmişdir. Lakin iddiaçının təhvil – təslim aktlarına əsasən tələb etdiyi məbləğ 16756 manat göstərilsə də, cavabdeh tərəfindən təsdiqlənmiş elektron qaimələrdə 16754,39 manat məbləğində borcun olması qeyd edildiyindən məhkəmə hesab edir ki, iddia həmin məbləğə uyğun təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 462.1-ci maddəsinə əsasən dəbbə pulu müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. - 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanılmalıdır. Tərəflər arasında bağlanmış müqavilələrdə borcun ödənilməsinin gecikdirildiyi təqdirdə cərimənin ödənilməsi nəzərdə tutulmuşdur. Lakin, məhkəmə 16756 manat əsas borca 4827 manat dəbbə pulu hesablanmasını əsaslı hesab etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə hesab edir ki, hesablanmış 4827 manat dəbbə pulunun miqdarı azaldılaraq 500 manat miqdarında müəyyən edilməlidir. Bundan başqa məhkəmə bank uçot dərəcəsi kimi hesablanmış 1089 manat əldən çıxmış fayda haqqının istənilməsi ilə bağlı hesab edir ki, iddia tələbi bu hissədə əsassız olduğundan təmin edilə bilməz. İddiaçı tələbin bu hissəsini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsi ilə əsaslandırmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 09.07.2009-cu il tarixli qərarına ilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin «ondan faydalanmağa görə» müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutmuşdur. Lakin, iddiaçı ona məxsus pul vəsaitindən normada sadalandığı kimi cavabdeh tərəfindən hər hansı gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əldə edilməsi halını məhkəmə prosesi zamanı sübuta yetirə bilməmiş, buna dair hər hansı sübut təqdim etməmişdir. Bunun üçün də tələbin həmin hissədə təmin edilməsi üçün əsaslar mövcud deyildir. Halbuki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Buna görə də məhkəmə hesab edir ki, iddia tələbləri həmin hissədə rədd edilməlidir. X1 iddiası qismən təmin olunduğundan və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi qismində 23 manat məbləğində pul vəsaiti də cavabdehdən iddiaçının xeyrinə tutulmalı. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: X1 Cavabdehnə qarşı pul tələbi barədə iddiası qismən təmin edilsin. 16754,39 manat məbləğində əsas borc, 500 manat məbləğində cərimə olmaqla ümumilikdə 17254,39 manat məbləğində pul vəsaiti Cavabdehndən tutularaq X2 ödənilsin. İddia qalan hissədə rədd edilsin. Dövlət rüsumu kimi ödənilmiş vəsaitin əvəzi qismində 23 manat məbləğində pul vəsaiti Cavabdehndən tutularaq X2 ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Fərrux Qasımov
Məhkəmə qərarları › İş №e-2-2(113)-2453/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2453/2021
19.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver