Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2495/2024 30.05.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdehnə qarşı “xidmət müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: xidmət münasibətləri, podrat müqaviləsi, prosessual maraq) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “xidmət müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı Cavabdehnə (bundan sonra Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 01 mart 2023-cü il tarixli yükqaldırma işlərinin icrası haqqında müqavilə üzrə 34076,9 manat əsas borcun və ödənilmiş 192,23 manat dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki, iddiaçı ilə cavabdeh arasında bağlanılmış 01 mart 2023-cü il tarixli AGE/AL/SA/03-23/002 nömrəli müqaviləyə əsasən, müqavilə üzrə nəzərdə tutulmuş həcmdə və şərtlərlə yükqaldırma işlərinin yerinə yetirilməsini iddiaçı öz öhdəsinə götürmüş, cavabdeh isə xidmət haqqını vaxtlı-vaxtında ödəməyi təsdiq etmişdir. Yükqaldırma işlərinin həyata keçirilməsi ilə əlaqədar hər ay bitdikdən sonra görülmüş işlər barədə növbəti ayın 15-nə kimi üzləşmə aktları tərtib edilmiş, müqavilə üzrə müəyyən ödənişlər edilsə də, dekabr ayı üçün 29 fevral 2024-cü ildə tərtib edilmiş və imzalanmış qarşılıqlı üzləşmə aktına əsasən ümumi hesablanmış borc 34076,90 manat təşkil etmişdir. Qarşılıqlı üzləşmə aktının imzalanmasına və işlərin təhvil verilməsinə baxmayaraq, cavabdeh tərəfindən hal-hazıradək ödəniş edilməmişdir. Belə ki, dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq, cavabdeh tərəfindən ödənişlər tam həcmdə edilməmiş, müqavilə öhdəlikləri pozulmuşdur. Qeyd olunan məsələlər barədə cavabdehə xx.xx.2024-cü il tarixində elektron məhkəmə portalı vasitəsilə pretenziya məktubu ünvanlanmışdır və tələb edilmişdir ki, 34076,90 manat pul məbləğini 4 gün müddətində iddiaçının hesabına köçürsün. Əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə sonuncu məlumatlandırılmışdır. Lakin cavabdeh bu günədək heç bir ödəniş etməmişdir. Beləliklə, pozulmuş müqavilə öhdəliyinə görə sifarişçidən tələb olunan məbləğ görülmüş işlərin dəyəri olan 34076,90 manat təşkil edir ki, iddiaçı bu məbləği sifarişçidən tələb etməkdə haqlıdır.
3. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 385, 442, 448-ci və s. maddələri göstərilmişdir.
4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 154-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır.
II. Tərəflərin mövqeləri:
5. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmənin hazırlıq iclaslarında iştirak edərək iddia ərizəsinin məzmununa uyğun izahlar verdi və eyni zamanda bildirdi ki, bütün üzləşmə aktları cavabdehin ofis mühəndisi tərəfindən imzalanmışdır. Həmin şəxs tərəfindən imzalanmış bəzi aktlar üzrə xidmətlərin dəyəri ödənilmişdir.
6. Məhkəmənin suallarına cavab olaraq iddiaçının nümayəndəsi və vəkili göstərdi ki, iddiaçının cavabdehə göstərdiyi xidmət ƏDV-nin şamil olunmadığı xidmətdir.
7. Məhkəmə iclaslarında iştirak edən İddiaçı qeyd etdi ki, iddiaçı sürücü ilə birlikdə avtokranı cavabdehin istifadəsinə verir, iş saatlarına uyğun olaraq sonuncu tərəfindən xidmət haqqı hesablanırdı.
8. Məhkəmənin suallarına cavab olaraq iddiaçı göstərdi ki, tərəflər arasında bütövlükdə 6 elektron qaimə mövcud olmuşdur. Bütün ödənişlər köçürmə yolu ilə edilmişdir, lakin 2000 manat və 2000 manat olmaqla ümumilikdə 4000 manat məbləğində pul əlbəəl ödənilmişdir.
9. Məhkəmə bildirişləri cavabdehin və qanuni təmsilçisinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə yerləşdirilməklə, cavabdehin hüquqi ünvanına çatdırılmaqla, qanuni təmsilçisinin mobil telefon nömrələrinə “SMS” bildirişlər göndərilməklə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclaslarında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri və ya mümkünsüzlüyü barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mübahisəyə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
III. Məhkəmə baxışının hədləri:
10. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
a) Xidmət müqaviləsi üzrə pulun tutulması tələbi ilə bağlı
11. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.
12. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.
13. İddia ərizəsinə əlavə edilmiş iddiaçı (icraçı qismində) ilə cavabdeh (sifarişçi qismində) arasında bağlanmış xx.xx.2023-cü il tarixli AGE/AL/SA/03-23/002 nömrəli yükqaldırma işlərinin icrası haqqında müqavilənin predmetlə bağlı şərtlərindən (1-ci hissə) görünür ki, “Sifarişçi” həyata keçirdiyi layihə çərçivəsində yükqaldırma işlərinin görülməsini sifariş verib “İcraçı”ya razılaşdırılmış muzd ödəməyi, “İcraçı” isə “Sifarişçi”nin müəyyən etdiyi qaydada müvafiq işləri görməyi öhdəsinə götürür (1.1). İcraçı müvafiq işi 99XH085 dövlət qeydiyyat nömrəli XCMG QY25 K5 xüsusi təyinat markalı avtokran ilə yerinə yetirəcək (1.2).
14. Həmin müqavilənin xidmətlərin göstərilmə qaydası adlanan 2-ci hissəsinə əsasən, işin göstərilməsi ilkin sifariş üzrə həyata keçirilir. Göstəriləcək işin sifarişi “Sifarişçi” tərəfindən verilir (2.1). “İcraçı” “Sifarişçinin” sifariş verdiyi yük qaldırma işlərini həyata keçirir (işi icra edir) (2.2). “İcraçı” müqavilədə nəzərdə tutulan müddət ərzində işləri icra etməlidir (2.3).
15. Adıçəkilən müqavilənin məbləğ və hesablaşma qaydası ilə bağlı 4-cü hissəsindən görünür ki, görülən işlərin bir günlük qiyməti 288,46 manat təşkil edir. Bu məbləğ 6.4.1-ci maddədə göstərilən vaxt çərçivəsini əhatə edən bir günlük iş üçün nəzərdə tutulur (4.1). Müvafiq texnika ilə işlərin aylıq həcmi sifarişçinin təyin etdiyi sahə rəisi tərəfindən müəyyən olunur və hər ay bitdikdən sonra texnika üçün növbəti ayın 15-nə kimi görülmüş işlər barədə üzləşmə aktı tərtib olunur (4.2). Ödənişlər müqavilənin 4.1, 4.2, 6.4.1 və 6.4.2-ci maddələri nəzərə alınmaqla üzləşmə aktı əsasında aylıq ödəmələr şəklində həyata keçirilir. Ay ərzində ödəniləcək məbləğ nisbi olaraq 7500 manatdır (4.3). Aylıq ödənişlər üzləşmə aktı əsasında 15 gün ərzində edilir (4.4). Hazırkı müqavilə üzrə hesablaşmalar bank hesabına köçürmə yolu ilə həyata keçirilir (4.5). Hesablaşma Azərbaycan manatı (AZN) ilə aparılacaq (4.6).
16. Qeyd edilən müqavilənin tərəflərin məsuliyyətindən bəhs edən 6-cı hissəsinə əsasən, “İcraçı” müqavilədə nəzərdə tutulan İşin vaxtında və lazımınca icra edilməməsi üçün məsuliyyət daşıyır (6.1). “İcraçı”nın təqsiri nəticəsində təsadüfən iş göstərməsi nəticəsində “Sifarişçi”nin əmlakının məhv olması və ya zədələnməsi riski icranın “Sifarişçi”yə təhvil verildiyi vaxtadək “İcraçı”nın üzərinə düşür (6.2). “İcraçı” “Sifarişçi”nin əmlakı barəsində diqqətsizlik üzündən həmin əmlakın məhv olması və ya zədələnməsi üçün məsuliyyət daşıyır (6.3). “İcraçı” müvafiq işin həyata keçirilməsi zamanı texniki təhlükəsizlik qaydalarına riayət etməlidir. “İcraçı”nın diqqətsizliyi səbəbindən baş vermiş hər hansı bədbəxt hadisə zamanı “Sifarişçi” məsuliyyət daşımır (6.4). İşin icrası hər gün Sifarişçinin sahədə işləri icra etdiyi vaxt aralığında (saat 08:00-dan 18:00-a kimi) həyata keçiriləcəkdir (6.4.1). Texnikanın “Sifarişçi”dən asılı olmayan səbəblərdən ötrü işləmədiyi vaxtlar (xarab olması, sürücünün gəlməməsi və s.), habelə rəsmi bayram günləri sayılan təqvim günləri hər iki tərəfin qarşılıqlı razılığı ilə qeydə alınır. Belə hallar olduqda həmin vaxtlar texnikanın aylıq qiymətinin (iyirmi altı) gün və ya saat nisbətində hesablanaraq ümumi qiymətdən çıxarılır (6.4.2). İş hava şəraitinin əlverişsiz keçməsi ilə əlaqədar göstərilə bilmədiyi halda həmin müddət üçün icraçıya iş haqqı hesablanacaq (6.4.3).
17. İş materiallarına əlavə edilən iddiaçı və cavabdeh (sonuncu adına texnik ofis mühəndisi tərəfindən imzalanmış) tərəfindən imzalanmış qarşılıqlı üzləşmə aktlarından görünür ki, 01 aprel 2023-cü il tarixli akta əsasən həmin tarixə cavabdehin iddiaçıya olan borcu 6634,65 manat, 01 may 2023-cü il tarixli akta əsasən həmin tarixə cavabdehin iddiaçıya olan borcu 13846,2 manat, 01 iyun 2023-cü il tarixli akta əsasən həmin tarixə cavabdehin iddiaçıya olan borcu 11346,2 manat, 01 iyul 2023-cü il tarixli akta əsasən həmin tarixə cavabdehin iddiaçıya olan borcu 18846,2 manat, 01 avqust 2023-cü il tarixli akta əsasən həmin tarixə cavabdehin iddiaçıya olan borcu 18346,5 manat, 01 sentyabr 2023-cü il tarixli akta əsasən həmin tarixə cavabdehin iddiaçıya olan borcu 26134,95 manat, 01 oktyabr 2023-cü il tarixli akta əsasən həmin tarixə cavabdehin iddiaçıya olan borcu 23076,90 manat, 01 noyabr 2023-cü il tarixli akta əsasən həmin tarixə cavabdehin iddiaçıya olan borcu 30865,35 manat, 29 fevral 2024-cü il tarixli akta əsasən həmin tarixə cavabdehin iddiaçıya olan borcu 34076,9 manat təşkil edir (xx.xx.2023-cü il tarixdə ödənilmiş 2000 manat, xx.xx.2023-cü il tarixdə ödənilmiş 2000 manat nəzərə alınmaqla).
18. İş materiallarında olan elektron qaimələr və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin X1 Sistemindən çıxarışlardan görünür ki, xx.xx.2023-cü il tarixli EBDD 032111 seriya və nömrəli elektron qaimə (təsdiqlənmiş) 7231,65 manat, xx.xx.2023-cü il tarixli EBDE 737062 seriya və nömrəli elektron qaimə (təsdiqlənmiş) 7815,55 manat, xx.xx.2023-cü il tarixli EBDK 334076 seriya və nömrəli elektron qaimə (təsdiqlənmiş) 13799 manat, xx.xx.2023-cü il tarixli EBDR 664160 seriya və nömrəli elektron qaimə (təsdiqlənmiş) 23076,9 manat, xx.xx.2023-cü il tarixli EBDR 779478 seriya və nömrəli elektron qaimə (sistem tərəfindən təsdiqlənmiş) 7788,45 manat, xx.xx.2023-cü il tarixli EBDU 291862 seriya və nömrəli elektron qaimə (təsdiqlənmiş) 7211,55 manat olmaqla ümumilikdə 66923,1 manat dəyərində xidmətin göstərilməsi üçün tərtib edilmişdir.
19. Məhkəməyə təqdim edilən iddiaçının "xxxx" Açıq Səhmdar Cəmiyyətində olan AZ98AZEN******************** nömrəli bank hesabından xx.xx.2023 – xx.xx.2024-cü il tarixlərini əhatə edən çıxarışdan görünür ki, xx.xx.2023-cü il tarixdə 334076 nömrəli elektron qaimə üzrə 10846,5 manat, xx.xx.2023-cü il tarixdə 334076 nömrəli elektron qaimə üzrə 2952,5 manat, xx.xx.2023-cü il tarixdə 737062 nömrəli elektron qaimə üzrə 5047,2 manat, xx.xx.2023-cü il tarixdə EBDE 737062 seriya və nömrəli elektron qaimə 10000 manat olmaqla ümumilikdə 28846,2 manat cavabdeh tərəfindən ödəniş edilmişdir.
20. Beləliklə, məhkəmə təqdim edilən sübutları aidiyyət, mümkünlük və mötəbərlik, sübutların məcmusunu isə yetərlilik baxımından qiymətləndirərək müəyyən edir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2023-cü il tarixli AGE/AL/SA/03-23/002 nömrəli xidmət müqaviləsindən irəli gələn öhdəlik münasibəti yaranmış, həmin müqaviləyə əsasən cavabdeh həyata keçirdiyi layihə çərçivəsində yükqaldırma işlərinin görülməsini sifariş verib iddiaçıya razılaşdırılmış muzd ödəməyi, iddiaçı isə cavabdehin müəyyən etdiyi qaydada müvafiq işləri görməyi öhdəsinə götürmüşdür. İddiaçı tərəfindən cavabdehə ümumilikdə 66923,1 manat dəyərində xidmət göstərilmiş, həmin xidmətlər hər ay tərtib edilən qarşılıqlı üzləşmə aktları və xx.xx.2023-cü il tarixli EBDD 032111, xx.xx.2023-cü il tarixli EBDE 737062, xx.xx.2023-cü il tarixli EBDK 334076, xx.xx.2023-cü il tarixli EBDR 664160, xx.xx.2023-cü il tarixli EBDR 779478 və xx.xx.2023-cü il tarixli EBDU 291862 seriya və nömrəli elektron qaimələrlə təhvil alınmış, cavabdeh tərəfindən 28846,2 manat köçürmə yolu ilə, 4000 manat nağd qaydada ödəniş edilmişdir.
21. İddiaçı tərəflər arasında imzalanmış xidmət müqaviləsi üzrə göstərilmiş xidmətlərin qalıq dəyəri 34076,9 manat məbləğində pulun tutulmasını tələb edir.
22. Cavabdeh hazırkı mübahisəyə lazımi prosessual maraq göstərmir, məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına rəğmən iddiaya heç bir etiraz etmir.
23. Məhkəmə cavabdehin hərəkətsizliyi ilə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.
24. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi bir sıra qərarlarında göstərmişdir ki, mülki prosesdə tərəflərdən mübahisələri ilə bağlı prosessual hərəkətlərin edilməsində “zəruri maraq” göstərməsi gözlənilir. Müvafiq prosessual hərəkətlərin edilməsində zəruri marağın göstərilib-göstərilməməsi qiymətləndirilərkən, tərəfin məhkəmə icraatında iştirak (təmsil) etmə (edilmə) imkanının olub-olmaması müəyyən olunmalıdır. Əslində, prosessual hüquqlar, bir qayda olaraq, prosessual vəzifələrlə sıx əlaqədədir (Bakovska Polşaya qarşı iş üzrə 2010, § 54, Zubak Xorvatiyaya qarşı iş üzrə 2018, § 93 Qərarları).
25. Məhkəmə qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələbinə əsasən mülki məhkəmə icraatında hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Kommersiya mübahisəsi üzrə işdə iştirak edən şəxslər tərəfindən prosessual marağın göstərilməsi zərurəti həm də işdə iştirak edən şəxslərin prosesin əmələ gəlməsi, gedişatı və sona yetməsi ilə əlaqədar öz hüquqları barəsində sərbəst sərəncam verməsində ifadə olunan dispozitivlik prinsipinin tələbidir.
26. Buna görə də məhkəmə cavabdehin hazırkı kommersiya mübahisəsindən lazımi qaydada məlumatlı olmasına, “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə təqdim edilən bütün sübutlarla real vaxt rejimində tanış olmaqla imkanına malik olmasına baxmayaraq, mülki mühakimə icraatında ondan gözlənilən prosessual marağın göstərilməməsini – iddia tələbinə etirazın təqdim edilməməsi, məhkəmə iclaslarında iştirak edilməməsi, sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallarla bağlı mövqeyini ifadə etməməsini iş üzrə yekun qənaətə gələrkən nəzərə alır.
27. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli AGE/AL/SA/03-23/002 nömrəli müqavilə xidmət müqaviləsidir. Lakin mülki qanunvericilikdə xidmət müqaviləsinin ayrı-ayrı növlərini (tapşırıq, konsessiya, ticarət agenti və s.) tənzimləyən müddəalar mövcud olsa da, həmin normalar göstərilən xidmətlərin təhvil-təslim aktı əsasında görülmüş iş kimi təhvil alınmasını əks etdirən hazırkı xidmət müqaviləsindən irəli gələn münasibətlərə tətbiq edilə bilməz.
28. Qeyd olunanlara əsaslanaraq və işin hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, hazırkı mübahisə Mülki Məcəllənin podrat müqaviləsinə aid müddəalarının qaydalarına uyğun araşdırılmalıdır.
29. Bu baxımdan iddia tələbinin hüquqi əsasını Mülki Məcəllənin 752.1 və 753.1-ci maddəsi təşkil edir. Həmin Məcəllənin 752.1-ci maddəsinin tələblərinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 753.1-ci maddəsinə əsasən, sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur.
30. İddiaçı isə hazırda mülki qanunvericilikdən irəli gələn görülmüş işin dəyərinin ödənilməsi hüququnu realizə edir.
31. Məhkəmə xüsusilə vurğulayır ki, mülki dövriyyənin sabitliyini, davamlılığını təmin edən ən vacib prinsiplərdən biri “müqavilələr icra olunmalıdır” (pacta sunt servanda) prinsipidir. Mülki Məcəllənin “Öhdəliklərin icrası zamanı vicdanlılıq” adlanan 425-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
32. Mülki Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.
33. Mülki Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
34. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
35. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.
36. Həmin Məcəllənin 448.3-cü maddəsinə əsasən borclu öz qanuni təmsilçilərinin və öhdəliyinin tamamilə və ya hissə-hissə icrası üçün xidmətlərindən istifadə etdiyi şəxslərin hərəkəti və ya hərəkətsizliyi üçün öz hərəkəti və ya hərəkətsizliyi üçün olan dərəcədə məsuliyyət daşımalıdır.
37. Beləliklə, məhkəmə hesab edir ki, xidmət müqaviləsi üzrə razılaşdırılmış xidmət haqqının ödənilməsi ilə bağlı öhdəliyi pozaraq, müqavilə ilə nəzərdə tutulan müddətdə icra etməyən, onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyan cavabdeh müqavilə üzrə yaranmış borcunu iddiaçıya ödəməlidir.
38. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalı, xx.xx.2023-cü il tarixli AGE/AL/SA/03-23/002 nömrəli xidmət müqaviləsi üzrə 34076,9 (göstərilmiş ümumi xidmətin dəyəri: 66923,1 – nağdsız ödənilən məbləğ: 28846,2 – nağd ödənilən məbləğ: 4000) manat məbləğində pul Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilməlidir.
b) Məhkəmə xərcləri ilə bağlı
39. İddiaçı ödənilmiş 192,23 manat dövlət rüsumunun cavabdehdən tutulmasını xahiş etmişdir.
40. Elektron iddia ərizəsinin “dövlət rüsumunun ödənilməsi haqqında məlumat” qrafasına əsasən müəyyən edilir ki, ********** nömrəli mədaxil qəbzi ilə iddiaçı tərəfindən dövlət büdcəsinə iddia ərizəsinin verilməsi üçün 192,23 manat ödəniş edilmişdir.
41. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
42. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
43. Beləliklə, məhkəmə iddia tələbinin təmin edildiyini nəzərə alaraq hesab edir ki, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 192,23 manat məbləğində pul Cavabdeh MMCdən tutularaq İddiaçı ödənilməlidir. V. Nəticə:
44. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddia təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış 01 mart 2023-cü il tarixli yükqaldırma işlərinin icrası haqqında müqavilə üzrə 34076 (otuz dörd min yetmiş altı) manat 90 (doxsan) qəpik məbləğində pul Cavabdehndən tutularaq İddiaçı ödənilsin. Ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 192 (bir yüz doxsan iki) manat 23 (iyirmi üç) qəpik məbləğində pul Cavabdehndən tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.
Hakim Nərmin Əhmədova