Məhkəmə qərarları › İş №e-2-2(113)-2461/2024

Bakı Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(113)-2461/2024

06.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2461/2024 06.08.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbinə dair ilkin, Cavabdeh İddiaçınə qarşı “borcun ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə kommersiya mübahisəsi (açar sözlər: podrat müqaviləsi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, İlkin İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Qarşılıqlı iddiaçı Cavabdeh vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “borcun ödənilməsi” tələbinə dair ilkin, Cavabdeh İddiaçınə qarşı “borcun ödənilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti:

1. İddiaçı Cavabdehnə qarşı iddia və iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixli, 01/01/02/02-21/003 saylı subpodrat müqaviləsi əsasında yaranmış 40.632,39 manat əsas borc, Mülki Məcəllənin 449-cu maddəsinə əsasən faiz borcu əvəzi olaraq 3.149 manat, dəbbə pulu olaraq 4.063 manat, xx.xx.2021-ci il tarixli AGE/AL/SC/12-21/015 saylı subpodrat müqaviləsi əsasında Cavabdeh MMC-yə köçürülmüş 74.340 əsas borc, Mülki Məcəllənin 449-cu maddəsinə əsasən faiz borcu əvəzi olaraq 5.761,35 manat, dəbbə pulu olaraq 7.434 manat, vəkilə ödənilmiş 320 manat, dövlət rüsumu olaraq ödənilmiş 426 manat məbləğindən pulun Cavabdehndən tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia onunla əsaslandırılmışdır ki, sifarişçi Cavabdeh MMC ilə subpodratçı İddiaçı MMC arasında xx.xx.2021-ci il tarixli, 01/01/02/02-21/003 saylı subpodrat müqaviləsi bağlanmışdır. Bağlanmış müqavilə şərtlərinə əsasən Subpodratçı İddiaçı MMC öhdəliyinə götürdüyü işləri yerinə yetirməli və aifarişçi Cavabdeh MMC isə öz növbəsində müqavilə şərtlərinə uyğun olaraq kəsilmiş elektron qaimə üzrə ödəniş etməli idi. Subpodratçı tərəfindən işlər 2021-ci ildə yekunlaşdırılmışdır. Sifarişçi isə yerinə yetirilmiş işlərin dəyərinin bir hissəsini ödəmiş və hal-hazırda Sifarişçinin Subpodratçıya 40.632,39 manat borcu qalmışdır. Beləki, tərəfləri arasında təsdiqlənmiş işin təhvilinə dair aktlarda (forma2 və forma 3) yerinə yetirilmiş işlərin cəmi ƏDV daxil 286.756, 82 manat təşkil edir. Cavabdeh iddiaçıya cəmi olaraq ƏDV daxil 214.124, 43 manat bank vasitəsi ilə köçürmə etmişdir. Cavabdeh iddiaçıya nəğd qaydada cəmi 32.000 manat ödəniş etmişdir. Belə olan halda tərəflər arasında olan hesablaşma 286.756,82-246.124,43= 40.632,39 manat qalıq borc təşkil edir. Bundan başqa podratçı İddiaçı MMC ilə subpodratçı Cavabdeh MMC arasında xx.xx.2021-ci il tarixli AGE/AL/SC/12- 21/015 saylı subpodrat müqaviləsi bağlanmışdır.Müqavilə şərtinə görə subpodratçı X2 Zonasında uzunluğu 112 m, diametri 1400 mm olan yağış suyu xəttinin mikrotunel üsulu ilə tikintisi nəzərdə tutulmuşdur. Müqavilənin ümumi dəyəri mal material daxil (ƏDV xaric) 252.000 manat nəzərdə tutulmuşdur. Podratçı İddiaçı MMC subpodratçı Cavabdeh MMC-yə avans olaraq xx.xx.2021-ci il tarixində ƏDV daxil 74.340 manat pul ödəmişdir. CavabdehMMC isə avansı aldıqdan sonra qeyd edilən işi yerinə yetirməmiş, həmin sahədə istifdə olunacaq materialı təmin etməmiş və müqavilə şərtini kobut şəkildə pozmuşdur. Sifarişçi qarşısında çıxılmaz vəziyytədə qalan podratçı İddiaçı MMC öhdəsinə götürdüyü işləri özünə yerinə yetirmiş, tələb olunan bütün mal-materialı özü təmin etmişdir. Artıq 29 aydır ki Cavabdeh MMC əsassız olaraq İddiaçı MMC-yə məxsus 74.340 manat pul vəsaitini özündə saxlayır.

3. Cavabdeh MMC İddiaçı MMC-yə qarşı qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixli AGE/AL/SC/12-21/015 saylı müqavilə üzrə İddiaçı MMC-dən 64.442,30 pulun tutulması, ilkin iddianı 13.160, manat məbləğində hissəsində təsdiq edilməsi, ilkin iddianın qalan hissədə təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, tərəflər arasında xx.xx.2021-ci il tarixli 01/01/02/02-21/003 saylı imzalanmış və həmin müqaviləyə görə iddiaçı müqavilənin əlavəsində qeyd edilən işləri icra etmişdir. Sözügedən müqavilə üzrə İddiaçı tərəfindən müəssisəmizin elektron vergi sisteminə xx.xx.2021-xx.xx.2021-ci il tarixləri arasında ümumilikdə, 227.284,85 manat məbləğində e-qaimə göndərilmiş və bunun müqabilində bizim tərəfimizdən 214.124,43 məbləğində ödəniş edilmişdir. Beləliklə, aramızda bağlanmış ilkin müqavilə müqavilə üzrə 13.160,42 (on üç min bir yüz altmış manat 42 qəpik) manat məbləğində borc qalmışdır. Sözügedən müqavilədən əlavə aramızda xx.xx.2021-ci il tarixli AGE/AL/SC/12- 21/015 saylı müqavilə bağlanmışdır ki, həmin müqavilə ilə tərəfimizdən X2 Zonasında uzunluğu 112 m, diametri 1400 mm olan yağış suyu xəttinin mikrotunel üsulu ilə tikintisi işləri icra edilmişdir. Həmin işləri icra edib bitirdikdən sonra iş bitirmələrini əks etdirən aktların (Forma 2,3) tərtib edilib, qarşılıqlı hesablaşmaların aparılması barədə iddiaçı ilə dəfələrlə danışıqlara gəlmək istə də, qarşı tərəf bu təklifi hər dəfə bəhanələr ilə rədd edərək, həmin aktların təsdiqlənməsinə mane olmuşdu. Qarşı tərəfin hələ də imzalamaqdan yayındığı həmin aktlardan da göründüyü kimi qarşı tərəfin 64.442,30 manat məbləğində borcu yaranmışdır. Həmin işi görüb başa çatdırılsa da, iddiaçı aktlar barədə danışıqlara yanaşmamış, aktlar imzalanmadığından qarşı tərəfə e-qaimə təqdim edilə bilməmişdir.

II. Tərəflərin mövqeləri:

5. Məhkəmə iclasında iştirak edən ilkin İddiaçı nümayəndəsi və vəkili Vəkil1 ilkin iddianın məzmununa uyğun izahat vermiş, ilkin iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi.

6. Məhkəmə iclasında iştirak edən qarşılıqlı iddiaçı Cavabdeh vəkili Vəkil2 qarşılıqlı iddianın məzmununa uyğun izahat verərək, ilkin iddianı qismən qəbul etdiyini, qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.

III. Məhkəmə baxışının hədləri:

7. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

IV. Tətbiq edilən hüquq:

Azərbaycan Respublikası Mülki Məcəlləsi: - 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. - 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. - 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.

V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:

8. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, məhkəmə tədqiqatı zamanı toplanmış sübutların məcmusuna qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən ilkin iddia qismən təmin edilməli, qarşılıqlı iddia rədd edilməlidir.

9. Məhkəmə qeyd edir ki, hazırkı mübahisənin həlli baxımından ilkin və qarşılıqlı iddialar paralel araşdırılmalıdır.

10. İddia ərizəsindən görünür ki, iddia şərti olaraq 2 hissədən; xx.xx.2021-ci il tarixli, 01/01/02/02-21/003 saylı subpodrat müqaviləsi üzrə (1) və xx.xx.2021-ci il tarixli AGE/AL/SC/12-21/015 saylı subpodrat müqaviləsi üzrə (2) pulun tələb edilməsindən ibarətdir.

11. Məhkəmə ilk növbədə mübahisənin xx.xx.2021-ci il tarixli, 01/01/02/02-21/003 saylı subpodrat müqaviləsi üzrə hissəsinə qiymət verilməsini zəruri hesab edir.

12. İşin mübahisələndirilməyən halları ondan ibarətdir ki, sifarişçi (podratçı) Cavabdeh MMC ilə subpodratçı İddiaçı MMC arasında xx.xx.2021-ci il tarixli, 01/01/02/02- 21/003 saylı subpodrat müqaviləsi bağlanmışdır. Müqavilənin predmeti Ələt iqtisadi zonasında 1800 mm diametrində olan sərt sular xəttinin çəkilməsi olmuşdur.

13. İlkin iddiaçı qeyd edilmiş müqavilə üzrə 286.756,82 manat dəyərində işlərin görüldüyünü, ancaq Cavabdeh MMC tərəfindən cəmi 246.124,43 (214.124,43 manat bank vasitəsi ilə, 32.000 manat nağd) manat məbləğində pul ödənildiyini qeyd edərək, ödənilməmiş 40.632,39 manat borcunun qaldığını qeyd edir.

14. Qarşılıqlı iddiaçı da, ona 227.284,85 manat məbləğində elektron qaimə göndərildiyini, 214.124,43 manat ödəniş etdiyini və 13.160,42 manat borcunun qaldığını bildirir.

15. İş materiallarına əlavə edilmiş hər iki tərəfin imza və möhürü ilə təsdiq edilmiş görülmüş işlərə dair xx.xx.2021-ci il tarixli 1 saylı qəbul aktından görünür ki, İddiaçı MMC tərəfindən görülmüş işlərin dəyəri 46.612,95 manat təşkil edir.

16. İş materiallarına əlavə edilmiş hər iki tərəfin imza və möhürü ilə təsdiq edilmiş görülmüş işlərə dair xx.xx.2021-ci il tarixli 2 saylı qəbul aktından görünür ki, İddiaçı MMC tərəfindən görülmüş işlərin dəyəri 63.494,03 manat təşkil edir.

17. İş materiallarına əlavə edilmiş hər iki tərəfin imza və möhürü ilə təsdiq edilmiş görülmüş işlərə dair xx.xx.2021-ci il tarixli 3 saylı qəbul aktından görünür ki, İddiaçı MMC tərəfindən görülmüş işlərin dəyəri 96.502,54 manat təşkil edir.

18. İş materiallarına əlavə edilmiş hər iki tərəfin imza və möhürü ilə təsdiq edilmiş görülmüş işlərə dair xx.xx.2021-ci il tarixli 4 saylı qəbul aktından görünür ki, İddiaçı MMC tərəfindən görülmüş işlərin dəyəri 80.147,3 manat təşkil edir.

19. Sadə riyazi hesablama ilə görünür ki, qeyd edilmiş qəbul aktlarındakı məbləğlərin cəmi, 286.756,82 manat təşkil edir.

20. Göründüyü kimi, ilkin iddiaçı tərəfindən 286.756,82 manat dəyərində işlər görülmüşdür.

21. Cavabdeh MMC tərəfindən isə İddiaçı MMC-yə bank köçürmə yolu ilə 214.124,43 manat, nağd formada isə 32.000 manat, yəni cəmi 246.124,43 manat məbləğində pul ödənilmişdir.

22. Göründüyü kimi, İddiaçı MMC tərəfindən 286.756,82 manat dəyərində işlər icra edilmiş, Cavabdeh MMC isə ümumilikdə 246.124,43 manat pul ödənilmiş və 40.632,39 (286.756,82-246.124,43) manat məbləğində Cavabdeh MMC-nin borcu qalmışdır.

23. Ona görə də, xx.xx.2021-ci il tarixli, 01/01/02/02-21/003 saylı subpodrat müqaviləsi üzrə 40.632,39 manat məbəğində pul Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməlidir.

24. Məhkəmə xx.xx.2021-ci il tarixli, 01/01/02/02-21/003 saylı subpodrat müqaviləsi üzrə 4.063 manat dəbbə pulunun tələb edilməsi hissəsi ilə bağlı aşağıdakıları qeyd edir.

25. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir.

26. Hazırki işin hallarından görünür ki, cavabdehin xx.xx.2021-ci il tarixli, 01/01/02/02-21/003 saylı subpodrat müqaviləsi 40.632,39 manat əsas borcuna münasibətdə 2.000 manat məbləğində dəbbə pulu daha ağlabatan və ədalətlidir.

27. Məhkəmə iddianın Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən 3.149 manat məbləğin tələb edilməsi ilə bağlı aşağıdakıları qeyd edir.

28. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 iyul 2009-cu il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin «ondan faydalanmağa görə» müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyrin əmələ gəlməsini nəzərdə tutur.

29. Beləliklə, Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən faizlərin tutulması üçün iddiaçı sübut etməlidir ki, cavabdeh onun pul vəsaitini qanunsuz saxlaması, onu qaytarmaqdan boyun qaçırması, onun ödənilməsini digər şəkildə gecikdirməsi və ya pul vəsaitini əsassız əldə etməsi və ya toplaması nəticəsində faydalanmış, yəni gəlir, artım, bəhər və ya sair maddi xeyir əldə etmişdir.

30. Hazırkı halda, isə iddiaçı tərəf cavabdehin onun vermiş olduğu puldan faydalanması halını sübut edə bilməmişdir.

31. Bundan sonra Məhkəmə iddiaların digər, xx.xx.2021-ci il tarixli AGE/AL/SC/12- 21/015 saylı subpodrat müqaviləsi ilə bağlı hissəsinə münasibət bildirilməsini zəruri hesab edir.

32. İşin mübahisələndirilməyən halı ondan ibarətdir ki, (subpodratçı) Cavabdeh MMC ilə podratçı İddiaçı MMC arasında xx.xx.2021-ci il tarixli AGE/AL/SC/12-21/015 saylı subpodrat müqaviləsi bağlanmışdır. Müqavilənin predmeti X2 Zonasında uzunluğu 112m, diametri 1400 mm olan yağış suyu xəttinin mikrotunel üsulu ilə tikintisindən ibarət olmuşdur.

33. Qeyd edilmiş müqavilənin qiymət razılaşma protokolundan görünür ki, qeyd edilmiş işlərin dəyəri 252.000 manat təşkil edir.

34. İlkin iddiaçı qeyd edilən müqavilə üzrə Cavabdeh MMC-yə ƏDV daxil 74.340 manat pul ödədiklərini, ancaq ümumiyyətlə hər hansı bir iş görmədiklərini bildirir.

35. Qarşılıqlı iddiaçı isə qeyd edilmiş müqavilə üzrə ödənilmiş məbləğ üzrə işlərin icra edildiyini, hətta 64.442,30 manat dəyərində artıq işlərin görüldüyünü bildirir.

36. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli ödəniş tapşırığından görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə 63.000 manat məbləğində pul ödənilmişdir.

37. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il köçürmənin aparılması haqqında bildirişdən görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə 11.340 manat məbləğində ƏDV ödənişi edilmişdir.

38. Göründüyü ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMC-yə ƏDV daxil 74.340 manat pul ödənilmişdir.

39. Məhkəmə bu xüsusda qeyd edir ki, Cavabdeh MMC qeyd edilmiş müqavilə üzrə işlərin icra edilməsini təsdiq edəcək ümumiyyətlə hər hansı bir sübutu Məhkəməyə təqdim edə bilməmişdir, yəni Cavabdeh MMC müqavilə üzrə üzərinə düşən öhdəliyi ümumiyyətlə icra etməmişdir.

40. Ona görə də, Məhkəmə hesab edir ki, xx.xx.2021-ci il tarixli AGE/AL/SC/12- 21/015 saylı subpodrat müqaviləsi üzrə ödənilmiş olan ƏDV daxil 74.340 manat pul məbləğində pul Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilməlidir.

41. Həmçinin Məhkəmə qeyd edir ki, qeyd edilən müqavilə üzrə dəbbə pulunun 3.500 manat məbləğində tutulması daha ağlabatandır.

42. Məhkəmə iddianın Mülki Məcəllənin 449.1-ci maddəsinə əsasən 5.761,35 manat məbləğin tələb edilməsi ilə bağlı qeyd edir ki, hazırkı halda, iddiaçı tərəf cavabdehin onun vermiş olduğu puldan faydalanması halını sübut edə bilmədiyindən, ilkin iddia qeyd edilən hissədə təmin edilə bilməz.

43. Bundan başqa, hüquqi yardımın göstərilməsi üçün vəkilə çəkilmiş xərcin əvəzi olaraq 320 manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilsin.

44. Həmçinin ödənilmiş dövlət rüsumunun əvəzi olaraq ilkin iddianın təmin olunmuş hissəsinə mütənasib olaraq 410 (dörd yüz on) manat, 27 (iyirmi yeddi) qəpik məbləğində pul Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilsin.

45. Qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, ilkin iddianın qismən təmin edilməsi, qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməlidir.

VI. Nəticə:

46. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ: İlkin iddia qismən təmin edilsin. xx.xx.2021-ci il tarixli müqavilə üzrə əsas borc üzrə 40.632,39 manat, dəbbə pulu üzrə 2.000 manat, cəmi 42.632 (qırx iki min altı yüz otuz iki) manat, 39 (otuz doqquz) qəpik məbləğində pul Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilsin. xx.xx.2021-ci il tarixli müqavilə üzrə əsas borc üzrə 74.340 manat, dəbbə pulu üzrə 3.500 manat, cəmi 77.840 (yetmiş yeddi min səkkiz yüz qırx) manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilsin. Hüquqi yardımın göstərilməsi üçün vəkilə çəkilmiş xərcin əvəzi olaraq 320 manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 410 (dörd yüz on) manat, 27 (iyirmi yeddi) qəpik məbləğində pul Cavabdeh MMC-dən tutularaq İddiaçı MMC-yə ödənilsin. İlkin iddia qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddia rədd edilsin. Qətnamədən rəsmi qaydada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Kənan Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar