Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2532/2023 16.06.2023 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı sığorta ödənişinin verilməsi tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: sığorta ödənişinin verilməsi) Hakim Hüseynov Kənan Hüseyn oğlunun sədrliyi, İmrani Fəridə Fərhad qızının katibliyi, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı borcun ödənilməsi tələbinə dair kommersiya mübahisəsi üzrə işə Bakı Kommersiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2760 manat sığorta ödənişinin və qətnamə qəbul olunan günə qədər hər gecikdirilmiş günə görə sığorta ödənişinin 0,1 faizi həcmində dəbbə pulunun, mediasiya rusumunun "xxxx" ASC-dən tutularaq "xxxx" MMC-nin xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia onunla əsaslandırılmışdır ki, "xxxx" ASC ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2020-ci il tarixli KTH-0022/20 saylı müqavilə ilə sığortalanmış damazlıq heyvanlardan 2 baş heyvan xx.xx.2020-ci ildən xx.xx.2020-ci il tarixədək müddətdə saxlanıldığı Goranboy rayonu Borsulu kəndində ərzində xəstəlikdən tələf olmuşlar. Sığorta hadisəsi barədə ASC-yə məlumat verilmiş, lakin sığorta şırkəti sığorta ödənişini ödəməkdən imtina etmişlər. Sığorta müqaviləsinə əsasən hər baş heyvana görə 1.380 manat, cəmi isə 2.760 manat sığorta ödənişi "xxxx" MMC-yə ödənilməlidir. Əlavə olaraq ödəniləcək sığorta ödənişi məbləğinin hər gecikdirilmiş gününə görə 0,1 faizi qədərində pul "xxxx" ASC-dən tutularaq "xxxx" MMC-nin xeyrinə tutulmalıdır.
II. Tərəflərin mövqeləri:
3. Məhkəmə iclasında iştirak edən iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi və vəkili Nümayəndə iddianın məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
4. Məhkəmə iclasında iştirak edən Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 izahat verərək, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.
III. Məhkəmə baxışının hədləri:
5. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Tətbiq edilən hüquq:
6. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 883.1-ci maddəsinə əsasən Sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. 899.1-ci maddəsinə əsasən Sığorta müqaviləsi yazılı olaraq aşağıdakı hər hansı bir formada bağlanır: 899.1.1. tərəflərin müvafiq sığorta qaydaları əsasında sığorta müqaviləsi adlanan sənədi tərtib edərək qarşılıqlı imzalaması yolu ilə; 899.1.2. müvafiq sığorta qaydaları ilə sığortalının razı olmasını təsdiq etməsi şərti ilə sığortaçı tərəfindən ona sığorta şəhadətnaməsinin verilməsi yolu ilə; 899.1.3. icbari sığorta qanunlarında nəzərdə tutulmuş digər qaydada. 922.1-ci maddəsinə əsasən Sığorta hadisəsi icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır. 923.1-ci maddəsinə əsasən Sığorta hadisəsinin baş verməsi barədə sığortalı və ya sığorta olunan şəxs, yaxud faydalanan şəxs hadisədən xəbər tutduqdan dərhal sonra və ya mümkün olan ən qısa müddət ərzində sığortaçıya və ya onun nümayəndəsinə, eyni zamanda həmin hadisə barədə məlumatlandırılmalı olan səlahiyyətli dövlət orqanlarına hər hansı vasitə ilə xəbər verməlidir. 926.1-ci maddəsinə əsasən Sığorta ödənişi sığorta hadisəsi baş verdikdə icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. 935.1-ci maddəsinə əsasən “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda başqa cür nəzərdə tutulmamışdırsa, sığortaçı sığorta ödənişinin verilməsindən aşağıdakı hallarda imtina edir: 935.1.1. bu Məcəllənin 923.1-ci maddəsinin tələblərinə əməl edilməməsi nəticəsində sığortaçının hadisənin sığorta hadisəsi olub-olmamasını müəyyənləşdirmək imkanından məhrum olması; ----
V. Sübutların tədqiqi və Məhkəmənin mövqeyi:
12. İşin müəyyən olunmuş və mübahisələndirilməyən halları ondan ibarətdir ki, xx.xx.2020-ci il tarixli KTH-0022/20 saylı heyvanların siğortası şəhadətnaməsinə əsasən "xxxx" MMC-yə aid olan 31 ədəd simmental və Brown Swiss cinsli heyvanlar xx.xx.2020-ci il tarixdən xx.xx.2023-cü il tarixənədək Cavabdeh ASC tərəfindən sığortalanmışdır.
13. xx.xx.2020-ci il tarixli KTH-0022/20 saylı heyvanların siğortası şəhadətnaməsinə əsasən siğorta hadisəsi baş verdiyi zaman siğortalı siğorta olunmuş heyvanın xəstələnməsi, qəzaya düşməsi və ya tələf olması barədə ən qısa vaxt ərzində siğortaçıya məlumat verməlidir.
14. İddiaçı tərəf hazırda 2 baş heyvanın xx.xx.2021-ci il tarixdə öldüyünü bildirərək, sığorta ödənişinin verilməsini tələb edir.
15. Cavabdeh tərəf isə iddiaya etiraz edərək, heyvanların ölməsi barədə ümumiyyətlə məlumat verilmədiyini, bu barədə ilk dəfə iddia ərizəsi ilə tanış olarkən məlumatlı olduqlarından, baş vermiş hadisənin sığorta hadisəsi olmadığını qeyd edir.
16. Məhkəmə qeyd edir ki, hazırkı mübahisənin həlli baxımından müəyyən edilməli olan ilk məqam siğorta hadisəsinin baş verib-verməməsini müəyyən etməkdir.
17. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli Goranboy rayonu Baytarlıq İdarəsi tərəfindən verilmiş aktlardan görünür ki, 15540668 inventar nömrəli və ********* inventar nömrəli simmental cinsindən olan damazlıq inəklər xx.xx.2021-ci il tarixdə ölmüşlər.
18. Məhkəmə iclasında iddiaçı tərəfdən heyvanların ölməsi və bu barədə cavabdehə məlumatın verilib-verilməməsi iddiaçı tərəfdən soruşulmuş, iddiaçı tərəf də, məlumatın ancaq şifahi olaraq verildiyini, yazılı olaraq müraciət edilmədiyini bildirdi.
19. Məhkəmə qeyd edir ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidməti ilə "xxxx" Asc tərəfindən təsdiq edilmiş “Heyvanların sığortasının ümumi qaydaları”nın 11-ci bəndinə əsasən siğorta hadisəsi baş verdiyi zaman Siğortalı siğorta olunmuş heyvanın xəstələnməsi, qəzaya düşməsi və ya tələf olması barədə ən qısa vaxt ərzində Siğortaçıya məlumat verməlidir.
20. Məhkəmə qeyd edir ki, sığorta ödənişinin verilməsi üçün əsas baş vermiş hadisənin sığorta hadisəsi olması şərtidir. Baş vermiş hadisənin də, sığorta hadisəsi olubolmasını müəyyən etmək üçün də, yuxarıda qeyd edilmiş normalardan da göründüyü kimi, sığortalı tərəfindən hadisə baş verdikdən mümkün olan ən qısa müddət ərzində sığortaçıya məlumat verilməlidir.
21. Ancaq indiki halda, iddiaçı tərəf hadisə barədə sığortaçıya məlumatın verildiyini sübut edə bilməmişdir. Yəni sığortaçı hadisənin sığorta hadisəsi olub-olmadığını müəyyən etmək imkanından məhrum olmuşdur.
22. Məhkəmə hesab edir ki, 2 baş heyvanın xx.xx.2021-ci il tarixdə ölməsi barədə sığortaçıya məlumatın verilməməsi, baş vermiş hadisənin sığorta hadisəsi olubolmadığını müəyyən etmək mümkün olmaması səbəbindən iddiaçının sığorta ödənişinin tələb edilməsi ilə bağlı iddiası əsassızdır.
23. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia rədd edilməlidir.
VI. Nəticə:
24. Şərh olunanlara əsasən, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
"xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı borcun ödənilməsi tələbinə dair iddiası rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Kənan Hüseynov