Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-2519/2021 08.05.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Məhkəmənin hakimi Əliyeva Leyla Rauf qızı Kreditor ASC-nin Borclu MMC-yə qarşı pul tələbinə dair məhkəmə əmrinin verilməsi barədə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN ETDİ: Kreditor ASC Borclu MMC-yə qarşı pul tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Azerspace-1 telekommunikasiya peyki üzərindən “TV” kanalının peyk yayımına görə 01.01.2019-31.10.2019-cu il dövrü üzrə 214.842,6 manat məbləğində xidmət haqqı və müraciət edilməsi üçün ödənilmiş 20 manat dövlət rüsumu məbləğinin Borclundən tutularaq Kreditor Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə məhkəmə əmrinin verilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Kreditor Açıq Səhmdar Cəmiyyəti (VÖEN: **********) və Borclu (VÖEN:**********) 30 mart 2018-ci il tarixli “Telekommunikasiya peykinin transponder tutumunun istifadəyə verilməsi haqqında” müqavilə bağlamışlar. Müqaviləyə görə, Azərbaycan Respublikasının “Azerspace-1” telekommunikasiya peykində K radiodiapazonunda zolağın eni 3,5 meqahers (Mhs) olan radiotezlik üzərindən Borclu MMC-nin “TV” kanalının peyk yayımı Kreditor ASC tərəfindən həyata keçirilmişdir. Müqavilə üzrə peyk yayımı 30.10.2019-cu ilədək davam etdirilmiş və borclunun 25.10.2019-cu il tarixli məktubu əsasında 01.11.2019-cu il tarixdən dayandırılmışdır. Kreditor ASC adıçəkilən müqavilədən irəli gələn öhdəliklərini tam şəkildə icra etmişdir. Borclu isə müqavilə üzrə 1 yanvar 2019-cu ildən 31 oktyabr 2019-cu ilədək olan dövrə aid “TV” kanalının Azerspace-1 peyk yayımına görə hesablanmış xidmət haqları müqavilənin şərtlərinə əməl etməyərək ödəməmişdir. Beləliklə də, 01.01.2019-31.10.2019-ci il dövrü (yəni 10 ay) üzrə Kreditor ASC-yə Borclu MMC-nin 214842,6 manat məbləğində gecikdirilmiş pul öhdəlikləri yaranmışdır və bu günədək Borclu MMC pul öhdəliyini icra etməmiş, borcunu ödəməmişdir. Birincisi, Kreditor ASC və Borclu MMC arasında bağlanmış 30.03.2018-ci il tarixli Müqaviləyə 2 saylı əlavəyə (“Ödəniş Cədvəli”) əsasən, borclu hər təqvim ayı üzrə Kreditora 10710 ABŞ dollarının hesab-faktura tarixinə Azərbaycan Respublikası Mərkəzi Bankının ABŞ dollarının manata nisbətdə rəsmi məzənnəsi ilə müəyyən edilən manat ekvivalentini ödəməli idi. İkincisi, Borclu MMC tərəfindən Kreditor ASC-yə ünvanlanmış 25 oktyabr 2019-cu il tarixli məktuba əsasən, borclu “maliyyə sıxıntıları yaşadığından ona göstərilən yayım xidmət haqlarını ödəməkdə çətinlik çəkdiyini bildirmiş və 01.11.2019-cu il tarixdən etibarən yayım xidmətinin dayandırılmasını” Kreditor ASC-dən xahiş etmişdir. Beləliklə, borclu özünün 25 oktyabr 2019-cu il tarixli məktubunda “TV” kanalı üçün Kreditor ASC-nin Azerspace-1 peyk yayımı xidmətindən müqavilə üzrə istifadə etdiyini təsdiq etmiş və peyk yayımına görə xidmət haqlarını ödəyə bilmədiyini bildirmişdir. Üçüncüsü, 01.01.2019-31.10.2019-cu il dövrü üzrə Kreditor ASC tərəfindən Borclu MMC-yə ümumilkdə 214842,6 manat məbləğində aylıq invoys hesabları göndərilmişdir. Borclu və Kreditor ƏDV ödəyicisi olan hüquqi şəxslərdir. Müqavilə əsasında “Azerspace-1” peyk yayımına görə 10 ay ərzində aylıq hesablanan xidmət haqların ödənilməsinə dair Kreditor ASC-nin elektron qaimələri vergi orqanının (hazırda Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti, Milli Gəlirlər Departamenti) proqram təminatı olan X1 Sistemi (AVİS) vasitəsilə də borcluya təqdim edilmişdir. Kreditor ASC tərəfindən 01.01.2019-31.10.2019-cu il dövrü üzrə təqdim olunmuş elektron qaimə-fakturalar üzrə borclu tərəfindən hər hansı dəqiqləşdirmə və yaxud imtina əməliyyatı aparılmamışdır və bunun nəticəsi olaraq, 5 gündən sonra, haqların ödənilməsinə dair elektron hesab-fakturası AVİS-də avtomatik hazırlanaraq 01.01.2019-cu ildən Borcluə hər ay təqdim edilmişdir. 01.01.2019-31.10.2019-cu il dövrü üzrə borclu tərəf kreditordan aldığı elektron vergi hesab-fakturaları üzrə hər hansı dəqiqləşdirmə və ya onun ləğvinə dair sorğu, bildiriş və ya tələblə müraciət etməmişdir. Bu isə, öz növbəsində, borclunun agah olduğunu və “TV” kanalının peyk yayımına görə hər ay hesablanan haqların məbləğlərini qəbul etdiyini bir daha sübut edir. Kreditor ASC ilə Borclu arasında bağlanmış Müqavilənin 3.2-ci bəndinə əsasən, aylıq haqq məbləğlərinin ödənilməsi Kreditor tərəfindən təqdim edilən hesab-faktura əsasında, həmin hesab-faktura müştəriyə (Borcluya) təqdim edildikdən sonra 10 gün müddətində Kreditor bank hesabına köçürmə yolu icra edilməlidir. Hsab-fakturalar AVİS üzərindən borcluya vaxtlı-vaxtında təqdim edilmişdir, lakin borclu ödəniş etmir. Borcludan kreditora 2021-ci ildə heç bir ödəniş etməmişdir. Beləliklə, müqaviləyə əsasən Borclunun 01.01.2019-31.10.2019-cu il dövrü üzrə kreditora hazırda əsas borc olan 214.842,6 manat məbləğində pul öhdəliyi vardır. Məhkəmə təqdim edilmiş ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, məhkəmə əmrinin verilməsi barədə ərizənin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 276.1-ci maddəsinə əsasən, kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun mübahisə edilməyən vəzifəsinə əsaslanırsa bu hallarda məhkəmə əmri verilə bilər. 276.2-ci maddəsinə əsasən, tələb sadə yazılı formada bağlanmış əqdə (lisenziyalaşdırılan telekommunikasiya xidmətlərinin göstərilməsi ilə bağlı müqavilələr, kredit təşkilatları ilə bağlanmış kredit müqavilələri və məişətdə istehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi barədə tələblər istisna olmaqla) əsaslanırsa; tələb ödənilməmiş, aksept olunmamış və ya aksept tarixi qoyulmamış veksellərə dair notarius tərəfindən verilmiş protestə əsaslanırsa; tələb alimentin alınması, o cümlədən atalığın müəyyən edilməsi və ya üçüncü şəxslərin cəlb edilməsi ilə bağlı olmadan yetkinlik yaşına çatmayan şəxslərə alimentin alınması haqqında verilmişdirsə; tələb hesablanmış, lakin işçiyə ödənilməmiş əmək haqqı barəsində verilmişdirsə; tələb polis orqanları tərəfindən cavabdehin və ya borclunun axtarışı üzrə xərclərin alınması haqqında verilmişdirsə; tələb fiziki şəxslərdən vergilər və dövlət məcburi sığortası üzrə qalığın alınması haqqında verilmişdirsə məhkəmə əmri verilə bilər. Əmr icraatı qaydasında işə baxılarkən kreditorun tələbi aşkar və mübahisəsiz olmalıdır. Həmin tələbin aşkar olması dedikdə, məhkəmə iclası keçirilmədən, əlavə sübutlar cəlb edilərək tədqiq edilmədən və tərəflərin izahatları dinlənilmədən kreditor tərəfındən irəli sürülən pul məbləğinin alınmasına dair tələbin tam əsaslılığı məhkəmə əmrinin verilməsinə dair ərizəyə əlavə olunmuş sənədlərdən məhkəmə üçün aşkar olma başa düşülməlidir. Məhkəmə hesab edir ki, hazırkı işdə məhkəmə əmrinin verilməsinə dair ərizəyə əlavə olunmuş sənədlər işdə sübutlar cəlb edilərək tədqiq edilmədən və tərəflərin izahatları dinlənilmədən kreditor tərəfındən irəli sürülən pul məbləğinin alınmasına dair tələbin tam əsaslılığı barədə nəticəyə gəlmək üçün kifayət etmir. Belə ki, kreditorun ödənilməsini tələb etdiyi borc məbləği xidmət göstərilməsi barədə müqavilə əsasında yaransa da, kreditor tərəfindən xidmətlərin göstərilməsini təsdiq edən sənədlər (məsələn, təhvil-təslim aktları) hazırkı ərizəyə əlavə edilməmişdir. MPM-in 279.2.2 və 279.2.3-cü maddələrinə əsasən, verilmiş tələbi təsdiq edən sənədlər təqdim olunmamışdırsa və ərizənin əsaslandığı tələb etmə hüququ barədə mübahisə vardırsa məhkəmə, məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul olunmasından imtina edir. Belə olan halda məhkəmə hesab edir ki, yuxarıda göstərilən səbəblərdən ərizənin qəbul edilməsindən Azərbaycan Respublikası MPM-in 279.2.2 və 279.2.3-cü maddələrinə əsasən, imtina olunmalıdır. MPM-in: 279.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 3 gün müddətində məhkəmə ərizənin qəbul edilməsindən imtina haqqında qərardad çıxarır. Bu qərardaddan şikayət verilə bilməz. 279.4-cü maddəsinə əsasən, məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul edilməsindən imtina olunması kreditorun həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda kreditor tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 279-cu maddəsini rəhbər tutaraq, QƏRARA ALDİ: Kreditor ASC-nin Borclu MMC-yə qarşı pul tələbinə dair məhkəmə əmrinin verilməsinə dair ərizəsinin qəbul edilməsindən imtina edilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim Leyla Əliyeva
Məhkəmə qərarları › İş №e-2-2(113)-2519/2021
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-2519/2021
08.05.2021 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver