Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2-2(113)-2542/2022 19.08.2022 BAKİ KOMMERSİYA MƏHKƏMƏSİ Hakim Axundova Zeynəb Əli qızının sədrliyi, Məmmədli Qəşəm Fərhad oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə1, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası xxxnin Cavabdehnə qarşı pul vəsaitinin qaytarılması tələbinə dair iddiası üzrə kommersiya işinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası xxx Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin üzərinə 640153,43 manat pul vəsaitinin (zərərin) xxxnin hesablaşma hesabına köçürülməklə qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası xxxnin məktəbin ərazisində 3000 yerlik müdavim yeməkxanası binasının (qazanxana ilə birlikdə) layihələndirilməsi və tikintisi işlərinin həyata keçirilməsi üçün Əsaslı Tikinti şöbəsi və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında 27 dekabr 2013-cü il tarixində 9362312,2 manat dəyərində 54 nömrəli podrat müqaviləsi bağlanmışdır. Tikinti işlərinin layihələndirilməsi ilə bağlı "xxxx" MMC ilə 140000 manat dəyərində layihə müqaviləsi bağlandığı üçün tikinti işlərinə bağlanmış 27 dekabr 2013-cü il tarixli 54 nömrəli müqaviləyə əlavə razılaşma edilmiş və müqavilə dəyəri 140000 manat azaldılaraq 9222312,2 manat təşkil etmişdir. "xxxx" MMC 16 sentyabr 2015-ci il tarixinə kimi obyektdə 2672830,87 manat dəyərində tikinti-quraşdırma işlərini icra etmişdir və görülmüş işlərin dəyəri şirkətə tam olaraq ödənilmişdir. Belə ki, şirkət tərəfindən torpağın qazılması, bünövrə hazırlığı, binanın monolit dəmir-beton bünövrəsinin və üç mərtəbədən ibarət binanın monolit dəmir-beton karkasının hazırlanması, dam örtüyünün keramzitlə istilik izolyasiyası qatının verilməsi, xarici divarların mişar daşı ilə 40 sm enində tikilməsi, daxili arakəsmələrin mişar daşı ilə 19 sm enində qismən tikilməsi və suvanması, monolit dəmir-beton və daş istinad divarlarının tikilməsi işləri icra olunmuşdur. "xxxx" MMC maliyyə təsərrüfat fəaliyyətində çətinliklərin yaranması səbəbindən tikinti üzrə müqavilə öhdəliklərini yerinə yetirə bilmədiyindən 15 sentyabr 2015-ci il tarixdə 17 dekabr 2013-cü il tarixli 54 nömrəli müqaviləyə xitam verilməsi barədə Əsaslı Tikinti şöbəsinə müraciət etmiş və 16 sentyabr 2015-ci il tarixdə şirkətlə üzləşmə aktı tərtib olunaraq müqaviləyə xitam verilmişdir. İlkin müqaviləyə xitam verildikdən sonra tikinti işlərinin davam etdirilməsi üçün xxxnin Əsaslı Tikinti Şöbəsi və Cavabdeh arasında ümumi dəyəri 6549481,90 manat təşkil edən 17 sentyabr 2015-ci il tarixli 09 nömrəli müqavilə bağlanmışdır. Tərəflər arasında bağlanmış xx.xx.2016-cı il tarixli əlavə razılaşmaya əsasən müqavilənin dəyəri 479455,05 manat azaldılaraq 6070026,85 manat məbləğində müəyyən edilmişdir. Cavabdeh tərəfindən Azərbaycan Respublikası xxxnə qarşı qaldırılmış “cavabdeh Nazirlikdən 938676,98 manat vəsaitinin, ilk əvvəl 638676,98 manat həcmində hissəsinin tutulması və qalan 300000 manat məbləğ hissəsinin isə Dövlət qəbul Aktından sonra iddiaçı Şirkətin hesabına ödənilməsi”nə dair tələbi üzrə çıxarılmış Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(103)- 488/2021 saylı qətnaməsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-947/2018 saylı qətnaməsindən xxx tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsi qətnaməsinin “qalan 300000 manat məbləğ hissəsinin isə Dövlət qəbul Aktından sonra iddiaçı Şirkətin hesabına ödənilməsi” hissəsi ləğv edilmiş, qalan hissədə, yəni “638676,98 manat həcmində hissəsinin tutulması” hissəsində qətnamə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsində kommersiya işi üzrə xx.xx.2021-ci il tarixdə keçirilmiş məhkəmə iclası zamanı üçüncü şəxs Azərbaycan Respublikası Hesablama Palatasının nümayəndəsi tərəfindən iş üzrə keçirilmiş ekspertizanın rəyi ilə bağlı təqdim edilmiş etirazdan tikinti obyekti üzrə ilkin iş həcmlərinin bir hissəsinin "xxxx" MMC tərəfindən görülməsinə baxmayaraq, bu işlərin Cavabdeh gördüyü iş həcmlərinə əsassız olaraq daxil edilməsi (“Forma 2” aktları əsasında sənədləşdirilməsi) və şirkət tərəfindən görülmədiyi işlərin əvəzinə dövlət vəsaitinin alınması məlum olmuşdur. Məlumat əsasında toplanmış sənədlərdən aşağıdakılar müəyyən edilmişdir: - Şirkət tərəfindən 2015-ci ilin oktyabrında tərtib olunmuş “Forma-2” aktının 13-23, 34-42, 44-46, 51-53 və 68-70 bəndlərində əks olunan bünövrə altının kipləşdirilməsi, çınqıl qatının verilməsi, beton hazırlıq qatı, bünövrə altının izolyasiyası və sement məhlulu ilə hamarlanması, monolit dəmir-beton sütunların və rigellərin betonlanması, monolit dəmir-beton örtük tavasının betonlanması, pilləkən qəfəsəsi və lift şaxtasının betonlanması işləri şirkət tərəfindən görülmədiyi halda, iş həcmi olaraq göstərilmişdir. Yeməkxana binasının dəmir-beton karkasının hazırlanması və fasad divarlarının tikilməsi "xxxx" MMC tərəfindən icra olunduqdan (şirkət tərəfindən tərtib olunmuş “Forma-2” aktı əlavə olunur) sonra Cavabdeh şirkəti tərəfindən yuxarıda qeyd olunmuş işlərin icra olunması mümkün deyildir. Yəni inşa olunmuş üç mərtəbəli binanın bünövrəsinin tikintisindən sonra altının kipləşdirilməsi, altına çınqıl, beton, armatur yerləşdirilməsi, izolyasiya olunması, dəmir-beton karkasının hazırlanması və fasad divarlarının tikilməsindən sonra istilik izolyasiya qatı verilmiş mövcüd dam örtüyünün betonlanması işləri Cavabdeh tərəfindən icra oluna bilməzdi. Bu işlərə görə oktyabr 2015ci ildə tərtib olunmuş “Forma-2” aktı ilə və xx.xx.2015-ci il tarixli 254 nömrəli bildiriş sənədi ilə şirkətə əsassız olaraq 406670,43 manat (məbləğ 2015-ci ilə keçid əmsalları ilə hesablanmışdır) dövlət vəsaiti ödənilmişdir. Əlavə olaraq, noyabr 2015-ci ildə təqdim olunmuş “Forma-2” aktının 4-cü bəndində, dekabr 2015-ci ildə təqdim olunmuş “Forma-2” aktının 4 və 10-cu bəndlərində əks olunmuş 2833 m sahədə dam örtüyünə çınqıl ilə hopdurulmuş 3 qat ruberoid qatının çəkilməsi işi ümumiyyətlə olunmadığından xx.xx.2015ci il tarixli 296 nömrəli və xx.xx.2015-ci il tarixli 315 nömrəli bildiriş sənədləri ilə 104002 manat (məbləğ 2015-ci ilə keçid əmsalları ilə hesablanmışdır) maliyyə vəsaiti Cavabdeh şirkətinə əsassız olaraq ödənilmişdir. Mərkəzləşmiş ventilyasiya və kondisionerləşmə sisteminin quraşdırılması işləri üzrə 2016-cı ilin aprelində tərtib olunmuş “Forma-2” aktının 53 və 54-cü bəndlərində əks olunmuş havalandırma borularının sinklənmiş polad vərəqlərdən izolyasiya olunması işi icra olunmamışdır. Bu işlərin bazis qiyməti 453,76 manat təşkil edir ki, bu qiyməti 2015-ci ilə keçid əmsalları ilə hesabladıqda 86411 manat maliyyə vəsaitinin Cavabdeh şirkətinə artıq ödənildiyi aşkar edilir. Müvəqqəti bina və qurğuların quraşdırılması üzrə 2016-cı ilin iyun ayında tərtib olunmuş “Forma-2” aktının 74, 82 və 103-cü bəndlərində əks olunmuş hazır ofis binasının quraşdırılması (konteyner tipli ofis binası) 17700 manat, anbar binasının quraşdırılması (anbar binası) 19352 manat və yığma metal karkaslı talvarın quraşdırılması (metal talvar) 6018 manat olmaqla, obyektdə iş yekunlaşdıqdan sonra şirkət tərəfindən geri götürülməsinə baxmayaraq, qeyd olunan müvəqqəti bina və qurğuların məbləği, bu bina və qurğulara görə ancaq amortizasiya və daşınma xərcləri şirkətə ödənilməli olduğu halda, xx.xx.2016-cı il tarixli 88 nömrəli bildiriş sənədi tam olaraq ödənilmişdir. Göstərilənlər əsasında Cavabdeh tərəfindən xxxnə qaytarılmalı olan pul vəsaiti (zərər) cəmi 640153,43 manat təşkil edir. Cavabdehin nümayəndəsi və vəkili Vəkil “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə məhkəməyə vəsatətlə müraciət etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, məhkəmənin icraatında olan e-2-2(113)-2542/2022 saylı iş ilə əlaqədar məhkəməyə xx.xx.2022-ci il tarixdə “iddia müddətin tətbiqi barədə” ərizə, 02 iyun 2022-ci il tarixdə eyni tərəflər arasında, eyni predmet (müqavilədən irəli gələn öhdəlik - pul tələbinə dair) ilə əlaqədar mübahisələr üzrə qəbul edilmiş “məhkəmə aktların surətləri”, habelə “iddia tələbinə dair etiraz” və digər sənədlər məhkəməyə təqdim olunmuşdur. İddiaçının təqdim etdiyi sənədlərlə müəyyən olunur ki, iddiaçı xx.xx.2013-cü ildə "xxxx" MMC ilə müqavilə üzrə görüləcək işin ümumi həcmini tərəflər 9362312,20 (doqquz milyon üç yüz altmış iki min üç yüz on iki manat iyirmi qəpik) manat müəyyən etmişlər. Sonradan iddiaçı xx.xx.2014-cü il tarixdə layihə-smeta sənədlərin hazırlanması məqsədilə 140000 (bir yüz qırx min) manat həcmində "xxxx" MMC ilə müqavilə bağlamışdır. xxx ilə "xxxx" MMC arasında 27 may 2014-cü il tarixdə müqaviləyə əlavə qaydasında tərəflər razılaşmışlar ki, görüləcək işlərin ümumi həcmi 9222312,20 (doqquz milyon iki yüz iyirmi iki min üç yüz on iki manat iyirmi qəpik) manat müəyyən edilsin. Məhkəmənin diqqətinə çatdırılır ki, icraçı müqavilə üzrə işləri vaxtında icra edə bilmədiyi üçün, onunla bağlanmş müqaviləyə xitam verilmişdir. xxx və onun Əsaslı Tikinti İdarəsinin rəhbərliyinin ümumi razılıqları əsasında Cavabdeh şirkəti hərbi hissənin ərazisində, faktiki olaraq 20 aprel 2015-ci il tarixdə tikinti işlərinin icrasına başlamışdır. 20 aprel 2015-ci il tarixdən etibarən şirkətin işçiləri hərbi hissənin ərazisinə xüsusi buraxılış qaydasında keçərək ərazidə tikinti işlərini icra etmişlər. Nəzərə alınmalıdır ki, hərbi hissənin ərazisinə xüsusi icazə almadan daxil olmaq mümkün deyildir. xxx tərəfindən müqavilə üzrə ilkin icraçıya, yəni "xxxx" MMCyə 2672830,87 manat pul ödənilmişdir. Faktiki olaraq ərazidə xx.xx.2015-ci ildən etibarən Cavabdeh şirkəti tikinti işlərinin icrasına başlamışdır. Əslində ilkin icraçının faktiki olaraq icra etmədiyi işləri Cavabdeh şirkəti icra etdikdən sonra, xxx ilə Cavabdeh şirkəti arasında xx.xx.2015-ci ildə müqavilə rəsmiləşdirilmişdir. Cavabdeh şirkətinin işçiləri 20 aprel 2015-ci il tarixdən etibarən hərbi hissənin ərazisinə xüsusi buraxılış qaydasında daxil olmaqla, tikinti işlərini icra etdiklərini təsdiq edən “iş vaxtının uçotu tabelləri”nin surətləri təqdim edilmişdir. Məhkəmənin diqqətinə çatdırılır ki, tərəflər arasında eyni predmet ilə əlaqədar qəbul edilmiş və qanuni qüvvəyə minmiş məhkəmə aktları və hazırkı işə əlavə edilmiş müqavilə və sair sənədlərdən məlum olur ki, iş üzrə iddiaçı xxx "xxxx" MMC ilə bağlanan müqavilə əsasında görüləcək işlərin ümumi həcmini 9222312,20 manat müəyyən etmişlər. Həmin MMC-yə iddiaçı tərəfindən 2672830,87 manat pul ödənilmişdir. Həmin ilkin icraçıya ödənilmiş pul vəsaiti çıxıldıqdan sonra (9222312,20 - 2672830,87) “xxx'’ şirkəti ilə iddiaçı arasında 6549481,33 manat həcmində işlərin görülməsinə dair müqavilə bağlanmışdır. Sonradan Cavabdeh şirkəti ilə iddiaçı tərəf arasında xx.xx.2016-cı ildə “müqaviləyə əlavə” bağlanaraq, ümumi işlərin dəyəri 6070026,85 manat razılaşdırılmışdır. Cavabdeh şirkəti bu müqavilə üzrə iddiaçıya 479455 manat məbləği faktiki olaraq güzəşt etmişdir. Sonrakı məhkəmə çəkişməsi dövründə, Cavabdeh şirkəti iddiaçıya münasibətdə 300000 manat məbləğində pul vəsaitini mübahisələndirməmişdir. Beləliklə, Cavabdeh şirkəti iddiaçıya cəmi 779455 manat müqavilə məbləğini faktiki olaraq güzəşt etmişdir. Eyni zamanda nəzərə alınmalıdır ki, Cavabdeh şirkəti görüləcək işlər üçün iddiaçıdan heç bir avans almamışdır. Şirkətin işçilərinin soyadları və sayları göstərilməklə, 20 aprel - 17 sentyabr 2015-ci il dövləri üzrə xdə 3000 yerlik yeməkxana binasına “giriş tabellərin” surətləri təqdim edilmişdir (cəmi 8 ədəd). Eyni zamanda Azərbaycan Respublikası adından AR Ali Məhkəmənin Mülki və Kommersiya Kollegiyaların xx.xx.2022-ci il tarixli 02/2022 saylı qərardadının surətini təqdim etməklə bildirilir ki, qeyd olunan qərarın ikinci abzasına əsasən hazırkı kommersiya işi üzrə icraata xitam verilməlidir. Həmçinin nəzərə alınmalıdır ki, hərbi hissənin ərazisində tikinti işlərini görmüş hər iki icraçılarla bağlanılmış müqavilələrə əsasən submüqavilə bağlamaq faktiki olaraq icraçılara qadağan olunmuşdur. Yəni icraçılar öz işçi qüvvələri hesabına işləri icra etməli olmuşlar. Qeyd olunan işləri əmək müqaviləsi üzrə işçisi olmayan "xxxx" MMC icra etmişdir. Bu isə o deməkdir ki, işləri faktiki icra edən təşkilat Cavabdeh şirkəti olmuşdur. İddiaçı tərəfindən cavabdehin vəsatətinə etiraz onunla əsaslandırılmışdır ki, göstərilənlər əsassız olduğundan təmin edilmədən saxlanılmalıdır: İddiaçının tələbinin predmeti 640163,43 manat pul vəsaitinin (zərərin) xxxnin hesablaşma hesabına qaytarılması, tələbin əsası isə Cavabdeh UİKŞ-nin 17 sentyabr 2018-ci tarixli 09 nömrəli müqavilənin icrası zamanı faktiki olaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən görülmüş işlərin Cavabdeh gördüyü iş həcmlərinə əsassız olaraq daxil edilməsi (“Forma 2” aktları əsasında sənədləşdirilməsi) və şirkət tərəfindən görülmədiyi işlərin əvəzinə dövlət vəsaitinin alınmasıdır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.5-ci maddəsinin həmin Məcəllənin 155, 156 və 372.4-cü maddələri ilə müqayisəli şəkildə şərh edilməsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 avqust 2012-ci iİ qərarında ifadə edilmiş hüquqi mövqelərə görə, prosesdə iddianın predmeti dedikdə, iddiaçının, barəsində qərar qəbul olunmasını xahiş etdiyi subyektiv hüquq başa düşülür. İddianın predmetinə qanunla qorunan maraqları, o cümlədən bütövlükdə hüquq münasibətlərini aid etmək olar. Göstərilənlərə əsaslanaraq, 1640153,43 manat pul vəsaitinin (zərərin) hesablaşma hesabına qaytarılmasının tələb edilməsi xxxnin subyektiv hüququdur. Müqavilənin icrası zamanı “xxx" X1 Şirkəti tərəfindən faktiki olaraq görmədiyi iş həcmlərinə görə dövlət vəsaitin alınması qanunsuzdur və 640153,43 manat pul vəsaitinin dövlət büdcəsinə qaytarılmasına dair qaldırılmış iddia xxxnin qanunla qorunan maraqların təmin edilməsinə yönəlmişdir. 2) Cavabdeh hərbi hissənin ərazisində, faktiki olaraq 20 aprel 2015-ci iİ tarixdə tikinti işlərinin icrasına başlanmasına dair hissədə: Şirkətin faktiki olaraq 20 aprel 2015-ci iİ tarixdə tikinti işlərinin icrasına başlanması və həmin tarixdən etibarən şirkətin işçilərinin hərbi hissənin ərazisinə xüsusi buraxılış qaydasında keçərək ərazidə tikinti işlərini icra etməsi dəlili əsassızdır. Belə ki, daxili sənəd olan “iş vaxtının uçotu tabelləri” şirkətin xxxnin adına məktəbində tikinti işlərini icra etdiyini təsdiq edən sübut kimi qəbul edilə bilməz. Tabellər şirkətin məhsulu olaraq, birtərəfli qaydada tərtib edilmiş, xxxndə və onun tabeliyində olan hər-hansı müəssisəsində qeydiyyata alınmamış, şirkətin işçilərinin xüsusi rejimli obyekt sayılan adına məktəbinin ərazisinə buraxılması qaydaları müvafiq idarələrlə, təhlükəsizlik orqanları iiə razılaşdırılmamış və müəyyən edilməmişdir. Münasibətlərin yarandığı zaman qüvvədə olan (xx.xx.2019-cu il tarixdə qüvvədən düşmüşdür), Azərbaycan Respublikası nazirinin 17 dekabr 2014-cü il tarixli müvafiq nömrəli qərarı ilə təsdiq edilmiş “”ın 288-ci bəndinə əsasən hərbi hissələrə sənaye təşkilatlarının nümayəndələrinin quraşdırma, sazlayıb işəsalma, təmir, reklamasiyalara görə tamamlama, təminat nəzarəti və məmulatlara xidmət göstərilmə işlərinin yerinə yetirilməsi üçün buraxılması qaydaları nazirinin müavinləri, baş idarə və idarə rəisləri müvafiq nazirliklərlə (idarələrlə) və təhlükəsizlik orqanları ilə razılaşdıraraq müəyyən edirlər. Tərəflər arasında 20 aprel 2015-ci il tarixdə müqavilə münasibətlərin mövcud olmaması şirkətin nümayəndələrinin adına AH Hərbi məktəbinin ərazisinə daxil olmasını və fəaliyyətin göstərilməsini istisna edir. 3) Cavabdeh şirkətinin iddiaçıya cəmi 779455 manat müqavilə məbləğinin faktiki olaraq güzəşt etməsinə dair qeydlər əsassızdır. Belə ki, tərəflər arasında bağlanmış 17 sentyabr 2015-ci il tarixli, 09 nömrəli müqavilə üzrə iş həcmləri şirkətin layihə üzrə gördüyü işlə üzləşdirilərək xx.xx.2016-cı il tarixli əlavə razılaşmaya əsasən müqavilənin dəyəri 479455,05 manat azaldılaraq 6070026,85 manat məbləğində müəyyən edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(103)-488/2021 saylı qətnaməsi ilə Cavabdeh iddia tələblərinin “qalan 300000 manat məbləğ hissəsinin isə Dövlət qəbul Aktından sonra iddiaçı Şirkətin hesabına ödənilməsi” hissəsi əsassız olduğundan təmin edilməmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə1 iddia tələbini edərək, iddia ərizəsinin məzmununa və vəsatətə etiraz ərizəsinə uyğun izahat verdi və iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında etiraz ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 2014-2015-ci illər ərzində işçisi olmamışdır. Ona görə də həmin şirkət qeyd olunan işləri görə bilməzdi. Həmçinin 3 illik iddia müddəti iddiaçı tərəfindən ötürülmüşdür. Eyni zamanda Azərbaycan Respublikası xxx müqavilə öhdəliyi üzrə icra edilmiş işlərin dəyəri kimi 938676,98 manat pul vəsaitini Cavabdeh şirkətinə ödəmədiyi üçün tərəflər arasında mövcud olmuş borc məbləğinin ödənilməsinə dair mübahisəyə Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən xx.xx.2022-ci il tarixdə baxılaraq yekun məhkəmə aktı qəbul edilmişdir. Qeyd olunan məhkəmə aktı icraya yönəldilmişdir. Nəzərə alınmalıdır ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsas üzrə qanuni qüvvəyə minmiş məhkəmə aktı olduğundan xxx tərəfindən məhkəməyə ünvanlanmış iddia tələbi MPM-nin 261.0.2-ci maddəsinin təsiri altına düşdüyü üçün bu iş üzrə icraata xitam verilməlidir. Məhkəmə proses iştirakçılarını dinləyib, iddia ərizəsi və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-2(102)-75/2022 saylı qərarından görünür ki, “xxx" X1 Şirkəti cavabdeh Azərbaycan Respublikası xxxnə qarşı “pul tələbi”nə dair iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-lqtisadi Məhkəməsinə müraciət edərək, 27 dekabr 2013-cü il tarixli, 54 nömrəli müqaviləyə əsasən cavabdehdən 938676,98 manat vəsaitin, ilk əvvəl 638676,98 (altı yüz otuz səkkiz min altı yüz yetmiş altı manat doxsan səkkix qəpik) manat həcmində hissəsinin tutulması və qalan 300000 manat məbləğ hissəsinin isə “Dövlət qəbul Aktından sonra iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş və 1 saylı Bakı İnzibati-lqtisadi Məhkəməsinin 29 oktyabr 2018-ci il tarixli, 2-2(81)-947/2018 saylı qətnaməsi ilə “xxx" X1 Şirkətinin iddiası təmin edilmişdir. Qeyd edilən qətnamədən apellyasiya şikayəti və kassasiya şikayətləri verilmiş və apellyasiya instansiya məhkəməsində üçüncü və eyni zamanda sonuncu icraat olaraq Kommersiya Kollegiyası tərəfindən 10 sentyabr 2021-ci il tarixli, 2-2(103)-488/2021 saylı qətnamə qəbul edilmiş və qeyd edilən qətnamə ilə cavabdehin apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən - iddianın tam təmin edilməsi və qalan 300000 manat məbləğ hissəsinin Dövlət qəbul Aktından sonra iddiaçının hesabına ödənilməsi hissəsində ləğv edilmiş, iddia tələbi həmin hissədə rədd edilmişdir. Qətnamə qalan hissədə, yəni cavabdehdən iddiaçının xeyrinə 638676,98 manat məbləğində pul vəsaitinin tutulması hissəsində dəyişdirilmədən saxlanılmışdır. Sözügedən qətnamədən cavabdeh kassasiya şikayəti vermiş, kassasiya instansiyasında son olaraq Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2-2(102)-75/2022 saylı qərarı qəbul edilmiş və həmin qərarla cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmamış, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 10 sentyabr 2021-ci il tarixli, 2-2(102)-488/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Qeyd edilən qərar isə qəbul edildiyi andan qüvvəyə minmişdir. Beləliklə müəyyən olunur ki, “xxx" X1 Şirkəti Azərbaycan Respublikası xxxnə qarşı 27 dekabr 2013-cü il tarixli, 54 nömrəli müqavilə üzrə üzərinə götürdüyü öhdəliklərini icra etməməsi ilə əlaqədar müqavilə üzrə müəyyən edilmiş ödəniləcək məbləğdən qalıq qalan borc məbləğinin ödənilməsi tələbi ilə məhkəməyə müraciət etmiş və son olaraq iddiası qismən təmin edilmiş, yekun məhkəmə aktı qanuni qüvvəyə minmişdir. Hazırkı iş üzrə isə iddiaçı məhkəməyə cavabdehə 27 dekabr 2013-cü il tarixli, 54 nömrəli müqavilə üzrə artıq ödənilmiş vəsaitin (640153,43 manat) qaytarılması tələbi ilə müraciət etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyaları tərəfindən qəbul edilmiş “əqdə əsaslanan iddialara baxıldığı halda, ayrıca icraatda həmin əqdin etibarlılığının mübahisələndirilməsinin mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” 14 iyun 2022-ci il tarixli, 02/2022 nömrəli qərardad ilə qərara alınmışdır ki, məhkəmənin icraatında əqdə əsaslanan iddialar olduğu halda, işdə iştirak edən şəxslər tərəfindən ayrıca icraatda həmin əqdin etibarsız hesab edilməsinə dair verilmiş iddia ərizəsinin qəbulundan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.4-cü maddəsinə əsasən imtina olunmalı, belə iddialar səhvən məhkəmənin icraatına qəbul edildiyi halda isə, iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.4-cü maddəsinə əsasən baxılmamış saxlanılmalıdır. Əqdə əsaslanan iddialar üzrə qanuni qüvvəsini almış məhkəmə aktı və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadı olduğu halda, işdə iştirak etmiş şəxslər tərəfindən ayrıca icraatda həmin əqdin etibarsız hesab edilməsinə dair verilmiş iddia ərizəsinin qəbulundan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 153.2.2-ci maddəsinə əsasən imtina olunmalı, belə iddialar səhvən məhkəmənin icraatına qəbul edildiyi halda isə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Bundan başqa sözügedən qərardadın: 37-ci bəndində qeyd edilmişdir ki, əqdə əsaslanan iddia tələbinə mahiyyəti üzrə qiymət verildikdən sonra, eyni tərəflər arasında müvafiq iddianın əsasını təşkil etmiş həmin əqdin etibarsız hesab edilməsi barədə ayrıca iddiaya baxılması mülki prosessual qanunvericiliyin tələbləri baxımından yolverilməzdir. 38-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 avqust 2012-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqelərə görə, mülki prosesdə iddianın predmeti dedikdə, iddiaçının, barəsində qərar qəbul olunmasını xahiş etdiyi subyektiv hüquq başa düşülür, iddianın predmetinə qanunla qorunan maraqları, o cümlədən, bütövlükdə hüquq münasibətlərini aid etmək olar... iddianın predmeti ilə iddianın obyekti fərqləndirilməlidir, iddianın obyekti - iddiaçının əldə etməyə çalışdığı maddi nemətdir: pul məbləği, qeyri- yaşayış sahəsi, sair konkret əmlak, iddianın obyekti iddianın predmetinə daxildir və müstəqil əhəmiyyət kəsb etmir. 40-cı bəndində qeyd edilmişdir ki, iddianın predmeti iddia ərizəsinə əsasən tələb edilənlərlə məhdudlaşmayaraq, irəli sürülmüş tələblə ehtiva olunan və ona mahiyyəti üzrə baxılıb əsaslandırılmış qiymətin verilməsi üçün zəruri olan hüquq münasibətlərini də əhatə edir. Belə ki, iddianın predmeti, barəsində qərar qəbul olunması xahiş edilən subyektiv hüquq olduğu üçün iddianın obyektinə aid olan konkret hərəkətlərin yerinə yetirilməsi, əşyaların alınıb verilməsi kimi tələblərlə eyniləşdirilməməlidir. Ayrı-ayrı iddia tələblərinin fərqli formada ifadə olunması və ya zahiri baxımdan fərqlənməsi iddianın predmetinin fərqli olması qənaətinə gəlmək üçün əsas ola bilməz. Odur ki, oxşar iddia tələblərinin eyni predmetli olub-olmamasının müəyyənləşdirilməsi üçün həmin tələblərə iddiaçının subyektiv hüququ, onun qanunla qorunan maraqları, o cümlədən bütövlükdə hüquq münasibətləri baxımından kompleks şəkildə qiymət verilməlidir. 41-ci bəndində qeyd edilmişdir ki, təsadüfi deyildir ki, MPM-in 261.0.2-ci maddəsi iş üzrə icraata xitam verilməsi üçün eyni tərəflər arasında, eyni tələb deyil, məhz eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin olmasını yetərli hesab edir. 43-cü bəndində qeyd edilmişdir ki, Konstitusiya Məhkəməsi Plenumunun C.İsmayılzadənin şikayəti üzrə 13 fevral 2007-ci il tarixli və G.İsmayılzadənin şikayəti üzrə 29 noyabr 2016-cı il tarixli qərarlarında qeyd olunmuşdur ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndiriiən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər-hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrə malikdir. İşlərə eyni tərəflər arasında, eyni mübahisə predmeti üzrə fərqli məhkəmə icraatında baxılması mahiyyət etibarı ilə fərqli nəticələrə və sonda hüquqi müəyyənlik prinsipinin pozulmasına səbəb ola bilər. Beləliklə, yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə qeyd etməyi zəruri hesab edir ki, tərəflər arasında bağlanmış 27 dekabr 2013-cü il tarixli, 54 nömrəli müqavilədən irəli gələn mübahisəyə mahiyyəti üzrə baxılaraq yekun qərar qəbul edilmiş (Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyası xx.xx.2022-ci il tarixli, 2-2(102)-75/2022 saylı qərar) və sözügedən qərar qəbul edildiyi andan qüvvəyə minmişdir. Hazırda iddia tələbləri fərqli formada ifadə olunsa da, zahiri baxımdan fərqlənsə də, məhkəmə qanuni qüvvəyə minmiş məhkəmə aktının təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xassələrə malik olmasını, işlərə eyni tərəflər arasında, eyni mübahisə predmeti üzrə fərqli məhkəmə icraatında baxılmasının mahiyyət etibarı ilə fərqli nəticələrə və sonda hüquqi müəyyənlik prinsipinin pozulmasına səbəb ola biləcəyini nəzərə alaraq, belə nəticəyə gəlir ki, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi olduğundan iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təsdiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.1-ci maddəsinə əsasən məhkəmə iş üzrə icraata xitam verilməsi barədə qərardad çıxarır. Həmin Məcəllənin 262.4-cü mаddəsinə əsаsən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Həmin Məcəllənin 262.5-ci mаddəsinə əsаsən iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 261-262, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Azərbaycan Respublikası xxxnin Cavabdehnə qarşı pul vəsaitinin qaytarılması tələbinə dair iş üzrə icraata xitam verilsin. İddiaçıya izah olunsun ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan, tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zeynəb Axundova
Məhkəmə qərarları › İş №e-2-2(113)-2542/2022
Bakı Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(113)-2542/2022
19.08.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver