Məhkəmə qərarları › İş №e-2-2(113)-2524/2021

Bakı Kommersiya Məhkəməsi Qiyabi qətnamə — İş №e-2-2(113)-2524/2021

24.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2524/2021 24.06.2021 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Pirverdiyev Zaur Rafiq oğlunun sədrliyi ilə, Məhkəmə iclas katibi Qasımov Fərid Fərzalı oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı cavabdeh ilə iddiaçı arasında bağlanmış 20.05.2020-ci il tarixli, XM 05/20-004 nömrəli xidmət göstərilməsinə dair müqaviləyə əsasən yaranmış 14200 manat məbləğində borcun, məhkəmə qərarı cavabdeh tərəfindən tam icra edilənədək illik 5 (beş) faiz məbləğində pulun, hüquqi xidmətlərin göstərilməsinə dair bağlanmış müqavilə üzrə hüquqi yardım üçün ödənilmiş xərcə görə 600 manat məbləğin, həmçinin ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qiyabi qətnaməni qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehə qarşı cavabdeh ilə iddiaçı arasında bağlanmış 20.05.2020-ci il tarixli, XM 05/20-004 nömrəli xidmət göstərilməsinə dair müqaviləyə əsasən yaranmış 14200 manat məbləğində borcun, məhkəmə qərarı cavabdeh tərəfindən tam icra edilənədək illik 5 (beş) faiz məbləğində pulun, hüquqi xidmətlərin göstərilməsinə dair bağlanmış müqavilə üzrə hüquqi yardım üçün ödənilmiş xərcə görə 600 manat məbləğin, həmçinin ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, cavabdeh ilə iddiaçı arasında 20.05.2020ci il tarixli, XM05/20-004 nömrəli xidmət göstərilməsinə dair müqavilə imzalanmışdır. Müqaviləyə əsasən iddiaçı müqavilənin şərtlərinə uyğun olaraq Müqaviləyə əlavədə olan siyahı üzrə xidmətləri yerinə yetirməyi, cavabdeh isə iddiaçı tərəfindən göstərilmiş xidmətə görə müəyyən edilmiş haqqı ödəməyi öhdəsinə götürmüşdür. Müqaviləyə 1 nömrəli Əlavəyə əsasən avtokran ilə yüklərin qəbulu və qaldırılması xidməti üzrə bir aylıq xidmət haqqı 7100 manat məbləğində müəyyən edilmişdir. İddiaçı tərəfindən Müqaviləyə 1 nömrəli Əlavə üzrə müəyyən edilmiş xidmətlər həyata keçirilmiş, lakin cavabdeh tərəfindən göstərilən xidmətin dəyərinin ödənilməsi təmin edilməmişdir. İddiaçı tərəfindən 21.10.2020-ci il və 23.11.2020-ci il tarixlərində cavabdehə elektron qaimələr göndərilmiş və həmin elektron qaimələr cavabdeh tərəfindən təsdiq edilmişdir. Həmin elektron qaimələr üzrə ödəmələrin məbləğinə görə cavabdehin iddiaçıya ümumilikdə 14200 manat məbləğində borcu yaranmışdır. Lakin, bugünədək cavabdeh tərəfindən ödəniş həyata keçirilməmişdir. Yaranmış borcun ödənilməsinin təmin edilməsi məqsədi ilə iddiaçı tərəfindən cavabdehlə dəfələrlə əlaqə saxlanılmış və müraciətlər edilmiş, rəsmi pretenziya məktubu göndərilmiş, lakin, qeyd olunan müraciətlər heç bir müsbət nəticə verməmiş və borcun ödənilməsi istiqamətində heç bir tədbir görülməmişdir. Həmçinin, iddiaçı ilə X3 arasında 19 aprel 2021-ci il tarixində, hüquqi xidmətlərin göstərilməsi haqqında müqavilə imzalanmışdır. Həmin Müqaviləyə əsasən X3 iddiaçının sifarişləri əsasında ona hüquqi xidmətlər göstərməyi öhdəsinə götürmüşdür. Müqaviləyə əsasən pretenziya məktubu və iddia ərizəsi hazırlanmış, ona hüquqi xidmət göstərilmişdir, bunun müqabilində isə iddiaçı, X2 600 manat məbləğində xidmət haqqı ödəmişdir. Hazırki iddia tələbi üzrə iddiaçı müqavilə əsasında hüquqi yardım üçün 600 manat məbləğində haqq ödəmişdir, qeyd edilən məbləğdə göstərilən yardıma görə xərc də cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinə uyğun izahat verdi və iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Həmin Məcəllənin 238 və 241-ci maddələrinə görə iclasın vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı isə buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Məhkəmə iclasında iddiaçı işə qiyabi icraat qaydasında baxılmasına yazılı formada razı olduğunu bildirmişdir. Məhkəmənin 24 iyun 2021-ci il tarixli e-2-2(113)-2524/2021 saylı qərardadı ilə, işə qiyabi icraat qaydasında baxılması qərara alınmışdır. ƏSASLANDİRMA HİSSƏSİ İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: İddiaçı ilə cavabdeh arasında bağlanmış 20.05.2020-ci il tarixli, XM05/20-004 nömrəli xidmət göstərilməsinə dair müqavilənin surətindən müəyyən olunur ki, iddiaçı müqavilənin şərtlərinə uyğun olaraq Müqaviləyə əlavədə olan siyahı üzrə xidmətləri yerinə yetirməyi, cavabdeh isə iddiaçı tərəfindən göstərilmiş xidmətə görə müəyyən edilmiş haqqı ödəməyi öhdələrinə götürmüşlər. 29.07.2020-ci il tarixli EBAM seriyalı 915341 saylı, 23.11.2020-ci il tarixli EBAS seriyalı 911255 saylı və 21.10.2020-ci il tarixli EBAR seriyalı 533330 saylı elektron qaimələrin surətlərindən görünür ki, iddiaçının cavabdehə göstərdiyi xidmətin dəyəri müvafiq olaraq 14200 manat, 7100 manat, 7100 manat təşkil etmişdir. Məhkəmə iş materiallarını tədqiq edib, iddiaçının izahatını dinləyərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya həmin Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, iddiaçı ilə cavabdeh arasında 20.05.2020-ci il tarixli, XM05/20-004 nömrəli xidmət göstərilməsinə dair müqavilə bağlanmış və müqaviləyə əsasən iddiaçı müqavilənin şərtlərinə uyğun olaraq Müqaviləyə əlavədə olan siyahı üzrə xidmətləri yerinə yetirməyi, cavabdeh isə iddiaçı tərəfindən göstərilmiş xidmətə görə müəyyən edilmiş haqqı ödəməyi öhdələrinə götürmüşlər. İddiaçı tərəfindən cavabdehə müvafiq olaraq 14200 manat, 7100 manat, 7100 manat dəyərlərində xidmət göstərilmiş, lakin cavabdeh tərəfindən xidmətlərin dəyəri tam ödənilməmişdir. Cavabdehin iddiaçıya olan borcu 14200 manat təşkil edir. Göründüyü kimi, iddiaçı ilə cavabdeh arasında bağlanmış podrat müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış, həmin öhdəliyə görə iddiaçı öhdəliyi yerinə yetirərək, kran xidməti göstərmiş, iddiaçının cavabdehdən müqavilə üzrə müəyyənləşdirilmiş öhdəliyi tələb etmək hüququ yaranmış, cavabdeh isə müqavilə üzrə öhdəliyi tam yerinə yetirməmişdir. Borclunun müqavilə üzrə öhdəliyi yerinə yetirməməsinə görə iddiaçı qarşısında müqavilədən irəli gələn öhdəlikləri icra etmək mülki hüquqi məsuliyyəti yaranmışdır. Məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya olan borcu iş materialları ilə təsdiq olunduğundan 14200 manat borc məbləği cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair 24 dekabr 2014-cü il tarixli qərarında kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddəti ayırd edilməklə qeyd edilmişdir ki, kredit müqaviləsinin qüvvədə olma müddəti belə müqavilənin bağlanma və öhdəliklərin tam icra edilməsi anını, kreditin (əsas məbləğ və faizlər) müddəti isə kreditin alınmasını və müvafıq ödənişlərin müddətini əhatə edir. Hüquqi təbiətinə görə isə kredit müqaviləsinin müddəti tərəflərin hüquq və vəzifələrinin yaranmasının, dəyişdirilməsinin və ona xitam verilməsinin vaxtı tənzimlədiyi halda, kredit müddəti kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklərin icra edilməsinin vaxtını tənzimləyir. Qərarda həmçinin göstərilmişdir ki, kreditorla borclu arasında kredit münasibətləri müqavilə ilə tənzimləndiyindən, kreditin peşəkarlıq qaydasında verilməsi ilə kredit təşkilatları məşğul olduğundan və kreditin predmeti kimi xüsusi likvid aktiv (pul) çıxış etdiyindən, kreditin vaxtında qaytarılmaması ilə bağlı borclunun gecikdirmə faizlərinin ödənilməsi üzrə öhdəlikləri kredit müqaviləsində nəzərdə tutula bilər. Göründüyü kimi, Konstitusiya Məhkəməsi Plenumunun qərarında kredit müddəti ilə kredit müqaviləsinin qüvvədə olma müddətini ayırd edilərək, kredit müqaviləsinin qüvvədə olduğu halda belə kredit müddətinin bitməsindən sonra da eyni faiz dərəcəsi ilə gecikdirilmiş faizlərin hesablanması imkanını yalnız müqavilədə bu şəkildə şərtin nəzərdə tutulması ilə şərtləndirilmişdir. Konstitusiya Məhkəməsi qərarında müqavilədə bu kimi şərtin nəzərdə tutulmadığı halda isə, bu şəkildə faizlərin, buna dair zəruri sübutların təqdim edildiyi halda, yalnız öhdəliklərin icra edilməməsinə görə kreditora vurulmuş zərər qismində tutulmasını mümkün hesab etmişdir. Belə ki, qərarda göstərilmişdir ki, müqavilənin qüvvədə olma müddətinin bitməsinə baxmayaraq, müqavilə tərəflərin qarşılıqlı hüquqi bağlılığı davam edir və Mülki Məcəllənin 339.4-cü maddəsinə əsasən müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Bu isə Mülki Məcəllənin «Öhdəliklərin icra edilməməsi» adlanan 22-ci fəslində və «Öhdəliklərin icra edilməməsi üçün məsuliyyət» adlanan 23-cü fəslində müəyyən edilmiş müddəaların tətbiq edilməsini tələb edir. İstinad olunmuş qərarda belə nəticəyə gəlinmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafıq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfındən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafıq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditor vəsaitdən yenidən istifadə edə bilməməsi ilə bağlı ona daha böyük ziyanın vurulduğunu sübut etdikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsi və müvafıq hallarda həmin Məcəllənin 449.3-cü maddəsinə əsasən onun zərərin əvəzinin ödənilməsini tələb etməyə dair əlavə hüququ yaranır. Göstərilən normaların dispozitiv şərtlərindən də göründüyü kimi, gecikdirilmiş vaxt üçün faiz tələb etmə yalnız kredit müqaviləsindən irəli gələn öhdəliyin icra edilməməsi, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) halında mümkündür. Şərh olunanlara əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə uyğun olaraq iddiaçı cavabdehdən gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İş materiallarında olan 22.04.2021-ci il tarixli 009081 saylı və 05.05.2021-ci il tarixli 009083 saylı mədaxil qəbzlərindən görünür ki, iddiaçı tərəfindən X1 hesabına hüquqi xidmətə görə ümumilikdə 600 manat ödənilmişdir. Məhkəmə hesab edir ki, hüquqi xidmətə görə ödənilən 600 manat məbləğ cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə hesab edir ki, iddia təmin edilməli, iddia təmin edildiyindən ödənilmiş 30 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 238, 241, 242, 244, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh ilə İddiaçı arasında bağlanmış 20.05.2020-ci il tarixli, XM 05/20-004 nömrəli xidmət göstərilməsinə dair müqaviləyə əsasən yaranmış 14200 manat məbləğində borc, məhkəmə qərarı Cavabdeh tərəfindən tam icra edilənədək illik 5 (beş) faiz məbləğində pul, hüquqi xidmətlərin göstərilməsinə dair bağlanmış müqavilə üzrə hüquqi yardım üçün ödənilmiş xərcə görə 600 manat və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu Cavabdehndən tutularaq İddiaçı ödənilsin. Cavabdeh qiyabi qətnamənin ona rəsmi qaydada verilməsindən sonra 10 gün müddətində qiyabi qətnamənin ləğvi üçün Bakı Kommersiya Məhkəməsinə ərizə ilə müraciət edə bilər. Həmin müddət keçdikdən sonra qiyabi qətnamədən 1 ay müddətinə Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qiyabi qətnamədən şikayət verilmədikdə çıxarıldığı gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Zaur Pirverdiyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar