Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2455/2021 06.07.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Əliyev Emin Zöhrab oğlunun sədrliyi, Əhmədli Əhməd Dünyamin oğlunun katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh MMC-yə qarşı pul tələbi barədə kommersiya mübahisəsinə dair işə məhkəmənin inzibati binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında imzalanmış 15.09.2020-ci il tarixli 268 saylı alqı-satqı müqaviləsinə əsasən qabaqcadan ödənilmiş 34515 (ƏDV daxil) manat məbləğində olan pul vəsaiti, cərimə (faiz) pulu 1725,75 manat, ödənilmiş dövlət rüsumu 30 manat, cəmi 36270,75 manat həcmində müqavilə üzrə məbləğin tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh MMC arasında malların təqdim edilməsinə dair 15.09.2020-ci il tarixində 268 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Müqavilə şərtlərinə görə İddiaçı MMC “Alıcı”, Cavabdeh MMC isə “Satıcı” qismində çıxış etmişdir. Tərəflər arasında bağlanmış müqavilənin dəyəri ƏDV daxil olmaqla 69030 manat təşkil etmişdir. Müqaviləyə əsasən Cavabdeh MMC 75 ton həcmində 58500 (ƏDV xaric) manat məbləğində olan armatur yaymasını (F10-32) İddiaçı MMC-yə verilməsini, İddiaçıMMC isə öz növbəsində malların qiymətini ödəməyi öhdəsinə götürmüşdür. Belə ki, tərəflər arasında razılaşmaya görə, İddiaçı MMC alınan malın qiymətini qabaqcadan qismən (avans 50%) ödəməyi, Cavabdeh MMC isə müvafiq malları hazırlayıb və alıcının mülkiyyətinə təqdim edilməsi öhdəliyini öz üzərinə götürmüşdür. Beləliklə, 16.10.2020-ci il tarixli 207OCAZ202900009 №-li ödəniş tapşırığı və ƏDV köçürmənin aparılması haqqında **********620207 saylı bildirişdən göründüyü kimi, İddiaçı MMC ümumi məbləğin (ƏDV daxil-69030 manat) 50%-ni qabaqcadan ödəyərək, yəni ödənişin ƏDV hissəni 5265 manat, habelə malın dəyərini 29250 manat təşkil edən məbləğləri Cavabdeh MMC-nin sub-uçot vergi hesabına, habelə bank hesabına köçürülmüşdür. İddiaçı MMC tərəfindən razılaşma üzrə tələb olunan ödənişin edilməsinə, yəni onun öz üzərinə götürmüş olduğu öhdəliyi yerinə yetirməsinə baxmayaraq, “Cavabdeh MMC hələ də öz üzərinə götürdüyü öhdəliyini yerinə yetirməyərək İddiaçı MMC-nin mülkiyyət hüquqlarını pozmaqda davam edir. 01 aprel 2021-ci il tarixində 156 saylı məktubla cavabdehə müqavilə üzrə yaranmış öhdəliyi icra etməyi yəni 75 ton həcmində 58500 (ƏDV xaric) manat məbləğində olan armatur yaymasını (F10-32) İddiaçı MMC-nin mülkiyyətinə verilməsini və ya qabaqcadan ödənilmiş 29250 manat məbləğində olan pul vəsaitini qaytarılmasına dair pretenziya məktubu ünvanlanmışdır və həmin məktubla bildirilmişdir ki, öhdəliyin 10 iş gün müddətində yerinə yetirilməyəcəyi təqdirdə tərəflərindən məhkəməyə müraciət ediləcəkdir. Məktub 1 aydan çoxdur ki, cavabdeh tərəfindən qəbul edilsə də, nə cavabdeh tərəfindən müqavilə üzrə öhdəliyinin yerinə yetirilməsinə yönəldilmiş hərəkətlər icra olunmuşdur, nə də ki, məktuba bir cavab alınmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi X2 iddianı müdafiə edərək, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək tələbin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, Cavabdeh MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə qabaqcadan rəsmi məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: 15.09.2020-ci il tarixli, 268 nömrəli tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsindən görünür ki, alıcı – İddiaçı MMC müqavilədə göstərilən şərtlərə uyğun olaraq satıcı - Cavabdeh MMC-dən amatur yayması (bundan sonra – mal) almağı öz öhdəsinə götürür, satıcı satılan malı öz anbarında alıcının nümayəndəsinə təhvil verir. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən alıcı aldığı malın dəyərini aldığı hesabfaktura əsasında köçürmə yolu ilə əvvəlcədən ödəyir. 03.10.2020-ci il tarixli köçürmənin aparılması haqqında bildirişdən və 16.10.2020-ci il tarixli ödəniş tapşırığından görünür ki, ödənişin təyinatı olan 15.09.2020-ci il tarixli, 268 nömrəli müqavilə üzrə müvafiq olaraq 29250 manat məbləğində (50 faiz avans ödənişi) və 5265 manat cəmi 34515 manat pul vəsaiti İddiaçı MMC tərəfindən Cavabdeh MMC-nin hesabına köçürülmüşdür. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalı, öhdəliyin icra edilməməsi, onun pozulması və ya lazımınca icra edilməməsinə görə cavabdeh iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borcludur. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Əgər alqı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. Əgər alıcı alqı-satqı müqaviləsinə uyğun olaraq verilmiş əşyanı vaxtında ödəmirsə, satıcı əşyanı ödəməyi və bu Məcəllənin 449-cu maddəsinə uyğun faizləri ödəməyi tələb edə bilər. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. (Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 443.1, 445.7, 449.1, 462.1, 567, 598.1-598.3-cü maddələri). Göründüyü kimi İddiaçı MMC ilə Cavabdeh MMC arasında qanunvericiliyə uyğun olaraq alqı-satqı müqaviləsi bağlanmış, İddiaçı MMC Cavabdeh MMC-nin hesabına armatur yaymasının alınması üçün 34515 manat məbləğində vəsait köçürülmüş, sonuncu isə bunun müqabilində iddiaçıya malları göndərməməklə öz üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Bu səbəbdən iddia həmin hissədə əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə iddianın 34515 (ƏDV daxil) manat məbləğində olan pul vəsaitinin illik 5%lə hesablanmış 1725,75 manat cərimə (faiz) pulu tələbi hissəsi ilə əlaqədar qeyd edir ki, həmin tələb qismən 963,45 manat həcmində təmin edilməlidir edilməlidir. Belə ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə 05.05.2021-ci il tarixdə müraciət etmiş, İddiaçı MMC birinci dəfə Cavabdeh MMC-nin hesabına 5265 manat məbləğində pul vəsaitini 03.10.2020-ci ildə köçürdüyündən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinin tələblərinə əsasən illik 5%-lə hesablamaqla 155,02 manat (5265x5%=263,25:12=21,93:30gün=0,73x212gün=155,02 manat) və növbəti dəfə 29250 manat məbləğində pul vəsaitini 16.10.2020-ci il tarixdə köçürüdüyünü nəzərə alsaq 808,43 manat (29250x5%=1462,50:12=121,87:30gün=4,06x199gün=808,43) olmaqla, ümumilikdə 34515 manat məbləğində olan pul vəsaitinə görə cərimə (faiz) pulu 963,45 manat təşkil edir. Yuxarıda qeyd olunan işin faktiki hallarını, qanunvericiliyin normalarını və iş materiallarına əlavə edilmiş sənədləri məcmu halda qiymətləndirən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh MMC-dən 15.09.2020-ci il tarixli, 268 nömrəli müqavilə üzrə 34515 manat məbləğində pul, 963,45 manat cərimə (faiz) olmaqla, cəmi 35478,45 manat məbləğində pul tutularaq İddiaçı MMC-yə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbinin 97,89%-nin təmin olunduğunu nəzərə alan məhkəmə hesab edir ki, ödənilmiş dövlət rüsumunun 97,89%-i, yəni 29,36 manatı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası MPM-in 216-220-ci maddələrinə əsasən, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən 15.09.2020-ci il tarixli, 268 nömrəli müqavilə üzrə 34515 manat məbləğində pul, 963,45 manat cərimə (faiz) olmaqla, cəmi 35478,45 manat məbləğində pul və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 29,36 manat məbləğidnə pul tutularaq İddiaçı MMC-nin xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Emin Əliyev
Məhkəmə qərarları › İş №e-2-2(113)-2455/2021
Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2455/2021
06.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver