Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2-2(113)-2537/2024 22.08.2024 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı “podrat müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsi (açar sözlər: podrat müqaviləsi, sübutetmə vəzifəsi, qarantiya müddəti, əlavə icra tələbi və müqavilədən imtina) Hakim Əhmədova Nərmin Məzahir qızının sədrliyi, Quluzadə Gülçin Təhmasib qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı “podrat müqaviləsi üzrə pulun tutulması” tələbinə dair kommersiya mübahisəsinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: I. Kommersiya mübahisəsinin mahiyyəti
1. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti (bundan sonra İddiaçı QSC) Cavabdehnə (bundan sonra Cavabdeh MMC) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, maddi zərərin əvəzi olaraq 15540 manat məbləğində pulun, həmin məbləğə xx.xx.2022-ci il tarixdən qətnamə çıxarılan günədək 2023-cü və 2024-cü illəri üzrə bank uçot dərəcəsi (8%) ilə hesablanmış faizlərin və ödənilmiş 137 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
2. İddianın faktiki əsası olaraq göstərilmişdir ki: 2.1. tərəflər arasında “LED” işıq zolaqlarının hazırlanmasına, çatdırılmasına və quraşdırılmasına dair” 02/2020 saylı xx.xx.2020-ci il tarixli podrat müqaviləsi imzalanmışdır. Həmin müqaviləyə görə cavabdeh tərəfindən ağ rəngli (6500K) qapalı profildə “LED” işıq zolaqları dəstinin (adapter daxil) hazırlanması, çatdırılması və quraşdırılması xidmətlərin göstərilməsi və göstərilmiş xidmətlərin akt əsasında təhvil verilməsi öhdəliyi götürülmüşdür. İddiaçı tərəfindən isə göstərilmiş xidmətlərin qəbul edilməsi və dəyərinin ödənilməsi öhdəliyi götürülmüşdür. İddiaçı tərəfindən müqavilədən irəli gələn öhdəliklər vaxtlı-vaxtında icra edilərək görülməsi nəzərdə tutulan işlərin dəyəri 15540 manat məbləğində vəsait cavabdehə əvvəlcədən tam olaraq ödənilmişdir. Cavabdeh tərəfindən müqavilənin 1.1, 2.1, 2.3, 2.4, 4.1, 4.3-cü bəndlərində göstərilən öhdəliklərin götürülməsinə baxmayaraq, öhdəliklər icra edilməmişdir. Belə ki, “LED” işıq zolaqlarının və adapterlərinin yalnız bir hissəsi quraşdırılmış, quraşdırılmış hissəsi isə sıradan çıxmışdır. Bununla yanaşı icra edilən (hissədə) işlər cavabdeh tərəfindən iddiaçıya müqavilədə nəzərdə tutulmuş qaydada təhvil verilməmişdir. 2.2. Qeyd edilən nöqsan və çatışmazlıqların (qüsurların tam aradan qaldırılması və keyfiyyətsiz malların keyfiyyətlisi ilə əvəz edilməsi) qısa bir müddət ərzində aradan qaldırılması məqsədi ilə cavabdehlə şifahi danışıqların aparılmasına və iddiaçı tərəfindən cavabdehə 021/2 saylı xx.xx.2022-ci il tarixli və 08/05 saylı xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktublarının göndərilməsinə baxmayaraq, müsbət nəticə əldə edilməmişdir. Beləliklə, Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti, A.Ağaoğlu, Ə.Dəmirçizadə və Qarabağ küçələrinin kəsişməsində iddiaçıya məxsus 3 bloklu “Whitestone Residence” adlı yaşayış kompleksinin binalarında müqavilə ilə nəzərədə tutulmuş işlər lazım olan şəkildə (“LED” işıq zolaqlarının və adapterlərinin yalnız bir hissəsi quraşdırılmış, quraşdırılmış hissəsi isə sıradan çıxmışdır) yerinə yetirilməmiş, bununla da iddiaçıya maddi zərər vurulmuşdur. Ona görə də həmin zərərin əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.
3. İddia ərizəsində iddianın hüquqi əsası kimi Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllə) 21, 385.1, 445.1, 449-cu və s. maddələri göstərilmişdir.
4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllə) 154-cü maddəsində nəzərdə tutulmuş qaydada və müddətdə iddia ərizəsinə yazılı etiraz məhkəməyə daxil olmamışdır.
5. Bakı Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(113)-2537/2024 nömrəli qərardadı ilə İddiaçı QSC-nin Cavabdeh MMC-yə qarşı “podrat müqaviləsi üzrə pulun tutulması” tələbinə dair iddiası “15540 manat məbləğində pula xx.xx.2022-ci il tarixdən qətnamə çıxarılan günədək 2023-cü və 2024-cü illəri üzrə bank uçot dərəcəsi (8%) ilə hesablanmış faizlərin tutulması” hissəsində baxılmamış saxlanılmışdır.
II. Tərəflərin mövqeləri:
6. İddiaçının nümayəndəsi və vəkili X2 məhkəmə iclaslarında iştirak edərək iddianı müdafiə etdi və qeyd etdi ki, xx.xx.2020-ci il tarixli podrat müqaviləsi üzrə 15540 manat məbləğində vəsait avans olaraq cavabdehə ödənilmiş, lakin cavabdeh tərəfindən işlərin bir hissəsi qüsurlu görülmüş, bir hissəsi isə görülməmişdir. Görülmüş işlərlə bağlı isə ümumiyyətlə təhvil-təslim aparılmamışdır.
7. Məhkəmənin suallarına cavab olaraq iddiaçının nümayəndəsi və vəkili bildirdi ki, 04 aprel 2022-ci il və 08 dekabr 2023-cü il tarixli pretenziya məktublarında yalnız qüsurun aradan qaldırılması qeyd olunsa da, bütün işlərin təhvil-təslimi ilə bağlı hər hansı sənəd yoxdur. Cavabdehə ünvanlanmış xx.xx.2020-ci il tarixli ərizədən də işlərin tam görülmədiyi təsdiq olunur. Ərizədə müqavilənin tarixinin 01 sentyabr 2020-ci il qeyd olunması isə texniki səhvlə bağlıdır, tərəflər arasında başqa müqavilə bağlanmamışdır. Görülmüş işlərlə bağlı isə 3 il zəmanət verilmiş, lakin qüsurlar aradan qaldırılmamışdır.
8. Cavabdehin nümayəndəsi və vəkili Vəkil məhkəmə iclaslarında iştirak edərək iddiaya etiraz etdi və eyni zamanda göstərdi ki, xx.xx.2020-ci il tarixli podrat müqaviləsi üzrə iddiaçı tərəfindən müqavilədə göstərildiyi kimi 5040 ABŞ dolları ödəniş edilmiş, işlər isə tam icra edilmişdir. Belə ki, tərəflər arasında təhvil-təslim aktları mövcud olmasa da, hər iki tərəfin möhürü ilə təsdiq olunan xx.xx.2020-ci il, xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixli ərizələr mahiyyəti etibarilə təhvil-təslim xarakterində olmuş və işlərin tam görüldüyü və 2020-ci ilin may ayında təhvil verildiyi öz təsdiqini tapmışdır. Müqavilə üzrə “LED” işıqlara 3 il, adapterlərinə isə 2 il zəmanət verilmiş, zəmanət müddətində qüsurla bağlı hər hansı müraciət olmamışdır.
9. Məhkəmənin suallarına cavab olaraq cavabdehin nümayəndəsi və vəkili qeyd etdi ki, cavabdeh 5040 ABŞ dolları istisna olmaqla hər hansı ödənişi, eyni zamanda xx.xx.2020-ci il tarixli ərizədə və xx.xx.2021-ci il tarixli kassa məxaric orderində qeyd olunan ödənişləri qəbul etmir. xx.xx.2020-ci il tarixli ərizədə cavabdehin möhürü yoxdur, Cabbarov adlı şəxsin isə həmin ərizəni, orderi imza etməsi təsdiq olunmur. İddiaçının xx.xx.2022-ci il tarixli məktubunu cavabdeh almamışdır.
10. Cavabdehin nümayəndəsi və vəkili Vəkil “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə iddia müddətinin tətbiq edilməsi barədə ərizə ünvanlayaraq göstərmişdir ki, müqaviləyə əsasən müxtəlif tarixlərdə işlər görülərək cavabdehə təhvil verilmişdir. Müqavilə öhdəliyi yerinə yetirildikdən uzun müddət sonra iddiaçının belə bir iddia ərizəsi ilə məhkəməyə müraciət etməsi absurddur və cavabdehin iddiası əsassızdır. Həmçinin iş üzrə iddia müddəti tətbiq edilməli və iddia rədd edilməldir.
III. Məhkəmə baxışının hədləri:
11. Mülki Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.
IV. Sübutların tədqiqi və məhkəmənin mövqeyi:
12. Məhkəmə ilk növbədə qeyd edir ki, kommersiya mübahisəsinin obyektiv və ədalətli həlli üçün işin mübahisəsiz hallarının, sübutetmə predmetinin müəyyən olunması, daha sonra həmin sübutetmə predmetinə daxil olan ayrı-ayrı hallara tərəflərin təqdim etdiyi mötəbər sübutlar əsasında qiymət verilməsi, mübahisənin məhkəmə tərəfindən müəyyən olunmuş, sübut edilmiş hallarına müvafiq hüquq normalarının seçilməsi və tətbiq edilməsi, bundan sonra məhkəmənin qəti nəticəsinin şərh olunması zəruridir.
13. Lakin bu zaman kommersiya mübahisələrinin mülki mühakimə icraatı qaydasında həll olunması, bu icraat çərçivəsində əldə olunan həqiqətin də hüquqi xarakterə malik olması, məhkəmənin bu icraat çərçivəsində xidməti vəziyyətinə görə (ex officio) sübutlar toplamasının qeyri-mümkün olduğu nəzərə alınmalıdır.
14. İşin müəyyən olunan mübahisəsiz halları ondan ibarətdir ki, iddiaçı ilə cavabdeh arasında 11 mart 2020-ci il tarixli 02/2020 nömrəli podrat müqaviləsindən irəli gələn öhdəlik münasibəti yaranmış, cavabdeh iddiaçının sifarişlərinə uyğun “LED” işıq zolaqlarının hazırlanması, iddiaçının təyin etdiyi ünvana çatdırılaraq şifahi razılaşdırılmış müddətə təhvil verilməsini (mallar partiyalarla təhvil verilə bilər) və quraşdırılmasını, iddiaçı isə malları təhvil almağı və görülmüş işlərin haqqını manatla ödəməyi öhdəsinə götürmüşdür. İşlərin məzmunu müqavilənin 1.1-ci bəndi ilə aşağıdakı kimi razılaşdırılmışdır: malların adı – dümağ rəngli (6500 K) qapalı profildə “LED” işıq zolaqları dəsti (adapter daxil); uzunluğu – 315 paqon perimetr; yekun məbləğ – 5040 ABŞ dolları. Həmin müqavilənin 3.2-ci bəndi ilə cavabdeh işləri icra etdikdən və təhvil-təslim aktı tərtib edildikdən sonrakı müddətə “LED” işıq zolaqları üçün 3 təqvim ili, işıq zolaqlarının adapterlərinə görə isə 2 təqvim ili müddətinə zəmanət vermişdir.
15. İddiaçı 11 mart 2020-ci il tarixli 02/2020 nömrəli podrat müqaviləsi üzrə işlərin bir qisminin görülmədiyi, bir qisminin isə qüsurla icra olunduğuna istisna edərək 15540 manat məbləğində pulun cavabdehdən tutulmasını tələb edir.
16. Cavabdeh iddiaya etiraz edərək bütün işlərin görülərək təhvil verildiyini, zəmanət müddəti daxilində iddiaçı tərəfindən hər hansı müraciətin daxil olmadığını, iddiaçı tərəfindən 11 mart 2020-ci il tarixli 02/2020 nömrəli podrat müqaviləsinə uyğun olaraq yalnız 5040 ABŞ dolları ödənişin edildiyini bildirir.
17. Məhkəmə tərəflərin mövqelərinə əsasən qeyd edir ki, hazırkı iş üzrə mübahisəli hallar 1) 11 mart 2020-ci il tarixli 02/2020 nömrəli podrat müqaviləsi üzrə razılaşdırılan bütün işlərin görülüb-görülmədiyi, 2) zəmanət müddəti daxilində görülmüş işlərdə qüsurların mövcud olması barədə cavabdehə müraciət edilib-edilmədiyi və 3) podrat müqaviləsi üzrə şərtləşdirilən muzdun məbləği təşkil edir.
18. Məhkəmə əvvəla 11 mart 2020-ci il tarixli 02/2020 nömrəli podrat müqaviləsi üzrə razılaşdırılan işlərin görülüb-görülməməsinə hüquqi qiymət verilməsini zəruri hesab edir.
19. Mülki Məcəllənin 752-ci maddəsinə əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alqı-satqı qaydaları tətbiq edilir.
20. Podrat müqaviləsinin əsas xüsusiyyətlərindən biri müqavilənin tərəfi olan podratçının həmin müqavilənin digər tərəfi olan sifarişçinin xeyrinə hər hansı bir işi görməsidir. Belə ki, podrat müqaviləsindən irəli gələn öhdəlik təkcə hər hansı əmlakın verilməsini deyil, həm də həmin əmlakın yaradılması üzrə podratçının iş fəaliyyətini də ehtiva edir. Podrat müqaviləsi bağlanarkən tərəflərin məqsədi müəyyən hüquqi nəticənin əldə edilməsi ilə birbaşa əlaqəlidir. Məhz bu səbəbdən podrat müqavilələrinin əsasını hüquqi məqsəd və hüquqi nəticə təşkil edir (Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti üzrə 2018-ci il 11 iyun tarixli Qərarı).
21. Podrat müqaviləsi üzrə yerinə yetirilmiş işin qəbul edilməsindən bəhs edən Mülki Məcəllənin 770-ci maddəsinə əsasən, əgər müqaviləyə görə və ya işin xarakterinə əsasən iş qəbul edilməlidirsə, sifarişçi yerinə yetirilmiş işi qəbul etməyə borcludur. İşi qəbul etdikdə sifarişçi muzd ödəməlidir. Əgər sifarişçi işi podratçının müəyyənləşdirdiyi müddətdə qəbul etmirsə, iş qəbul edilmiş sayılır.
22. 11 mart 2020-ci il tarixli 02/2020 nömrəli podrat müqaviləsinin 2-ci hissəsinin 3 və 4-cü bəndinə əsasən, işlər hər dəfə sifariş verildiyi tarixdən tibarən 3 gün ərzində İcraçı tərəfindən yerinə yetirilərək Müqavilənin 1.1-ci bəndində göstərilən yerdə Sifarişçinin nümayəndəsi tərəfindən təhvil-təslim aktı əsasında təhvil alınacaqdır. Təhvil alınmamış İşlər üzrə bütün riskləri İcraçı daşıyır. Əgər Sifarişçinin hər hansı bir qüsura istinad edərək işləri təhvil almaması ilə İcraçı razı deyilsə, o zaman sonuncu öz hesabına müstəqil ekspert dəvət edə bilər. Qüsur təsdiq olunarsa, İcraçı Müqavilənin 4-cü maddəsinə əsasən məsuliyyət daşıyacaqdır.
23. Həmin müqavilənin muzdun ödənilmə qaydasını tənzimləyən 3.1-ci bəndinə əsasən, Sifarişçi görülmüş işlərin ümumi məbləğini müqavilənin 2.3-cü bəndində göstərilən qaydada İcraçıya avans olaraq yekun məbləğin 30% həcmində, işə başladıqda dəyərin 40% həcmində, işin tam təhvil-təslimindən sonra isə qalıq 30% həcmində ödəməyi öz üzərinə götürür.
24. Məhkəməyə təqdim edilən hər iki hüquqi şəxsin möhürü ilə təsdiq edilmiş cavabdeh tərəfindən iddiaçıya ünvanlanan (iddiaçının blankında tərtib edilmiş) ərizələrdən görünür ki: - xx.xx.2020-ci il tarixli ərizəyə əsasən, “WhiteStone Residence” yaşayış kompleksinin binalarında fasadın “LED” işıqlandırma sistemlərinin təhcizatı və quraşdırılması qarşılığında yekun olaraq 11 mart 2020-ci il tarixdə bağlanılmış 02/2020 nömrəli müqaviləyə əsasən razılaşdırılmış 5040 USD məbləğin avans olaraq ilkin 30% ekvivalenti, yəni 2570 AZN-in İddiaçı MMC tərəfindən cavabdehə xx.xx.2020 tarixində ödənildiyi təsdiq edilmişdir; - xx.xx.2020-ci il tarixli ərizəyə əsasən, “WhiteStone Residence” yaşayış kompleksinin binalarında fasadın “LED” işıqlandırma sistemlərinin təhcizatı və quraşdırılması qarşılığında yekun olaraq 11 mart 2020-ci il tarixdə bağlanılmış 02/2020 nömrəli müqaviləyə əsasən razılaşdırılmış 5040 USD məbləğin avans olaraq 40% ekvivalenti, yəni 2000 USD-nin (3400 AZN-in) İddiaçı MMC tərəfindən cavabdehə xx.xx.2020 tarixində ödənildiyi təsdiq edilmişdir; - xx.xx.2020-ci il tarixli ərizəyə əsasən, “WhiteStone Residence” yaşayış kompleksinin binalarında fasadın “LED” işıqlandırma sistemlərinin təhcizatı və quraşdırılması qarşılığında yekun olaraq 11 mart 2020-ci il tarixdə bağlanılmış 02/2020 nömrəli müqaviləyə əsasən razılaşdırılmış 5040 USD məbləğin avans olaraq 30% ekvivalenti, yəni 1512 USD-nin (2570 AZN-in), həmçinin əlavə ödəniş olaraq 4 ədəd adapterə görə 357 AZN-in İddiaçı MMC tərəfindən cavabdehə xx.xx.2020 tarixində ödənildiyi təsdiq edilmişdir.
25. İddiaçı tərəfindən məhkəməyə təqdim edilən cavabdehin ona ünvanladığı xx.xx.2020-ci il tarixli ərizədən görünür ki, cavabdeh “WhiteStone Residence” yaşayış kompleksinin binalarında fasadın “LED” işıqlandırma sistemlərinin 02/2020 nömrəli Müqaviləyə əsasən razılaşdırılmış 315 pm uzunluğundan qalıq 82,5 pm hissəsini xx.xx.2020 tarixdə saxlanc məqsədilə İcraçının anbarına təhvil verilməsinə etiraz etmədiyini bildirmişdir.
26. Göründüyü kimi, tərəflər arasında razılaşdırılmış muzdun ödənilməsi qaydasına görə, şərtləşdirilən muzd avans olaraq 30%, işə başladıqda 40%, işin tam təhviltəslimindən sonra isə qalıq 30% həcmində ödənilməli idi. Hər iki hüquqi şəxsin təsdiq etdiyi ərizələrdən də qeyd edilən qaydada muzdun 3 hissədə ödənildiyi görünür. Həmçinin iddiaçının öz iddiasının faktiki əsası kimi istinad etdiyi xx.xx.2020-ci il tarixli ərizədə həmin tarixə razılaşdırılmış 315 pm uzunluğundan yalnız 82,5 pm zolağın qaldığı və həmin hissənin də cavabdehin saxlanıcına verildiyi görünür. Daha sonra isə xx.xx.2020-ci il tarixli ərizəyə əsasən işlərin tam təhvil-təslimindən sonra ödənilməsi razılaşdırılan qalıq 30% həmində muzdun da ödənildiyi təsdiq olunur.
27. Bundan başqa, iddiaçı tərəfindən cavabdehə göndərildiyi iddia olunan 04 aprel 2022-ci il tarixli 021/2 nömrəli məktub və cavabdehə göndərildiyi təsdiq olunan 08 dekabr 2023-cü il tarixli pretenziya məktubunda iddiaçı cavabdehdən nöqsanların aradan qaldırılması – qüsurların tam aradan qaldırılması və keyfiyyətsiz malların keyfiyyətlisi ilə əvəz edilməsini tələb etmişdir. Başqa sözlə, hər iki məktubda iddiaçı təhvil verilməyən və yaxud görülməyən işə istinad etməmiş, yalnız öhdəliyin qüsurla icra edildiyini bildirmişdir.
28. İddiaçının işlərin tam təhvil verilmədiyinə dair sonuncu sübutu isə xx.xx.2020-ci il tarixli ərizədən ibarətdir. Həmin ərizənin məzmununa görə: “Mən, Cavabdeh MMC-nin direktoru Hüseyin Yazıçı yazıb sizə bildirirəm ki, İddiaçı MMC tərəfindən Bakı şəhəri, Nərimanov rayonu, Xətai prospekti, Ə. Ağaoğlu, Ə. Dəmirçizadə və Qarabağ küçələrinin kəsişməsində inşa edilən “WhiteStone Residence” yaşayış kompleksinin binalarında fasadın “LED” işıqlandırma sistemlərinin təhcizatı və quraşdırılması qarşılığında yekun olaraq 01 sentyabr 2020-ci il tarixdə bağlanılmış 02/2020(2) №-li Müqaviləyə əsasən razılaşdırılmış 7840 USD məbləğin avans olaraq 30% ekvivalenti, yəni 2353 USD (4000 AZN) İddiaçı MMC tərəfindən xx.xx.2020 tarixində mənə ödənildi (qalıq borc: 3135 USD). Bunu öz imzam ilə təsdiq edirəm”.
29. Əvvəla qeyd edilməlidir ki, həmin ərizə yalnız iddiaçının möhürü ilə təsdiq edilmiş, iddiaçının blankında tərtib edilmişdir və cavabdeh isə belə bir müraciətinin olduğunu təsdiq etməmişdir. Digər tərəfdən, ərizənin məzmununa nəzər saldıqda ayın olur ki, ərizədə 01 sentyabr 2020-ci il tarixli 02/2020(2) nömrəli müqaviləyə istisnad olunur, müqavilə üzrə razılaşdırılan muzdun 7840 USD olduğu qeyd edilir. İddiaçı müqavilənin tarixinin 01 mart 2020-ci il yerinə 01 sentyabr 2020-ci il olaraq qeyd edilməsini texniki səhvlə əlaqələndirsə də, müqavilənin nömrəsinin və müqavilə üzrə razılaşdırılan muzdun fərqli qeyd edilməsini, ərizənin həqiqətən də cavabdeh tərəfindən tərtib olunmasını sübut edə bilməmişdir.
30. Belə olan halda, məhkəmə həmin sübutu işə aidiyyəti olmayan sübut hesab edir və 11 mart 2020-ci il tarixli 02/2020 nömrəli podrat müqaviləsi üzrə muzdun ödənilmə qaydasını, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixli ərizələri qarşılıqlı təhlil edərək 11 mart 2020-ci il tarixli 02/2020 nömrəli podrat müqaviləsi üzrə razılaşdırılan işlərin tam görülərək təhvil verildiyi qənaətinə gəlir.
31. Muzdun məbləği ilə bağlı isə qeyd edilməldir ki, cavabdeh yalnız xx.xx.2020ci il tarixli, xx.xx.2020-ci il və xx.xx.2020-ci il tarixli ərizələr əsasında müqavilədə razılaşdırılan kimi 5040 ABŞ dolları ödənildiyini qəbul edir, hər hansı digər ödənişi isə istisna edir. İddiaçının məhkəməyə təqdim etdiyi xx.xx.2020-ci il tarixli ərizənin hüquqi şəxsin səlahiyyətli nümayəndəsi tərəfindən təsdiq edilməsi sübut olunmur. 09 aprel 2021ci il tarixli kassa məxaric orderi isə birtərəfli qaydada tərtib edilmiş, 3000 manat məbləğində əlavə ödənişin iddiaçı tərəfindən alındığı təsdiq olunmamışdır. Tərəflər arasındakı işgüzar praktikanın edilən ödənişlərin hər iki hüquqi şəxsin möhürü ilə təsdiq edildiyi yöndə olmasını, 11 mart 2020-ci il tarixli 02/2020 nömrəli podrat müqaviləsində muzdun məbləğinin 5040 ABŞ dolları razılaşdırıldığını nəzərə alan məhkəmə hesab edir ki, iddiaçının görülmüş işlər üçün 15540 manat ödəniş etməsi ilə bağlı arqumentləri də əsassızdır.
32. Məhkəmə iddiaçının görülmüş işlərdə qüsurların olmasına dair mövqeyi ilə bağlı isə aşğıdakıların qeyd edilməsini zəruri hesab edir.
33. Mülki Məcəllənin 762.1-ci maddəsinə əsasən, podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun.
34. Həmin Məcəllənin 763.1-ci maddəsinə əsasən, əgər məmulatın qüsuru vardırsa, sifarişçi əlavə icra tələb edə bilər. Podratçı öz seçimi ilə ya qüsuru aradan qaldıra bilər, ya da yeni məmulat hazırlaya bilər.
35. Həmin Məcəllənin 763.2-ci maddəsinə əsasən əlavə icra məqsədi ilə podratçı iş və materiallar üçün əlavə xərcləri, o cümlədən nəqliyyat xərclərini ödəməlidir. Əgər əlavə icra tənasübsüz xərclər tələb edirsə, podratçı həmin icradan imtina edə bilər.
36. Həmin Məcəllənin 765-ci maddəsinə əsasən, məmulatın qüsuru nəticəsində, əgər müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan qaldırılmazsa, sifarişçi müqavilədən imtina edə bilər. Bu halda podratçı müqavilə ilə bağlı xərclərin əvəzini sifarişçiyə ödəməyə borcludur.
37. Həmin Məcəllənin 774-cü maddəsinə əsasən, əgər podratçı məmulata qarantiya müddəti üzrə öhdəlik götürmüşdürsə, qarantiyanın qüvvədə olduğu müddətdə aşkar edilən qüsur müvafiq hüquqlar doğurur.
38. Yuxarıda qeyd edilən normaların müqayisəli təhlilindən görünür ki, qarantiya müddəti ərzində aşkara çıxan qüsurla bağlı sifarişçi əvvəla əlavə müddət təyin etməli (Mülki Məcəllənin 763.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla), əgər müqavilənin əlavə icrası üçün müəyyənləşdirilmiş müddət qurtardıqdan sonra həmin qüsur tamamilə aradan qaldırılmazsa, sifarişçi müqavilədən imtina edib ödənilmiş muzdu tələb etmək hüququndan istifadə edə bilər.
39. Hazırkı tələb üzrə işlərin xx.xx.2020-ci il tarixində təhvil verildiyi və zəmanət müddətinin həmin tarixdən “LED” işıq zolaqları üçün 3 təqvim ili, işıq zolaqlarının adapterlərinə görə isə 2 təqvim ili təşkil etdiyinin müəyyən olunduğu nəzərə alındığında məhkəmə həmin müddət ərzində iddiaçının (sifarişçinin) əlavə icra tələbi ilə müraciət edilib-edilməməsinin qiymətlənsirilməsini zəruri hesab edir.
40. İddiaçı məhkəməyə 04 aprel 2022-ci il tarixli 021/2 nömrəli məktub təqdim edərək cavabdehə vaxtında müraciət etdiyini bildirmiş, cavabdeh isə həmin məktubu qəbul etmədiyini göstərmişdir.
41. Məhkəmənin təklifi əsasında iddiaçı 04 aprel 2022-ci il tarixli 021/2 nömrəli məktubun çatdırılmasını təsdiq edən 105078 nömrəli qaimənin əslini təqdim etmişdir. Həmin qaimədən görünür ki, “Alıcının soyadı və imzası” sahəsində ümumiyyətlə hər hansı qeyd aparılmamışdır. Bu isə həmin qəbzə 04 aprel 2022-ci il tarixli 021/2 nömrəli məktubun çatdırılmasını təsdiq edən sənəd kimi istinad edilməsini istisna edir. İddiaçı isə qarantiya müddətində cavabdehə hər hansı müraciət etməsini digər sübutlarla təsdiq edə bilmir. İddiaçının təqdim etdiyi və cavabdehin qəbul etdiyi xx.xx.2023-cü il tarixli pretenziya məktubu isə cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə təhvil alınmışdır.
42. Belə olan halda məhkəmə hesab edir ki, 11 mart 2020-ci il tarixli 02/2020 nömrəli podrat müqaviləsi üzrə razılaşdırılan işlərin qüsurla icra edildiyi barədə iddiaçının arqumentləri də öz təsdiqini tapmır.
43. Məhkəmə cavabdehin təqdim etdiyi iddia müddətinin tətbiq edilməsi barədə ərizəyə münasibətdə isə göstərir ki, L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Konstitusiya Məhkəməsinin 8 may 2008-ci il tarixli Qərarında ifadə olunan hüquqi mövqeyinə görə, iddia müddətinin keçməsinə görə iddianı rədd edərkən, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olubolmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. İddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Buna görə, məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir.
44. Göründüyü kimi, Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə görə iddia müddətinin tətbiq edilməsi üçün iddiaçının subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələləri araşdırılmalıdır.
45. Hazırkı halda isə iddiaçının subyektiv hüququnun cavabdeh tərəfindən pozulması təsdiq olunmadığından cavabdehin iddia müddətinin tətbiqi barədə ərizəsi də nəzərə alına bilməz.
46. Yuxarıda göstərilənlərə əsasən məhkəmə bu qənaətə gəlir ki, İddiaçı QSC-nin Cavabdeh MMC-yə qarşı “podrat müqaviləsi üzrə pulun tutulması” tələbinə dair iddiası təmin edilməməlidir.
47. İddiaçı həmçinin ödənilmiş 137 manat dövlət rüsumunun cavabdehdən tutulmasını xahiş etmişdir.
48. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
49. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
50. Məhkəmə iddia tələbinin təmin edilmədiyini nəzərə alaraq hesab edir ki, məhkəmə xərcləri iddiaçıya aid edilməlidir.
V. Nəticə:
51. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı 15 540 manat məbləğində pulun tutulması tələbinə dair iddiası rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Kommersiya Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Kommersiya kollegiyasına apellyasiya şikayəti verə bilər.
Hakim Nərmin Əhmədova